Məqalələr
Əlimizdəki nüsxənin tədqiqi nəticəsində şirazlı naşirin rəyinə biz də şərik oluruq. Xüsusən, İzzəddin üçün yazılmış beytlərin ifadə tərzi Nizami üslubuna tamamilə uyğun deyil. Bundan başqa, Əbu-Bəkrə həsr edilmiş fəsildəki bir çox beytlər qismən eynilə, qismən də qəribə bir dəyişikliklərlə təkrar olunurlar. Bunu hər halda “söz xaliqi” olan bir şairin edə biləcəyini düşünmək qətiyyən mümkün deyildir. Məsələn, Azərbaycan Atabəyinə həsr olunmuş ilk müqəddimədəki:
Tərəfdare məğrib bemərdanəki
Qıdırxan-e məşriq be fərzanəki.
(Məğribin tərəfdarıdır öz mərdliyi ilə,
Məşriqin Qıdırxanıdır öz müdrikliyi ilə - red.)
beyti Mosul Atabəyi İzzəddin üçün yazılmış fəsildə aşağıdakı şəkli almışdır:
Tərəfdar-e Musil befərzanəki
Qıdırxan-e şahan bemərdanəki.
(Mosulun tərəfdarıdır öz müdrikliyi ilə,
Şahların Qıdırxanıdır öz mərdliyi ilə - red.)
Başqa misal:
Şəhənra ze rəsmi re ayin bovəd,
Kəlid ahənin, gənc zərrin bovəd.
(Qanuna çevrilmiş adətə görə,
Şahların kimdi dəmirdən, xəzinələri qızıldan olur – red.)
Beytin o biri variantı:
Ze şokr-e vey ənam əfzun bovəd
Kəlid ahənin, qofl zər çon bovəd.
(Ona təşəkkür ənamını artırır,
Necə ola bilər ki, açar dəmirdən, qıfıl qızıldan olsun? – red.)
Belə bir şəklə düşmüş beytin Nizami sözlərinə bənzəmədiyini fars dilini bir az bilən hər bir adam o dəqiqə hiss edə bilər.
Başqa misal:
Səlah-e cəhan aməd an şəb pədid,
Ke əz madər in sobh-e sadiq dəmid.
(Dünyanın işləri o gecə düzəldi ki,
Bu işıqlı sübh anadan oldu – red.)
Bu beyt İzzəddinə ithaf variantında aşağıdakı eybəcər şəklə düşmüşdür:
Səlah-e sitəm an şəb aməd pədid,
Ke əz moukəb an sobh-e sadiq dəmid.
(Zülmün işləri o vaxt düzəldi ki,
Moukebdən bu işıqlı sübh açıldı – red.)
Iki başqa-başqa hökmdarlara müraciətdəki misralardakı oxşarlığı hətta birinə ithaf olunmuş (“Əgər digəran k-əslişan adəmist, həme mərdomənd, u həme adəmist”) beytin o birisinin mədhiyyəsində olduğu kimi təkrarlanmasını nəzərə alsaq, heç şübhə yoxdur ki, şirazlı naşir haqlıdır. Belə əcaib yazını və ya bu şəkildə şerlərin məzmun və formasının dəyişdirilməsini möhtəşəm söz sənətkarına mənsub etmək onun xatirəsinə qarşı böyük hörmətsizlik olardı.
Dünya müharibəsinə görə Avropanın ümumi kitabxanalarında saxlanılan qədim əlyazmalarını görmək olmadı, çünki nadir nüsxələri hava bombardmanından xilas etmək üçün xüsusi sığınacaqlara köçürmüşdülər. Bununla bərabər, Mehmət Məhərrəmin Parisdə satın aldığı XIV əsrə aid bir əlyazmanı araşdıra bildik. Burada İzzəddin adına yazılmış heç bir ithaf yoxdur. Şirazlı naşirin rəyi bu fakt ilə də qüvvətlənmiş olur.
