Məqalələr

Beləliklə, Nizaminin Məhəmməddən başqa bir oğlu olduğuna hökm vermək lazım gəlir. Lakin qeyd etmək lazımdır ki, bu mərsiyyənin naməlum, yad bir gəncə yazıldığını iddia edənlər də vardır.

Öz arvadlarına bəslədiyi hissiyyat, oğlu Məhəmmədə göstərdiyi qayğı, əlaqə və yuxarıdakı mərsiyyəsi Nizaminin nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırmaqdadır. Tərcümeyi-halına aid qeydlərdən göründüyü kimi, Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan tamamilə heç bir tərəfə ayrılmamışdır. Yalnız təzkirələrdə həmvətəni Xaqani Şirvani ilə birlikdə bir dəfə həccə getdiyi qeydinə təsadüf olunmaqdadır. Fəqət buna şübhə edənlər də vardır.

Nizami təvazökarlıq və qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşamışdır. Təvazökarlıq Nizami həyatının ana xətti olmuşdur. Firdovsi məşhur “Şahnamə”sini Q ə z n ə  sarayında ona ayrılmış xüsusi otaqda min bir qayğı içində və ona vəd edilən qızıl üçün yazmış, sonra isə qələm haqqı üstündə əfsanəyə çevrilmiş davası ilə məşhur ikən, Nizami bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında, kimsədən heç bir şey ummadan yazmışdır. Öz “ruzi”sini isə o, başqalarının “Əl süfrəsindən yox”, “ruzi paylayan Allahdan” gözləmişdir.*[1]

Təvazökarlıqla eyni qaynaqdan gələn gözütoxluq da şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. “Başqasını çörəyinin iti və ya süfrəsinin pişiyi” deyil, “öz əməyinin məhsulunu yeyən” və “işığını öz yağından alan”lara Nizami şəxsi təcrübəsinə əsaslanaraq, dünya padşahlarının onlara qulluq edəcəyini vəd edir.*[2]

Nizami dövrünün başqa məddah şairlərindən fərqli olaraq, hökmdarlar qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşamışdır. Şair bu hərəkətin hikmətini bizə belə şərh etmişdir: “Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla durub-oturmaqdan çəkin, çünki bu pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da, salamatlıq ondan uzaqlarda olur. Pərvanə şamın işığına can ataraq, ona yaxınlaşınca yanır”.*[3]

Səmərqəndli Dövlətşah şairin bu fikirlərinin izilə gedərək, Nizami ilə sultan Qızıl Arslan arasında keçən çox maraqlı bir hekayət söyləyir:
“Azərbaycanın qüdrətli və zəhmli padşahı atabəy Qızıl-Arslan Nizamini görmək istəmiş və şairi yanına çağırtdırmışdır. Göndərdiyi adam şairin ibadətdə olduğu və heç kimsə ilə görüşmək istəmədiyi haqda padşaha xəbər gətirmiş. Sultan bu cəsarətli şeyxi şəxsən görmək istəmiş. Padşahın niyyəti haqqında xəbər tutan şair sultana öz əzəmətini göstərmək üçün kəramət göstərmiş, indiki terminlə desək, onu hipnoz etmişdir: Qızıl Arslan şairin yanına gəldikdə, şahanə bir taxt üstündə oturmuş, ətrafında qullar, xidmətçilər, məmur və əsgərlərlə dolu əzəmətli başıtaclı bir şahla qarşılaşmış. Bu əzəmət qarşısında kiçilən sultan ehtiramla yerə əyilərək ona təzim etmək istəyərkən, önündəki mənzərə dəyişmiş: padşah özünü sadə bir döşək üstündə oturmuş, qabağında qələm və mürəkkəb yazı ilə məşğul bir şeyxin qarşısında görmüşdür”.

Beləliklə, şair ilə şah arasında səmimi bir dostluq yaranmışdır. Bu hadisədən sonra “iki hökmdar” (yəni Qızıl Arslan və Nizami – red.) ara-sıra görüşməyə davam etmişlər.

Bu, şübhəsiz, bir əfsanədir. Lakin bu əfsanə Nizaminin müstəqilliyini və hökmdarlara qarşı laqeyd və onlardan asılı olmadığını göstərən böyük bir rəmz və simvoldur...

