Məqalələr

birinci hissə

Nizami kimdir?

Mənəm sözə istiqamət verən
Ona ta qiyamət, qiyamət verən

Nizami

1.
Nizaminin tərcümeyi-halı

Çöldən,  dərədən  bütün  ərənlər
Lütf  ilə  mənə  salam  edərlər;
Qalsam  eyi  gər  ilə  nəhayət
Qəbrim  qılınır  mənim  ziyarət.

                                                                                                                        Nizami

Nizami Azərbaycanın qədim paytaxtlarından olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işləndiyi Nizamiyi-Gəncəvi adıyla tanınmışdır.*[1]

Nizami “nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı “İlyas”dır. Atası – Müəyyəd oğlu Yusifdir. Anası, şairin özünün qeyd etdiyi kimi, “Pəiseyi-Kürd olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil.*[2]

Məxəzlərdə qeyd olunmamışdır. Şairin ləqəbi “Nizaməddin”dir. Künyəsi “Əbu-Məhəmməd”dir.*[3]

Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi, Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci (hicri ilə 535-ci) ildə anadan olmuşdur.

Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetim”idir.*[4] Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür.

“Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır.

Təzkirələrin bir qismində qeyd olunduğu kimi, Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə, bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisinin oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq, gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Dediyimizə sübut üçün Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda tutduğu görkəmli yeri şahid gətirmək olar. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır.*[5]

Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik – red.) ləqəbinin verilməsindən aydın görünür. XII əsrin məşhur ürfan sahələrinin hamısından əsərlərində əlamətləri görünən bu ensiklopedik bilikli adamın İslam elmləri ilə yanaşı yunan fəlsəfəsinin bütün hissələri ilə yaxından tanış olub bəhrələndiyi heç bir şübhə doğurmur. “İskəndərnamə”də bütün tanınmış yunan filosoflarının hamısını danışdıran şair, onların “dünyanın yaranışı” haqqındakı fikir sistemlərini özünəməxsus şer dili ilə xülasə etmişdir. Bundan əlavə, şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, astronomiyaya, sehriyyat və əsatirə dair geniş məlumata sahib olduğunu göstərmişdir.

Əsərlərini təşkil edən canlı səhifələr zamanının əsl bir ensiklopediyasıdır.

Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində  olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bildiyindən, İslam elmlərinin dərinliklərinə vardığını Quran, hədis, Peyğəmbərin tərcümeyi-halı və onun haqqındakı rəvayətlərdən bol-bol iqtibaslarından, astronomiya aləmində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməyindən öyrənirik. Həkimliyin, təbabətin mahiyyətini şair iki kəlmə ilə izah edir: “Nə az ye, nə də çox...”.*[6]

Əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumata görə, Nizami qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bilirmiş. O, öz poemaları üçün topladığı materialları adi və geniş yayılmış sadə qaynaqlardan deyil, qeyd edilmiş qədim dillərdəki məxəzlərdən dəqiq araşdırmalar vasitəsilə əldə etdiyini bizə anlatmışdır.

Nizaminin dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, o biri tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Allaha inanan, Peyğəmbərə bağlı dindar və sadiq bir müsəlman idi. O, İslam cəmiyyətini parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran, dar fanatizm, səbirsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. O, “İmam Əliyə böyük məhəbbət bəslədiyi kimi, Ömərə sevgidən də xali deyildi”.*[7] Din sahəsində göstərdiyi bu müvazinəti o, fikir sahəsində də göstərirdi. Bir sufi sifətiylə sufiliyə çox yabançı olmadığı kimi, tərki-dünyalıq istəyən dərvişlərə də özünü bağlamamışdı. Israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, o, həyatı sevirdi və həyat sevgisində özünə məxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi.

Sufilikdəki seyr və süluk təhsilini kimdən alması, hansı şeyxlər tərəfindən irşad və hidayət edilməsi barədə şairin özü susub bir söz deməmişdir; yalnız bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərəc Zəncanidən dərs alması qeyd olunur.*[8] Tədqiqatçıların bir qismi Nizaminin sufi olmasını qəbul etməsələr də, onun sufiyanə həyat keçirməsi barədə bütün alimlər həmrəydirlər. O, yalnız şair deyil, eyni zamanda yüksək səviyyəli müdrik, bilici və şeyx kimi tanınmışdır.