Vəhid Dəstgirdinin “Şərəfnamə” ilə “İqbalnamə”nin ayrı-ayrı müstəqil əsərlər olmaları barədə iddiası da qüvvətli deyildir, çünki Nizami özü “Pənc gənc”i təşkil edən məsnəvilərini sayarkən, “İskəndərnamə”dən yalnız bir vahid əsər kimi söz açmışdır. O, “Şərəfnamə”nin müqəddiməsindəki mündəricatını açarkən, İskəndərin həm dövlət xadimliyindən, həm də həkimlik və peyğəmbərliyindən bəhs edəcəyini açıqca elan etmişdir. Deməli, bildiyimiz kimi, bu proqram “İskəndərnamə”nin, yəni bu əsərin iki hissəsində həyata keçirilmişdir.*[1]
Başqa bir fakt. “İskəndərnamə”, “Şərəfnamə” hissəsində şairin qeydinə görə, hicrinin 593-cü ilində (miladi: 1199) yazılmışdır. Bizə dəqiq məlumdur ki, kitab şairin həyatının son günlərində tamamlanmışdır. Buna, güzgüyə baxıb, “görəsən əsərimi bitirə biləcəyəmmi?” deyərək öz zəiflik və qocalığından şikayət edən şairin özü də işarə etmişdir.*[2]
1199-cu ildən sonra bitirdiyi bir əsəri Nizami Mosul atabəylərindən I Məsuda həsr edə bilməzdi, çünki həmin şəxs 1193-cü ildən sonra artıq şah deyildi. Kitab onun dövründən ən azı altı il sonra yazılmışdı. Poema I Məsuda ithaf oluna bilməzdi, çünki 1204-cü ildə ölən bir şairlə 1211-ci ildə taxta çıxan hökmdar arasında bir əlaqə və münasibət ola bilməsini təsəvvür etmək heç cür mümkün deyildir. Deməli, “İskəndərnamə”nin hər iki hissəsi yalnız 1191-ci ildən 1210-cu ilə qədər hakimiyyət başında olan Azərbaycan Atabəyi Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur.*[3] “İskəndərnamə”nin Mosul Atabəylərindən İzzəddin Məsuda deyil, Azərbaycan Atabəyi Nüsrətəddinə həsr olunduğunu təsdiq edən bir dəlil də vardır. “Dastanın təzələnməsi haqqında” (“Dər taze kərdən-eindastan”) fəslində şair: “Qızıl Arslanın ölümündən sonra söz yaratmaq necə mümkün ola bilər? Bəlkə, sən şahın lütfü yardım edərək, mənə yenidən söz söyləmək imkanı verə”*[4] deyərək təriflədiyi adama müraciət edir. Bir az aşağıda isə həmin şəxsin “həm comərdlik, həm də söz sahibi” olduğundan bəhs edir.*[5] Kitab İzzəddinə yazılmış olsaydı, başqa bir sülalə nümayəndəsi olan bu hökmdara qarşı şairin Eldənizlərdən bir hökmdarın ölümündən yana-yana söz salması yersiz olardı. Əksinə, ölənin qardaşı oğluna və taxtına varisi və səltənət vəliəhdinə qarşı belə bir müraciət etməsi tamamilə öz yerinə düşür. Beləcə “Şərəfnamə”nin müqəddiməsində də Qızıl Arslanın ruhu rəhmətlə anılmışdır. Bundan başqa, “həm comərdlik, həm də söz sahibi” olmaq tərifinə layiq olan şəxs də eyni zamanda şair olan Atabəy Əbu-Bəkrdir.
Izzəddin adına yazılan ithafın şübhəli olmasının bir dəlili də V.Dəstgiri nəşrində mövcud olan təzaddır: “Şərəfnamə”nin bir yerində Nizami (bu faktı ingilis şərqşünası E.Broun da qeyd etmişdir) Bişkin təxəllüsünü daşıyan Əbu-Bəkrə müraciət edərək, bu beyti yazmışdır:
Moxalef pəsəndiş u pişbin
Bədəndiş kəmmehr-o u Bişkin –
(Müxalif sonradan, o isə öncədən düşünür,
Düşmən amansız, o isə Bişkindir).
V.Dəstgirdi bu beyti şərh edərkən, “Bişkin” Atabəy Nüsrətəddinin bir “ünvanıdır” (daha doğrusu “ləqəbi”), – deyir və “necə ki, şair “İqbalnamə”də də həmin ləqəbi işlədir” – qeydini əlavə edir. “İqbalnamə”də isə bu ünvan Atabəy İzzəddin üçün də təkrar edilir və “bişkin”, “pişkin” şəklini alaraq, “əslində “Key-pişkin” ikən sonralar “pişkin” olmuşdur” – deyə izah edilir.
