İstiqlal məfkurəsi

9 – Hər bir şeyxülislam öz idarəsində hər il xalqın ehtiyacları ilə yaxşı tanış olan ruhani və dünyəvi şəxslərdən seçilmiş şuraların toplanmasını təmin etsin ki, bu şuraların da tərkibi 15 nəfərdən 50 nəfərə kimi ola bilər.
10 – Hal-hazırda mövcud olan Orenburq, Krım və iki Qafqaz dairələrinə əlavə olaraq Semireçinsk və Türküstan vilayətləri üçün münasib görülən şəhərdə ayrı bir şeyxülislam təyin edilsin və Məhkəmeyi-islamiyyə açılsın.

Qeyd: Kiçik kənd və fabrik olan yerdə imamlar və müəzzinlər yaxşı yaşayırlarsa, məscid yaxşı idarə olunursa, əhalinin sayına baxmadan məscid tikilsin və lakin yeni bir məhəllə ayrılıb ikinci bir məscid tikmək istədikdə məscid və imamların ehtiyacları nəzərə alınsın. Beş dəfə namaz qılmaq üçün məscid imkan olmadıqda cümə və bayram namazlarını bir camidə qılmaq ictihad edilsin.
11 – Bütün beş şeyxülislam üzərində Rusiya müsəlmanları üçün ali ruhani şəxs olan – Rəisül-üləma vəzifəsi təsis edilir. Rusiya müsəlmanlarının ali nümayəndəsi və onların dini mənafeyinin əsas müdafiəçisi olan rəisül-üləmaya müsəlmanların ehtiyacları haqqında imperatora şəxsən məlumat vermək hüququ verilməlidir. Bütün Rusiya müsəlman ruhanilərinin dini başçısı olan rəisül-üləma ölkənin bütün müsəlmanları tərəfindən seçilir və mənəvi cəhətdən pak, şəriəti dərindən bilən və hərtərəfli təhsilə malik bir şəxs olmalıdır.
12 – Müsəlmanlar üçün mühüm dini məsələləri müzakirə etmək mübahisəli və müşkül məsələlərə fitvalar vermək üçün rəisül-üləma hər il bir dəfədən az olmayaraq, bütün şeyxülislamları toplayır. Rəisül-üləma idarəsi seyxülislamların nəzarəti altında olan Məhkəmeyi-islamiyyələrin fəaliyyətlərini əlaqələndirir, həmçinin şeyxülislamların naiblərini (müavinlərini) və qazıları təsdiq edir.
13 – Ali ruhani idarələri olan – Ruhani Məclisi və İdarə heyəti, imam, müdərris, müəzzin və bu kimi digər rütbələrə namizəd olan şəxsləri sınaqdan keçirmək üçün xüsusi proqram hazırlamalıdır. Bu proqram çap olunmalı və bütün müdərrislərə göndərilməlidir. Mərkəzi Komitə bu tələbin həyata keçirilməsinə nəzarət edir.

Qurultay bu məsələləri maddə-maddə qərarlaşdırdıqdan sonra, qurultayın sədri Əlimərdan bəy Topçubaşovun ümumiləşdirərək qeyd etdiyi: “Müxtəlif məzhəblər arasındakı fərqlərin heç bir əhəmiyyəti yoxdur və bu fərqlər Rusiya müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini nöqteyi-nəzərdən bir maneə təşkil edə bilməz” əsasını qurultay qəbul etdi və bu qərar komissiya tərəfindən təsdiq edildi (Sünni və şiəlik ayrılığı da beləliklə, qardaşcasına həll olundu – B.H.).

Hal-hazırda Rusiyada cərəyan edən hadisələr və 1905-ci il 17 oktyabr manifesti əsasında həyata keçirilən islahatlarla əlaqədar qurultay proqramın birinci bəndinin müzakirəsi zamanı bir müsəlman siyasi partiyasının təşkili məsələsi üzərində dayandı. Qurultay avqustun 17-də olan iclasında müsəlman siyasi partiyasının təşkilini zəruri hesab edib bu partiyanın 15 nəfərdən ibarət bir mərkəzi komitəsinin olmasını və 15 nəfər müəyyən miqdarda maaş ilə təmin edilərək daim Peterburqda yaşamaqla yanaşı üç nəfərlik daimi heyət seçilməsini vacib bildi.

