İstiqlal məfkurəsi

NAĞI BƏY ŞEYXZAMANLI

 

AZƏRBAYCAN
İSTİQLAL MÜCADİLƏSİNİN
XATİRƏLƏRİ

İstanbul 1964

 

 

ÖN SÖZ

Əziz oxuculara təqdim etdiyim xatirələrimin ən mühüm saydığım tərəfi Azərbaycan İstiqlal Mübarizəsi dövrüdür. Bu mübarizə dövrünün böyük hissəsi gizli olaraq cərəyan etdiyindən təbii ki, mətbuatımızda əks olunmamışdır.

Söhbətimizin mövzusu olan mübarizə XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutundan sonra başlamışdır. Hər hansı dövlət və ya millətdən yardım və dəstək görmədən mədəni dünya qarşısında milli davamızı müdafiə edəcək nə bir müəssisə və nə də bir mətbuat orqanı olmadan aparılan bu mübarizə müəyyən bir proqram daxilində həyata keçirilmişdir. Bu fəaliyyət gizli aparıldığından həqiqi tarixi yazılmamışdır. Bu mübarizənin sürətli inkişafı 1905-ci il Birinci rus inqilabı illərinə təsadüf olunur. Çarlığın müstəbid idarəsi altında olmasına baxmayaraq, Azərbaycanın gizli təşkilatı qüvvətli idi. Çarlıq ancaq orduya və məmur zümrəsinə arxalanırdı. Azərbaycan mübarizə təşkilatının dayağı isə xalq dövrünü arxada qoyub millət dövrünə girən və milli davasına sədaqətlə sarılan xalq qüvvəsi idi. Xalq bir işarə gözləyirdi. Həmin bu işarə də 1917-ci ilin fevralında verildi. Çar devrildi, imperiya dağıldı və rus milləti də öz çarını ailəsi ilə birlikdə məhv etdi. Azərbaycan istiqlalçıları ildırım sürəti ilə hücuma keçdilər və rus qüvvələrini tərksilah edərək idarəetməni əllərinə aldılar. Gəncədə milli hökumət quruldu. Bu fövqəladə hadisələr də şəraitə uyğun olaraq mətbuatda əks etdirilə bilmədi. Xatirələrimdən də göründüyü kimi Gəncədə qurulan milli hökumət Bakıda qurula bilmədi. Bakıda iqtidarı və idarəni düşmənlərimiz əllərinə keçirdilər və Leninin Moskvasına bağladılar. Bakıda milli davamıza müdafiə edən qəzetlər və jurnallar susduruldu. Bu milli mətbuat orqanları nəşr edən mətbəələrimiz dağıdıldı və işçiləri də güllələndi. İstiqlal Mübarizəsinin ağırlığı tamamilə Gəncənin üzərinə düşmüşdü. Qısa bir zamandan sonra əmin-amanlıq təmin olundu və məmləkət milli kadrlar tərəfindən idarə edilməyə başlandı. İstiqlalçılar yalnız hərbi qüvvə baxımından özlərini zəif hiss etdiklərindən qardaş Türkiyədən yardım istədilər və aldılar. Onlar Türkiyədən gələn köməyə arxalanaraq Bakını düşmənlərdən təmizlədilər.

1906-cı ildə deputatlarımız azərbaycanlılardan da rus ordusuna əsgər alınmasına dair təklif vermişdilər. Çar hökuməti isə bizə etibar etmədiyi üçün bu təklifi rədd etdi. Əgər təklif qəbul edilmiş olsaydı azərbaycanlılar da digərləri kimi hərbi təlim və tərbiyə görərək milli hərbi kadr yaratmağa nail ola biləcəkdilər.

Bütün müqəddəs ideyalara inandığım kimi buna da əminəm ki, nə rus, nə də başqa bir yad rejim köklü olaraq Azərbaycanda nə dayana biləcək, nə də yaşayacaqdır. İstiqlal fikrini və imanını bütün inanclarımızdan üstün tutan Azərbaycan xalqı yenidən öz istiqlalına qovuşacaqdır. Mənim fani vücudum və həsrət dolu gözlərim o xoşbəxt günləri görməyə bilər. Ancaq, buna inanıram ki, keçmişdən daima iftixar payı almış olan xalqımız bu əsərimi ölkəmdə şəkillərlə bəzəyib yenidən nəşr etdirəcəkdir. Onlar bu dastan dolu şanlı keçmişi öyrənəcək və yurdunun istiqlalı uğrunda fədakarca çalışmış ata-babalarını ehtiramla yad edəcəklər.

Əziz oxucularım, bu milli davaya çox əmək sərf olunmuş və bu yolda çox qanlar tökülmüşdür. Bütün bunlar istiqlal yolunda aparılan mübarizələrdə adi hallardır. Amma, ağır şərait və imkansızlıq üzündən bizim mübarizəmiz olduqca çətin keçmişdir. Bu sətirlərlə tariximizin İstiqlal mübarizəsi dövrünə aydınlıq gətirə biləriksə, özümüzü xoşbəxt sayacaq və milli məqsədimizə nail olmaq uğrunda xidmət etmiş olduğumuzu düşünəcəyik. Bizim şəxsən istədiyimiz də bundan başqa bir şey deyildir.

 


NAĞI BƏY ŞEYXZAMANLI HAQQINDA BİR NEÇƏ SÖZ

Sovetləşmə illərində türklərin bir çoxu mühacir həyatı yaşamaq məcburiyyəti qarşısında qalmışdır. Bunlar arasında Azərbaycan Demokratik Respublikasının rəhbərləri, müxtəlif vəzifələrdə çalışmış şəxslər də az olmamışdır. Belə görkəmli şəxslərdən biri də indiki Milli Təhlükəsizlik Nazirliyinin sələfi sayılan “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi Nağı bəy Şeyxzamanlı olmuşdur. 1883-cü ildə Gəncə şəhərində anadan olan N. Şeyxzamanlı hələ gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Belə ki, o, əvvəlcə Gəncədə fəaliyyət göstərən “Difai” partiyasının (bu partiyanın əsası Əhməd bəy Ağayev tərəfindən 1905-ci ildə Bakı şəhərində qoyulmuşdu), sonra isə “Türk Ədəmi-Mərkəziyyət firqəsi”nin fəal üzvlərindən biri olmuş və Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmışdır. “Türk Ədəmi-Mərkəziyyət firqəsi” ilə “Müsavat” partiyası birləşdikdən sonra da Nağı bəy siyasi fəaliyyətini davam etdirmişdir.

Nağı bəy ADR elan olunduqdan sonra ən çətin və mürəkkəb sahə sayılan təhlükəsizlik orqanına – əks-kəşfiyyata rəhbərlik etmişdir. Belə ki, 1919-cu ilin avqustundan 1920-ci ilin martına kimi “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi olmuş, Azərbaycanın dövlətçiliyi və müstəqilliyinin keşiyində dayanmış, eləcə də bu təşkilatın formalaşmasında böyük işlər görmüşdür.

XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, “Əksinqilab ilə mübarizə təşkilatı”nın ilk rəisi, parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı (1880-1920) bolşeviklər tərəfindən güllələnmiş, Nağı bəy isə vətən xaini elan edilmiş və həbs olunması haqda qərar çıxarılmışdır. Axtarışda olan Nağı bəy Azərbaycandan getmək məcburiyyətində qalmışdır. O, Bakıdan Gəncəyə, Gəncədən Tbilisiyə, Tbilisidən isə Türkiyəyə getmişdir.

Mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olmuş və onların yaratdığı “Azərbaycan” kültür dərgisinin işində fəal iştirak etmişdir. Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və onun dövlətçiliyinə daim sadiq qalan Nağı bəy Türkiyədə olduğu zaman da Vətəni unutmamış, həmişə onun taleyi ilə maraqlanmışdır. O, Azərbaycanda baş verən ictimai-siyasi hadisələri bir daha təhlil etmiş, fikir və düşüncələrini məqalə, eləcə də kitab halında çap etdirmişdir. Onun “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə” (1957), “Dərdləşmə” (1963) və “Azərbaycan istiqlal mücadiləsinin xatirələri” (1964) əsərlərinə Azərbaycanda baş vermiş hadisələrin bir az uzaqdan – Türkiyədən təhlili və qiymətləndirilməsi kimi baxmaq olar.

Ürəyi daim Azərbaycanla döyünən Nağı bəy 1967-ci ildə ömrünü üç övladına bağışlayır.

Türkiyədə çıxan aylıq “Azərbaycan” kültür dərgisində onun ölümü ilə əlaqədar böyük bir nekroloq verilmişdir. Nekroloqdan da aydın olur ki, o, Türkiyədə də böyük nüfuza malik olmuşdur. Mərhumun nekroloqunda oxuyuruq: “Nağı bəyin ən aydın vəsfi Azərbaycan istiqlal mübarizəsinə dərindən bağlı olması idi. Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı cərəyana kiçik güzəştə belə getməmişdir. O, ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmamışdır. Elə bu səbəbdən də məzarı başına toplanan qohum-əqrabası, tanışları, dostları onu göz yaşları içində, hörmət və sevgi ilə torpağa əmanət etmişlər”.

Ömrünün sonuna kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan N. Şeyxzamanlının bu üç əsərini və onun ölümü ilə əlaqədar yazılmış nekroloqu ilk dəfə müstəqil Azərbaycanın geniş oxucu kütləsinə təqdim edirik. Fikrimizcə, bu əsərlər 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının tarixi və taleyini daha ətraflı öyrənmək baxımından tədqiqatçılar üçün də faydalı olacaqdır.

Cəlal Qasımov,
filologiya elmləri namizədi.

 


GİRİŞ

XIX əsrin əvvəllərində rus çar imperializmi Azərbaycan xalqlarını işğal etməyə başlamış və bu işi on il ərzində tamamlaya bilmişdi. İşğal edilən xanlıqların heç bir hüququ tanınmadan rus imperiyasına ilhaq edilmişdilər. Bunlar Bakı, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Lənkəran xanlıqları ilə bir neçə kiçik sultanlıqdan ibarət idi.

Azərbaycan xanlıqları o dövrlərdə aralarında birlik qura bilməmişdilər. Bu səbəbdən də rus imperializmi bunları bir-bir asanlıqla işğal edə bilmişdir. Ancaq, başlarına gələn bu fəlakətdən sonra bu xanlıqlar öz əhalisi ilə ruslara qarşı amansız bir mübarizəyə başladılar. Dinləri, dilləri, ənənələri və adətləri bir olan bu insanlar tez dil tapdılar, qaynaşdılar və bir varlıq olaraq ortaya çıxdılar. Ruslar ən çətin mübarizəni bu xanlıqlardan Gəncə xanlığı ilə apardılar və böyük tələfat verdilər. Rus ordularının komandanı general Sisianov Gəncə xanı Cavad xana hədələyici ultimatumlar göndərir və Cavad xanın ruslara qarşı vuruşmasını milçəklə filin mübarizəsinə bənzədərək “Gəl təslim ol İmperator səni əfv edər” deyirdi. Cavad xan isə inadından dönməyərək mübarizəsini davam etdirirdi. O, Sisianova “Mən ölməmiş siz Gəncəyə girə bilməzsiniz” cavabını verirdi. Nəhayət mühasirənin heç bir nəticə verməyəcəyini hiss edən ruslar şəhərin içindən keçən çayın məcrasını dəyişdirdilər. Bir tərəfdən aclıq, susuzluq, digər tərəfdən də ağır topların müntəzəm olaraq şəhərə atəş açmaları nəticəsində xalqın müqaviməti zəiflədi. Bundan istifadə edən ruslar şəhərə girə bildilər. Ancaq Cavad xan və oğlu şəhid olduqdan sonra.

Şəhərə girən vəhşi rus əsgərləri qarşılarına çıxan hər bir canlını amansızcasına məhv edirdilər. Bu rus çarının onlara qələbədən sonra verdiyi zəfər haqqı idi. Mühasirə zamanı şəhərdəki qocalar, xəstələr və uşaqlar Gəncənin böyük camesinə sığınmışdılar. Növbə cameyə çatır. Ancaq, camenin qapısında rus əsgərlərini rusca bilən bir ağsaqqal qarşılayır və onlara “Bura qışla deyil, Allahın evidir. Burada yalnız ibadət edilir. Buraya silahla girilməz. İçəridə qocalar, qadınlar və uşaqlar var. Hamısı Allahlarına sığınmışlar. Mərhəmət edin” deyir. Əsgərlər əvvəlcə ağsaqqal qocanı öldürür və sonra içəri girərək oradakıları qılıncdan keçirirlər. Camenin qanını təmizləmək bir həftə çəkir. Bax budur rus mədəniyyəti... Şairlər tərəfindən Gəncə xanlığı və onun qəhrəman xanı Cavad xan üçün yazılan misralar hələ də Azərbaycan xalqının dilində əzbərdir. Şair Qazaxlı Dilbozun dastanının son misrası belədir:

“Elə ki, Cavad xanı vurdular,
Sanki qırıldı beli Gəncənin”

 

 

TARİXDƏ GƏNCƏ

(İslam Ensiklopediyası, Gəncə məqaləsi)

Böyük ticarət yolları üzərində zəngin və münbit bir ərazidə qurulmuş olan Gəncənin çox əski dövrlərdə iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Gəncəlilərin cəngavərlikləri və şücaətləri də məşhurdur. 1221-ci ildə monqollar ilk dəfə Gəncənin qala divarları ətrafında göründükləri zaman qəhrəmanlıqları ilə tanınmış olan bu şəhərə yaxınlaşmağa cəsarət etməmiş və aldıqları qızıl və parçalarla kifayətlənərək çəkilib getmişdilər.

XII əsrin erməni səlnaməçilərindən Gəncəli Kirakos qeyd etmişdir ki, “Monqollardan qaçaraq Azərbaycana gələn Xarəzmşah Cəlaləddin Eldənizlilərin xanı Özbək xanın Təbrizdən qaçaraq sığınmış olduğu Gəncəni zəbt etdi. Ancaq, bu hadisədən bir neçə il sonra gəncəlilər üsyan qaldıraraq, şəhərdəki Xarəzmşahın adamlarını öldürməyə başladılar. Buna baxmayaraq Cəlaləddin 1231-ci ildə üsyanı yatırmağa müvəffəq oldu və üsyanın 30 nəfər əsas iştirakçısından başqa heç kəsə toxunmadı. O, əsgərlərinə şəhəri talan etmələrinə də icazə vermədi.”

Gəncə XIV əsrin sonunda Böyük Teymura müqavimət göstərmiş, boyun əyməmişdir. Erməni səlnaməçisi Kirakosa görə, Cəlaləddindən sonra iki dəfə Azərbaycana gələn monqollar, 1235-ci ildə gəncəlilərin silahlı müqaviməti ilə üzləşdilər. Bir həftə mühasirə altında qalan şəhərin ələ keçəcəyini başa düşən şəhər əhalisi düşmən əlinə keçməməsini təmin etmək üçün yurdlarını büsbütün yandırdılar. Məhv ediləsi nə var idisə, hamısını məhv etdilər. Bundan hiddətlənən monqollar da şəhər əhalisini qılıncdan keçirdilər. Azərbaycan Cümhuriyyətinin keçmiş İstanbul elçisi Yusif Vəzirlinin 1920-ci ildə İstanbulda nəşr etdiyi “Azərbaycanın iqtisadiyyatı, tarixi və coğrafiyası” adlı kitabın 24-cü səhifəsində deyilir ki, “Gəncə xalqı qədim tarixdən bəri hürriyyətini müdafiə və mühafizə etməkdə məşhurdur. Gürcülərin istila məqsədi ilə hücum etmiş qüvvələrinə qarşı sinə gərib mərdanə mübarizədə rəşadət göstərən Gəncə vaxtı ilə Çingiz xanın da diqqətini cəlb etmişdir. Çingiz xanın ordusu Qafqazı tarmar edərkən Gəncəyə toxunmamışdır. Gəncə Milli təşkilatı ilə Azərbaycanda birincilik qazanmış bir şəhərdir. Azərbaycanın istiqlalı yolunda böyük rol oynayan şəxslərin əksəriyyəti Gəncədədir. Gəncə Şeyx Nizaminin vətənidir.”

Rusların 1803-cü ildə Gəncəni işğal etdikləri zaman törətdikləri vəhşiliklər haqqında qısa da olsa yuxarıda bəhs etmişdik. Tarixi bir hadisəyə toxunaraq bu bəhsi bitirəcəyik. Rus tarixçilərinin bildirdiklərinə görə, Cavad xan Gəncə qalasının bürcündə şəhid edilmiş və qalib rus zabitləri onun meyitini görməyə tələsirlər. Bu zaman qalanın bürcündə belə bir mənzərə olmuşdur: bir tərəfdə Cavad xan və oğlu Hüseyn xanın meyitləri, o biri tərəfdə isə silahları əllərindən alınmış türk döyüşçüləri. Bu döyüşçülərdən biri xanına və xanzadəsinə son ehtiram vəziyyətində durmaqdadır. Bu zaman zabitlərlə qala bürcünə çıxan bir rus çavuşu Cavad xanın meyitini küfr edir və cəsədə bir qılınc zərbəsi vurur. Ehtiram vəziyyətində olan döyüşçü silahsız vəziyyətdə olduğunu bir anlıq unudaraq cəld əlləri ilə rus çavuşunun xirtdəyindən yapışır. Mübarizənin sonunda ikisi də cansız halda yerə sərilir. Rus çavuşu döyüşçünün dəmir barmaqlarının gücündən, Azəri döyüşçüsü isə boğarkən digər rus döyüşçüsünün vurduğu qılınc zərbəsindən həlak olur. Bu hadisəni rus tarixçisi “Qafqaz kalendarı” adlı məcmuədə “Qəhrəman çavuşumuzu Cavad xanın cani döyüşçüsü boğaraq öldürdü” deyə təsvir edir. Bax budur rus mədəniyyəti...

Rusların Gəncə və Azərbaycan xalqına göstərdikləri vəhşilik və qəddarlıq unudulmayacaq qədər ağırdır. Kiçik yaşlı Gəncəli uşaqlar böyüklərdən, yaşlılardan, xalq şairləri tərəfindən söylənmiş dastanlardan bu həqiqətləri öyrənirlər və o yaşda ruslara nifrət etməyə başlayırlar. Onlar heç bir zaman ruslara isinməmiş və onlara nifrət dolu nəzərlərlə baxmışdılar. Özlərinə güvənən kənd cavanları bir fürsət düşən kimi rus məmurlarını öldürür və sonra da silahlarını alıb dağlara çəkilirdilər.

Kənd cavanlarının bu hərəkətlərindən sonra rus məmurları ilə amansız bir mübarizə başladı. Xalqımız əsarət yerinə azadlığı seçən bu cavanlara “Qaçaq” adını vermişdi. Onlar öldülər, öldürdülər və şöhrət qazandılar. Qaçaqlar öz qəhrəmanlıqları ilə rusların gözlərinin odunu aldılar. Şairlərimiz onlar haqqında dastanlar yaratdı və xalq da ağızdan-ağıza dolaşan bu dastanları əzbər deyərək yayırdı. Gəncənin dağları və dərələri qaçaqlarla dolu idi. Hər kəndlinin evi qaçağın yatağı oldu. Gəncənin cavanları da təşkilatlanmağa başladılar. Rusların jandarma alayı hansı qaçağın üzərinə hücum etməyə hazırlaşırdısa, dərhal o qaçağa xəbər göndərilirdi. Hamıya aydın idi ki, o zamanlar Azərbaycanın hər tərəfində amansız bir istiqlal mübarizəsi var idi. Ancaq, biz burada yalnız Gəncə ətrafında cərəyan edən hadisələrdən bəhs edəcəyik. Mübarizə özünü hər sahədə göstərirdi. Gəncə ziyalıları da bu mübarizəyə əllərindən gələn köməyi edirdilər. Tarixi yazılmamış bu mübarizə uzun illər davam etdi. Azərbaycan xalqı o dövrlərdə hər hansı bir qüvvənin ruslarla müharibəyə girməsini gözləyirdi. Biz bu qüvvəni şeytan da olsa, özümüzə müttəfiq sayaraq, yardım edəcəkdik. Nəhayət bu gözlədiyimiz də gəlib çatdı və adı, cismi bizlərə məchul olan kiçik yapon milləti ruslarla müharibə etməyə başladı. Müharibənin getdiyi ərazi bizdən çox uzaq olduğundan yaponların xeyrinə döyüşmək mümkün deyildi. Əlimizdən ancaq əlimizi göyə qaldırıb Ulu Tanrıdan yaponlara kömək diləmək gəlirdi. Tanrının yardımı ilə yaponlar rusları həm quruda, həm də dənizdə məğlubiyyətə uğratdılar. Rusların bu müharibədəki məğlubiyyəti imperiyanın mərkəzini sarsıtdı. Bütün sosialist partiyalar rus çar üsul-idarəsinə qarşı xalqı üsyana qaldırdılar. Qeyri-ruslar, yəni məhkum millətlər imperiyanın əsarətindən xilas olmağa çalışdılar.

Ruslar yaranmış bu vəziyyətin onlara fəlakət gətirəcəyini bilirdilər. Buna görə onlar yaponların ağır müharibə təzminatını qeyri-şərtsiz qəbul etdilər. Çar hökuməti yaponlarla müqavilə bağladıqdan sonra ölkə daxilindəki hadisələrin qabağını almaq üçün ciddi tədbirlər görməyə başladı. Hökumət bu yolda hər cür qanuni və qeyri-qanuni hərəkətdən çəkinmədi. Onlar əvvəlcə Rusiyanın mərkəzi şəhərlərindəki şovinist rusları yəhudilərin əleyhinə qaldırdılar. Beləliklə, bir çox şəhərlərdə yəhudilər əleyhinə qırğınlar baş verdi. Tarixdə misli görünməmiş bir yəhudi soyqırımı törədildi. Rus millətinin hər sinfi: monarxisti də, sosialisti də bu soyqırımında iştirak etdi. Çar hökuməti mərkəzi şəhərlərdə istəyinə nail olmuşdur. Artıq rus milləti Rusiyanın mərkəzi vilayətlərində sinfi mübarizəni unudub, yəhudi soyqırımı ilə məşğul olmağa başlamışdır. Ancaq, Çar hökumətinin böyük bir narahatçılığı da var idi. Azərbaycanın üsyan etməsi və xüsusilə, əvvəlcə Gəncəyə edilmiş rus zülmünün intiqamını Gəncəlilərin almağa çalışmaları hökuməti çox narahat edirdi. Bu narahatçılıqla hərəkətə keçən Çar hökumətinin yaratdığı faciənin ikinci pərdəsi Azərbaycanda oynamağa başlandı. Gəncə vilayətinin Qarabağ qəzasının mərkəzi olan Şuşa şəhərində ermənilər Türklərin üzərinə hücuma təhrik edildilər. Şuşada olan rus diviziyasının komandanı general Kalaşçapov ermənilərin Türklər tərəfindən məğlubiyyətə uğradıldığını görüncə diviziyasında olan erməni əsgərlərinə mülki paltar geyindirib ermənilərin köməyinə göndərmişdir. Bundan sonra Gəncə əhalisi də Şuşadakı qardaşlarına kömək etməyə başladılar. Bundan xəbər tutan Çar hökuməti vaxt itirmədən erməni-türk qırğınını Gəncədə törətdi. Rus hökuməti bununla da kifayətlənməyərək bu milli münaqişəni Azərbaycanın mərkəzi olan Bakıda da törətdi. Azərbaycanın hər tərəfində ermənilər türklərin üzərinə hücum etmişdilərsə, hər yerdə məğlub olmuşdular.

Azərbaycanın tarixi boyunca ermənilər həmişə türklərdən çəkinmişdilər və onlarla qarşı-qarşıya gəlməyə cəsarət etməmişdilər. Ruslar Qarabağın Şuşa şəhərində ermənilərlə açıq-aşkar etdikləri yardımı Bakıda və Gəncədə edə bilməzdilər. Əslində vilayət mərkəzi olan bu şəhərlərdə rusların hər bir hərəkəti ziyalı türklərin nəzarəti altında idi. Ancaq, bu vilayət mərkəzlərində ruslar az da olsa əlaltından ermənilərə kömək etməyə çalışırdılar. Çar hökuməti bu şəkildə Azərbaycanda da istəyinə nail olmuşdur. Yəni 1905-ci il inqilabını yatırtmaq üçün Azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə üz-üzə qoymuşdur. Nəticə etibarilə 1905-ci il inqilabının parlaması ilə sönməsi bir oldu. Mübarizədən qalib çıxan ruslar bir bəyannamə nəşr edərək qeyri-rus millətlərə bəzi haqq və hüquqlar verdiklərini elan etdilər. Türklər də o biri qeyri-ruslar kimi bu haqq və hüquqları bir nemət kimi qarşıladılar. Əslində ilk həmlədə geniş şəkildə istifadə edilən haqlar bunlar idi:

1. “Dövlət Duması”nın (parlament) qurulması və buraya hər millətdən deputatlar göndərilməsi,

2. Hər millətə din azadlığı verilməsi və yenə hər millətin öz dilində dərs keçə bilən məktəblərin açmasına, qəzet və jurnal nəşr etməsinə icazə verilməsi,

3. Azadlıq, ədalət və bərabərliyin təmin edilməsi. Bir müddət çar hökuməti bu verilən haqlardan öz mənafeyi üçün istifadə etdisə də, məhkum millətlər də özləri üçün müəyyən işlər görə bildilər. Bu haqların əldə edilməsi ilə birlikdə Azərbaycanın hər tərəfində öz ana dilində dərs keçən məktəblər açıldı. Bakıda gündəlik nəşr olunan 20 qəzetdən başqa, həftəlik və aylıq çıxan jurnallar da var idi. Bu mətbuat orqanları Azərbaycanın hər tərəfinə göndərilirdi. Bundan başqa Azərbaycanın hər tərəfində olduğu kimi, Gəncədə də dörd cəmiyyət quruldu:

1. Xeyriyyə Cəmiyyəti
2. “Maarif Cəmiyyəti”
3. Dram Cəmiyyəti
4. “Difai” firqəsi.

Xeyriyyə Cəmiyyətinin məqsədi topladığı pullarla xalqımızın bütün ehtiyaclarını ödəmək idi. Çar hökuməti türkcə dərs keçən məktəblərin açılmasına icazə verirdisə, onun dövlət büdcəsindən maliyyələşdirilməsini qadağan edirdi. “Dram” Cəmiyyətinin vəzifəsi isə əsərlər səhnələşdirərək ikinci məktəb olan teatr vasitəsi ilə xalqımızın gözünü açmaq və bu yolda topladığı pullarla milli davamızı dəstəkləmək idi.

“Difai” firqəsinə gəlincə bu ehtiyacdan yaranmış bir təşkilat idi. Bu təşkilat xalqımızla insan kimi davranmayan, onlara qarşı cinayətkar hərəkətlər edən, erməni-türk milli münaqişəsində ermənilərə açıqdan-açığa yardım edən rus hökumət nümayəndələrinə layiqli cəzalarını vermək üçün yaranmışdı. Xalqımıza qarşı cinayət törətmiş hər bir hökumət nümayəndəsinin hərəkəti tədqiq olunur və sonra öldürülürdü. Sonra bu dövlət məmurunun nə üçün öldürülməsi haqqında nəşr olunmuş bir bəyannamə ilə məlumat verilirdi. Bəyannamə həmişə “Difai” firqəsinin möhürü ilə möhürlənirdi.

 


“DİFAİ” PARTİYASININ YARANMASININ SƏBƏBLƏRİ

Çar üsul-idarəsi 1905-ci il inqilabını puça çıxarmaq üçün Azərbaycan şəhərlərində əsrlərlə yan-yana dost kimi yaşamış Türk və erməni millətlərinin arasına nifaq saldı. Çar hökuməti bu zaman ermənilərə kömək etməkdən belə çəkinmədi. Ruslar azərbaycanlıların xoş gününü heç vaxt istəməmişdilər. Azərbaycan xalqı bu gün olduğu kimi milli varlığı, din, dil, adət və ənənəsi ilə daima rusların diqqətini cəlb etmişdir. Azərbaycan xanlıqlarının istiqlalına Çar Rusiyası tərəfindən zorla son qoyulduqdan sonra da xalqın tərəqqi və təkamül yolunda göstərdiyi fəaliyyəti və əldə etdiyi uğurları davam etdiyi üçün rusları təşvişə salırdı. Çar Rusiyasının ən mühüm siyasətindən biri Azərbaycan Türklərini qaranlıq və cəhalət içində saxlamaq olmuşdur. Azərbaycan ziyalılarının ardıcıl şəkildə nümayiş etdirdiyi qeyrət sayəsində gündən-günə artan bu fəaliyyət xalqı rifah içində bir istiqbala və məsud istiqlala aparırdı. Az keçmədən azərbaycanlılar gözəl və zəngin vətənlərinin məsud qoynunda ideallarının bu sonsuz səadətinin əzəli və əbədi nuruna qərq oldular (28 May 1918). İzahına ehtiyac gördüyümüz bu qeydlərdən sonra, “Difai” firqəsinin yaranma səbəblərini və hadisələri xatirə dəftərindən nəqlən açıqlamağa keçək.

Gəncə şəhəri Gəncə çayı ilə ikiyə ayrılmışdır. Şəhərin dağlıq hissəsində və dağlara doğru olan kəndlərdə ermənilər, obalıq hissəsində obaya uzanan kəndlərdə isə Türklər yaşayırdı. Gəncənin Türk məhəllələri arasında Noraşen adlı bir erməni məhəlləsi də var idi. Əsas Türk məhəllələri isə bunlar idi: Ozan, Zərrabi, Əttarlar, İmamlı, Dördyol, Soflu, Səfərabad, Toyuqçu, Böyük Bağban, Bala Bağban, ermənilərin yaşayan hissəsində isə üç Türk məhəlləsi – Molla Cəlilli, Çaylı, Hacıməlikli məhəllələri də var idi. Türklərlə ermənilər arasında nifaq düşəndən sonra bu məhəllələrin sakinlərindən qadınlar, uşaqlar və yaşlılar Gəncə çayını keçərək Türklər yaşayan məhəllələrə pənah aparırdılar. Məhəllədə qalan kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər qadınlı-kişili Türk məhəllələrində boş qalmış evlərə soxulur və talan edirdilər.

İgidliyi ilə məşhur Tatoğlu Qara öz adamları ilə birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilərin özləri onu öldürməyə cürətləri çatmadığından rus əsgərlərini ələ alaraq onların vasitəsi ilə öldürtdülər. Tatoğlunun ruslar tərəfindən öldürülməsini Gəncə əhalisi hüznlə qarşıladılar. Bu hadisədən sonra Türk-erməni münaqişəsi təzədən qızışır. Ermənilər tərəfinə iş üçün getmiş olan müsəlmanlar orda öldürüldüyü kimi, Türk məhəllələrində alver edən ermənilər də burada qətl edilirdilər. Diqqəti cəlb edən bu idi ki, Çar hökuməti və məmurları bu mühüm qanlı qırğına münasibətdə seyrçi mövqe tuturdu.

Qırğının ikinci günü iki tərəf də hazır vəziyyətdə bir-birlərinə hücum etmək işarəsi gözləyirdi. Bu əsnada Bakıda və Qarabağda da qanlı savaşların başlandığı xəbəri Gəncədə sürətlə yayılmağa başladı. Əldə edilən məlumata görə, Qarabağdan gələn xəbərlər daha faciəli idi. Qarabağda ruslar ermənilərə silah və hərbi sursatla kömək etdikləri üçün Türklərdə silah və hərbi sursatın çatışmadığı hiss olunurdu. Qarabağa yardım etmək isə çətinləşirdi. Səbəbi isə Qarabağa gedən dağlıq yolun ermənilərin, Gəncə-Yevlax dəmir yolu isə rusların nəzarəti altında idi. Bir müddət sonra Gəncədə rus alayında qulluq edən və əslən Qarabağlı olan mayor Zülfüqar bəy Bağırbəylinin şəxsi əşyaları adı altında Qarabağa silah çatdırmaq mümkün oldu. Hadisənin üçüncü günü səhər erkən Kazak alayı komandiri general Fleyşerin (əslən alman idi) komandanlığı altında bir bölük süvari kazak bölüyü sürətlə meydana girdi. Kazaklar böyük Gəncə meydanında görünər-görünməz meydanın Dörd yol küçəsində və Sofulu tərəfdən kazakların üzərinə xalq yaylım atəşi açdı və kazaklar meydanda bir neçə ölü və yaralı qoyaraq tez geri çəkildilər. Bir saat sonra polis rəisi və polislər meydana gələrək, silahları xalq tərəfindən alınmış cəsədləri və yaralıları apardılar. Bu kazak bölüyü meydana nə üçün gəlmişdi və nə etmək istəyirdilər? Yoxsa xalqı qorxutmaqmı istəyirdi? Anlaya bilmədik. O gün axşama doğru məşhur qaçaq Dəli Alı kəndlərdən toplanmış iki min silahlı cavan ilə şəhərə girdilər.

Şəhərin məşhur adamları bir yerə toplaşıb, müsəlmanları gözləyən təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyə başladılar. Onlar qərara aldılar ki, qaranlıq düşəndə dağlıq tərəfdən ermənilərə hücum etsinlər. Nəhayət şəhərdən toplanmış min nəfər cavan da Dəli Alının dəstəsi ilə birləşərək axşam saat 7-də erməni məhəllələrinə hücuma keçdilər. Gəncədə xalq qüvvələri Ələkbər bəy Rəfibəyli tərəfindən idarə olunurdu. “Nəşri-maarif” və “Xeyriyyə Cəmiyyəti” binası qərargah olmuşdur. Ələkbər bəy buradan xalqa müəyyən göstərişlər verir və vəziyyətə nəzarət edirdi. Gəncə şəhərində vəziyyətin gərginliyi Çar üsul-idarəsinin yüksək rütbəli məmurlarını narahat etməyə başladığı üçün onlar general-qubernator (vali) Bauerin ətrafına toplanmış və nə edəcəklərini bilmirdilər. Nəhayət onlar belə bir qənaətə gəldilər ki, xalq hərəkatını Ələkbər bəydən başqa heç kəs dayandıra bilməz. Onlar bu məqsədlə Ələkbər bəyin yanına gələrək “Ələkbər bəy şəhərin yarısını məhv etmək fəlakətdir və ermənilər də tutduqları işdən peşmandırlar” deyərək ondan bu xalq hərəkatını dayandırmağı xahiş edirlər. Nəhayət, bu xahiş-minnətlərdən sonra Ələkbər bəy bu hərəkatı dayandırmaq əmrini verir.

Hər iki tərəfdə sakitlik təmin olunur və general-qubernator on türk və on erməni dəvət edərək onları barışdırır. Dəli Alı da iki minlik dəstəsi ilə şəhəri tərk edib dağlara çəkilir. Sonradan öyrənirik ki, ermənilərlə Türklərin barışmaları Bakıda, Qarabağda olduğu kimi Tiflisdə də olmuşdur. Ancaq, Tiflis barışığı daha maraqlı olduğu üçün təfsilatı ilə yazıram: Bu dəfə barışıq Qafqaz canişininin yanında olur. Türklər bu barışıq zamanı on nəfər gürcünün də olmasını istəyirlər və on erməni, on Türk, on gürcü canişininin hüzurunda toplaşırlar.

Canişin uzun bir nitq söylədikdən sonra, barışığın olmasını istədiyini və var qüvvəsi ilə bu faciənin bir də təkrar olunmayacağına söz verərək və onlara barışmalarını təklif edir. Təbii ki, gürcülər və ermənilər barışıq istəyirlər. Türklər isə: “biz barışıq olmasın demirik, ancaq Tiflisdə ermənilər əksəriyyət təşkil etməkdədir. Biz Türklər isə böyük Tiflisin bir məhəlləsində yaşamaqdayıq. Biz qırğın törətmədik, soyqırımına məruz qaldıq. Hökumət də bu faciəli hadisəyə laqeyd qaldı. Əgər gürcü xalqı olmasa idi, əmin olun ki, Türklərdən sülh üçün on nəfər də tapa bilməyəcəkdiniz. Demirik ki, barışmırıq, ancaq bizim tələblərimiz var. Canişin tələblərin nədən ibarət olduğunu soruşur Türklər:

1 – Ermənilərin katalikosu Tiflisə gələrək bizim Şeyxülislamdan qətl üçün əfv diləyəcək:

2 – Qətl edilmiş Türklərin qatilləri hökumətə təslim ediləcək. Ermənilər isə bu maddələrin aşağıdakı şərtlərlə yerinə yetirilməsini istəmişdilər: “Katalikos xəstədir, onun tərəfindən Yepiskop Baturyan Şeyxülislamın yanına gedərək, qətllərdən kədərləndiyini bildirəcək. Ancaq, qatilləri rus məhkəməsinə verə bilmərik, çünki məhkəmə olarsa, bu iş uzanar. Bunları erməni millətinin vicdanına həvalə edək. Onlar öz vasitələri ilə qatillərin cəzasını versinlər.” Ancaq, Çar hökuməti hadisəni var qüvvəsi ilə ört-basdır etməyə çalışırdı. Məsələ qapanmışdı, ancaq hadisədə ruslarla ermənilərin birlikdə hərəkət etmiş olduğu xalqımızı çox ehtiyatlı və tədbirli olmağa sövq edirdi. Qafqaz canişininin xahişi ilə Bakıda qəzet çıxaran, xalqın, xüsusilə də ziyalıların rəğbətini qazanmış və milli Azərbaycan işləri ilə məşğul olan Əhməd bəy Ağaoğlu Gəncəyə gəlmişdir. Xalq hökumət tərəfindən böyük cameyə dəvət edilmişdir. Came ağzına qədər dolu idi və mən də orada idim. Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etməyə başladı. “Möhtərəm gəncəlilər, Türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir, deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik. Türklər və ermənilər olub-keçənləri unutmalıdırlar. Onlar bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalarsa da, öz həmcinslərinə toxunmurlar. Nə qədər ağır olsa da, bilməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsul-idarəsindən əsrlərlə əvvəl Qafqazda Türklərlə ermənilərin dost və yaxşı qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır.”

O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərlərimizdən alırdı. Bunların başında Ələkbər bəy Rəfibəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Onlar camedəki bu görüşdən sonra, Əhməd bəy Ağaoğlunu axşam yeməyinə dəvət edərək, onunla geniş söhbət edirlər. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və irəlidə ruslar ermənilərin əli ilə bir pislik edə biləcəklərini nəzərə alaraq xalqı yenidən təşkilatlandırmaq lazım idi. Bu təşkilatlanma vasitəsilə rus hökuməti ilə mübarizə etmək və ruslara anlatmaq gərək idi ki, biz asanlıqla istismara baş əyməyəcəyik. Rusların gözünü qorxuzmaq üçün bir gizli terror komitəsi qurmağa, gizli firqənin “Difai” firqəsi deyə adlandırmaq qərara alınır. Az keçmədən “Difai” firqəsinə möhür hazırlanır. Firqənin ilk qurbanı Kiresçinski olmuşdur. Bu rus məmuru Gəncə general-qubernatorunun (valinin) Qarabağda müşaviri olmuşdur. Pis əməllərinə görə ona Gəncədə heç kim salam verməzmiş. Qəddar və pis əməllər sahibi olmasını özü də etiraf etmiş, bu məmur başqa yerə təyin olunmasını da hökumətdən xahiş etməyə məcbur olmuşdur. Qətlin ertəsi günü gecə “Difai” firqəsinin möhürü ilə divarlara bəyannamələr yapışdırılmışdır.

Bir həftə sonra “Difai” firqəsi Bilal adlı bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Kim olmuşdur bu Kalasçapov? O, Qarabağda diviziya komandiri olmuş və diviziyada qulluq edən erməni əsgərlərinə mülki paltar geydirərək, silahsız türkləri qətl etdirmişdir. Bu səbəbdən Tiflisə göndərilən Bilal iki gün sonra, ermənipərəst generalı küçədə öldürmüşdür. Beləliklə, ermənipərəst rus məmurları məhv edilirdilər. “Difai” firqəsi öldürülənlərin günahlarını yaydığı bəyannamələrdə aydın göstərirdi.

Bu hadisələrdən sonra rus məmurları qorxu içərisində bütün hərəkətlərini ölçərək, addım atırdılar. Onlar ciddi-cəhdlə “Difai” firqəsinin kimlər tərəfindən idarə edildiyini öyrənməyə çalışırdılar. Ancaq, cəhdləri boşa çıxır, xalqımızdan bir şey öyrənə bilmirdilər, çünki xalq bir şey bilmirdi, bilsə də heç nə söyləməzdi. “Difai” firqəsi heç bir yerdə qeydiyyatda deyildi, ancaq bir möhürü vardı. Bu möhürün kimdə olduğunu firqəni idarə edənlər də bilmirdilər. Rus hökuməti “Difai” firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50000 qızıl pul mükafatı verəcəyini vəd etmişdir. Bu qiymətli vədlərə baxmayaraq hökumət “Difai” firqəsi haqqında heç bir məlumat əldə edə bilmirdi. Ancaq, rusların təzyiqi artdığına görə firqə fəaliyyətini müəyyən bir zaman üçün dayandırmaq məcburiyyətində qaldı. Səbəbi isə bir xəbərin alınması oldu. Rus idarələrində “Difai”nin xeyrinə işləyən adamlar var idi. Bunlardan ən mühümü Çar hökumətinin gizli polisində tərcüməçi və katib işləyən Sədrəddin adlı bir şəxs idi. Günlərin birində o, “Difai” firqəsinin üzvü olmasını güman etdiyi bir nəfərə xəbər verir ki, Molla Hadı adlı bir şəxs gizli olaraq polisə gəlir və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişinin otağına aparılır. Zənnimcə erməni Molla Hadıya tərcüməçilik edir və onlar bu otaqda qalaraq uzun müddət söhbət edirlər. “Difai” toplantılarına ara verir, ancaq bütün cəhdlərini rusların nəyi təqib etdiklərini öyrənməyə yönəldirlər. Molla Hadı göz altına alınır. Tədqiqat nəticəsində Molla Hadının ruslara satıldığı aydınlaşır. Molla Hadının soyu araşdırılırsa da, onun Gəncəyə nə vaxt gəldiyi müəyyən edilə bilmir. Ancaq öyrənilir ki, Molla Hadını hər axşam mülki geyimli bir polis mühafizə edərək evinə qədər müşayiət edir. Gündüzlər də polis onu mülki paltarda arxasınca gəzərək qoruyur. “Difai” firqəsi Molla Hadının qətlinə fərman verir və bir gün sonra o qətlə yetirilir. Polislər cənazəsini evinə gətirirlər. Cənazə bir gün evində qalır. Mollalardan heç biri cənazə namazını qılıb dəfn eyləməyə cəsarət etmir. Nəhayət Molla Musa adlı birisi “Difai” firqəsinin üzvü ehtimal etdiyi bir tanışına yanaşır və ona, “cənazə evdə qaldı, sən icazə ver mən gedim cənazə namazı qılıb dəfn etdirim”, deyir. Tanışı Molla Musanın üstünə hirslənib deyir: “Mənə nə, nə üçün məndən soruşursan, kim sənə nə edər get dəfn etdir.” Molla Musa bu cavabı “Difai” firqəsi tərəfindən icazə sayır və Molla Hadını dəfn etdirir. Mən burada uzun müddət fəaliyyət göstərmiş “Difai” firqəsinin gördüyü bütün işləri sadalayası deyiləm. Beləliklə, Çar hökuməti ilə “Difai” firqəsinin arasındakı mübarizə 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımızın da, “Difai” firqəsinin də gəldiyi qənaətə görə, artıq rus məmurları hər vasitə ilə özlərini sevdirməyə çalışırdılar. Bu illərdə mən də gizli təşkilatda çalışırdım. Toplantılarımızın birində yoldaşlarımızdan biri: Artıq “Difai” fəaliyyətini dayandırır. Möhürü saxlayacağammı, yoxsa məhv ediləcək deyə soruşdu. Mirzə Məhəmməd “Onu yox etməyəcəyik, o möhür gələcək Azərbaycan muzeyində saxlanacaq” dedi. Bununla da möhürün Mirzə Məhəmməddə olduğu aydınlaşdı.

1909-cu ildə Gəncə şəhərinə Rusiyadan Kruçkov familiyalı kənd təsərrüfatı mühəndisi olan bir rus gəldi. O, bütün ziyalılar ilə görüşür və hər kəslə səmimi yoldaşlıq edirdi. Bir axşam şəhər klubunda ətrafına bəzi ziyalı gəncləri toplamış Kruçkovu gördüm və mən də onlara yaxınlaşdım. Kruçkov özünü bizlərə təqdim edir və “mən kənd təsərrüfatı mühəndisiyəm, ixtisasımı çoxdan atdım, indi isə mən beynəlxalq “Espiranto” dili təşkilatının üzvüyəm. Burada “Espiranto” dili kursu açacağam və siz gənclərə iki ay içərisində yazmağı, oxumağı və sərbəst danışmağı öyrədəcəyəm. Dünən erməni cəmiyyətindən çox razı qaldım. Siz də kurslara yazılın ki, dərhal dərsə başlayaq” dedi. Beləliklə, maarif idarəsindən icazə alındı. Şəhərin ibtidai məktəblərinin birində dərsə başladıq. Kruçkov bir tərəfdən dərsə davam edir, digər tərəfdən xalqın bütün təbəqələri ilə dil tapır və təbliğat aparırdı. O, demək olar ki, şəhərlərdəki bütün cəmiyyətlərlə yaxından əlaqə saxlayırdı. O, bir gün məndən “siz ruscadan Türkcəyə tərcümə edə bilirsinizmi?” deyə soruşdu. Mən də cavabında “sizi bir nəfərlə tanış edərəm, o sizə kömək edər” dedim. Mən onu gimnaziyada Türk dili müəllimi olan Mirzə Məhəmmədlə tanış etdim. Onlar bir-biri ilə tezliklə dil tapdılar.

Kruçkov bir gün mənə özünün inqilabçı sosialist partiyasının üzvü olduğunu söylədi. Aradan iki ay keçdi, ancaq onun dil dərsləri o qədər də müvəffəqiyyət qazana bilmirdi. Bir axşam Mirzə Məhəmmədin xanımı təlaş içində yanıma gəldi və dedi: “Başımıza fəlakət gəldi. Rus gizli polisindən gəlib, evi alt-üst etdilər və nə qədər sənəd var idisə özləri ilə götürüb apardılar. Onlar evdə tapılan möhürdən də şübhələndilər və onu da yoxlamaq üçün özləri ilə idarələrinə apardılar”. Mən dərhal “Difai”nin möhürünün ələ keçdiyini anladım. Mirzə Məhəmmədin xanımı və iki kiçik yaşlı oğlu var idi. Ona təsəlli verib, oturmağını xahiş etdim. Ancaq, qadın oturmayaraq “uşaqları evdə tək buraxıb sizə xəbərə qaçdım” dedi və tələsik getdi. Mən dərhal gizli polisdə katib və tərcüməçi işləyən dostumun yanına getdim. O, məni evin bağçasında qəbul etdi. O da mənim qədər kədərli idi. Biz bir müddət bir-birimizin üzünə baxaraq danışmadıq. Nəhayət mən nə edəcəyimizi soruşdum. O isə bir şey edə bilməyəcəyik, “möhür bütün millətçilərimizi məhv edəcək” dedi. “Dostum bizi bu fəlakətdən qurtarsan, sən qurtara biləcəksən”. O isə cavabında “mənim əlimdən nə gəlir. Mən bütün sənədləri möhürlə bircə seyfə qoydum. Rəis mənə səhər tezdən gəl bu kağızları tədqiq et, xüsusi ilə möhür çox əhəmiyyətlidir” dedi. Mən ona belə təklif etdim: “Dram cəmiyyətində saxladığımız inqilabçı sosialist partiyasının möhürünü gətirib sizə verim, siz də bu möhürü səhər “Difai” firqəsinin möhürü ilə dəyişdirin və məhv edin”. O, mənim bu təklifimi qəbul etdi. Mən dərhal möhürü gətirib ona verdim və sabah axşam görüşməyi qərara aldıq. Biz səhəri gün öyrəndik ki, bizim Kruçkov da həbs edilib. Mən axşamı dörd gözlə gözləyirdim. Nəhayət axşam oldu və tərcüməçi dostumla görüşdüm. O, vəziyyəti belə anladır. İçəri girəndə gördüm ki, soba gurhagur yanır. Tez seyfi açıb möhürü oradan götürüb sobaya atdım və yerinə cibimdəkini qoyub qapısını bağladım. Sobada əllərimi qızdırarkən rəis içəri girdi və mənimlə salamlaşdıqdan sonra “Tez seyfi aç! Möhür məni bütün gecə çox narahat edib. Oxu görək o nə möhürdür” dedi. Mən dərhal seyfi açıb kağızları və möhürü götürdüm. Möhürü mürəkkəbə batırıb kağızın üzərinə basdım. Möhürün yazıları aydın görünür. Bir yerdə baxırıq. Rəis möhürün türk dilində olduğunu görüb oxu nə yazılıb deyir. Mən möhürün bir sosialist möhürü olduğunu söylədim. Kağızlardan rusca olan bəziləri türkcəyə tərcümə olunmuşdursa da, bəziləri hələ tamamlanmamış vəziyyətdə idi. Mən tərcüməçi dostumun bu sözlərindən sonra bir ah çəkdim və gözlərimi yumdum və düşüncəyə daldım. Sevinir və həm də kədərlənirdim. Bizə müqəddəs olan “Difai” möhürü – müstəqil Azərbaycan muzeyini zinətləndirəcək möhür – türk düşməni, Qarabağ canisi general Kalaşçapovu Tiflisdə, vali müşaviri Kreçkinskini və polis müdiri Bannikovu Gəncədə, erməni Vasilini və ən nəhayət, Molla Hadını qətl edilmələrini xalqa bəyan edən kağızı bəzəyən möhür düşmən sobasında yanırsan. Sən ey müqəddəs möhür sobada yanmağınla xalqımızı son dərəcə böyük bir fəlakətdən xilas edirsən.

Gözlərimi açıb tərcüməçi dostuma baxıram. Bilmirəm sevincdənmi, yoxsa kədərdənmi gözlərim yaşarır. Sonra tərcüməçi dostum sözünə davam edərək bunları qeyd etdi: “Biz Kruçkovla Mirzə Məhəmmədi üzləşdirdik. İstintaq zamanı Mirzə Məhəmməd susur Kruçkov isə verilən suallara dərhal cavab verirdi: Mən bu sənədləri Mirzə Məhəmmədə rus dilindən Türk dilinə tərcümə etmək üçün vermişəm. Bu zaman polkovnik Mirzə Məhəmməddən sən sosialistsənmi? Mirzə Məhəmməd xeyr, deyir. Polkovnik: Əgər sən sosialist deyilsənsə, bu sosialist firqəsinin möhürünün sənin evində nə işi var? Yenə bu vaxt Kruçkov yerindən söhbətə qarışır və möhürü mən ona vermişəm, möhür mənimdir” deyir.

Bu söhbətdən sonra Mirzə Məhəmməd yavaş-yavaş “vəziyyəti” anlamağa başlayır. Sonra Kruçkov həbs olunaraq Rusiyaya göndərilir. Mirzə Məhəmməd də Rusiya Daxili İşlər nazirinin əmri ilə 5 il müddətinə Gəncədən İran sərhədinə yaxın bir yerə sürgün olunur. Gəncə gəncləri göz bəbəyi kimi sevdikləri Mirzə Məhəmmədin ailəsini 5 il heç bir şeydən əziyyət çəkməyə qoymurlar. Mirzə Məhəmmədin sürgün olunmasından sonra Gəncə gimnaziyasında boş qalan müəllim yerinə “maarif” cəmiyyəti tərəfindən Mirzə Hüseyn adlı bir müəllim namizəd göstərilmişdir. Ancaq, şəhərin rus olan maarif müdiri bu şəxsi təyin etmək istəmirdi. O, boşalmış bu yerə əli Rza adlı o qədər də məşhur olmayan bir şəxsi təyin etmək istəyirdi. Gəncə “Maarif” Cəmiyyəti vəziyyəti Ələkbər bəy Rəfibəyliyə bildirdi. O, axşam klubda maarif idarəsinin müdiri ilə görüşəcəyini qeyd etdi. Rəfibəyli klubda yaşlı maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmasına razılıq verin demişdir. Ələkbər bəyin bu sözlərindən sonra müdir bir az fikirləşdikdən sonra, Gəncə gimnaziyasına Mirzə Hüseynin müəllim təyin olunmasına razılıq vermişdir. 1917-ci ildə rus imperiyası dağılmış, çar taxtından salınmış və Kerenskinin başçılığı ilə müvəqqəti hökumət qurulmuşdur. Millətlər zindanı olan Rusiyada hər məhkum millət milli qayələri üçün çalışır və imkan düşdükcə mərkəzdən uzaqlaşırlar. Kerenski də Rusiyanın parçalanmasına mane olmaq və Rusiyanın əvvəlki bütün məhkum millətlərini mərkəzə bağlamaq istəyirdi. Bu məqsədlə Peterburqdan Rusiyanın hər tərəfinə təlimatlar göndərilirdi.

Vəzifələrindən uzaqlaşdırılmış valilərin (qubernatorların – C. Q, M. Ə) səlahiyyətləri mərkəzi bələdiyyə rəisinə keçir və bunlara Vilayət Komissarı deyilirdi. Bu dövrdə Gəncə şəhərinin bələdiyyə rəisi olan mərhum Xəlil bəy Xasməmmədli Vilayət Komissarı olaraq işə başladı. Şəhərin görkəmli və siyasi işlərdə özlərini tanıtmış 25 Türk və erməni bələdiyyə idarəsinə dəvət edildilər.

Kerenski isə təlimat verməkdə davam edirdi. Təlimatların birində Vilayət Komissarının rəhbərliyi altında icraiyyə komitəsinin təşkili (İspolnitelnıy Komitet) və bu komitəyə siyasi partiya və cəmiyyətlərin də bir üzv daxil edilməsi tələb olunurdu. Gəncə şəhərində əhalinin əksəriyyətini Türklər təşkil edirdi. Bu səbəbdən də Türklər və ermənilər ayrı-ayrı qurduqları siyasi təşkilatlarından birisi Türk və digəri erməni olmaqla sənət və əsnaf təşkilatlarından iki üzv ilə Bələdiyyə Məclisində iştirak etdilər. Bələdiyyə Məclisinin qəbul etdiyi proqramın ətrafında müzakirələr başlandı və seçki keçirildi. Türk və erməni təşkilatlarından İcraiyyə Komitəsinə seçilənlər yüksək təhsil görmüş millətçilər idi. Yalnız sənət və əsnaf cəmiyyətlərindən bir Türk və erməni seçilmişdi. Bunlara Bələdiyyə Məclisindən əlavə edildi. Bunların da biri Türk, digəri erməni idi. Seçkidən hər iki tərəf razı idi. Növbə siyasi partiyalara gəlmişdi. Sosialist bir erməni söz istədi. O zaman Rusiyada iki sosialist firqəsi var idi. Erməni bu partiyaların tarixlərindən uzun-uzadı bəhs etdikdən sonra hər partiyadan iki nəfərin üzvlüyə qəbul olunmasını istədi və namizədlərin adlarını dedi. Bunlardan ikisi rus, biri erməni, biri də gürcü idi. Erməni sözünü bitirər-bitirməz zalda gurultu başladı. Türklərdən bir nəfər söz aldı və erməniyə xitabən: “Vətəndaş bu saydığın sosialistlər çox qiymətli və bacarıqlı ola bilər, bunların varlığı və dəyəri sosialist mərkəzlərini məmnun edə bilər. Bu vilayətin xalqı sosialist deyil, millətçidir. Bunları ancaq, Türk və erməni millətindən olan millət xadimləri idarə edir və etməkdədirlər. Hər iki sosialist partiyasından bir Türk və bir erməni seçilməlidir. Bunlar da burada yalnız, xalqımıza aid məsələlər ilə məşğul olmalıdırlar və sosialist partiyalarının mərkəzləri ilə əlaqələrini kəsməlidirlər”. Müzakirə sona çatırdı. Bu zaman iclasın sədri iki məktubdan bəhs edəcəyini bilirdi. Məktubdan biri Gəncə şəhərində yaşayan ruslar tərəfindən yazılmışdı. Onlar İcraiyyə Komitəsinə ruslardan da bir nəfərin qəbul edilməsini xahiş edirdilər. Buna Türklər etiraz etdilər və məktubun müzakirə edilməsi rədd edildi. Ermənilər isə susurdular. İkinci məktub isə əsgərlərin “Soldatski Deputat” adlanan təşkilatına aid idi. Bu məktubda şəhərdə olan 15 min əsgəri təmsil etmək üçün məclisə beş nəfər nümayəndə daxil edilməsi xahiş olunurdu. Yenə Türklərdən bir neçə nəfər söz alaraq sərt etirazlarını bildirdilər. Onlar “Rus əsgərləri haqsız və lazımsız yerə Gəncə şəhərində qalmaqdadırlar. Onların burada qalmağına artıq heç bir ehtiyac yoxdur. Əslində isə İcraiyyə Komitəsinin ilk işi onları Rusiyaya göndərmək olmalıdır. Getmək istəmədikləri təqdirdə zorla tərk-silah edilərək vaqonlara doldurulub dəmiryol idarəsinə təhvil verilməlidirlər” dedilər. “Soldatski Deputat” təşkilatından göndərilən məktub rədd edildi və onların Rusiyaya göndərilməsi təklifi isə qəbul edildi. İclas öz işini hələlik davam etdirirdi. Türklər məclisə “Adəmi-Mərkəziyyət” Partiyasından bir nəfərin daxil edilməsini təklif etdilər. Təklif qəbul edildi. Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu zaman bir erməni ayağa qalxaraq vətəndaşlar bilirsinizmi ki, erməni millətinin iki mühüm siyasi partiyası vardır: biri “Daşnak”, digəri isə “Hınçaq”dır dedi. O, “Hınçaq”ın tarixini uzun-uzadı anlatdı və sözünə davam edərək bildirdi ki, bu partiyanın qayəsi qonşularla sülh şəraitində yaşamaqdır. Məclisə bu partiyadan da bir üzv seçilərsə Türklər heç bir şey itirməzlər, onsuz da onlar çoxluq təşkil edirlər. Hamı susurdu. Mən dördüncü sırada oturmuşdum. Öndəki bir yoldaşa: “sən də qalx bu təklifə tərəfdar çıx və sonra məşhur “Difai” firqəsindən də bir üzv qəbul edilməsini və namizəd olaraq firqəni idarə edən Nağı bəyi təklif et” dedim. Yoldaş sözümü dinlədi və dediklərimi yerinə yetirdi. Mən ayağa durub adımı və ünvanımı söylədim. Bu zaman iclasda iştirak edən Türklərin və ermənilərin gözləri məndə idi. Onlar on il çar hökumətini dəhşət və qorxu içində saxlayan gizli “Difai” firqəsinin təmsilçisini görürdülər. Bizim qayəmiz məclisdə əksəriyyəti təmin etmək idi. “Difai” firqəsinə ehtiyac yox idi. Xalqımız istədikləri kimi rus üsul-idarəsini ləğv edirdi.