Nizaminin müəllimləri sayılan adları yuxarıda çəkilmiş Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrdə və tərcümeyi-hal kitablarında heç bir müfəssəl məlumat yoxdur. Yuxarıda qeyd olunduğu kimi, şairin öz əsərlərində də bu xüsusda heç bir xəbər yoxdur. Bu çatışmazlıq nəticəsində şairin mənəvi şəxsiyyətinin həqiqətdə hansı qaynaqdan ilham almış olduğunu göstərmək çətindir.

Müəllimləri sayılan şeyxlərin adlarındakı “Əxi” və ya “Əxu” komponentlərindən məna çıxaran bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin “ƏXİLİK” təriqət və cəmiyyətinə mənsub bir mürşid olduğunu təxmin etməkdədirlər. “Əhli fütüvvət”də deyilən bu əxilik cəmiyyəti üzvlərinin nə kimi fikir cərəyanını təmsil etmiş olduqlarını tədqiq edib incələmək dolayısı ilə də olsa, Nizaminin hansı və nə kimi ictimai və fəlsəfi bir məktəbə mənsub olduğu haqqında da bizə qəti olmasa da bir təsəvvür verə bilər.

Nizaminin dövründəki əxilər haqqında məlumat yoxdur. Yalnız İbn-Bəttutə XIV əsrdə yazdığı əsərində əxilər haqqında çox gözəl məlumat vermişdir. Bu məlumata görə “Əxilik hər yerdə, şəhər və kəndlərdə mövcud olub, Rum (yəni Anadolu) türklərinin yaşadıqları bütün ölkələrdə var imiş. Əxilər evsizlərə, yolçulara qayğı göstərərlərmiş, acları yedirər və möhtaclara yardım edərlərmiş, zülm və haqsızlıq edənləri isə öldürərlərmiş. Ibn Bəttutə yazır: “Bu xüsusda bütün dünyada bunlardan daha çox qeyrət və qayğı göstərən başqa bir kimsə yoxdur”.

“Əxi öz sinfindən olan adamları birləşdirən şəxsə deyilirmiş. Onlar yalnız öz zümrələrindən olanları deyil, başqa əsnafdan olan gəncləri, evsiz və kimsəsizləri də bir təşkilatda birləşdirirmişlər. Təşkilata daxil olan üzvlər təşkilatçını özlərinə sədr seçərlərmiş. Bu sədrlərə ƏXİ (yəni: qardaş) deyərlərmiş. Bu cəmiyyətlərin üzvlərinə “əhli-fütüvvət” də deyilərmiş.

Fütüvvənin özünə məxsus, müasir terminlə desək, klubları da varmış. Ibn Bəttutə bizə özü gördüyü ƏXİ klublarını (yəni zaviyələrini) belə təsvir edir. “Bir ev tikirlər, rəngləyib ağardırlar, yeri xalçalarla döşəyirlər və lazımi avadanlıqla doldururlar. Yoldaşlar gündüzlər işləyir və gündəliklərini qazanırlar. Qaranlıq çöküncə həmin evə gəlir və qazancları ilə satın aldıqları yemək və meyvə-tərəvəzi və s. özləri ilə bərabər gətirirlər. Şəhərə yeni səyyah gəlmişsə, onu da yanlarına alıb, həmin evə gətirib, pulsuz-parasız yemək verərək qonaq saxlayırlar. Həmin səyyah yoluna davam edincəyə qədər onların qonağı olur. Mən dünyada bunlar kimi yaxşılıq edən, gözəl işlər tutan başqa bir adama rast gəlmədim”.

Ibn Bəttutə əxilərin xarici görünüşü, qiyafələri və geyimləri haqda da məlumat vermişdir: “Geyimləri qaba qumaşdan və çox sadədir: ayaqlarına çəkmə geyir, başlarına isə keçədən düzəldilmiş “səllə” deyilən papaq qoyurlar. Bu səllənin üst tərəfinə uzunluğu bir və eni iki qarış olan qumaş (əslində: təyləsan) bağlayırlar.

Bellərinə iki qarış uzunluğunda xəncər bağlayırlar. Onlar bir yerdə toplandıqları zaman başlarındakı səlləni çıxardıb bir yana qoyurlar. Belə hallarda başlarında takiyə kimi ipək bir araqçın qalır”.