Həmin iclasda qeyd etdiyimiz müsəlman partiyasının yaradılması haqqında qərar verildi. 15 nəfərdən ibarət bir komissiya yaradaraq bu ilin yanvar ayında Peterburqda toplanmış olan Rusiya müsəlmanlarının ikinci qurultayında baxılmasını, “Rusiya müsəlmanları ittifaqı” partiyasının (müsəlman konstitusiyalı xalq partiyası) proqramının tədqiqini bu komissiyaya həvalə etmişdi. Mustafa əfəndi David oğlunun başçılıq etdiyi bu komissiya avqustun 20-də məclisdə məruzə edərək bildirdi: “Rusiya müsəlmanları qurultayı vəziyyəti nəzərə alaraq müsəlman siyasi partiyasını yaratdı və bu partiya üçün müəyyən bir proqramın qəbul edilməsini müsəlmanlar üçün lazım olması haqqında rəyasət heyətinin qurultaya ərz etdiyi təklifi avqustun 17-dəki məclis də qəbul etdi”.

Bu partiyanın tənzimi üçün 15 nəfərdən ibarət Peterburqda yerləşəcək bir mərkəzin təşkilini və bu 15 nəfərdən üçünün daimi heyət adı ilə, müəyyən bir maaş alaraq daim Peterburqda yaşamalarını qurultay lazım bilmişdi.

Qurultay, qeyd etdiyimiz məclisdə 15 nəfərdən ibarət bir komissiya seçərək, Rusiya müsəlmanlarının bu ilin yanvarında Peterburqda keçirilmiş ikinci qurultayında siyasi müsəlman partiyası proqramının tədqiqini yuxarıda göstərilən komissiyaya həvalə etmişdi. Komissiya proqramı tamamilə tədqiq edərək müsəlman partiyası üçün müvafiq gördü. Proqram 75 maddədən ibarət idi və bu maddələrin əksəriyyəti ölkənin dini, siyasi, iqtisadi həyatı ilə bağlı, olduqca əhəmiyyətli məsələlərdən bəhs etdiyi üçün onun çox nümayəndəli bir qurultayda müzakirəsi və mühakiməsi mümkün deyildi, çünki qurultay bir neçə gün uzana bilərdi. Bu səbəbdən komissiya proqramı mərkəzi idarə ilə daimi heyətə hələlik həvalə etdi.

Mərkəzi komitə, həyat və təcrübədən əldə olunan məlumata görə, partiyanın mənafeyi üçün labüd olan bütün dəyişiklikləri gələcək qurultayın keçirilməsinə qədər yoxlayıb hazırlasın. Ümumiyyətlə, hər cür partiyaların təşəkülündə bu üsul mövcuddur. Ona görə necə tənzim edilmiş olursa-olsun, hər proqram partiyanın mənafeyi zəminində təcrübə və həyatın göstərdiyi dəyişikliklərə daim məruzdur.

Mərkəzi komitə indidən üzv qeydinə başlayaraq partiyanın qanuniləşdirilməsinə səy edəcək və seçki ərəfəsindəki vəziyyətə görə hərəkət edildiyi kimi, müsəlmanların faydası üçün lazım olan hər cür tədbirə müraciət edəcəkdir.

BU MƏRUZƏ MÜZAKİRƏ OLUNARAQ, KOMİSSİYANIN TƏKLİFİ QƏBUL EDİLDİ. BUNUNLA YANAŞI 15 NƏFƏRDƏN İBARƏT MƏRKƏZİ İDARƏ SEÇİLDİ, ÖZ ARASINDAN MAAŞLI DAİMİ HEYƏT SEÇMƏK, DƏRHAL ÜZV QEYD ETMƏYƏ BAŞLAMAQ, PARTİYANI QANUNİLƏŞDİRMƏYƏ ÇALIŞMAQ VƏ NƏHAYƏT, GƏLƏCƏK SEÇKİDƏ HƏRƏKƏT ÜSULU TƏYİN ETMƏK VƏZİFƏLƏRİ MƏRKƏZİ İDARƏYƏ HƏVALƏ OLUNDU*.