Müzakirə bitdikdən sonra iclasın müfəssəl protokolu tutuldu və ertəsi gün Kerenskiyə göndərildi. Bir həftə sonra Kerenskidən teleqram alındı. Teleqramda “Difai” firqəsinin tarixi və əsasnaməsi barədə məlumat istənilirdi. Tezliklə istənilənləri göndərdik. Biz artıq “Difai” firqəsinin yenidən fəaliyyət göstərilməsinin zəruriliyini hiss edirdik. Biz firqənin fəaliyyətini nizama salmaq məqsədi ilə ilk iş olaraq silahlı gənclərdən Gəncə şəhərinin hər məhəlləsində “Difai” ocağı qurduq. Bu ocağın üzvlərinə hərbi təlim keçmək üçün hər ocağa bir zabit təyin edildi. İki ay keçdikdən sonra, mükəmməl bir hərbi qüvvəsi olan “Difai” firqəsinin yardımı ilə Gəncə Milli Komitəsi rusların 218 və 219-cu ehtiyat alaylarının silahlarını alıb, özlərini isə şəhərdən dəmiryolu stansiyasına gətirdilər. “Difai” firqəsinin hərbi təlim və məşqləri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu.

Birinci Dünya müharibəsində ruslar Qafqaz Türklərinin könüllülərindən ibarət olan altı alaydan bir diviziya təşkil edib, ona “Dikaya diviziya” adı verdilər. Bu diviziya rusların Tatar alayı dedikləri Azərbaycan alayı da daxil olmaqla Dağıstan, Kabardin, İnquş, Çeçen və müxtəlif Qafqaz millətlərindən təşkil edilmişdi. Ruslar bunlara hörmət və ehtiram etmədiklərindən vəhşi firqə mənasını verən “Dikaya diviziya” demişlər.

Yeri gəlmişkən bunu da qeyd edək ki, Azərbaycan xalqı Türk olduğunu ruslara qəbul etdirə bilmədi. Ruslar xalqımıza israrla Tatar, dilimizə Tatar dili dedilər. Onlar ziyalıların etirazları nəticəsində Tatar sözünü işlətmədilərsə də, yenə də Türkcəni qəbul etmədilər və “Vətən dili” yaxud yerli dil dedilər. “Dikaya diviziya” 1917-ci il inqilabında rus əsgərlərinin təbliğatına uymadılar. Rus əsgərləri kimi öz zabitlərini öldürmədilər və hərbi nizam-intizama, ənənə və adətə sadiq qalaraq öz zabit heyəti ilə Qafqazdan özləri ilə apardıqları atlarının üstündə Vətənə döndülər. Diviziyanı təşkil edən və rusların Tatar alayı dedikləri Azərbaycan alayı da şəhərin böyük meydanında sıraya düzüldü. Ətrafda camaat toplaşdı. Bir tərəfdə məktəb tələbələri, digər tərəfdə “Difai” firqəsinin silahlı qüvvələri durmuşdu. Baş tərəfdə şəhərin məşhur şəxsləri, qarşı tərəfdə isə Azərbaycan alayı yerləşdi. Saat 11-də Alay nizamla farağat vəziyyəti aldı və alayı şəhər Milli komitəsi “xoş gəlmisiniz” deyə salamladı. Sonra Milli cəbhədə xalqımızın nələr etdiyi haqqında çıxışlar edildi. “Difai” firqəsi adından söz mənə verildi. Mən belə nitq söylədim: “Əziz və qəhrəman qardaşlarımız siz könüllü yazılarkən rus ordusu ilə bərabər almanlarla vuruşmağa gedərkən sizdən bir heyət gizli təşkilatımıza gəlmişdi. Könüllü olaraq cəbhəyə gedişinizi xalqın bəyənmədiyi bizə söyləndi, siz isə müharibəyə getməkdə məqsədiniz ruslara kömək etmək deyil, qayəmiz sadəcə olaraq müharibə görmək və müharibə üsullarını öyrənməkdir, deyə cavab verdiniz. Siz haqlı çıxdınız. Göstərdiyiniz qəhrəmanlıqları mətbuat dönə-dönə qeyd etdi. Rus imperiyası çökdü. Rusiya anarxiya içində qovrulduğu kimi, rus ordusu da cəbhəni tərk etdi. Əsgərlər öz zabitlərini öldürdü, hərbi nizam-intizam deyilən şeydən heç bir əsər-əlamət qalmadı. Ancaq, siz öz zabit heyətinizlə milli ənənə və adətinizə sadiq qalaraq böyük bir enerji və intizamla xalqımızın önündə durursunuz, xalqımız sizi sevinclə bağrına basır. Milli Komitəmiz uğurla idarə etməkdə və xalqımızı təhlükəsiz sülh içində yaşatmaqdadır. “Difai” firqəsi Milli Komitəni silahlı qüvvələri ilə dəstəkləyir. Xalqımız Azərbaycan ordusunun nüvəsi olan sizlərdən böyük işlər gözləməkdədir”. Mən sözlərimi bitirdikdən sonra alayın imamı olan şair Məhəmməd Hadi sözə başladı. “Əziz vətəndaşlarım alayımızı təşkil edən Azərbaycan Türklərinin göstərdikləri hərbi qabiliyyət və qəhrəmanlığı haqqında çox şey söyləmək olar. Ancaq, mən burada bir hadisədən bəhs edəcəyəm. Qızğın bir müharibə gedirdi. Samsonovun komandanlığı altında olan rus ordusu ilə alman qüvvələri möhkəm vuruşurdular. Samsonov ordusunun sağ cinahını “Dikaya diviziya”sı qoruyurdu. Almanlar rus ordusunun müqavimətini qıraraq, onu mühasirəyə aldılar. Almanlar mühasirəni daraldırkən ətrafla əlaqəsi kəsilən alay komandanımızın tədbirli rəhbərliyi ilə alayımız almanlara hücum edərək, cəbhəni yardı və alayı ikiyə bölərək, yarılan mühasirənin sağ və solunu sıxışdırmağa başladı. Beləliklə, beş alaydan ibarət olan Qafqazlı qardaşları alman mühasirəsindən xilas edildi. Bu mühüm hadisə həftələrlə rus mətbuatının səhifələrində işıqlandırıldı. Çar alayın bu qəhrəman hərəkətinə görə onun bayrağına ən yüksək nişanını taxdı”. Hörmətli və əziz şairimiz Məhəmməd Hadinin sözləri xalq tərəfindən sürəkli alqışlarla alqışlandı, mən də həyəcanlanmışdım. Hamı kimi məni də sevindirən bu əhəmiyyətli hadisəni 33 ildən sonra İstanbulda sabiq “Dikaya Diviziya”nın Dağıstan alayının zabitlərindən olmuş Əhməd bəy Avarlıdan da eşitdim.

 

“GƏNCƏDƏKİ MÜBARİZƏ”

1905-ci ildən sonra Azərbaycanın hər tərəfində rus məmurları ilə mübarizə sürətlənmişdi. Gəncə şəhərində qurulan bir Milli Komitə bütün Milli işlərimizi idarə etməyə başlamışdır.

Ən geniş fəaliyyət qaçaqların rus məmurları ilə olan amansız mübarizəsi idi. Burada qaçaqların göstərdikləri qəhrəmanlıqlardan geniş bəhs etməyəcəyəm. Bu mövzuya aid ətraflı məlumat Ankarada nəşr olunan “Azərbaycan” jurnalının 1960/61-ci illərdəki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci saylarında verilmişdir.

1905-ci ildə başlayan mübarizə dayandırılmadan 1914-cü ilə qədər davam etdirildi. Birinci Dünya müharibəsinin başlanmasından sonra, mübarizənin əhatə dairəsi və metodu da dəyişdirilmişdir. Artıq qaçaqlar köhnəlmiş berdanka (Martin əyarı) tüfənglərini beşaçılan deyilən mauzer tüfənglərlə əvəz etmişdirlər. Qaçaqlar və xalqımız bu tüfəngləri haradan alırdı? Alman ordularının önündə pərişan halda ordunu buraxıb qaçan rus əsgərləri silahları dəyər-dəyməzə satırdılar. Özlərini cəbhəyə çatdıran Gəncə cavanları bu tüfəngləri satın alaraq müxtəlif yollar və vasitələrlə onları Gəncəyə çatdırırdılar.

1916-cı ilin əvvəllərində Alman cəbhəsində rus orduları dalbadal məğlubiyyətə uğramışdır. Artıq zabit heyətinin çox hissəsi məhv olmuşdur. Ruslar bu itkilərin yerini doldurmaq üçün Rusiyanın müxtəlif şəhərlərində açdıqları kurslarda dörd ay ərzində ehtiyat zabitlərini tələmtələsik hazırlayaraq cəbhəyə göndərirdilər. Biz rus ordusunun belə zabitlərlə dolmasına sevinirkən, rus məlumat agentlikləri heç gözləmədiyimiz belə bir xəbər verdi: Qafqaz türklərindən orduya əsgər alınacaq. Bu xəbər xalq arasında müəyyən təsir yaradır. “Difai” firqəsi silahlanıb dağlardakı qaçaqlarla birləşməyi düşünür. Bu vaxt Milli Komitədən bir şəxs Gəncə valisi ilə görüşür və xəbərin doğru olduğunu öyrənir. Milli Komitə vəziyyəti müzakirə edir və üç həftəlik bir nümayəndə heyətini Tiflisə, canişinin yanına göndərilməsini qərara alır.

Ələkbər bəy Rəfibəyli (təqaüdçü), Xəlil bəy Xasməmmədli (vəkil, bələdiyyə rəisi) və Gəncə xanı Cavad xanın nəvəsi vəkil İsmayıl xandan ibarət bir heyət Tiflisə yola düşür. Heyətdəki hər iki vəkil hələ 1907-ci ildə Dumada Gəncədən seçilmiş deputat olan zaman türklərin hərbi qabiliyyətlərindən bəhs edərək Azərbaycandan da orduya əsgər alınmasını təklif etmişdilər. Ancaq çar hökumətinin türk xalqına inanmayıb, onlara daima şübhə dolu nəzərlərlə baxdığı üçün bu təklif rədd edilmişdir. Bu iki vəkil canişinlə görüşən zaman Dumadakı bu hadisədən bəhs edərək, xalqın qəlbinin qırıldığını və onların əsgərliyə çağırılmasının düzgün iş olmayacağını söyləyirlər. Ancaq canişin bu haqlı sözləri dinlədikdən sonra “Bəli, siz bu məsələdə haqlısınız. Xalqınız da haqlıdır. Ancaq indi məqam gəlmişdir. Xalqınız orduya əsgər versin, onlar da cəbhədə qəhrəmanlıqlarını göstərsinlər və hökuməti utandırsınlar. Bunun başqa cür yolu yoxdur. Dediyimiz olacaq, buna etiraz olunmamalıdır” deyir. Vəkillərin susmaq məcburiyyətində qaldığını görən Ələkbər bəy Rəfibəyli sözə başlayır: (Ələkbər bəy 70 yaşlı təqaüdçü, uzunboylu, enli kürək, sərt baxışlı, ciddi görkəmli, məntiqli və yerli-yerində danışan, mədəni, cəsarət sahibi və xalqın sevimlisi olan bir şəxsdir. Bütün milli problemlərimizin həll olunmasını da o, öz üzərinə götürmüşdür. Eyni zamanda Azərbaycan tarixində şah əsərlər yaradan gizli “Difai” firqəsinin fəxri sədri idi. Bütün xalqımız kimi, düşmənlərimiz də onunla hesablaşmaq məcburiyyətində idilər. Ələkbər bəy mülki işlərdə dürüstlüyü və ədaləti ilə şöhrət qazandığı üçün çar hökuməti onu yüksək bir orden olan “Stanislava” ordeni ilə təltif etmişdir.) Hörmətli canişin həzrətləri. Yaşım yetmişi keçib. Çara qarşı bir düşmənçiliyimin olmamasını döşümdəki nişandan anlaya bilərsiniz. Mən hər yerdə və kimə qarşı olursa-olsun açıq danışanları sevirəm. Sizə bir sual verəcəyəm: Siz hökumət tərəfindən gizli bir qərar olaraq bizi məhv etməyə qərar vermisizmi? Bu sözləri eşidən canişin təəccüblənir və Ələkbər bəyə eşitdiklərinin tamamilə əsassız olduğunu, bunu düşünməyin belə səhv olduğunu söyləyir. Sonra Ələkbər bəy sözünə davam edərək: “Madam ki, belədir məni diqqətlə dinləyin. Bir saatdan bəri danışılanları dinləyirəm. Dostlarımın məntiqli sözlərinə olmaz deyə cavab verirsiniz. Sizdən soruşuram: hökumətiniz hansı üzlə bizdən yardım gözləyir və əsgər istəyir? Yüz ildən bəri bizlərlə daima əsir kimi rəftar etdiniz. Vətəndaşlığa da qəbul etmədiniz. Qonşularımız olan erməni və gürcülər üçün açdığınız məktəblərin yüzdə birini bizim üçün açmadınız və bizləri qaranlıqda qoydunuz. Elm, bilik görməyən cahil kütlədən hər şey gözləmək olar. Rejiminiz xalqımıza sevgi yerinə nifrət aşılamış və nəticədə sevgi yerinə nifrət qazanmışdır. İndi də cahil qoyduğunuz bu xalqdan əsgər istəyirsiniz. Toplayacağınız əsgərlər də sizin bu rejimə nifrət etməkdədir. Hətta cəbhədə də əsgərlər Sizdən intiqam almaq məqsədi ilə əllərinə verəcəyiniz silahları özünüzə qarşı çevirərək düşmən tərəfinə keçəcəklər. Sonra da hökumətiniz istər-istəməz bu hərəkətin hesabını arxa cəbhədə qalan xalqımızdan alacaq. Əslində hökumətinizin tarixində bunun nümunələri vardır. Bax mənim Sizdən soruşduğum şeylər, bu mülahizələrə əsaslanmaqdadır” deyir. Canişin Ələkbər bəyi dinlədikdən sonra bir az yumşalır və “Söylədikləriniz doğrudur. İstəsəniz belə bir iş görə bilərik. İmperator həzrətləri əsgər toplanması üçün əmr verməmişdən əvvəl mənim münasibətimi soruşur. Mənə qalsa, Sizdən alınacaq əsgərlər cəbhəyə göndərilməsin, arxa cəbhədə istifadə edilsinlər. Bunu sizə təmin edə bilərəm” deyə bir fikir irəli sürür. Ancaq, Ələkbər bəy canişinin sözlərinə bu cavabı verir: “Bu olmaz. Belə bir hərəkət xalqımıza edə biləcəyiniz hərəkətlərin ən ağırı olar. Əgər arxa cəbhədə istifadə etmək üçün işçi qüvvəsinə ehtiyacınız varsa, bunu elan edin və verəcəyiniz muzdu da bildirin. İstəyən gedər”. Bu sözlərin qarşısında fikir yürütməkdən aciz qalan canişin Ələkbər bəydən nə etmək lazım olduğunu soruşur. Bundan sonra Ələkbər bəy təkrar sözə başlayır:

“Mən bir təklif edəcəyəm, nəticəsindən siz də razı qalacaqsınız, biz də. Ancaq bəri başdan bunu bildirək: bizim xalqımız süvari ordusundan başqa heç bir ordunu istəməyəcək. Siz Qafqazda əsgərlik etməyənlərdən könüllü əsgər toplamağa başlayın. Xalqımızın adlı-sanlı şəxsləri də bu işə yardım edərlər. Görəcəksiniz toplanacaq əsgərlərin cəbhədə göstərəcəyi qəhrəmanlıqlar sizləri də, bizləri də, hətta sizin əsgərlərinizi də heyran edəcəklər”.

Bu danışıqlardan bir həftə sonra belə bir vəziyyət elan edildi. Yalnız Azərbaycandan deyil, Qafqazın digər əyalətlərindən də könüllülər çıxdı. Qeyd: Ələkbər bəyin bu dəyərli təklifi haqqında canişin müfəssəl bir raport yazıb çara məlumat vermişdir. Bu raportdan istifadə edən çar hökuməti də arxa cəbhə işlərində istifadə olunacaq işçiləri Rusiya xalqlarından toplamayıb, Çindən gətirtmişdir.

Müharibə boyunca arxa işləri bu 200 min muzdlu Çinliyə gördürürdülər. Ancaq, 1917-ci il inqilabından sonra Çar hökuməti devrildikdən sonra bu çinlilər də yiyəsiz qalmış və heç bir təşkilat onların ölkələrinə geri göndərilməsini boynuna götürmürdü. Fürsəti əldən verməyən Lenin bu çinlilərdən istifadə etmişdir. Silahlandırılan çinlilər “Çeka”ların ixtiyarına verilmiş və bunların sayəsində Bolşevik hakimiyyəti möhkəmləndirilmişdir. Bununla əlaqədar olaraq rus xalqı belə bir məsəl düzəltmişdir: “Sovet rejimi-yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur”. Türklərin verdiyi bir alay ilə digər Qafqaz əyalətlərinin verdiyi beş alay birləşdirilərək bir diviziya quruldu. Təlim görmüş əsgərlərdən təşkil edilmədiyi üçün diviziyaya yad bir məna daşıyan “Dikaya Diviziya” adı verildi. Bu diviziya haqqında gərəkli məlumat Ankarada nəşr olunan “Azərbaycan” jurnalında verilmişdir. Xalqımız kütləvi olaraq əsgərliyə cəlb olunmaq təhlükəsindən Ələkbər bəy Rəfibəylinin sayəsində xilas olur. Ancaq üç ay sonra Gəncə valisinə Qafqazdakı almanlarla əlaqədar bir teleqram gəlir. Ruslar o zamanlar almanlarla sərhədlərini almanlardan təmizləmək və Qafqazı xristianlaşdırmaq məqsədi ilə Qafqazda alman koloniyaları qurmuşdular. Teleqramda bildirildiyinə görə alman koloniyalarında yaşayan almanlar üç təbəqəyə ayrılmışdır: Birinci təbəqənin əmlakına 60 qızıl, II təbəqənin əmlakına 40 qızıl, III təbəqənin əmlakına isə 20 qızıl qiymət qoymuşdur. Halbuki alman kəndlilərindən ən kasıbının ev, tarla, əkinçilik alətləri, atları və digər heyvanlarının dəyəri bir neçə yüz qızıl dəyərində idi. Ən məlum hal isə əmlaklar təsdiq edilən qiymətlə xristian olan digər vətəndaşlara verilməli və almanlar da Sibirə sürgün edilməli idilər. Ədalətdən uzaq olan bu hadisə Gəncə xalqını çox pərişan etdi. Şəhərin məşhur şəxsləri bir yerə toplaşaraq məsələni müzakirə etdilər, sonra belə bir qərara gəlirlər ki, Ələkbər bəy Gəncə valisi ilə görüşüb söhbət etsin.

Alınan qərardan sonra Ələkbər bəy Gəncə valisi Kovalyovun yanına gedir və gəlişinin səbəbini anlatdıqdan sonra, sözə belə başlayır: – Gəncədə olsun, Qafqazın digər vilayətlərində olsun bir şəhərdə sizin qədər uzun zaman valilik edən başqa bir şəxs yoxdur. Xalqımızın Sizə qarşı sonsuz bir sevgisi vardır. Gəncənin özündə və ətrafında hər kəs sizdən ədalətli bir vali kimi bəhs edir. Siz bu hörməti Gəncə əyalətində Türk, erməni, müsəlman, xristian deyə heç kimi fərqləndirməməyinizlə qazanmısınız. İndi isə keçək əsas məsələyə: Alman kəndliləri haqqında Çarın göndərdiyi əmri öyrəndik. Bunu eşidən türklər çox məyus oldular. Rusiyanın bir ucunda Almaniya ilə müharibə edirsinizsə, buradakı alman kəndlilərinin nə qəbahəti var. Onlar ordunuza əsgər verirlər, vergilərini vaxtlı-vaxtında ödəyirlər. Onlar da bütün Rusiyada yaşayan xalqlar kimi hökumətə, orduya yardım etməkdən geri qalmırlar. Rahat yaşadıqları halda bunları pərişan etmək, var-dövlətlərini dəyər-dəyməzə əllərindən alıb başqasına vermək və özlərini də Sibirə sürgün etmək heç də ağla batan iş deyil. Belə bir hərəkət qanuna sığmadığı kimi vicdana da sığmaz. Xalqımız bu xəbəri eşidən gündən almanlar qədər üzüntü içindədir. Xalqımız bu gün almanların başına gətiriləcək faciənin sabah da onlara tətbiq olunacağı qənaətindədir. Onların yeganə ümidi Sizin belə bir haqsız zülmə razı olmayacağınızdır. Əgər bu qərarı həyata keçirsəniz, çox səhv bir iş görmüş olarsınız. Əgər hökumət qərarında israr edərsə, bunun nəticəsi heç də yaxşı qarşılanmayacaqdır. Onda Siz bütün xalqımızın dövlətə qarşı üsyana qalxdığını görəcəksiniz və bunun da yeganə səbəbkarı yenə də hökumətimiz olacaqdır. Əgər belə xoşagəlməz hadisə baş verərsə, bir vali kimi sizin də məsuliyyətiniz az olmayacaqdır.”

Ələkbər bəyin bu təşəbbüsü öz təsirini dərhal göstərdi və rus hökuməti verdiyi qərarı ləğv etdi. Bu hadisədən bir xeyli sonra məsələdən xəbərdar olan alman kəndliləri Rəfibəyliyə öz təşəkkürünü bildirmək üçün onun yanına gəldilər.

Birinci Dünya müharibəsi dövründə alman kəndlilərini müdafiə edən Gəncə nəyə görə İkinci Dünya müharibəsi zamanı həmin alman kəndlilərini müdafiə edə bilmədi? Bolşevik rejimi çalışqanlıqları ilə tanınmış alman kəndlilərinin var-dövlətlərini əllərindən aldıqdan sonra nə üçün Sibirə sürgün etdi? Bu sualların cavabı çox qısa və bəsitdir: 1920-ci ilin aprelində Azərbaycanı işğal edən Qızıl Ordu və rejimin “Çeka”sı tarixdə misli görünməmiş bir qəddarlığını buradakı xalqa nümayiş etdirdi. Gəncə bu zülmə dözə bilmədi. Yenə tarixdə misli görünməmiş və Gəncəyə yaraşan bir üsyan oldu. Üsyançılar 7-8 gün ərzində şəhərə hakim oldular.

Bolşeviklərin statistikasına görə, Qızıl Ordu bu üsyan zamanı 6 min nəfər itirdi. Ancaq üsyanın 9-cu günü bolşeviklər şəhəri dörd tərəfdən mühasirəyə alaraq, ermənilərin də köməyi ilə üsyanı yatıra bildilər. Şəhərə girən Qızıl Ordu böyük bir qırğın törətdi. Bu qırğından sonra bolşeviklər Gəncənin bir daha belini dikəldə bilməyəcəyi qənaətinə gəldilər. Bax bu səbəbdən 1934-cü ildə Gəncəlilər alman kəndlilərinin Sibirə sürülmələrini səssizcə, kədərlə seyr etdilər.

Gəncə üsyanının təfsilatını da sonra verəcəyik. Gəncəlilər milli mübarizəmizi Milli Komitənin rəhbərliyi altında davam etdirməkdə idi. Milli Komitə mübarizəmizi açıq və qapalı görünən məsələlər deyə iki hissəyə ayırmışdı. Açıq məsələləri Ələkbər bəy Rəfibəyli, gizli məsələləri isə Nəsib bəy Yusifbəyli idarə etməkdə idi. Milli Komitə bu şəxslərdən ibarət idi:

1. Nəsib bəy Yusifbəyli (hüquqşünas, Gəncə Bələdiyyə rəisinin müavini, Ədəmi-Mərkəziyyət firqəsinin lideri)
2. Ələkbər bəy Rəfibəyli (təqaüdçü)
3. Xəlil bəy Xasməmmədli (Gəncə şəhəri Bələdiyyə rəisi, hüquqşünas)
4. Ələkbər bəy Xasməmmədli (vəkil)
5. Əliş bəy Xasməmmədli (vəkil)
6. Həsən bəy Ağaoğlu (doktor)
7. Aslan bəy Səfiyurdlu (vəkil)
8. Böyükmirzə Məhəmməd (müəllim)
9. Kiçikmirzə Məhəmməd (müəllim)
10. Mirzə Hüseyn (müəllim)
11. Məhəmməd Baki Şeyxzamanlı (Bələdiyyə üzvü)
12. Həsən Fəttah bəy (bank müsahibi)
13. Komitəçi Hacı Əli (tacir)
14. Sarı Hacı Ələkbər (tacir)
15. Nağı Şeyx (Gəncə Gənclik Təşkilatının rəisi)

Milli Komitənin qərarı ilə Nəsib bəyin sədrliyində beş nəfərlik İcra heyəti də yaradılmışdır:

1. Nəsib bəy (Firqə lideri)
2. H. F. (podpolkovnik, zabitlərimizin təmsilçisi)
3. Aslan bəy Səfiyurdlu (sosialistlərimizin təmsilçisi)
4. Pişnamazzadə Molla Məhəmməd (Dinimizin təmsilçisi)
5. Əhməd Cavad (Gənclərimizin təmsilçisi)

Bu heyət daimi olaraq vəzifəsini icra edirdi. Fəaliyyətimiz bu qaydada davam edərkən Türk Ordusu Sarıqamışa hücum etdi. Bu ani hücum qarşısında ruslar təlaşa düşüb, nə edəcəklərini bilmirdilər. Onlar ilk tədbiri İrəvandakı Mərkəzi bankı boşaldaraq, Gəncəyə daşıdılar (o zamanlar Qafqazdakı Rus Mərkəzi Bankı İrəvanda idi). Eyni zamanda Qafqazdakı bütün dövlət məmurlarına 200 manat /20 ədəd rus qızılı/ verərək hazırlaşmalarını əmr etdilər. Ancaq, bu məmurların arasında olan Türklər vəziyyəti Gəncə gizli Komitəsinə bildirdilər. Gizli Komitə vəziyyəti müzakirə etdikdən sonra, Türk məmurlarının pulları almaları, ancaq təhrik ediləcəkləri zamanı getməyəcəklərini bildirmələri qərarını çıxardı. Xalqa da ruslar çəkildikləri təqdirdə sevinclərini biruzə verməmək tapşırıldı. Təəssüf ki, Sarıqamışa edilən hücum müvəffəqiyyətsizliklə nəticələndi. Tarix boyunca cəbhələrdə düşmənə qarşı qəhrəmanlıqları ilə ad çıxaran Türk Mehmetçikləri Sarıqamışda təbiətin amansız qışına və hərbi əməliyyatlar zamanı edilən səhvlər nəticəsində məğlub olmuşdur. Türk ordusunu məğlub edən qara qış düşmənə zəfər bəxş etmişdir. On minlərlə Mehmetçik donaraq ölmüş, minlərlə Türk qəhrəmanı isə əsir düşmüşdü. Əsirlər ruslar tərəfindən dərhal vaqonlara doldurularaq Sibirə göndərilirdilər. Yolda ruhlarını Tanrıya təslim edən yaralı və xəstə Mehmetçiklərin cəsədləri yol boyundakı dəmir yolu stansiyalarında qatar dayandırılaraq xalqa verilir və xalqımız da onları göz yaşları içində dəfn edirdi.

Milli davalarımızı davam etdirmək üçün hər bir işi vaxtında nəzərdən keçirib nəticə çıxarmalı və bunun üçün də fəaliyyətimizi sürətləndirməliyik. Bir neçə nəfərin yalnız bu işlərlə məşğul olması lazım idi. Bunu əsasən Gənclik təşkilatının rəhbəri olduğum dövrdə başa düşmüşdüm.

 

GƏNCƏ GƏNCLƏR TƏŞKİLATININ FƏALİYYƏTİ

Gəncə Gənclər Təşkilatının gördüyü işlər və fəaliyyəti Milli Komitəni olduğu kimi, xalqımızı da məmnun etmiş və hörmətini qazanmışdır. Özüm kimi bir neçə dostumun da yalnız milli işlərimizlə məşğul olmalarını təmin etdikdən sonra çalışmalarımızı sürətləndirdi.

Təşkilatımız əsir daşıyan qatarlardan götürülən cəsədləri qəbul etmək üçün stansiyada daimi növbətçi saxlayırdı. Bir gün stansiyadan keçən bir qatardan dörd cəsəd düşürüldüyü xəbərini aldıq. Dərhal toplaşaraq əziz şəhidlərimizə cənazə mərasimi təşkil etdik. Göz yaşları içində söylənən nitqlərdən sonra onları əbədi məzarlara qoyduq. Anadoluda doğulan Türk Mehmetçiyi Türklük uğrunda döyüşə atılır, ölür və yenə də Türk torpağı olan Azərbaycanda torpağa tapşırılırdı.

Mərasimdən sonra Gəncə şəhər Bələdiyyə rəisi Xəlil bəyin yanına gedərək Gənclik təşkilatı adından onunla söhbət etdim və vəziyyəti anlatdım. İstədiyim bu idi: Qafqaz cəbhəsində əsir aldıqları əsgərləri ruslar vaqonlara dolduraraq Sibirə göndərirlər. Xəstə olan əsirlər üzücü və ağır yola dözməyərək can verirdilər. Cəsədlər yolda stansiyalarda yerə düşürülürdü. Rus hökumət nümayəndələrinin bu qeyri-insani hərəkəti xalqımızı qeyzləndirirdi. Xəlil bəy məni dinlədikdən sonra Gəncə valisi ilə görüşəcəyini və nə lazımdırsa edəcəyini söylədi. Və nəticəni bilmək üçün axşam şəhər klubuna gəlməyimi tapşırdı.

Axşam kluba getdim və Xəlil bəyi gördüm. Xəlil bəy mənə “Vali ilə görüşdüm. Sabah stansiyada geniş bir bina boşaldılacaq, orada düşərgə və xəstəxana qurulacaq, hərbi qospitaldan həkimlər dəvət olunacaq, ayrıca olaraq hökumət və bələdiyyə həkimləri də bu işə cəlb olunacaqlar. Tiflisdən hərəkət edərək əsir dolu qatarlar əvvəlcədən Gəncəyə bildiriləcək, həkimlər dərhal stansiyaya gedərək qatardakı əsirləri gözdən keçirəcək və xəstə olanlar düşərgədə saxlanılacaqlar” – dedi. Xəbərə son dərəcə sevindim və təşkilatımın adından Xəlil bəyə təşəkkür etdim. Təşəkkürə lüzum olmadığını, bu kimi işlərin bizim kimi onun da vəzifəsinin olduğunu və bundan sonra da bir istəyimiz olursa, bunu çəkinmədən ona söyləməmizi xahiş edən Xəlil bəy daha sonra məni axşam yeməyinə dəvət etdi. Ancaq aldığım xəbərdən duyduğum sevinci dostlarımla bölüşdürmək üçün tələsdiyimdən Xəlil bəyə təşəkkür etdim və ona “Xəlil bəy, Sizdən bir ricam da mənim həkimlərlə birlikdə heyətdə iştirak etməyimi təmin etməkdir. Yəni əsirlər həkimlərin söylədiklərini anlamazlar. Heyətdə tərcüməçi olaraq iştirak etmək istəyirəm” – dedim. Təklifimi qəbul sayan Xəlil bəy bu işi sabah Vali ilə görüşəndə razılaşdıracağını bildirdi. Həqiqətən ertəsi gün stansiyada böyük bir bina boşaldıldı. Daha sonra binanın ətrafı məftil şəbəkə ilə çevrələndi və nəzarət üçün əsgərlərlə əhatə olundu. Mən də həmin gün valilikdən tərcüməçi olmağımı bildirən rəsmi sənədi aldım. Bu vəzifə üçün haqq almayacağımı öyrənən vali və Mərkəzi Komandanlıq mənə ayrıca təşəkkür məktubları göndərdilər. Əsirləri qarşılayacaq heyətdə üç həkim, mərkəzi komandanın yavəri və tərcüməçi olaraq mən də var idim. Həkimlərin üçünü də şəxsən tanıyırdım.

Həmin gün əsir daşıyan bir qatarın saat 14-də Gəncə stansiyasında olacağını xəbər verdilər. Heyətlə bir yerdə stansiyaya gedərək qatarı gözləməyə başladıq. Ancaq, qatarın stansiyaya daxil olmasından on dəqiqə əvvəl bir bölük rus əsgəri stansiyanı dövrəyə aldı. Perrondakı mülki xalq gözləmə salonuna dolduruldu. Ancaq, bir az sonra məni salona çağıran xalq rus əsgərlərinin əsirlərə hədiyyə verilməsinə icazə vermədiklərini, hələ bu əsgərlərin içində erməni olarsa, heç əsirlərin də yanına buraxılmayacaqlarını söylədilər. Vəziyyəti mərkəzi komandanın yavərinə bildirdim. Yavər, bildirdi ki, qatarda 28 vaqon var, hədiyyələr 28 kisəyə yerləşdirilib verilməlidir. Vəziyyəti xalqa izah etdim və dərhal kisələr hazırlanmağa başlandı. Bir az sonra qatar gəldi. Heyətimiz vaqonlara girərkən mən də türkcə olaraq xəstə olub-olmadığını soruşurdum. Biçarələr şaşqın-şaşqın bizə baxır və özlərini müayinə etdirmirdilər. Onların bizə inanmadığını görüb onlarla söhbət etməyə başladım: “İndi durduğunuz stansiya Gəncə şəhərinin stansiyasıdır. Və şəhərin də əhalisi türkdür. Sizin öz qardaşlarınızdır. Stansiyada xəstəxanamız var, xəstə olanlar burada müalicə olunduqdan sonra yollarına davam edəcəklər”. Mənim bu söhbətimdən sonra xəstə olmayanlar da xəstəxanaya getmək istəyirdilər. Heyətimiz müayinə nəticəsində 40 nəfər xəstə müəyyən etdi. Daha sonra biz xəstə olmayan vaqonlara da girdik və bütün əsirlərin əhvallarını soruşduq. Həkimlər əsirlərə müxtəlif suallar verirdilər. Daha sonra xalq tərəfindən hazırlanmış kisələri vaqonlara “Türk xalqı tərəfindən Sizlərə hədiyyədir” deyərək verməyə başladım. Bu zaman vaqonların birinin pəncərəsindən gənc bir zabit bizi səsləyərək onların vaqonlarına da gəlməmizi xahiş etdi. Biz vaqona girdik. Zabit bizə: “Mən xəstəyəm, çox xəstəyəm. İki həftədir heç bir şəkildə istirahət etməmişik. Vaqonumuzda həkim var, ancaq dərman yoxdur” – dedi. O, sözünü bitirər-bitirməz həkim olduğu anlaşılan şişman bir bəy bizə yanaşdı və xəstənin vəziyyətini anlatdı: Həkimlər öz aralarında müzakirə etdikdən sonra mənə tərəf dönərək: “Xəstəni götürək. Əgər arzu edərsə, həkimi də məmnuniyyətlə burada saxlaya bilərik. Bizə kömək edər” – dedilər. Həkimlərin qərarını türk həkiminə və zabitinə anlatdım və hər ikisi də razılaşdılar. Hamımız birlikdə xalqla dolu salondan keçdik. Xalq hamılıqla ayağa qalxaraq əsirləri salamladılar. Qatar isə yavaş-yavaş stansiyadan uzaqlaşırdı.

Xəstələri xəstəxanada yerləşdirdik. Mən ayrılmaq istəyən zaman baxdım ki, əsirlər mənim getməyimi istəmirlər. Onlara darıxmamağı, hər gün gələcəyimi və başqa qonaqlar da gətirəcəyimi söylədim. Daha sonra xəstəxanadan ayrılıb şəhərə gəldim və olub keçənləri yoldaşlarıma anlatdım. Biz öz aramızda hər gün əsirlərə vacib olan yemək və siqaraları çatdırmağı qərarlaşdırdıq. Beləliklə yüzlərlə xəstə əsiri qəbul edib müalicə etdikdən sonra Sibirə - düşərgələrə yola salırdıq. Qurduğumuz düşərgənin xəstəxanasında daimi olaraq 200 xəstə olurdu. Bunların başında əsir zabit Murad bəy dururdu. O və həkim düşərgənin sözü keçən adamı olmuşdular. Mərkəz Komandanın yavəri də əlimizdədir. Ayrıca düşərgənin rəisi də sözümüzdən çıxmırdı. Dostlarımız və yoldaşlarımızla düşərgəyə gəlir və burada istədiyimiz qədər qala bilirdik. Biz əsirləri Azərbaycanda türkcə nəşr olunmuş kitablarla və qəzetlərlə təmin edirdik. Bakıda Məmmədəmin Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetini gündəlik olaraq əsirlərə çatdırırdıq. Gəncədəki bütün müəllim və şairləri düşərgəyə dəvət edir və əsirlərin darıxmamasını təmin edirdik. Onların ən çox sevdiyi şair Əhməd Cavad idi. Bir gün Gəncə tacirlərindən Hacı Həsən mənim yanıma gəldi və əsirlərə bir ziyafət vermək istədiyini söylədi. Vəziyyəti Xəlil bəyə bildirdim və validən icazə almasını xahiş etdim. Bir neçə gün sonra Xəlil bəy məni yanına çağırdı və “Hacı Həsənə söylə ki, zəngin və gözəl bir ziyafət versin. Əsirlərdən başqa vali, mən, Mərkəzi Komandan, hökumət, Bələdiyyə həkimləri və şəhərin məşhur şəxsləri də ziyafətdə iştirak edəcəyik” – dedi. Vəziyyəti Hacı Həsənə bildirdim. Ertəsi gün 300 nəfərlik bir ziyafət hazırlandı. Düşərgənin bağçasında masalar qurulmuş və buraya ən yaxşı türk çalğıçıları çağırılmışdır. Qonaqlar: Vali, Bələdiyyə rəisi, biri türk, digəri erməni olan Bələdiyyə rəisinin müavinləri, Mərkəzi Komandan və yavəri, polis müdiri, prokuror, bank müdirləri, şəhərdə mövcud olan cəmiyyətlərin rəisləri, türk və erməni tacirləri və müəllimlərdən ibarət idi. Yemək əsnasında Bələdiyyə həkimi Həsən bəy türkcə bir nitq söyləyərək “Əsir qardaşlarım, Siz burada özünüzü əsarətdə və qürbətdə saymayın. Ətrafınızda yaşayan şəhərlilər və kəndlilər də sizin kimi türkdürlər, yəni Sizin öz qardaşlarınızdırlar. Bugünkü ziyafəti Sizə qardaşımız Hacı Həsən ağa öz pulu ilə verməkdədir” – dedi. Bu zaman Hacı Həsən yerindən durdu və “Doktor bəy, onlar bizi əsarətdən qurtarmaq üçün canlarını verirlər. Bir yemək nədir ki?” – dedi. Bu sözlər ziyafətdəkilər arasında bir soyuq sükunət yaratdı. Ancaq doktor Həsən bəy “Hacı, Hacı sən otur yerində, mən danışıram” deməklə böyük bir səhv etmiş olan Hacını susdurdu. Hacı Həsənin söylədiyi sözlərin mənasını anlayan ermənilər bığlarının altından gülürdülər. Ziyafət çox gözəl keçdi və əsirlər çox razı qaldılar. Ziyafətdə iştirak edən qonaqlar da məmnun çöhrələrlə evlərinə dağıldılar.

 

MÖHTƏŞƏM MÜSAMİRƏ

1916-cı ilin yanvar ayında Gəncə Xeyriyyə Cəmiyyətinin (qardaş köməyi) mənfəətinə bir gecə tərtib edilmiş və gecənin fəxri rəisliyini Gəncə valisi Kovalyov üzərinə götürmüşdür. Mən bu gecəyə düşərgədəki əsir türk zabitini və hakimini də dəvət etmək istədim və fikrimi yoldaşlarıma da bildirdim. Biz onlar üçün Mərkəzi Komandandan icazə almaq məqsədi ilə onun yanına getdik. Bizi yavər qarşıladı. Mən yavərlə tanış idim. fikrimizi yavərə bildirdik. Yavər məni komandanın yanına apardı. Komandan istefada olan bir polkovnik idi. Babam yerində olan komandan əl ilə saqqalını tumarlayaraq nə istədiyimi soruşdu. Yavaş-yavaş sözə başladım. Qoca polkovnik məni diqqətlə dinləyirdi. Sözlərimdən məmnun olduğunu çöhrəsindən anlayırdım. Mən isə içimdən gəlməyən, səmimiyyətdən uzaq, aldadıcı sözlərimi inandırıcı bir tonla sıralayırdım: “Polkovnik həzrətləri yer üzündəki müsəlmanların bir qismi böyük dövlətlərin himayəsində yaşayırlar. İngiltərə və Fransanın himayəsində yaşayan müsəlmanlar bütün insani haqlarından, hətta vətəndaşlıq haqlarından məhrum kölə kimidirlər. Ancaq, Rusiya İmperatorunda yaşayan biz müsəlmanlar 35 milyon olmaqla rus mədəniyyətindən istifadə edərək rus milləti ilə bərabər haqq və hüquqlara sahibik. Azadlığımızı və mədəni həyatımızı düşərgədə olan əsir Türk zabitinə və həkiminə də anlatmaq lazımdır. Bunun üçün bir rus zabiti nəzarətində hər iki əsiri keçiriləcək müsamirəyə dəvət etməmizə icazə vermənizi xahiş edirəm”. Polkovnik gülümsər gözlərini gözlərimə dikərək “Yavrum, çox gözəl söyləyirsən. Ancaq bu iş təkcə hərbi iş deyil, Valinin də icazəsi şərtdir. əgər vali icazə verərsə, mənim tərəfimdən də bir qadağan yoxdur” – dedi. Bundan sonra valinin yanına gedərək vəziyyəti ona anlatdım. O, da razı oldu, ancaq Mərkəz Komandanlığı ilə görüşmək lazım olacağını bildirdi. Ona Mərkəz Komandanı ilə görüşüb icazəsini aldığımı bildirdikdə düşərgəyə telefon edərək gərəkli əmri verdi.

Sevincimin həddi-hüdudu yox idi. Vəziyyəti dostlarıma bildirdim. Sevincdən uçurduq. Müsamirə günü düşərgə rəisi yanıma gələrək validən aldığı əmri bildirdi. Mən də ona vəziyyətdən xəbərdar olduğumu və axşam müsamirədən əvvəl əsirlərlə birlikdə mənim yanıma gələrlərsə, birlikdə yemək yeyə biləcəyimizi söylədim. Axşam bir yerə toplaşaraq böyük bir mehmanxananın restoranında yemək yedik. Salonda yemək yeyən yüzlərlə ziyalı gənc Türk əsirlərinin şərəfinə qədəh qaldırırdılar. Saat 20-də müsamirəyə getdik. Vəziyyət xalq üçün böyük bir sürpriz oldu. Hamının gözləri əsirlərdə idi. Müsamirənin keçiriləcəyi teatr salonuna giririk. Bizim üçün dörd nəfərlik yer hazırlanmışdı.

“Qardaş köməyi” təşkilatı Birinci Dünya müharibəsi əsnasında qurulmuşdu. Qayəsi budur: Rus ordusunun Türkiyənin Şərq vilayətlərini işğal etdikləri zaman rusların və xüsusi olaraq rus orduları sırasında olan erməni əsgərlərinin vəhşiliklərinə məruz qalan Türk xalqı imkan tapdıqca Qafqazın içərilərinə köçkün olaraq qaçırdılar. Onlar ancaq bu yolla özlərini qurtara bilirdilər. Təşkilat Azərbaycana gələn qaçqınlara yardım edir və işğal olunmuş vilayətlərdə sahibsiz qalan Türk uşaqlarını toplayaraq Azərbaycana gətirirdi. Bir tərəfdən uşaqlar, digər tərəfdən rus və erməni əsgərlərinin vəhşiliyinə dözə bilməyən türk xalqı qardaşları Azərbaycan xalqının ağuşunda yer tapırdılar. “Qardaş Köməyi” təşkilatı bunları qurduqları köçkün yurdlarında yerləşdirmişdi. Körpələr üçün uşaq bağçaları və yurdları qurulmuş, məktəbyaşlı olanlar isə məktəblərdə yerləşdirilmişdilər. Azərbaycanın hər vilayətində və qəzasında “Qardaş Köməyi”nin şöbələri vardır. Xalqımızın səyi ilə toplanan pullarla köçkünlərin bütün məsrəflərini təmin edə bilirdik. Bu təşkilat “Qardaş Köməyi” adlı dolğun bir jurnal da nəşr etmişdir. Eşitdiyimə görə bir neçə nüsxəsi İstanbulda da vardır.

Biz yerimizdə oturduq. Səhnədə bir çoban qoyun otarır. Onun yanında iki nəfər gənc xalq aşığı “Koroğlu”dan dastanlar söyləyir. İxtiyar çoban onları dinlədikdən sonra dönür və “Övladlarım, mənə gəncliyimi anlatdınız. O sazı verin, mən də bir şey çalıb söyləyim” – deyir. Gənclərdən biri sazını çobana uzadır və çoban sözə belə başlayır: (Çoban rolunda oynayan məşhur musiqişünas və bəstəkar Cəlil bəydir)

Ziya Göyalp dastanı:

Sürüdən qoyunlar həmişə dəstə-dəstə
Ayrılmış sürüdən qalmamış baxım
Asmanın üzümü dağılmış salxım
Olmaq istər, amma bağban harada?
Gedəyim arayım çoban harada?
Uca dağlar çökmüş, belləri qalmış
Coşqun çayların selləri qalmış
Xanlar yox meydanda əlləri qalmış
Düşənlər çox, amma qalxan harada?
Gedəyim arayım Xaqan harada?

Türk yurdu yuxuda, ey düşmən saqın
Uyuyan ölkəyə edilməz axın.
Dan yeri ağarmış, igidlər qalxın.
Baxın yurd nə halda, vətən harada?
Gedəyim, arayım, yatan harada?

Hər kəsin gözündə vətən əz yurdu.
Sərhəddin düşməni, dərənin qurdu.
Yad ellər Turanda Xanlıqlar qurdu
Turandan yadları qovan harada?
Gedəyim arayım o xan harada?

Krım harda qaldı, Qafqaz nə oldu?
Kazandan Tibetədək rus doldu.
Hayatda analar saçını yoldu
Şən yurdlar nə halda, viran harada?
Gedəyim arayım İran harada?

Başları ağarmış ixtiyar dağlar
Anar əsgi günü sel doğar çağlar.
Qaranquş ah çəkər, göyərçin ağlar
Uzaq bir səs sorar: Turan harada?
Gedəyim arayım soran harada?

Qurultay toplansın Tanrı dağında
İlxan taxta çıxsın Ehma bağında
Bəylər solda dursun xanlar sağında.
Sevmək günah deyil sevinc çağında
Görüncə toplanmış xanan harada?
Gedəyim arayım canan harada?

Oğuz xan bayramı baharda olsun
Otaqlar, çadırlar çiçəklə dolsun
Gənc qızlar oynasın, igidlər solsun.
Bir aşıq bayılmış, dərman harada?
Gedəyim arayım Loğman harada?

Müsamirənin proqramına daxil olan folklor hissəsində türk oyunlarının və musiqisinin incəliklərini göstərirlər. Milli şeirlər söylənir. Mətbuatda əks olunmayan bu şeirləri xalqımız əldən-ələ keçirərək əzbərləyirdi. Əsirlərdən məmnun qalıb-qalmadıqlarını soruşuram. Mənə cavab olaraq “Gördüklərimizi başqası söyləsəydi doğrusu inanmazdıq. Əsarətdə bu qədər varlıq yarada bilmək böyük müvəffəqiyyətdir”. – deyirdilər. Teatr hissəsi bitdikdən sonra Türkiyə salonuna keçirik. Bu salonda Türk dilində musiqi çalınır. Müsafirlərə qəhvə verilir. Biz dördümüz də bir masada otururuq. Digər bir masada da Qafqaz canişininin müavini Vatatski, tərcüməçisi Şimali Qafqazlı Heydər Bamat və Gəncə valisi Kovalyov oturmuşdular. Vatatski və Bamat Gəncədə müvəqqəti qonaqdırlar. Türk dilində çalan çalğıçıların rəhbəri Cəmil gözümün içinə baxır. Mən onun istədiyini anlayır və gözümlə çalması üçün işarə edirəm. Orkestr “Sevastopol önündə yatan gəmilər” marşını çalır. Vali bizim masaya dönərək “Həqiqətən Osmanlı salonu” – deyir. Mən də təşəkkür edərək “Sayənizdə” cavabını verirəm. Müsamirə beləcə bitir.

 

ANARXİYANIN DOĞURDUĞU HADİSƏLƏR

1916-cı ilin sonlarında Çar üsul-idarəsinin mərkəzi, cəbhələrdə yediyi ağır zərbələrin təsirindən sarsıntı içində idi... Rusiyanın bir çox yerləri və xüsusi ilə də Sibir özbaşına qalmışdı. Sibirdən Qafqaza axın başlamışdı. Bir tərəfdən vaxtilə katorqaya məhkum olub Sibirə göndərilənlər, digər tərəfdən də Sarıqamışda əsir düşüb Sibirə sürgün edilən Türk zabit mehmetçikləri axın-axın Qafqaza doğru yola düşürdülər. Onlar gələcəkləri yeri də müəyyən etmişdilər. Gəncə, vaxtilə Gəncədə qurulan düşərgə və xəstəxanada gördükləri hörmət onları maqnit kimi bu şəhərə çəkməkdəydi.

Sibirə məhkum olunmuşlar Gəncəyə gələr-gəlməz kəndlərinə gedirdilər. Bəziləri Sibirdə tanış olub dostlaşdıqları əsir Türk zabit və əsgərlərini də özləri ilə gətirərək kəndlərinə qonaq aparırdılar. Bir gün dostlarımdan biri mənə Sibirdən əsir bir Türk zabitinin gələrək mehmanxanada yerləşdiyini söylədi. Sonra öyrəndim ki, onun Gəncənin ətrafında Qaracaalverlidə qohumları var və oraya qonaq gedib. Bir həftədən sonra onunla görüşə bildim. Gənc bir zabitdir. Bənizi saralmış və qansız görünürdü. Adı Hüsaməddin idi. (Əski Kars milləti vəkili Hüsaməddin Tuğac).

O, mənə Sibirdən necə qaçdığını, keçdiyi ucsuz-bucaqsız diyarların hamısının Türklərə məskun olduğunu anlatdı. Hüsaməddin bəy daha sonra sözlərinə belə davam etdi: “Hər yerdə gördüyüm Türklər əllərindən gəldiyi qədər mənə kömək etməyə çalışırdılar. Keçdiyim yollar təhlükəli idi. Ancaq təsadüf etdiyim insanların türk olması məni cəsarətləndirdi”.

Hüsaməddin bəy və mən bir-birimizi ilk görüşdən sevdik. Mən elə o gün dostlarımla onu görüşdürüb tanış etdim. Onu Nəsib bəyin yanına da apardım. Hüsaməddin bəy az bir zamanda milli davamızın açıq və gizli tərəflərini bizim qədər öyrəndi və çalışmalarımızda iştirak etdi.

Bu zamanlarda bir neçə bədbəxt bolşevik təbliğatına uyub məşhur torpaq sahibi Zülqədərrilər nəslindən olan Allahyar bəyin mülkünə basqın edərək onun ailəsindən bir neçə nəfəri qətlə yetirdilər. Bu məlum xəbər Gəncədə böyük üzüntü yaratdı. Bu vəziyyətin digər mülkədarların da başına gəlməsinin qarşısını almaq üçün Gəncədə iki heyət qurularaq hadisə yeri olan Zəyəmə göndərildi. Birinci heyət Pişnamazzadə Molla Məhəmmədin rəhbərliyi ilə mollalardan və tacirlərdən, ikinci heyət isə Hüsaməddin bəyin rəhbərliyi altında müəllim və münəvvərlərdən ibarət idi. Bu iki heyət kəndləri gəzərək müəyyən izahat işləri apardılar. Bir xeyli Türk əsiri Sibirdən gəlib Gəncə şəhərində toplanmışdı. Bunların peşələrinin təyin edilməsi də olduqca çətin idi. Təşkilatımızın bu Türk əsirlərini sağ-salamat Türkiyəyə göndərilməsini təyin etməyə nail olduq. Bu əsirlər mərkəz Gəncə olmaqla Yevlax stansiyası Qarabağ – Xudafərin körpüsü ilə İrandan keçməklə Türkiyəyə gedirdilər. Hər məntəqə əsirləri digər məntəqəyə təslim edir və beləliklə də bir həftə sonra əsirlərin Türkiyəyə çatdıqları haqqında xəbər alınırdı. Biz göndərdiyimiz Türk əsirləri içərisində etibar edib inandıqlarımıza Türkiyəyə göndərmək üçün hazırladığımız məktubları da verirdik. Bu məktublarda Rusiyanın daxili vəziyyəti, sosialistlərin çarizmə qarşı fəaliyyətləri, qeyri-rus millətlərinin istiqlal hərəkətləri, rus ordusunun hərbi qiymətinin qalmadığını, nizam-intizamsız qoyun sürüsünü andıqlarını və nəhayət, bütün rus millətinin böyük bir mənfi pozğunluq içində olduqlarını anlatdırdıq. Bütün gənclər səfərbər halda durmadan, yorulmadan çalışırdı. Biz təşkilatın maddi tərəfini qətiyyən düşünməzdik. Gəncə Milli Komitəsinin Xəzinəsi “Gənclik Təşkilatı”nın üzünə həmişə açıq idi. Ehtiyacı olan vəsait dərhal Milli Komitəsinin vasitəsilə xalqdan toplanırdı. Bir gün yoldaşlardan biri rus gizli polisinin şefi olan Rəhim bəyin məni axtardığını və mənimlə görüşmək istədiyini söylədi. Rəhim bəy Qazaxın Şıxlı kəndindən idi. O da əvvəllər bizimlə birlikdə “Gənclik Təşkilatı”nda çalışmış və sonra polis xidmətinə keçmişdir. Vəzifəsi böyüyüb rəis oldu. 1912-ci ildə Gəncədə müəllim idi. İbtidai məktəbdə müəllim işləyən zaman başına bir hadisə gəlmişdi. Rəhim bəyin işlədiyi məktəbdə tədris rus dilində, müəllimlər rus, erməni, gürcü, şagirdlər isə Türk uşaqları idi. Bir gün Rəhim bəy rus dilində coğrafiya dərsi keçərkən sinfə mərkəzdən gəlmiş bir rus müfəttişi girərək dərsi dinləyir. Bu zaman Rəhim bəy xəritənin qarşısında durub şagirdə sual verir və şagird də çalışırdı. Bir ara müfəttiş də müəllimin icazəsi ilə şagirdə belə bir sual verir: “Övladım mənə Qafqaz millətlərini say”. Şagird bu suala “Qafqaz millətləri Türk, Gürcü və erməni millətlərindən ibarətdir” cavabını verir. Bu cavabdan çaşan müfəttiş “Övladım, böyük rus millətini unutdun” deyir. Uşaq qızararaq çaşır. Rəhim bəy dərhal müdaxilə edir və “Xahiş edirəm uşağı çaşdırmayın. Uşaq Qafqazın əsil millətlərini sayır. Ruslar buralara sonradan gəlmədir” deyir. Bu hadisədən bir ay sonra Rəhim bəy səbəbi göstərilmədən müəllimlikdən azad edilir.