Iki şahın eyni ünvanı daşıdıqlarını təsəvvür etmək çətindir. “Bişkin” və ya “Pişkin”in türk sözləri olduğu göz qabağındadır. Nizaminin də şəxsən qeyd etdiyi kimi, şer və ədəbiyyatdan nəsibsiz olmayan Əbu-Bəkrin “ləqəbi” deyil, təxəllüsü olmalıdır. “İskəndərnamə”nin iki hissədən ibarət bir kitab olub, Nüsrətəddin Əbu-Bəkrin adına yazıldığını “Məcalis-ül-üns”ə əsaslanaraq, M.Ə.Tərbiyət də öz kitabı “Daneşməndan-e Azərbaycan”da qeyd edir. Nizami təvazökar həyatını öz əməyinin qazancı ilə təmin etmişdir. Şübhəsiz, bu “qazanc” ö dövrlərdə dəb olduğu kimi, şairin ithaf və təqdim etdiyi əsərlərə müqabil aldığı “mükafat” və “hədiyyə”lərdən ibarət olmuşdur”.
Şairə aid məlumatlar arasında bu qəbildən olan iki xəbər mühüm yer tutur.
Bunlardan birincisi: “Məxzən-ül-əsrar”ın müqabilində Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah şairə 5000 qızıl dinar və beş-yeddi seçmə qatır göndərmişdir. Bu xəbər bütün qaynaqlarda qeyd olunmuşdur.
Ikinci xəbərin məzmununu təşkil edən hadisəni şair özü “Xosrov və Şirin” poemasının sonuna Qızıl Arslanın qətlindən sonra əlavə etdiyi xatirədə təfsilatı ilə şərh etmişdir.
Bu təfsilata görə, daha əvvəllər Atabəy Məhəmməd sağ ikən öz şəxsi əmlakından iki kəndin şairə verilməsini əmr etmişdir. Atabəy ölərkən “hamı ziyana uğradığı kimi, şair də ziyan çəkmişdir”.
Qardaşı Məhəmməddən sonra Qızıl Arslan şairi şəxsən öz yanına dəvət etmiş, ona sonsuz dərəcədə hörmət və mərhəmət göstərmiş və onun çəkdiyi “ziyan”dan xəbər tutaraq, öz şəxsi mülklərindən “Həmdaniyan” kəndinin fərmanını (sicillini) Nizaminin adına yazdırmışdır. Ikinci kənd haqqında isə zarafatla demişdir: “O barədə şahzadələrlə özün dil taparsan”.*[6]
Həmdaniyan kəndinin önəmsiz və gəlir baxımından dəyərsiz bir şey olduğunu dövrümüzün bəzi tədqiqatçıları irəli sürmüşlər. Padşahın bu hədiyyəsinin Nizaminin əsərinə layiq olmadığını söyləyənlər, təbii ki, o zamanlarda da az olmamışdır. Şair bu kimi sözbazları yad etdiyi xatirələrində anaraq, onları “bəlli paxıllar” saymış, “verən məmnun, alan isə şad ikən füzullara nə qalmış?” – deyərək, dedi-qoduya son qoymuşdur. Şirvanşah Axsitanın arzu və sifarişinə görə yazdığı “Leyli və Məcnun” poemasının müqabilində Nizamiyə nə verildiyini bilmiriksə də, şairin şahdan məmnun qaldığını atabəy Əbu-Bəkrə yazdığı müqayisəli beytlərdən anlayırıq. Işi başqa cürə də təsəvvür etmək olmaz. Nizami kimi böyük ustadı belə fikrə daldıran, qorxudan bu çətin və işlənməmiş mövzu*[7] əsasında misilsiz bir uğurla möhtəşəm bir sənət əsəri yaradan şairə “yüksək şerin nə olduğunu bilən və öz əsil-nəcabəti ilə öyünən” Axsitan necə laqeydlik göstərə bilərdi? Belə bir şey baş versə idi, şah özünü şairə yazdığı məktubunda ikrahla işarə etdiyi sultan Mahmud Qəznəvinin vəziyyətinə salmış olardı. Belə bir şeyə isə nə Nizaminin əsərlərində, nə də tarixi sənədlərdə heç bir işarə yoxdur. Başqa cür olsaydı, şairin yuxarıda qeyd etdiyimiz təşəkkürünü şirvanşah necə qazana bilərdi? Qapısında Xaqani və Fələki kimi kəskin qələmli şairlər durarkən, mövzusunu Gəncədə öz guşəsinə çəkilmiş ustad sənətkara əmanət etməsini bilən diqqətli şirvanşahın diqqətsizlik edəcəyini kim ehtimal edə bilər?!