20-21 avqustda olan məclisdə gizli səsvermə yolu ilə mərkəzi idarəyə aşağıdakı nümayəndələr seçildi. Onları sırası ilə qeyd edirik:
1. Rəşid əfəndi İbrahimov – “Ülfət” və “Tilmiz” qəzetlərinin naşiri və mühərriri.
2. Yusif Akçuraoğlu – “Kazan müxbiri” qəzetinin mühərrirlərindən H.E. partiyası mərkəzi idarəsinin üzvü.
3. Seyid Giray əfəndi Alkin – “Kazan müxbiri” qəzetinin naşiri və mühərriri, vəkil, sabiq Duma millət vəkili.
4. İsmayıl əfəndi Qaspirinski – “Tərcüman” qəzetinin naşiri və mühərriri.
5. Əlimərdan əfəndi Topçubaşov – “Kaspi” qəzetinin mühərriri, “Həyat” qəzetinin naşiri, vəkil, sabiq Duma millət vəkili.
6. Abdullah həzrət Apanay – üləma.
7. Tanınmış müdərris Qalimcan Qaliyev.
8. Sədrəddin əfəndi Maksudi – Paris universitetinin hüquq fakültəsinin məzunu.
9. Şah Heydər əfəndi Sırtlanov – bələdiyyə nümayəndəsi, sabiq Duma millət vəkili.
10. Musa əfəndi Beqiyev - “Ülfət” və “Tilmiz” qəzetlərinin mühərriri, Peterburq universitetinin tələbəsi.
11. Abdullah əfəndi Bubi – müəllim.
12. Hadi əfəndi Maksudi – “Yıldız” jurnalının mühərriri və naşiri.
13. Mustafa əfəndi David oğlu – Bağçasaray bələdiyyə rəisi.
14. Şah Mərdan əfəndi Kuşçuğulov - sabiq Duma millət vəkili, Qırğızıstan.
15. Səlim Giray əfəndi Qanturin - sabiq Duma millət vəkili və bələdiyyə nümayəndəsi.

Mərkəzi idarənin bu 15 üzvündən başqa nümayəndəsi olmayan ərazidən 5 nəfər qəbul olundu. Onlardan üçü: Bakı, Gəncə və İrəvan vilayətlərindən, biri Türküstan, biri də Orenburqdan idi.

Qurultay proqramın tədris işləri və ruhaniyyə islahatına gərəkli gəlirə aid olan dördüncü maddəsi haqqında bu qərar verildi.

Ümumiyyətlə, gəlir və xüsusilə müsəlmanların mənafeyi üçün icra ediləcək islahata lüzumlu mənfəətin mənbəyini tapmaq məsələlərinin təfsil ilə müzakirəsi seçilmiş mərkəzi idarəyə həvalə olunmuşdur.

Rusiya müsəlmanlarının gələcək – dördüncü qurultayının 1907-ci il avqustun 10-da yenə Nijni Novqorodda keçirilməsi qərara alındı.

Nijni Novqorodda keçirilmiş III Ümumrusiya müsəlmanlar qurultayının qətnamələri.

Zaqafqaziyada müsəlman və ermənilər arasında hələ davam edən konflikt haqqında Rusiya müsəlmanları üçüncü qurultayı aşağıdakı qərarnamə qəbul etdi.

Rusiya müsəlmanları qurultayı Zaqafqaziyada müsəlman və ermənilər arasında davam etməkdə olan konflikt haqqındakı məruzəni ümumi bir təəssüf ilə dinlədi. Bu ilin yanvar ayında keçirilmiş Rusiya müsəlmanlarının ikinci qurultayı da hər iki tərəf üçün eyni dərəcədə təhlükəli olan bu konfliktlərin bitirilməsi arzusunu bildirmişdi. Böyük təəssüflə gördük ki, son zamanlar Zaqafqaziyanın bəzi nöqtəsində, məsələn, Şuşa şəhəri və qəzasında, Zəngəzur qəzasında erməni və müsəlmanlar arasındakı vuruşma daha da şiddətləndi. Yaşa və cinsə əhəmiyyət verilməyərək müsəlmanlarla vəhşicəsinə davranılması, yurdlarının əllərindən alınması, heyvanlarının oğurlanması, məscidlərinin təhqir olunması xəbərlərini qəzetlərdən heyrət və dəhşətlə oxuduq. Şuşa şəhərinin müsəlmanlar yaşayan hissəsinin və Şuşa qəzası ilə yanaşı digər qəzaların kəndlərinin də top atəşlərilə büsbütün xarabazarlığa çevrilməsini qəlb ağrısı ilə eşitdik.