Mən Rəhim bəyin məni axtardığını eşidəndən sonra, ertəsi günü onunla görüşdüm. Məni sevgi ilə qarşıladı. Ondan rus rejiminin səni necə oldu ki, gizli polisə xidmətə götürdüyünü soruşdum. Rəhim gülərək “Bəli, bu ilk görüşdə təəccüblüdür. Ancaq hadisə Peterburqda Maarif Nazirliyindən qırağa çıxmamışdır. Mən isə müəllimlikdən çıxarıldıqdan sonra Gəncə valisinə müraciət etdim və məni polisə qəbul etdilər. Ancaq ürəklərimiz əvvəlki kimi eynidir, buna əmin ola bilərsiniz” dedi. Rəhim bəy daha sonra sözlərinə belə davam etdi: Sizi buraya çağırmaqda məqsədim mühüm bir məsələni aydınlaşdırmaqdır”. Sonra masasının gözündən bir şəkil çıxarıb mənə uzatdı. Gördüm ki, bir Türk paşasının şəklidir. Şəkildəki şəxsin kim olduğunu soruşdum. Mənə bir gizli sənəd verərək oxumağımı xahiş etdi. Sənəddə Sarıqamışda ruslar tərəfindən əsir götürülən türk ordusu komandanı İhsan Paşa Sibirdən qaçmışdır. Onun Qafqaza gəlmək ehtimalı vardır. Onu tutub dövlətə verənə mükafat verilməsi də nəzərdə tutulmuşdur. Bir müddət bir-birimizə baxdıq. Nə edəcəyimizi soruşdum. Rəhim bəy mənə “Sizinlə bu Paşa haqqında söhbət etmək istərdim. İhsan Paşa üçün çox diqqətli olmalıyıq. Gəncə şəhərində bir neçə əsir Türk zabiti vardır. Ancaq, onlar gizli yaşayırlar. Paşa isə belə yaşamağa razı olmaz. Əgər o Gəncəyə gəlmişsə və günün birində gəlirsə onun şəhərə girməsinə imkan verilməməli və ona kəndlərdə sığınacaq verilməlidir” – dedi və ayrıldıq. Mən məlumatı aldıqdan sonra apardığım bütün araşdırmalara baxmayaraq bir iz əldə edə bilmədim və İhsan Paşanın Qafqaza gəlmədiyi qənaətinə gəldim. İhsan Paşanın Sibirdən qaçması və aqibəti o zaman bizlər üçün məchul qaldı.

Bu maraqlandığım qaçışın təfsilatını 1922-ci ildə Trabzonda öyrəndim. 1920-ci ildə Qızıl Ordunun Azərbaycanı işğalı zamanı Gürcüstanın mərkəzi şəhəri olan Tiflisə, Gürcüstanın bolşeviklər tərəfindən işğalından sonra da Ana vətənə Türkiyəyə müraciət edərək Trabzon şəhərində yerləşdim. O zamanlar Türk milləti istiqlal savaşı aparırdı. Millət səfərbər olmuşdur. Türkiyəyə axın-axın gələn mühacirlərə sığınacaq və yardım edəcək heç bir təşkilat yox idi. Mühacirləri ancaq Trabzon xalqı himayə edirdi. Mən də əlimdən gəldiyi qədər kömək edirdim. Dükanıma yanında üç oğlan uşağı olan bir adam girdi. Salam verdikdən sonra “Mən Azərbaycanlıyam. Yer üzündəki cəhənnəmdən qaçaraq buraya gəldim. Türkiyədə dostlarım var. Onları və xüsusilə də İhsan Paşanı axtarıram, onun İstanbulda olduğunu öyrəndim. Məni üç uşağımla birlikdə İstanbula göndərməyinizi xahiş edirəm. Paşanı tapıb uşaqları ona təhvil verə bilərdim. Mən necə də olsa, özümü dolandıra bilərəm” dedi. Daha sonra cibindən bir kağızla bir şəkil çıxarıb mənə uzatdı. Aldım oxudum: İyirmi yeddi Türk zabitinin adı yazılmışdı. Bunun nə olduğunu soruşdum. O, bunu mənə belə anlatdı: “Gənc olarkən bir hadisə ilə əlaqədar rus məhkəməsi tərəfindən katorqa işinə cəlb olundum. Quba şəhərindənəm, məni məhkəmə qərarından sonra Sibirə göndərdilər. On il orada qaldım. Sonra azad buraxdılar. Yaxşı pul qazanırdım. Evləndim üç də uşağım oldu. Bax bu da uşaqlar. O zaman Birinci Dünya Müharibəsi baş verdi. Bir neçə aydan sonra Türkiyə də bu müharibəyə qoşuldu. Beynimdə min bir cür xəyalım dolaşır və Vətənimin, Azərbaycanım rusların əsarətindən xilas olacaq – deyə düşünürdüm.

Buna çox ümidli idim. Bu arada Qafqaz cəbhəsində əsir düşən Türklərin Sibirə göndərildiyini gördüm. Gələn əsirlərə əlimdən gəldiyi qədər kömək etməyə çalışırdım. Bu arada rus əsir düşərgəsindən iyirmi yeddi zabit qaçırdım. Onlara vətəndaşlıqlarını bildirən sənəd də düzəltdim və özlərinə də bir xeyli pul verərək Qafqaza yola saldım. Bu gördüyünüz şəkil İhsan Paşa, ştab rəisi Fəthi bəy və mənim şəkillərim idi. O zamanlar beynimdə İhsan paşanı qaçırmaq planını cızırdım. Nə olursa olsun bir Türk Paşasının rus əsarətində qoymayacağam. Bu fikrimi bir görüşümüz zamanı İhsan Paşaya açdım. Paşa təkrar ələ keçməyindən qorxurdu. Ona heç həyəcan keçirməməsini söylədim. Paşa mənə iki nəfər olduqlarını bildirdi. Mən də iki vətəndaşlığı bildirən sənədi hazırlayıb onları düşərgədən qaçırdım. Ailəmi orada qoydum və özümə çoxlu pul götürərək üç nəfər Çinə keçdik. Artıq azad idik. Mən geri dönməzdən əvvəl Paşaya qaçmalarını təmin etdim. İyirmi yeddi zabitin qeydlərini ona göstərdim, oxudu, çox məmnun oldu. Biz də yazaq dedi. Mən də əziz Paşam sizdən qeyd deyil, şəkil istəyirəm. Üçümüz də birlikdə şəkil çəkdirək dedim. Bax bu şəkli çəkdirdik”. Qubalım sözlərini bitirmişdi. Qalxıb əlini sıxdım. Və uşaqlarını da öpdüm. Onlara hədiyyələr aldım. Bunları bir qonaq evində yerləşdirib istirahətlərini təmin etdim. Onları necə olursa, olsun İstanbula göndərəcəyimə söz verdim. Onlardan ayrıldıqdan sonra Trabzon valisinin yanına getdim və məsələni ona danışdım. O da məni şəhərin bələdiyyə rəisinin yanına göndərdi. Bələdiyyə rəisinə də dərdimi anlatdım. O da məni paroxod nəqliyyatı agentliyinə göndərdi. Ancaq agentlik dörd nəfəri bir səfərdə İstanbula göndərə bilməyəcəyini bildirdi. Onlar hər səfərdə ancaq bir nəfəri göndərə biləcəkləri təminatını verdilər. Heç bir nəticə əldə edə bilməyib dükanıma qayıtdım. Nə edəcəyimi bilmirdim, çünki dörd nəfərin bilet pullarını və yol xərclərini ödəyə biləcək vəziyyətdə deyildim. Bir xeyli düşündüm. Belə sıxıntılı anlarımda tanrımdan həmişə yardım görmüşdüm. Düşünərkən ağlıma polis əfəndi gəldi.

Əziz oxucularım burada sizə qəhrəman Türk polisini anlatdım. Trabzonda bir dostumla sərraflıq (bir dövlətin pulunu müəyyən faizlə başqa bir dövlətin puluna dəyişmək C. Q, M. Ə.) edirdim. Bir gün dükanımıza bir polis girdi və 200 frankı dəyişmək istədiyini söylədi və daha sonra sözlərinə belə davam etdi: “Birinci Dünya müharibəsi zamanı Çanaqqalada əsgər idim. Ölümlə üz-üzə gələrək düşmənlə müharibə edirdik. Qarşımızda fransızlar var idi. Bir gün onlara şiddətli bir süngü döyüşü etdik. Fransızlar bizim süngü döyüşümüzə davam gətirə bilməyib, döyüş meydanında xeyli ölü və yaralı qoyub geri çəkildilər. Döyüşdən sonra əsgərlərimiz iki böyük çuxur qazdılar. Bir çuxura şəhid Türk əsgərlərini, digərinə isə düşmən ölülərini basdırdıq. Əsgərlərimizdən biri huşunu itirmiş fransız zabitini çuxura tərəf sürüyərkən onu gördüm və əsgərə “Dayan bu ölməmiş, deyə səsləndim”. Daha sonra tibb işçilərini çağıraraq fransız zabitini xəstəxanaya aparmalarını bildirdim. Fransız zabiti həyəcanımı görüncə həyatını qurtarmağımı anlamışdı. O, əlimi sıxaraq təşəkkür etdikdən sonra birlikdə xəstəxanaya getdik. Bizi həkimlər qarşıladı və fransız zabiti ilə fransızca danışmağa başladılar. Bu zaman mən də xilas etdiyim şəxsin bir fransız generalı olduğunu öyrəndim. Bu zaman fransız generalı həkim vasitəsilə mənim adımı, soyadımı və ünvanımı soruşdu. Mən də yazıb verdim.

Müharibə bitmiş, sülh dövrü başlamışdı. Hökumətimiz mövcud əsirləri qalib dövlətlərə qaytarmışdı. Düşmənlərimiz isə sülh müqaviləsinə əməl etməyərək İstanbulu işğal etmişdilər. Mən o zamanlar tərxis olunmuşdum və Üsküdarda polis vəzifəsində işləyirdim. Bir gün müdiriyyət mənə telefon edərək bildirdi ki, səni fransızların Türkiyədəki ordusunun Baş komandanlığından istəyirlər. Doğrusu qorxdum, getmək istəmədim. Vəziyyətimi müdirin müavininə danışdım. O da mənə getməyimi məsləhət gördü, getdim. Məni bir generalın yanına apardılar. Otaqda olan tərcüməçi məndən generalı tanıyıb, tanımadığımı soruşdu. Bu həyatını xilas etdiyim fransız generalı idi. General əlimi sıxdı və mənə verdiyi raportla Fransız hökumətinin mənə beş min frank hədiyyə və ömürlük ayda iki yüz frank maaş təyin olunduğunu söylədi. Aldığım beş min Frankı İstanbulda dəyişdim. Və məmləkətim olan Trabzona gəldim”. Polis əfəndinin o zamanlar qürurla anlatdığı və mənim də sevinclə dinlədiyim bu hadisə gözlərimin önündən bir kino kimi gəlib keçdi. Mən bu düşüncələr içində olduğum zaman Qubalı da dükana gəldi. Bərabər Trabzon alay komandanının yanına getdik. Xatirimdə qaldığına görə, polkovnikin adı Qalib bəy idi. Uzunboylu arıq bir adam idi. Bizi çox səmimi qəbul edən polkovnikdən məni bir neçə dəqiqə dinləməsini xahiş etdim və əvvəl polis əfəndinin, sonra da Qubalının macərasını anlatdım. 27 zabitin qeydlərini və İhsan Paşanın şəklini göstərdim. Polkovnikə “Bəy əfəndi. Üç uşağı ilə bu tayı bərabər olmayan mücahidi İstanbula göndərmək də acizəm. Bir neçə dövlət orqanına müraciət etdim, ancaq heç bir nəticə əldə edə bilmədim. Bizləri siz hərbçilər yaxşı anlaya bilərsiniz. Bu işdə mənə kömək etmənizi xahiş edirəm” – dedim. Polkovnik mücahidin əlini sıxdı və sonra seyfini açaraq, ona 25 lirə pul verdi. Yavərinə dedi: “Bu əfəndini götürüb Paraxod Agentliyinin rəisinin yanına apar. Məndən salam söylə. Üç uşağı ilə bu əfəndini “Pake” paroxodu ilə İstanbula göndərsin və peşələrini təmin etsin” – dedi. “Beləliklə, mücahidi üç uşağı ilə İstanbula yola saldım. Onları bir daha görə bilmədim, ancaq sonralar öyrəndim ki, qubalı mücahid İstanbula gələn kimi İhsan Paşanı tapmış və uşaqları ona təhvil vermişdir. İhsan Paşa da uşaqları internat məktəbində yerləşdirmişdir.

Aradan dörd il keçmişdi. İstanbula gəldim. Qubalı mücahidi axtardım. Onun və oğlunun birinin öldüyünü söylədilər. Digər iki oğlunun hərbi məktəblərdə oxuduqlarını öyrəndim. Sonra uşaqların izini tamamilə itirdim.
Türk əsirlərinin Sibirdən Gəncəyə axını davam edirdi. Gəncədə bir gün bir mehmanxana sahibi yanıma gələrək üç Türk zabitinin mehmanxanasına gəldiklərini söylədi. Dərhal mehmanxanaya getdim və zabitlərlə görüşdüm. Ancaq, bunlar Sibirdən deyil, Türkiyədən gəlmişdilər. Vəzifələri də Qafqazda olub-keçənləri Türk ordusuna bildirmək idi. Onlar İraq cəbhəsində olan Türk ordusunun bir korpusundan idilər. Mənim ilə söhbət edən zabitin adı Müzəffər idi. Mənə “Sizin verdiyiniz məlumatlardan çox istifadə edirdik. Buraya da sizin yazdığınız plan üzrə gəldik. Artıq bu vəzifəni biz yerinə yetirəcəyik” – dedi. Baxdım ki, iş olduqca ciddidir. Onların bu şəraitdə mehmanxanada qalmaları çox təhlükəlidir. Onlara təşkilatçı yoldaşlardan Cəmil bəyin evində iki otaq hazırladıq. İaşələri təşkilatımız tərəfindən təmin edilirdi. Üç zabit burada sərbəst çalışırdı. Onlar Türkiyəyə keçəcək olan əsirlərə şifrəli məktublar verirdilər. Müzəffər bəy o zaman leytenant rütbəsində idi. Müharibə qurtardıqdan sonra hərbi Akademiyada oxuyaraq qərargah zabiti olmuşdu. Mən ilk görüşümüzdə onun gələcəyinin çox parlaq olacağını hiss etmişdim. O, biliyi, düşünmə, analiz etmə bacarığı ilə seçilirdi. Müzəffər bəyin sonralar rütbəsi böyüyərək general oldu və Türkiyənin Baş Ştabında yüksək vəzifə tutdu. Sonralar isə istefaya çıxdı. Onun son vəzifəsi İzmir valiliyi idi. Elə bu vəzifədə də vəfat etdi. Bu general Müzəffər Tuğsavuldur. Nur içində yatsın.

1926-cı ildə Gəncədə leytenant olaraq gördüyüm Müzəffər bəylə 20 ildən sonra 1936-cı ildə İstanbulda yenidən rastlaşdım. Bu necə olmuşdur. Maraqlandığım bir hadisə yaddaşımdan asanlıqla silinməz. Bir də bir dəfə gördüyüm və maraqlandığım bir şəxsi aradan nə qədər zaman keçərsə keçsin təsadüfən gördüyüm zaman dərhal tanıyıram. Həmçinin bir gün İstanbulda Şirkəçidən keçirdim. Qarşıdan gənc və yaraşıqlı bir general gəlirdi. Generala diqqətlə baxdığım zaman göz-gözə gəldik və keçdik. Ancaq mən yanılmadığıma əmin idim. Dərhal geri dönərək “Paşam bağışlayın, sizin adınız Müzəffər bəydirmi” – deyə soruşdum. O, mənə diqqətlə baxdıqdan sonra “Bəli” – dedi. Mən “Paşam 20 ilə yaxındır bir-birimizi görməmişik. Məni tanıya bildinizmi?” – deyə soruşdum. Paşa məni tanıya bilməmişdi. Bundan sonra “Mən Gəncəli Nağıyam Paşam” – dedim. Bir-birimizə sarılaraq öpüşdük. İkinci dünya müharibəsinin sonuna doğru Çar hökumətinin dağılmaq üzrə olduğunu gizli sosialist təşkilatlarından öyrəndik. Bizim ailənin torpaqları Gəncənin üç kilometrliyində idi. Bir gün torpağımız ərazisində gəzərkən bağbanın bir ov tüfəngi ilə mənə tərəf gəldiyini gördüm. Bu tüfəng bizim torpaqlarımızda icazəsiz ov edən ovçunun tüfəngi idi. Bir az sonra ovçu da bağbanın arxasında göründü. Mənə “Mən Gəncə stansiyasının müdiriyəm. Özüm də gürcüyəm” – dedi. Gürcünün tüfəngini geri verdim və ona birlikdə yemək yeməyi təklif etdim. Yeməkdən sonra söhbət etməyə başladıq. Təbiidir ki, bir gürcü ilə bir türkün söhbəti Çar rejiminin əleyhinə olacaqdı. Bir-birimizdən çəkinməyərək sözə başladıq. Gürcü rus çarının istibdadından yaxın günlərdə xilas olacağımızı və birlikdə qardaşcasına yaşayacağımızı ümidlə söylədi. Mən gürcüyə cavab olaraq “Rus idarəsi imperialist bir idarədir. İnşaallah yaxın günlərdə Qafqazdan çəkilib gedəcəklər. Biz Qafqaz millətləri də hər birimiz müstəqil dövlət olacağıq” – dedim. Ancaq gürcü bu fikirdə deyildi. “Mən sizin kimi düşünmürəm. Mənim mənsub olduğum təşkilat sosialist təşkilatıdır. Biz sosialistlər millət anlayışını qəbul etmirik. Rusiyada yaşayan rus və qeyri-rus millətlər hamısı birlikdə qurulacaq sosialist quruluşunda yaşamağı istəyirik. Biz belə bir dövlət quruluşunu yaratmaq üçün çalışırıq. Siz Qafqaz Türkləri sosialist təşkilatınız olmadığından baş verəcək inqilabı hazırlıqsız qarşılayacaqsınız. Tanıdığım türklər ilə görüşmüşəm. Hamısı rus rejiminə nifrət edirdilər, ancaq bizim təşkilata qoşulmurlar. Halbuki, elə gizli hadisələr cərəyan edir ki, sizin onlardan xəbəriniz olmur. Mən 20 illik sosialistəm. Bundan başqa qayəm yoxdur” – deyir. İkimiz də burada hiss edirik ki, dünya görüşlərimiz kəskin olaraq bir-birindən fərqlidir. Gürcü ayrılarkən mənim də çar rejimi düşmən olduğumu nəzərə alaraq gələn bazar günü bəzi gizli sənədləri gətirəcəyini bildirdi. Gürcü dediyi kimi bazar günü yenə gəldi. Gizli sənədləri mənə verdi və özü də ova çıxdı. Mən də bir ağacın kölgəsində oturaraq bu gizli sənədləri maraqla oxumağa başladım. Həm oxuyur, həm də gözlərimə inanmırdım, oxuduqlarımın hamısı Dumada cərəyan edən və mətbuatda çap olunmayan materiallar idi. Oxuduqlarım məni Çar üsuli-idarəsinin yaxın günlərdə mütləq devriləcəyinə bir daha inandırdı. Duma deputatlarından Çxeidze Duma kürsüsündən var qüvvəsi ilə hayqırır. “Çar üsuli-idarəsi idarə deyil, saxtakarlıq şəbəkəsidir. Saxtakarların gizli zirzəmilərdə pul kəsmələri kimi, Çar idarəsi də saysız-hesabsız pul çıxarır. Digər bir deputat, Skoblev “Çar hökuməti tamamilə xalqın cibinə girəndir. Cibgirlərin xalqın cibinə girərək pullarını oğurladığı kimi, Çar idarəsi də artırdığı vergilərlə xalqın xəzinəsindən pullarını çəkir” – deyir. Hər iki deputatın sözləri xoşuma gəldi. Gürcünü tanıyırdım, ancaq Skoblevin adını ilk dəfə eşidirdim. Hələ onun rus olması da xoşuma gəlmişdir. Qəlbimdən hər iki deputatın da əllərini şükranlıqla sıxmaq keçdi. Nə xoş təsadüfdür ki, Skoblev ilə 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin mərkəzi olan Bakıda görüşdüm və əlini sıxdım. Milli Azərbaycan Cümhuriyyətinin məsud günlərindən biri. O axşam qaynım Əli bəyin evində idim. Bu zaman Əli bəyi çox kədərli gördüm, canının çox sıxıldığını söylədi. Mən də ona bir əyləncə yerinə getməyi təklif etdim. Birlikdə “Momuz” kabaresinə getdik. “Momuz”un sahibi münəvvərlərdən məşhur Hacı Həsənli Xudadat bəy idi. O, məni də kabarenin rəsmi açılışına dəvət etmişdi. Ancaq o zaman vacib işim olduğundan iştirak edə bilməmişdim. Bizi görüncə çox məmnun oldu. Salon çox gur idi. Burada Bakının hörmətli milyoner ailələri, bankirlər, generallar, vali, yüksək zümrəyə mənsub olan şəxslər də var idi. Kabare ona görə xoşuma gəlirdi ki, burada hər şey səmimi idi. Burada bir-birini tanımayanlar masaları uzaqda olsa salamlaşır və şərəflərinə badə qaldırırdılar. Proqram zəngin, ancaq yorucu deyildi. Bəzən birisi yerindən qalxaraq söz söyləmək istədiyini bildirir: “Möhtərəm xanımlar və bəylər. Mən Rusiyadanam, yəni cəhənnəmdən Azərbaycana mühacirət etdim. Mənim kimi yüzlərlə kişi bu ölkəyə sığınmışdır. Bu mühacirlər arasında olan Moskva Operasının solisti xanım Kosiç də bu axşam bizimlə birlikdə buradadır. Gəlin hamımız ondan bizə bir şərqi oxumasını xahiş edək”. Hamı alqışlayır, ancaq kimsə sənətkarın harada oxuduğunu bilmirdi. Bu zaman masalardan birindən uzunboylu bir xanım qalxır və şərqi söyləməyə başlayır. Hər kəsi heyran edən bu səs uzun müddət alqışlanır. Daha sonra başqa birisi 40 yaşlarında bir bəy yerindən qalxır və “Mən Azərbaycana mühacirət etdim. Özümü sizə təqdim edirəm. Mən Kerenski hökumətinin sabiq əmək naziri Skoblevəm. Öyrəndiyimə görə bu axşam Azərbaycan Cümhuriyyətinin əmək naziri Səfyurdlu Aslan bəy də bizimlə burada olmaqdadır. Mən üzərimə götürdüyüm nazirlikdə müvəffəqiyyət qazana bilmədim. Səadəti, cəhənnəmi tərk etməkdə gördüm. Qədəhimi Aslan bəyin şərəfinə qaldırıram və Tanrıdan ona uğurlar diləyirəm” – deyir. Bundan sonra Aslan bəy yerindən durub Skoblevə təşəkkür etdi. Bu zaman masamıza bir gənc yanaşdı və özünü şair Skaralevski deyə təqdim etdi. Bizə “Mən salonu gəzərək qonaqların kim olduğunu öyrənirəm. Bir saat sonra səhnədə onları təqdim edəcəyəm. Sizə də özünüzü təqdim etməyi xahiş edirəm.” – deyir. Əli bəy adını və neft işi ilə məşğul olduğunu söylədi. Mən də Əksinqilab ilə mübarizə təşkilatının rəisi olduğumu söylədim. Duyar-duymaz üzümə baxdı və “Deyin ki, işimiz bitdi” – dedi.

Mən Skoblevin əlini sıxdım və “Dumada Çar üsuli-idarəsi haqqında söylədiklərinizi əvvəl oxumuşam və çox xoşuma gəlib. Tanış olmağıma şadam” – dedim. Skoblev “Nə söyləyim, kommunizm dünya mədəniyyətinin xərçəngidir” – cavabını verdi. Bu zaman şair Skaravedski vəd etdiyi kimi səhnəyə çıxdı və salonda olanları bir-bir təqdim etmə tərzi və söylədiyi şeirlərə dinləyənləri heyran etdi. Ən sonda bizim masaya işarə edərək “Əli bəy neft kralıdır. Yoldaşı isə çox təhlükəli və qorxuncdur. Xaricə sürgün olunmaq istəmiriksə susaq” – deyə sözünü yarımçıq kəsdi. Skoblev ilə tanış olmağımız bu şəkildə oldu.

İndi isə bir parça geriyə, qaldığımız yerə qayıdaq. Mən Gəncə stansiyasının müdiri ilə əlaqəmi davam etdirir və ondan faydalı məlumatlar əldə edirdim. Bir tərəfdən rus cəbhəsindəki məğlubiyyətlər, digər tərəfdən Rusiya daxilində sosialist təşkilatlarının göstərdikləri fəaliyyətlər Çar idarəsinə vurulan bir zərbə idi. Artıq Çar rejimi son günlərini yaşayırdı.

 

1917 – Cİ İL BÖYÜK RUS İNQİLABI

Hamımızın gözlədiyimiz gün nəhayət gəlib çatdı. Çürümüş nəhəng ağaca bənzər imperiyanın yıxılması ilə Rusiyanın hər tərəfində anarxiya başlamışdı. Çoxmillətli Moskvanı da qeyri-sabitlik bürümüşdü. Mərkəzdəki inqilabçılar toplaşaraq Kerenskinin rəhbərliyində müvəqqəti hökuməti qurdular. Ancaq, bu hökumət çox davam gətirmədi. O dövrlərdə Rusiyada hakim olub onu idarə etmək çox çətin idi. Hələ Kerenski kimi xaraktercə zəif bir insan burada duruş gətirə bilməzdi. Mərkəzdə Kerenskinin ESER təşkilatı bolşeviklərlə mübarizə aparırdı. Rusiyanın digər tərəflərində isə hərbçilər hakimiyyəti əllərinə almağa çalışırdılar. Onlar bəzi yerlərdə buna nail də olmuşdular. Hətta bu təşkilat türklərin əksəriyyət təşkil etmələrinə baxmayaraq, erməni və rus əsilli fəhlələrə arxalanaraq Bakıda hakimiyyəti əlinə keçirdi. Gürcüstanın mərkəzi olan Tiflisdə hərbi təşkilat Ölkə Seymi idi. Bu təşkilat bir tərəfdən gürcülərlə mübarizə edir, digər tərəfdən də Qafqazı Moskvanın hərbi təşkilatına bağlamaq istəyirdi. Bu zamanlarda Gəncə şəhərində isə vəziyyət belə idi: “Şəhərdə iki rus ehtiyat alayı (218-219) var idi. Bunların əsgərləri ermənilərlə anlaşaraq hərbi təşkilat (Soldatski Deputat) qurmuşdular. Onlar biz türklərə təzyiq edərək şəhərə hakim olmaq istəyirdilər. Biz isə hər iki ehtiyat alayının rus əsgərlərini və erməni təşkilatlarını qarşımızda dura bilməyəcək bir qüvvə sanırdıq. Hər an hakim vəziyyətdə idik. Bu zaman Gəncə şəhərinə Qafqaz cəbhəsindən bir kazak süvari alayı gəldi və kazarmalarda yerləşdilər. Kazakların gəlişi şəhərdəki rus əsgərlərinə cəsarət vermiş və vəziyyət bir anda dəyişmişdi. Rus əsgərləri bir neçə mülki əhalini vurmuş və buna cavab olaraq da bir neçə rus əsgəri öldürülmüşdü. O gün qaranlıq düşərkən əsgərlər kazarmalarına, xalq da evlərinə dağılır.

Eyni axşam Bələdiyyə rəisi fəlakətin böyüməməsi üçün fövqəladə bir yığıncaq keçirir. Yığıncağa şəhərdəki rus hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, Gəncə Milli Komitəsinin üzvləri və bir də kazak polkovniki dəvət edilir. Bu yığıncaq Gəncənin Türk məhəlləsindəki Bələdiyyə binasında keçirildi. Müzakirələr axşam saat 20-də başladı. Yığıncağı Bələdiyyə rəisi Xəlil bəy idarə edirdi. Müzakirələr çox qızğın və mübahisələr şəklində keçirdi. Bu zaman hərbi nümayəndənin rəhbəri Andreyev söz aldı və əsəbi halda yüksək bir tonla: “Söyləyəcəklərim bir rus əsgərinin son və qəti sözüdür. Sabahdan etibarən küçələrdə görünəcək hər silahlı mülki vətəndaşın silahı əlindən alınacaq və özü də cəzalandırılacaqdır” dedi. Bundan sonra Milli Komitə rəisi mərhum Nəsib bəy yerindən qalxdı və Bələdiyyə salonunu cingildədən gur səsi ilə bu çıxışı etdi: “Mən də sizlərə türk xalqının qərarını elan edirəm. Sabahdan etibarən Gəncə küçələrində silahlı olaraq görünən hər rus əsgərinin silahı əlindən alınacaqdır”. Nəsib bəyin sözləri salonda olan türklər tərəfindən hərarətlə qarşılandı. Hərbçilərin nümayəndələri salonu tərk etməyə hazırlaşarkən şəhərdə olan kazak alayının komandanı Bələdiyyə rəisindən söz istəyir. Rus əsgərləri geri dönüb polkovniki ayaqüstə dinləyirlər. Salonda tam sakitlikdir. Kazak alayının polkovniki getməyə hazır olan rus hərbçilərinin nümayəndələrinə dönərək bunları söyləyir: “Bütün Rusiyada mövcud olan silahlı rus əsgərləri hərbi andı unudaraq komandirlərini ya boğmuş, ya da başqa formalarla öldürmüşdülər. Ancaq, mən alay komandiri olaraq alayımla cəbhəyə getdiyim kimi, yenə alayımın komandiri olaraq məmləkətimizə dönürəm. Siz rus əsgərlərinə bunu xatırladıram. Bu gün Moskva ətrafında çarpışan iki cərəyan vardır. Bunlardan biri Leninin bolşevizmi, digəri də Kerenskinin demokratizmi. Siz bu cərəyanlardan hansına mənsub olursunuz olun. Hər iki cərəyanın liderləri də millətlərin müqəddəratlarının özlərinə aid olduğunu elan etmişdilər. Bu ölkədə yaşayan xalqın ruslarla heç bir əlaqəsi yoxdur. Hökumətlərini öz əllərinə almaq istəyirlər və buna da haqları var. Siz əgər mənim kazaklarımın bu şəhərə gəlişindən cəsarətlənirsinizsə, bunu yaxşı bilməlisiniz ki, mənim kazaklarım sizin haqsız hərəkətinizə tərəfdar deyillər və əsla da ola bilməzlər”. Polkovnikin sözləri xalqımız tərəfindən hərarətlə alqışlanır. Rus əsgərləri saralmış və qorxmuş vəziyyətdə salonu tərk edirlər. Xalq kazak polkovnikini küçəyə qədər çiyinləri üstə çıxarırlar.

Biz polkovnikə yay klubunda ziyafət verməyə hazırlaşarkən o klubda Milli Komitə rəisi mərhum Nəsib bəylə görüşür. Bu zaman yanlarına yaxınlaşaraq onları ziyafətə dəvət edirəm. Ancaq, Nəsib bəy mənə “İndi ziyafətin vaxtı deyil, gör polkovnik nə söyləyir” deyir. Polkovnik “Dostlarım, məsələ çox ciddidir. Mən nə qədər onlarla sərt danışdımsa da, kazaklarıma tamamilə güvənirəm. Sabah rus əsgərlərinin xalq ilə çarpışması zamanı kazaklar rus əsgərlərinə yardım edərlər. Mən alayıma istirahət etdirmirəm, gecə yarısı stansiyaya doğru hərəkət edərəm. Sizə qarşı rəğbətimi isbat üçün də alayın ehtiyat silah və sursatını sizə qoyub gedəcəyəm” dedi. Bundan sonra şəhərin məhəllələrini bir neçə nəfərlə dolaşaraq zəruri təlimatı verdik. Aldığımız qərar belə idi: “Dan yeri ağaranda bütün qüvvələrimiz məhəllələrində hazır gözləyəcəklər. Mənim məntəqəm Dördyol məhəlləsi idi. Stansiya küçəsi bu məhəllədən keçir. Kazak polkovnikinin verdiyi qərara görə hər on dəqiqədə yüz kazak keçəcək.

Ertəsi gün kazaklar keçməyə başladı. Xalqımız onları alqışlayır. Bu arada bir-birilərinə sarılıb öpüşənlər də olurdu. Nəhayət sübh tezdən kazaklar yola salınmışdı. Kazakların getməsindən sonra məhəllə varlılarından Məhəmmədəli dayı bizi sabah çayına dəvət etmişdi. Biz oraya gedərkən bir növbətçi həyəcanla yaxınlaşdı və silahlı olan rus əsgərinin kazarmalarından çıxıb stansiyaya doğur getdiklərini xəbər verdi. Dərhal geri döndük. Məşhur qaçaq Qənbər yoldaşları ilə birlikdə həmin rus əsgərlərini dövrəyə alıb tərpənmələrinə imkan verməyərək tərksilah edirlər. Sonra bu əsgərlər həbs olunaraq “Ümid” pambıq fabrikinin zirzəmisinə salındılar. Beləliklə, axşama qədər şəhərdə silahlı olaraq görünən rus əsgərlərinin silahları əllərindən alınaraq yuxarıda adını çəkdiyimiz zirzəmiyə salındılar. Gecə toplaşan Milli Komitə günün hadisələrini müzakirə edirdi: Axşama qədər 60 silahlı rus əsgəri yaxalanmışdısa, silahsız çıxanlara heç kəs toxunmamışdı. Rus əsgərləri bizi hədələsələr də artıq heç bir tədbirə əl atmamışdılar. Milli Komitə tərəfindən o gün şəhərdə müharibə vəziyyəti elan edildiyindən xalq səfərbər edilərkən silahlı küçələrdə dolaşırdı. Komitənin iclası gecə saat 24-ə qədər davam etdi. Xalqımızın həyəcanı və günün uğurları diqqətə alınaraq iclasın sonunda qəbul olunan qərarda öz əksini tapdı: “Gecə səhər açılmadan dörd kazarma xalq qüvvələrimiz tərəfindən mühasirəyə alınacaq və hər kazarmaya Komitə üzvlərindən dörd nəfər gedərkən silahları təslim olacaq. Bu zaman təslim olmayıb müqavimət göstərən məhv ediləcək. Milli Komitənin binası önündə toplaşanlar qərarı öyrənib məhəllələrə lazımi təlimatlar vermişdilər.

Səhərə yaxın saat 4-də kazarmalar mühasirəyə alındı. Təşkil olunan nümayəndə heyətində mən də var idim. biz lazımi işarəni alan kimi bizə tapşırılmış kazarmaya yaxınlaşdıq. Kazarma dörd bir tərəfdən mühasirəyə alınmışdı. Kazarmanın qapısını döydüm. İçəridən bir səs kim olduğumuzu soruşdu. Ona Milli Komitə üzvü olduğumuzu söylədim. Bir az sonra qapı açıldı. Rus əsgərlərinin rəngləri qaçmış və sapsarı olmuşdu. Qapını açan çavuşa Komitənin qərarını təbliğ etdikdən sonra təslim olmalarını söylədim. Çavuş bir az düşündükdən sonra silahları təslim etdikləri təqdirdə onlara imzalı sənəd verib verməyəcəyimizi soruşdu. Bir tərəfdən müsbət cavab olsa da, mövcud silahların nömrələrini də qeyd etdirmək istədi. Çavuş isə bunun vaxtın azlığına görə mümkün olmayacağını və ancaq tüfənglərin (makinalı tüfənglərin) neçə dənə olduğu haqqında imzalı sənəd verə biləcəyimizi anlatdım. Bunu qəbul edən çavuş daha sonra silahlarını təhvil verəndən sonra onların sonrakı talelərinə təminatı kim verəcəyini soruşdu. Mən ona cavab olaraq qapının önünə toplaşmış rus əsgərlərini və çavuşun da eşidə biləcəyi səslə “Sizi əhatə edən və silahlarınızı almaq istəyən xalqımız Türkdür. Hər qüvvə və qüdrətə malik olsalar da vəhşi deyillər. Silahlarınızı təhvil aldıqdan sonra sizi stansiyaya aparıb Rusiyaya, evinizə yola salacağıq” dedim. Silahları təhvil alınan dörd kazarmanın əsgər və zabitləri elə o gün stansiyaya gətirildilər. Artıq Gəncə şəhərinin içində rus əsgəri deyə bir varlıq qalmamışdı. Milli Komitə hər şeyə hakim idi. Şəhərdəki polis və qəzalardakı jandarm idarələri Milli Komitənin əmrinə tabe idi. Azlıqda qalan erməni və ruslar da təhlükəsiz yaşamaqda davam edirdilər.
Bu hadisədən bir az sonra məni və qaçaq Qənbəri Tatoğullarının toyuna dəvət etmişdilər. Mən toyda əylənərkən Milli Komitə rəisi mərhum Nəsib bəydən Milli Komitənin qərarını bildirən bir xəbər aldım. Verilən xəbərə görə Tiflisdən bir rus diviziyası Gəncə üzərinə gəlirmiş. Rus diviziyası şəhərdən 30 km məsafədə yerləşən Şəmkir stansiyasında qarşılanacağından bizim Şəmkirə qədər olan yolboyundakı kəndlilərə vəziyyəti bildirib ertəsi gün tezdən Şəmkir stansiyasında olmağımız istənilirdi.
Milli Komitənin əmrini yolboyundakı kəndlilərə elan etdikdən sonra ertəsi gün səhər tezdən hamımız birlikdə Şəmkirə çatdıq. Bu zaman nə görsək yaxşıdı. Gəncənin bütün əli silah tutanları oraya toplaşmışdı. Bu xəbəri Milli Komitəyə Tiflisdə rus əsgərlərini qovub yurdlarına hakim olan gürcülər vermişdilər. Onlar bir zirehli qatarın içindəki 300 nəfər gürcü əsgərini də bizə köməyə göndərmişdilər. Xalq qüvvələrimiz və zirehli qatar içindəki gürcü əsgərləri Şəmkir stansiyasında hazır vəziyyətdə gözləyirdi. Bir az sonra rus əsgərləri ilə dolu qatar stansiyaya yaxınlaşıb xalqdan 300 metr aralı dayandı. Onların yanına bir heyət göndərdik. Uzun müddət danışıq apardıq, sonra rus əsgərlərindən bir heyətini stansiyaya dəvət edərək vəziyyəti onlara anlatdıq və göstərdik. Müzakirədə zirehli qatarın komandanı – gürcü polkovniki də iştirak edirdi. Biz ruslara təslim olmaqdan başqa çarələri olmadığını anlatdıq və silahlarını təslim etdikləri təqdirdə vətənlərinə gedə biləcəklərini də bildirdik. Təklifimizi qəbul etdilər və silahlarını təslim edəcəklərini söyləyirdilər. Alınan qərara görə rus qatarının vaqonları bir-bir zirehli qatara yanaşacaq və silahlar təslim edildikdən sonra yollarına davam edəcəkdilər. Universitet və litsey tələbələrindən bir qrupuna silahları təslim almaq tapşırılmışdı. İlk vaqon zirehli qatara yanaşaraq silahlarını təslim etdi. Ancaq ikinci vaqon zirehli qatara yanaşdığı zaman ani olaraq vaqonların qapıları açıldı və ruslar tərəfindən zirehli qatarın təkərlərinə atəş açmağa başladılar. Bir tərəfi çəkən zirehli qatar hərəkət edə bilmədi. Rus əsgərləri hücuma keçərək atəş açmağa başladılar. İlk anlarda 15 tələbə ilə 40-a qədər gürcü əsgəri vuruldu. Ancaq, rus əsgərlərinin bu vəhşi alçaq hərəkətlərini görən xalq qüvvələrimiz hücuma keçərək axşama qədər rusların müqavimətini qırdılar. Qaranlıq düşməyə başlayarkən silahlarını yerə atan rus əsgərləri təslim olmağa başladılar. Ertəsi gün isə rus əsgərlərini vaqonlarına doldurub Rusiyaya göndərdik.
Rus diviziyasını məğlub edən xalqımız şəhərə qayıtmış və rus əsgərlərindən alınan silahlar silahları olmayanlara paylanılmışdı. Ancaq kimsədə zəfər və şənlik nəşəsi yox idi. Çünki bu savaşda 15 şəhid vermişdik. Ertəsi gün xalqın göz yaşları arasında şəhidlərimizə dəfn mərasimi keçirildi. Şəhidlərimizin məzarları başında çıxış edən Milli Komitə rəisi mərhum Nəsib bəy nitqini “Nə mutlu ki, ilk şəhidlik zirvəsinə çatan bu gün dəfn etdiyimiz əziz övladlarımız oldular.” cümləsi ilə bitirdi.

Bu hadisədən sonra Bakıda Qafqaz qurultayı toplaşdı. Qurultayda Gəncə xalqını idarə edən “Ədəmi Mərkəziyyət Partiyası”nın sədri Nəsib bəy ilə “Müsavat Firqəsi”nin sədri Məmmədəmin Rəsulzadə hər iki partiyanın da qayəsinin bir olduğunu nəzərə aldıqdan sonra birləşməyi qərara aldılar. Hər ikisinin də müştərək qayəsi istiqlal idi. Müzakirə edilən partiya proqramında Misaqi Millinin və Konstitusiyanın ana xətləri müəyyən olunmuşdu.

Bu zamanlarda rus əsgərləri Qafqaz cəbhəsini boş qoyaraq geri çəkilirdilər. Qaçan bu əsgərlərin bir məqsədi Rusiyaya evlərinə qayıda bilmək idi. Rusiya hökuməti Qafqaz cəbhəsindəki bu anarxiyanın qarşısını almaqda aciz idi. Əslində elə Rusiyanın hər yerində anarxiyanın bu vəziyyətini ən yaxşı bilən müttəfiqləri olan ingilislərlə, fransızlar idi. Bu iki böyük dövlət rusların müharibəsindən çıxdığını görüncə Qafqaz cəbhəsini erməni və gürcü əsgərləri ilə doldurmağa çalışırdılar və Qafqazı idarə edən Seym hökumətinə də gürcü, erməni və Azərilərdən bir korpus qurulması qərarına gəldilər. Azərbaycan nümayəndəliyi qərarı Gəncə Milli Komitəsinə bildirdi.

Rus ordusunun ehtiyat silahları Tiflis şəhərində saxlanılırdı. Gürcülər korpus qurmaq qayəsi ilə onlara düşən silah paylarını aldılar. Ermənilərin payına düşən silahlar da İrəvana göndərildi. Ancaq, bizə silah verilmir və qatarlarla Azərbaycandan keçən rus əsgərlərinin silahlarının bizə aid olduğunu və bunları almağımızın gərəkliyini bildirirdilər. Qatarların keçəcəyi vaxt əvvəlcədən Gəncə Milli Komitəsinə bildirilirdi. Ancaq, bu zaman ingilis və fransız diplomatları ilə hərbi mütəxəssislərin Tiflisə tez-tez gəlib-getdiklərini gizlincə öyrəndik. Gürcü və ermənilər inglis və fransızlardan aldıqları pullarla erməni və gürcü korpuslarını hazırlamaqla məşğul idilər. Ancaq, nəticədə heç bir şeyə nail olunmadı. Pullar və sərf olunan zəhmətlər hədər getdi. Bakıda yerləşən rus və erməni qüvvələrinin Gəncə üzərinə hücuma hazırlaşdıqlarını duyurduq. Bu zaman Tiflisdən hərəkət edən bir rus korpusunun Gürcüstan tərəfindən sərhədimizi keçərək Gəncə xalqı ilə haq-hesab çəkməyə gəldiyini Tiflisdən vurulan bir teleqramla öyrəndik. Vaqonlara doldurulmuş korpus bütün təchizatı ilə Gəncə üzərinə gəlməkdə idi. Ancaq qatar sürətlə deyil, zəncirləmə üsulu ilə hərəkət edirdi. Yəni vaqonların əllicə metrə sağında və solunda piyada əsgərlər gəlməkdə idilər. Vaqonlardakı rus əsgərləri tüfəng mənzili daxilində nə qədər canlı görürdülərsə nişan alıb vururdular. Rusların bu vəhşiliyinə qarşı yolboyundakı kəndlərdə olan xalqımız və rus əsgərləri ilə dolu vaqonlara atəş açır, ruslara böyük ziyan verirdilər. Ruslar və sərhədimizi keçib Şəmkir stansiyasına qədər – 135 km-lik yolu iki gün, iki gecə qət etdikləri vaxtda daima yol boyunda yerləşmiş kəndlərimizin sakinləri tərəfindən atəşə tutulmuşdular. Hələ gecə qaranlıq düşəndə kəndlilər vaqonlara daha çox yaxınlaşır və rus əsgərlərini daha asan məhv edirdilər.

Ruslar Şəmkir stansiyasına gəlib çatdıqları zaman artıq xalq qüvvələrinin qarşısında dayana bilməyəcəklərini yəqin edib təslim olmağı məqsədəuyğun hesab etdilər. Biz onları Şəmkir stansiyasında qarşılamağa hazırlaşarkən hər cür tədbirləri görmüşdük. Mühasirəyə alındıqlarını anlayan ruslar bizə ağ bayraqlı bir nümayəndə heyəti göndərdilər.

Biz ağ bayraqlı rus nümayəndə heyətini qarşıladıq. Görünüşlərindən çox pərişan olduqları aydın görünürdü. Bizə korpus komandanının səlahiyyətli bir heyəti ilə görüşmək istədiyini bildirdilər. Mən bir yoldaşımla getdim. Biz qatarın durduğu yerə yaxınlaşarkən bir dəstə əsgərlə qarşılaşdıq. Rus əsgərlərinin vəziyyəti çox pərişan idi. Onlar bizim ətrafımıza toplaşaraq “Lənət olsun, biz bu silahları verməyə çoxdan razıyıq. Artıq yetər, biz öz evimizə sağ-salamat getmək istəyirik” deyirdilər.

Vaqonları keçərək korpus komandanının olduğu vaqona gəldik. Ancaq yolda qorxunc bir mənzərə ilə qarşılaşdıq. Vaqonlarda saysız-hesabsız yaralı var idi. Bir də yollarda kəndlilərimiz tərəfindən vurulan əsgərlərin meyitlərini odun kimi vaqon aralarına düzmüşdülər. Bizi bir vaqona mindirdilər. Vaqon teleqraf tellərinə bir tellə bağlı idi. Görünür, onlar ya Tiflislə, ya da Bakı ilə danışırdılar. Biz içəri girən kimi danışığı kəsdilər. Vaqon içində ayaq tərəfdə əmrə hazır bir neçə əsgər durmuşdu. Gənc və tək ulduzlu bir ehtiyat zabiti bizə özünü korpus komandanı Vasilyev deyə təqdim etdi. Daşıdığı rozettdən hüquqçu olduğu məlum idi. Biz komandanın gənc olmasına təəccüblənmədik, çünki artıq rus əsgərlərinin maaşa qulluq edən zabitlərini çoxdan özlərindən uzaqlaşdırmışdılar. Komandan bizdən kimlər olduğunu soruşdu. Milli Komitə üzvü olduğumuzu söylədik. Vasilyev bizə “vəziyyəti bir-birimizə izah etməyə ehtiyac görmürəm. Rus idarəsinin süqutundan bəri anarxiya qasırğası hər tərəfi bürüməkdədir. Bütün bu gördüklərimiz anarxiyanın nəticələridir” dedi. Mən ona cavab olaraq “Biz anarxiyanı beşikdə boğduq. Milli qüvvələrimiz milli nizam-intizama sadiq olmaqla milli rəhbərlərimizin əmrlərinə tabedirlər. Buraya qədər gördükləriniz anarxiya deyil, xalqımızın əsgərlərinizin vəhşi hərəkətlərinə haqlı etirazdır. Siz iki aydan bəri bu ölkədən quş uçmaz, karvan keçməz olduğunu hələ öyrənmədinizmi? Siz nəyə güvənərək yola çıxdınız? Bu gün siz burada bir korpusunuz və qarşınızda heç bir şəkildə hərbi təlim-tərbiyə görməmiş xalq qüvvələri mövcuddur. Hər halda ən böyük qüvvənin xalq qüvvəsi olduğunu bilirsiniz. Hələ o xalq türk xalqıdır və qarşısındakı rus əsgərlərinin heç bir mərkəzə tabe olmadıqlarını da bilsələr vəziyyət tamamilə dəyişər. Bu vəziyyətdə sizə təslim olmaqdan başqa bir çarə qalmır” dedim.

Rus əsgərləri sözümü dinləyərək təslim oldular və silahları alındıqdan sonra yenidən vaqonlara doldurularaq Rusiyaya göndərildilər.
Artıq Gürcüstan tərəfdən rus əsgərlərinin gəlməyəcəkləri qənaətinə gəlmişdik. Ancaq, daima həmişə olduğu kimi təhlükəni Şimaldan gözləyirdik. Azərbaycanın qəlbi və mərkəzi Bakı rus və erməni əsgərlərinin işğalı altında idi. Bakını düşməndən təmizləmək lazım idi. Ancaq, bu xalq qüvvələri ilə başa gələcək iş deyildi.

Vəziyyətə bir çarə arayan Milli Komitə Gəncədə bir toplantı keçirdi. Toplantıya Milli Komitə üzvlərindən başqa şəhərin adlı-sanlı üzvləri də dəvət edilmişdilər. Bu tarixi toplantını açan Nəsib bəy vəziyyəti izah etdikdən sonra nitqini bu cümlələrlə bitirdi. “Xalqın içindən toplanmış xalq qüvvələrinin gördüyü işlər xalqın gözünün qabağında cərəyan etmişdi. Hər hərəkətimiz zəfərlə nəticələnmişdi. Ancaq bu qəhrəman hərəkatlar nəticəni əldə etməkdən çox uzaqdır. Bu dəfə Azərbaycanın mərkəzi Bakı düşməndən təmizlənməlidir. Əslində başsız bədən olmaz və yaşaya bilməz. Gerçək olaraq böyük bir yardıma ehtiyacı vardır və bu yardımı da bizə ancaq Osmanlı İmperiyası edə bilər. Burada Osmanlı imperiyasına bir səlahiyyətli nümayəndə heyətinin göndərilməsini və hərbi yardım istənilməsini qərara alaq”. Nəsib bəyin bu sözləri sürəkli alqışlarla qarşılandı. Bu təşəbbüsün nəticəsinin müsbət olacağına bütün toplantı iştirakçıları inanmışdılar. Osmanlı İmperiyasına nümayəndə göndərilməsi üçün Milli Komitəyə tam səlahiyyət verildi. Ertəsi gün Milli Komitə rəisi mərhum Nəsib bəy məni yanına çağırtdırdı. Nəsib bəy məni Milli Komitə binasındakı otağında qəbul etdi və sözünə belə başladı: “Nağı, bilirsən ki, böyük toplantı Osmanlı dövlətinə bir nümayəndə heyəti göndərmək üçün tam səlahiyyət verdi. Bu ağır və təhlükəli vəziyyəti səndən başqa heç kəsə tapşıra bilmərəm. Hər tərəfdə anarxiyadır və cəbhələr rus əsgərləri ilə doludur. Hərəkət etdiyin andan etibarən səndən heç bir şəkildə xəbər ala bilməyəcəyik. Sağ qalıb-qalmayacağın haqqında da heç nə bilməyəcəyik. Ancaq sənə güvənirəm və düşmənə asanlıqla baş əyməyəcəyinə inanıram. Hüsaməddin bəy də çoxdandır ki, Türkiyəyə getmək istəyirdi. Mən isə ona mane olurdum. Onunla bir xeyli söhbət etdim və razı qaldım. Hüsaməddin bəy də səninlə gedəcək. O, sərhədi keçəndən sonra sənə hər cür yardım edəcək. O, bizim kömək istədiyimiz Osmanlı İmperiyasının bir zabitidir. Hüsaməddin bəy xalqımızı gördü və görülən bütün işləri bilir. Orada Türk ordusuna bir raport verəcək. Bizi dəstəkləyəcəyinizə əminəm”. Nəsib bəy üzümə baxır və məndən cavab gözləyirdi. Ona “Nəsib bəy, vəzifə milli müqəddəsdir. Yalnız düşmənə deyil, əcəl ilə pəncələşib vəzifəmi yerinə yetirmədən Allahın Əzrailinə də can vermərəm. Buna əmin ola bilərsiniz” dedim. Nəsib bəydən sonra Hüsaməddin bəylə də görüşdüm və ikilikdə hərəkət etməyə hazırlaşmağa başladıq. Ancaq, hərəkətimizi çox gizli apardığımızdan heç kimlə vidalaşmırdıq. Tamamlanacaq bir işim qalmamışdı. Son olaraq Müzəffər bəyin yanına gedərək vəziyyəti anlatdım və Hüsaməddin bəy ilə birlikdə getdiyimizi söylədim. Bizə veriləcək şifrəsi olub-olmadığını soruşdum. Müzəffər bəy çox uzun bir şifrəsi olduğunu, ancaq ertəsi gün gəlib götürməmi xahiş etdi. Ertəsi gün gedib həmin şifrələri aldım.

Gedəcəyimi bir də anama söyləmək lazım gəlirdi. Axşam erkəndən evə getdim. Anam məni görəndə çox sevindi: “Oğlum, necə oldu ki, evə belə tez gələ bildin?” deyə soruşdu. Anam haqlı idi. Heç vaxt gecə yarıdan əvvəl evə gəlməzdim. Həyatımda ən çətin bir sual qarşısında qalırdım. Məsələni anama necə anladacaqdım. Onun sevincli üzünü necə kədərləndirəcəyəm? Uzun müddət üzünə baxdım və üzərimə aldığım vəzifənin müqəddəsliyindən cəsarət alaraq: “Ana, bu axşam bərabər yemək yeyəcəyik. Gecə də sənin otağında yatacağam. Sabah uzun bir səfərə çıxıram. İnşaallah, sağ-salamat qayıdıb gələrəm” dedim. Daha sonra anama bu vəzifənin mənə Nəsib bəy tərəfindən verildiyini anlatdım. Anam ağlayaraq “Yox oğlum, mən sənə icazə verə bilmərəm. Əgər məni eşitməyib getsən südümü halal etmərəm. Oğul, sən heç düşündünmü? Evdən bayıra, küçəyə çıxmaq da təhlükəlidir. Sən necə erməni və rus əsgərləri ilə dolu şəhərləri, cəbhələri keçib Türkiyəyə gedə biləcəksən. Bu həqiqətdə ölümə getməkdir. Mən necə razı ola bilərəm” deyirdi. Cavab verməyin çətin olduğuna baxmayaraq özümü topladım və “Ana, qərarım qətidir. Bu qərarımdan məni heç bir qüvvə döndərə bilməz. Sən mətin ol və mənə dua et. İnşaallah sağ-salamat qayıdaram” cavabını verdim. Ertəsi gün Milli Komitəyə getdim. Etimadnaməni imzalatdırıb möhürlətdirdikdən sonra aldım. Vidalaşma zamanı Nəsib bəy mənə “Nağı, sən İstiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat və de ki: Millətimiz müstəqil yaşamağı qarşısına məqsəd qoymuşdur və bu yolda hər cür fədakarlığı etmişdir. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarılmış vəziyyətdədir. Onlar zəif yerimiz olan hərbi gücümüzü qüvvətləndirsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar və istiqlalımızı elan etməmizə kömək etsinlər. Ancaq, bizi özlərinə ilhaq etmək istəsələr gəlməsinlər. Biz öz düşmənlərimizlə birtəhər hesablaşıb başımıza çarə qılarıq” dedi. Axşam yoldaşlar Hüsaməddin bəylə mənə axşam yeməyi verəcəkdilər. Bütün yoldaşlar şair Əhməd Cavadın gəlməsini gözləyirdi. Milli Komitənin baş katibi olan şair Əhməd Cavad bir az sonra Nəsib bəylə birlikdə gəldilər. Gecə yarısına qədər yeyib-içdik, söhbət etdik və öpüşüb ayrıldıq.