Hər halda, Tanrıya müraciət edərək “Xəyalındakı ruzisini Məhəmməd amallı padşahdan” diləyən*[8] şairin xəyalında tutduqlarının həyata keçdiyinə və uğursuzluğa məruz qalmadığına heç kim şübhə edə bilməz. Bu qənaəti Füzulinin:
“Bulmuşdu səfayi-dil Nizami,
Şirvanşahına düşüb girami”
beyti də qüvvətləndirir.
Marağa hökmdarı Ağsonqurlu Körp (körpə) – Arslana ithaf etdiyi “Həft peykər”in də mükafatsız qalmadığını ehtimal etmək olar.
Atabəylərin dördüncüsü olan Nüsrətəddin Əbu-Bəkrdən də “İskəndərnamə” üçün “qələm hədiyyəsi” alıb-almaması, ümumiyyətlə, heç bir yerdə qeyd olunmamışdır. Bununla bərabər, özü şair olub və Nizami tərəfindən maarifpərvərliyi təsdiq edilən dördüncü Atabəyin “sülalə gülüstanının ilk və seçilmiş bülbülünə” qarşı laqeydlik göstərilməsini xəyal etmək haqsızlıq olar. Dediklərimizi şairin şəxsən həmin hökmdara (“İskəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə”də) həsr etdiyi beytlər təsdiq edir. Bu beytlərdə yuxarıda qeyd etdiyimiz kimi, şair Atabəy Nüsrətəddin Əbu-Bəkrə müraciət edərək deyir: “Şirvanşah Axsitan məni nemətlər içində bəsləyib, yerdən göylərə qaldırdı isə, sən məni ondan daha yaxşı və yüksək tutdun”. Bu beytlərlə şairin Axsitandan olduğu kimi, Atabəy Nüsrətəddindən də qələm haqqı aldığına tərəddüdsüz inana bilərik.
Həmvətənimiz Mehmet Məhərrəmin Parisdə satın aldığı “Xəmsə”nin XIV əsrə aid əlyazmasını bu mülahizələri yazandan xeyli sonra gördük. Burada “İqabalnamə”nin “Xateme-ye kitab” fəslində çaplarda görmədiyimiz bir təfsilata rast gəldik. Bu təfsilata görə, əsərdən son dərəcə məmnun qalan Nüsrətəddin Əbu-Bəkr əvvəlcə qərarlanmış xalisəyarlı 1000 qızılı dərhal Nizamiyə vermiş və bundan başqa minik atları ipək, qumaş və sairədən ibarət on cürə yüksək qiymətli şeylərlə bərabər şahanə bir xələt də bəxş etmiş və əlavə olaraq, divandan (dövlət idarəsindən) şairə 400 qızıl miqdarında illik maaş təyin edilməsi barədə xüsusi fərman vermişdir.*[9] Yuxarıdakı ehtimallarla bərabər, heç şübhə yoxdur ki, şair həyatını olduqca sadə və təvazökarlıqla keçirmişdir. Bu həyat tərzi bir tərəfdən onun daxili aləmindən gələn “az yemək, çox bağışlamaq” prinsipindən doğan zühd (asketizm) ilə izah edilə bilərsə, o biri tərəfdən isə o zamankı həyat şəraitilə bağlıdır.
Şairin yaşayışına aid bu gün üçün alışdığımız “reportaj” qıtlığı kimi, o zamanın “qələm haqqı” da bugünkü Avropa və Amerika sənətkarlarının qazandıqları milyonlarla müqayisə edilə bilməz.
Nizaminin maddi baxımdan təmin olunub və səssiz-küysüz bir həyat keçirdiyi mübahisə mövzusu olsa da, müasirləri arasında böyük mənəvi ehtiram və nüfuz sahibi olduğu heç bir şübhə doğurmur. O, hələ həyatda və nisbətən gənc ikən üzü köçürülən əsərləri əldən-ələ keçərək, Gəncədən İslam dünyasının hər tərəfinə yayılmışdı. Belə böyük bir adam zəmanə hökmdarlarının qapılarını çox nadir hallarda açdığına baxmayaraq, onların, xüsusən Atabəylər sülaləsinin özünə qarşı çox böyük hörmətlərini görmüşdür. Özünün bir müqayisəsinə görə, Sokrat kimi çəkingən olan həkim sənətkar onun qədər də sevilmiş və axtarılmışdır.