Nizami bu əsaslı fəzilətlərinə uyğun yüksək bir əxlaq sahibi olmuşdur. Dünyanın heç bir zaman boş qalmadığı qaba tiplərlə bədniyyətli adamlarından Nizaminin həddindən artıq çəkdiyi əziyyətlər onun şikayətnamələrindən aydın görünür. Lakin şair öz müasirləri kimi*[4] kimi bu qabalıq və kobudluqlara şiddət və hiddətlə deyil, özünəməxsus yumşaqlıq və yaxşılıqla qarşı çıxmışdır. Təbiət etibarilə yumşaq və hamıya yaxşılıq diləyən şair ona pislik istəyənlərə belə, pislikdən çəkinmişdir. Onun sözlərilə desək, o, pislik edərsə, “bu pislikdən mənəvi əzab çəkəcəyinə” əmin olmuşdur. Yaxşı olmaq, yaxşılıq etmək və yaxşılıqda qalmaq şairin həyatdakı əsas prinsipi olmuşdur. Kobudluq qarşılıqlı kobudluqla deyil, əksinə, yaxşılıqla aradan qaldırıla bilər. “Ömrünün sonuna qədər yaxşılıq edə bilsə” şair özünün “yaxşı adamların ziyarətgahı” olacağına inanmiş və bu haqda yazmışdır.

Əsərlərində hamıya tövsiyyə etdiyi: “Həvəs və nəfsə hakim olmaq lazımdır” prinsipinə ömrünün axırına qədər sadiq qalan bu Allah adamı, öz “əlinin zəhməti” sayəsində ömrünü kasıb “dərviş əzəməti” ilə keçirmişdir.

Zəmanəsinin o biri şairləri kimi Nizami saraylarda qulluq edib, padşahların arxasınca getməmişdir. Hökmdarların hüzuruna çox nadir və yalnız xüsusi surətdə çağrıldığı hallarda getmişdir.

Şairin yazmış olduğu qəsidələr o dövrün hakim və sultanlarına yaltaqlıqlarla dolu saray qəsidələrinə bənzəməz. Nizaminin qəsidələri, təzkirəçilərin yekdilliklə söylədikləri kimi, sufilikdən, inziva və guşənişinlikdən, dünya nemətlərindən pəhriz etməkdən və hamının mənafeyinə çalışmağa çağıran öyüd-nəsihətlərdən ibarətdir. Başqalarına qayğı göstərmək (altruizm), “bacarırsansa başqasının yükünü çək, yük çəkən birisini qurtarmaqdan daha yaxşı nə ola bilər”.*[5] Nizaminin bu dedikləri onun təbiətinin ən xarakterik xüsusiyyətlərini təşkil edir.

Şair “Xosrov və Şirin” ilə “Yeddi gözəl” kimi saray həyatı ilə “çalğı” və “içki” məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, bu kimi eyş və işrət məclislərinə getməmiş, ömründə, bir dəfə də olsun, ağzına “içki” almamış və ya öz ifadəsi ilə desək, o, dodağı ilə ətəyini şəraba bulaşdırmamışdır. Bu dediklərimizi həm şair özü poemalarında qeyd etmiş,*[6] həm də onun həyatı haqqında məlumat verən təzkirəçi və alimlər bir ağızdan təsdiq etməkdədirlər.

“Ağıla düşmən olduğu üçün haram” hesab etdiyi şərabdan iyrənən şairə, əsərlərində gördüyümüz saqilərin böyük həvəs və şövq ilə qədəhlərə süzdükləri şərab əcəba hansıdır?

- Bu, şairin səmimi şərhinə görə haram olmayan, ağıla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir şərabdır – elə bir şərab ki, onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə “məstü bihuş” etməkdədir.

Nizami izzəti-nəfsinin yüksəkliyi ilə tanınmışdır. Özünü dərk etmiş bu həqqi insan, özünün dediyi kimi, “vücudunun xaricində yaşamaq sirrini” bilməklə qalmamışdır, eyni zamanda, müasirlərinə özünə qarşı böyük bir ehtiram hissi təlqin etməyi bacarmışdır.