 

TÜRKİYƏNİN YARDIMINI TƏMİN ETMƏK

Hüsaməddin bəylə mən stansiyaya gəldik. Səfərimiz gizli olduğundan heç kim bizi yola salmağa gəlməmişdi. 1918-ci ilin yanvar ayı idi. Dostlarımızı, xalqımızı, ölkəmizi təhlükələr içərisində qoyub qatara mindik və Tiflisə yola düşdük. Sabah saat 8-də Tiflisə çatdıq və Xeyriyyə Cəmiyyətinə getdik. Cəmiyyətin rəisi doktor Xosrov bəylə görüşüb məqsədimizi bildirdik. Bizə Xeyriyyə Cəmiyyətinin üzvü olmağımıza dair sənəd verdi. Artıq bizim bu vəsiqələrlə bütün Qafqaz cəbhəsini dolaşmaq səlahiyyətimiz vardı. Vəsiqələri aldıqdan sonra Xosrov bəylə vidalaşıb Batuma hərəkət etmək üçün stansiyaya gəldik. Ancaq, nə bilet almaq, nə də Batuma getmək imkanı var idi. Çünki, rus əsgərləri üçün Azərbaycan yolu ilə Rusiyaya getmək təhlükəli olduğundan Batum yolu ilə getməkdə idilər. Batuma hərəkət edən qatarlara mülki şəxslərin minməsinə icazə verilmirdi. Belə bir çətin vəziyyət qarşısında qohumum Kazımı axtardım. Kazım dəmiryolu müfəttişi idi və Tiflisdə Azərbaycan xalqını təmsil edirdi. Vəziyyəti ona anlatdım. Kazım getdi və bir saatdan sonra gəldi. Bizə gülə-gülə “Sizin üçün qatara kiçik bir vaqon qoşdurdum. Mən də sizinlə bərabər Batuma qədər gedəcəyəm. Ancaq, stansiyalarda pəncərələrin qabağında oturmayın. Qatar hərəkət etdikdən pəncərə önündə otura bilərsiniz. Vaqon isə özümün işim üçün Batuma gedirəm deyə ala bildim” dedi. Yolboyundakı stansiyalarda qatar durunca biz vaqonun içərisində bardaş qurub oturduq. Beləliklə, çox rahat şəkildə Batuma gəlib çatdıq.

Batumda da rus əsgərlərinin əlindən tərpənmək olmurdu. Qatarla gələn rus əsgərləri paroxodların azlığından günlərlə Batumda qalmalı olurdular. Şəhər anarxiya içində idi və küçələrdə rus əsgərləri veyil-veyil gəzirdilər. Azacıq şübhələndikləri əsgərin zabit olub-olmadığını yoxlayırdılar. Zabitlər də qorxularından əsgər paltarı geyinmişdilər. Biz çox çətinliklə bunların arasından keçərək bir mehmanxanaya girə bildik. Əşyalarımızı bir otaqda yerləşdirib bayıra çıxdıq və bir yeməkxanaya gedərək yemək yedik. Mehmanxanaya dönərkən mehmanxana sahibi işıqları yandırmağı məsləhət gördü və işığı yanmayan otaqların rus əsgərləri tərəfindən alına biləcəyini söylədi. Mehmanxana sahibinə sabah səhər yeməyinə pul verdik və təzədən yatdıq. Sabah səhər yemək yeyərkən qapı döyüldü və içəri yeddi-səkkiz rus əsgəri girdi və zabit axtardıqlarını söylədilər. Hüsaməddin bəyin əynindəki dəri pencəyin çiynində epolet yeri axtardılar. Daha sonra axtardıqlarını tapa bilməyib çıxıb getdilər. Biz Kazımı Tiflisə qayıtmaq üçün stansiyaya qoyub Batum Xeyriyyə Cəmiyyətinin sədri doktor Mahmud bəyin yanına getdik. Məqsədimizi anlatdıqdan sonra bizi təhlükəsiz bir yolla Türkiyəyə keçirilməsini xahiş etdik. Sonra birlikdə doktorun evinə gəldik. Evdə Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının mühərrirlərindən Axıskalı Ömər Faiq bəylə görüşüb tanış olduq. Doktor onun da Türkiyəyə getmək istədiyini bizə əvvəl söyləmişdi. Biz doktorun evində çay içib söhbət edərkən, qapının zəngi çalındı və içəri bir şəxs girdi. Doktor hörmətlə qarşılayıb bizə də təqdim etdiyi bu şəxs əslən Qiresinlu olub Batumda tütün ticarəti edirmiş. Adı Bünyatoğlu idi. Doktor bizi Xeyriyyə Cəmiyyətinin üzvləri kimi təqdim etdi. Bünyadoğlu doktora “Mahmud bəy, sizdən xahişə gəldim. Bəlkə siz də eşitmisiniz. Trabzon tərəfindəki Türk çeteləri Rum kəndlərinə hücum edirlər. Rumlar da mallarını, kəndlərini buraxıb Trabzona doğru qaçırlar. Biz bu vəziyyəti Tiflisdə olan rus hərbi komendantına da bildirdik.

Trabzona bir nümayəndə heyəti göndərərək təhqiqat aparıb nəticəni də onlara bildirəcəyik. Göndərəcəyimiz bu heyətə Xeyriyyə Cəmiyyətinin iki nəfərini də daxil edilməsini təmin etmənizi xahiş edəcəyəm” dedi. Bundan sonra doktor Mahmud bəy bizim üzümüzə baxdı və biz də “bəli Mahmud bəy əgər əmr etsəniz gedərik” dedik. Bünyadoğlu Tiflisdə Xeyriyyə Cəmiyyətindən aldığımız vəsiqələrin nömrələrini və adlarımızı dəftərinə qeyd edərək ertəsi gün Trabzona gedəcək paroxod ilə hərəkət edəcəyimizi söylədi. Ertəsi gün mindiyimiz paroxodda Bünyadoğlu bizi rum heyəti ilə tanış etdi. Hamısından böyük hörmət gördük. Arada bir göyərtəyə çıxırdım. Bu zaman orada bir neçə erməni gənci gördüm. Bunların erməni olduqlarını üzlərindən və rus dilini danışdıqları zaman tələffüzlərindən hiss etmişdim. Bunların haraya getdiklərini öyrənmək üçün yanlarına yaxınlaşıb danışıqlarını dinləməyə başladım. Siyasi mövzularda söhbət edən bu gənclərdən ikisi erməni, digəri isə gürcü idi. Gürcü növbə ilə danışan erməniləri dinləyirdi. Ermənilərdən biri “Rusiyanın müharibədən çıxması bizim planlarımızı alt-üst etdi. Ancaq, ümidimizi itirməmişik. Bütün dünyada hamı Anqlo-Saksonların müharibədə qələbə çalacaqlarını, Almaniyanın və Osmanlı dövlətinin isə məğlub olacağı qənaətindədir. Təbii ki, müharibənin sonunda Avropa dövlətləri Türkiyəni parçalayacaqlar. Biz erməni və gürcülər o zamana qədər hazırlaşaraq əl-ələ verməliyik. Ermənilərin və gürcülərin də Türkiyədən alacaqları torpaqlar vardır. Bu müharibədə Avropa ölkələri bizə kömək edəcəklər. Biz ermənilər düşündüyümüz bu planı Tiflisdə siz gürcülərə də bildirdik. Ayrıca Pontusçu rumlar ilə də razılaşdıq. Trabzon və ətrafını Türkiyədən təmizləyərək rumlara verəcəyik. Onlar da bu bölgədə Pontus dövləti quracaqdılar. Böyük Avropa dövlətləri onlara yardım edəcəklərinə söz vermişdilər. Bütün bu planın tətbiq olunması və yerinə yetirilməsi üçün məşhur erməni fədaisi İqranyan da təlimatlandırılmışdır” deyirdi. Bütün bu eşitdiklərimi Hüsaməddin bəyə də anlatdım.

Paroxodumuz Trabzon limanına yanaşıb dayandı. Limanda bizi qarşılayan rumlarla birlikdə Mitropolitxanaya getdik. Rumlarla dolu olan Mitropolitxanada bizi bir salona gətirdilər. İçəridə rumların adlı-sanlı şəxslərindən 30-40 nəfər var idi. Mitropolit bizim rum dilində bilmədiyimiz üzündən Türkcə danışacağını söylədikdən sonra sözü vəkil olduğunu anladığımız bir ruma verdi. Vəkil çıxışında bu sözləri söylədi: “Möhtərəm qonaqlarımız siz Trabzona gec gəldiniz və rum xalqının pərişan halını görmədiniz. Vəziyyəti sizə anlatdım. Sabah xalqımın qaz çeteçilərindən çəkdiklərini öz gözlərinizlə görəcəksiniz. Gördükdən və müəyyən qənaətə gəldikdən sonra birlikdə bir raport hazırlayıb və imzalayıb Qafqaz Seyminə bildirək” dedi. Vəkildən söz alıb danışan şəxs “Əfəndilər bu torpaqlar Osmanlı dövlətinə aiddir. Ruslar bu torpaqları işğal etmişdilər və indi də çəkilib getdiklərinə görə Türklərin bu yerləri geri almağa haqları vardır. Ancaq, Rum kəndlərinə girənlər Osmanlı hərbi qüvvələri deyil, çeteçilərdir. Törədilən bütün vəhşilikləri çeteçilər edirlər. Türklər heç bir zaman kəndlərə girib deyilən vəhşilikləri etməzlər, buna inanırıq” dedi. Bu şəxsdən sonra mən söz alaraq Rusiyada baş verən inqilabdan bəhs etdim və sözlərimə davamla “Rusiyada bu gün anarxiya hökm sürməkdədir. Hərbi və mülki idarələr dağılmışdır. Rusiyanın heç bir tərəfi mərkəzi hökumətə tabe olmur, sosialist cərəyanlar bir-birləri ilə çarpışmaqdadır. Rusiyada yaşayan qeyri-rus millətlər də mərkəzdən ayrılıb müstəqil dövlət qurma ərəfəsindədirlər. Məncə tədqiqatımızı başa vurduqdan sonra Osmanlı dövləti və ordusu ilə də görüşməliyik. Onlara bir heyət göndərərək vəziyyəti onlara da anlatmalıyıq” dedim. Sözlərim oradakıların heç birinin xoşuna gəlməmişdi. Hələ Ellen komitəsinin rəisi Nikola əfəndi çox hiddətli bir şəkildə bu çıxışı etdi və mənə “Əfəndi, Osmanlı dövləti və ordusu ilə əlaqə saxlamağa səlahiyyətimiz yoxdur. Biz ancaq Tiflis “Krayevoysiyez”in istədiyi raportu verməliyik. Hələlik siz sabaha qədər istirahət edin. Sabah sizə rum kənd və kəndlilərinin halını göstərəcəyik” dedi. Nikola əfəndinin çıxışından sonra iclas bitdi. Biz içəridə dörd nəfər qaldıq: Mitropolit, Hüsaməddin bəy, bir rum və mən. Mitropolit ruma tərəf dönərək bizim istirahətimizin təmini ilə məşğul olmasını və ertəsi gün səhər tezdən də bizimlə birgə olmasını tapşırdı. Rumun bayıra çıxmasından sonra Mitropolit bizə “Əfəndilər mən Almaniyada təhsil aldım. Həm almanların, həm də Türklərin dostuyam. Eyni zamanda Türk orduları komandanı Vahab Paşa ilə də xoş münasibətdəyəm. Dünən ondan bir məktub aldım. Rusların qoyub getdikləri ərzaq və sairlərin mühafizə edilməsini xahiş edir. Ancaq, siyasi vəziyyət bambaşqadır. Erməni mücahidi Tiqranyan buraya 400 nəfər dəstəsi ilə gələrək bizim rum gəncləri ilə anlaşaraq Trabzon ətrafındakı bütün Türk kəndlərini dağıdıb bütün xalqını da məhv etmək istəyirlər. Onlar bununla da mərkəz Trabzon olmaqla rumların Pontus hökuməti qurmalarını təmin edəcəklər. Bu səbəbdən də sizin Osmanlı hökuməti ilə əlaqə yaratma və nümayəndə heyəti göndərmə təklifimiz xoş qarşılandı”. Mitropolit daha sonra Vahab Paşanın göndərmiş olduğu məktubu bizə göndərdi. Məktubu oxuyan Hüsaməddin bəy Vahab Paşanı yaxşı tanıdığını, hələ hərbi məktəbdə müdir olduğu zaman ona yavərlik etdiyini söylədi. Bundan sonra biz mitropolitə “Sabah vəzifəmizi yerinə yetirəcəyik, ancaq sonra geri qayıtmayacağıq. Əslində Türkiyəyə getmək istəyirik” dedi və bizə kömək etməyi xahiş etdi. Ayrıca olaraq İstanbulda Osmanlı hökumətinə onun Türkləri himayə etdiyini və bizə yardım göstərdiyini söyləyəcəyimizi də bildirdik. Daha sonra mitropolitlə vidalaşaraq ayrıldıq. Gecə saat 10-da qaranlıq və tənha Trabzon küçələrində addımlayırdıq.

Bir diş həkiminin evi olduğunu qapıdakı lövhədən anlaşılan yerdə durduq. Bizi müşayiət edən rum, buranın, oğlunun evi olduğunu dedi və qapını döydü. Rum qapıya çıxan şəxsə Türkcə “Bu iki qonaqdan biri sizdə, biri də bizdə istirahət edəcək” dedi. O gecə mən diş həkiminin evində qaldım. Mənə çox hörmət etdilər. Bizim Xeyriyyə Cəmiyyətinin üzvləri olduğumuzu, rum nümayəndə heyəti ilə Batumdan gəldiyimizi bilirdilər. Söhbət etməyə başladıq. Diş həkimi şübhəli və ümidsiz bir şəkildə “Baxarıq vəziyyət nə olacaq” dedi. Mən də “İnşaallah yaxşı olar” dedim. Həkimin xanımı “Mənim də ümidim yox. Bunları yola gətirmək çətin və imkansızdır. Bir Türk atalar sözü vardır: “Heyvanlarda qaz, insanlarda laz.” Bunlar islah olunmaz” deyirdi. Ertəsi gün mitropolitxanəyə gəldik. Orada bizi gözləyən faytona Hüsaməddin bəy, mən və Ellet Komitəsi rəisi Nikola mindik. Nikola əfəndi bizi Türk çeteçilərinin olduğu yerə aparacaqdı. Faytonla hərəkət etdik. Nikola əfəndi bizə yol boyundakı rum kəndlərinin vəziyyətini göstərir, Türkcə suallar verir və kəndlilər də cavab verirdilər. Biz yol boyunca rum camaatının Trabzona tərəf getdiyini görürdük. Biz onlardan nə üçün kəndlərini tərk etdiklərini soruşduqda cavablarında Türklərin basqınlarından qorxduqlarını bildirirdilər. Onlara “Türklər ilə bərabər yaşadınız, çalışdınız, birlikdə çiyin-çiyinə düşmənə qarşı vuruşdunuz. Osmanlı ordusu geri çəkilincə yerlərini ruslar işğal etdilər. Bəlkə əvvəllər rusların gəlişinə sevinmişdiniz. Ancaq, bir müddət sonra rus əsarətinin, rus vəhşətinin nə qədər ağır və çətin olduğunu anladınız. Türklərdən qorxmayın, onlardan qaçmayın. Türklər öz xalqına pislik etməzlər” deyirik. Ancaq, rumlar israr və gələnlərin Laz çeteləri olduqlarını və onların hər cür vəhşi hərəkət etmələrinə inanırdılar. Dayana bilməyib “Sizin kəndinizə nə etdilər?” deyə soruşdum. Rumlar isə çeteləri görmədiklərini, ancaq görsəydilər onları sağ buraxmayacaqlarını söylədilər. Mənim sözlərimin Nikola əfəndinin xoşuna gəlmədiyini hiss edirdim. Yolumuza davam edirik. Nikola əfəndiyə “Əzizim bunlar öz kölgələrindən qorxurlar qorxurlar” dedim. O heç bir cavab vermədi. Bir az sonra faytonumuz dayandı. İrəlidə dərin bir uçurum var idi. Orada olan rumlar bizə çeteçiləri göstərirlər. Biz həqiqətən uçurumun o biri tərəfindən çeteçi libasında silahlı insanlar görürdük. Nikola artıq geri qayıtmaq istəyirdi. Biz isə “Dur baxaq. Onlar ilə görüşüb kim olduqlarını müəyyənləşdirək” dedik. Ancaq, Nikola əfəndi dərəyə enməyə razı olmadı. Mən də ona “Bizi iki saat burada gözləyin. Biz İslam Xeyriyyə Cəmiyyətinin məmurlarıyıq, bizə qarşı hərəkət etməzlər” dedim. Nikola əfəndini orada qoyduq. Hüsaməddin bəylə bərabər bir ağacın ucuna cib dəsmalı bağladıq və dərəyə endik. Çeteçilərdən iki nəfər bizi qarşılamağa gəldilər. Dərənin dibində çeteçilərlə qarşılaşırıq. Salamlaşdıqdan sonra bizdən kim olduğumuzu soruşdular. Mən cavab verməyərək Hüsaməddin bəyə artıq vəzifənin sənə keçdiyini söylədim. Çeteçilər rəsmi olduqlarını və Qəhrəman bəy adında bir yüzbaşının rəhbərliyi altında olduqlarını söylədilər. Hüsaməddin bəy “Övladlarım bizi Qəhrəman bəylə görüşdürün” dedi. Bir xeyli getdikdən sonra bir kənddə Qəhrəman bəylə qarşılaşdıq. Qəhrəman bəy Hüsaməddin bəylə qohum çıxdı. Axşam yeməyinə Qəhrəman bəyin qonağı olduq. Gecə keçənə qədər biz Qafqazdan Qəhrəman bəy də bələdçinin müşayiətində Pulatxanə Limanına endik. O gecə rejissor Murad bəy adlı bir şəxsin evində qonaq qaldıq. Pulatxanədə bizi Tireboluya aparacaq bir qayıq tutdular. Dəniz çox təhlükəli idi. Fırtınalı şəraitdə Tireboluya çatdıq. Orada da bir gecə qaldıq. Tribolu Qara dəniz sahilində çox abad bir qəsəbə idi. Rusların mənfur üzvləri, kirli çəkmələri o sevimli qəsəbəni fəlakətə uğratmamışdır. Tirebolda bizdən əvvəl Batumdan gəlmiş mühərrir Ömər Faiq bəylə görüşdük. Daha sonra nahiyə müdiri vasitəsi ilə bir motorlu qayıq istədik. Qiresun valisi motorlu qayığın sabah səhər Tireboluda olacağını bildirdi. O gecəni Tireboluda keçirdik. Ertəsi gün səhər tezdən qalxaraq hazırlaşdıq. Ömər Faiq, mən və Hüsaməddin bəy Tirebolu limanına endik və motorlu qayığı gözləməyə başladıq. Hər üçümüz də sevinc içində gah söhbət edir, gah da dərin düşüncələrə qərq olurduq. Bir ara mən yuxulu kimi öz-özümə danışmağa başladım: “Əgər Türkiyənin yardımını almağa müvəffəq olsaq istiqlalımızı elan edər və müstəqil olarıq. Beləliklə, dünyada ikinci bir Türkiyə yaranmış olar.” Mən hələ sözlərimi bitirməmiş Ömər Faiq bomba kimi partladı: Sən nə söyləyirsən? Sarıqamışda on minlərlə şəhid verən Türkiyə Qafqazı işğal etməyəcəksə sizə necə istiqlal verəcək hə”. O belə bağırır, həm də məni hədələyirdi: “Sən Osmanlı dövlətinin rəhbərləri ilə görüşəcək və fikrini anladacaqsan hə. Sən zindanlarda çürüyəcəksən”. Bu sözlərdən sonra Ömər Faiq çıxıb getdi. Bu hadisədən üzülən Hüsaməddin bəy mənə “Mən hökumətin istiqlal haqqındakı fikrini bilmirəm. Ancaq sən Azərbaycan münəvvərlərinin fikrini söyləyirsən. Bu fikir və istək yalnız sənə aid deyil ki. Mən də hökumətə raport verəcəyəm və Azərbaycanda görüşdüyüm bütün münəvvərlərin hamısı eyni fikirdə olduqlarını raportumda göstərəcəyəm” dedi. Bir neçə saat sonra Ömər Faiq qəsəbədən qayıtdı və yanımıza gəldi. Ancaq, danışmırdıq. Bu zaman uzaqdan motorun səsini eşitdik. Bir az sonra motorlu qayıq gələrək körpüyə yanaşdı və bizi götürdü. Motorlu qayıqda Ömər Faiqlə üzbəüz oturduq.
Qiresuna çatarkən hökumət nümayəndələri, xalq və məktəb tələbələri bizi qarşıladılar. Qiresunun Bələdiyyə rəisi də bizə bir ziyafət verdi. Ertəsi gün hazırladıqları atlarla yola çıxdıq və at belində keçən bir neçə günlük yolçuluqdan sonra da Qafqaz Cəbhəsi qərargahının yerləşdiyi Suşehrinə yaxınlaşdıq. Onlarla birlikdə ordu qərargahına gəldik. Bu zaman mənim sevincimin həddi-hüdudu yox idi. Birnəfəsə ordu komandanına söyləyəcəklərimi düşünürdüm. İlk öncə Qafqazda rus ordu qüvvələrinin, rus çar idarə-üsulunun qalmadığını bildirəcəyəm. Nə qədər məmnun olacaqlarını düşündükcə sevincim bir neçə qat da artırdı. Nəhayət növbə ordu komandanı Vahab Paşa ilə görüşməyimizə gəldi. Paşanın duruşu, baxışı, çevikliyi, əzəməti və ədası məni məftun edirdi. Vahab Paşa danışmağa başladı. O danışır mən dinləyirdim. Ancaq, dinlədikcə də sevincim yox olur və qulaqlarıma inanmırdım. Kefimin pozulmasına əhəmiyyət vermirəm. Həyatımda kim bu sözləri mənə söyləməyə cəsarət edə bilərdi. Əziz oxucularım anladanda siz də təəccüblənəcəksiniz: Vahab Paşa “Mən bir neçə ildir Qafqaz cəbhəsi komandanıyam. Qafqazlıları tədqiq edib öyrəndim. Siz qafqazlılar da, biz albaniyalılar kimi təmizliyi sevirsiniz. Bu pis Türk nəfərlərini həm də bu görkəmdə Qafqaza göndərə bilmərəm” deyir. Məni elə bil ildırım vurdu, heç bir cavab vermədim. Alban, bu söz mənə o qədər yad deyil. Ancaq, yer üzündə alban deyilən bir millətin varlığından xəbərdar deyiləm. Çünki, rus məktəbində oxumuşdum. Osmanlı tarixi də qısa olaraq keçilirdi. Kiçik bir millət olan albanlardan isə bəhs olunmamışdı. Ancaq, Balkan müharibəsini izlədiyimdən müharibə əsnasında İşkodrada Əsəd Paşa adlı bir diviziya komandiri olan albanın Osmanlı dövlətinə qarşı üsyan etdiyini rus qəzetlərində oxumuşdum.

Mən Vahab Paşa ilə görüşərkən Ömər Faiq də yanımda idi. Vahab Paşa Hüsaməddin bəylə ayrıca görüşmüşdür. Ertəsi gün hərəkət edəcəyimiz zaman Hüsaməddin bəyin paşa tərəfindən saxlanıldığını öyrəndik. Hüsaməddin bəylə bir xeyli müddət görüşə bilmədik. Görüşərkən bir-birimizə sarılaraq öpüşdük. Hüsaməddin bəyə dərdimi danışmaq üçün fürsət tapa bilmədim. Ömər Faiqlə isə danışmırdıq. Ancaq, hərəkətlərindən onun da bu işə mənim qədər sıxıldığını anlayırdım. Vahab Paşa Baş komandan olan Ənvər paşadan bizi bir an əvvəl İstanbula yola salmaq əmri almışdı. Bizi araba ilə Sivasa, oradan da avtomobillə Uluqışlaya qatara çatdırdılar. Yol uzunu biz iki yolçu bir-birimizə nifrət edirdik. İki küsmüş məmur kimi rəsmi danışırdıq. Ancaq, hər ikimiz də bizimlə təmasda olanlara bu incikliyimizi hiss etdirmirdik. Qatarlar kömür olmadığından odunla işləyirdi. Bu da onların sürətlərinin zəif olmasına səbəb olurdu.

Uluqışladan Konyaya getdik. Konya stansiyasında bizi vali və “İttihat və Tərəqqi”nin məşhur şəxslərdən Müammar bəy qarşıladı. Bizi şəhərə apararaq gəzdirdilər. Həzrəti Mövlanayı ziyarət etdik. Məktəbləri dolaşdıq. Bələdiyyə rəisi bizə bir ziyafət verdi. Daha sonra bizi stansiyaya qədər ötürdülər.

Konyadan qatarla Karahisara gəldik. Qatar dayandı, günəşli bir gün idi. Karahisar şəhərinin mənzərəsi məni çox cəlb etdi. Stansiya müdirindən qatarın burada nə qədər dayanacağını soruşdum. “Hər halda üç saatdan az deyil. Nə üçün soruşdunuz. Əcaba” dedi müdir. Mən də “Qəsəbəyə getmək istəyirəm. Bura mənim çox xoşuma gəldi” dedim. Qəsəbə stansiyaya çox yaxın idi. Gedib qəsəbəni gəzdim. Müharibə illərində Qafqaza Türkiyədən quru yemiş gətirilməmişdi. Çox gözəl bir şəkildə düzülmüş əncirləri görüb qibtə etdim. Baqqala yaxınlaşaraq mənə bir az əncir verməsini söylədim. Ancaq, baqqalın nə qədər istədiyini soruşması qarşısında çaşdım. Bir az verməsini söylədim. Mənə “Bir kilo verimmi?” deyə soruşdu. O vaxt kilo yerinə okka işlənirdi. Mən də verilməsini söylədim. Bir kiloya xeyli əncir düşmüşdü. Ancaq, zərəri olmadığını düşündüm. Yolda çoxlu əsgər var idi. Onlarla bölüşdürməyi nəzərdə tuturdum. Türkiyədəki ölçüləri bilmədiyim kimi pulun növlərini də bilmirdim. Bildiyim yalnız kağız lirə idi. Lirəni baqqala uzatdım. Lirəni alan baqqal yabançı olduğumu anladığından mənə “Baxın bu kağız lirə beş məcidiyyədir. (köhnə söz. Türkiyədə 20 quruşluq gümüş pul, C. Q., M. Ə.) dedi və mənə dörd ədəd kağız pul verdi. (Dörd küncündə 20 yazılı). Baqqal sözlərinə davam edərək “Bunlar da bir məcidiyyə. Bir məcidiyyə də əncir. Hesabımız tamam.” dedi. Baqqaldan ayrıldım. Yolda ölçülərdən okkayı, pul növlərindən də məcidiyyəni öyrəndim deyə düşünürdüm.

Yolumuza davam edərək şəklini gördüyümüz özünün həsrətini çəkdiyimiz İstanbula – Heydər Paşa stansiyasına gəldik. Mən İstanbulu ilk dəfə görürdüm. Ömər Faiq isə İstanbulda olmuş və hər tərəfini yaxşı tanıyırdı. Qatar dayandı. Ömər Faiq və mən qatardan düşüb körpüyə endik. O, ildırım sürəti ilə iki bilet aldı və paroxoda mindik və o biri tərəfə keçib körpüyə çıxdıq. Sonra bir faytona minərək Meserret mehmanxanasına gəldik. Kiçik əl çantalarımızı mehmanxanada qoyaraq bazara getdik. Ömər Faiq bizə nə lazım olduğunu söyləyərək bir bağlama düzəldilməsini sifariş etdi. Məmurlar bizdən pasportlarımızı göstərməyi xahiş edirlər. Biz də göstəririk. Bu zaman mağaza müdiri bizə yaxınlaşaraq pasportumuza baxır və bizə “Əfəndim biz burada malları sənədlə satırıq. Onun üçün də məmurlar sizdən sənəd göstərməyi xahiş etdilər. Siz bu dövlətin, millətin qonağısınız, nə əmr etsəniz verərik” deyir. Daha sonra bizə lazım olan əşyaları yığıb bağladılar. Pulunu soruşduq. Müdir təkrar müdaxilə etdi və “Biz sizdən pul almayacağıq” dedi. Nə qədər israr etdiksə də fayda vermədi, yəni pul almadılar.

Biz bu yarım ay müddətində təmizlənməyə imkan tapmamışdıq. Boş vaxtımızdan dərhal istifadə edib hamama getdik və sonra yenə mehmanxanaya qayıtdıq. Mehmanxanaya gələndə artıq bizi ümumi işlər müdirinin müavini Əsəd bəy (sabiq Amasiya vəkili) gözləyirdi. O, bizə “Əfəndim biz Sizi Heydər Paşada qarşılamağa getdik, ancaq sizi tapa bilmədik. Bu mehmanxanada olduğunuzu öyrənərək dalınızca gəldik. Sizin üçün “Pera Palas” mehmanxanasında otaq hazırlanmışdır, oraya gedəcəyik” dedi. Onunla birgə “Para Palas” mehmanxanasına getdik. Əsəd bəy bizə axşam saat beşdə sizi Babi Alidə Baş nazir həzrətləri ilə görüşdürmək üçün gəlib aparacağını söylədi və getdi. Saat hələ iki idi. Ömər Faiqlə danışmadığımdan bizə ayrılan otaqda oturub dərin düşüncələrə dalıram: “Demək saat beşdə Tələt Paşa ilə görüşərək vəzifəmi yerinə yetirəcəyəm. Mənim üçün heç bir mane yox idi.” Ömər Faiq qəzet oxuyurdu. Saat dördün yarısı. Vaxt yaxınlaşır. Mən yerimdən qalxaraq Ömər Faiq bəyə yaxınlaşıb “Faiq bəy, bir az sonra sizinlə birlikdə Osmanlı dövlətinin Baş naziri ilə görüşməyə gedəcəyik. Bilirsiniz ki, sizin vətəniniz Ahıskadır. Sizinlə bizim aramızda Gürcüstan vardır. Gərək Gürcüstandan o tərəfə keçməyəsiniz. Ora Azərbaycandır və sizin ölkənizlə heç bir əlaqəsi yoxdur. Ora haqqında söz söyləmək yalnız mənim səlahiyyətim daxilindədir. Bir-birimizi başa düşməməyimizə burada son qoyaq. Mənim söyləyəcəyim sözlərin məsuliyyəti mənə aiddir” deyirəm. Ömər Faiq bu sözlərimə heç bir cavab vermir. Daha sonra Əsəd bəylə birlikdə Babi Aliyə gəlirik və düz saat beşdə də Tələt Paşanın kabinetinə giririk. Sevincim və həyəcanım bir-birinə qarışmışdı. Kabinet böyük bir otaqdan ibarətdir. Baş tərəfdə böyük bir masa vardı. Tələt Paşa masanın arxasında oturmuşdu. Sağ tərəfində Ənvər Paşa, sol tərəfində isə Xəlil bəy (Menteşe) oturmuşdu. Masanın qabağında iki boş stul var idi. Biz masaya yaxınlaşıb görüşür və otururuq. Mən etimadnaməmi çıxarıb Tələt Paşaya verdim. Aldı oxudu və möhürdəki ay-ulduzun gözəlliyindən çox məmnun qalaraq etimadnaməni Ənvər Paşaya və Xəlil bəyə göstərərək “Möhürdəki ay-ulduzun gözəlliyinə baxın” dedi. Mən sözə başladım “Əziz Paşalarım, Azərbaycan xalqı 100 ildir rus hakimiyyətinin zülmü altında inləməkdə idi. Qafqaz Rusiya tərəfindən işğal olunarkən səkkiz xanlığın xalqı olan Azərbaycanlılar, yəni dini bir, dil bir, adət və ənənələri bir olan millətimiz Türk millətidir. Millətimiz rus hakimiyyətinə qarşı gecəli-gündüzlü hər fədakarlığa qatlaşaraq çalışdılar. Bu çalışmaların rus çarlığının devrilməsində böyük rolu olmuşdur. Qafqazda başsız qalan rus ordusu pərişan halda idi. Millətimizin silahlı qüvvələrinin hücumuna, təzyiqinə dözə bilmədilər. Onlar az bir vaxtda silahlarını ataraq çəkildilər. Azərbaycanın hər tərəfində xalqı idarə edə biləcək milli komitələr quruldu. Artıq anarxiyadan heç bir əsər-əlamət qalmadı. Ancaq bu gün üçün yaxşı olan bu vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, ictimai vəziyyətimiz, imanımız, mədəniyyətimiz hər sahədə rus millətindən qat-qat üstün olduğu halda Azərbaycan Türklərinin istiqbalı qaranlıq görünür. Müstəqil yaşamağa öyrənmiş millətimizin böyük bir nöqsanı vardır. Xalqımızın vaxtı ilə hərbi təlim və tərbiyədən məhrum edilməsi və rus çarı Dəli Pyotrun vəsiyyətnaməsi gərəyincə İran və Türkiyə, Rusiya himayəsi və nüfuzu altına keçmədən Qafqazdan əsgər alınmasını əmr etməsi bu əksikliyi doğurmuşdur. Azərbaycan xalqı sizdən yardım gözləyir. Siz qardaş əlinizi bizə uzadaraq yardım edin. Müstəqil olaq. Siz bizi çəkib özünüzə qatmaq istəsəniz biz buna razı ola bilmərik. (Bu zaman mərhum Tələt Paşa salondakılara “baxın ilhakı nə gözəl Türkcə anladır” dedi.) Bizə böyük hərbi qüvvə göndərməyin. Bizə hərbi mütəxəssis və çavuş kadrları göndərin. Biz də az bir zamanda böyük hərbi qüvvə qurmağın imkanı vardır. Türk olduğumuz üçün istənilən qüvvə qanımızda mövcuddur. Xalqımızın milli qüvvətinə güvənərək az bir zamanda rusları torpağımızdan təmizləyib ata bildik. Mən sözümü bitirməmişdim. Tələt Paşa Xəlil bəyə baxaraq “Bravo Xəlil bəy” dedi və bizə tərəf dönərək “Əfəndim dünən firqə mərkəzində bu məsələni müzakirə edirdik. Xəlil bəy nəyin bahasına olursa olsun hər fədakarlığa qatlaşıb Qafqazda bir İslam dövləti qurmamız fikrini müdafiə edirdi. (Mən dərhal sözə qarışdım: Bəli, biz islamıq, ancaq Türk olduğumuzdan Milli Türk hökuməti qurulmasını düşünürük və istəyirik” dedim. Bu vəziyyətə çox məmnun olduq və “İnşaallah edəcəyik” dedik.
Danışıqlarımızın rəsmi hissəsi bitmişdi. Mən Birinci Dünya müharibəsinin ilk illərində rus mətbuatının “Osmanlı dövlətinə ən ağır zərbəni ingilis ordusundakı müsəlmanlar, xüsusilə də ərəblər vurur” deyə yazdığını söylədim və “Bu din qardaşlarımızın içində Türk mehmetciyini nişan alaraq canına qıyan bir kəs varmı?” deyə soruşdum. Bu suala Tələt Paşa belə cavab verdi: “Mən ərəblərin millətçi liderləri ilə bu məsələni müzakirə etdim və onları ərəb millətinin ingilislər tərəfində olmamasını razı saldım”. Sözə Ənvər Paşa qarışdı. “Bunlardan başqa ingilislər ərəblərə müharibənin sonunda xilafəti bizdən alıb ərəblərə verəcəklərini vəd etmişlər.” Mən “Paşam xilafəti də onlara verəydiniz” dedim. Ancaq, bu sözlərə Ənvər Paşanın çox hirsləndiyini hiss etdim. Üzü qızardı və əsəbi bir səslə “Ola bilməz, son nəfərin Xəlifə həzrətlərinin yanında şəhid olması gərək” cavabını verdi. Artıq söhbətimiz bitmişdi. Bu zaman Ömər Faiq “Paşam mən qəzetçiyəm. Azərbaycan mətbuatında çox çalışmışam. Azərbaycan Xalqı Türklüklərini qəti dərk etmiş bir millətdir. İstiqlala layiqdirlər. Güclü bir ədəbiyyata malikdirlər. Ancaq, mənim xahişim budur ki, bizim qəzamız Ahıska düz Türkiyənin sərhəddindədir. Oranın sizə ilhaq olunmasını istəyirəm” dedi. Tələt Paşa “Əmin olun Paşa həzrətləri bu arzunuzu yerinə yetirər. Sabah təşkilatı qurmağa başlayacağıq” dedi. Əziz oxucularım bunu da əlavə edim ki, Osmanlı dövləti rəhbərliyi ilə görüşən zaman mən bir dövlətin səlahiyyətli vəkili deyildim. Danışıqlarımızda heç bir etiket yox idi. Böyük Türk Millətinin bir qolu olan Azərbaycan türkləri öz qüvvələrinə dayanaraq əsarət zəncirini qırmışlar, vətənlərini düşməndən təmizləmişlər. İndi də bir övladını böyük qardaşları olan Osmanlı İmperatorluğu rəhbərliyinin yanına göndərmişdilər. Bu görüş və anlaşma iki qardaşın dərdləşməsi idi.

Qaldığımız mehmanxanaya gəldik. Sevincimin həddi-hüdudu yox idi. Ömər Faiqlə göz yaşları içində öpüşdük. Ömər Faiq lap düz yerində məni dəstəkləmişdi. Ertəsi gün hərbi Nazirliyə dəvət edildim. Nazirlikdə cənab Yavər Kazım bəylə (Kazım Orbay) ilə görüşdüm. Digər yavərlər ilə də tanış oldum. Cənab Yavər Kazım bəy məni Umur Şərqiyə Ali Baş-hamba ilə tanış etdi. Yarım saatdan sonra məni Ənvər Paşanın kabinetinə gətirdilər. Ənvər Paşa məni gülə-gülə qarşılayıb qarşısında oturtdu və “dünən verdiyiniz məlumat məni çox sevindirdi. Sevincim və nəşəm hələ davam etməkdədir. Hərbi təlim-tərbiyə görməmiş xalq qüvvələri nə müdhiş varlıq, nə yenilməz qüvvə imiş” dedi. Mən də dərhal “Bəli Paşam o xariqəni yaradan Türk millətidir. Paşam mənim verdiyim izahat Azərbaycan türkləri haqqındadır. Rusiyada 35 milyon Türk-müsəlman yaşamaqdadır. Bunlar Türkistan, İdil, Ural, Krım, Şimali Qafqaz və digər yerlərdə yaşamaqdadırlar. Bu saydığım Türk xalqları hər tərəfdə öz torpaqlarından rusları qovmuşdular. Artıq bu yerlərdə rus hərbi qüvvələri deyilən heç bir şey qalmamışdır. Ancaq, təəssüf ki, əsil rus milləti 80 milyondur. Günün birində bu millət özünü ələ alacaq və ətrafını hədələməyə başlayacaqdır. Bizim təşvişimiz bu gün üçün deyil, sabah üçündür” cavabını verdim. Ənvər Paşa “Bilirsinizmi ki, rus çarı devrildikdən sonra hakimiyyətə gələn Kerenski, müharibəni qələbəyə qədər davam etdirəcəyini bütün dünyaya elan edərək həm bizi, həm də almanları narahat etmişdir. Çar üsul-idarəsinin çürük olduğunu almanlar və biz bilirdik. Halbuki, Kerenski idarə etdiyi hökumətə deyil, 80 milyon rusa arxalanırdı” dedi. Paşa daha sonra mənə Qafqaz İslam ordusunun yaradılmağa başlandığını və bir yüksək rütbəli zabitlərlə təmin olunacağını, bunun üçün bir komissiya qurulduğunu anlatdı və “Sizin də komissiyada olmağınızı uyğun saydıq. İndi isə sizə gələcək Qafqaz İslam Ordusu komandanı şahzadə Fərux ilə tanış edəcəyəm” dedi. İçəriyə gənc bir zabit girdi. Ənvər Paşa bizi tanış etdi. Sonra birlikdə yavərin otağına keçdik. Orada da bir az söhbət etdikdən sonra ayrıldıq. Şahzadə ilə bir daha görüşə bilmədim. Daha sonra Ömər Faiqlə Məclisi Məbusana (Deputatlar məclisi – C. Q, M. Ə) getdik. Orada məclis rəisi Hacı Adil bəylə tanış olduq. Axşam Pera Palas mehmanxanasında hökumətin senzur idarəsi ilə mətbuatın anlaşması məqsədi ilə hökumət tərəfindən veriləcək axşam yeməyinə dəvət edilmişdik. Hacı Adil məndən məclis barədə fikrimi soruşdu. Mən də “Bəyəfəndi Məclisində 24 çalmalı saydım. Onların burada nə işi var?” deyə soruşdum. Hacı Adil bəy “İndi çox yaxşı vəziyyətdədir. İlk məclisimizdə 24 çalmasız tapa bilməzdiniz” dedi. Sonra mənə Qafqaz haqqında suallar verdi. Cavablarını bildiyim qədər verdim. Ən axırda isə Bakı milyoneri, xeyriyyəçi Hacı Zeynalabdin Tağını soruşdu. Ona Hacı haqqında bildiklərimi anlatdım (Təfsilatı Ankarada nəşr edilən “Azərbaycan” dərgisində verilmişdir.)

Bu zamanlar hər gün qurulacaq ordu ilə əlaqədar komissiyanın işində yaxından iştirak edərək müraciət edənləri yoxlamadan keçirdikdən sonra qeydə alırdıq. Ancaq, görüşdüyüm siyasi xadimlərdən “İttihat və Tərəqqi” Partiyasının mərkəzi qərargahında yalnız Tələt, Ənvər və Camal Paşaların Türk ordusunun Qafqaza getmələrini istədiklərini, digərlərinin isə buna razı olmadıqlarını öyrəndim. Mən demək olar ki, hər gün Ənvər Paşa ilə görüşdüm. Mən görüşümüzün birində özümü topladım və Ənvər Paşanın mənim xatirimi istədiyindən istifadə edərək dedim: “Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qazfaz Türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allah, aşağıda Ənvər Paşa. Eşitdiyimə görə sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən xahiş edirəm. Qafqaza gedəcək hərbi qüvvənin başına Nuru Paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qocaman div olan Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70%-i biz Azəri Türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca qəhrəmandır. Bir də Paşam sizin Qafqaza gedəcək hərbi qüvvələrə komandan təyin etdiyiniz şahzadəni hər axşam Pera Palas mehmanxanasının salonunda içki içib rəqs etdiyini görürəm. Qafqazda belə hərəkətləri xoşlamırlar.” Ənvər Paşa məndən “Hacı bəy, sizin orada içki içmirlərmi?” deyə soruşdu. Mən isə bu suala “İçirlər Paşam, ancaq, pivə kimi zəif alkoqollu içki olan şərab “Votka” deyilən sərt içkidən isə ruslar istifadə edirlər. Bizdə içki içərlər, ancaq sərxoş olmaq üçün deyil” cavabını verdim. Məni dinləyən Ənvər Paşa “Çox yaxşı” dedi. Sonra telefon edərək Qafqaza gedəcək zabitlərin içki içib-içmədiklərini də yoxlamasını da əmr etdi və sonra mənə “Nağı bəy, Nuru çox gəncdir, necə olar?” dedi. Mən də dərhal “Paşam, Nuru Paşanın Trablis - qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlumat ala bilmədim. Rus mətbuatı Nuru Paşadan və onun fəaliyyətlərindən uzun-uzadı bəhs edən materialları Qafqazda oxumuşdum. Və bir də Paşam sizin qardaşınız olması yetər” dedim. Ənvər Paşa “Yaxşı sabah söhbət edərik” dedi və ayrıldıq.
Ertəsi gün Hərbi Nazirliyə gələndə dərhal məni Ənvər Paşanın yanına apardılar. Ənvər Paşa həmişə olduğu kimi məni yenə də gülər üzlə qarşıladı və “Bəli Nağı bəy istədiyiniz oldu” dedi. Mən də “Paşam çox sevindim və sabah bütün Qafqaz Türkləri də sevinəcəklər” dedim. Ənvər Paşa məndən Azərbaycanda İsa Aşurbəyov adlı bir nəfəri tanıyıb-tanımadığımı soruşdu. Mən də “Çox yaxşı tanıyıram Paşam. Zəngin bir ailəyə mənsub, vətənpərvər bir şəxsdir” dedim. Ənvər Paşa ayrıca Aşurbəyovun Türkiyəli Rüşəni bəy adında bir dostu olduğu və bunların mücadilə üçün pul istədiklərini söylədi. Rüşəni bəyi tanımırdım. Ancaq, işin içinə pul məsələsi girincə iş dəyişmişdi. Ənvər Paşaya “Paşam, indi iş dəyişdi. İsa bəy bakılıdır. Bütün Qafqaz təşkilatlarının məsrəfləri Bakıdan təmin edilməkdədir. Azərbaycanda, hələ Azərbaycanın mərkəzində pul məsələsi düşünülə bilməz. İsa bəy bunu məndən yaxşı bilir. Göndərməyin, mən məsuliyyəti öz üzərimə götürürəm. Bu işdə nə isə bir anlaşılmamazlıq var” dedim. Ənvər Paşa mənim sözlərimi qəbul etdi və pul göndərilmədi. Bu zaman içəri bir Paşa girdi. Ənvər Paşa “Bax istədiyin Nuru bu” deyərək bizi tanış etdi. Nuru Paşa ilə birlikdə İslam ordusunun qərargahına gəldik.

Günlər keçir. Nuru Paşanın ştab rəisi Miralay (polkovnik – C. Q, M. Ə) Nazim bəylə birlikdə (İstiqlal Savaşı zamanı Sakaryada şəhid olmuşdur) gərgin bir şəkildə çalışır və kadrları tamamlayırdıq. Mən vəziyyətdən çox razı idim. Nuru Paşa həm özü işləyir, həm də bizi işlədirdi. Bu arada bir görüşümüz zamanı Ənvər Paşanı çox məmnun gördüm və bundan cəsarət alaraq “Paşam, sizdən Hüsaməddin bəyin rütbəsinin bir dərəcə artırılmasını xahiş edirəm” dedim. Ənvər Paşa “Nağı bəy, əsir düşən bir zabitin necə əsir düşdüyü tədqiq edilməlidir. Baxarıq günahı necədir?” dedi. Mən dərhal “Paşam, bizim orada görüşdüyümüz iş nəzərə alınmırmı? Ruslar ilə mücadiləmizdə Hüsaməddin bəyin böyük rolu vardır” dedim. İki gün sonra Ənvər Paşa məni hüzuruna çağırdı. Dərhal getdim. Gülərüzlə “Nağı bəy, Hüsaməddin bəyin raportunu aldım və çox məmnun qaldım. İstifadə edəcəyik. Özünün də rütbəsini bir dərəcəyə yüksəltdim” dedi. Sevindim və ona təşəkkür etdim. Hüsaməddin bəy raportunda general Əli Şıxlinskidən bəhs edirdi. Ənvər Paşaya “Paşam, Dünya müharibəsində biz türklərdən dörd general rus ordusunda ordu komandanı olmuşdular. Yalnız bir gürdü günüralı korpus komandanı ola bilmişdir. Türklərdən ordu komandanı Səməd bəy Mehmandarlı rus-yapon müharibəsində korpus komandanı olaraq rus ordusunun ən yüksək nişanını almışdı. İkinci general Əli ağa Şıxlinskidir. O, rus ordusunun artilleriya üzrə müfəttişi idi. Üçüncü general Xan Naxçıvanskidir. Dördüncüsü isə Xan İrəvanskidir. Bu generallar bizim ruslarla mücadiləmizdə heç bir rol oynamadılar” dedim. Qeyd komissiyasının işi davam edir, ancaq mən bu arada heç bir fikir bildirmirdim. Əslində qeyd olunanlardan heç kimi tanımırdım. Ancaq bir gün əslən Qafqazlı olan Tahir adında bir müəllimin imam olaraq orduya daxil olmaq məqsədi ilə müraciət etdiyini gördüm. Etiraz etdim və dedim ki: “Qafqaza gedən ordu deyil ki, imamı olsun. Orada müəllim əfəndilərə iş yoxdur. Çünki oradakı müəllimlərə Dünya müharibəsində iştirak etmək qadağan olunmuşdur”. Bir cümə axşamı Ənvər Paşa mənə “Nağı bəy, sabah Sultan tərəfindən qəbul ediləcəksən. Saraydan avtomobil gəlib sizi götürəcəkdir” dedi. Cümə günü deyilən vaxtı avtomobil gəlib məni Yıldız sarayına apardı. Sultan Rəşad namazda idi. Biz bir başqa otaqda söhbət edib gözləyirdik. Sultanın namazdan çıxdığını bizə xəbər verdilər. Bayıra çıxdıq. Bəhriyyə orkestri marş çalır, vəkillərlə mən də sıraya düzülmüşdük. Sultan yanında da Ənvər Paşa salam almış vəziyyətdə bizə doğru gəlirdilər. Vəkillərin hamısı fəsli olduğu halda təkcə mən gümüşü papaqla gözə çarpırdım. Düz yanımıza yaxınlaşdıqları zaman Sultan Ənvər Paşaya məni göstərərək “Bu kimdir?” deyə soruşur. Ənvər Paşa “Qafqaz vəkili Nağı bəydir” cavabını verir. Sultan mənim Türkcə bilib-bilmədiyimi soruşur və sonra yanımızdakı pilləkənlərlə yuxarı çıxaraq otağına girir. Biz də onun arxasınca pilləkənləri çıxaraq qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa gələrək mənə “Nağı bəy, Sultanın hüzuruna qəbul olunursunuz” dedi. Sultanın otağına bərabər girdik. Mən ədəblə salam verdim. Sultan məni gözləri ilə süzdü və “Demək Türkcə bilirsən” dedi. Mən də “Bəli Sultanım, mən Türkəm” dedim. Sultan mənə “Mən səni çərkəz zənn etdim” dedi. Mən dərhal “Qafqazda 5 milyon Türk vardır. Bunların içərisində çərkəzlər 200.000-ə qədərdirlər” dedim. Sultan Rəşad bu sözlərimdən məmnun olmadı və “demək zalım çar onları məhv edib tükətmiş” dedi. Sonra o, mənə anasının Çərkəz olduğunu və çərkəzləri çox sevdiyini söylədi. Mən “Sultan həzrətləri, Rusiyada 35 milyon Türk-İslam vardır. Əsrlərlə zalım rus çarlarının zülmü altında inləməkdə idilər. Allahın köməyi ilə Çarı devirərək zəncirləri qopardıq. Məni vəkil edərək müsəlmanların hörmətli xəlifəsinə salamımızı çatdır dedilər. Hamımız Sizə dua etməkdəyik” dedim. Bu sözlərimdən çox məmnun olan Sultan Ənvər Paşaya tərəf döndü və “Nağı bəyə üçüncü dərəcəli məcidiyyə verin” dedi. O zaman əncir aldığım baqqalın məcidiyyələri yadıma düşdü. Ənvər Paşa “Sultan həzrətləri, Nağı bəy və yoldaşları ruslarla çətin müharibələr apararaq onları Qafqazdan qovmuşlar. Müharibə medalının devrilməsini əmr edin” dedi. Biz bayıra çıxdıqda Ənvər Paşa əlimi sıxdı və “əmirlərə verilən üçüncü məcidiyyə nişanı ilə təltif edildiniz, təbrik edirəm” dedi. Bu zaman anladım ki, alacağım məcidiyyə deyil, məcidiyyə nişanıymış. “İttihat və Tərəqqi” Partiyasının mərkəzindən doktor Baba Şakir ilə doktor Nazim bəylər mehmanxanaya gələrək vizit vərəqələrini mənim üçün qoyub getmişdilər. Mən də onlarla görüşmək üçün partiya mərkəzinə getdim. Orada onlarla xeyli söhbət etdik. Mənə müxtəlif suallar verdilər. Bu sualların hamısına doğru-düzgün, ətraflı cavab verdim. Baba Şakir bəy Xocalarla inqilabınızda necə dil tapa bildiniz “Sizi başa düşdülərmi?” deyə soruşdu. Ona belə cavab verdim: Xeyr, Xocalar toplaşaraq bir İslam Partiyası qurdular. Şərait istəyirik dedilər. İlk zamanlar əhəmiyyət vermədik. Bizim partiyamız, yəni Türk Ədəmi Mərkəziyyət Partiyası bütün milli mənafelərimizə cavab verən prinsipləri proqramında əks etdirdiyindən qüvvətli idi. Bütün ziyalılar, tacirlər və bütün hörmətli şəxslər partiyanın ətrafında sıx birləşdilər. Ancaq, biz sonradan bu xocalıların əleyhimizə təbliğat apardıqlarının şahidi olduq. Onlar xalqa deyirdilər ki, Partiya lideri olan Nəsib bəy bir kitab nəşr edərək ətrafında gəncləri toplamış və Qurani Kərimin əleyhinə təbliğat aparır. Bunun qarşısını almaq məqsədi ilə biz böyük bir xalq toplantısı təşkil edib onları xalq qarşısında təkzib edilməz dəlillərlə məğlub etdik. Biz bu xalq toplantısında xalqın təzyiqi ilə belə bir qərar çıxartdıq. Xocalar, mollalar camelərdə oturaraq, nigah kəsəcək, cənazə mərasimini idarə edəcək və qətiyyən dünyəvi işlərə qarışmayacaqlar. Dini işlərimizlə onlar, milli işlərimizlə yalnız biz məşğul olacağıq. Bu qərardan sonra da onlar heç vaxt bizim milli işlərimizə mane olmadılar. Məsələ bununla da öz həllini tapmış oldu.”

Bir neçə gün sonra Nuru Paşanın hərbi mütəxəssislərdən ibarət kadrların təşkilini tamamladığı və hərəkətə hazır olduğu xəbərini aldım. “Nuru Paşanı Heydərpaşadan yola salırıq. Ənvər Paşa və yavərləri, digər paşalar və hökumət üzvlərindən bir neçə nəfər gözləmə salonundayıq. Qatar artıq yola düşməyə hazır və yola salanların hamısı perrona çıxırlar. Ənvər Paşa və qardaşı Nuru Paşa tək qalırlar. Mən də perrona çıxanlar arasında idim. Birdən məni çağırdılar, geri döndüm. Oradakılar məni “Sizi nazir həzrətləri istəyir” dedilər, getdim. İki qardaş baş-başa dayanmışlar. Yaxınlaşıram. Ənvər Paşa bir əlini Nuru Paşanın, digər əlini isə mənim çiynimə qoydu və “Siz ikiniz də mənim qardaşımsınız. Sizə son sözüm bu” dedikdən sonra Qafqazda görəcəyimiz işlər haqqında təlimat verdi”....

Bir sabah yenə hərbi Nazirlikdən çağrıldım. Məni Ənvər Paşa görmək istəmişdi. Mən içəri girərkən o, yenə gülərüzlə “Nağı bəy, hazırsınızmı?” dedi. Mən də “Paşam hər dəqiqə hazıram” cavabını verdim. Paşa mənə “Axşam saat beşdə Rəşid Paşa paroxodu ilə Kestəncəyə, oradan da Braylova, sonra Rumıniyadakı korpus ilə bərabər Trabzona gedib oradan Batuma gedəcəksiniz. Bir xahişiniz, bir istəyiniz varmı? deyə soruşdu. Mən cavabında “Tez getmək istəyirəm. Qafqazda çox iş görmək lazım gələcək. İnşaallah Nuru Paşa müvəffəqiyyət qazanacaqdır. Mən onun üçün hər cür fədakarlıqları edəcəyəm. Əmin ola bilərsiniz” dedim. O, bir an üzümə baxdıqdan sonra “Nağı bəy, “Umuru Şərqiyyə” rəisi Əli Basxana iki dəfə sizə pul təklif etmiş, ancaq qəbul etməmisiniz. Sizə pul lazım olacaqdır. Mən istəyirəm ki, siz Qafqazda xüsusi işlərinizdə deyil, Nuru ilə bərabər çalışasınız” dedi. Mən də “Paşam, pulum var. İki aydır Türkiyə torpaqlarındayam. Ayaq basdığım aydan etibarən sizin hesabınıza yaşayıram. Əgər pula ehtiyacımız olsaydı, əmin olun ki, istəyərdim. Batuma qədər yenə də sizin hesabınıza gedəcəyəm. Qafqazda isə pula ehtiyacım olmaz. Paşam, sizə söz verirəm, fəxri olaraq axıra qədər üzərimə götürdüyüm vəzifəni davam etdirəcəyəm” dedim. Ənvər Paşa ilə vidalaşıb ayrıldıq.