Ona bəslənən ehtiram və etibarın nə dərəcədə olduğunu şairin yuxarıda haqqında danışdığımız bir xatirəsindən anlaya bilərik: Azərbaycanın ən zəhmətkeş padşahı sultan Qızıl Arslan yanına çağırdığı şairin gəldiyindən xəbər tutarkən eyş və işrətlə məşğul imiş. “Kef məclisi” qurulub, saqilər şərab tökür, xanəndələr oxuyur, sazəndələr çalır, rəqqasələr də oynayırlarmış. Şairin hamıya məlum olan zahidliyinə (möminliyinə) hörmət əlaməti olaraq, bütün məclis bir anda dayandırılmışdır. Nizami içəri girərkən, padşah ayağa qalxmış və qonağını həyəcanla qarşılamışdır. Onlar qucaqlaşmış və Qızıl Arslan Nizamini min bir rica ilə başda oturdaraq, saqilərlə mütribləri buraxmış və “bu gün ancaq Nizami ilə görüşəcəyəm, çünki onun söhbəti meydən daha nəşəli və neydən daha ahənglidir” – demişdir.
Şair ona göstərilən bu diqqət və ehtiramdan son dərəcədə razı qaldığını bildirərək yazır: “Bundan sonra padşahın yanında olanda hamı ayaq üstə durarkən, mən oturaradım”. Nizami padşahın hüzurundan “meracdan dönən Əhməd (Məhəmməd peyğəmbər) kimi qayıtmış və bu hadisəni xüsusi olaraq, öz xatirələrində yad etmişdir.*[10]
Özüylə çağdaş olan qələm yoldaşlarına az və ya heç qismət olmayan hörmət və etinanı Nizami öz vüqarı və çəkingənliyi ilə əldə etmişdir.
Şairin saray qapılarına çox nadir hallarda getdiyinin bir dəlilini də onun ikinci Atabəy Məhəmməd Cahan-Pəhləvana yazdığı mədhiyyədə görürük. Atabəyə öz əsəri “Xosov və Şirin”i gətirən şair sarayda yaşamadığına bəraət qazandırmaq üçün: “Gec gəldimsə də, arslan kimi gəldim”*[11] və “Evdə otursam da sənin duaçınam” – deyərək üzr istəyir.
Yüksək izzəti-nəfs sahibi olan şair həyatda öz tarixi mövqeyində durmağı bacarmış, heç bir zaman heç kəsin önündə kiçilməmişdir. Hökmdarlara müraciətlərində hətta mədhiyyə yazıb bir şey xahiş edərkən, özünü onlarla bərabər tutmuş, mənəvi aləmi ona daxildən verdiyi qüvvəyə arxalanıb təriflədiyi tacdarlara ata kimi öyüd-nəsihət vermiş, onları düz yola çağırmışdır. Məsələn, “Leyli və Məcnun” poemasının müqəddiməsində şirvanşah Axsitana verdiyi öyüd-nəsihətlər bizim iddiamızın bir dəlilidir. Bu “nəsihətnamə”sində şair padşaha müraciət edərək, ondan bir neçə məsləhət dinləməsini rica edərək, belə kəskin nəsihətlər verir: “Qüdrətli ol, ancaq təmkinini əldən buraxma! Şərab iç, amma sərxoş olma! Ikiüzlüləri yaxına buraxma! Xalqın etimadını qazanmaq üçün verdiyin sözü yerinə yetir! Ürəyin tutmadığı adamlara inanma! Öz düşmənini kiçik görmə! Vuracağını kökündən vur, tutacağını isə alçaltma!”