“İskəndərnamə”də öz vəziyyətini təsvir edərkən, bilavasitə bildirir ki, o, “Allaha sığınmaqdan başqa bir qayğısı olmayan bir mütəfəkkirdir” və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyl edirlər”.*[7]

Beş böyük məsnəvisindən birincisi – “Məxrənül-əsrar”ı Nizami hicrinin 559-cu ilində (miladi: 1160-cı ildə) yazmışdır. Həmin tarixdə şair 20 yaşında olmuşdur. “Məxzən” onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri və başqa şerləri ilə artıq yaxşı tanınmış bir sənətkar idi. Qəzəllər öz dövründə hər yana yayılmış və bütün oxucular tərəfindən sevilmişdi. Azərbaycan atabəylərindən Qızıl Arslanın məclislərində xanəndələrin onun qəzəllərini oxuduqlarını şair özü qeyd etmişdir.

Son böyük əsəri “İskəndərnamə”ni Nizami hicrinin 597-ci ilində (miladi: 1201-ci ildə) yazmışdır. Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğramışdır. Iskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən həkim şair öz ölümünü də təsəvvür etmiş və “onların yuxuya getdikləri kimi Nizami də uyudu” demişdir.*[8] Altmış üç ilə yaxın ömrünün yarım əsrlik mühüm bir qismini sənət, hikmət və insanları düz yola hidayət etməyə sərf etmişdir. Nəhayət, öz sözlərilə söyləsək, 1204-cü ildə o, “müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşmuşdur”.*[9]

Beləliklə, dünyanın ölməzləri sırasına keçən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olmuşdur.

Şair hələ həyatda ikən həmvətənləri tərəfindən gördüyü hörmət və məhəbbətin çox gözəl bir əfsanə şəklində sonrakı nəsillərə keçmiş olduğunu bilirik.

Nizamiyə bu simanı verən onun yalnız böyük bir şair deyil, eyni zamanda, xalq üçün çalışan, vətən üçün yanan idealist bir mücahid və cəmiyyət adamı olmasıdır.

11.
Şairin
Azərbaycan hökmdarları ilə
münasibətləri

Şairin Qızıl Arslanla görüşmələrindən:
Girib dərgaha qasib ərzə gəldi.
Dedi: “Şahım, nəhr dəryaya gəldi”.
N i z a m i

Nizami “Pənc gənc” (“Beş xəzinə”) adlandırdığı beş məsnəvisinin müasiri olmuş hökmdarların adları ilə bağlamışdır. Bu münasibətlə onların özlərilə ya yazışmaq vasitəsilə, ya da görüşmək yolu ilə təmasda olmuşdur. O, dolayısı ilə də onlardan söz açmış və mədhiyyələr yazmışdır.

Şairin bilavasitə mədh etdiyi sülalə, dövrlərində yaşamış olduğu Azərbaycan atabəyləridir. Əsərlərindən iki böyüyünü (“Xosrov və Şirin” ilə “İskəndərnamə”ni) şair atabəylərə ithaf etmişdir.

Həyatı ilə sıx bağlı olduğu üçün burada şairin əsərlərindəki ithaflar üzərində bir az dayanmağımız lazımdır. Nizami ilk məsnəvi “Məxzən-ül Əsrar”ı şair Sənaninin Qəznəvilər sülaləsindən olan Bəhram şahın adına yazdığı “Hədiqət-ül-əsrar”a bənzədərək yazmış və eyni adı daşıyan Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah Mənküçəkə*[10] ithaf etmişdir. Kitabı Bəhramşaha təqdim etmək üçün Nizami şəxsən özü Ərzincana getmək istəmişsə də, o zamankı qoşun hərəkətləri ucbatından öz məqsədinə nail olmamışdır, çünki “yollar bağlanmışdı”. Buna görə şair kitabın yalnız göndərilməsiylə kifayətlənmişdir. Öz əsərini göndərərkən, şair Ərzincan sarayının şaha yaxın şairlərlə əhatə olunduğunu bilirdi, lakin onlara üstün gələcəyinə də əmin idi. “Rumu alan və Abxaziyanı fəth edən” Bəhramşaha müraciət edərək şair deyir: “onlar, yəni Ərzincan şairləri Nizaminin qabağında hesab verəcək kimsələrdir”. O, özünü “sözdən düzəldilmiş qılınc sahibi” adlandırır və “qarşısına çıxanların başlarını kəsəcək” deyə öyünür.*[11]