Mən Türkiyədə İttihatçıları idealist bir insan xarakterinə malik olanlar kimi gördüm. Hamısında İslam Birliyi tərəfdarı kimi keyfiyyətlər gördüm. O, İslam Dünyasının varlığını hər şeydən, hər varlıqdan üstün tuturdu. Halbuki o, axırda ən böyük zərbəni müsəlman olan Ərəb Dünyasından yemişdir.

 

QƏZET İCMALI

ERMƏNİ MÜHƏRRİRLƏRİNDƏN

A.İ.Petrosyan “Abnavleniya” dərgisində Azərbaycan xalqına və onun müstəqil hökumətinin quruluşu dövründəki fəaliyyəti icmal olaraq belə fərqləndirmişdir (“Azərbaycan” qəzeti, 15 noyabr 1919, Bakı, sayı 247):

“Qısa zamanda demokratiya ailəsi içərisində yer alan ilk demokrat müsəlman türk dövləti olan Azərbaycan və onun əhalisini təşkil edən azərbaycanlılar hər şeydən əvvəl siyasi varlıqlarını böyük bir məharətlə bütün dünyaya göstərdilər. Azərbaycan hökuməti mövcudiyyəti dövründə xalq və məmləkət üçün bir çox işlər gördü. Quruluşunun hələ ilk ilində ibtidai və orta məktəb açdı; ilk universitet qurdu və müxtəlif mədəniyyət müəssisələri təsis etdi, kitabxanalar, oxu odaları yaradıldı, müxtəlif qəzet və dərgilər nəşr olundu; rüşvətə qarşı şiddətlə mübarizə aparıldı; ölkədə xalq üçün zəruri məhsulların qiyməti aşağı salındı; rəsmi və sosial işlər ciddi nəzarət altına alındı; xalqın mənafelərinə ziyan vuran idarə işçilərini amansız şəkildə cəzalandırdı; yeni bir ordu qurdu; və ən mühümü xalq arasında din və millət fərqi aradan qaldırıldı”.

 

QAFQAZA DÖNÜŞ

Axşam saat beşdə limandan Rəşid paşa paroxoduna minərək Göstəncəyə gedirik. Paroxodda “Təşkilatı Məxsusə” tərəfindən Qafqaza göndərilən şəxslərlə görüşürəm. Bunlar sabiq sədr əzəm Kamil paşanın oğlu Fuad bəy, Bəkir Sami bəyin oğlu Şövkət bəy, təyyarəçi Camal və başqaları idi. Nəhayət Göstəncəyə çatdıq. Ancaq, burada bizə məlum oldu ki, Tuna çayında sərsəri bir mina görünmüşdür. Bu səbəbdən də çay ilə üzmək təhlükəlidir. Paroxodumuz Tuna çayına girə bilmədiyindən Göstəncədə gözləyəcək və sonra da qatarla Göstəncəyə gələrək paroxoda minəcəkdir. Biz bu vəziyyət haqqında alman komandanlığından özümə bir tərcüməçi götürdüm. Mən Rumıniya mərkəzinin görkəmli yerlərini gəzir və hərbi yeməkxanada da nahar edirdim. Bir türk zabiti mənə “Sizinlə bir alman zabiti görüşmək istəyir, əgər razı olarsınızsa, bərabər gedərik” dedi. Mən alman zabiti ilə görüşdüm. Alman zabiti Qafqaz haqqında məlumat almaq istəyirdi. Mən də Rusiyanın siyasi və hərbi idarələrinin vəziyyətini sıfıra endiyini, hərbi qüvvələrinin tamamilə Qafqazdan qovulduğunu təfsilatı ilə anlatdım. Qafqazdakı Türklərin müsəlman olduğunu və bir Türkiyəli kimi düşündüklərini də anlatdıqdan sonra “Biz Qafqaz Türkləri siz almanları da sevirik. Müharibə əsnasında beş alman kəndinin sakinlərinin mallarını müsadirə etmək və özlərini də Sibirə göndərmək istədilər. İmkan vermədik və onları himayə etdik. Ruslar daima bizlə hesablaşmaq məcburiyyətində qalmış və bizdən çəkinmişdilər” dedim.

Hilmi paşanın komandanlığındakı Rumıniya cəbhəsi korpusu Rəşid paşa paroxoduna mindirildi və Göstəncədən yola düşdük. Qara dənizdə Trabzon istiqamətində gedirdik. Vaxtaşırı radioqramma ilə cəbhələrdəki vəziyyət haqqında məlumatlar alırdıq. Paroxodla getdiyimizin ikinci günü radioqramla Türk ordusunun Batumu işğal etdiyi bildirildi. Bundan sonra biz də Batuma gəldik. Paroxod limana yaxınlaşır. Paroxodu qarşılamağa gələnlərin çoxu yaxından tanıdıqlarım idi. Gəncədən, Bakıdan, Qarabağdan, Şəkidən və Azərbaycanın başqa vilayətlərindən, qəzalarından yüzlərlə Azəri Türkü var idi. Mən onları görüb tanıyıram. Onlar məni görə bilmirlər. Onların hamısı mənim Türkiyədə olduğumu bilirdilər. Ancaq mənim Rumıniyadan gələn ordunun içində olduğumu ağıllarına gətirmirdilər. Paroxod körpüyə tamamilə yan alır və artıq körpüdəkilər də paroxodun göyərtəsində olanları tanımağa başlayırlar. Məni göyərtədə görənlər təəccüblənirlər. Hamı sevinc içində idi. Körpüdə çox gözəl bir mənzərə yaranmışdı. Paroxod da Türk paroxodu idi, üzərində dalğalanan sevimli bayraq da. Paroxodun göyərtəsindən Batumu və xalqı mehmetçiklər sevinclə seyr edirdilər. Paroxodun göyərtəsindən körpüyə enirəm. Tanışlarım məni əhatə edir və öpüşüb görüşdük. Məndən soruşurlar: “Paroxod Rumınyadan gəlir, sən haradan mindin?” Mən onlara “Əziz qardaşlarım paroxodu İstanbuldan boş götürüb, Rumıniya cəbhəsində vəzifəsini şərəflə yerinə yetirmiş Türk ordusunu Qafqaza gətirirəm” deyirəm. Sevincdən hamımızın gözləri yaşlıdır. Məni mehmanxanaya apardılar. Burada bütün həmşəhərlilərimlə görüşürəm. Mən onlardan “nə üçün belə çox adamla gəlmisiniz” deyə soruşdum. Onlar mənə “yox canım, gəlmək o qədər də çətin deyil. Sən Türk əsgərlərini buraya qədər gətirdin. Biz də buradan ölkəmizə qədər müşayiət edəcəyik. Sənin gəlməyin çox yaxşı oldu, yəni bizə rəhbərlik edərsən. Seymin üzvləri istiqlal istəyirlər. Biz isə Azərbaycanın Türkiyəyə ilhaqını istəyirik deyirlər. Mən bu sözlərə çox təəccübləndim. Onlara əsil həqiqətin nə olduğunu anlatmaq imkansız olduğunu hiss edib bir şey söyləmədim. Onlar coşmuşdular. Uca səslə “Bizi hirsləndirməsinlər. Biz onları Batum küçələrində məhv edə bilərik” deyirdilər. Mən çox kədərləndiyimdən səsimi çıxarmırdım. Hətta bu sözləri söyləyənlər arasında uzun illər bərabər fəaliyyət göstərdiyim yoldaşlar da var idi. Bu şəxslər həmişə məni sevər və hörmət edərdilər. Onlar milli işlərimizdə göstərdiyim istiqaməti münaqişəsiz qəbul edərdilər. Fəaliyyətimizin hədəfinin istiqlal olduğunu bilməmiş deyildilər. Əgər mən də istiqlalçıyam desəm əleyhinə gedəcəklərinə əmin idim.

İlhaqçılar ilə mübahisə etmək mənə çox çətin idi. Ruslarla mübarizəmizdə bu qədər güc sərf etməmişdim. Bu məsələni həll edə bildikdən sonra dərin nəfəs aldım.

Tarixçi Əhməd Refik bəyin “Qafqaz yolları” adlı əsərini oxudum. Xatirə dəftərimdə adı çəkilən bir hadisə haqqında ətraflı yazılmış olduğunu gördüm və bunu xatirəmə daxil etməyi münasib gördüm.

“Bir yarım ay ərzində Batumun həyatında xeyli dəyişiklər olduşdur. Küçələrində əhali artmış və mehmanxanaları Osmanlı məmurları və Qafqazın Türk-Müsəlman yaşayan bölgələrindən gəlmiş qonaqlarla dolu idi. Küçələrdə, bulvarda, parklarda, teatrlarda Qafqazın ən uzaq nöqtələrindən gələn və Osmanlılarla birləşmək istəyənlərə təsadüf edilirdi. Bunların “İhtisap” kazinosunda əllərini masaja dayayaraq sərt və atəşli sözlərlə bir-birinə müraciət edən, bəzən də məlul və mütəəssir düşünən bir zümrə var. Bunlar Osmanlılarla müzakirədə iştirak etmək üçün Batuma gələn Gəncəli, Bakılı, Tiflisli və Qarabağlı müsəlmanlardır. Hamısının da siması qayğılı və işgüzar bir görkəmdədir. Məqsədləri Qafqazın istiqlalı deyil, Osmanlılarla birləşməsi, yəni ilhaqıdır. Fikrən azad, dincə sərbəst yaşayan bu xalq şiəlik və sünnilik kimi adi məzhəb fərqlərinə əhəmiyyət vermir. Şapka geyməklə dini hisslərin məhv olmayacağına inanan bu zümrə millət məhəbbətini hər növ əlaqənin, hər növ qüvvənin gücündə görür. Batum Qafqaz sülh müzakirələrinin mərkəzinə dönmüşdür. Gah Gəncədən şeyxülislam gəlir, gah əhali içindən seçilmiş vəkillər Tiflisə göndərilir. Müzakirələr, nitqlər, teleqraflar bir-birini əvəz edir.

Qafqaz rus üsuli-idarəsindən xilas olmaq əzmini bütün fəaliyyəti ilə göstərir. Bunların nəzərində ruslar ana vətəni istila edən işğalçılardır. İndi isə bu zümrəyə daxil olanların nəzərləri Türklərə, yəni İstanbula dikilmişdir.” (“Qafqaz yolları” səh. 72-75)

Batuma gəldikdən sonra ilk gündən görüşə bilmədiyim şəxslərlə də görüşdüm. Hamısı eyni fikirdə idilər. Bunların arasında vəkil, həkim, şeyxülislam, tacir, sənətkar, ziyalı müəllimlər və məmurlar da var idi. Onlar məni fikirlərimi söyləmək üçün sıxışdırdılar. Onlara “içərinizdən on nəfər seçin, onlarla söhbət edəcəyəm” dedim. Razı oldular. Sakit bir yer müəyyənləşdirib orada görüşməyi qərara aldıq. Onlardan ayrıldıqdan sonra Məmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəylinin yanına gedərək onlarla görüşdüm. Onlara bir neçə saat ərzində olub-keçənləri danışdım. Nəsib bəy mənə “bilirsənmi burada nələr olur?” dedi. Mən də “Nəsib bəy hamısını bilirəm. Sabah onların başa düşənləri ilə görüşəcəyəm. Ümidvaram ki, onlara həqiqəti başa sala biləcəyəm” dedim və onlardan ayrıldım. Oradan birbaşa Türkiyə Sülh heyəti rəisi Xəlil bəyin yanına getdim. Bir xeyli söhbət etdik və söhbət əsnasında vəziyyəti ona da anlatdıq. O, isə mənə “bunu yalnız siz eyləyə bilərsiniz” dedi. Mən də cavabında “ilhaqçılara heç bir söz söyləmək istəmədim, çünki söyləsəm də qəbul etməyəcəklər. Sabah onların öz aralarından seçəcəkləri baş bilənləri ilə görüşəcəyəm. Əgər onları razılığa gətirə bilsəm sizin razılığınızla onların yeddi-səkkiz nəfərini sizin yanınıza gətirəcəyəm. Onlar sizi dinlərlər. Bizim istiqlalımızı bizimlə görüşdən “İttihat və tərəqqi” partiyasının mərkəzi qərargahında xəyalımızda qurub müdafiə etmişsiniz. Qurmaq istədiyimiz istiqlal qurulmadan qara cahillər tərəfindən hədələnir” dedim. Xəlil bəy mənə “Sizi anlayıram, əgər məni dinlərlərsə sabah görüşün. O biri gün saat onda mənim yanıma gəlin. Ümid edirəm ki, nəyəsə müvəffəq olacağıq. Nağı bəy Seymin üzvləri ilə görüşdük və anlaşdıq. Onlardan son dərəcə razı qaldıq” dedi və ayrıldıq. Mən axşam Nəsib bəyin yanına getdim. Bərabər yemək yedik və xeyli söhbət etdik. Mənə kədərli-kədərli: “Anarxiya zamanı xalqdan çəkmədiyim sıxıntını burada çəkirəm” dedi. Ona “Siz çox fikir etməyin. Xəlil bəylə görüşdüm və o biri gün bir neçə nəfərlə onu görüşdürəcəyəm. Ümidvaram ki, istədiyimizə nail olacağıq” deyə təsəlli verdim. Ertəsi gün toplantıya getdim. Onlarla xeyli söhbət edib olub keçənləri xatırlatdım. Ənvər paşanın və Tələt paşanın qərarlarını söylədim. Bir az yumşaldılar. Ancaq, söylədiklərimin həqiqət olmalarına şübhə ilə yanaşdıqlarını hiss edirdim. Onlara “İstəsəniz sizi sabah Xəlil bəylə görüşdürərəm. Xəlil bəyin də bu fikirdə olduğunu özünüz görərsiniz.” Dedim.

Ertəsi gün saat 10-da on nəfərlə Xəlil bəyin yanına gedirik. Xəlil bəy bizi qəbul edir. Mən onları Xəlil bəyə bir-bir təqdim edirəm. Tanışlıqdan sonra onların hər biri minlərlə imza atılmış kağızları Xəlil bəyə göstərdilər və hamısı birdən “Möhtərəm bəyimiz xalqımız istiqlal istəmir, biz də istəmirik. Osmanlı dövlətinin bir parçası olmaq istəyirik” dedilər. Xəlil bəy gözəl söhbəti ilə bunları razı sala bildi. Onlara son söz olaraq “Biz süngümüz ilə Qafqaza girdik. Siz bizə ilhaq olmaq istəməsəydiniz də biz sizi süngü, ordu ilə ilhaq edərdik. Ancaq buna imkan yoxdur. Bizim birləşməmizi nə düşmən, nə də dost dövlətlər qəbul edər. Biz sizə yardım edirik və edəcəyik. İstiqlaliyyət qurub müstəqil yaşamanız üçün lazımi qədər əsgərimizi göndərəcəyik. Hər cəhətdən yardım edəcəyik. Öz vətənimiz kimi sizin vətəninizi də qoruyacağıq. Evlərinizə dönün və qurulacaq istiqlaliyyəti dəstəkləyin” dedi.

Axşam Məmmədəmin və Nəsib bəylərlə görüşüb Xəlil bəylə ilhaqçıların arasında söhbətin nəticəsini bildirdim. Onlar vəziyyətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar. Sonra mən Nəsib bəyə “Gəncədə Nuru paşanı qarşılamaq lazımdır. Sabah axşam yola düşəcəyəm” dedim.

İlhaqçılar yeməklərini böyük bir yeməkxanada Türk hökuməti hesabına yeyirdilər. Bir gün mən də onlarla nahar edərkən onlar mənə “Canım, Türk ordusunun oraya getməsinə biz narazı deyilik. Bizə söylədilər ki, türklər gəlmək istəyirlər, ancaq Seymin üzvləri mane olurlar” dedilər. Mən də onlara cavabında “Qardaşlarım, burada qalmağa heç bir ehtiyac yoxdur. Mən axşam yola düşürəm. Bu günlərdə Ənvər Paşanın qardaşı Nuru Paşa Gəncəyə gələcək. Onu orada qarşılamaq lazımdır” dedim.

Axşam yola düşəcək qatara mindiyim zaman bütün ilhaqçıları da Gəncəyə gedən gördüm. Gəncəyə çatdıq. Dörd aylıq ayrılıqdan sonra anama qovuşdum. Anam ağlayaraq mənə “Sənin bu səfərin çox uzun çəkdi. Sən mənim sonbeşiyimsən. Bir daha səni gözümdən uzağa buraxmayacağam” dedi. Yazıq anam haradan bilsin ki, zalım rus təkrar canlanacaq, rəngini dəyişdirib qızıla boyanacaq və zülmünü bir neçə qat artıraraq ölkəmizi işğal edəcək. Ruslar böyük oğlunu güllələyib şəhid edəcək və sevdiyi sonbeşiyini də müqəddəs vətənindən didərgin salacaqdı.

Gəncədə mənə xəbər verdilər ki, Nuru paşa Qarabağa çatmış, bir gün sonra da Gəncədə olacaq. Mən dərhal ertəsi gün Yevlax stansiyasına hərəkət etdim. Yevlaxda bir saat gözlədik. Gəncədən gedən heyət Nuru paşanı Qarabağda qarşılamışdı. İztihamlı bir süvari dəstəsi arasında Nuru paşa Yevlax stansiyasına gəlib çatdı. Görüşməmiz zamanı Nuru paşa “Görüşdüklərimdən hey səni soruşurdum” dedi. Xalqımız Nuru paşanı çox təmtəraqla qarşıladı. Nuru paşa ilə İstanbula Heydərpaşa vağzalında ayrılmışdıq. Ondan sonra başıma gələnləri ona anlatdım, Nuru paşa özü ilə bərabər gətirdiyi zabitləri, çavuşları və hərbi ştab rəisi polkovnik Nazim bəyi Bakı cəbhəsinə göndərdi.

Batumdan göndərilən və Nuru paşanın əmrinə veriləcək hərbi qüvvə ilə əvvəldən almanlarla anlaşmış olan gürcü milləti tərəfindən dəmiryolu ilə keçib Gəncəyə getməklərinə icazə verilirdi. Bu vəziyyət qarşısında Cəmil Cahid bəyin komandanlığında olan alay Qarsdan quru yolla Ermənistana, sonra Dilican üzərindən Qazax şəhərini ələ keçirərək Ağstafa vağzalına gəlib çatdılar və oradan da qatarla Gəncəyə gəldilər. Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılanma mərasimi aşağıdakı kimi olmuşdur; Gəncə xalqı şəhər meydanına toplanmışdılar. Dövlət idarələri və məktəbləri həmin gün işləmirdi. Ona görə də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. Müharibə illərində Türkiyənin rusların tərəfindən işğal edilmiş Şərq vilayətlərindən Xeyriyyə Cəmiyyəti tərəfindən toplanaraq Azərbaycanın bir çox şəhərlərindəki uşaq evlərində saxlanan sahibsiz uşaqlardan dörd yaşından yuxarı olanlar da meydanda dəstə halında düzülmüşdülər. Meydanın ətrafını əhatə etmiş əhali sevincdən gözləri yaşarmış halda əsgərlərə baxırdılar. Uşaq evlərindən gəlmiş uşaqlar əsgərlərə yanaşaraq onlara sarılırlar və haralı olduqlarını bildirirlər. Əsgərlər uşaqların hər birisi ilə mehribanlıqla görüşür və əzizləyirlər. Bu zaman maraqlı bir hadisə olur. Əsgərlərlə görüşən uşaqlardan biri atasını tanıyır və ata-oğul sevincdən bir-birinə sarılaraq ağlayırdılar. Ətrafdakı minlərlə adam bu yaranmış vəziyyətə dözə bilməyib ağlayırdı. Onlar dərddən, qəmdən yox sevincdən ağlayırdılar.

Gəncə şəhərinin ermənilərlə məskun olan məhəllələri Cəmil Cavid bəyin alayı tərəfindən mühasirə edilərək itaətə məcbur olunurlar. Aylarla mühasirədə qalaraq ərzaqdan korluq çəkən ermənilər könüllü şəkildə mühasirədən çıxaraq Türk ordusunun gəldiyinə inanırlar. Bir erməni heyəti də Nuru paşaya təşəkkür etməyə gəlir. Artıq şəhərdə asayiş təmin olunur. Türk və erməni xalqı arasındakı düşmənçilik aradan qalxır. Nuru paşanın komandanlığı altında Osmanlı Türkləri ilə Azəri Türkləri yan-yana Azərbaycan Cümhuriyyətinin mərkəzi olan Bakını xilas etməyə qoşulurlar. Bu zaman Bakını rus, erməni və ingilis qüvvələri müdafiə etməkdə idilər. Onlar iki Türk qardaşın birləşmiş mehmetçiklərinə qarşı dayana bilərdilərmi? 1918-ci il sentyabrın 15-də son hücum nəticəsində rusları, erməniləri və ingilisləri Xəzər dənizinə tökdülər. Azərbaycan hökuməti müvəqqəti mərkəzi olan Gəncədən Bakıya köçdü. Azərbaycan xalqı və hökuməti əl-ələ verərək səylə hər sahədə durmadan çalışırdı. Nuru paşanın təşəbbüsü ilə ilk iş olaraq bir hərbi məktəb açılır və Azərbaycan ordusuna zabitlər hazırlamağa başlayırlar. Nuru paşaya xahiş etməklə Batumdakı Vahib paşanın sərəncamında olan Hüsaməddin bəyin də Gəncəyə göndərilməsini təmin edə bildim. Bakı düşməndən tamamilə təmizlənə bilmişdi. Ancaq rus qüvvələrinin bir hissəsi Lənkəran qəzasını öz işğalları altında saxlamağa nail olmuşdular. Azərbaycanın bir hissəsi olan Lənkəran da düşməndən təmizlənməliydi. Lənkəranı işğal etmiş rus tör- töküntüləri bolşevik olduqlarını Moskvaya bildirmişdilər. Ağrusların əlində olan Xəzər dənizinin hərbi gəmiləri də bolşevik düşməni olduqları halda müştərək rus mənafeyi naminə Lənkərandakı bolşevik qüvvələrinə kömək edirdilər. Nuru paşa Lənkəranda olan son rus qüvvələrini də dənizə tökmək məqsədi ilə Lənkəranın sərhəd qonşusu olan İranda Türk irqinə mənsub və qəhrəmanlıqları ilə məşhur olan Şahsevənlərlə əlaqə yaradılmasını və onlara bircə Lənkərandakı rusları oradan qovub çıxarmaq istəyirdi. O, bu vəzifəni Hüsaməddin bəylə mənə tapşırdı. Biz də vəzifəmizi yerinə yetirmək üçün Səlyana getdik. Oradan İrana keçməyə hazırlaşırdıq ki, bir qara xəbər gəldi. Yəni Türkiyə məğbul olmuş və müqavilə bağlanmışdır. Biz Bakıya deyil Gəncəyə qayıtdıq. Sonradan öyrənirik ki, Türkiyə Mondros sazişini yerinə yetirmək məcburiyyətində qalaraq ingilislərin Ustanbulu işğal etmələrindən sonra burada qurulmuş Tevfik paşa kabineti teleqrafla Türk ordusunun Azərbaycandan çıxmasını Nuru paşaya əmr etmişdir. Azərbaycan dövlətinin və xalqının istinadgahı olan Osmanlı dövləti çökmüş və Azərbaycan yalnız, arxasız qalmışdır. Üç nəfərlik bir nümayəndə heyəti vaxtilə İran Ənzəlisinə sığınmış ingilis qüvvələrinin komandanı general Tomsonla görüşmək məqsədi ilə Ənzəliyə gedir. Birinci Dünya müharibəsindən qalib çıxan ingilis qüvvələrinin məğrur generalı Tomson heyəti ilə müzakirə aparmağı lüzum görməyir və son söz olaraq “Bizim öyrəndiyimizə görə Azərbaycan xalqının ümumi arzusundan doğan bir respublika yoxdur. Ancaq, Türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki, siz bunun əksini iddia edirsiniz. O halda gəlib tədqiqat apararıq” deyir. Beləliklə, Azərbaycan xalqını və hökumətini saya salmayan general Tomson Ənzəlidə olan ingilis qüvvələrini Bakıya göndərir. Eyni zamanda rus generalı Biçeraxov da ruslardan və ermənilərdən təşkil olunmuş qüvvəsini Bakı limanına çıxarır. İngilislər və ruslar xalqın arasında ayrı-ayrı məzmunlu bəyannamələr yayırlar. Ermənilər və ruslar sevinc içərisində şənlik etdikləri halda, Azərbaycan türkləri isə kədərli, dərdli halda hökumətlərinin nə qərar verəcəklərini gözləyirdilər. Belə bir vəziyyətdə Azərbaycanın Dövlət rəisi mərhum Fətəli xan general Tomson ilə görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur. General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Fətəli xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün Dünya dövlətlərinə bildirdiyini söyləyir. Fətəli xan sözlərinə davamla: “Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız” deyir. General Tomson da: “Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm” cavabını verir. Fətəli xan da: “Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm” deyir. Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək “Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır” deyir. Fətəli xan tərcüməçiyə: “General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik” cavabını verir.

Soyuqqanlı ingilis millətinin generalı məsələni belə görüb yumşaq danışmaq üsuluna keçir və “Ancaq, hökumət rəhbəriniz Mirzə Əsədüllah bəy olacaq” deyir. Fətəli xan: “Qətiyyən ola bilməz. Bu təklifiniz bizim daxili işlərimizə müdaxilədir. Biz bu təklifi qəbul edə bilmərik” deyə onun sözünü kəsir. Hər iki tərəfin qəbul etdikləri anlaşma nəticəsində idarə Azərbaycan idarəsi olacaq, Bakı şəhərində yalnız ingilis hərbi qüvvələri qalacaq. İngilislərlə Bakıya gəlmiş rus generalı Biçeraxov süvariləri ilə birlikdə Azərbaycanı tərk edəcək. Azərbaycan ordusu Bakı şəhərinə girməyəcək və Azərbaycan daxilində Osmanlı ordusu qalmayacaq. Ümumiyyətlə hər iki tərəf anlaşmaya riayət etməlidirlər. Azərbaycan hökuməti polis qüvvələrinin gücü ilə ermənilərin ixtişaşlarını yatırdığı kimi Bakıda 1918-ci ilin mart ayında on min məsum Türk xalqının qanını tökən qatil bolşevik Şaumyan ilə birlikdə fəaliyyət göstərmiş erməni milyoneri Lalayevi də həbs etmiş və mühakiməsi olmadan Bakıdan Gəncə həbsxanasına göndərmişdi. O, orada mühakiməsini və edamını gözləyərkən öldü. Mondros barışığı ilə Türk ordusunun Azərbaycanın hər tərəfində olan hərbi qüvvələri Gəncəyə toplaşmışlar. Onlar Azərbaycan mehmetçikləri ilə vidalaşırlar. Yenə hamının gözləri yaşlıdır, ancaq bu artıq sevinc yaşı deyil, ayrılıq və kədər göz yaşları idi. Anadolu Mehmetçikləri ilə Azərbaycan Mehmetçiləri bir-birinə sarılaraq ağlaşırdılar. Bunları seyr edən xalq da özünü saxlaya bilməyib ağlayırdı. Mətin ağabəy Mehmetçik öz qardaşına təsəlli verərək “Artıq siz yetişdiniz, vətəninizi müdafiə edə bilərsiniz. Əgər qara xəbər gəlməsəydi daha çox qalardıq. Nə edək biz də getməliyik. Bizim də vətənimizə düşmən dolmuş, onları süpürüb atmalıyıq” deyirdi. Beləcə Anadolu İstiqlal Savaşının kahinliyini edən Türk Mehmetçiləri Azərbaycan qardaşlarına təsəlli verirdilər. Biz isə yenə köməksiz, arxasız və yalqız qalmışıq. Tanrımızdan başqa Nuru paşanın açdığı hərbi məktəb məzunu olan zabitlərimizə və Bakının bolşevik-daşnak tör-töküntülərindən təmizlənməsində yan-yana vuruşan ağabəylərdən təcrübə toplamış gənc ordumuza güvənərək yaşamaqda idik. Qədirbilən Azərbaycan xalqı onun köməyinə gələn Türk qardaşlarına, sərkərdələrinə olan minnətdarlığını qəlbinin dərinliyində saxlayıb nəsildən-nəsilə yaşatmaqdadır.

Gəncədə olan vaxt eşitdim ki, ingilislər Nuru paşanı tutub Batuma gətirərək hərbi tribunalda mühakimə edəcəklər. Onlar Nuru paşanı guya Bakıda erməni soyqırımı etdiyinə görə günahlandırırlar. Dərhal Bakı ilə telefon əlaqəsi saxlayıb xəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir sənəd almaq lazım idi ki, Nuru Paşanın Gəncəyə gəlişində ermənilərə heç bir pislik etmədiyi kimi erməniləri mühasirədən qurtarıb azadlıq verdiyini, həyatlarının təhlükəsizliyini təmin etdiyini isbat etmək mümkün olsun. Sənədin alınması üçün Gəncənin görkəmli şəxsləri ilə bərabər Erməni Milli Təşkilatına müraciət etdim. Sənədi almağıma qəti inanırdım. Ancaq ermənilər xahişimizi rədd etdilər və: “Biz uşaq deyilik. Çox yaxşı bilirik ki, Nuru Paşanın bizə pislik etməməsi məqsədli deyil. Nuru Paşa çox yaxşı bilirdi ki, Gəncədə erməni soyqırımı edilsə idi, Bakıda bir türklə rastlaşmayacaqdı. O gözlədi ki, Bakını işğal edib oradakı soyqırımı bitirsin və ondan sonra Gəncədə başlasın. Ancaq, müvəqqəti barışıq oldu. Osmanlı ordusu soyqırımına vaxt əldə edə bilmədi” dedilər. Biz də əliboş geri qayıtdıq, Bakıya gələrək Nəsib bəylə görüşdüm və sənəd ala bilmədiyimi ona söylədim. Nəsib bəy mənə “Mən səni heç vaxt bu qədər pərişan görməmişəm” dedi. Mən də “Nəsib bəy ermənilər çox nankorluq etdilər. Nuru paşanın almağa haqqı olan sənədi almadan gəldim” dedim. Nəsib bəy gülərək: “Üzülmə Nuru paşanı qurtarmanın daha asan yolu var. Batumdan mənə xəbər gətirdilər ki, Hopa bəyləri plan hazırlamışlar. Nuru paşanı zor işlətməklə xilas edəcəklər. Ancaq, maddi cəhətdən çətinlik çəkirlər. Sən dərhal 200 min manat götürüb Batuma get” dedi. Mən sevinc içərisində “Əmr edin pulu versinlər, axşam yola düşüm” dedim. Pulu alıb Batuma gəldim və Azərbaycan konsulu Dr. Mahmud bəylə görüşdüm. Mən gəlişimin məqsədini ona anlatdım və Nuru paşa ilə necə görüşə biləcəyimi soruşdum. Doktor: “İmkan yoxdur, ancaq Mürsəl paşa ilə görüşə bilərsən. O da ingilislərin nəzarəti altındadır” dedi. Mən dərhal gedib Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa: “Mənə bir şey olmaz, ancaq Nuru paşanı buraxmayacaqlar. Ola bilsin ki, onu edam etsinlər. Onun qaçırılması təşkil edilməlidir” dedi. Mən gəlişimin səbəbini anlatdım. Çox razı qaldı. Mürsəl paşa gizli saxladığı kağızı mənə verdi. Aldım oxudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa mən “Bunu çoxaldıb İslam Dünyasına yaymalı və İslam Dünyasını cihada çağırmalı. Qurtuluş bundadır, başqa çıxış yolu yoxdur” dedi. Mən Mürsəl paşanı dinlədikdən sonra: “Paşam bu bir mərsiyədir. Çox təsirli yazılmışdır. Bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. İndiki dövrdə İslam Dünyasında birlik yox, qüvvə yox və olmaz. Olsa da bir şey çıxmaz. Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir Türk kəndində olan qeyrət, iman, vətənə və dinə bağlılıq müraciət edəcəyiniz İslam Dünyasında yoxdur. Bu boş işdir. Bu bəyannaməni yazanların özləri də yazdıqlarına inanmırlar. Əgər inansalar idi Xristian Dünyasına deyil, islam ölkələrinə sığınardılar. Varlıq, qüvvə yalnız milli imandadır. Mən sizin xatirinizə bu bəyannaməni götürürəm” dedim. Bəyannaməni kimə oxudumsa hamının da mən fikirdə olduğunu gördüm. Mən Bakıya qayıtdıqdan sonra Nuru paşanın qurtulmasını xəbər verdilər.

Səkkiz gündən sonra Nuru paşa ilə Bakıda görüşdük. Mən Bakıda olarkən Nəsib bəylə görüşdüm və Mürsəl paşanın verdiyi bəyannaməni ona göstərdim. O, başdan bir az oxudu və: “Əzizim ingilislərin səni yaxalaya biləcəklərindən qorxmadınmı?” dedi. Mən də bu haqda heç düşünmədiyimi söylədim. Nəsib bəy mənə: “Nağı bəy Əksinqilab ilə Mübarizə Təşkilatını qurduq. Səni bu idarəyə rəis təyin etmək istəyirəm. Qəbul edərsinizmi?” deyə soruşdu. Mən də işlərimə heç kimin müdaxilə etməməsi şərti ilə qəbul edəcəyimi söylədim. Nəsib bəy mənim bu şərtimi qəbul etdi və “Təşkilatın nizamnaməsini oxuyacaqsan. Bu idarə Daxili İşlər Nazirliyinə deyil, birbaşa Baş Nazirə tabe olacaqdır” dedi. Qəbul edib yeni vəzifəmə başladım.

Əksinqilab ilə Mübarizə Təşkilatının yaranmasının zəruriliyini respublikamızın ilk ilində çar generalı Denikinin mütəmadi olaraq bizi hədələməsi və başqa müxtəlif hadisələrin baş verməsi olmuşdur. Buna görə də hökumətimiz Əksinqilab ilə Mübarizə Təşkilatının yaradılması planını Parlamentin müzakirəsinə verir.
Məclis böyük çoxluqla bu layihəni qəbul edir. İdarədə işləyəcək kadrların üçdə ikisi “Müsavat”dan, üçdə biri isə “Hümmət” partiyasının üzvlərindən ibarət idi. Layihəyə görə idarənin rəisi müsavatçı, müavini isə hümmətçi olmalı idi. Bu sosialist hümmətçilərin içərisində Beriya da var idi. Üzərimə götürdüyüm vəzifə ağır və məsuliyyətli idi. Düşünürdüm ki, bu işin öhdəsindən gələ biləcəyəmmi. Ancaq, çox keçmədən işin çox asan olduğunu hiss etdim. Əslində işə qəbul olunmuş kadrların əksəriyyəti öz vəzifə borclarını ləyaqətlə yerinə yetirən şəxslər idi. Hər məmur işdən dördəlli yapışmalıdır. Bunlardan başqa mülki əhali tərəfindən də hər gün bizi maraqlandıran işlər haqqında məlumatlar alırdıq. Biz bu məlumatları alan kimi tez məsələni həll edirdik. Mən bu vəzifəni üzərimə götürdüyüm zaman şimal sərhədini ağqvardiya generalı Denikin hədələyirdi. Bakıda işğal etmələrini dördgözlə gözləyirdilər. Bir gün əməkdaşlarımızdan biri iranlı bir baqqalın dükanında oturmuş. O, içəri girən bir rusun dükanın arxa tərəfinə keçdiyini və əlindəki bağlamanı oraya qoyduğunu görür. Rus getdikdən sonra əməkdaşımız baqqaldan bu rusun kim olduğunu soruşur. Baqqal müştərisinin əski bir rus zabiti olduğunu və tez-tez dükana gələrək axşamlar araq içdiyini bildirir. O, daha sonra bu rusun içki içə-içə məktublar yazdığını söyləyir və “Onun dükanın arxasında bir çantası da var. İçi sənədlərlə doludur. Mən rusca bilmədiyimdən oxuya bilmədim və onun özündən soruşanda komissiya üzvü olduğunu söylədi. Çantanı arxada bir yerdə saxlayıb, istəsən sən də baxa bilərsən deyir. Əməkdaşımız bu sənədlərə gözucu baxır və şübhəsinin doğru olduğunu, yəni bu adamın ağqvardiyaçı ordusunun cəsusu olduğunu anlayır. O tez bayıra çıxaraq mərkəzdən bir əməkdaş da çağırtdırır. Dükana gələn əməkdaş bayırda, əvvəlki isə dükanın içərisində rusu gözləyirlər. Rus geri qayıdır və üç saat əvvəl dükanda gördüyü gəncin yenidən burada olduğundan şübhələnərək baqqala “Bu axşam məni gözləmə gəlməyəcəyəm” deyir və bayıra çıxır. Onun arxasınca bayıra çıxan əməkdaş rusu saxlayır və o birisinə: “Bu rusu idarəyə apar” deyir. Əməkdaşımız özünü itirən rusa baqqal dükanındakı bütün əşyasını da özü ilə götürməyi tələb edir. Bu zaman o baqqalla üzləşdirilir. Baqqal onu dükanda qoyub çantanı gətirib əməkdaşımıza verir. Onlar birlikdə idarəyə gəlirlər. Olmuş əhvalat haqqında idarənin əməkdaşı mənə raport verir. Çantadakı sənədlər tədqiq edilir və aydın olur ki, general Denikinin hesabına cəsusluq edən yüzbaşı Starkov yarım aydan bəri çox qiymətli məlumatlar toplaya bilmişdir. Onun topladığı sənədlərdən elələri var idi ki, onlar yalnız Azərbaycan ordusunun Baş Qərargahına məxsus sənədlər idi. Sənədlə birgə hərbi Nazirliyə gedirik. Mərhum general Həmid Qaydabaşıya (Azərbaycan ordusunun Baş Qərargah rəisi idi) əlimdə olan sənədləri göstərdim. O, bu sənədlərin seyflərində olanlardan üzü çıxarıldığını bildirdi. Starkov sənədlərlə birlikdə yazdığı raportunda yazırdı ki, mən bu sənədləri Azərbaycan ordusunun qərargahından Hərbi Nazir general Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etmişəm. Raportu eyni ilə Baş nazirə də göstərdim. Tədqiqat davam etməkdə idi. Tədqiqat nəticəsində bu qənaətə gəldim ki, mürəbbiyə məsələsi uydurmadır. Sənədlər başqa vasitələrlə əldə edilmişdir. Bu arada bunu da bildirim ki, ağqvardiyaçı rusların Azərbaycana hücum etmələri bizə anlaşdıqdan sonra Baş nazirin sədrliyi ilə dörd nazirdən ibarət bir Müdafiə Komitəsi qurulmuşdu. Mənim əlaqəm Baş nazir Nəsib bəy, hərbi nazir general Mehmandarlı, nəqliyyat naziri Aslan bəy Məlikaslanlı və Xarici İşlər Naziri Məhəmməd Yusif bəydən ibarət olan bu komitə ilə idi. Komitəyə verdiyim raport oxunduqda general Mehmandarlı çox əsəbiləşdi. Ertəsi gün idarədə kabinetimin pəncərəsindən baxarkən general Mehmandarlının avtomobilinin idarəmizin önündə durduğunu gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü. Oturmaq istəmədi. Məndən Nağı bəy, siz bu alçağın məlumatına inanırsınızmı? Deyə soruşdu. Mən də “Paşam sənədi verəni gizlətmək üçün yüzbaşı Starkov mürəbbiyə məsələsini uydurmuşdur. İcazənizlə iki günə qədər məsələni tamamilə aydınlaşdıracağam. Ancaq, qərargah, zabitlərindən istədiyimi nəzarət altına ala bilməm üçün indidən icazənizi istəyirəm” cavabını verdim, general Mehmandarlı: “Bu milli və istiqlalımızla bağlı bir işdir. Kimi istəyirsiniz onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən icazə istəməyin. Ancaq, mən bu alçağı görmək istəyirəm” dedi. Starkov içəri girdi və generalı görən kimi diz çöküb ona yalvarmağa başladı. General bu mənzərə qarşısında: “Alçaq, qorxaq, cəzan ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda ilk dəfə görürəm dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ də diz çökmüş vəziyyətdə qalırdı. Onun aparılmasını əmr etdim. Starkov raportlarında Azərbaycandakı bütün ermənilərin hazır vəziyyətdə rus ordusunu gözləməkdə olduqları, hətta ayrıca Azərbaycandakı varlıların və mülkədarların ürəklərinin də rus ordusu üçün vurduğunu yazırdı. O, Azərbaycan dövlətinə və hökumətinə qarşı qiyam qaldırmış Qatır Məmmədin də rus ordusunu çağırdığını verdiyi raportuna əlavə edirdi, nəhayət Starkov istintaqın sonunda varlıların və mülkədarların haqqında söylədiklərinin uydurma olduğunu boynuna aldı və elədiyi cəsusluq hərəkətinə görə layiqli cəzasını aldı.

 

BERİYA

Beriya “Hümmət” Partiyasının zəmanəti ilə Əksinqilab ilə Mübarizə Təşkilatına işə götürülmüşdür. O zamanlarda sərhədlərimizi çar generalı Denikin hədələyirdi. O, rus çar üsul-idarəsinin yenidən bərpa olunmasını istəyirdi. Beriya sosialist kimi çar üsul-idarəsinin qatı əlehinə idi. İşimizə yarayacağını bildiyimdən qəbul etmişdim. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra onun işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, Qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrətli olması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paroxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi.

Beriya bir sabah mənə belə bir raport verdi: “Bunu bir sərnişin əşyaları içərisində tapmışam. Məktub müəllifinin bir tələbə olması aydın hiss olunur. Məktub oğlu tərəfindən anasına yazılmışdır: Ana çox yaxında rus qoşunu müzəffəranə Bakıya girəcəkdir. Şəhərin bütün binaları ikibaşlı qartal bayrağımızla bəzənəcəkdir. Çox keçmədən Tiflisdə də gürcü bayrağı yerinə rus bayrağı dalğalanacaqdır.” Deyirdi. Məktubun sonunda da on beş gün sonra onu gətirəcək paroxodun adı yazılmışdır. Beriya mənə xahişlə bu tələbəni qarşılamaq vəzifəsini ona tapşırmağı xahiş etdi. Onun xahişini qəbul etdim. On beş gün sonra o tələbəni qarşılayıb idarəyə gətirmişdi. İfadəni oxudum və tələbəni gətirmələrini söylədim. İçəri bənizi saralmış 17 yaşında bir rus uşağı girdi. Görkəmindən litsey tələbəsinə oxşayırdı. Uşağı sərt nəzərlərlə süzüb “Hansı rus ədəbiyyat müəllimindən öyrəndin ki, o çirkin sözləri öyrəndin və bunlarla məktubunu bəzədin”, deyə soruşdum. Uşağın qorxusundan cavab verə biləcək halı qalmamışdı. Uşağı başqa otağa keçirdilər. Sonra bu uşağın anasını və bacısını içəri çağırdılar. Onlar içəri girər-girməz ayaqlarımıza düşərək yalvarmağa başladılar. Ana: “Bircə oğlumu öldürməyin”, qız da “Qardaşımı bizə bağışlayın deyə ağlaya-ağlaya xahiş edirdilər”. Mən onlara “Ağlamayın və məni yaxşı dinləyin. Madam ki, oğlun uşaqdır biz də vəhşi insanlar deyilik. Qorxulu bir şey yoxdur. Ancaq oğlunuzun nə işlə məşğul olduğunu söyləyin” dedim. Qadın: “Tələbə idi. Mənə qulaq asmayıb qaçdı və orduya könüllü yazıldı. İndi çox peşman olmuşdur, xahiş edirəm onu bağışlayasınız” dedi. Qadından burada evi olub-olmadığını soruşdum. Kirayədə yaşadığını və başqalarının evində xidmətçilik etdiyini bildirdi. Qadına “İndi də gedin hazırlaşın üç gün sonra mənim yanıma gələrsiniz. Sizə oğlunuzu təhvil verdikdən sonra hər üçünüzü də paroxoda mindirərək Rusiyaya göndərəcəyik” dedim. Ana və qız çox sevindilər. İki gün sonra hər üçünü də paroxoda mindirib Rusiyaya yola saldıq. Beriya mənim bu hərəkətimi bəyənməmişdi. O, mənə “Nağı bəy, sizin rus düşmənliyinizi çox zəif gördüm. Nə üçün siz o ilan balasını cəzasız buraxdınız” dedi. Mən də ona “Beriya mən də səni bu qədər vəhşi və qəddar bilməzdim. Sənin haqqında əldə etdiyim məlumata görə sən hələ məktəbdə oxuduğun zaman dostlarına böyüyəndə Amerikaya gedib orada qanqster olacağını söyləyərmişsən. Demək sən belə bir ruh daşayırsan. Doğrusu inanmazdım. Özü də o, hissə qapılmış bir uşaqdır” cavabını verdim.

Bolşeviklər Qafqazda general Denikin ordusunu darmadağın etdikdən sonra artıq bizim üçün ağqvardiyaçı təhlükəsi qalmamışdı. Ancaq, Denikinin yerinə arxasını Rusiyanın mərkəzi olan Moskvaya dayayan bolşeviklər kimi bir təhlükəli qüvvə də vardır. Artıq biz də fəaliyyətimizi bolşeviklər əleyhinə çevirmişdik. Mən hələlik Beriyanı vəzifədən çıxarmamışdım. Yerli bolşeviklər əleyhimizə fəaliyyətə keçmişdilər. Biz də onları daima təqib edir və göz açmağa aman vermirdik. Bu zaman Beriya yoxa çıxdı. Onu bir müddət axtardım, ancaq ondan bir soraq verən olmadı. Nəticədə belə bir qənaətə gəldim ki, artıq o, respublikada yoxdur. İki aylıq maaşını anasına göndərdim.

Elə bir vaxt gəldi ki, Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildi və mən Gürcüstana keçməyə məcbur oldum. Bir şirniyyat mağazasında rastlaşdıq. Bu zaman Gürcü hökuməti menşevik olub bolşevikləri təqib edirdi. Beriya məni görən kimi yaxınlaşdı və əl verib salamlaşdıq. Hiss etdim ki, o mənimlə qarşılaşmağa o qədər də məmnun deyil. Ancaq mənim xoş münasibətimi görüb bir az toxdadı. Ondan “Beriya nə üçün mənə bildirmədən Gürcüstana keçdin? Deyə soruşdum. Beriya da “hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunurlar. Ona görə də bu təşkilatda qalmağın daha mümkün olmadığı qərarına gəldim. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşlarımı vermisiniz, təşəkkür edirəm.” Dedi. Mən ona “Beriya Azərbaycanda rusların törətdiklərindən xəbərin varmı? Xalq rus çarına rəhmət oxuyurlar” dedim. Beriya mənə “Nağı bəy siz yanılırsınız, bu gün siz bolşeviklərdən qaçırsınız. Ancaq bolşevik rusluq deyil. Bolşeviklər Qafqaza azadlıq və səadət gətirirlər. Sabah sizin sevdiyiniz Türk, Şərq və İslam dünyası kapitalistlərin əlindən bolşeviklərin sayəsində xilas olacaqlar. Nə isə bunu istiqbal göstərəcək. Ancaq, siz söyləyin nə etmək istəyirsiniz?.” dedi. Mən yola düşmək üçün hər hazırlığımı tamamlamışdım. Ancaq hələ qəti qərara gəlmədiyimi söylədim. Beriya “Nağı bəy inanın mənə. Yaxınlarda bolşeviklər buraya da” gələcəklər. Sizin buradan uzaqlaşmağınızı töfsiyyə edirəm” dedi. Mən də Beriyaya “əgər burada qalsam və məni yaxalasalar qurtara bilməzsən eləmi?” dedim. O, isə cavabında “qurtara bilmərəm” dedi. Onda “Bax Beriya buradaca sərbəstcə bir-birimizlə söhbət edirik. Sən kommunistsən. Bir an təsəvvür et ki, mən müttəhiməm, sən də ittihamçı. Sən məni özün qədər tanıyırsan. Məni nə ilə ittiham edəcəksən? Ədalətsiz bir hərəkətimi söyləyə bilməzsən. Heç bir kasıbı varlının ayağına vermədim, daima onlara kömək etməyə çalışdım. Ancaq, bolşevik yoldaşların məni utanmadan xalq düşməni elan etdilər. Söylə, çəkinmə. Hansı hərəkətim xalqa qarşı olmuşdur” deyə soruşdum. Beriya susurdusa, ancaq cavab da vermək istəyirdi. Nəhayət o “Bu bolşevik inqilabıdır. Bəlkə içərisində günahkar olan bir 100 nəfəri güllələyəcəklər” dedi. Mən, “Beriya” artıq sənə nə söyləyim. Əliheydər deputatdı. Məni inandırmaq istədirdi ki, bütövlükdə “Müsavat” Partiyası hakimiyyəti sosialistlərə verərsə Qızıl Ordu Azərbaycana girməyəcəksə Azərbaycanın istiqlaliyyətini tanıyacaqlar. Mən Əliheydərin bu sözlərinə cavab olaraq dedim ki, Əliheydər bu gələn rusdur. Nə rəngə bürünürlərsə, bürünsünlər rusluqlarını edəcəklər. Beriya əmin ol ki, öldürülmək növbəsi sən Beriyaya da gələcəkdir” dedim. Çox gec olsa yəqin ki, Beriya söylədiyim sözləri özününkülər tərəfindən güllələndiyi zaman yada salmışdır. Çünki, Azərbaycanda nə qədər bolşeviklərin gəlməsini istəyən Əliheydərlər var idisə Beriyanın cəlladları tərəfindən güllələnmişdilər.

Kremldə Beriyanı da qətlə yetirdilər. Sonra Stalini də rahat buraxmadılar, yəni özünə gücləri çatmasa da meyitini cəzalandırdılar. Çünki, Moskva rus imperiyasını qurur və dirçəldirdi. Əgər bu gün Xruşov kimiləri işlətdikləri cinayətləri və etdikləri vəhşilikləri qeyri-rus olan Stalin və Beriyaya yükləmək və öz millətlərini məmnun etmək istəyirdilərsə yaxşı bilməlidirlər ki, millətlər zindanı olan Rusiyada soyqırımına məruz qalan qeyri-ruslar sırf rus millətindən ibarət olan terror dəstələri tərəfindən törədilmişdir. Bu cinayətlər rus milləti hesabına törədilmişdir. Ancaq, bu lənətləri oxumağa rus millətinin haqqı yoxdur. Çünki, Rusiyanın genişlənməsində rus çarlarına nəsib olmayanları Stalin təmin etmişdir. Rus milləti bu həqiqəti inkar edərsə nankorluq etmiş olar. Beriya Azərbaycanda və xüsusilə də Bakıda türk gənclərinə qarşı kütləvi qətlam tərtib etdirmişdir. Bu o gənclər idi ki, Beriya ilə bir məktəbdə oxumuş və daima ona qayğı göstərmişdilər. Uşaqlıq yoldaşlarının qatili olan Beriya daima Azərilər tərəfindən lənətlənəcəkdir. O Beriya ki Azərbaycanda törətdikləri vəhşiliklərin mində birini nə Rusiyada, nə də Gürcüstanda etməmişdir. Beriyanı lənətləyərkən, onunla bağlı xatirəmi də lənətləyirəm. Beriya Əksinqilab ilə Mübarizə İdarəmizin senzur şöbəsində çalışırdı. O cani ilanı tanımadan, bilmədən, öyrənmədən bəslədik. Onu yalnız mən himayə etmirdim, bütün şöbə əməkdaşları da qayğı göstərirdilər. İkinci Dünya müharibəsində Qızıl Ordudan almanlara əsir düşən və hürriyyəti seçərək alman ordusu sırasında ruslarla vuruşan qəhrəman, millətçi, idealist türk gəncləri ilə görüşərkən Beriyanı soruşardım. Hamısı Beriyanın türk gənclərini mərhəmətsizcəsinə məhv etdirdiyini deyirdilər. O, hələ Əksinqilab ilə Mübarizə İdarəsində birgə çalışmış olduğu yoldaşlarını da hər kəsdən əvvəl aradan götürmüşdü. 1950-ci il idi. İstanbulun Qapalı Çarşısının bir guşəsində antik əşyalar ticarəti ilə məşğul olaraq yaşayışımı təmin edirəm. Günlərin bir günü qarşı tərəfdəki qonşumun dükanına bir xarici gəldi. Xarici qonşuma “Siz bu malın əski rus mənşəli olduğunu haradan bilirsiniz?” deyə sual verdi. Qonşum cavab verir ki, malın üstündə haradan olması yazılıb və məni göstərərək, “Qonşum rusca bilir, o oxuyub” xarici təmiz türk dilində mənə “Siz demək rusca bilirsiniz, Ruscanı harada öyrənmisiniz?” deyə soruşur. Mən də ona Qafqaz Azərbaycanında öyrəndiyimi söyləyirəm. O məndən Qafqaz da antik mallar ticarəti ilə məşğul olub-olmadığımı soruşur. Mən də ona vətənimdə torpaq sahibi olub kənd təsərrüfatı ilə məşğul olduğumu söylədim. Sonra ona “eyni zamanda milli istiqlal uğrunda da iştirak etmişəm. Qayəmiz istiqlal idi. Onu da əldə etdik, yəni Milli Cümhuriyyətimizi qurduq, ancaq təəssüf ki, yaşada bilmədik. Moskvanın hücumuna məruz qaldıq. Ölkəmizi işğal etdilər. Bəs siz kimsiniz?” deyə soruşdum. Sovet təbəəsi və rus olduğunu söyləyir. Mən bunun Sovetlər Birliyindən ola bilməsini ağlıma gətirməmişəm. Ona “Çox təmiz türkcə danışırsınız. Tələffüzünüz də sizin rus olmağınızı hiss etdirmir. Bəs burada nə ilə məşğulsunuz? Deyə soruşdum. Sovet konsulluğunda məmur olduğunu söyləyincə “Anladım, həm də yüksək rütbəli məmursunuz” deyirəm. Yüksək rütbəli məmur olduğunu haradan bildiyimi soruşur. Artıq söhbətimiz ciddiləşir və sözlərimə belə davam edirəm: “Ona istinad edirəm ki, sizin sözlərinizə inanıram. Sovet məmurusunuz və yüksək rütbəli məmur olmağınızı necə bildiyimi də anladım: Mən sovet konsulxanasının nə kiçik, nə də yüksək rütbəli heç bir məmurunu şəxsən tanımıram. Onlarla əlaqə saxlamıram və saxlamaq da istəmirəm. Ancaq konsulxana işçiləri məni tanıyırlar və mənimlə görüşməkdən də çəkinirlər. Bunu siz məndən yaxşı bilirsiniz. Onların çəkinmələri və qorxmaları yalnız konsulxanadakı siyasi komissardandır. Əgər onlardan azacıq şübhələnsələr ya vəzifədən götürülür, ya da Sovetlər birliyinə göndərilib orada cəzalandırılırlar”.

Bu zaman dükana bir müştəri gəldi və mən onunla məşğul olmağa başladım. Artıq özünü konsulxana məmuru kimi təqdim edən şəxs dükandan getmişdi. Mən elə o günü bu şəxsin İstanbuldakı Sovet konsulxanasının baş konsulu olduğunu öyrəndim. Aradan beş gün keçmişdi. O, yenə gəldi və mən onu çox soyuq qarşıladım. O, bunu hiss etsə də mənimlə bir məsələni aydınlaşdırmaq istədiyini bildirdi. Mən də təəccüblə onun üzünə baxdım və “Mənim sizinlə müzakirə edəcək heç bir məsələm yoxdur və ola da bilməz” dedim. Mənə: “Siz çox sərt danışırsınız. Əsəbinizə hakim olun və məni dinləyin. Əgər dediklərim xoşunuza gəlməsə rədd edə bilərsiniz. Siz dünyada sülh olmasını istəməzsinizmi? Bilirsiniz ki, Stalin öldükdən sonra Rusiyanı idarə edənlər üç şəxsdir: Beriya, Malenkov və Molotov. Öyrəndiyimə görə Beriya vaxtilə sizin idarənizdə məmurunuz olmuşdur və bu gün Beriya fikrən digərlərindən fərqlənən yeganə insandır. Moskvada da hamıya məlumdur ki, Beriya liberalizmə yuvarlanmışdır. Kolxoz quruluşunun dağıdılmasına tərəfdardır. Siz ona bir məktub yazın və Qərb dünyası ilə müqavilə bağlasın. Bəlkə sizin tövsiyələrinizi dinlər və siz də dünya sülhü üçün bir rol oynamış olarsınız. Siz Beriyaya məktub yazıb ancaq ikinizə aid olan hadisələrdən də bəhs edin ki, məktubun sizdən olduğunu anlasın. Mən də məktubu kuryer ilə göndərim. Bir həftəyə qədər o çatdırsın” dedi.