Əvvəlcə general Qoloşapovun Şuşada müsəlmanların əleyhinə olan hərəkəti və bitərəf mövqeyi barəsindəki deyilənlərə və yazılanlara inanmaq istəmədik, lakin Şuşa şəhərinin əhalisilə, Şimali Qafqaz və Dağıstan xalqının yuxarıda adı qeyd olunan generalın hərəkətləri barəsində Qafqaz canişininə göndərdikləri israrlı şikayət və tələblərindən həqiqətən gördük ki, Şuşa qəzasındakı müsəlman qardaşlarımız general Qoloşapovun ədalətsiz və tərəfkeş əmrlərinin və hərəkətlərinin qurbanı olmuşlar. Qurultay generalın bu hərəkətini protest edir və ümid edir ki, imperator həzrətlərinin Qafqazda olan canişini qraf Vorontsov-Daşkov Şuşa qəzası müsəlmanlarının haqlı şikayətlərini nəzərə alıb, yalnız general Qoloşapov deyil, ümumiyyətlə tərəfkeş hərəkətləri ilə əsrlərdən bəri sülh içində yaşamış iki millət arasında düşmənçilik toxumu səpən və bunu inkişaf etdirən bütün məmurları tutduqları vəzifədən azad edəcək. Bununla bərabər hər iki millətin və ələlxüsus ermənilərin dini və ziyalı nümayəndələrinə müraciət edərək insanlıq naminə, bütün Rusiya əhalisinin hürriyyəti naminə Zaqafqaziya müsəlman və ermənilərin aralarının düzəldilməsi işini əllərinə alıb bu konflikti bitirməyə və beləcə birləşmiş qüvvə ilə Rusiyada siyasi hürriyyət və mədəniyyət vücuda gətirməyə çalışmalarını tövsiyə etməyi qurultay özünə vəzifə sayır.

- İran dövlətinin məşrutə idarə yolu ilə getməsi İran xalqı üçün fövqəladə mühüm bir hadisədir. Müsəlmanların qurultayı bu xəbəri belə qarşıladı:
İmperatorluğun hər tərəfindən gəlib Nijni Novqorodda Rusiya müsəlmanları qurultayında toplanmış, Rusiyada yaşayan 20 milyonluq müsəlman xalqının nümayəndələri İran şahı şah Müzəffərəddin həzrətlərinin ölkəni idarə üçün seçilmiş yüksək “Şura” təsisinə aid fərmanı xəbərini böyük sevinc və fərəhlə dinlədik.

Bu hərəkəti ilə şah həzrətləri İran dövlətində məşrutə idarəsinin əsasını qoyaraq öz millətinin xeyrini ciddi surətdə düşünən bir hökmdar olduğunu sübut etdi. Çünki, bütün millətlərin təcrübəsi və tarixi göstərir ki, toplumda səadət, ancaq millətin vəkilləri ilə birlikdə qanun qoymaq və xalqın faktiki olaraq iştirakı ilə mümkündür.

Biz, Rusiya müsəlmanları ümidvarıq ki, şah həzrətləri tərəfindən millətinin tərəqqisi üçün atılan bu cəsarətli addım İrana daha çox fayda verər, həmçinin həkim və şairlər yetişdirən istedadlı adamlarla məskun bu gözəl ölkə yenidən şan və şərəfə qovuşar, iqtisadiyyat daha da inkişaf edər. Dindaşımız olan İran xalqını bu münasibətlə təbrik etdiyimiz kimi şah həzrətləri ilə mütərəqqi fikirli müşavirələrini buna görə alqışlayırıq.

Dövlət Dumasının sabiq nümayəndəsi M.Y.Hertsenşteynin xaincəsinə qətli hadisəsi bütün namuslu və əxlaqlı rus vətəndaşlarını hiddət və iztiraba düşürmüşdür. Qurultay da aşağıda göstərildiyi kimi bu hadisədən kədərləndiyini bildirdi.

Nijni Novqorodda toplanan bütün Rusiya müsəlmanları qurultayı dövlət Dumasının sabiq nümayəndəsi, kənd təsərrüfatının, iqtisadiyyatın gözəl bilicisi, həqiqət və hürriyyət yolunda yorulmadan çalışan Mixail Yaquboviç Hertsenşteynin qəddarcasına qətlini dərin nifrətlə pisləyir və bu hadisədən kədərləndiyini bildirir.

Bu qətnamənin surətləri teleqraf ilə Peterburqdakı “Reç”, “Oka”, “Tovariş”, “Strana”, “Novıy Put”, Moskvadakı “Russkoye slovo” və “Russkiye vedomosti” qəzetlərinə göndərildi.