Bu qısa məlumatdan göründüyü kimi, ƏXİLİK o zaman şəhər əsnafı arasında geniş yayılmış fəal bir fikir cəmiyyəti imiş. Ibn Bəttutə qeyd edir ki, hökumətsizliklə keçən anarxiya dövrlərində bəzi vilayətlər əxilər tərəfindən idarə edilir və xalqın asayişi təmin olunurmuş.*[9] Böyük Səlcuq imperiyasının dağıldığı bir zaman yerli dərəbəylərin artmaqda olan zülm və zorakılıqlarına qarşı şəhərli əsnafın özünü qorumaq ehtiyacından doğulan bu təşkilatlara mənsub olanlar, şübhəsiz, o dövrün fikir cərəyanını təşkil edən sufiliklə bağlı olmuşdur. Lakin digər sufilik cərəyanlarından fərqli olaraq, əxilər sadəcə olaraq, fikir və riyazət sahəsində cəmiyyətdən uzaqlaşaraq passiv bir həyat sürməmiş, dərvişlik etməmişlər; əksinə, onlar mübarizə məqsədilə təşkilat səhnəsinə atılmışlar. Əxiləri orta əsrlərdəki Yaxın Şərqin şəhərlərinə hökmranlıq edən dərəbəylərə qarşı çıxan bir növ inqilabçılar kimi qəbul edib qələmə verənlər də vardır. Məsələn, professor Bertels Nizaminin şerlərində bir növ professional inqilab təşkilatı kimi təsəvvür etdiyi əxilik düşüncəsinə uyğun gələn fikirlər tapmışdır. Professor “Leyli və Məcnun” poemasının müqəddiməsindəki “Saqinamə”dən bu sətirləri öz fikrinə şahid gətirir:
Nə vaxtadək buz kimi durmaq donuq
Suda ölü siçan tək olmaq uyuq?!

Çevşekləmə,*[10] gül kimi yumşaq olma,
Bənövşə tək iki üzlü bulunma.

Yeri vardır dəliqanlı olmaq yegdir*[11]
Dəliqanlı çılğın olmaq gərəkdir.

Tikan kimi sivri bulun, sərt davran,
Başına güldən çələnglər hörsün dövran.*[12]

Bertels bu şerdəki “tikan” ilə əxilərin bellərindəki “xəncər” arasında bir əlaqə görür. Əxilərin mübarizliyi və Nizami təlimatı arasındakı münasibəti göstərən bir-iki beyti də biz əlavə edək:
Huşsuzlara yataq olan bir qəryə*[13]
Zalımlara verir qolayca*[14] cizyə*[15]

Arslan ürəkli olmadan iş aşmaz,
Öküz ürəklilərdə mərdlik olmaz.

Nədən boyun əyirsən hər qəzaya,
Nədən razı olursan hər cəfaya?

Dağ kimi dur, sırtın*[16] olsun qayadaş,
Üzünə qabar daşürəyin, əymə baş!*[17]

Nizamidən sitat gətirilmiş bu beytlər onun İbn-Bəttutənin öz hekayəsində təsvir etdiyi əxilərlə münasibətdə olduğunu elmi şəkildə təsdiq edə bilməz. Göstərilən uyğunluqlar sadəcə bir ədəbi fərziyyə və ehtimal doğurur, çünki bizim İbn-Bəttutə zamanına qədər böyük inkişaf yolu keçmiş, yeriyib-yetişmiş əxiliyin Nizami dövründəki vəziyyət və durumundan xəbərimiz yoxdur. Biz yalnız bu hərəkətin digər sufi təriqətləri kimi Şərqdən, Xəzər sahillərindən və Xorasandan gəldiklərini fərz edə bilərik. Hələ Səlcuqlar zamanında “Əsnaf cəmiyyətlərinin” Ön Asiyada yayıldığı bizə məlumdur. Yalnız “Xəmsə”nin ədəbi təşbehləri arasında “Əxiliyi” andıran fikirlərə deyil, əsnaf cəmiyyətləri arasında yayılmış və onları birləşdirən “Əxi” ideologiyasında da Nizami fikirlərinə uyğun ideyalara rast gəlirik. “Fütüvvətnamə”lərdəki əxlaq normaları ilə Nizamidəki əxlaqi beytləri qarşılaşdırsaq, ibrətamiz nəticələrə gələ bilərik.*[18]