O, sözünü bitirib məndən cavab gözləyir. Mən də “Bəli, mən dünyada sülh olmanın tərəfdarıyam. Bu sülhü bütün dünya əhalisi istəyir. Ancaq məktubla hər hansı bir sülhün baş tutmağına inanmıram. Bir də sizin gəlib mənimlə söhbət etməyinizi düzgün hesab etmirəm və istəmirəm” dedim. O bir daha mənim yanıma gəlmədi. Aradan bir müddət keçdikdən sonra Beriyanın Kremldə öldürülməsi xəbəri xəbər agentlikləri tərəfindən dünyaya yayıldı. O günlərdə İstanbulda nəşr olunan “Vətən” qəzetinin müxbirlərindən biri mənim yanıma gələrək Beriya haqqında müəyyən məlumat istədi. Mən də onu maraqlandıran suallara ətraflı cavab verdim. Aradan bir müddət keçir və Moskva Kommunist Partiyasının XX qurultayı öz işinə başlayır. Qurultayda Xruşov, Molotov, Malenkov və Kakanoviçə tərəf dönərək “Əgər Beriya ölməsəydi siz sağ qalıb burada oturmayacaqdınız. O alçaq Milli Azərbaycan Cümhuriyyətinin kəşfiyyat arqanında işləmiş və xaricdəki Müsavatçılar ilə əlaqə saxlayaraq Sovet rejimini devirmək istəmişdir” deyir. Mən bu sözləri oxuduğum zaman Moskvanın Beriyaya nə üçün məktub yazılmasını istədiyini anladım. Məktubu yazmadığıma sevindim. Demək mənim ağzımdan uydurma bir şey yazmışlar və Beriyanı da buna əsaslanaraq öldürmüşlər. Bu məsələ bu gün aydın olmuşdur. Maraqlananlar irəlidə təfsilatı ilə öyrənə bilərlər. Mənim bildiyim bir şey varsa, o da Lenin, Stalin, Zinovyev, Kamenev, Kakanoviç, Kirov, Xruşov, Vişinski və digərləri də hamısı eyni dərəcədə günahsız insanların qatilləridirlər.

Rus bolşeviklərin qüvvələri Bakını işğal edib milli dövlətimizi devirdi. O axşam Bakıda qaldım. Böyük küçədə yerləşən bir binanın ikinci mərtəbəsində işığı söndürülmüş qaranlıq otağın pəncərəsi önündə oturmuşdum. Böyük küçə elektriklə gündüz kimi işıqlandırılmışdı. Pəncərədən istiqlalçı yoldaşlarımın iki-iki, üç-üç Çekaya güllələnməyə aparıldığını aydın görürdüm. Bu gecə həyatımın ən sıxıntılı anı idi. Gözümə yuxu getmirdi. Dərin fikirlər içində fasiləsiz olaraq siqaret çəkirəm. Səhər açılır. Küçədə qəzet satan uşaqların səsləri eşidilir: Bolşeviklərin bir saylı ilk qəzeti. Ev sahibinin uşağına bir qəzet aldırıram. Qəzetdə xalq düşmənlərinin yaxalanıb cəzalandırıldıqları, ələ keçməyənlərin isə axtarıldıqları bildirilir. Qəzetdə hər hansı bir kommunistdən xalq düşməni olan Nağı Şeyxzamanlını dərhal yerində qətlə yetirmək tələb olunur.
Qəzet əlimdən düşür. Ev sahibinin on iki yaşlı oğlu qəzeti yerdən götürüb oxumağa başlayır və çox kədərli səslə “çox pis xəbər” olduğunu deyir. Mən də halsız bir halda onun sözlərini başımla təsdiq edirəm. Mənim ev sahibinin kim olduğunu bilmədiyim kimi, onlar da məni tanımırdılar. Yoldaşlardan biri dünən axşam məni buraya gətirmiş və sabah axşam da gəlib götürəcəyini bildirmişdir. Uşaq mənə gecə heç yatmadığımı xatırlatdı. Mən də “Bəli oğlum bir az yatmağım lazımdır” dedim və bir neçə saat yatdım. Axşam məni buraya gətirmiş yoldaş gəlib çıxdı. Birlikdə şam edib evdən çıxdıq və Mərdəkan kəndinə gəldik. O, Bakıya qayıtdı, mən isə burada iki həftə qaldım. Hər gün şəhərdən pis xəbərlər alırdım, kənddə qalmağı təhlükəli sayıb yenidən şəhərə qayıtdım. Yeznəmin evinə gedərək orada bir gecə qaldım. Onlara Gəncəyə gedəcəyimi söylədim. Axşamın olmasını gözləyərkən bacım oğlu gəldi və mənə “Dayı səni bir şəxs görmək istəyir. Burada olmadığını nə qədər dedimsə, Nağı bəyi görməmiş getməyəcəyini israr edir” dedi. Mən də o şəxsin gəlməsini söylədim.

İçəriyə tanımadığım bir gənc girdi. Salam verdikdən sonra “Nağı bəy, siz məni tanıya bilməzsiniz. Vaxtilə siz mənim həyatımı xilas etmisiniz. Burada olduğunuzu öyrəndim və gəldim. Sizə kömək etmək istəyirəm. Mənə inanın dedi. Mən də “Qardaşım nə üçün inanmayım. Siz mənə pislik də, yaxşılıq da edə bilərsiniz. Mən Gəncəyə getmək istəyirəm. Mənə kömək edin təhlükəsiz şəhərdən çıxaq” dedim. Gənc mənə “Siz burada istirahət edin. Sabah sizi gəlib buradan götürəcəyəm” dedi. Mən də qonşuluqda yaşayan erməni ailəsindən şübhələndiyimi söylədim və dərhal bu gecə yola düşməyin vacibliyini bildirdim. Bundan sonra tanımadığım gənc mənimlə razılaşdı və evdən çıxdıq. Küçənin tinin dönərkən böyük küçədən bir neçə silahlı adamın keçdiyini gördüm. Onları görən kimi üzümü yana çevirib getmək istədim. Silahlı adamlar tələsik harasa yüyürürdülər. Küçəni döndülər. Bu zaman yaxamdan yapışan qüvvətli əl haraya getdiyimi soruşdu. Aramızda qısa bir dartışma oldu. Çox qüvvətli olduğunu və yaxamı buraxmadığını görüb əlimi cibimə salıb tapançanı çıxarıb “Yaxamı burax yoxsa vuraram” dedim. O, qorxub əlini çəkdi. Mən də tapançanı cibimə qoyub var gücümlə qaçmağa başladım. Bu zaman qarşıma bir fayton çıxdı. Mən qaçdıqca fayton da məni təqib edirdi. Mən ara küçələrə girirdimsə xeyri olmurdu. Fayton yenə ardımca gəlirdi. Yorulmuşdum, güclə nəfəs alırdım, haradasa taqətdən düşüb qalacağımı bilirdim. Qərarım qəti idi. Əvvəl məni təqib edəni, sonra da özümü vuracaqdım. Araba mənə yaxınlaşanda içindəkinin məni aparmaq üçün gələn gəncin olduğunu gördüm. O, məni çağırırdı. Ona artıq bir addım da atmağa taqətim qalmadığını söylədim. O, dərhal arabadan endi və mənim minməyimə kömək etdi. Məni bacısının şəhər kənarındakı evinə gətirdi və “sən burada qal. Mən səhər üçün bir avtomobil hazırlatdırım. Səni Gəncəyə qədər müşayiət edəcəyəm. Çəkinmə bura etibarlı evdir” dedi. Mən ondan evimizə gedib dayım oğlu Rzanı da gətirməsini xahiş etdim. Sözümü qəbul edərək getdi. Ertəsi gün adını söyləməyən dostum, mən və Rza avtomobillə şəhərdən çıxdıq. Güzdək kəndinə yaxınlaşarkən tarlalarda işləyən kəndlilər bizə “Kəndə gedirsiniz, əgər üstünüzdə silah varsa, saxlayın. Kənddə bolşeviklər var. Bir neçə kəndlini tutublar” dedilər. Bu vəziyyət qarşısında dostum “Siz avtomobildən düşüb bu evin yanında dayanın, mən avtomobil ilə kəndə gedirəm. Sonra avtomobili buraxıb sizə göstərdiyim evə gəlirəm” dedi. Biz ondan nə kimi kömək edəcəyini soruşduq. Həmin adam “Stansiyaya gedək, siz kənarda gözləyin. Mən sizə bilet alım və kimsə görmədən qatara minərsiniz” dedi. Mən ona pul verdim. O, getdi və heç on dəqiqə keçməmiş əlində iki bilet qayıtdı və “Qatar yarım saat sonra gələcək. Özünüzü Allaha əmanət edin. Bir şey olmaz. Sağ-salamat gedin” dedi. Qatar gəldi. Müsavatçı ilə görüşüb ayrıldıq. Bir vaqona çıxdım. Tanış bir ailə də bu qatarla Gəncəyə gedirdi. Onlar məni gördükdə çox təəccübləndilər və sonra da “Amandı Nağı bəy, səni görməsinlər” deyərək mənə kupenin ikinci qatında yer düzəltdilər. Mən bir az yemək yedim və rahatlanaraq yatdım. Səhər tezdən yuxudan durdum. Bu zaman vaqona gələn bələdçi məni görüncə “Nağı bəy bu necə olur? Bakı vağzalında ciddi yoxlama apardılar və üç nəfəri tutub apardılar. Bəs sizi necə oldu ki, görmədilər?” deyə soruşdu. Mən də qatara Bakıda minmədiyimi söylədim. Artıq elə bir təhlükə qalmamışdı. Qatar Yevlax stansiyasını keçmişdi. Bu ətrafdakı bütün kəndləri çox yaxşı tanıyırdım.

Vaqonumuzda bir kommunist fəhlə özü ilə götürdüyü çoxlu qəzeti hər stansiyada qatar dayananda xalqa paylayırdı. O, qəzeti paylamaqla kifayətlənməyib, bir nitq də söyləyirdi. Ağdaşın Ləki stansiyasında qatara minən bir qoca kişi dilboğaza qoymadan bolşevikləri tərifləyir və Milli hökuməti pisləyirdi. Hamı onu dinləyirdi. Mən Rzaya “Rza, artıq səbrim tükəndi. Bu gəvəzənin payını verək” dedim. Ayağa qalxıb ona tərəf gəldim. O, hələ boşboğaz danışığını davam etdirirdi. Mən “ay alçaq, sən bolşeviklərin yaxşı olduqlarını haradan bilirsən?” dedim və ona var gücümlə bir şillə vurdum. Bunu gözləməyən kommunist qəzetçi vaqondan çölə çıxdı. Mən də dönüb yerimdə oturdum. Vaqona tam bir sakitlik çökür. On dəqiqə sonra kommunist qəzetçi yanında iki süngülü rus əsgəri ilə geri qayıdır. Onlara məni göstərdi və hər birinə vaqonun bir qapısında durmağı tapşırdı. Qatar Gəncəyə yaxınlaşırdı. Artıq yaxalandığımızı yəqin edirdik. Bir anda özümü ələ alıb Rzaya hazır olmağı tapşırdım.

Yanımdakı qapını gözləyən əsgər olduqca zəif və xəstə görkəmli bir uşaq idi. O, tüfənginə dayanmış vəziyyətdə pəncərədən bayıra baxırdı. Cəld qalxıb əsgərin boynundan vurdum və o cansız meyit kimi üzüqoyulu yerə sərildi. Mən və Rza tez vaqondan bayıra tullandıq və buğda qatlarının içi ilə dəmiryolundan uzaqlaşdıq. Hər tərəfdə qızğın bir hazırlıq gedirdi. Gəncə və ətraf kəndləri bolşeviklərə qarşı üsyana hazırlaşmışdılar, bu məqsədlə böyük bir toplantı keçirilirdi. Hər kəs fikrini söyləyir və üsyan planının necə həyata keçirilməsi müzakirə edilirdi. Sonra Gəncə şəhərindəki bolşevik əsgərlərinə basqın edilməsi qərara alındı. Şəhərdəki Gəncə alayının komandanı mərhum polkovnik Cahangir bəyin təklifi ilə toplantıda Gürcü hökumətindən kömək almaq üçün mənim Tiflisə getməyim qərara alındı. Tanış kəndlilərlə Gürcüstanın sərhədində yerləşən Eldar kəndinə gələrək orada qonaq qalırıq. Bizə qoyun kəsib yemək hazırlayırlar. Silahlarımızı yanımıza divara söykəyib söhbət edirik. Kəndlilərin içində sərhəd komandiri olan kobud sifətli şəxs heç danışmır və bizi dinləyirdi. Biz yeməkdən sonra sərhədi keçmək istəyirik. Kəndlilər isə “Gündüz sərhəd keçilməz. Siz şəhərə qayıdın. Biz Nağı bəyi axşam qaranlığında keçirərik” deyirlər. Məni gətirənlərdən birisi onlarla sərt danışır və “Bolşevikləri məhv edəcəyik. Nağı bəy Milli Hökumətin tapşırığı ilə Gürcüstana gedir. Hamımızın vəzifəsi onu sağ-salamat Gürcü hökumətinə çatdırmaqdır” deyir. Bundan sonra kobud sifətli şəxs səsini qaldıraraq “Mənə vəzifədən danışmayın. Mən vəzifəmi çox yaxşı bilirəm. Mənim vəzifəm bu bəyi yaxalayıb əlini-qolunu bağlayıb bolşeviklərə təslim etməkdir” deyir. Onun bu sözündən sonra biz tüfənglərimizi götürüb bayıra çıxırıq. Rüstəm dayı onun üzərinə bağıraraq “Sən onu qoyunmu hesab etdin. Əl-qolunu bağlayıb bolşeviklərə təslim edəsən. Bağla görüm, necə bağlayırsan” deyir. Ara qarışır. Hər iki tərəf bir-birlərini hədələməyə başlayırlar. Vəziyyətin dərinləşdiyini görən qadınlar evlərdən çıxıb yalvarmağa başlayırlar. Kəndin ağsaqqalları da məsələyə qarışmalı olurlar. Ağsaqqallar və qadınların hamısı bu qarşıdurmanın səbəbkarı olan kobud sifətli şəxsi lənətləyirlər və bizi yeməyə oturmağa dəvət edirlər. Yeməyə otururuq. Mən “Rüstəm dayı mən sənsiz sərhədi keçməyəcəyəm” deyirəm. Rüstəm dayı “Nağı bəy heç narahat olma. Mən öz əlimlə səni gürcü patrul məntəqəsinə təslim etmədən geri dönən deyiləm. Bu gün Gəncədə hamı bilir ki, səni sərhəddən keçirməyi mən üzərimə götürmüşəm. Sən çox da fikir etmə” deyir.

Yeməkdən sonra hamımız birlikdə sərhədi keçdik. Mən qaldım, digərləri isə qayıtdılar. Tiflisə gəldim. İlk olaraq bolşevik istilasından sonra Tiflisə gəlmiş Həsən bəy Ağaoğlu ilə görüşdüm. Həsən bəy Ağaoğlu Milli hökumət dövründə Azərbaycan parlamentinin sədr müavini olmuşdur. Ertəsi gün iki yoldaşla bərabər Gürcüstanın o zamankı Daxili İşlər Naziri Ramişvilinin qəbuluna getdik. Ona bolşeviklərə qarşı üsyan edəcəyimizi dedik və bizə nə kimi kömək edə biləcəklərini soruşduq. Ramişvili bizə “Siz bilirsiniz ki, bizim sosialist bir hökumətimiz var. Ruslarla anlaşa bildiyimizdən sizin bolşeviklərə qarşı edəcəyiniz üsyanı müdafiə edə bilmərik” dedi.

Mən gürcü hökumətinin süqutuna qədər Tiflisdə qaldım. Xain erməni daşnakları sahibsiz qalan bizləri bir-bir qətlə yetirməyə başladılar. İlk olaraq sabiq Azərbaycan dövlətinin baş naziri Fətəlixan Xoyskini qətlə yetirdilər və ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədlini yaraladılar. Sonra Həsən bəy Ağaoğlunu öldürdülər. Artıq gürcü hökuməti və Ramişvili də Moskva ilə anlaşmanın mümkün olmadığını anlayıb ruslara müqavimət göstərmək istədilər. Müharibə başladı. Bu səfər biz gürcülərə kömək edirik. Gürcüstanla Azərbaycanın sərhədində Qarayazı deyilən və bir neçə yüz min əhalisi olan bir mahal vardır. Gürcü hökuməti bizə bir vaqon silah verdi ki, bunları Qarayazı əhalisinə paylayaq. Mən və Mustafa bəy Vəkilli bu silahları Qarayazı əhalisinə paylamaq üçün yola düşdük. Dəmirçi Həsənli kəndinin stansiyasında Mustafa bəy mənə “Sən burada düşüb Dəmirçi Həsənli kəndinə get və məşhur Əfəndinin qonağı ol. Vəziyyəti ona başa sal ki, o ətraf obalara xəbər göndərsin. Sabah tezdən kəndliləri də topla və Poylu stansiyasına gəl. Birlikdə tüfəngləri kəndlilərə paylayaq” dedi. Mən o axşam Dəmirçi Həsənli kəndində qaldım. Sabah saat dörddə ruslar hücuma keçdilər. Gürcülər davam gətirə bilməyib qaçırdılar. Biz bir neçə yüz atlı atlarımıza minərək Poyluya hərəkət etdik. Baxdım ki, Poyludan Tiflisə bir qatar gəlir. Qatr yaxınlaşanda gördüm ki, Tiflisdən bizi gətirən qatardır. Silah dolu vaqon da qatara qoşulmuşdu. Mən süvariləri orada buraxıb atı qatara tərəf çapmağa başladım. Maşinist məni görən kimi tanıdı və qatarın sürətini azaltdı. Mən də atdan enərək qatara mindim. Mustafa bəy və mən gəldiyimiz eyni qatarla da geri qayıtdıq.

Tiflisdə bir həftəyə qədər qaldım. Gürcülərin vəziyyəti o qədər də yaxşı deyildi. Onlar ruslara barışıq təklif edirdilər. Nəhayət razı oldular. Gürcülər onlardan barışıq müqaviləsinin bağlanması yeri və kim bağlayacağını bildirməyi istəyirlər. Ruslar isə müzakirə yerini Tiflis, müqaviləni isə Kutaisi həbsxanasında məhbus olan gürcü Kaftaradzenin imzalamasını irəli sürürlər. Gürcü hökuməti bütün xarici ölkə səfirliklərinin və mühacirlərinin köçürülməsi üçün müəyyən tədbirlər görməyə başlayır. Hər xarici səfirliyə və Azərbaycan Komitəsinə bir vaqon verirlər. Qatarla Batuma gəlirik. Arxamızca bolşeviklər də Batuma gəlirlər. Bu vaxta qədər şəhərdən qaçan qaçmışdı.

Bir dostumla Batumda qalıram. Bir gün dəniz kənarında gəzərkən Hopalı Əhməd bəy Şahinzadənin motorlu gəmisinin artıq sahildən aralandığını görürük. Əhməd bəy də bizi görür və motorlu gəmisinin avarlı qayığı bizi götürmək üçün göndərir. Qayığa minmək istəyirik. Ancaq, süngülü rus bolşevik əsgərləri icazə vermirlər. Biz tanınmamaq üçün pozuq rus dilində danışaraq onları dilə tutmağa çalışırıq. Ancaq, bizim bu yalvarmağımız onlara azacıq da olsa təsir etmir. Bu zaman bir silahlı Gürcü əsgərinin yaxınlıqda gəzməkdə olduğunu gördüm. Mən tez yaxınlaşıb “Biz Azərbaycanlıyıq. Siyasətlə bağlı adamlarıq. Həyatımız təhlükəlidir. Bizə kömək et” dedim. Hamımıza acıyan gürcüyə ani olaraq bir cəsarət gəldi və rus əsgərlərinə yanaşaraq əmranə tərzdə “Buraxın çıxıb getsinlər bu qorxaq insanları. Bunlardan bolşevikliyə xeyir verən olmaz” dedi. Bundan sonra ruslar bizdən əl çəkdilər. Biz tez fürsəti əldən vermədən qayığa tullandıq və həyatımızı xilas etdik.

Mühacirət həyatımda başıma gələnlər başqa bir əsərin mövzusu olacaqdır. Ancaq qısaca deyə bilərəm ki, Azərbaycanımızın işğalı ilə əlaqədar qarabağır balaları kimi bütün Dünyaya səpələndik. Biz ana vətən hesab edərək Türkiyəyə mühacirət etdik və özümüzü vətənsiz hiss etmədik. Türkiyə vətəndaşı olduq.

Vətəndaşlıq vəzifəmizi şərəflə daşıdıq, daşıyırıq və daşıyacağıq. Digər tərəfdən Azərbaycanın qurtuluşu üçün çalışdıq, çalışırıq və çalışacağıq.

Azərbaycanın düşmən tərəfindən işğal olunmasından sonra Milli Hökumətin məşhur şəxslərinin çoxu İstanbula toplaşmışdılar. Bunların arasında Azərbaycan Milli Hökumətinin 7-8 naziri də var idi. Biz bu günə qədər fəaliyyətlərimiz nəticəsində milli davamızı dünya ictimaiyyətinə tanıda bildik.

 

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN SÜQUTUNUN SƏBƏBLƏRİ

1920-ci il aprelin 27-də Moskvanın əmri ilə Qızıl Ordu ölkəmizə soxularaq respublikamızı işğal etdi və Milli hökumətimizi devirdi. Biz mühacirlər hər il bu məlum günü anaraq lənətləyirik. Bu işğalın səbəbləri az-çox söylənmiş və yazılmışdır. Sizə şahidi olduğum və o qara günün mətbuatımızda işıqlandırılmayan tərəflərini açıqlamağa çalışacağam. Mən yaxşı anlamaq üçün istədim ki, Kazım Qarabəkir Paşanın 1400 səhifəlik xatirəsini oxumuş olasınız. Göstərəcəyimiz səbəblərin kökünü və təfsilatını orada görəcəksiniz. Yenə o əsərdə nə qədər avantürist insanların özlərini Ankara nümayəndəsi olduğunu deyib Azərbaycan xalqının içərisində yerləşdiklərini, Moskvadan külli miqdarda pul alaraq çöpləndiklərini oxuya biləcəksiniz. Bu xarici nümayəndələrin törətdikləri fitnə-fəsadlar və təbliğatlar nəticəsində Azərbaycan xalqı anlamışdır ki, törədilən bu pis əməllərdən Ankara hökuməti xəbərsizdir. Bu pis əməllərə birbaşa yalançı nümayəndələr cavabdeh idilər. Bir neçə hadisəni qeyd etmək istəyirəm. Əli Çətinqaya avantüristlərdən Nail bəyə sualı verir: “Azərbaycan hökumətini yıxmaqda məqsədiniz nə idi? Bu işləri kimin hesabına gördünüz?” Nail bəy susaraq cavab verməmişdir. O əməlinə görə cəzalanaraq edam edildi. Azərbaycan hökuməti Türkiyədən gələn zabitləri orduya qəbul etməyi qərara aldı. Gələnlər Parlamentin mühafizə alayına daxil olurlar. Bizə sonradan məlum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan bir neçə dəfə çox rus pulu da yalançı nümayəndələrdən alırlarmış. Hökumətimiz işğal ərəfəsindən son olaraq belə bir qərar verir: hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Təcili olaraq Azərbaycan Dövləti Mərkəzi Banka Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir. Pullar sandıqlara qablaşdırılır və vağzala aparılaraq vaqonlara yüklənir. Qatar hərəkət edən anda Parlamentin mühafizə alayından qısaboylu Türkiyəli zabit olan Xalid başında əlli-altımış silahlı dəstə vağzala gələrək qatarın hərəkətinə mane olur. Hökumətimizin içərisində çox məşum rol oynamış Məmmədhəsən Hacınski gizli olaraq Moskva cəsusları ilə görüşmək Milli hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. İkinci bağışlanmaz şəxs hərbi Nazir general Əliağa Şıxlinskidir. Birinci Dünya müharibəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil paşa tərəfindən aldadılaraq saflığının və sadəlövlüyünün qurbanı olmuşdur.

Qızıl Ordu sərhəddimizdə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq, bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla “Paşam hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür: Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm təcili tədbir görün” deyir. General onun sözünə aldanaraq əmr edir və relslər təzədən yerinə taxılır. Aprelin 27-də Qızıl Ordu Bakıya girir və hər tərəfdə mühüm dövlət məntəqələrini işğal edirlər. İlk tədbir olaraq mühafizə alayının adını dəyişib yardım alayı qoydular. İki gün sonra, yəni üçüncü günü Qızıl Ordu alayı mühasirəyə aldı və sıravilərin əllərindən silahlarını alaraq özlərinə də “Marş, marş evinizə” deyərək qovdular. Alayın ələ keçən zabitləri isə güllələndilər. Ələ keçməyənlər isə bir müddət gizləndikdən sonra canlarını qurtararaq hərəsi bir tərəfə dağıldılar. Artıq bolşeviklərə görə bu avantüristlərin vəzifələri hesab olunurdu. Bunlardan Xəlil paşa, Baba Səid, Nail və digər bir neçə nəfər canlarını qurtararaq Gürcüstana çata bilmişdilər. İşğalın ikinci günü idi. “İttihadı İslam” Partiyasının sədri doktor Qara bəy Qarabəyov ilə sadəlövh general Şıxlinski Bakıdakı kazarmaları gəzərək Azəri əsgərlərinə nitq söyləyirdilər. Qarabəyov dindən, İslamçılıqdan bəhs etdiyi halda, qoca general Şıxlinski isə “Övladlarım Türk Ordusu paşalarının komandanlığı altında gələrək Bakımızı düşməndən təmizlədilər. İndi isə kömək etmək növbəsi bizə çatıb, Türklərin İstanbulunu düşmənlər işğal etmişlər. İstanbulu düşmənlərdən təmizləmək lazımdır. Mən də siz əsgərlərimi götürüb yardım edəcəyəm. Siz də gedəcəyinizə və savaşacağınıza söz verirsinizmi?” deyə soruşur. Əsgərlər sevinc göz yaşları içində “Gedəcəyik və öləcəyik” deyə bağırırlar. Şıxlinski “övladlarım, yardıma gedən yalnız biz olmayacağıq, Ənvər paşa vaxtilə Rusiyaya əsir düşmüş Türk əsgər və zabitlərini və bir milyona yaxın Tatar könüllüsünü toplayaraq gəlir. Onlar gəlib buradan keçəcək. Biz də onlarla gedəcəyik” deyir. Safdil Şıxlinski söylədiklərinə inanaraq söyləyirmiş. O, bolşeviklərə satılmamışdı, ancaq xainlərin təbliğatına sadəlövhcəsinə inanaraq qoşulmuşdur. Təbliğat dəlib keçən ən kəskin qılıncdır. O günlərdə bolşeviklər Ənvər paşa ordusu ilə gəlir deyə bir şaiyə buraxırlar və nəticədə bütün şəhər əhalisi vağzala tərəf yürüş edir. Sonra “Ənvər paşa bir gün gecikir” deyə ikinci bir şayiə buraxır və xalq evlərinə qayıdır.

 

AZƏRBAYCAN XALQININ ƏNƏNƏLƏRİ

Özümü biləndən bəri Azərbaycan xalqını ənənələrinə son dərəcə bağlı gördüm. Bu xalq ənənələrini hər şeydən üstün tutmaqdadır. Azərbaycan türklərinin ənənələri işlənərək qanun halını almışdır. Xalq ümumiyyətlə ənənələri və adətləri ilə varlığını qoruyaraq yaşayır. Onlar dinin, insanlığın əxlaqı tərəflərini ənənələrinə daxil etmişdilər. Bildiyimiz kimi oğurluq Azərbaycan türklərinin ənənələrinə ləkə sayılır. Ancaq bu oğruların da müsbət tərəfli ənənələri vardır. Məsələn: oğrular gecə qaranlığında bir evi soyurlar. Onlar yanlarında gəzdirdikləri çuvallara əllərinə keçən nə varsa doldurdular. Evlərinə qayıdıb orada oğurladıqları malları gözdən keçirirlər. Qadına məxsus nə qədər paltar varsa hamısını ayırırlar. Bu hərəkətə səbəb onların kişiliklərinə, mənliklərinə sıxışdıra bilmədikləri “qadın əşyası oğrusu” adını üzərlərinə götürmək istəmədikləri olmuşdur. Ertəsi axşam bu əşyaları oğurluq etdikləri evin həyətinə atırlar. Bunlar kimi quldurlar da soyğunçuluq etdikləri zaman qadınları soymazlar. Hətta kişilərin üzərində tapdıqları qadın zinət əşyalarını da götürməzlər.

Azərbaycanda qan intiqamı davası çox güclüdür. Ancaq, bir adam axtardığı şəxsi yanında qadın olarsa vurmaz. Kişi yanında olan bir qadına pis gözlə baxılmaz və sataşılmaz. Çünki yanındakı kişinin şərəf və namusu nəzərə alınır. Azərbaycan xalqı bütövlükdə Allahına, Dininə, Quranına hörmət edəndir. Xalqımız hər xırda şey üçün Qurana and içməzlər. Ruslar bunu bildiklərindən mühakimə etdikləri azərbaycanlıları düz ifadə vermələri üçün Qurana and içizdirirdilər. Xalqımız bacardıqları qədər rus hökumətinin məhkəmələrinə müraciət etməzdilər. Onlar bəzi hallarda Qurana and içməmək üçün şəriət məhkəməsinə də getməzdilər və məhəllələrinin ağsaqqallarının qüvvələrindən istifadə edib qarşılarına çıxan məsələləri həll etməyə çalışardılar. Bütün ictimai işlərimizdə də ənənələrimizin rolu çox böyükdür. Bir insan pis bir hərəkət edərsə, məsələn: evli bir kişi bir qızı aldadıb yoldan çıxararsa, məhkəmə ona ağır və ya yüngül cəza verir. Ancaq, ona ən ağır cəzanı yaşadığı cəmiyyət verir. Bütün dostları və qohum-əqrabaları onu məzəmmət edərək görüşmürlər, yəni heç kəs ona salam verib, salamını almır. Bütün bu münasibəti görən həmin şəxs yaşayış yerini dəyişib başqa yerə köçür. Türklərin ənənələrindən ən mühümü də kirvəlikdir. Uşağa sünnət olurkən ailəsinin hörmət etdikləri və sevdikləri şəxsi kirvə tuturlar. Kirvə sünnət zamanı uşağı tutana deyilir. O andan etibarən kirvə o ailənin ən yaxın qohumlarından biri hesab olunur.

Azərbaycan türklərinin ənənələrində ailəvi dost olan ermənilərə də kirvə deyilir. Qonşu yaşadığımız ermənilər ənənələrimizi bizim qədər bilirlər. Ermənilərə və yaxud hər hansı bir xristian dosta nə dayı, nə əmi, nə də qardaş deyilməz. Onların yerinə kirvə sözü işlədilir. Kirvə və kirvəliyə yüksək qiymət verən xalqımız arasında “Allahdan döndün, bəs kirvəlikdən necə döndün?” məsəli də mövcuddur. Hər türkün qəlbi iki müqəddəs varlıq ilə doludur. Biri din duyğusu, digəri isə milli duyğudur. Türklərin bu iki müqəddəs varlıqlarını sevimli milli bayraqlarına da daxil etmişdilər. Azərbaycan bayrağı üçrənglidir: yaşıl rəngi islamiyyəti, qırmızı rəngi və ay, ulduz Türklüyü təmsil edir. Üçüncü rəngi olan mavi isə soyunu təmsil edir. Hər türkün beyni istiqlal duyğusu ilə dolub daşmaqdadır.

Azərbaycanlılar özlərini din təsiri altına salmamışdılar. Onlar ənənələrini dinləri qədər müqəddəs saymışdılar. Əsrlərlə dinini, ənənəsini, adətini, məntiqini, insani duyğularını qoruyub saxlayan xalqımızın da dövlət qurmağa haqqı olmuşdur. Əsarətdə zəngin bir ədəbiyyat yaratmaq, dinini, dilini yabançı kəlmələrdən təmizləmək, əsarətində olduğu rusların sözlərini dilinə qarışdırmamaq, onlarla dil varlığının, mənliyinin yarışını yaratmaq (Azərbaycanda qeyri-rus azlıqların müştərək dillərinin Azərbaycan Türkcəsi olması və rus dilini öyrənməyə lüzum görməmələri) müstəbid rus imperializmi kimi bir rejimin təzyiqi altında və yorulmadan çalışmaq, cəmiyyətlər qurmaq, millətin tərəqqisini təmin etmək, “Difai” kimi gizli firqə yaratmaq, mürtəcə rejimlə mübarizə etmək, onların gözlərini qorxutmaq, ölkənin hər tərəfində qaçaq dəstələrini rus çar hökuməti üzərinə saldırmaq, dastanlar yaratmaq, hər məhkum millətə nəsib olmamışdır. Bütün bunlar türklərin bu sahədə nə qədər səmərəli çalışdıqlarını göstərməkdədir.

 

İSTİQLAL DÖVRÜNDƏKİ HADİSƏLƏR

Xalqımız və hökumətimiz durmadan çalışmaqda və məsud günlər yaşamaqda idilər. Rusiyanın daxili vəziyyəti qarışıq idi. Bura da iki qüvvə bir-biri ilə çarpışmaqda idi. Biri rəqiblərini aldatmış Lenin qüvvələri, o biri isə Rus Çarlığını xilas etmək üçün silaha sarılmış Çar generalları. Bu generallar general Denikinin komandanlığında Şimali Qafqazı işğal edərək yerləşdilər. Denikinin qayəsi tarixdəki Rus Çarlarının işlərini davam etdirmək və Şimali Qafqazdakı Çar idarəsinin bütün zabitləri ordusuna almaq idi. Belə bir vəziyyətdə general Denikin bilmirəm nəyə güvənərək Azərbaycan Cümhuriyyətinə bir nota göndərir. Bu notada “Türkmənçay müqaviləsinə uyğun Xəzər dənizində rus imperiyasının bayrağından başqa bir dövlətə aid bayraq dalğalanmalıdır” deyilir. Tarixdə Türkmənçay məqaləsi saxta bir sənəddən başqa bir şey deyildir. Belə ki: “Belə ki, ruslar 19-cu əsrin əvvəllərində səbəbsiz, notasız, Azərbaycan xalqlarını öz əsarətləri altına aldılar. Onlar xanlara heç bir haqq vermədikləri kimi, xalqına da heç bir haqq vermədilər. Onlar bu ərazidə öz torpağında olduğu kimi hərəkət edir və İranın sərhəddində dayanır. Tehran hökuməti və Şahı heç bir hazırlıq görə bilməyib qurbanlıq qoyun kimi aqibətini gözləyir. Çar idarəsi nəyin bahasına olursa olsun Azərbaycanda öz mövqeyini möhkəmləndirməyə çalışır və Tehran hökumətinə də belə bir nota göndərir: “İmperator sərhədini İran sərhədinə yaxınlaşdırdım. Bir heyət göndərin, dostluq və sərhəd müqaviləsi imzalayın.” Tehran sevinc içərisində dərhal bir nümayəndə göndərir və Azərbaycan xanlıqlarının torpaqlarında heç bir haqqı-hüququ olmayan İran şahı buraları öz malı kimi Türkmənçay müqaviləsi ilə ruslara verir. Müqaviləyə bir maddə kimi daxil edilən bayraq məsələsi ruslar tərəfindən irəli sürülür. Tehran heyəti məsələni şaha çatdırırlar ki, ruslar Xəzər dənizinin suyuna tamamilə sahib olurlar. Şah isə heç düşünmədən tarixdə məşhur bu əmri verir: “Verin Xəzər dənizini ruslara. Bu duzlu suyun nə faydası var?”

Aradan bir neçə ay keçir. Bolşeviklərin Qızıl Orduları general Denikinin qoşununu məğlub edirlər. O, Avropaya qaçmağa məcbur olur. Zabitləri 27 gəmiyə minərək Xəzər dənizinə çıxırlar. Denikinin sıravi əsgərləri isə qoyun sürüsü kimi Qızıl Orduya qarışıb bolşevik olurlar. Onlar Çar generalının komandanlığında Azərbaycana girə bilmədiklərindən Moskva komandanlarının rəhbərliyi altında girməyi düşünmüşdülər. General Denikinin üç zabiti Azərbaycana sığınmaq üçün müraciət edirlər. Onları təhlükəsizlik idarəsinə gətirirlər. Söhbət etdiyimiz bu üç polkovnikdən biri dəniz, ikinci suvari, üçüncüsü isə piyada qoşun növünə aid idi. Onlar bir nümayəndə heyəti kimi Azərbaycan hökuməti ilə görüşüb Xəzər dənizində olan 27 paroxodun taleyi haqqında danışıq aparmaq üçün gəlmişdilər. Söhbətlərdən məlum oldu ki, paroxodlarda zabitlərdən başqa hərbi sursat da vardır. Hökumətin qərarı bu idi ki, paroxodlar və içindəki hərbi sursat Azərbaycan hökumətinə təhvil ediləcək, zabitlər isə Avropa dövlətlərinin pulları ilə təmin olunduqdan sonra istəklərinə uyğun hansı ölkəni istəyirlərsə oraya da yola salınacaqlar. Paroxodlar Xəzər dənizində Ənzəli limanının önündə dayanmışdılar. Polkovniklər Baş nazirin kabinetindən böyük salona keçirlər. Mən Nəsib bəylə tək qaldım və onun əmrlərini dinləyirəm: Bir paroxod istə və üç polkovniki də özünlə götürüb Ənzəli limanının yaxınlığında dayanmış paroxodların yanına gedərək hər paroxoddan iki nəfər nümayəndə dəvət et. Polkovniklər onlara hər şeyi izah etsinlər. Əgər onlar da razılaşsalar bütün paroxodları Bakıya gətirin. Axşama yaxın üç polkovniklə Azərbaycan hökumətinə məxsus bir gəmi ilə sabah tezdən İranın Ənzəli limanına çatdıq. Günəşli bir qış günü idi. Dənizçi polkovnik göyərtəyə çıxıb bayraq işarəsi ilə hər paroxoddan iki nümayəndə biz olduğumuz gəmiyə dəvət edir. Hər gəmidən iki zabit qayığa minib bizim yanımıza gələrək göyərtəyə çıxırlar. Onlar polkovniklərlə görüşür və sonra mənimlə tanış olurlar. Gəminin salonunda onlara qonaqlıq verildi. Polkovniklərdən biri Baş nazir Nəsib bəylə olan söhbətlərini onlara açıqladı. O, bildirdi ki, gəmilərdə olan hərbi sursatlar gəmi ilə birgə qeydiyyatdan keçirilərək Azərbaycan hökumətinə təhvil verildikdən sonra zabitlər sərbəst buraxılacaqlar. Sonra onlar öz arzularına uyğun olaraq hansı ölkəyə getmək istəsələr oraya da yola salınacaqlar. Zabitlər Azərbaycan Cümhuriyyətinin şərəfinə içirdilər. Gəmilərdən gələn nümayəndələr deyirdilər ki, Ənzəlidə İran hökumətinə müraciət edərək danışıq aparmaq istədiksə qəbul etmədilər. Sonra Ənzəlidə olan ingilis qüvvələrinin komandanı general Tomsona müraciət etdik. Onun cavabı bu oldu: “Silahları, gəmiləri təhvil verdikdən sonra və İrandan keçməklə dünyanın istənilən ölkəsinə gedə bilərsiniz.” Nümayəndəmiz isə ona “hər şeyimizi təslim edirik, ancaq İngilis qoşunlarının komandanlığı bizi Avropaya qədər yola salsın” deyir. General isə nümayəndəmizə “Bir şey söyləyə bilmərəm. Londona yazaram. Nə cavab versələr mən də o cür hərəkət edərəm” deyir.

Bizim gəmidə rus zabitləri ilə müzakirələrimiz çox qısa oldu. Ancaq içki məclisimiz xeyli davam etmişdi. Nəhayət qonaqlıq məclisi də sona çatdı. İndi əsas real iş qalırdı. Mən Bakıdan gələndə özümlə 30 ədəd Azərbaycan bayrağı gətirmişdim. Son sözümü rus zabitlərinə söyləyirəm: “Dostlar, ancaq gəmilər bizimdir və siz də bizim qonaqlarımızsınız. Azərbaycan ənənəsinə görə hər bir azərbaycanlı özünü qoruduğu kimi qonağının da həyatını qorumalıdır. İndi sizə 27 ədəd Azərbaycan bayrağı verəcəyəm. Onları götürüb gəmilərinizin dirəglərinə taxın. Bakıdan teleqraf aldım. Gəmilərimizin düşmən tərəfindən batırılması təhlükəsi var. Diqqətli olmağımızı istəyirlər. Bilirsinizmi ki, gəmilərin digərlərindəki ikibaşlı qartal gerbli Çar bayrağınızı təmsil edən nə bir ölkə, nə də bir qüvvə vardır. Bizim bayraqlarımızı gəmilərinizin dirəglərinə keçirin. İnanıram ki, heç bir kənar qüvvə bayrağımızı daşıyan gəmiyə təcavüz edə bilməz”. Zabitlər mənim sözlərimdən razı qalaraq mindilər və öz gəmilərinə getdilər. Əlimdə durbin gəmiləri seyr edirəm. Mənim kimi Ənzəli xalqı, İran məmurları və hətta Ənzəlidə pusquya yatmış olan ingilis əsgərləri də bu gəmiləri seyr etməkdədir. Mənzərə çox möhtəşəm idi; yəni uzun tarix boyu Şərqi inlədən, Turanda at oynadan, Azərbaycan xanlıqlarını işğal edən, zəif millətlərin yuxusunu qaçıran və qorxu içində saxlayan rus imperatorluğunun bayrağı bir Türk oğlunun istəyi ilə endirilir. Yerinə isə sevimli, yeni doğulmuş üçrəngli Azərbaycan bayrağı taxılır. Gözlərim sevincdən yaşarır. Gəmilərimiz hamısı birdən sıra ilə Xəzər dənizində Bakıya doğru hərəkət etməkdədir. Vaxtilə İran sərhədində əzəmətli rus imperiyasının Türkmənçayda İran dövləti ilə imzaladığı müqavilə bax burada, yəni yenə də İran sərhəddind-Ənzəlidə parça-parça edildi. O gün həyatımda ən unudulmaz günlərdən biri idi, yəni rus imperiyasının son 27 bayrağını endirmək mənə qismət olmuşdu. Mən Azərbaycan istiqlalının tayı-bərabəri olmayan aşiqiyəm. Məni istiqlalçı edən Nəsib bəydir. O qüvvətli eşqi mənə Tanrım vermişdir və bu səbəbdən də Azərbaycan istiqlala hazırlığı dövründə ən mühüm, ən çətin, ən şərəfli hadisələr ilə məni birlikdə yaşatmışdır. Azərbaycanın istiqlalının təməlinə bütün həyatım boyu zəhmət çəkdiyimi kimsə inkar edə bilməz.

 

TƏŞƏKKÜR MƏKTUBU

Azərbaycan Cümhuriyyətinin hökuməti Baş nazirinə Gəncə yepiskopu tərəfindən göndərilən bu məktubu almışdır: “Çox möhtərəm zati dövlətləri Fətəli xan”. Hər zaman yaşadığım Tiflis şəhərinə gedərkən ortodoks kilsəsinin və kilsəyə mənsub din xadimlərinin ehtiyaclarına qarşı zati aliniz və başında durduğunuz hökumət tərəfindən göstərilən ehtiram və diqqət dolayısı ilə dərin və ürəkdən təşəkkürlərimi bildirməyə cəsarət edirəm. Vaxt azlığından dərin və səmimi hörmətlərimi şəxsən bir dəfə ərz etmək fürsətini əldə edə bilmədiyim üçün çox üzüldüm. Tanrıdan sizin üçün hüsn-rəğbət dilər və zati alinizə dərin məhəbbətimi ərz edərəm.

Gəncə yepiskopu
Feefilant 8 yanvar 1919
(Bakıda çıxan “Azərbaycan” qəzeti, sayı 15)

 

ŞİMALİ QAFQAZ

Bu ölkənin əksəriyyəti müsəlmandır və son dərəcə dindardırlar. Burada yaşayan əhali ayrı-ayrı xalqlardan ibarətdirlər. Bu xalqlar Çərkəz, İnquş, Osetin, Kabardin, Çeçen, Qumuq, Avar, Ləzgi və digərləridir. Müştərək dilləri yoxdur. Bir xalq digərinin, hətta iki qonşu kənd bir-birinin dilini anlamır. Müştərək dilləri olmadığından xalq dövründən millət dövrünə keçə bilməmişlər. Özlərinə islam milləti demişlər. Ərəb tarixçiləri bu ölkəni uzun müddət tədqiq etdikdən sonra bir nəticəyə gələ bilməyərək “Burada Əcuz və Məcuzlar yaşayırlar” demişlər. Rus tarixçiləri isə “Saysız-hesabsız dildə danışan bir ölkə” demişlər. Şimali Qafqaz xalqı qədimdə islam dininin dili olan ərəb dilini özlərinə ümumi bir dil olaraq qəbul etmişlər. Onlar mədrəsələr açaraq imamlar yetişdirmişdilər. Valilər, sərkərdələr, qəza və nahiyə rəislərinin hamısı imamlar arasından seçilmişdi. Ancaq, təbii ki, ərəb dili xalqın dili ola bilməzdi. Ərəb dilində yalnız mədrəsə məzunları danışır və yazırlar. Qocalar ilə xalqın anlaşma dilləri olmadığından savadsız xalqı özlərinə müridizm üsulu ilə bağlamışdılar. Yəni imamın öl desə öləcəksən, qal desə qalacaqsan prinsipi bu ölkədə çox güclü idi. Dini qüvvə olan müdirizm yolu ilə xalq bir-birinə sıx bağlanmışdı. Ruslar Şimali Qafqaza etdikləri hərbi yürüşlərdə qarşılaşdıqları müqavimət və göstərilən qəhrəmanlıqların səbəbləri aranarkən meydana çıxan əsas həqiqət ölkənin hər qarşısında olan polad kimi qayalar, polad kimi insanlar və qartal kimi qəhrəmanların olması idi. Dini, imanı güclü, cihad aşiqi olan bu yenilməz insanlar uzun illər ruslarla vuruşdular. Ruslar bu ölkədə çox tələfat verdilər və qüvvə sərf etdilər. Nəticədə bütün ölkəni mühasirəyə alıb işğal etdilər. Qəhrəman xalq savaşlarda yenilmədilər. Bütövlükdə əsir düşdülər. Rus əsgəri qüvvələrinə məğlub olmayan Şimali Qafqazlılar rusların silahsız diplomatlarına aldanaraq məğlub oldular. Bildiyim və inandığım məlumata görə rus imperializmi 18 əsrdə Qafqazı işğal etməyi qərara almışdır. Məqsədi isə Qafqaz sərhədində olan İranı və Türkiyəni öz nüfuz dairəsinə almaq, İran üzərindən Bəsrəyə, isti dənizə çıxmaq, Türkiyə üzərindən isə boğazları ələ keçirmək idi. Rus çarı qayəsini həyata keçirmək üçün Qafqazda çox çətin müharibələr aparmağa məcbur olmuşdur. Rusların bu hərbi yürüşlərini İslam dininə qarşı təcavüz sayan Şimali Qafqazlılar savaşa cihad adını vermişdilər. Onlar bu yolda çoxlu şəhid verərək qan axıtmışdılar. Nəticədə müharibə başa çatmış və sülh dövrü başlamışdır. Bu dövrdə rus çarı özünü İslam dininin hamisi göstərərək məscidləri təmir etdirir, kömək üçün pul verilir və müəzzinlərə maaş təyin olunur. Digər tərəfdən Şimali Qafqazlıların oxumaq istəyən uşaqları üçün Rusiyanın hərbi məktəblərinin qapıları taybatay açılır. Bütün xalqların, bəylərin, varlıların uşaqları hərbi təhsil almaqda idilər. Çar hökuməti bunlar üçün fövqəladə and içmə mərasimi təşkil edirlər. Kazan şəhərindən müftü dəvət olunur və çar muzeyindən həzrəti Osmanın əlyazması olan Quran gətirilir. Mərasimdə qılınc qurşanılır və and bu sözlərlə başlayır: “Qurani-Kərimə and içirəm. Qurşadığım qılıncı Rus Çarının yolunda işlədəcəyim kimi canımı da çar üçün qurban verəcəyəm”. Sonra and içən Qurana əl basır. Məzun olan zabitlər rus ordusunda müxtəlif qulluqlara yerləşdirilirlər. Bunların həqiqət olmalarını yəqinləşdirmək üçün Rusiyanın hərb tarixini vərəqləmək kifayətdir. Əldə edilən nəticə hər iki tərəfi razı salmaya bilməz. Şimali Qafqazlılar dini azlıq əldə etdikləri kimi həyat səviyyələri də məşhur adamların sayəsində yüksəlməyə başlamışdır. Bütün bunlara əsas olaraq Şimali Qafqazlılar əmin-amanlığa və xalqın sağlamlığına nail olmuşdular. Rusların əldə etdikləri isə milli duyğunun yoxluğundan istifadə edərək dini inancları öymək, dinə dayanan qəhrəmanlarını yenə din inacı ilə imperatorluq qayələrinə çevirmək.

11 May 1918-ci il Şimali Qafqaz Cümhuriyyətinin elan olunması günüdür. Bu anma mərasimində mən də iştirak edirdim. Şimali Qafqazın sabiq dövlət başçısı mərhum Pişimaho çox kədərli və üzüntülü olan nitqi söylədi: “İstiqlal davamıza rus ordusunda təcrübə toplamış hər yüksək rütbəli zabitləri və iki generalımızı dəvət etdim və istiqlal elan etdik. Azad ölkə ordu ilə yaşayır. Siz zabitlər hərbi borcu üzərinizə alın və ordu quraq.” Məni dinlədikdən sonra generallar və zabitlər “Biz qılıncımızı qurşayarkən Qurani-Kərimə and içdik ki, silahımızı yalnız rus imperatorluğu üçün işlədəcəyik. Başqa hökumət tanımırıq dedilər”. Mərhum Pişimahodan sonra Şeyx Şamilin nəvəsi Seyid Şamil bəy söz aldı və “Qafqazda türklərdən, gürcülərdən, ermənilərdən və ümumi olaraq onların bir yerdə toplum olaraq olan zabitlərdən çox bizim Rus ordusunda qulluq edən zabitlərimiz vardır. Üzüntü ilə söyləyə bilərəm ki, 1920-ci ildə Dağıstana getdiyim vaxt bütün kəndlilərimiz bolşeviklərə qarşı apardığımız mübarizədə iştirak etdikləri halda, kəndlərimizdə yaşayan zabitlərdən heç biri bizim milli davamızda iştirak etmək istəmədilər” dedi. Artıq mərasim başa çatmaqda idi. Mənə baxdılar və danışmağımı xahiş etdilər. Mən belə bir çıxış etdim. “Pişimaho və Seyid Şamil bəylərin üzüntü ilə söylədiklərini mən də üzüntü ilə dinlədim. Madam ki, belə başladı, mən də belə davam etdirirəm. 1919-cu ildə Bakıda Əksinqilab ilə Mübarizə İdarəsinin rəisi idim. Bir gün mənim yanıma 30-a yaxın mülki geyimli adamlar gətirdilər. Bunlar vaxtilə rus ordusunda zabit kimi qulluq etmişdilər. Gizli olaraq sərhədimizi keçərkən tutulmuşdular. Onlardan haraya getdiklərini soruşdum. Onlar könüllü olaraq Denikinin ordusuna getdiklərini söylədilər. Onlara... Madam ki, zabitsiz sizi Azərbaycanın milli ordusuna qəbul edək” dedim. Qəbul etmədilər. Sonra toplantıda iştirak edən Avarlı Əhməd bəyin üzünə baxdım və sözümə davam etdim... Mənim kimi Əhməd bəy də onlara nəsihət etdi. Onu da dinləmədilər. Mən də onları Şimali Qafqaza gedən paroxodla getmələrinə imkan yaratdım. Məndən sonra Avarlı Əhmədbəy söz alaraq “bu hadisənin şahidi olduğunu və hər ay Heydər Bamat ilə Bakıya gələrək Azərbaycan dövlətinin üzvləri ilə görüşürdük. İkinci bir hadisə: general Denikinin yanında qulluq etmək üçün ölkəmizə sığınan zabitlərlə 27 paroxodda 8 Şimali Qafqazlı da var idi. Mən paroxodda hökumətimizin qərarını mühacir Denikin zabitlərinə bildirirəm: xəncərləriniz, qılınclarınız, özünüzdə qalacaq, ancaq tüfəng və tapancalarınızı təhvil verməli olacaqsınız. Zabitlərin arasındakı 8 Şimali Qafqazlı mənə yaxınlaşdılar və biz Çərkəzik tapançalarımızı verməyəcəyik” dedilər. Mən onlara “Sizə xüsusi imtiyaz verə bilmərəm və versəm də doğru olmaz. Ancaq, siz tapançalarınızın nömrələrini yazın. Sabah sərbəst buraxıldığınız zaman mənim idarəmə gələrsiniz. Həm qonağım olarsınız, həm də tapançalarınızı özünüzə qaytararam” dedim. Baxdım ki, bu 8 zabit məndən aralandıqdan sonra öz aralarında danışdılar və nəticədə tapançalarını çıxarıb dənizə atdılar. Mən də bunlara “etdiyiniz hərəkəti Qafqazlı olduğunuz üçün sizə yaraşdırmıram. Sizin bu hərəkətiniz qəhrəmanlıq sayılmaz və sizdə azacıq qəhrəmanlıq hissi olsa idi bütün İslam və Türk Dünyasının nifrətini qazanmış rusların imperatorluq epoletlərini gənc çiyinlərinizdə gəzdirməzdiniz. Arxalandığınız, hörmətini saxladığınız rus çarı rus milləti tərəfindən edam edilmişdir. Çarı xilas etmək üçün çalışan generalların da hər biri bir tərəfə qaçmışdır. Siz zabit tör-töküntüləri də Azərbaycana sığınırsınız. Çiyinlərinizdəki epoletləri söküb atmayın. O sizə rus xatirəsidir.

Dostum, mərhum Pişimaho bəyin Şimali Qafqaz adlı bir kitabçasını oxudum. O, 40-cı səhifədə məşhur kommunist olmuş Cəlal Qorxmazın intriqaları haqqında bunları yazır:... Təəssüf ki, çox az miqdarda olsa İslamiyyətin Kommunizmə əks olmadığını iddia edən bəzi din xadimləri də tapıldı. Hamını inandırmaq üçün bu yalanın tanınmış bir din alimi tərəfindən təsdiq və elan edilməsi lazım idi: Bolşeviklər belə bir adamı Dağıstan dağlarında Akuşa kəndində ixtiyar və kar olan Hacı Əlinin şəxsində bulmağa müvəffəq oldular. Bu Adamın oğlanları qatı kommunist olan Qorxmazın xidmətində idilər. Bütün mövcud şübhələrə baxmayaraq inamlı müsəlman bu mövzunu belə izah edir: Bizimlə bolşeviklər arasında düşmənçilik yoxdur. Dinimizə toxunmamaq şərti ilə biz bolşeviklərlə ittifaqa razı olduq. Onlar da dini azadlığın qorunmasında bizə kömək edəcəklərinə söz verirlər. Sovet müəlliflərindən Ataho-Qodinin... Dağıstan inqilabı və əksinqilab” adlı əsərində belə deyilir: (1917. Səh. 137) Cəlal Qorxmaz bir sənəd əldə etmişdir. Çox keçmədən Hacı Əlidən sonra Çeçenistanda Molla Şuayıb da eyni fikri müdafiə etdi. Kabartayda gənc ərəbşünas Nazir Kotxan da İslamiyyətin kommunizmə zidd olmadığını iddia etdi və bu yolda vaizlərə başladı.