Şairin ikinci böyük əsəri – “Xosrov və Şirin”dir. İthaf və mədhiyyələri baxımından bunun diqqəti cəlb edən orijinallığı vardır. Əsər, əslində, o dövrün həqiqi sahibi və hökmdarı Azərbaycan atabəylərinin ikincisi olan Şəmsəddin Məhəmməd Cahan-Pəhləvanın adına yazılmışdır. Lakin o zaman İran Səlcuqlarının sonuncusu Toğrul ismən (nominal şəkildə - red.) hələ sultanlıq rütbəsini daşıdığı üçün kitab da rəsmən onun adına ithaf olunmuşdur. Bu ithaflarda hər nə qədər sultan Toğrula “Sultan” və atabəy Məhəmmədə “naib-e sultan” deyilirsə də, məqsədin ifadəsinə gəlincə, əsl sultanın kim olduğu meydana çıxır. “Pənah-e mülk” ilə “xodavənd-e cəhan” olan “sultan-e adil”dən şairin istədiyi yalnız “şahənşahlar başçısı” olub, “dünyanı zülmdən qurtarmış” böyük atabəyə tövsiyyədən ibarətdir. Həmin atabəyə ki, onun kimi qüdrətli ikinci adamı analar doğmayıb; “Həbəşdən Çinə qədər bütün ölkələr bu dövlət xadiminin üzünə açılır; İraqda badə qaldırarkən, Rum ilə Şama qorxu salan bu adamın Abxaz ilə Dərbənd ovlağıdır; Xarəzm ilə Səmərqəndə hücum edən, Gəncədən Xuzistana qədər fəth edən və Ümmandan İsfahanadək at çapan da odur”.

Nizami “duaçı”sı olduğu bu qəhrəmanın düşmənlərini qarşılayaraq deyir:

Bir şey onunca deyilsə məqsud
Od tutub yansın, olsa da gər ud.

Dünyada hər kəs ona qabarsa,
Suda boğulsun şəkər də olsa;

Hər kəs qəlbini onun daraltsa,
Yerə batsın o, xəzinə olsa.

Toz qondurarsa ona bir könül
Solub tökülsün, olsa da bir gül.*[12]

Çox canlı və mübaliğəli mədhiyyəsinin yuxarıda gətirdiyimiz beytlərindən də göründüyü kimi, Nizaminin gözündə Şəmsəddin Məhəmməd sadə bir atabəy və sultan naibi deyildir: “fəth-i şahi ilə ovn-i İlahi”yə nail və layiq olan bu adam səltənətin sığınacağı, “Xilafətin dayağı”dır. Bu, klassik Şərq ədəbiyyatının məşhur bir təşbihi ilə “İkinci Fəridun” və “Cəmşid-e cani”dir. Hətta onlardan da yüksəkdir, çünki “onların taxt ilə tacları var idisə”, bunun “möhtaclara tac bağışlaması” vardır. “Hər xosrovun (yəni padşahın) yanında bir pəhləvan olursa”, bu özü “həm pəhləvan, həm də xosrovdur”.

Atabəy Məhəmmədin xatiri bir də “şahlar şahı atabəy Şəmsəddin Eldənizin (Eldəgizin) vəliəhdi” olmaqla əzizdir, çünki Nizami özünü bu “bağçanın”, yəni Eldənizlər sülaləsinin “ilk quşu” (bülbülü), yəni şairi hesab etmişdir.

Nizami Atabəy Məhəmmədlə bərabər, onun vəliəhdi olan və sonralar taxta çıxmış qardaşı Osman Qızıl Arslanı da mədh etmişdir. Daha doğrusu, əvvəlcə sultan Toğrul ilə Atabəy Məhəmmədə ithaf olunan əsərinin müqəddiməsində qardaşının vəliəhdi kimi mədh edilmiş Qızıl Arslanın adına poemanın sonunda da uzun bir “xatimə” həsr olunmuşdur. Bu mədhiyyəyə görə, Qızıl Arslan şərqin padşahı, qərbin isə pənahıdır. “O, istəsə Çindən xərac, Rumdan isə cizyə alar. Əgər Hindistanın fəthinə varsa, oranı qaralardan təmizlər”. Əsərin digər bir yerində şair lütfünü gördüyü bu qüdrətli sultanın öldürülməsindən duymuş olduğu kədəri nəzmə çəkmişdir. “Abi-həyatı dadmayan Zülqərneyn kimi gəncliyinin meyvəsini yemədən bir düşmən yarası ilə şəhid olan” bu padşahın xatirəsini əziz tutub ağlamışdır.*[13] Bununla bərabər, şair bağlı olduğu Atabəylər sülaləsinin qüdrət və qüvvədə qaldığından təsəlli alaraq demişdir: “O öldüsə, Məhəmməd oğlu Əbu-Bəkr sağ olsun”. Eldənizlərin bu ziyalı nümayəndəsinə Nizami özünün ən böyük poeması olan “İskəndərnamə”ni ithaf etmişdir.