Rusiya müsəlmanları üçüncü qurultayına göndərilən təbrik və teleqraflara verilən cavablar:
1 – Tiflisdə, Zaqafqaziya müftisi Hüseyin əfəndi Qaibov cənablarına: Müsəlman qurultayı səmimi sözlərinizə görə sizə təşəkkür edir.
2 – Troitskdə Zeynullah həzrət Rəsulov cənablarına: Bütün Rusiya müsəlmanları qurultayı təbrikinizi məmnuniyyətlə dinlədi. Sizə təşəkkürümüzü bildiririk.
3 – Bakıda Ümumqafqaz müsəlman müəllimləri qurultayının rəisi Həsən bəy Məlikov cənablarına: Rusiya müsəlmanları qurultayı hörmətli Ümumqafqaziya müsəlman müəllimlərinin təbrikini həyəcanla dinlədi. Ümid edirik ki, hər iki qurultayın məktəblər məsələsindəki səyləri bütün Rusiya müsəlmanları üçün tək bir proqram olacaq və dərslərin ana dilində keçiriləcəyi nümunəvi məktəb meydana gələcəkdir.
4 – Bakıda “Nicat” cəmiyyətinin rəisi doktor Səlimbəyov cənablarına: Bütün Rusiya müsəlanları qurultayı “Nicat” cəmiyyətinin təbrikini, müsəlmanların tərəqqi və maarifinə xidmət edən yuxarıda qeyd etdiyimiz cəmiyyətin təkamül və inkişaf etməsinə dua edərək gürultulu alqışlar altında dinlədi.

Rusiya müsəlmanları üçüncü qurultayının məsarifinə müqabil pul toplamaq üçün qurultay öz işinə başlamazdan əvvəl Nijni Novqorod şəhərinə gəlmiş müsəlmanlar tərəfindən bir komissiya yaradılmışdı. Bu komissiya yalnız tacirlərdən ibarət olub xəzinədarı Kazan tacirlərindən Məmmədcan əfəndi Kərimov idi. Qurultay üçün hasil olan hər cür varidat (xüsusi ianələr, qurultay biletləri, qiymət və başqa gəlirlər...) Məmmədcan əfəndidə toplandı. Qurultay davam etdiyi müddət ərzində pul işinə Məmmədcan əfəndi Kərimov ilə tacirlərdən ibarət xüsusi komissiya baxdı, idarə heyəti isə qurultayın maliyyə işlərinə əsla qarışmadı. Qurultayın sonunda xəzinədar Məmmədcan əfəndi Kərimov gəlir və məsrəfin müfəssəl hesabnaməsini tənzim ilə mərkəzi idarəyə təqdim etdi.

Qurultayda rus əsiri müsəlman-türklər 16 əraziyə ayrılmışdılar: 1. Qafqaz rayonu – mərkəzi Bakı; 2. Krım – Simferopol; 3. Peterburq – Moskva; 4. Litva – Minsk; 5. Aşağı Volqa – Həştərxan; 6. Yuxarı Volqa – Kazan; 7. Ufa – Ufa; 8. Orenburq – Orenburq; 9. Türküstan – Daşkənd; 10. Sibir – İrkutsk; 11. Dala – Ural; 12. Omsk – Omsk; 13. Semipalatinsk – Semipalatinsk; 14. Semireçinsk – Alma-Ata; 15. Akmola – Petropavlovsk; 16. Zakaspi – Aşqabad.

“İttifaq” partiyasının mərkəzi Bakı şəhəri seçilmiş, partiyanın rəhbəri isə Əlimərdan bəy Topçubaşov olmuşdu. Qurultaya partiyanın 79 maddədən ibarət proqramı təqdim olunmuş, amma qurultay 72 maddəni qəbul etmişdir. Partiyanın nizamnaməsini ayrıca olaraq yazmaq istəmirik. Nizamnamə 23 maddədən ibarət olmuşdur.

RUSİYA MÜSƏLMANLARI İTTİFAQI
PARTİYASININ QURULUŞU

Çar Rusiyası yaponlarla müharibədə məğlub olduqdan sonra ölkənin hər yehində ruslarla bərabər, azlıq təşkil edən əsir millətlər də üsyan edirdilər. Çar xalqı sakitləşdirmək üçün hüquq və azadlıq vəd edən fərmanlar verirdi. Bu fərmanların heç biri çar və başda Pobedonostsev olmaqla onun saray əyanları, nazirləri tərəfindən həyata keçirilirmirdi. Verilən fərmanların ikisini aydınlaşdırmaq istəyirik.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

* Proqramı tədqiq edən komissiyanın üzvləri: Mustafa əfəndi David oğlu (sədr), Abdullah Həzrət Apanay (məruzəçi), Əlimərdan bəy Topçubaşov, Alimcan Həzrət Barudi, Hadi əfəndi Maksudi, Sadri əfəndi Maksudi, Şah Mərdan əfəndi Kuşçuğulov, Cahangir əfəndi Bayburin, Musa əfəndi Beqiyev, Yolbars əfəndi Beqiyev, Əli İskəndər əfəndi Aşurov, Şah Heydər əfəndi Sırtlanov, Lütfüllah əfəndi İshaqov, Cəmaləddin əfəndi Kuramşin, Abdullah əfəndi Bubi.