Mən mərhum Pişimaho bəyin məxəz göstərdiyi Ataho Qodinin əsərini görmədim. Ancaq, Dağıstanlı Əfəndizadə Samurskinin yazdığı Dağıstan tarixində deyilir ki, bütün Şimali Qafqazdakı mədrəsə məzunları olan dinçilər 11 May 1918-ci ildə qurulan Cümhuriyyəti mənimsədilər. Milli dövlətin nə əleyhinə, nə də lehinə heç bir fikir irəli sürmədilər. Hadisələri öz başına buraxdılar. Bu vəziyyət 1919-cu ilə qədər davam etdi. Bu zaman ağqvardiyaçı rusların orduları general Denikinin komandanlığı altında Şimali Qafqazın Çeçen əyalətini işğal edir. Bu işğal imamların ikiyə bölünməsinə səbəb olur. Belə ki, bütün Şimali Qafqazlı zabitlər general Denikinin ordusuna dəvət olunurlar. Zabitlərin bu dəvəti qəbul etmələri ilə hadisələr daha da inkişaf edir. İmam Nəcməddin Şimali Qafqazda imam seçilir və general Denikin tərəfindən müftülüyü qəbul edilib elan olunur. Digər tərəfdən də rusların qatı düşməni kimi tanınan məşhur qəhrəman Uzun Hacı və digər imamlar İmam Nəcməddinə qarşı cəbhə açırlar. İmam Nəcməddin arxalandığı Denikin ordusu ilə Uzun Hacı bolşeviklərin dəstə rəisi yoldaş Qiqalenin qüvvələri ilə birləşirlər. İlk iş olaraq bütün mədrəsə məzunları konfransa dəvət edilirlər. Konfransa Dağıstan imamı kar Hacı Əli Arqutunski sədrlik edirdi. Konfransın gündəliyində bunlar dururdu: İmam Nəcməddinə lənət, Moskva ilə sıx əlaqə yaratmaq. Konfransın qərarını bir bəyannamə ilə türkcə, ərəbcə və rusca olaraq ətraf yerlərə dağıdırlar. Bəyannamənin mətni aşağıdakı kimi idi: “Qafqaz və bütün İslam Dünyasına elan olunur ki, Sovet hökumətinə itaət etməli və əl-ələ verib Sovet quruluşunu bütün düşmənlərdən qorumalı. O, sovet düşmənləri ki, bolşeviklərin ölməsini istəyirlər. O alçaqlar yalnız bolşevik deyil, eyni zamanda bütün İslam Dünyasının düşmənləridirlər. Xatırlayın ki, Qurani-Kərimdə açıq olaraq sizi idarə edənlərə itaət edin deyə yazılmışdır. Biz məcburuq itaət etməyə. Çünki, bolşeviklər İslam Dünyasını qurtarmağa çalışırlar. Rədd olsun İmam Nəcməddinlər və bolşevik düşmənləri. Yaşasın İslam Dünyasını qurtarmağa çalışan Sovet liderləri”.

Konfransın İdarə heyəti ayrıca olaraq Leninə və Stalinə ərəb dilində bu məzmunda teleqraf da vurmuşdular: Sizi təbrik edir və sizə Allahdan can sağlığı arzu edirik. Samurskinin yazdığına görə Uzun Hacı qatı bir dindar idi. O, daima şəriətin qanununu, İslamiyyətin varlığını təmin etməyə çalışmışdır. O, heç bir vaxt Çar Rusiyası ilə anlaşa bilməmiş və həmişə ruslara düşmən gözü ilə baxmışdır. Ağqvardiyaçılara nifrət, qırmızıqvardiyaçılara isə rəğbət bəsləmişdir. Təşkilatçı və qəhrəman bir şəxs olan Uzun Hacı az bir vaxtda bütün Avarları, Adigeyləri və Çeçenləri idarəsi və nüfuzu altına ala bildi. Uzun Hacı tarixi geri qaytarmaq istəyirdi.

O, XX əsrdə Orta əsrə doğru yürüş edirdi. Nəhayət o, 1919-cu ildə dini mütləq hakimiyyət qurur və elan edir. Qurduğu əmirliyi Osmanlı İmperiyasına bağlayır. Elanda belə deyilir: “Şimali Qafqaz Əmirliyi Osmanlı Sultanı və Xəlifəsinə Məhəmməd Vəhdəddin xan himayəsində Birinci Əmir Uzun Hacı”. Uzun Hacı öz mülkinə və qonşularına bu əmirliyi belə izah edir: Beləliklə, Allahın istəyi ilə bir şəriət mütləqiyyəti qururuq. Çünki İslam məmləkətində Cümhuriyyət adlı dövlət quruluşu olmaz... Əgər Cümhuriyyət elan edərsək İslam Xəlifəsini inkar etmiş oluruq ki, nəticəsi də Məhəmməd Peyğəmbəri inkar deməkdir. Xəlifəni və Peyğəmbəri inkar etmək deməkdir. Yəni biz Allahı inkar etmiş oluruq. Bu dövrdə imam Hacı Əlinin və Uzun Hacının Şimali Qafqazda nüfuzları çox güclü idi. Ancaq, ətrafının təzyiqinə davam gətirə bilməyən bu partizan əmirlik dağıldı və sabun köpüyü kimi uçdu. (Samurski, Dağıstan tarixi, səh. 70 – 71 – 74 ).

 

NƏSİB BƏY YUSİFBƏYLİ

Azərbaycan Cümhuriyyətinin Əksinqilab ilə Mübarizə İdarəsinin rəisliyinə hələ təyin olunmamışdım. Tez-tez Bakıya gedər və təbii ki, hər gedişimdə də Nəsib bəylə görüşürdüm. Nəsib bəy o zamanlar Baş nazir vəzifəsinə keçmişdi. Onu təbrik etmək üçün Gəncədən gəldiyim günün sabahı saat 10-da Nazirlər kabinetinin yerləşdiyi yerə getdim. Dəftərxana müdiri vasitəsilə gəldiyimi və görüşmək istədiyimi bildirdim. Gözləməyi söylədi və saat 11.30-a qədər gözlədim. Sonra yenidən dəftərxana müdirinə “qardaşım, yəqin unutdu. Zəhmət olmasa bir də xatırladın” dedim. O, Nəsib bəyin kabinetinə girdi və çıxaraq mənə “unutmadım gözləsin deyir” dedi. Saat ikiyə qədər gözlədim. Azərbaycanda məmurlar üçün iş vaxtı 8-dən 14-ə qədərdir. Saat 14.00-da Nəsib bəy kabinetindən çıxdı. Ayağa qalxıb onunla görüşdüm. Ona saatlarla gözləməyimdən heç nə söyləmədim. İkimiz də ayaq üstündə idik. Mən “Nəsib bəy sabah vəzifənizə gəlincə qədər burada gözləyimmi?” dedim. Nəsib bəyin təbəssümlü çöhrəsinin təbəssümü bir az da artdı və “Yox canım, səni bərabər çıxmamız üçün gözlətdim” dedi. Binadan çıxaraq Baş nazirin avtomobilində bərabər onun evinə gəldik. İki nəfərlik hazırlanmış masanın arxasına oturaraq nahar etdik. Nəsib bəy “Əgər səni gələn kimi qəbul etsəydim doyunca söhbət edə bilməyəcəkdim. İndi həm yemək yeyirik, həm də istədiyimiz qədər söhbət edə bilərik” dedi. Bu zaman vəziyyətini soruşduğum zaman Nəsib bəy “heç bir səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım həmişə pul sarıdan olub ki, Baş nazir olduqdan sonra ondan da qurtuldum. Seym dövründə Tiflisdə Maarif Naziri idim və aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi Gəncədən atamdan pul istəyirdim. Azərbaycan istiqlalını elan etdik . Cümhuriyyətimizin Maarif Naziri oldum. Aldığım maaş yenə də məni dolandırmırdı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirdikləri gecələrə dəvət olunmayım. Hamısının da dəvətini qəbul edərək iştirak etmək lazımdır. Çoxuna sıxıla-sıxıla az maddi köməklik edirdim. Ancaq, Baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum. Belə məsrəflərin hamısı örtülü təxsisatlardan verilir. Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olacaq vaxt tapa bilmədim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qalmış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə var hamısını yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib Bələdiyyə də ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin göndərdim. Sonra Azərbaycan istiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan göndərirdim sənə. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni ölkəmizin padşahı olmuşsunuz. Yenə bağının qamışını mən alım. Sən pul göndərə bilərsənmi?”

Nəsib bəy universitet tələbəsi kimi yay tətilində digər tələbələr kimi Gəncəyə qayıdırdı. Biz onu axşam şəhər klubuna gəldiyimiz zaman qarşılayırdıq. Nəsib bəyin gəlişində daima bir fövqəladəlik olurdu. Digər tələbələr gəldiyi zaman qohum-əqrabaları sevinir, dostları da xoş gəldin deyirlər. Ancaq, Nəsib bəyin gəlişi klubun hər sinfinə mənsub üzvlər arasında sevincə səbəb olurdu. Hər kəs onu axşam yeməyinə dəvət edərdi. Nəsib bəy isə təşəkkür edər və “Söz vermişəm ki, ilk gəldiyim günün axşamı yeməyimi gənclərlə yeməliyəm” deyirdi. Azərbaycanda yemək vaxtı belə idi. Nahar yeməyi saat 14.00-da, axşam yeməyi isə saat 22.00-da.

 

NƏSİB BƏY HAQQINDA BAŞQALARINDAN EŞİTDİKLƏRİM

Süleyman bəy Məmmədzadə İstanbulda danışırdı ki, 1908-ci ildə konstitusiyanın elanı zamanı Nəsib bəy iki yerdə nitq söylədi. Bunlardan biri Sultanəhməddə, biri də körpü üstündə söylənən nitqlərdir. Onun nitqləri maraqlı dinlənərək sürəkli alqışlarla qarşılandı. Nəsib bəy tez-tez toplantılarımızda iştirak edir və öz çıxışları ilə seçilirdi. O, bizim istiqlal məktəbimizin müəllimi idi. Xalqımızın hər təbəqəsi onu sevir və nitqlərini dinləyirdi. Onun gəncliyə olan inamı sonsuz idi. Gənclərlə çox böyük dəyər verirdi. Nəsib bəy bizim üçün hər şey olduğu kimi biz gənclər də onun üçün hər şey idik. Azərbaycan şairi Almas İldırımın bir şerini xatırladaq:

Göylər deyir:
...Bir nöqtə istinadgah verilsə
Bir çiv ilə çevirərdim dünyanı.
Mən deyirəm od gəmirən gənclik mənə verilsə
Bir vuruşla devirərdim dünyanı.

Bax, Nəsib bəy od gəmirən gəncliyi ovucuna almışdır. Bir sərkərdə yetişdirdiyi ordusuna necə güvənirsə, Nəsib bəy də yetişdirdiyi gənclərə elə güvənirdi. Nəsib bəy o güvəncdən aldığı cəsarət sayəsində məhdud gənclik qüvvəsi ilə Azərbaycanda 100 mindən çox olan rus əsgərləri ilə savaşmış və düşməni məğlub etmişdir. O, bu yoldan Azərbaycan istiqlalını hazırlaya bilmişdi. 1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Bu görüş zamanı biz müxtəlif mövzularda söhbət etdik və sonra söhbətimiz Anadolu İstiqlal Savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy, “gec də olsa, az da olsa Türkiyəyə bir az valyuta hazırlayıb yeznəm Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim” dedi. Pulun miqdarını soruşmadım. O, da açıqlamadı. 1961-ci ildə Əhmədzadə ilə Tehranda görüşdüm. Ondan yardım məsələsi haqqında soruşdum. İsrarıma baxmayaraq məlumat verməkdən imtina etdi. Mən də daha çox üz vurmadım. Daha sonra əldə etdiyim məlumata görə Əhmədzadə Nəsib bəyin göndərdiyi pulu İstanbula göndərmişdir. O zaman İstanbul ingilis və fransızların işğalı altında idi. O, Ankaraya gedib pulu lazımi yerə təhvil verə bilməmişdi. Artıq bu zaman, yəni 1920-ci il aprelin 27-də Azərbaycanı Moskvanın əmri ilə Qızıl ordu işğal edir. O, 1920-ci ilin may ayında Azərbaycan dövlət xadimlərinin Gürcüstana keçdiklərini öyrənir. Əhmədzadə əlindəki pullardan min ingilis poundunu İtaliya bankı vasitəsilə İstanbuldan Tiflisə Nəsib bəyin adına göndərir. Halbuki, Nəsib bəy Tiflisə gəlib çata bilmir, yəni yolda naməlum şəxslər tərəfindən öldürülür. İstanbuldan göndərilən bu min ingilis poundunu Nəsib bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə alırlar. Əhmədzadə daha sonra Nəsib bəyin öldürülmüş olduğunu söyləyir. Onun 1920-ci ilin oktyabr ayında Ankara hökumətinə 19 min Türk kağız lirəsi və bir milyon fransız frankı vermiş olduğunu öyrəndim.

 

NƏSİB BƏYLƏ SON GÖRÜŞÜM

Milli matəmimiz olan 27 aprel 1920-ci ildə ələ keçən Azərbaycan ziyalıları ruslar tərəfindən məhv edilirdilər. Çekanın azğın cəlladları Bakıda xüsusilə Müsavatçıları məhv etməyə çalışırlar. Gizli olaraq Nəsib bəylə görüşməyə getmişdim. Bu mənim onunla son görüşüm oldu. O bir neçə yoldaşla birlikdə bir evdə saxlanılırdı. Çox kədərli idim. Çünki, düşmən milli varlığımıza zəhərli bir xəncər saplamışdı. Danışmaq istədikcə gözlərim yaşarırdı. Bir ara hamımız susmuşduq. Nəsib bəyin çöhrəsində kədərli cizgilər aydın hiss olunurdu. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu: “Azərbaycan istiqlalını qurduq. Ancaq, onu saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güclü qüvvələri ilə vətənimizi işğal etdilər və istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey varsa, o da bizə təsəlli verməkdədir. Ruslar zülmləri, vəhşilikləri ilə xalqımızı nə qədər əzirlərsə əzsinlər əbədi olaraq qala bilməzlər. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hürriyyət ruhunu söküb ata bilməzlər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məşhur olan Neronu köməyə çağırsalar da yenə müvəffəq ola bilməzlər” dedi. Nəsib bəyin inam dolu bu sözlərində böyük bir həqiqət var idi. Həmçinin rus və bolşevik istilasından bir ay keçməsinə baxmayaraq milli qızıl səhifələr halında keçəcək olan əzəmətli Gəncə üsyanı baş verdi. Doqquz gün, doqquz gecə davam edən və tarixdə nadir təsadüf edilən bu üsyana milli varlığın zalım düşmən qarşısında necə dayandığını gördük. Bu adi bir üsyan deyil, başdan-başa bir qəhrəmanlıq dastanı idi. Şairlərimiz ilhamlarını bu dastandan alırlar.

 

NƏSİB BƏY HAQQINDA YAZILAN ƏN GÖZƏL YAZI

(Çox xoşuma gələn və həqiqət olan bu yazını da xatirəmdə olmasını istədiyimdən buraya daxil edirəm) Məhəmməd Əmin Rəsulzadə – Odlu Yurd, İl 1, sayı 3. Tarixi 27 aprel 1929. İstila qurbanları:

Nəsib bəy Yusifbəyli
Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir. İstilanın baş verdiyi günlərdə müstəfi olsa da Baş nazir vəzifəsində olan Nəsib bəy Bakının Qızıl Ordu tərəfindən işğal olunması səbəbindən gizlədilərək xaricə getməsi üçün yaxın dostu Yusif bəy İbrahimli ilə bərabər Gürcüstana getmək üçün yola çıxmışdılar. Onlar Siqnax qəzasında təfsilatı hələlik bizlərə məchul qalan faciəli bir qəzaya uğrayaraq qurban getmişdilər.

Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadəcə nazirlikdə və Baş nazirlikdə olmaqla ifadə edilə bilməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi vəzifələrdən çox əvvəl başlamışdı. Bu rol onun Gəncədə 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Xalq Firqəsi adı ilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsi ilə başlayır. Azərbaycan fikrini bir tələb maddəsi halında formulə etmək şərəfi mərhum Nəsib bəyə məxsusdur. Nəsib bəylə tanışlığımız bu tarixdən daha əvvəl idi. Birinci Dünya müharibəsi illəri idi. O, Gəncədə, mən də Bakıda Bələdiyyə İdarəsinin üzvü idim. 1915-ci ildə “Açıq söz” qəzetini çıxarırdıq. Nəsib bəy idarənin işləri üçün Bakıya tez-tez gəlir və hər gəlişi zamanı “Açıq söz” qəzetinin redaksiyasına baş çəkməmiş qayıtmırdı. İlk görüşümüzdən 1920-ci ilin may ayına qədər davam etmiş dostluğumuz ərzində aramızda həmişə səmimiyyət olmuşdur. Bu dostluğun bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey şübhəsiz müştərək bir qayə, müştərək bir ruh daşıdığımıza uyğun gələni kəşf etmişdik. Bu müştərək ruh Gəncədə Nəsib bəyə siyasi bir firqə məqaləsi yazılmasını təlqin etdiyi zamanlarda mənə də Bakıda “Açıq söz” qəzetinə eyni mövzunu müdafiə edən bir baş məqalə yazdırmışdı. Mərhum Nəsib bəyin xarakterində əsil təhsil görmüş Azərbaycan ziyalılarında az olan bir keyfiyyət vardı. O, ədəbi Türkcədə mükəmməl yazır və danışırdı. Vaxtilə Gəncədə açılan ruhaniyyə mədrəsəsinin müəllimlərindən olmuşdur. Eyni zamanda Gəncədə Türkcə kitabları ilə məşhur olan kitabxana təsis edən Nəsib bəy daha sonra ali təhsilini Odessa Universitetinin hüquq fakültəsində almışdır. O, İsmayıl Qaspıralının qızı Şəfiqə xanımla evlənərək bir müddət Baxçasarayda yaşamış və “Tərcüman” qəzetində çalışmışdır. O, qəzetçilərdən başqa “Təslim” adlı bir roman da yazmışdır. Romanın mövzusunu əski üsullu məktəb müəlliminin üsuli-cədid müəllimi tərəfindən məğlub edilməsi təşkil edir. Nəsib bəy 1917-ci ildə Bakıda toplanan Birinci Müsəlman Qafqaz Qurultayının ən fəal təşkilatçılarından və iştirakçılarından biri olmuşdur. Onun Qafqaz xalqı xəritəsini açaraq yuxarıda bəhs etdiyimiz Qurultayda çox təsirli bir səslə “Kim dəva edə bilər ki, biz özünüidarəyə səlahiyyətdar bir millət deyilik” dediyi sözlər hələ qulaqlarımda cingildəyir. Nəsib bəy Gəncədə təsis etdiyi Ədəmi Mərkəziyyət Firqəsinin çap olunmuş proqramının əsaslarını müdafiə etmişdir. Bu müdafiəsində o, millətçilik, Türkçülük, xalqçılıq və müasirlik prinsiplərinə istinad etmişdi. Nəsib bəyin zəkası yalnız bu müdafiə ilə kifayətlənməmiş və Qurultayda eyni əsasları müdafiə edən Müsavat Xalq Firqəsi nümayəndələri və “Açıq söz” qəzetini təmsil edən cərəyanla da anlaşaraq bu bir-birinə yaxın cərəyanların birləşmələrinin zəruriliyinin təşəbbüskarı olmuşdur. Mən bir tərəfdən Nəsib bəy, digər tərəfdən Məhəmməd Əmin Rəsulzadə və A. Qasımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı millətçi Azərbaycan cərəyanları öz aralarında birləşərək qərarına gəldilər və bunu gerçəkləşdirdilər. Bu birləşmənin əsas səbəbkarı olan Nəsib bəyin zəka və səmimiyyətinin qatı rol oynadığını burada təsbit etməliyəm. Bu birləşmə nəticəsində Qafqaz Qurultayının ardınca Türk Federalist Müsavat Xalq Firqəsinin ilk qurultayı Bakıda toplanmış və bu toplanış Azərbaycanın siyasi həyatında çox mühüm bir hadisə olmuşdur. Firqə qurultayında olduğu kimi bundan sonrakı Azərbaycan siyasi həyatının müxtəlif səhifələrində də nəsib bəyi biz fəal bir xalq siyasətçisi olaraq görürük. İstər Rusiya Müəssisələr Məclisindəki çıxışlarında, istər Tiflisdə təşkil edilən Qafqaz Ötəsi Seymində Nəsib bəy milli siyasətin ən çətin və ən məsuliyyətli vəzifələrini yerinə yetirirdi. Azərbaycan istiqlalının qələbəsindən sonra Nəsib bəy maarif naziri və iki dəfə də Baş nazir vəzifələrində işləməklə aktiv siyasi fəaliyyətdə olmuşdur. Nəsib bəy Azərbaycan İstiqlal hərəkatının ən çətin zamanlarda istiqlalçılıq tərəddüdlərdən ari olaraq bütün səmimiyyəti ilə müdafiə millətçi zümrənin daima səmimi və imanlı dayaqlardan olmuşdur. Nəsib bəyi xatirəsi istiqlalçı Azərbaycan nəslinin zehnində səmimi bir millətpərvər demokrat, həqiqi bir radikal olaraq qalmışdır. Nəsib bəy müasir Avropa kültürü ilə bərabər Türkcədə danışması və milli həyat, ədəbiyyat tarixini dərindən bilməsi ilə bütün Azərbaycan gənclərinə güclü təsir etmişdir. Təvazökar bir xalq adamı, idealist bir siyasətçi, demokrat, öz prinsiplərinə sadiq bir liberal, nizam-intizamlı, ciddi iş rejiminə tabe təşkilatçı olan Nəsib bəy eyni zamanda həmsöhbətlərinə xoş təsir edən bir xadim idi. Bununla bərabər Nəsib bəyi sevməyənlər də çoxdu. Müəyyən prinsipləri, müəyyən bir istiqamətlə müdafiə edənlərin dostları kimi düşmən qazanmaları da təbiidir. Ancaq, bu düşmənlər də Nəsib bəyin şəxsiyyətinə eqoizm damğası vura bilməmişdilər. Bolşeviklər hələ bir gün əvvəl irəli sürdükləri ittihamı ikinci gün şəxsən təkzib etmək məcburiyyətində qalmışdılar. Nəsib bəyin şəxsiyyətini, onu yetişdirən mühitin xüsusuyyətini kamilən təhvil etmək və nəticədə mərhumun tutduğu həqiqi mövqeyi olduğu kimi təsbit etmək üçün məqaləmizin həcmi kifayət deyildir. Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formulə etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi kifayətdir. Aprel matəmində intiqam əhdini yeniləşdirən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz Nəsib bəyin şəhadətidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran vəzifələrdən birinci siyasi Azərbaycançılığın ilk şübhələrindən olan Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır. M. Əmin.

 

AZƏRBAYCAN

Qafqaz ölkəsində toplu olaraq üç millət yaşamaqdadır; türklər, gürcülər və ermənilər. 1917-ci il inqilabından sonra bura Qafqaz Komissarlığı şəklində idi və yenə bu üç millətdən mütəşəkkil Seym idarəsi quruldu. Seymin dövrünü tədqiq edənlər görəcəklər ki, bu idarə gürcülərin və ermənilərin nüfuzları altında fəaliyyət göstərmişdir. Bir kərə Azərbaycanın mərkəzi Bakıda rus idarəsi tör-töküntüləri erməni təşkilatları, əksəriyyəti rus olan fəhlələr və silahlı rus əsgərləri Xəzər dənizi donanmasının rus dənizçiləri ilə birləşərək Bakı “Müsavat” təşkilatını, xüsusilə ziyalılarını susduraraq dağıtmışdılar. Bunlar Seymin hakimiyyətini tanımayaraq Bakını Lenin Moskvasına bağlamışlar. Nəticədə Seymə daxil olan millətlər bir-bir istiqlallarını elan etdilər. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyəti də fəaliyyətinin ilk həftəsində hökumətini Gəncə şəhərinə köçürdü və Bakı düşməndən təmizlənənə qədər Gəncədən Azərbaycanı idarə etdi. 1918-ci il sentyabrın 15-də Bakı düşməndən təmizləndikdən sonra hökumət Gəncədən Bakıya köçdü. Ancaq, bütün bunlar asan başa gəlməmişdir. Bir əsrdən artıq Azərbaycan xalqı Çar üsul-idarəsilə amansız bir mücadilə apararaq minlərlə şəhid vermişdir. 1917-ci il inqilabından sonra Gəncə xalq qüvvələri ruslarla müxtəlif qarşılaşmalarında meydan müharibələrini andıran savaşlar apardılar. Ancaq, Cümhuriyyətin mərkəzi olan Bakını düşməndən təmizləmək üçün Gəncə xalqı böyük qardaşı olan Osmanlı Türklərini köməyə çağırdı. Yardıma gələn böyük qardaşları ilə birlikdə əl-ələ verərək tarix boyu qəhrəmanlıqlar yaratmış Türk paşalarının komandanlığı altında Bakını düşməndən təmizləyə bilmişdilər.

Tarixən bu səhifələrini Azərbaycan xalqı unutmaz və daima şərəflə anacaqlar. İllər keçdikcə bu hadisənin qiyməti və mənası bir qat daha aydınlaşacaq və qiymətləndiriləcəkdir. Bu tarixi hadisə Türk millətinə mənsub iki qolun Mehmetçiklərinin şəhadəti ilə pərçinləşmişdir. Tarixin bu qızıl səhifələri Türk millətinin tarixində Dünya durduqca yaşayacaqdır.

 

 

İSTİQLAL DÖVRÜ

Yeni qurulmuş Cümhuriyyətimizin hökuməti ilə xalqımız birlikdə durmadan çalışırdılar. Dövlət büdcəsinin ən çox pul ayrımı Maarif Nazirliyinə aid idi. İlk, orta və litsey üçün Türkcə kitablar hazırlanır, bütün rəsmi və xüsusi müəssisələr milliləşdirilir, müəllim çatışmamazlığı Türkiyədən dəvət olunanlar hesabına aradan qaldırılırdı. Digər tərəfdən universitet açılması üçün hazırlıq işləri aparılırdı. Çoxlu sayda mühüm, əhəmiyyətli olan xarici dildə olan kitablar tərcümə olunaraq nəşr edilirdi. Artıq böyük dövlətlər istiqlalımızı defekto dövləti tanıyırlar.

İstiqlalımızın ikinci ili universitet qurulur və Avropaya tələbələr göndərilir. Azərbaycan Cümhuriyyəti tədavülə öz pulunu buraxır. Cümhuriyyətimizdə inkişaf hər sahədə aydın hiss olunurdu. Qonşularımız olan erməni və gürcülərin tədavuldə işlətdikləri pul Seymin çıxardığı pul idi. Gürcülər və ermənilər daima öz pulları olmamaqdan şikayətlənirlər. Yeni seriyalı pul çıxarmaq üçün Azərbaycanın icazəsini istəyirdilər. Digər tərəfdən Azərbaycan Cümhuriyyətinin qayəsi Qafqaz millətlərinin ruslara qarşı hər an daha qüvvətli olması idi. Azərbaycan Cümhuriyyəti ancaq 23 ay yaşaya bildi. Bu müddət ərzində vergi almadıq. İxrac və idxal əməliyyatlarından rüsum tutmadan gömrük idarəsi qurduq. Cümhuriyyətin büdcəsi neft istehsalımızın hökumətə məxsus hissəsindən əldə edilən gəlirlə dolduruldu. Ayrıca olaraq iki layihə də hazırlanmışdı, ancaq onların tətbiqinə vaxt qalmadı. Birinci, Ermənistanda yaşayan Azərbaycan türkləri ilə Azərbaycanda yaşayan ermənilərin yerlərinin dəyişdirilməsi. İkinci isə Azərbaycanda olan dəmiryollarının xərclərinin dövlət büdcəsindən ödənərək pulsuz olaraq vətəndaşların xidmətlərinə vermək. Azərbaycan cümhuriyyətində prezident seçilməmişdi. Baş nazir eyni zamanda dövlət başçısı idi. Cümhuriyyətimiz çoxpartiyalı idi. Baş nazir parlament üzvlüyündən başqa hökumətin də üzvü ola bilərdi. İstər seçilmiş Parlament vəkilləri, istər qurulmuş hökumət üzvləri təmiz və çalışqan şəxslər idilər. İdealist olan bu insanların malları, mülkləri yox idi və olmasını da düşünmürdülər. Hamısının qayəsi Cümhuriyyəti yaşatmaq və xalqımızı mədəni millətlər səviyyəsinə çatdırmaq idi. Burada mənim kimi hadisələri tədqiq etmiş, öyrənə bilmiş vətəndaşlar soruşa bilərlər: “Yaxşı bu zəngin ölkədə iki il fəaliyyət göstərən istiqlal dövründə Dünyada baş verən hadisələrdən bir neçəsi baş verdimi? Öyrəndiyimə görə üç xoşagəlməz hadisə olmuşdur: 1-ingilis generalı Tomson yuxarıda qeyd kimi istiqlalımızın tanınması üçün irəli sürdüyü şərtlərdən biri olaraq Azərbaycan hökumətini Bakı milyoneri Mirzə Əsədulla bəyin qurmasını təklif etmişdir.” Ancaq, Baş nazir olan Fətəli xan “Bu bizim daxili işlərimizə qarışmaq olduğundan qəbul edə bilmərik” deyə təklifi rədd etmişdir. Mirzə Əsədullah pis adam deyildi. Milyoner idi. Ancaq bütün həyatı boyunca milli işlərimizlə maraqlanmamışdır. Bu səfər Baş nazir Fətəli xan nə mülahizə ilə bilmirəm, Əsədullah bəyi ticarət naziri olaraq hökumətin üzvlüyünə daxil etmişdir. Əsədullah bəy nazir olduqdan sonra Azərbaycan-İngilis Dostluq Cəmiyyəti qurmağı düşündü. Ancaq, hansı məmura müraciət etdisə, hamısından “Biz tarix boyu İslam Dünyasına pislikdən başqa heç bir iş görməyən ingilis milləti ilə dost deyilik və onları görmək istəmirik” cavabını almışdı. Əsədullah bəy nazir olan zaman xanım Yazıkova adlı bir rus məşuqəsinə olduqca qiymətli bir ticarət sənədi vermişdir. Bu hadisə aşkar olur və söhbət Baş nazir səviyyəsində müzakirə olunur. Verilən sənəd hökumət tərəfindən ləğv edilir. Əsədulla bəy də istefa vermək məcburiyyətində qalır. İkinci hadisə: Qafqazın və İranın məşhur tacirlərindən olan Vahabov Baş nazir Nəsib bəy Yusifbəylinin yanına gəlir və “Nəsib bəy çox çətin vəziyyətə düşmüşəm. Avropadan bir paroxod qənd alıb dəniz yolu ilə Batum limanına gətirmişəm. Ancaq, pulum çatmır. Sizdə şəkər zavodu yoxdur. Mən bu şəkəri tranzit olaraq ölkəmizdən İrana keçirəcəyəm. Sizə nə qədər lazımdı verək. Siz mənim verəcəyim fiyata şəkər təmin edə bilməzsinizmi” deyir. Nəsib bəy hökumətlə məsləhətləşib bir qərar çıxaracaqlarını deyir. Hökumətin qəbul etdiyi qərara əsasən Vahabovdan 800 ton şəkər alınması və məbləğinin avans olaraq verilməsi Ticarət nazirliyinə tapşırılır. Vahabov Ticarət nazirliyinə göndərilir. Ticarət naziri işi öz müşavirinə tapşırır. Müşavir Yusifəli bəy Vahabovdan “Siz nə qədər şəkər verə bilərsiniz” deyə soruşur. Vahabov “nə qədər istəsəniz verə bilərəm” deyir. Yusifəli bəy Vahabova “hökumətimiz sizdən bir milyon altı yüz kilo şəkər almaq istəyir. Ancaq, pulunun yarısını əvvəlcədən, digər yarısını da şəkərləri təhvil verəcəyin gün ödəcəyək” deyir. Vahabov bu söhbətdən çox razı qalır. Müşavir Yusifəli bəy hökumətin hesabına aldığı 800 topdan başqa, ikinci 800 topu iki gün içərisində üç-beş dəfə baha qiymətə birjaya satır və pulları toplayır. Bir həftə sonra Vahabova geridə qalan pulları da ödəyir. 800 tonu hökumətin ambarlarına, digər 800 topu da satdığı tacirlərə dağıdır. Bir müddət sonra onun işlətdiyi fırıldağın üstü açılır və Yusifəli bəy məhkəməyə verilir. O, müşavirlikdən uzaqlaşdırıldığı kimi mənsub olduğu “Müsavat” Firqəsindən də qovulur. Üçüncü skandal isə sırf siyasi olub Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyində baş verir. O dövrdə xarici işlər naziri və başqa nazir postlarında olmuş, özünü xalqımıza və mühitinə sevdirən Məmməd Həsən Hacınski gizli olaraq Moskva ilə anlaşır və milli hökumətimiz əleyhinə intriqalar yaradırdı. Qızıl Ordunun ölkəmizin işğalını asanlaşdırır və beləliklə xalqımızın hər təbəqəsinin nifrətini qazanır.

Mən Azərbaycanın Gəncə şəhərinin çox əski ailələrindən Şeyxzamanlı ailəsinə mənsubam. Gəncə şəhərinin bütün məhəllələrində yaşayan bu ailə eyni soyadını daşıdıqlarından qohum olduqlarını bilməkdədirlər. Ancaq Şeyxzamanlı ailəsinin hansı qolundan gəldiklərini özləri də bilmirlər. Ailə mənsublarının az və ya çox hissə ilə Şeyxlər mülkində payları vardır. Ailəmizə şeyxlik ünvanı İmamzadə mütəvəllitləri olduğumuzdan verilmişdir. İmamzadənin adı İbrahim olub türbəsi şəhərə üç kilometr məsafədə yerləşən ailə mülkümüzdədir. Türbəsi ziyarətgahdır. Türbənin ətrafında bir məzarlıq da var. Azərbaycanın hər tərəfindən, hətta Gürcüstandan da hörmətli şəxslərin cənazələrini dəfn etmək üçün buraya gətirirlər. İmamzadənin tarixi min ilə yaxındır. Ailəm haqqında bunu söyləyə bilərəm: Gəncənin xanlıq dövründə böyük babalarımızdan birinin üç oğlu var imiş. Şeyx Məhəmməd, Şeyx Həsən, Şeyx Cəfər. Xalqın şeyxə qarşı hörməti olduqca böyükdür. Kiçik şeyxlər də bu səbəbdən ərköyün idilər. Bir gün Gəncənin xanı küçədən keçərkən xalq hörmət əlaməti olaraq yol kənarına çəkilir. Yalnız şeyxin üç oğlu özlərini görməməzliyə vurub küçənin ortasında öz oyunlarını davam etdirirlər. Xan onların bu hərəkətindən çox pərt olur və onların kimin uşağı olduğunu ətrafdakılardan soruşur. Ona uşaqların şeyxin övladı olduğunu söyləyirlər. Xan şeyxin çağırılması əmrini verir. Şeyx babamız xanın hüzuruna çıxır. Xan “Ya şeyx, uşaqlarının tərbiyəsi xoşuna gəldimi?” deyə məzəmmət edir. Şeyx babamız “Xan həzrətləri, tərbiyədən deyil, səbəbi başqadır:

Toxm-u çahar Şəmbə-i mahı səfər” Şeyx Məhəmməd-i, Şeyx Həsən-i, Şeyx Cəfər.

Xan anlayır və şeyx babamıza iltifat edir. Bir az da mən açıqlayım. O tarixlərdə İlbaşı Məhərrəm ayı türklərin ənənəsinə görə Səfər ayı uğursuz aydır. Hələ Səfər ayının Çahar Şəmbələri çox uğursuzdur. Səfər ayının son çərşənbəsi isə büsbütün bərbatdır. Ənənəyə görə Səfərin son çərşənbəsi təhlükəlidir. O gün diqqətli olmaq lazımdır. Daş yerdən öz-özünə havalanır və baş yarır. Şeyxin uşaqlarının toxumu çərşənbə gecələri atılmalıdır.

Gəncənin əvəzsiz şairi Nizaminin bizim ailəmiz ilə qohum olub-olmadığı barədə səhih bir məlumata sahib deyiləm. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində əmim Şeyx İbrahim Qüdsi haqqındakı yazısının sonunda

“Bəzi rəvayətlərə görə Şeyx İbrahim Qüdsinin Şeyx Nizami ilə qohumluğu var imiş” deyir. Bu rəvayətləri qüvvətləndirmək üçün mənim mütaliəm: Şeyx Nizaminin bizim ailədən olduğuna dair dəlillərim bunlardır: 1 – Şeyx adını daşıması. Şairlərə şeyx deyildiyinə dair bir üsul və iddia yoxdur. Olmuş olsa idi şair Firdovsiyə, şair Hafizə, Şiraziyə və başqalarına da şeyx deyərdilər. 2 – Əgər Nizaminin divanında hər hansı bir ailəyə mənsubiyyəti qeyd olunmuş olsaydı məsələ mübahisə doğurmazdı. 3 – Ailəmizdən babam Şeyx Həsən, oğlu əmim Şeyx İbrahim Qüdsi, onun oğlu Hacı isə ailəmizin digər qollarından Şeyx Əli Şövqi kimi şairlərin ədəbiyyatımızda yer tutmaları. 4 – Şeyx Nizaminin qəbri, türbəsi qədimdən bəri sahibi olduğumuz mülkümüzdə olması eyni ailədən olmasını göstərməkdədir.

Mən gənc ikən, yəni 60 il əvvəl ən çox maraqlandığım şeyx qocalarla söhbət etmək və həyatlarındakı maraqlı hadisələri öyrənmək idi. Ailəmizdə Şeyx Rza baba vardı. 1902-ci ildə Şeyx babamın yaşı 90 idi. Ondan həyatının ən maraqlı hadisələrini soruşuram. O, həmişə dindar və ibadətdən bəhs edirdi. Şeyx babam məni çox sevirdi. Öz övladı olmamışdı. Həyat yoldaşı olan Nabat nənəmin də 80 yaşı var idi. O, da mənim xatirimi çox istəyirdi. Bir gün şeyx babamdan soruşuram: “Baba gənc ikən dostların ilə dava etmisənmi?” Babam hirsləndi və mənə “Övladım mən ibadət edərdim. Müsəlman dava etməz. Dostlarımla birlikdə həmişə ibadət edərdik” dedi. Mən təkrar “Şeyx baba nə üçün İmamzadəni ziyarət edənlər nədən Şeyx Nizamini ziyarət etməzlər?” dedim. Şeyx baba mənim bu sözümə hirsləndi bə “Övladım, Şeyx Nizami də bizim kimi müsəlman, şeyx və insandır. Onu ziyarət etməzlər. Çünki nə imamdır, nə də imamzadə” dedi. Bir xatirə də Şeyx Həsən babamdan: Babam Şeyx Salih danışır ki, bir gün Şeyx Həsən babam bəslənmiş, ürkək bir ata minib İmamzadəyə gedirmiş. Küçədə oynayan uşaqlar heç ona fikir verməyib öz oynamaqlarına davam edirlər. At ürkür və şahə qalxır. Babam atı zorla sakitləşdirir. Uşaqlar atın bu hərəkətinə gülürlər. Babam öz-özünə “Bu yaramazlar mənim kəsdiyim nigahdandır. Allah bilir, oğlum Şeyx İbrahimin kəsəcəyi nigahdan nələr Dünyaya gələcəkdir” deyir.

 

İSTİQLAL DÖVRÜNDƏ HADİSƏLƏR

Müsəlmanlar arasında bəzi başa düşməyənlər sünni və şiə deyilən iki yerə ayrılmışdılar. Ancaq, Azərbaycan xalqı bu ayrılığı rədd etmişdir. Ancaq, su yatır, düşmən yatmaz demişlər. Rus siyasəti yatırmı? Rus hökuməti bu məzhəb ayrılığından məharətlə istifadə edərək hər iki məzhəbin ruhanilərini daima bir-biri ilə vuruşdurmuşdular. Ancaq, 1917-ci il inqilabı ilə birlikdə Bakıda keçirilmiş Ümumqafqaz Qurultayı keçirilmişdir. Burada hər iki məzhəbə aid olan ruhanilər bir-birləri ilə öpüşüb görüşdülər və barışdılar. Bir gün Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoylunun yanına şeyxülislam və müftü gələrək “Biz də bir vəzifə ilə hökumət heyətində iştirak etmək istəyirik” demişlər. Fətəli xan bunlara “Təklifinizi yersiz saydım. Sizə bir vəzifə azdır. Hökumətin müzakirələrində dini mövzular müzakirə olunmaz. Əslində din haqqında heç bir məlumata malik deyilik. Əgər din haqqında islam ölkələrindən bir müraciət alsaq sizə ərz edəcəyik. Sizin verdiyiniz qərarı müdafiə edəcəyik. Bütün nazirlər sizin dini görüşlərinizin tərəfdarı olacaqlar” demişdir. Müftü “Amma, Osmanlı Dövlətində dini təmsil edən şeyxülislamın hökumətdə yeri vardır” demişdir. Fətəli xan “Canım onların səhv işlərindən biri də budur deyə müftünün sözünü kəsmişdir. O, daha sonra həm şeyxülislama, həm də müftiyə “İstiqlalımızı elan edib Cümhuriyyət qurdu. Bütün millətlə birgə durmadan çalışmalıyıq. Biz hökumət tərəfindən mədəni dünyanın istehsal etdiyi mallarını idxal etməmək və ehtiyacımızı təmin etmək məqsədilə zavodlar qurmalıyıq. İnşallah buna müvəffəq olacağıq. Ancaq, bilirsiniz ki, rusların dövründə Azərbaycanın buğda ehtiyacı öz əkin sahələri çatışmadığı üçün daima Şimalı Qafqazdan təmin edilmişdir. İndi o yerlər sərhədlərimizdən kənarda qalmışdır. Biz indi ən mühüm qida məhsulu olan buğdanı necə olursa olsun özümüz yetişdirməliyik. Bu işə bütün millət səfərbər edilmişdir. Sizdən xahişim budur ki: Əgər kəndlilərimiz tarlalarda zəif işlərlərsə ehtiyacımız təmin olunmaz və xalqımız aclıqla üzləşərlər. Halbuki, mübarək Ramazan yaya düşmüşdür. Tarlalarda kəndlilərimiz qadınlı, kişili görünməməkdədirlər. Artıq Ramazan ayında işləmək imkansız hala gəlmişdir. Siz xalqımıza gələcəkdə üzləşəcək aclığı bildirib Ramazan ayını məhsulu tədarük etdikdən sonra keçirə biləcəklərini daha əlverişli olmasını başa sala bilərsinizmi? Baxın, artıq şəhərdə münəvvər insanlar bunu dərk edərək Ramazan ayını başqa vaxta keçirmişlər” demişdir. Şeyxülislam və müftü baş nazirin bu istəyinə qarşı dayana bilmədiklərindən və yaxud da istəmədiklərindən müdaxilə etmədən çıxıb getmişlər. Bu vəziyyət 45 il sonra, yəni 1963-cü ildə Tunis prezidenti (İqtisadi müharibə elan edirəm. Bütün millət səfərbər olunmuşdur və onlar oruc tutmamalıdırlar) tərəfindən də əmr edilmişdir.

Ağqvardiyaçı general Denikin 1919-cu ildə tez-tez müxtəlif hadisələr törədərək Cümhuriyyətimizi hədələməkdə idi. Dövlətimiz və xalqımız bunların hədələrinə əhəmiyyət vermirdi. Bir ziyafət zamanı general Denikinin hədələrindən söz açılmışdır. Dövlətimizin, xalqımızın və ordumuzun fikirləri eyni idi: gələcəkləri varsa görəcəkləri də var. Ziyafətdə olanların hamısı öz fikrini bildirmək üçün Cümhuriyyətimizin hərbi naziri general Mehmandarlıya baxırlar. Polad iradəli, 75 yaşlı qoca aslan ayağa qalxaraq ətrafına göz gəzdirir və sözə başlayır “Əziz övladlarım General Denikinin hədələrinin nə mənası var, nə qiyməti. Denikin məni rus millətindən, çarından və ordusundan yaxşı tanıyır. Və yenə çox yaxşı bilir ki, mənim komandanlıq etdiyim rus orduları daima rus ordularından üstün olmuşdular. Övladlarım mən bütün gəncliyimi və enerjimi rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, bu ixtiyar yaşımda millətimin milli ordusunu qurmaq mənə nəsib oldu. Qurduğumuz ordumuza komandanlıq etməkdəyəm. Mənim komandanlıq etdiyim ordunun üzvlərinə Denikin cəsarət edib gəlməz. Dincəlin və nəşənizi pozmayın”.

Digər bir hadisə: General Denikin hədələrinin bir nəticə vermədiyini görüncə, qıra bilmədiyin əli öp başının üstünə qoy ənənəsinə uyğun olaraq Azərbaycana iki polkovnikdən ibarət bir nümayəndə heyəti göndərilmişdir. Onun təklifi birgə Moskvaya-bolşeviklərə qarşı fəaliyyət göstərmək idi. Hökumətimizlə edilən müzakirələrdən sonra hərbi nazir Mehmandarlı ilə bu iki polkovnik hərbi Nazirliyə gəlirlər. Hərbi Nazirliyin binasının önündə iki gənc tərəfindən bir bomba partladılır. Sonradan məlum oldu ki, bu iki gənc bolşevik partiyasının üzvləri olmuşdular. Bombanın gurultusu çox olmasına baxmayaraq heç kəs xəsarət almadı. Əslində Moskva hökumətinin məqsədi adam öldürmək olmayıb general Denikin ilə Azərbaycan arasındakı anlaşmağa mane olmaq olmuşdur. Partlayışdan sonra hərbi nazir S. Mehmandarlı və iki Denikin polkovniki azca zədələnmiş avtomobildən düşürlər. Hərbi nazirin bu zaman diqqətini nazirliyin giriş qapısının hər iki tərəfində keşik çəkən Azəri əsgərləri cəlb edir. Mehmandarlı hər iki əsgərə yaxınlaşaraq onlara xoş sözlər dedikdən sonra polkovniklərə dönərək: “Bunlar canlı heykəllərdirlər. Bunların mətanətini bütün ömrüm boyunca bir rus əsgərində görmədim demişdir. Hərbi nazirimiz olan Mehmandarlı Cümhuriyyətimizin ildönümündə (28 may 1919-cu il) Gəncə şəhərindəki korpus komandanlığına teleqraf vuraraq “Təltif olunmağa layiq zabitlərin siyahısını hazırlayın gəlirəm.” Teleqrafdan bir neçə gün sonra o gəlir və siyahını yoxlamağa başlayır. Siyahıda yüzbaşı Süleyman Mehmandarlı da var idi. O, bunu görüb soruşur. Bu mənim qardaşım oğlu olan Süleymandımı? Onun olduğunu söyləyirlər. Mehmandarlı “Demək ki, digərləri də Süleyman kimi. Mən bunları necə təltif edə bilərəm” deyir. Bundan sonra siyahı yenidən yoxlanılır. Süleyman və bir neçə zabitin adları siyahıdan çıxarılır. Yeni siyahı tərtib olunur və təltif gerçəkləşir. Bir gün Milli ordumuza polkovnik rütbəsi ilə daxil edilmiş Çar ordusunun keçmiş zabiti olmuş Şahverdi xan Mehmandarlı ilə xüsusi söhbətlərinin birində “Dayı, polkovnik də oldum, ancaq mənə alay verilmədi. Nə zaman alay komandanı olacağam? Deyə soruşur. Mehmandarlı isə “Səbəbini bilmirsənmi? Nə zaman içkini tərgidərsən o zaman da alayı alarsan” cavabını verir. Şahverdi xan kədərli vəziyyətdə “demək qismət olmayacaq” deyir.

GÜRCÜLƏRLƏ MÜNASİBƏTİMİZ

Gürcülər tarix boyunca Qafqazdakı türklərlə qardaş kimi davranmış və aralarında dostluqlarını pozacaq heç bir hadisə olmamışdır. Türklərə qarşı ermənilərə yardım edən rus komandanı general Kalaşnikovu 1907-ci ildə Tiflisdə qətlə yetirən mücahid Hüsü gürcü qadınları tərəfindən evdən-evə keçirilərək qaçırılmış və rus polisinin əlinə keçməsinə mane olunmuşdur.

Lakin, aralarındakı bütün bu dostluğa baxmayaraq bu iki qonşunun siyasi görüşləri bir-birinə zidd idi. Türklər müstəqil bir dövlət olmaq və Rusiya ilə bütün əlaqələri kəsmək məqsədi ilə çalışırdılar. Belə ki, sosialist olan gürcülər rus sosialistləri ilə birlikdə yaşamağı düşünürdülər. Müstəqil bir hökumət qurmaq ağıllarına belə gəlməzdi. Onlar milləti inkar edərdilər. Gürcülər rus sosialistlərinə rəhbərlik etmiş olub rus inqilabında böyük rolları vardır. Gürcülərin davası rejim davasıdır. Sosialistləri ruslar ilə birgə olduqdan xalqları da ruslardan ayrılmaq istəmirdilər. Burada fikrimi qeyd etmək üçün bir hadisədən bəhs edəcəyəm. Sovetləşmiş rusların vəhşiliklərindən uzaqlaşdığımız vaxtlar idi. Qafqazın son məntəqəsi olan Batumdayıq. Mən Batumdan gəmi ilə Trabzona gəlib burada yerləşdim. İki il burada yaşadıqdan sonra İstanbula köçdüm. Bir gün vaxtilə Gürcüstanın hərbi naziri olmuş olan general Orduşelidzeyə rast gəldim. Söhbətimiz zamanı generalı fikirdən çox dəyişmiş gördüm və səbəbini soruşdum. O, mənə bunları anlatdı:

İstanbula gəldikdən sonra qəzetlərdən Sovet Ticarət nümayəndəsinin Orconikidze adlı gürcünün olduğunu öyrəndim. Onun yanına getdim. Ona kim olduğumu dedim. Məni qəbul etdi və nə istədiyimi soruşdu. Mən ona cavab verdim ki, siz gürcüsünüz mən də. Hərbi nazir vəzifəsindən istefa verdim və bolşeviklər Gürcüstanı işğal etdikdən sonra vətəni tərk etdim. Sizinlə bir gürcü kimi danışacağam. Biz sosialist bir dövlət qurduq. Beynəlxalq bir nümayəndə heyəti gəldi və idarəetmə mexanizmimizə heyran qaldı. Bu vəziyyətdə rusları hansı səbəbdən Gürcüstana gətirmək qərarına gəldiniz?” deyə soruşdum. Orconikidze mənə General mən hərbçi deyiləm, siz isə təcrübəli generalsınız. Birlikdə yaxın tarixə bir nəzər salaq. Mustafa Kamal Paşa İstanbul hökumətinin səltənətinin əleyhinə çıxıb onlara tabe olmadı. Sonra Anadoluda milli mücadiləyə başlayıb düşmənlərini ləğv etdi. Ölkənin idarəsini əlinə alaraq Cümhurriyət qurdu və bu dövləti Dünya dövlətlərinə tanıtdı.

İndi də başqa bir Türk generalı yolundan çıxıb Ankara hökumətini dinləməzsə və Qafqaza hücum etsə nə olur? Türklərin 1918-ci ildə Batuma hücumlarının qabağını ermənilərlə hələ birgə olduqsa da yenə saxlaya bilmədik. Qurduğumuz hansı Cümhuriyyətdən bəhs edirsiniz. General bunu qəbul etmədiyiniz təqdirdə yaxşı və ətraflı düşünmədiyiniz qənaətindəyəm. Əgər gürcü millətini sevirsinizsə bunu yaxşı bilməlisiniz ki, Rusiyasız gürcü milləti yaşaya bilməz.

Onun bu sözlərinə mən haqq qazandıraraq təşəkkür etdim və iki gürcü qardaş kimi ayrıldıq.

ERMƏNİLƏRLƏ MÜNASİBƏT

Ermənilər də 1918-ci il mayın 26-da öz istiqlaliyyətlərini elan etdilər. Ermənilər heç bir zaman türklərlə dost olmamışdılar. Ruslar Qafqazı işğal edən zaman ermənilər onlara yol göstərmiş və cəsusluq etmişdilər. Ermənilər bir Qafqazlıya yaraşmayan şəkildə türklərə pislik etmişdilər. Rusların türklərə etdikləri yazmaqla bitmədiyi kimi ermənilərin də bizə etdikləri pisliklər saysız-hesabsızdır. Ermənilərin bizə etdikləri arasında ən ağır gələni aşağıdakı hadisələr olmuşdur. Moskvanın Qızıl Ordusu 1920-ci ildə Azərbaycanı işğal edincə siyasi dövlət xadimlərimizdən bəziləri Gürcüstana sığınmışdılar. O zamanlarda Tiflis hər nə qədər Gürcüstanın mərkəzi sayılırdısa orada çox sayda yaşayan ermənilər də Tiflisli sayılırdılar. Ermənilər, Tiflisdə Fətəli Xan Xoylunu şəhid etdilər və sabiq ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədlini yaraladılar. Bir ay sonra yenə Tiflisdə parlament sədri müavini olmuş Həsən bəy ermənilər tərəfindən qətlə yetirildi. Mühacirə terror edilirmi? Bax budur ermənilərin vəhşiliyi. İki qonşu millətin ikisi də Qafqazlı, ikisi də respublika üsul-idarəsi ilə idarə olunur və ikisinin də respublikaları yeni yaranmışdır və iki millət qədim tarixdən bəri qonşu olaraq yaşamaqdadır.

Qızıl Ordu xaincəsinə Qafqaza hücum edərək onu işğal edir. Xüsusilə, Azərbaycan torpağı atəşlər altında yanır. Qızıl Ordu elə bir ordudur ki, nə qanun var, nə də vicdanı. Bu vəziyyətə düşənlərə də qonşuları təsəlli verərək dərdinə şərik çıxır və kömək edirlər. Ancaq bütün bu keyfiyyətlər ermənilərdə olmamışdır. Onlar küçədə rastlaşdıqları hər bir türkü vəhşicəsinə qətlə yetirdilər. Bu terrorların hamısının başında ermənilərin “Daşnak” Partiyası durur. Qonşularına qarşı bu vəhşi hərəkəti etməklə “Daşnak” Partiyası liderləri ilk əvvəl erməniləri fəlakətə sürüklədilər. Onlar elə bildilər ki, Türkün bir qolunda Fətəli xanları, Həsən bəyləri, Behbud Cavanşirləri, digər qolunda Tələtləri, Şakirləri, doktor Nazimləri, Camal paşaları şəhid etməklə Türk millətini qırıb qurtaracaqlar. “Türk beşiyi dahilərin yatağıdır” demişlər.

 

 

BÖYÜK QARDAŞIM MƏHƏMMƏDBAĞIR İLƏ SON DƏFƏ GÖRÜŞÜB AYRILMAĞIM

1920-ci il aprelin 27-də Qızıl Ordu Bakını işğal edəndə bolşeviklər müsavatçıları məhv etmək üçün tutmağa başladılar. Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Məhəmmədbağır Şeyxzamanlı Gəncə deputatı və “Müsavat” partiyasının üzvü idi. Həbs olunmasını ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünür və yollar arayırdım. Nəhayət, Çekadakıların ona “Qardaşın Nağı bəy gəlib özü təslim olsa, səni buraxacağıq” dediklərini öyrəndim və dərhal Çekanın yerləşdiyi binaya getdim. Mən Çekanın binasının qapısına yaxınlaşanda qardaşımın səsini eşitdim. O, binanın yuxarı mərtəbəsindəki kameranın pəncərəsindən məni görüb “Sən uzaqlaş, mənə bir şey edə bilməzlər. Əgər mənə qulaq asmayıb içəri girsən özümü pəncərədən küçəyə atacağam. Buradan uzaqlaş və Gəncəyə get. Qalma burada.” Mən də pəncərəyə baxa-baxa geri çəkilərək Çekanın binasının yanından uzaqlaşdım. Bax böyük qardaşımla son görüşüm belə oldu. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər.

 

 

BÖYÜK XEYRİYYƏÇİ HACI ZEYNALABDİN TAĞIZADƏ

(Xatirə dəftərindən bir yarpaq)

Rusiyada 1905-ci il inqilabının alovlanması ilə sönməsi bir olmuşdur. Amma Azərbaycan xalqı milli mübarizəsinin hər sahəsində fəaliyyətini toplu şəkildə sürətləndirmişdi. Milli varlığımızı dəstəkləyən irəliləmələrdə və istiqlal mübarizəmizdə qızğın bir iş gözə çarpdırdı.