Üçüncü məsnəvisi olan “Leyli və Məcnun”u şair Şirvanşah Mənuçehrin oğlu Axsitanın sifarişilə yazmış və onun adı ilə bağlamışdır.

Şirvanşahlar Şimali Azərbaycanda yerli bir sülalə olub, hökmdarlıqları, bəzən mərkəzi Gəncə olan Aran vilayətinə, hətta Araz çayının cənubunda Təbriz və onun ətrafına belə şamil olmuş, bəzən də Cənubi Azərbaycanda yüksələn hökmdarlara, məsələn, Azərbaycan atabəylərinə tabe bir vəziyyətdə olmuşlar.

Bunlar şərqdə örnəkləri görünmüş olduğu kimi, öz nəsillərinin qədimliyini göstərmək üçün özlərini İran Kəyanilərinə bağlayırdılar. Nizami də Məlik Mənuçehrin “Bəhram nəslindən və Adəmdən bəri şah oğlu şah olduğundan” bəhs etmişdir. Bundan başqa, şair Axsitanın “Əbül-Müzəffər” (yəni “Zəfər, qalibiyyət atası”) olduğunu  bildirərək, elm və ürfan adamlarına hamilik etdiyini də alqışlarla yad eyləmişdir.*[14]

Ümumiyyətlə, Şirvanşahlar sülaləsindən olan bu adlı-sanlı Azərbaycan hökmdarının bütün maddi-mənəvi məziyyətləri ilə parlaq portreti Nizaminin poemasında verilmişdir.

Şairin “Həft peykər” adındakı dördüncü məsnəvisi Marağa hakimi Ağsonqurlar nəslindən Əlaəddin Körp (körpə) Arslanın xahişi ilə yazılmış və ona da ithaf olunmuşdur. Bu şəxs şairin şerlərində qüdrətli bir hökmdar, “tac bəxş edən və bac alan bir “xosrov”dur. “Ölkələr alan bu Arslan tac və taxt etibarı ilə Alp-Arslandan daha üstündür”. “Ağsonqur nəsli onunla ucalıb”.*[15]

Beşinci məsnəvi – “İskəndərnamə” yuxarıda qeyd olunduğu kimi, Azərbaycan padşahlarından Atabəy Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur. Bu hökmdar atabəylərdən şairin şəxsən çox sevdiyi Məhəmməd Cahan-Pəhləvanın oğludur. Əmisi Qızıl Arslan öldürüldükdən sonra Azərbaycan taxtına çıxmış və nisbətən uzun sürən hakimiyyəti nisbi bir rahatlıq içində keçmişdir. Bizə rast gəlmiş bir qeydə görə, Əbu-Bəkrin özü də şair imiş və “Bişkin” təxəllüsünü daşıyırmış.*[16]

Eyni zamanda, bu padşah elm, ürfan və ədəbiyyatın da hamisi imiş. Nizaminin Əbu-Bəkrə həsr etdiyi sətirlərdə onun atası ilə əmisinə bəslədiyi coşğun məhəbbət hiss edilməkdədir. Əbu-Bəkrin ədəbiyyat maraqlısı və hamisi olduğu da şair tərəfindən ayrıca qeyd edilmişdir. Nizaminin fikrinə görə, “başqaları insansa, atabəy Əbu-Bəkr “tam bir insanlıqdır”.*[17] “İrəm bağından uçmuş bülbül” – Nizami öz “aramgahını” bu “insanlıq bağında” tapmış və onun “dövründə bəstələdiyi nəğmələrlə adının illərcə yaşamasını təmin etmişdir”.