Tələbkar izzət-nəfsini dərin bir təvazökarlıqla həkimanə bir surətdə birləşdirdiyini bilən ustad öz mədhiyyələrində işlətdiyi təşbih və müqayisələrdə belə, öz həyat prinsipinə sadiq qalmışdır. Məsələn, padşahı dənizə bənzədərkən, özünü onun yanına gedən çaya tay tutur. Padşahın bağı “cənnət” isə, o da bir “cənnət quşu”dur. Padşah “ay” isə, özü də “Ütarid” ulduzudur.*[12] Şah dünyanın hökmdarı isə, o da sözün sultanıdır. O, vuruşma meydanının pəhləvanı isə, özü məna və söz qəhrəmanıdır – elə bir “söz” ki, “yaradılış pərdəsi açılarkən səhnəyə ilk çıxan o olmuşdur”.*[13] Allahın hüzuruna çıxmaq haqqı, Nizaminin rəyinə görə, əvvəl peyğəmbərlərə, sonra da şairlərə verilmişdir.*[14] Göylər qədər uca olan şair, bəzən bu haqqından keçən kimi görünürsə də, həqiqətdə o, “başımızın üstündəki üfüqün eyni zamanda yerə qovulmasına”*[15] bənzəyir.
Hər kəs üçün birər inci işlədim,
Özümə də bir qəsidə söylədim.
N i z a m i
“Özü”ndən məqsəd şairin ədəbi və mənəvi mənliyidir. “İskəndərnamə”də Allaha yalvararkən, “can” adlandırdığı bu mənliyi böyük bir hikmətlə ifadə etmişdir. Vücudunun çürüyüb torpağa çevriləcəyini bilən həkim sənətkar özünü əbədiləşdirmək ümidilə “can”ını öz nəzmindən olan bir qəlibə qoyaraq demişdir: “Ey Tanrı, Sənin əbədi varlığını isbat etmək üçün cana sinən çoxlu parlaq dəlillər gətirdim, nə olardı ki, Sən də mənim mənliyimin əbədiliyini bildirəydin!”*[16]
Bu mənlikdən şair klassik ədəbiyyatda geniş yayılmış və işlədilən “öyünmə üslubu” /”Fəxriyyə” - red./ ilə poemalarının müxtəlif yerlərində öz vəziyyətini təsvir edərkən bəhs etmişdir.
Başqalarının “mənlik” və şəxsiyyətlərindən bəhs edərək işlətdiyi üslubu Nizami öz “fəxriyyə”lərində eyni şəkildə işlətmişdir.
Klassik ədəbiyyatda “dür deşmək” deyilən məcazi bir ifadə vardır. “Dür deşmək” incə, iti, bakirə ifadələrdə şer yazmaq deməkdir.
Dastanlarındakı qəhrəmanları ilə qəsidə və ithaflarında mədh etdiyi adamlar üçün bir-bir dürlər deşən Nizami özünü də unutmamışdır.*[17]
<< Əvvəli | < Geri | İrəli > | Sonu >>
*[1] Bax: bu kitabın ikinci hissəsindəki “Nizaminin beş kitabı” fəslinə.
*[2] Nəzər çor dər ayine əndaxtəm
Dəru surət-e xiş nəşnaxtəm.
Herasidəm əz doulət-e tizqam
Ke beqzarəd in nəqşra natəmam.
(Güzgüyə nəzər salarkən orada öz surətimi tanımadım
Tez yeriyən taledən qorxdum ki,
Bu naxışı tamamlamağa o imkan verməsin – red.).
*[3] Tarixlər H.Ədhəmin “Düvəl-e İslamiyyə” kitabından götürülmüşdür.
*[4] Ço şah Ərsəlan rəf o dər xun xoft,
Soxən çun təvan dər çenin hal qoft?
Məgər doulət-e şəh konəd yariyi,
Dər arəd be mən tazə qoftariyi.
(Şah Arslan dünyadan gedib qan içərisində uyudu –
Belə bir halda söz yaratmaq mümkün olarmı?
Bu işdə bəlkə təzə şahın bəxti mənə yar ola,
Və mənə təzə sözlər yaratmağa kömək edə - red.)
*[5] Nədidəm kəsi dər səra-ye kohən
Ke darəd coz-u həm səxa, həm soxən.
(Bu qədim sarayda (dünyada) ondan başqa,
Həm səxavət, həm də söz sahibi olan ikinci adam görməzdim – red.).
*[6] Səmərqəndli Dövlətşah Nizaminin Qızıl Arslandan “Xosrov və Şirin” poeması üçün aldığı qələm haqqının “Dörd obadan və əkinli-biçinli kənddən ibarət olduğunu qeyd edir /eynən: “Səlle-ye an ketab, yəni “Xosrov və Şirin” çəhar deh-e məmur və məzru be-soyurğal-e şeyx kərd/. Bu surətlə Həmdaniyanın bir deyil, bir neçə kiçik kənddən ibarət olduğuna hökm verməliyik.