Mən bu yazımda Azərbaycanın ölməz böyük simalarından olmuş Hacı Zeynalabdin haqqındakı təəssüratımı hörmətli oxuculara anlatmağa çalışacağam.

1918-ci ilin fevral ayında Azərbaycan Türkləri tərəfindən Gəncə Milli Komitəsinin qərarı ilə İttihat və Tərəqqi Partiyasının rəhbərliyi ilə görüşüb rus hakimiyyətindən və ordusundan təmizlənə bilmiş Azərbaycanın istiqlalını qura bilməsi üçün Türk ordusunun yardımını təmin etmək məqsədilə İstanbula göndərildim. İstanbula gəlişimin birinci həftəsində Məclisi-Məbusana getdim və orada məclisin sədri Hacı Adil bəy ilə tanış oldum. Həmin günün axşamı hər ikimiz Pera Palas mehmanxanasında keçiriləcək mətbuat konfransına dəvət edilmişdik. Biz birlikdə mehmanxanaya gəldik və konfransın başlamasına hələ vaxt qaldığından burada mənim üçün ayrılmış otağın salonunda oturub söhbət etməyə başladıq.

Hacı Adil bəy: “Məclisimiz sizdə necə təəssürat yaratdı?”

Mən: “Bəy əfəndi Məclisinizdə 24 sarıqlı xoca saydım. Onların məclisdə nə işləri var?”

Hacı Adil bəy: “Hələ indi yaxşıdır. İlk məclisimizdə 24 sarıqsız tapa bilməzdiniz.”

Hacı Adil bəy mənə Qafqaz haqqında bir neçə sual verdi. Mən də imkan daxilində suallara cavab verdim. Sonra məndən, “Siz Hacı Zeynalabdini tanıyırsınızmı?”

Mən: “Çox yaxşı tanıyıram” dedim.

Hacı Adil bəy: “O çox möhtərəm şəxsdir. Balkan müharibəsi illəri idi, Bolqarlar Türklərə qarşı çox amansız davranırdılar. Onlar Türk kəndlərini dağıdır və əhalisinə min cür işgəncə verirdilər. Bolqarlar bu hərəkətləri ilə Türk millətinə ağlasığmayan vəhşilikləri rəva gördülər. Pərişan xalqımızın dərdinə dərman olsun deyə bir yardım cəmiyyəti qurduq və ianə toplamağa başladıq. Mən o zaman Ədirnə valisi idim. Avropaya gedən tacirlərimizdən və səfirlərdən ianə toplayırdıq. Elə bu zamanlar adını xatırlayabilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək yardım istədik və aldıq. Bu zaman səfir bizə “Siz xaricə nə üçün müraciət etmirsiniz?” dedi. Sonra, Qafqazın Bakı şəhərində Hacı Zeynalabdinin ünvanını bizə verərək “Siz vəziyyəti izah edərək yardım istəyin” deyə tövsiyə etdi. Biz onun bir ay sonra İstanbuldakı Nobel neft şirkəti vasitəsilə o möhtərəm şəxs biz Türklərə yardım məqsədi ilə min qızıl lirə göndərmişdi. Nağı bəy mənə Zeynalabdin haqqındakı məlumatınızı söyləyin çox xahiş edirik.

Mən də Hacı haqqında bildiklərimdən və gördüklərimdən danışmağa başladım: Hacı Zeynalabdin yazıb – oxumağı bacarmayan bir fəhlə olmuşdur. O, millətini sevən, cəsur və əzmkar bir türkdür. Hacı ilk əmək fəaliyyətinə bənna yanında şagird kimi başlamış və yeddi il bu işində işləmişdir. Bir gün ustası işə başlayarkən hirsli olur və Zeynalabdini təhqir edir. Heç vaxt ustasına cavab qaytarmamış şagird bu dəfə dözə bilməyib cavab qaytarır. Bu zaman ustası əlindəki malanı Zeynalabdinə tərəf atır və nəticədə onun başı yaralanır. Vüqarlı şagird ustasının bu hərəkətinə heç bir cavab verməyərək iş yerindən uzaqlaşır. Bundan sonra Zeynalabdinin həyatının ikinci dövrü başlayır. O, yenə də tikinti işlərində bənna köməkçisi işləyir. Uzun illərdən bəri qənaət edib yığdığı pulla Zeynalabdin Bakı şəhərinin Bibiheybət adlı yerində neftli torpaq alır və orada quyu qazdırır. Bu quyu gözlədiyindən çox neft verməyə başlayır və bundan sonra Zeynalabdinin var-dövləti aşıb-daşmağa başlayır. O, sonra Həccə gedərək Hacı da olur. Artıq onu Bakı şəhərində hamı milyonçu Hacı Zeynalabdin kimi tanıyırdı.
Hacının köhnə ustası isə artıq yaşlaşmış və iş qabiliyyətini itirmiş vəziyyətdə qızının yanına köçmüşdür. O, maddi sıxıntı içərisində əziyyət çəkdiyi bir vaxtda dostlarının israrlarına baxmayaraq Hacı Zeynalabdinə yardım üçün müraciət etmək istəməmişdir. Halbuki, Hacı bütün fəqir-füqaranın atası olaraq Bakıda ad qazanmış bir şəxs kimi tanınırdı.

Hacı bu vəziyyəti bəzi dostlarından eşidir və köhnə ustasını yanına çağıraraq deyir: “Sən hirsli halda mala ilə başımı yaraladın, amma, mənim milyonlarımın başlanğıcı sənin mənə öyrətdiyin sənətlə olmuşdur. Səni heç vaxt unutmamışam və vəziyyətinin ağır olduğunu eşitdikdən sonra tapşırmışam ki, sənə hər ay beş qızıl versinlər. Get ömrünün axırına kimi sakit yaşa!”

Hacı Zeynalabdinin iki ən mühüm arzusu olmuşdur: 1 – varlı olmaq və 2 – milli qayəmizə xidmət etmək. Hacı artıq zənginliyin son zirvəsinə yüksəlmişəm və bununla da birinci qayəsinə çatmışdır. İkinci qayəsinə gəlincə illik gəlirinin 25%-ni fəxri sədri olduğu Xeyriyyə Cəmiyyətinə və “Nəşri-Maarif” Cəmiyyətinə keçirmişdir. O, Bakıda çıxan və milli qayəmizə xidmət edən türkcə, rusca olan qəzet və jurnalların nəşrinə kömək etmişdir.

Qurani-Kərimi ilk dəfə Azərbaycan türk şivəsi ilə Türk dilinə tərcümə etdirən Hacı Zeynalabdin olmuşdur. Hacı bu Qurani-Kərimi 4000 qızıl lirə dəyərində ziynətli daş və almazlarla bəzədərək Yusif Ziya Talıbzadə vasitəsi ilə İstanbula Sultan II Əbdülhəmidə hədiyyə olaraq göndərir.

Yusif Ziya Talıbzadə İstanbulda tacir Şirvanlı Səftər bəylə birlikdə saraya gedərək Hacının hədiyyəsinin padşah tərəfindən qəbul edilməsini xahiş edir. Saray naziri Qurana baxır və onun Türkcə olduğunu anlayır. Nazir onlara “indi Sultan həzrətlərinin hüzuruna çıxıb salam verəcəksiniz. Bu zaman ancaq mən danışacağam” deyir. Sultanın hüzurunda nazir: “Sultanım Misirdən şaha layiq hədiyyə olaraq Qurani-Kərim göndərmişlər. Qəbul etməyinizi xahiş edirlər” dedi. Sultan Qurani-Kərimi öpərək qəbul edir. Sultanın yanından çıxarkən Yusif Ziya bəy: “Paşam nə səbəbdən Quranın Misirdən göndərildiyini söylədiniz” deyir. Nazir isə “Amandı susun, əgər xəlifeyi-müsəlman həzrətləri Qurani-Kərimin cəsarət edilərək Türk dilində tərcümə edildiyini anlasa, qiyamət qoparar” deyə cavab verir.

Hacı Zeynalabdin qəzetlər vasitəsilə Qafqaz Türklərinə bu məzmunda bir elan verir: “Nə qədər litsey bitirmiş və ali təhsillərini almağa maddi imkanı olmayan tələbə varsa aşağıdakı şərtlərlə ali təhsillərini davam etdirə bilərlər:

1. Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2. Tələbəyə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3. Tələbə qeyri-türklə evlənməyəcəkdir.
4. Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birdəfəlik və yaxud da hissə-hissə ödəyəcəkdir.”

Bir il Avropanın müxtəlif şəhərlərində təhsil alıb, yay tətilinə gələn tələbələr Hacını ziyarət edirlər. Hacı onların hal-əhvalını xəbər aldıqdan sonra, bir şikayətləri olub-olmadığını soruşur.

Hamısı vəziyyətlərindən razı olduğunu bildirdikləri halda yalnız bir nəfər: “Hacı əfəndi Siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma, ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi bilmirəm nə dərəcədə düzgündür?” sualını verir. Tələbənin bu sualı Hacını elə bir yuxudan oyadır. O: “Övladlarım çox doğru söyləyirsiniz, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam” deyir. Ertəsi gün Qafqazda nəşr olunan bütün qəzetlərdə Hacının aşağıdakı məzmunda bir elanı çıxır:

“Qafqaz Türklərinin 7-8 yaşları arasındakı qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəbinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil aldıqdan sonra öz qızlarım kimi anları evləndirib gələcək həyatlarını təmin edəcəyəm. İmza: Hacı Zeynalabdin.”

Yeni günlərin birində Bakı Dram Cəmiyyətindən bir heyət Hacının yanına gəlir. Onlar: “Hacı əfəndi rusların və ermənilərin bir teatrı vardır. Biz Türklərin isə yoxdur. Onlar da istəyəndə teatrlarını bizə kirayə verir, istəməyəndə isə yox. Ona görə də biz onlardan çox geri qalmışıq.” Deyirlər. Hacı onlara təşəkkür edib yola saldıqdan sonra işə başlayır. O, rus və erməni teatrlarından daha üstün bir teatr binası tikdirərək Bakı Dram Cəmiyyətinə bağışlayır. Bax Bakı Dram Teatrı belə yaranır və adını da Hacı Zeynalabdinə hörmət əlaməti olaraq Tağızadə teatrı deyirlər.

Gəncədə came ətrafındakı qədim mədrəsələri ləğv edib Məktəbi-Ruhaniyyə tipli müasir siniflər açdırılmasını qərara alan Maarif Cəmiyyəti Bakıya Hacı Zeynalabdinin yanına bir nümayəndə heyəti göndərir. Hacı heyətə: “Gəncədən məktub aldım. Bağmanlar məhəlləsində tikilən məktəb üçün də yardım istəyirlər. 2500 manat Bağmanlar məktəbi üçün, 10000 manat da sizin üçün ianə verirəm” deyir.

Bakıda bir bayram günü xeyriyyə cəmiyyətləri üçün məktəb şagirdlərinin bir qrupu əllərinə qumbara alaraq xalqdan zorla pul toplamağa başlayır. Bunu görən Bağı varlıları Hacının yanına gələrək: “Hacı rəzil olduq. Türk uşaqları rus, erməni və yəhudilərdən qəpik-quruş yığırlar. Elə onların topladıqlarını biz də verə bilərik” deyirlər. Hacı isə onlara: “Yox bu iş bizim düşündüyümüz kimi deyil! Beş-on varlının edəcəyi yardımdan, bütün millətin edəcəyi yardım çox-çox fərqlidir. Biz milləti yardım etməyə alışdırmalıyıq” deyir.
Mən Hacı haqqında bunları söylədikcə Hacı Adil bəy məni diqqətlə dinləyir və hərdən də nə böyük insan olmuşdur deyirdi.

Azərbaycanda təşkil olunmuş gizli “Müsavat” partiyasına da Hacı Zeynalabdinin müəyyən yardımı olmuşdur. Hacının yaxın dostlarından Tağı Nağıoğluna Bakı “Müsavat” partiyası gənclərindən biri yolda rast gəlir və Hacıya partiya üçün maddi yardım göstərməyi çatdırmağı xahiş edir. Tağı Nağıoğlu məsələni Hacıya çatdırarkən Hacı “yaxşı yardım etməyə razıyam, ancaq verəcəyim pulu nə bir yerdə qeyd etsinlər, nə də məndən kömək gördüklərinə dair heç kəsə bir şey söyləməsinlər” deyir.

Bakı milyonçularından olan Musa Nağının gözünün ağı-qarası bir oğlu İsmayıl vəfat edir. Hacı həyat yoldaşı və dostları ilə yasa gedib Musa Nağının dərdinə şərik olurlar. Bu zaman Hacı ona ağlamaqdan bir şey çıxmaz, heç bu düzgün də olmazdı. Oğlunun adına bir bina tikdir və adını da İsmayıliyyə qoyaq. Gələcəkdə tikiləcək bu binada milli işlərimizi oğlunun ruhunu şad etmək üçün orada toplaşaraq müzakirə edək. Bu hadisə 1910-cu ildə olur. Şəhərin tam mərkəzində yerləşən İsmayıliyyə 25 min rus qızıl puluna başa gəlir. Təəssüf ki, 1918-cu ilin mart ayında rus bolşevikləri ilə ermənilər birləşərək Bakı Türklərinə qarşı soyqırım törətdikləri zaman o əzəmətli və gözəl bina da yandırılır.

Bakıda ilk sənət məktəbinin açılması mərasiminə başqa tədbirlərdə olduğu kimi, Hacını da dəvət edirlər. Hacı sənət məktəbinə böyük miqdarda ianə verir və bu şərtləri maarif müdirinin nəzərinə çatdırır: “Sənət məktəbləri üçün nə qədər türk uşağı qəbul etsəniz, hamısının təhsil xərcini mən verəcəyəm. Buna müqabil siz də Türk uşaqlarının rus dili dərslərindən aldıqları qiymətləri üçdürsə, 5 sayın. Yəni Türk uşaqları rus uşaqları kimi rus dilini bilmədiklərinə sinifdə saxlanmasınlar!”

Məşhur Türkçü İsmayıl bəy Qaspıralı Bakıya gəlir. Söhbət zamanı İsmayıl bəy Krımın Baxçasaray şəhərində “Tərcüman” adı ilə nəşr olunan və hər sayında “Dildə, fikirdə, işdə birlik” şüarını yayan qəzetinin az oxunduğundan və abunəsinin azlığından gileylənir. Bakıda çıxan qəzet və jurnallara daima yardım edən Hacının bu qəzetə də ianə edib-etmədiyini bilmirəm. Amma, Hacı İsmayıl bəyə deyir ki, “Mən Sizə Qafqazdan abunələr təşkil edəcəyəm.” Ertəsi gün Hacı katibinə: “Qafqazın şəhər və qəsəbələrini gəzərək nə qədər türk dilində qəzet oxuya bilən şəxs varsa ad və ünvanları ilə bərabər bir siyahı hazırlayıb mənə gətirin” deyir. Bu iş başa çatdıqdan sonra Hacı bir siyahı ilə birlikdə abunələri Krıma İsmayıl Qaspıralıya göndərir. Bu vəziyyət illərlə davam edir. Sonralar qəzeti alanlara məlum olur ki, abunə pulu Hacı tərəfindən ödənilirmiş. Vaxtın necə gəlib keçdiyini heç kəs hiss etmədisə də, artıq söyləyəcəklərim də bitmişdir. Mən nə qədər şövqlə danışırdımsa, Hacı Adil bəy də möhtərəm insan haqqında söylənənləri o qədər ürəkdən dinləyirdi. Sonra birlikdə mətbuat konfransına getdik və yan-yana oturduq. Hacı Zeynalabdin haqqında bu hadisədən sonra gözlərimlə gördüklərimi və eşitdiklərimi də hörmətli oxuculara söyləyim ki, bu əvəzsiz böyük insanın qiyaməti daha yaxşı başa düşülsün.
Azərbaycanın Milli İstiqlal dövründə ilk Novruz bayramını şəhər klubunun möhtəşəm salonunda qeyd edirdik. Xeyriyyə Cəmiyətinin sədri vəkil Qasım Qasımzadə masasını giriş qapısına qoyduraraq gələnlərdən ianə toplayırdı. Mən də bu mərasimdə iştirak edirdim. Bir müddət sonra Hacı Zeynalabdin gəldi və cəmiyyətin sədrinin yanında oturdu. O, cəmiyyətin sədrindən kimlərin gəldiyini və nə qədər ianə verdiklərini soruşdu.

|Hacıdan əvvəl gələn varlılar baxdılar ki, Hacı içəri girmədi və dərhal gəlib onun bayramını təbrik etdilər. Hacı onlara: “İndi əsir deyilsiniz, müstəqilsiniz. Biz indi İstiqlalımızı bütün dünyaya elan etmiş bir Türk millətiyik. Təzə qurulmuş hökumətimizin vəziyyəti hələ çox ağırdır. Biz də cəmiyyətin fəaliyyətini ona görə tənzimləmək məcburiyyətindəyik ki, bütün əyər-əskiyimizi hökumət üstünə yükləməyək. Belə hesab edirəm ki, verdiyimiz pul çox azdır.” Dedi və qoltuğundan çek dəftərini çıxararaq: “Mən əlli min manat ianə edirəm. Bu gün burada pul verilməli deyil, çek yazılmalıdır” dedi. Hacının bu sözlərindən sonra çek dəftərləri çıxdı və çeklər yazıldı. Hacı iki saat orada qalaraq hər gələndən çek aldı.

Birinci Dünya Müharibəsində rus qüvvələrinin təzyiqi qarşısında Türk ordusu geri çəkilir və nəticədə Şərq vilayətləri rus işğalı altına düşürdü. Bu fürsəti qənimət bilən ermənilər əsarətə məhkum olmuş Türklərə vəhşicəsinə zülm etdilər. İşğal edilmiş vilayətlərdə erməni quldur dəstələri, komitəçiləri, erməni xalqına yardım cəmiyyətinin üzvləri sərbəst şəkildə dolaşmaqda idilər. Bu yerlərdə edilən zülmlərin əks-sədası bütün Qafqaz xalqlarının qəlblərini sızıldadırdı. Bakı Xeyriyyə Cəmiyyəti bu vilayətdə əziyyət çəkən müsəlmanlara kömək etmək istəsə də, buna rus cəbhə komandanlığı icazə vermədi. Yaranmış vəziyyətdə Hacı Zeynalabdin rus imperatoruna müraciət edərək icazə almağa nail olur. Xeyriyyə Cəmiyyəti doktor Xosrov bəyin sədrliyi altında böyük bir nümayəndə heyəti yaradır və dəmiryol idarəsindən bir qatar alaraq bu vilayətlərin əhalisinə lazım olan zəruri şeyləri göndərir. Beləliklə, Azərbaycandan Qarsa və fəlakətə məruz qalmış digər Anadolu vilayətlərində yaşayan Türk xalqına ilk Türk yardım əli uzadılır. Xeyriyyə Cəmiyyəti dəstələri cəbhəyə getdikdən sonra az da olsa Türk xalqına qarşı edilən vəhşiliklərin önü alınmışdır. Cəmiyyət üzvlərinin göndərdikləri raportlar və raportların əks-sədası nəticəsində rus ordu komandanlığı erməni quldur dəstələrini dağıtdı və bir neçə erməni də Ərzurumda edam edildi. O, tarixlərdə cəbhə bölgələrində zərər çəkmiş mülki erməni əhalisi üçün qurulmuş olan yardım cəmiyyətinə rus çarı bir milyon manat ianə bağışlayır. Bunu eşidən Hacı dərhal rus çarını ziyarət edir və müharibədə yalnız xristianların deyil, müsəlmanların da zərər çəkdiyini onların da yardıma ehtiyacları olduğunu bildirir. Bu söhbətdən bir neçə gün sonra rus çarının əmri ilə Bakıdakı Xeyriyyə Cəmiyyətinə də bir milyon manat ianə verilir.

Xeyriyyə Cəmiyyəti Azərbaycanın hər vilayət və şəhərlərində uşaq evləri açmışdı. Cəbhələrdən xilasetmə briqadalarının himayəsində də arası kəsilmədən kimsəsiz uşaqlar gəlir və onlar uşaq evlərinə götürülürdülər. Çox yaxşı olardı ki, Xeyriyyə Cəmiyyətinin nümayəndələrindən bu gün həyatda olanlar bu milli və insani fəaliyyətə dair məlumat və xatirələrini xalq kütlələrinə çatdırsınlar. Azərbaycan İstiqlalının ilk ili və Birinci Dünya müharibəsinin qızğın dövrü idi. Nuru Paşa bir gün Bakı əhalisini Təzəpir məscidinə dəvət edərək: “Möhtərəm Bakı camaatı və əziz qardaşlarım! Bakı şəhəri dünyanın mərkəzi şəhərlərinin bəzisindən geri qalsa da əksəriyyətindən irəlidədir. Ancaq, onun çox böyük çatışmazlığı vardır. Mən istədim ki, Fatih, Süleymaniyyə, Sultan Əhməd cameləri kimi böyük bir came Bakıda da olsun. Mənim də iştirakım ilə biz burada pul toplayıb bu çatışmazlığı aradan qaldıraq.” deyə sözlərini bitirdi. Bakı camaatı hələ susurdu. Çünki, ilk söz hər yerdə olduğu kimi burada da Hacı Zeynalabdinə düşərdi. Bu kimi xeyriyyə işlərində heç kim Hacıdan əvvəl əlini kassasına uzatmağa cəsarət edə bilməzdi. Hacı oturduğu yerdən qalxaraq: “Möhtərəm paşam Siz çox doğru söylədiniz. Biz bu günə qədər rus əsarəti altında inləyirdik. Qafqazda milli davamız qonşularımız olan erməni və gürcülərdən geri qalmışdı. Biz onlarla yarışaraq onlardan geri qalmamaq üçün var gücümüzlə çalışırdıq. Dinimiz sərbəst idi. Nə rus idarəsinin, nə də xristianlığın təzyiqi altında deyildi.

Rus idarəsi tərəfindən daima milli varlığımız baltalanırdı. Paşam artıq Tanrıya çox şükür ki, əsarətdən qurtulduq. İndi artıq çatışmazlıqlarımızı aradan qaldırmaq zamanı gəlib çatdı. İstanbuldakı cameləri inşa edən ustalar kimi ustalar bizim ölkədə yoxdur. Siz teleqrafla İstanbuldan ustalar çağırın gəlsinlər və işə başlasınlar. Pul barəsində nə toplamağa, nə də vəd etməyə ehtiyac yoxdur. Tanrının bizlərə verdiyi hüsn-rəğbətlər hər birimiz bir came tikdirmək qüdrətindəyik. Sizə söz verirəm ki, istədiyiniz cameni mən öz pulumla tikdirəcəyəm!” deyə çıxışını bitirdi.

Azərbaycan xalqı istiqlalına qovuşduqdan sonra hökumətimiz Gəncə şəhərindən Bakıya köçdü. Hacı Zeynalabdin bir gün hökumət başçısını ziyarət etdikdən sonra: “Əgər hökumətimizin pula ehtiyacı olarsa, olan pullarım və sərvətim Sizin ixtiyarınızdadır” deyir.

Azərbaycan Respublikasının birinci ilində milli universitetimizin açılış mərasimində Hacı da iştirak edir. Hər kəsdə bir sevinc, bir ümid var idi. Bir-birinin ardınca nitqlər söylənir və şənlik keçirilirdi. Hacı danışmaq istəyir və alqışlar altında kürsüyə qalxaraq danışmaq istəyərkən, gözləri yaşarır. O, bir az dayanır və sonra nitqinə belə başlayır: “Əziz vətən övladları. Mən Bakıda bir çox tədbirlərin açılış mərasimlərində iştirak etmişəm. İndi bu əlamətdar gündə də iştirak etməyimə çox sevinirəm, çünki artıq gənclərimiz ali təhsillərini milli universitetimizdə də ala biləcəklər. Bakıda bir universitet açmağı bir vaxtlar düşünmüşdüm. Ancaq, bir erməni öz hesabına Tiflisdə bir universitet açmaq üçün rus hökumətindən icazə istəmişdi. Təəssüf ki, erməniyə rədd cavabı verildi və bundan sonra mənim də ümidim kəsildi.

Çox şükürlər ki, Ulu Tanrım məni məyus etmədi. Türkiyənin hüsn-rəğbəti və xalqımızın qeyrəti ilə respublikamızı qurduq. Bu gün isə respublikamızın ilk universitetinin açılış mərasimini keçiririk. Xeyriyyə və irfan müəssisəsinə hamının ianə vermələrini xahiş edirəm. Mənim də bu irfan ocağına bir xidmətim olsun deyə mülklərimdən birini bu elm müəssisəsinə hədiyyə edirəm” deyərək sözlərini bitirdi və sürəkli alqışlar altında kürsüdən düşdü.

Təəssüflər olsun ki, məsud və həyəcan dolu o günlərimizə bolşeviklər son qoydu. Onlar Hacı Zeynalabdinin var-dövlətini də əlindən alıb müflis etdilər. Onun pulu ilə oxuyub ali təhsil alan doktor Nəriman Hacını həbs etdirdi. Hadisə belə olmuşdur: Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı tekstil fabrikasının adı bolşeviklər tərəfindən dəyişdirilərək “Lenin tekstil fabrikası” adı verilir. Bunu eşidən Hacı doktor Nərimanın yanına gedir və ona: “Nəriman, mən öz pulumla Türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram Cəmiyyəti adını Tağızadə Teatrı qoydu, indi isə dəyişdirib Dadaş Bünyadzadə qoymusunuz. Buna heç bir etirazım yoxdur, çünki o da türkdür. Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da bir etirazım yoxdur, çünki millət üçün işlədiləcəkdir deyirsiniz. Yalnız etirazım adını lənət olmuş Leninin adına qoymağınızadır. Mən o alçaq Leninə fabrika satmamışam. Əgər fabrikamın adını dəyişdirib Nəriman qoysaydınız yenə etiraz etməyəcəkdim!” deyir. Bu sözlərdən sonra Nəriman rəhbərliyi altında çalışdığı yanındakı rusdan qorxaraq Hacını həbs etdirir. Bu hadisəni eşidən fabrika işçiləri tətil edərək ÇEKA-ya gedib və Hacının azad edilməsini tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək həbsdən azad etdirirlər. Bu hadisəni eşidən xalqımız çox üzülür.

Hacı Zeynalabdinin bundan sonrakı qısa həyatı Bakı ətrafındakı Mərdəkanda kəndlilər və fəhlələr arasında keçir. Hacı bir fəhlə kimi əmək fəaliyyətinə birgə başladığı dostlarının əhatəsində 104 yaşında kədərli gözlərini yumur.

“Azərbaycan” Aylıq Kültür Dərgisi,
Sayı 14 (62) May 1957,
Sayı 15 (63) İyul 1957.

 

DƏRDLƏŞMƏ

İstanbul 1963-cü il

Aşağıdakı hörmətli oxucuya təqdim edilən yazıda bəhs olunan hadisə haqqında 12 il keçəndən sonra yazılmasının səbəbini açıqlaya bilərik. Ədər gələcəkdə hər hansı bir tarixçi Azərbaycanın müasir tarixini araşdıracaqsa, bu mövzuyla bağlı məlumata ehtiyacı yaranacaqdır. Bu səbəbdən yazımızın mövzusu kimi seçdiyimiz “Vesbaden anlaşması” məsələsini açıqlayarkən ölkənin istiqlal mübarizəsində öz üzərinə məsuliyyət götürmüş olan bəzi şəxslərin bu məsuliyyəti pis yerinə yetirdiklərini söyləyərkən bunun hər hansı bir xüsusi düşmənçilikdən qaynaqlanmadığını bilməlidirlər.

Bu yazımızdakı mülahizələrimizi belə xülasə edə bilərik: “Vesbaden anlaşması” “Millətlər zindanı” olan Rusiyanın sabah üçün də eyni xüsusiyyətini qoruyub saxlaya bilməsi üçün çalışılan bir tədbir idi. Qüsurlu olan bu “Vəsbadən anlaşması” çox yaşaya bilməzdi və heç yaşamadı da...

“Vesbaden anlaşması”nın qüsurlu gedişatına qarşı bu gün “Paris bloku”nun sağlam prinsipləri mövcuddur.

Rus olmayan və rus əsiri millətlərin etimadını və azad dünyanın da dəstəyini alan “Paris bloku” anlaşmasında Azərbaycan istiqlalçıları adından Azərbaycan Milli Mərkəzi də öz imzasını atmışdır. Bu quruma sonsuz uğurlar diləyərək “Dərdləşmə” adını verdiyimiz əsas mövzuya keçək.

Dərdləşmə.

Ali Təhsilli üç yurddaşımızla Azərbaycan milli istiqlal mübarizəsi ətrafında söhbət edirdik. Bunlardan ikisi duyduqları üzüntünü belə anlatdılar: “Nə üçün biz türklər istiqlal mübarizəmiz uğrunda birləşirik? Yaxşı, bəs bu ayrılığın və bir-birimizlə dil tapa bilmədiyimizin səbəbini harada axtarmalıyıq? Nəyə görə birləşmək üçün təşəbbüs və səy göstərilmir? Sizi aramızda həm yaşlı, həm də təcrübəli bir yurddaşımız kimi tanıyırıq. Bizə bu ayrılığın səbəbini başa sala bilərsinizmi?”

Yurddaşlarımızdan üçüncüsü mənim cavabımı gözləmədən sözə başladı və “İstiqlal” davası və bu yolda edilən mübarizələr haqqında bir fikrim olmadığı kimi, bir ümidim də yoxdur. Bu əfəndilər ilk öncə birlik halında çalışmaqda idilər. Sonradan ayrıldılar. Siz isə indi yenidən birləşmələrini istəyirsiniz. Qırx ildən bəri bu adamlar istər birləşmiş və istərsə ayrılmış halda nə etdilər ki, təkrar birləşib bir şey edə bilsinlər? Bunların hamısı boş və əvəzsiz şeylərdir. Bax elə buna görə də mən keçən bu qırx il ərzində bu adamlara qoşulmadım və bu işlərlə maraqlanmadım. Üstəlik bu işlərlə məşğul olan şəxslərin ortaya qoyduqları bir əsər də yoxdur.” - dedi. Üçüncü yurddaşımızın bu çıxışı heç birimizi razı salmadı.

Hələ məndən cavab gözləyən iki yoldaşa bir şey söyləmədən canımızı sıxan üçüncü yoldaşımıza üzümü tutaraq sözə başladım. “Bu söylədiklərimizi əvvəllər də bir çoxlarından eşitmişəm. Onlara da indi sənə verəcəyim cavabı vermişdim. Həm də bu cavab mənim deyil bir türk şairinindir. “Dinlə gör nə deyir:

Ölmək elə bir körpüdür hər kəs keçəcəkdir,
Lakin hər ölüm diqqətə şayən ola bilməz
Cəhd eylə diriykən sənə ölmüş deməsinlər
Səssiz yaşamaq varlığa bürhan ola bilməz.

Bax sizin kimi düşünənlərə söyləyəcəyim budur. Özünün çalışmadığınız halda çalışanlara da mane olursunuz. Ya görülən işləri görmürsünüz, yaxud da görəcəklərinizi anlamaq qabiliyyətindən məhrumsunuz. Buna görə də sizə nə söylənsə əbəsdir. Beyniniz əsasən hazır cavablarla doludur. Ancaq digər iki yoldaşın sualına cavab verəcəyəm. Xahiş edirəm siz də zəhmət çəkib dinləyəsiniz. Məsələmizə toplu bir nəzər salaraq birləşməmənin əsas səbəblərindən bir nümunəni eşidəcəksiniz. 1918-ci il sentyabrın 15-də beş ay yarımlıq savaşdan sonra yurdumuzun göz bəbəyi olan ruslar 1920-ci il aprelin 27-də qüvvətlənmiş bir halda yenidən Azərbaycana gəldilər və gözəl ölkəmizi dünya tarixində misli görünməmiş bir işgəncə və zülmə düçar etdilər. Hər gün daha çox şiddətlənən qeyri-insani təzyiq bu gün də öz xüsusiyyətini saxlayır.

Qızıl Moskvanın hakimiyyəti altında zülm çox və sonsuz, ədalət isə yox dərəcəsindədir. Burda təzyiq çox, azadlıq isə yoxdur. Səfalət çox, rifah yoxdur. Haqq tapdandığı kimi ədalət də yoxdur.

Bu vəhşiliklərin hökm sürdüyü diyarda və bu Qızıl Zindanda bir çox millətlər inildəyir. Bu millətlər arasında rus olmayan millətlərlə bərabər ruslar da vardır. Ancaq bu millətlər üzərindəki vəhşilik və işgəncənin dərəcəsi və nisbəti eyni deyildir. Bolşevik Moskvanın əsarətində yaşamaq bədbəxtliyinə məhkum olan millətlər arasında sayı əlli milyonu keçmiş Türklərə edilən zülm başqalarına edilən zülmdən fərqlənir. Həmçinin Krım Türkləri ilə Şimali Qafqaz Türk-Müsəlmanları qorxunc aqibətə məruz qaldılar. Sayları iki milyonu aşan bu Türk-Müsəlmanlar bütövlükdə yurdlarından köçürülərək məcburi əmək düşərgələrinə sürgün olunmuşdular. Bu sürgündən qoca, uşaq və qadınlar da xilas ola bilməmişlər. 1943-cü ildə baş vermiş bu hadisə haqqında təsadüfən 1949-cu ildə xəbər tutulmuşdur.

Bu hadisənin əks-sədası dünya mətbuatına və BMT-yə qədər gedib çatsa da heç bir təsiri olmamış və sürgünlər yenə davam etdirilmişdir. Sürgündən boşalan yurdlara rus kəndlisini köçürməklə görünür ki, Rusiyada hər şeyin üstündə rus millətçiliyi hakim kəsilmişdir. Moskva ruslaşdırma siyasəti ilə ənənəvi rus imperializmin siyasətini davam etdirir. Rus siyasəti dediyimiz kommunistləşmiş rusluq ruslaşmış kommunizmdən başqa bir şey deyildir.

1920-ci il aprelin 27-də kommunist Moskva yurdumuzu istila edərək istiqlalımıza son qoymuş oldu. Bolşeviklər istiladan sonra ilk iş olaraq kişiləri və məşhur şəxslərimizi hər vasitə ilə ortadan qaldırmağa başladılar. Bu repressiyadan canlarını qurtara bilənlər xarici ölkələrə getməyə məcbur oldular. Bunlardan sonuncu Baş nazir Nəsib bəy Yusifbəyli Ərəş qəzasında naməlum şəxslər tərəfindən öldürüldü. Azərbaycan milli hökumətinin Baş naziri olmuş Fətəli Xan Xoylu və parlament sədri Həsən Ağazadə Gürcüstanın mərkəzi şəhəri Tiflisdə ermənilərin terrorunun qurbanı oldular. Ölkəni tərk edənlərin bir hissəsi Türkiyəyə gələrək İstanbulda yerləşdilər. İstanbulda yerləşənlər arasında vaxtilə bankir olmuş şəxslərlə bərabər sabiq yüksək vəzifəli məmurlar da vardır. Demək olar ki, onların hamısı vətənsevər, istiqlalçı və məmləkət üçün çalışmış olan adamlar idi. Onlar istiqlalın bərpası üçün əzmlə çalışmaq arzusunda idilər. Amma onların çatışmayan bir nöqsanı vardır və bu da onların fəaliyyətinə mane olurdu. Onların çatışmayan cəhəti bu idi. Bildiyimiz kimi müstəbid çar üsul idarəsi Türk dilində tədrisi qadağan edərək Türk məktəblərinin açılmasına icazə vermirdi. Bu səbəbdən ziyalılarımızın çoxu rus məktəblərində təhsil almış olduqları üçün ana dillərində bir şey yazmaq və milli bir nəşriyyat açmaq imkanında deyildilər. Halbuki milli mübarizəsi, xüsusilə milli mübarizəni xarici aləmə tanıtmaq işi nəşriyyatın əsas hissəsi olan milli mətbuat ilə həyata keçirilə bilər. Həm də bu mübarizəni ilk növbədə Türkiyə ictimaiyyətinə tanıtmaq və ən azı Türkiyənin ziyalı zümrəsinə xitab edə biləcək bir nəşriyyat işinə girişmək lazım idi. Əlbəttə, bu da Türk dilində olan nəşriyyat vasitəsi ilə gerçəkləşdirilə bilərdi. Təəssüf ki, bu işi görə biləsi kadr yox idi. Bu vəziyyət istilalın ikinci ilinə kimi davam etdi. Bununla bərabər məmləkətimizdə işğalın ilk günündən etibarən gizli yeraltı təşkilat qurulmuş və düşmənləri heyrətə salan milli fəaliyyət göstərilmişdir. Bunlardan ən əsası gizli “İstiqlal” qəzetinin nəşrə başlaması idi. 19 sayına qədər çıxarılan bu qəzet gizli olaraq xalq arasında geniş yayılıb və milli istiqlal mübarizəsini hər zaman üçün canlı tutmağa çalışırdı. Qəzetin 19-cu sayı gizli mətbəədə hazırlanarkən mətbəəyə basqın edilmiş və bu işdə çalışan gənclər ÇEKA tərəfindən ələ keçirilmişdir. Onların bəzisi güllələnmiş, bəziləri də uzun müddətli sürgünə göndərilmişdir.

Milli istiqlal tariximiz üçün şərəfli bir dövr olan bu gizli fəaliyyət dövrünün dəyərini təqdir etmək üçün sadəcə o tarixlərdəki Kommunist Partiyasının və başqa qurultaylarında toplantılarında məsul şəxslərin söylədikləri sözləri gözdən keçirmək və sovet mətbuatının bu barədəki açıqlamalarını diqqətlə oxumaq kifayətdir.

Şübhəsiz, ölkə içindəki bu fədakarcasına göstərilən fəaliyyətə nisbətən xaricdəki fəaliyyətsizlik gizli təşkilatı çox üzür və düşündürürdü. Bu düşüncə ilə o xarici ölkələrdə mübarizəmizin səsini tezliklə çatdırmaq üçün çıxış yolu axtarıldı. Bu məqsədlə gizli təşkilat qərar çıxarıb ruslar tərəfindən yaxalanaraq Rusiyada göz altında saxlanan Məhəmməd Əmin Rəsulzadəni xarici ölkələrdən birinə keçirmək işinə başlayır. Təşkilat böyük fədakarlıqla bu qərarını gerçəkləşdirməyə müvəffəq olur. Nəticədə Məhəmməd Əmin Rəsulzadə Finlandiyaya keçir və ordan da İstanbula gəlir.

Azərbaycan istiqlal mübarizəsinin böyük lideri Məhəmməd Əmin Rəsulzadənin İstanbula gəlişi yurddaşlarda böyük bir sevinc yaratmışdır.

İlk iş olaraq yurddaşlar “Milli Komitə” adı altında birləşərək Əmin bəyi rəhbər seçdilər. İllərdən bəri özünü hiss etdirən böyük boşluq Milli Komitənin nəşr etdiyi “Yeni Qafqaziya” məcmuəsi və bunun ardınca çıxan digər mətbuat orqanları tərəfindən doldurulmuş oldu. Nəşriyyatın əhəmiyyəti gündən-günə daha aydın şəkildə özünü göstərir və fəaliyyət çox ciddi biçim aldıqda ölkədə istiladan sonra gizli təşkilatın başında duran Mirzə Bala da İstanbula gəlib, milli mübarizəni daha da gücləndirdi.

İkinci dünya müharibəsi illəri çox müntəzəm olmasa da, Azərbaycan istiqlalçıları milli nəşriyyat sayəsində Azərbaycan Milli mübarizəsini beynəlxalq bir mübarizə şəklinə sala bildilər.

Müharibədən sonrakı illərdə şərait normallaşınca Sovetlər Birliyindən olan millətlərin nümayəndələrindən ibarət bir Əlaqələndirici Heyətin yaradılması fikri meydana çıxmışdı. Bu məqsədlə Velikorus Partiyalarından beşi 1951-ci il avqustun 28-də Qərbi Almaniyanın Ştutqard şəhərində bir toplantı keçirdilər. Toplantıda “Rusiya Millətlərini Xilas Etmə Şurası” adı altında siyasi mərkəzin təşkili qərara alınmış və bunu reallaşdırmaq üçün “büro” da yaradılmışdır. Bu “büro”nun ən böyük vəzifəsi onların təbirincə Rusiyadakı “Milli azadlıq”ın da nümayəndələrini bu “şuraya” cəlb etmək olmuşdur. 1951-ci il noyabrın 7-də Qərbi Almaniyanın Vesbaden şəhərində bu məqsədin təmin edilməsi üçün beş Velikorus Partiyaları nümayəndələri ilə rus olmayan millətlərin uydurma beş qurumunun uydurma nümayəndələri bir yerə toplaşaraq “Vesbaden Anlaşması” adı altında müqavilə bağlanmış və bir deklarasiya da imzalamışdılar. Şəxsiyyətləri naməlum bir neçə şəxslərdən ibarət olan bu uydurma nümayəndələr arasında “Azərbaycan Milli Birlik Məclisi” deyilən bir təşkilatın adından Ceyhun Hacıbəyli, Əkbər ağa Şeyxülislamov və İsmayıl Əkbər adlı üç şəxsin imzası da görünməkdədir.

“Vesbaden Anlaşması” nə idi? Qurulan bu blokun istəyi nə idi? Və aqibəti nə oldu? Bu suallara cavab verməklə sanıram ki, həmsöhbətlərimin suallarını cavablandırmış olacağam.

“Vesbaden Anlaşması”nın müddəalarına görə, qurulan bu blok qeyri-rus millətlərinin hüquq statusunu 1917-ci il fevral inqilabına qədər geriyə çəkirdi. Beləliklə, o zamandan bəri dövlət hüququna görə onlara verilmiş mövcud hüquqlar öz torpaqlarının sahibi olmaq və milli hakimiyyət hüquqlarını inkar edirdi.

“Besbaden Anlaşması” rus əsarətində olan millətlərin istiqlal məsələsi üzərinə əvvəlcədən qərar verməmək şərtini qoyurdu”. Yəni məsələ İslam və Türk tarixinin şanlı səhifəsi olan 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının qurulması rədd edilirdi. “Əvvəlcədən qərar verməmə şərtini” irəli sürməklə rus heyəti qeyri-rus millətlərinin müqəddəratını Sovet – Kommunist hakimiyyətinin ləğvinə qədər arxa plana keçirmək və yalnız ondan sonra bu məsələni milli bir ümumxalq səsverməsi ilə deyil “demokratik bir səsvermə yolu ilə həll etmək istəyirdi”. Bundan da əsas məqsəd yurdlarımızın istilasından bəri sistematik bir surətdə qeyri-rus ölkələrə məskunlaşdırılan və burdakı əhalinin sayını yerli əhali zərərinə məcburi surətdə dəyişdirmiş olan rus köçkünlərinin də səsvermədə iştirakı ilə qeyri-rus ölkələrinin iradəsinə zidd olaraq daima rus milli hakimiyyəti altında qalmasını təmin etmək idi.
“Vesbaden Anlaşması”nı imzaladan ruslar “millətlərin öz müqəddəratını şəxsən özlərinin təyin etmək hüququnun olduğunu bu şərtlə tanıdıq ki, sovet rejimi devrildikdən sonra ümumi rəyə müraciət ediləcəkdir. Öncədən millətlərin istiqlallarını tanımırıq” (russkaya ideya - Münhen 24 avqust 1952-ci il).

Halbuki biz öz müqəddaratımızı 1918-ci ilin 28 mayında təyin etmişik. Beş ay yarım sürən istiqlal savaşından sonra millətimizin qanı ilə təsdiq edilən bu istiqlalımız bu gün onlarla şərtə bağlanmışdır.

Qeyri-rus millətlərindən Ukrayna bu toplantıda iştirak etmədi. Ermənilərin, gürcülərin, şimali qafqazlıların və türküstanlıların az-çox tanınmış heç bir şəxsiyyətinin adları bu sənəddə yoxdur. Beləliklə, bu üzdəniraq yığıncağın “Rusiya millətləri”ni təmsil etməkdən uzaq olduğu öz-özlüyündən bəlli olur.

Bolşevizmlə mübarizədən çox “Vesbaden” orqanları “istiqlalçıların üstünə düşür” və milli mübarizəni buxovlamaq istəyirdi. Bu gün də bu blokun tərəfdarlarının mətbuat orqanlarını incələsək eyni həqiqətlə qarşılaşarıq. Bunlarla birləşmək necə ola bilər?

Bizcə “Rusiya torpaqlarının bütövlüyünü qəbul edən bu hərəkata qarşı həqiqi mübarizə aparılmalıdır”. Milli istiqlal və xüsusiyyətlərinə sadiq qalan türklərin bu mənfur hərəkata qarşı ayıq olmaları lazımdır. Özünü “Rusiya milləti” saymayan və Rusiya daxilində bir “azlıq” kimi qəbul etməyən və 1918-ci il mayın 28-dən etibarən millətlərarası mahiyyət kəsb edən Azərbaycan istiqlal mübarizəsini heç bir Azərbaycanlı qrupunun sovetlər birliyinin və digər sözlə Rusiyanın daxili məsələsi kimi mütaliə və müzakirə etdirmək haqqı yoxdur. Məlum olduğu kimi bu hərəkatı idarə edən Velikaruslar ilə Ağruslardır. Bilinməlidir ki, Ağruslar bütün ağlıqları ilə yəni bolşevik olmamalarına baxmayaraq millətçilik yolu ilə hərəkət edər və Rusiya hökumətinin rəngi nə olursa, olsun ona xidmət edər. İkinci Dünya müharibəsində rus koloniyalarının hər hansı bir ölkədə beşinci dəstə kimi sovet birliyinə xidmət etdiklərinin şahidi olduq.

Azərbaycan müstəqil olduğu dövrdə rəhbərlik etdiyim Əksinqilab ilə Mübarizə İdarəsinin yeganə böyük dərdi Ağrusluq idi. İstiladan sonra qaçdığım Gürcüstanda da vəziyyət eyni idi. Çox qəribədir ki, bu gün də hər tərəfdə rast gəldiyimiz Ağruslar Moskvanın heç bir zaman məğlub olmayacağından ağız dolusu danışırlar. Ağrusların sovetlər birliyi ilə paralel çalışmalarına dair güclü dəlillərdən biri də marşal Titonun ifşaedici sözləridir. Marşal Tito bununla əlaqədar belə demişdir: “Mübarizəmin ən çətin səhifəsi iqtidarı əlimə aldıqdan sonra Moskvanın nüfuzundan uzaqlaşıb peyk dövlət vəziyyətinə düşməmək uğrundakı mübarizə dövrümdür. Bu mübarizə dövründə məni ən çox məşğul edən vaxtilə məmləkətimizə sığınmış və yurdumuzun hər cür nemətindən istifadə edən, xalqımızın hüsnü-rəğbətini görən Ağruslar iş Moskvadan uzaqlaşmağa gəlincə hər yerdə Moskvanın beşinci qolu kimi qarşımıza çıxdılar.”
Qətiyyətlə söyləyə bilərik ki, gələcəkdə baş verəcəyinə şübhə edilməyən Üçüncü Dünya müharibəsində demokratik azad dünyaya qarşı kommunist bloku ilə Ağruslar çiyin-çiyinə vuruşacaqlar.

Bunları bildikdən sonra bacarıqsız bir neçə qeyri-məsul kimsənin özlərini və yurdlarını məlum anlaşmaya uyğun olaraq Velikorusların ixtiyarına vermələri acı bir həqiqətdir. Ondan daha acınacaqlısı məlum anlaşmanın İflasa uğramasından illər keçdikdən sonra “Vesbaden”çi olaraq tanınan blok və tərəfdarları Hələ Milli Mübarizənin mücahidlərinə qarşı savaş açmalarıdır. Biz millətimizin mübarizə ruhunu “Vesbaden”çilər kimi öldürmək bir yana dursun, əksinə bu ruhu və imanı qüvvətləndirmək yolunu tutmuşuq.

Biz millətimizin sonsuz iztirablarını dünyaya çatdırmaq, mədəni və demokratik dünyanın nəzər diqqətini çəkmək, ruslarla heç bir zaman və heç bir səbəblə barışmayacağımızı bildirmək qayəsi ilə çalışırıq. Əgər “Vesbadençilər” və tərəfdarları “Vesbaden” yolundan dönməzlərsə, onlar da bizim üçün ruslardan fərqli olmayacaqdır.

Mühacirət həyatının min bir məhrumiyyət və iztirabı içində səfalət və zərurətlərin pəncəsində inlərkən öz maddi imkanlarımız daxilində nəşr etdiyimiz qəzetlər, dərgilər, kitabçalar və kitablar sayəsində mübarizəmizi dimdik ayaqda tutduq.

İstiqlal mübarizəsinin dastanlarını əbədiləşdirmiş olan mühacirətdəki bu nəşriyyat Azərbaycanın istilasından iki il sonra başlamış - 1932-ci ilə qədər İstanbul və 1932-1939-cu illərdə isə Berlin və Parisdə öz fəaliyyətini davam etdirmişdir. Azərbaycan Milli Mübarizəsinin böyük lideri mərhum Məhəmməd Əmin Rəsulzadənin qurduğu bu nəşr sistemi günümüzə qədər davam etməkdədir. Bu mətbuat mübarizəsinin arasınsa “Yeni Qafqasya”, “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal” və “Azərbaycan” kimi qəzet və dərgilərdən başqa türkcə, farsca, almanca polyakca, fransızca, ingiliscə və rusca çap olunan çoxlu sayda kitabça və kitablar böyük bir kitabxana təşkil edir.

Bugünkü və gələcək nəsillər bu əsərlərin sayəsində azərbaycanlının şanlı istiqlal savaş tarixini və bu yolda canını sevə-sevə fəda edən qəhrəman gəncliyin igidlik dastanını bu mübarizənin ədəbiyyatını, şerini, romanını oxuyacaq, yurdsevərliyin ruhunu, imanını və ənənəsini öyrənəcəkdir.

İstiqlal savaşının bu ədəbiyyatında hər növ boyunduruğu nifrətlə rədd edən millətimizin polad iradəsi nəsillərdən-nəsillərə keçərək əbədiyyən yaşayacaqdır. İstiqlalçılara qarşı zəhər saçan “Vesbaden”çilər və bir üz qarası olan kağız parçası bu imanımı öldürə biləcəkmi? Bu böyük yürüşü dayandıra biləcəkmi?

Xeyr, əsla! Bu yolda heç bir əvəz tanımırıq.
Yaşasın Azərbaycan İstiqlal Məfkurəsi!

 

 

İTKİLƏRİMİZ

NAĞI KEYKURUN (1883-1967)

Azərbaycan İstiqlal mübarizəsinin tanınmış mücahidlərindən birini də itirdik. Nağı bəy Keykurun (əski soyadı Şeyxzamanoğlu) uzun İstiqlal Mübarizəsi dövrünün yetişdirdiyi simalardan biri idi. Rus istilasına qarşı qəhrəmancasına savaşı ilə Azərbaycan tarixində özünəməxsus yer alan məşhur Cavad xanın Gəncə qalasında anadan olmuş və həmin nəslin milli ideyaları və vətən sevgisi ilə yetişərək bütün həyatını yurdunun xidmətinə sərf etmişdir. Nağı bəy Nəsib bəy Nusifbəyli, Həsən Ağaoğlu, Ələkbər Rəfioğlu, Xudadat bəy Rəfioğlu, Əhməd Cavad kimi vətən və millət fədailərinin mühitində milli və siyasi tərbiyə almış şəxslərdən idi. İlk öncə “Difai” firqəsi, daha sonra “Türk Ədəmi – Mərkəziyyət” partiyası ətrafında fikrən və ruhən yoğrulan bu mühit Azərbaycanın qəlbi və daimi qalası mövqeyində olan Gəncədə 1917-1918-ci illərdə Milli Komitə şəklində təşkilatlanmışdır. Nəsib bəy Yusifbəyli ilə Məhəmməd Əmin Rəsulzadə arasında Bakıda baş verən tarixi görüşün ardınca “Türk Ədəmi – Mərkəziyyət” və “Müsavat” partiyalarının birləşməsi nəticəsində iki millətçi kadr əl-ələ verərək könül birliyi ilə ümumi Azərbaycan hərəkatının və dolayısı ilə müstəqil Azərbaycan dövlətinin təməlini atmışdılar. Nağı bəy ona tapşırılan vəzifələri, istər ölkə ölkə daxilində, istərsə də xaricdə sədaqətlə yerinə yetirmişdir. 1918-ci ilin Azərbaycan üçün ən ağır və kədərli günlərində o, Gəncə Milli Komitəsinin səlahiyyətli nümayəndə heyətinin tərkibində Osmanlı hökumətinin rəhbərliyi ilə görüşmək üçün İstanbula göndərilir. O, Müstəqil Azərbaycan dövründə Milli Təhlükəsizlik Təşkilatının rəhbəri vəzifəsinə təyin edilmişdir.

Nağı bəyin bir şəxsiyyət kimi formalaşmasında bolşeviklər tərəfindən 1920-ci ildə şəhid edilmiş mərhum böyük qardaşı Məmmədbağır Şeyxzaman oğlunun çox güclü təsiri olmuşdur. İnanılmaz və çox fəal bir “Müsavatçı” olan Məmmədbağır bəy istər milli vəkili olduğu Azərbaycan Parlamentində, istərsə də ümumi ictimai işlərdə vətən xaini olan kommunistlərə qarşı geniş mübarizə aparmış bir şəxs idi. Elə buna görə də rus işğalçı ordusu Azərbaycana ayaq basar-basmaz ilk kütləvi şəkildə həbs olunub güllələnənlər arasında o da olmuşdur. Mühacirət həyatında Nağı bəy uzun müddət “Müsavat” partiyasının sıralarında olmuş və Rəsulzadənin rəhbərliyi altında çalışmışdır. Bir ara anlardan ayrı düşmüşdürsə də İkinci Dünya müharibəsindən sonra həssas milli hissə və dərin vətən bağlılığı ilə yenidən öz mövqeyinə qayıtmış və birincilər sırasında müqəddəs vəzifəsini ürəkdən və yorulmadan yerinə yetirmişdir.

Nağı bəy Ankarada və İstanbuldakı dərnəyimizin fəaliyyətində canla-başla iştirak etmiş, gənc dostlarımıza şövq və həvəs qaynağı olmuşdur. Almaniyada və ABŞ-da olduğu müddətdə milli çalışmalarımız və Azərbaycan mühacirət həyatı ilə yaxından maraqlanmış və əlindən gələn yardımları əsirgəməmişdir. Nağı Keykurun “Azərbaycan” jurnalının daimi müəlliflərindən idi. Gələcək nəslimizə bir xatirə kimi yazıb qoyduğu canlı yazılarında istismarçı rus hakimiyyətinə qarşı ölüm-dirim savaşına başlamış məşhur partizan qəhrəmanlarımızın xatirələrini, “Difai” firqəsinin fəaliyyətini və Gəncədə Milli hərəkatın yaranmasını və gedişini bütün təfərrüatı ilə təsvir etmişdir. Nağı bəy ayrıca olaraq bütün xatirələrini bir kitab halında toplamışdır.

Eyni zamanda Nağı bəy öz uşaqlarını və yaxınlarını milli ruhda yetişdirməyə çox fikir vermiş və bu işə böyük əmək sərf etmişdir.

Mülayim xasiyyəti olan Nağı bəy yaxşı bir yoldaş, vəfalı bir dost, həssasqəlbli bir insan idi. Ancaq, milli vəzifədə səhlənkarlığı heç kimə bağışlamazdı.

Nağı bəyin ən aydın vəsfi Azərbaycan İstiqlal mübarizəsinə dərindən bağlı olması idi. Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı bir cərəyana kiçik bir güzəştə belə getməmişdir.

O, ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmamışdır.

Elə bu səbəbdən də məzarı başına toplanan qohum-əqrabası, tanışları, dostları onu gözyaşları içində, hörmət və sevinc ilə torpağa əmanət etmişdilər.

Azərbaycan Kültür Dərnəyi üzvləri hörmətli yurddaşının vəfatı münasibəti ilə bütün yerlilərinə, kədərli ailəsinə, möhtərəm həyat yoldaşı Həmidə xanıma, uşaqları Saleh və Yavuza, həmçinin qızına və nəvələrinə dərin Hüznlə baş sağlığı verir.

Nur içində yatsın!

“Azərbaycan” (“Azərbaycan Aylıq Kültür Dərgisi”), Ankara. İl:16, Sayı: 184-186, s. 21-22