Şairin dördüncü Atabəyi mədh etdiyi şerlər rəsmi ithaf çərçivəsindən çıxaraq, səmimi hissiyyat və böyük sevgini tərənnüm edirlər. İskəndərin fəzilət və qəhrəmanlıqlarını təsvir edən bir mətnin içərisində şair bəzən etdiyi kimi aktual məsələlərə keçərək, bir neçə beytlə dövrünün hökmdarına müraciət edir. Bu xitabında Atabəy bəslədiyi sevgisi ilə coşub: “O ulduz batdı isə, sən çıxdın”, “Sənin padşahlığın əbədi olsun!” – deyə xeyir-dua etdikdən sonra, “şah Axsitandan sonra bu gülüstanda Əbu-Bəkrin çiçəkləndiyini” və özünü (yəni şairi) ondan (yəni Axsitandan) daha yüksək tutaraq, “şah bağının heç bir zaman üzünə bağlanmadığını” təşəkkürlə bildirir.*[18]

“İskəndərnamə”nin ikinci hissəsini təşkil edən “İqbalnamə”də əsərin Mosul atabəylərindən İzzəddin Məsud adına bit ithaf görülməkdədir. Bu barədə əlimizdəki qaynaqlarda üç cür rəy ilə qarşılaşırıq.

Birinci rəy “Ensyclopedie de l’İslam”da “Nizami” məqaləsini yazan Y.Bertelsindir. Onun mülahizəsinə görə, “İskəndərnamə” ilk dəfə həmin adama ithaf olunub, lakin sonralar ithafın mətni dəyişdirilmiş, nüsxəsi Atabəy Əbu-Bəkrə təqdim edilmişdir.

Ikinci rəy əlimizdəki “Xəmsə”nin hicrinin 1313-cü ilində Şirazda çap edilmiş kitabın müqəddiməsinin müəllifinə aiddir. Həmin müəllif yuxarıdakı fərziyyəni yerli-dibli rədd edir. Şirazlı naşir “İzzəddin məsud fəsli”nin sonralar mətnə əlavə edildiyini söyləyir. O, bu iddiasına poemanın lap əvvəlində “Məlik Nüsrətəddindən bəhs edildiyini” dəlil gətirir.

Üçüncü mülahizə isə Vəhid Dəstgirdinindir. Bu mülahizəyə görə, “İskəndərnamə” bir deyil, iki kitabdan – “Şərəfnamə” və “İqbalnamə”dən ibarətdir. Birinci kitab Əbu-Bəkrə, ikinci kitab isə İzzəddin Məsuda ithaf olunmuşdur. “İqbalnamə”nin bəzi nüsxələrində Nüsrətəddindən bəhs edən sətirlər “ilhaqi” – sonradan artırmadır.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Gərəm nist ruzi ze xan-e kəsan
Xodaist rəzzaqo ruzirəsan –

Süfrəsindən adamların yoxsa nəsibim
Rizq verən Tanrıyadır mənim bütün ümidim.

*[2] Çun məşəle dəstrənc-e xod xor
Çun şəm ğəza ze gənc-e xod xor.

Ta ba to besonnət-e Nezami
Soltan-e cəhan konəd ğolami.

*[3] Pərvane beşəm bərforuzəd
Nəzdik ke çun şəvəd besuzəd.

*[4] Nizaminin çağdaşlarından Xaqani, Əbu-l-Üla, Mücir və sairlərinin yazdıqları həcvlər və elədikləri şiddətli çəkişmələr məşhurdur.

*[5] Bar-e həme mikəş ər təvani
Behtər ze çe barkəş rəhani –

Qatlan bütün yüklərin yükünə
Yük çəkəni qurtarmaqdan yaxşı nə?!

*[6] “İskəndərnamə”nin müqəddiməsində ilham qaynağı olan Xızır peyğəmbərə xitab etdiyi beytlərdə bu misralar vardır:
Ey mübarək Xızırım, sanma ki, mən,
Meyi qəsd etmədəyəm “mey” derkən.

Dediyim meylə özümdən keçərəm,
Bu keçişlə o gedər, aləm edərəm.

Tanrının vədi mənim saqimdir,
Qədəhim cəzbə, meyim sevgimdir.

Tutduğum haqq yola and olsun kim,
Dəyməmişdir meyə ağzım, ətəyim.

Meyə vurduysa Nizami bir cam,
Haq halalı ona olsun da haram.

Nə pəndar ey Xezr-e piruzpey,
Ke əz mey məra həst məqsud vey.

Əzin mey həme bixodi xəstəm,
Vəzan bixodi məcles arastəm.

Məra saqi əz vədehye izədist,
Səbuhi əz xərabi, mey əz bixodist.

Vəgər nə bean rəh ke ta budəəm,
Bemey daməno ləb nəyaludəəm.

Gər əz mey şodəm hərgez aludə cam,
Həlale xoda bər Nezami həram.

*[7] Kəsi ku ze mərdom qorizəndetər,
Bedu meyl-e mərdom sətizəndətər.