*[7] “Leyli və Məcnun”un sonuncu fəslinə bax.
*[8] Zan şəh ke Məhəmmədi cəmaləst,
Ruziyəm kon ançe dər xəyaləst.
(Məhəmməd peyğəmbər camallı o şahdan
Xəyalımda tutduğum ruzini mənə qismət eylə! - red.)
*[9] Əz-an nəqd-e Rumi ke başəd dorost,
Hezarəm pəzirofte bud əz nəxost.
Ço mən bəzl dər xord-e u saxtəm,
Bebala-ye u dər bərəfraxtəm.
Hezar-e pəziroftera dad zud,
Bəsi cizha niz bər vey fozud.
Ze mərkuba dibavo dəh qunə ciz
Həman xələt-e padşahane niz.
Do səd nəqd-e digər be divan-e tər
Nebeştəm be ourad-e douran-e dəhr.
Bedan ta rəsanəndə-qan cou-be-cou
Rəsanənd hər Sali əz nou-be-nou.
(O təmiz Rum qızılından
Əvvəlcədən 1000 dənə mənə verməyi qəbul etmişdi.
Mən öz hədiyyəmi ona layiq şəkildə yaradıb
Onun hüzuruna təqdim edərkən,
Boynuna götürdüyü min qızılı tez mənə verdi.
Və ona çoxlu başqa şeylər də əlavə etdi:
Minik heyvanları, ipək və on cür başqa şeylər
Bir dəst də padşahanə xələt
Bundan başqa, iki yüz qızıl da Divanda
Dəhrin rəftarını nəzərə alaraq, adıma yazdırdı.
Ki, hesabdarlar həmin qızılı axırıncı misqalına
qədər hər il yenidən mənə çatdırsınlar – red.)
*[10] Çenan rəftəm ke suy-e kəbə möhtac
Çenan baz amadəm k-Əhməd ze merac.
(Onun yanına möhtaclar Kəbəyə gedən kimi getdim,
Onun yanından isə Əhməd /Məhəmməd/ meracdan qayıtdığı kimi qayıtdım – red.)
*[11] Şairin bu münasibətlə yazdığı “Əgər dir amədəm, şir amədəm (gec gəldimsə də, şir kimi gəldim) misrası müasir fars dilində bir zərbül-məsəl kimi işlənir.
*[12] O, Qızıl Arslanın hüzuruna girdiyini təsvir edərkən deyir:
Məra dər bəzmqah-e şah bordənd
Otaredra be borc-e mah bordənd.
(Məni şahın məclisinə apardılar –
Ütaridi Ayın bürcünə apardılar – red.)
*[13] Pərde-ye xəlvət ço bərəndaxtənd
Cele-ye əvvəl ze soxən saxtənd.
(Allah yoxluq pərdəsini qaldırarkən
İlk təzahür kimi sözü yaratdı – red.)
*[14] Piş-o pəsi bəst səfe kebriya,
Pəs şoəra aməd-o piş ənbiyə.
(Böyüklər səf çəkib düzüləndə
Arxada şairlər durdu, qabaqda isə peyğəmbərlər – red.)
*[15] Fələkvar dur əzəfsus-e həme
Sər aməd vəli pay bus-e həme –
(Fələk kimi üstündəydim hər şeyin
Başım uca, ayağında hər kəsin)
*[16] Ço bər həsti-ye to mən-e sostray
Bəsi hoccət əngixtəm delqoşay
To niz ər şəvəd məhd-e mən dər nəhoft
Xəbər dəh ke, can mand əgər xak xoft.
(Sənin varlığın sübutu üçün mən aciz
Ürək açan saysız dəlillər gətirdim
Mənim yatağım gizlinə (yerin altına) keçərkən
Sən də mənə xəbər ver: “torpaqdan (olan bədənin uyudusa da canın qaldı” – red.)
*[17] Ço əz bəhr-e hər kəs dori softəəm
Sorudi həm əz bəhr-e xod qoftəm.
(Hərəyə bir deşdiyim kimi,
Özümə də bir (dürlü) nəğmə qoşmuşam – red.)