Şairin şəxsi həyatına aid məlumat təəssüf ki, çox azdır. Təzkirəçilərin bu xüsusdakı laqeydliyi hamıya bəllidir. Təzkirəçilər şairin üç dəfə evləndiyini, bir oğlu olduğunu xəbər verirlər. “Xəmsə”ni diqqətlə oxuyarkən şairin şəxsi həyatına aid başqa bəzi yeni təfsilat çıxara bilirik. Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu Qıpçaqlı bir kəniz olmuşdur.*[19] Bu türk qızını Nizami son dərəcə sevmiş və onunla “bir yastığa baş qoymuş”, yəni evlənmişdir (1173-cü ildə). Canı kimi sevdiyi və əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlmişdir. Qıpçaqlı gözəl “Xosrov və Şirin” yazılarkən (1180-ci ildə) vəfat etmişdir. Şair dünya ədəbiyyatında misilsiz gözəllik örnəyi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən sözü öz sevgili arvadına gətirərək deyir: “O (Şirin), mənim Qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun özü idi”.*[20] Beləliklə, Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adı Afaq olduğunu, bəzi tədqiqatçıların qənaətinə görə, şair yeri gəlmişkən bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da “türküm köçdü isə də, İlahi, türk balasını sən özün qoru”*[21] sözləri ilə bizə anlatmaqdadır. Şairin öz oğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yoxdur. “Türk” arvadına olan bağlılığı şair “türk balası”na keçirmişdir.

Eşqin ilahi şairi Nizami evlənmə məsələsində birarvadlı (monoqamiya) olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənmişdir, lakin o, heç bir zaman çoxarvadlı olmamışdır. Filosof  Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində Nizami birarvadlığın məziyyətini özünə məxsus bir üslubla açıqlamışdır; “Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Dünyanın yeddi atası və dörd anası olduğu üçün onun işləri dolaşıqdır.*[22] Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla”.*[23]

Nizami “İqbalnamə”nin sonunda filosof Arximedi başdan çıxaran çinli türk gözəlinin ölümünü təsvir edərkən özünün şəxsi həyatındakı talesizlikdən şikayət edir. Bu şikayətdən aydın olur ki, “Şirin” surətini yaradarkən öz sevimli “Apaq”ını, “Leyli”ni yazarkən ikinci “gövhər”ini, çinli türk gözəlinin macərasını şərh edərkən üçüncü “gəlin”ini itirmişdir:
Nəzmə çəksəm hər zaman bir dastan,
Çox tühafdır taleyim, verməz aman!

                        Saçmağa başlasam ətrafa şəkər,
Sevgili bir dilbərim əldən gedər.

                        Dadlıca Şirini çün xəlq eylədim,
Çox şəkər bir yarımı dəfn eylədim.

                        Leylinin çün köşkünə çəkdim hasar
Başqa bir gövhərimi mən etdim nisar.

                        Getdi dünyadan yenə bir nazənin
Oldu cənnətlik bizim tazə gəlin.*[24]

Nə qəribə bir tale şairi təqib etmişdir – yaratdığı gözəl qəhrəmanlar sevdyi gözəl həyat yoldaşlarını özlərilə götürüb aparmışlar! Bu, qadın qısqanclığının bir təzahürüdürmü? Bəlkə də Nizami sevgili qadınlarının surətlərini öz sənətinin qüdrəti ilə yaşatmaq istəmişdir? Özündən “bu gəlinlərin qüssəsi ilə kədərli ikən, rumla rusun hekayətlərini necə nəql eləyim?” – soruşan şair öz sualına cavab verir: “Ən yaxşısı budur ki, dərdlərimi unudub bu dastanları yazmaqla öz könlümü xoşlandırım”.*[25]

Ilk eşqinin yadigarı olan oğlu Məhəmməd haqqında şair daima düşünmüş və bu “türk balasını” candan gələn bir istəklə bəsləmişdir. Beş böyük əsərinin dördündə xüsusi bir şəkildə, şairin öz “Məhəmmədciyi”nə xitab edən beytləri diqqəti cəlb edən düşüncə və duyğularla doludur. Bir ata öyüd-nəsihətləri şəklində olan bu xitablar müdrik, bilici şairin kamil adam tipinin necə yetişə biləcəyi haqqındakı ən səmimi duyğularının tərcümanıdır. Çox isti bir istəyin məhsulu olan bu duyğuları ilə o, sevimli oğlunun xatirəsini də sevimli əsərlərilə birlikdə əbədiləşdirmişdir. Həqiqətən o, öz oğlunu əsərlərindən biri kimi qəbul etmiş və onu kitablarına qardaş saymışdır.*[26]