*[8] Fozun bud şeş məh ze şəsto se sal
Ke bər əzme rəh bər dohol zəd dəval.

Ço hale həkiman-e pişinə qoft,
Həkiman be xoftəndo u niz xoft.

Nizaminin öz ölümünə həsr edilmiş beytlər bəzi tədqiqatçıların fikrincə sonradan əlavə edilmişdir. Belə fərziyyələr ilə bərabər həmin beytlərin öz ölümünü əvvəlcədən hiss edən şair tərəfindən yazıldığını iddia edənlər də vardır. Bəhs edilən beytlərin üslubu bu iddiaya haq verəcək bir səviyyədədir. Şair yalnız ölümünü deyil, ölüb getdikdən sonra keçəcək uzun illər nəticəsində məzarının alacaq şəklini belə təsvir etmişdir.

*[9] Avropalı müəlliflər şairin vəfat etdiyi tarixi 1204-cü ili göstərirlər və bu da təqribən şərq məxəzlərinin fərziyyələrinə uyğun gəlir.

*[10] Bəhramşah Alp-Arslanın sərdarlarından olub, xəlifə Qaim Biəmrullahın iltifatını qazanmış və Alp-Arslan tərəfindən Ərzincana vali təyin edilmişdi. O, Mənküçəkin nəvəsi və Davudun oğludur. Mənküçəkilər burada illərlə hökm sürmüşlər.
Rüknəddin Süleymanşahın Gürcüstana səfəri haqqında yazdığı öz kitabında İbn-Bibi Ərzincan padşahı məlik Fəxrəddin Bəhramşahın da Rüknəddinlə bir yerdə getdiyini göstərir. Həmin əsnada İbn Bibi deyir: “Ecazkar qələm ustadı gəncəli Xacə Nizami “Məxzən-ül Əsrar”ı Bəhramşaha göndərmiş, o da, bunun müqabilində şairə hədiyyələr yollamış və əsəri tərifləyərək demişdir: “Bu kitabın müqabilində şairə xəzinələr dolusu hədiyyələr göndərilsə, çox yerli olar. Bu kitab vasitəsilə adımın dünyada əbədi qalacağı təmin edilir”.

*[11] Tiği əz əlmas-e soxən saxtəm,
Hər ke pəs aməd, sərəş əndaxtəm.

*[12] Hər an cizi ke ura nist məqsud
Be atəş suxte beh gər həst xod ud.

Hər an kəs kəz cəhan ba u zənəd sər
Dər ab oftəd əgər xod həst şəkkər.

Hər an şəxsi re ura həst əz u rənc,
Bezir xak beh xod bovəd gənc.

Hər an xater ke u-ra zan ğobərəst
Xəzan bada əgər xod noubəharəst.

*[13] Bəri naxorde əz bağ-e cəvani
Ço Zülqərneyn ab-e Zendəqani

Şəhadət yaft əz zəxm-e bədəndiş
Ke bada ən cəhanəş zin cəhan biş.

*[14] Şirvanşah Axsitan ibn Mənuçehrin ruslara qarşı qazanmış olduğu zəfər saray şairi məşhur Xaqani Şirvani tərəfindən qəsidələrinin birində qeyd olunmuşdur.

*[15] Ağsonqurların nəsəbi Atabəy Ağsonqura çatır. O, 1131-ci ildə hökumət başına gəlmişdir. Sonralar Ağsonqurlar yalnız Marağa mahalına hakimlik etmişlər.

*[16] E.Browir Literary History of Persia. London, 1909.

*[17] Əgər digəram k-əslişan adəmist
Həme mərdomənd, u həme adəmist.

*[18] Əgər şod səhi-sərv şah Axsətan,
To sər-səbz başi dərin qolsetan.

Gər u daşt əz nemətəm bəhrəmənd,
Rəsand əz zəminəm be çərx-e bolənd.

To z-an behtər o-bərtərəm daşti
Dər-e bağra bəste nəqzaşti.

(Sərv qamətli şah Axsitan (bu dünyadan) getdisə də
Bu gülüstanda sən çiçəklənirsən.
Baxmayaraq ki, o, (bütün) nemətlərlə məni bəhrələndirib
Yerdən uca göylərə qaldırmışdı,
Sən mənə ondan daha yaxşı baxıb daha yüksəklərə qaldırdın.
Bağın qapısını üzümə bağlamadın – red).