Öyüd və nəsihətlərində şair oğlunun mənəvi tərbiyəsi və cəmiyyətdə tutacağı mövqe ilə maraqlandığını müvafiq və kafi dərəcədə açıqlamışdır. Bununla bərabər, Nizami oğlunu həyatda maddi cəhətdən təmin etmək haqqında da düşünmüşdür. O, “Leyli və Məcnun” poemasını Şirvan sarayına oğlu Məhəmməd vasitəsilə göndərmiş və kitabın müqəddiməsində Şirvanın gənc vəliəhdinə yazdığı xitabın sətirlərində “öz əziz oğlunu dəyərli şahzadəyə əmanət vermiş” və eyham vasitəsilə ona dövlət idarəsində (divanda) bir iş verilməsini xahiş etmişdir. Bu xahişin nə ilə nəticələndiyi məlum olmasa da, bunun özü sevən bir atanın istəkli oğlunun müqəddəratı ilə axıra qədər məşğul olduğunu göstərmək baxımından əhəmiyyətlidir.

Səmərqəndli Dövlətşah, Lütf-Əli bəy Azər və digər təzkirəçilərin qeydlərinə əsasən, Nizaminin yalnız bir oğlu olmuşdur. Lakin hicri tarixi ilə VII əsrdə yazılmış “Lübab-ül-əlbab” təzkirəsinin müəllifi Məhəmməd Sufi, Nizaminin kiçik ikən ölmüş bir oğluna yazdığı bir mərsiyyəni nəql etmişdir:

                        Cənnət gözəlləri ilə bir yastığa baş qoyan,
Yavrum, gözəl üzünlə məzara oldun rəvan.
Meyvəsini həyatın, yavrucuğum, dərmədin,
Vardın cənnətlik oldun, cəhənnəmlik olmadın.
Ömür daha çəkmədi yanağına bir xət sənin,
Kim yazmışdı bu qəzanı başına biaman?
Torpaq gözümdən axan qanlı yaşla islansa,
Kimsəyə gəlməz qərib, ey mənim canımda can.
Su verməmək tarlaya necə mümkün olur ki,
Üzündəki səbzəlik torpaqda tutmuş məkan.*[27]

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Şairi eyni dövrdə yaşamış olan başqa Nizamilərdən ayırmaq üçün təzkirələr onu həmişə “Nizamiyi-Gəncəvi” deyə yad etmişlər.

*[2] Bəzi tədqiqatçılar, o cümlədən, Vahid Dəstgirdi “Rəisə”ni Nizaminin anasının adı kimi qəbul etmişlər. Lakin həmin söz birləşməsinin tərkibindən göründüyü kimi və bizim qənaətimizcə o, şəxsi ad deyil, sadəcə olaraq, bir tituldur. Kürd rəisəsi deməkdir. Ümumiyyətlə, “Rəisə” adlı qadın adı indiyə qədər bizə rast gəlməyib. Burada “Rəisəyi-kürd” sözlərinin məntiqə daha uyğun mənası “Kürd rəisi” və ya “kürd rəisəsi” olmaq, heç də mütləq milliyyət etibarı ilə də kürd olmalarını sübut etmir. Tarixdə məlum olan çoxlu misallar göstərir ki, kürd qəbilələrinə rəislik /başçılıq/ etmiş türklər çox olmuşlar.

*[3] K ü n y ə - ərəblərdə ad komponentidir. Bu ad adəti keçmiş zamanlarda İslam mədəniyyətinin yayıldığı bütün ölkələrdə qəbul edilmişdir. Həmin ad atanın öz oğlunun adı ilə tanınmasına dəlalət edirdi. Məsələn, Peyğəmbər həzrətlərinin künyəsi Ə b ü l – Q a s i m  idi, bu isə “Q a s i m i n  a t a s ı” deməkdir. Nizami də oğlu Məhəmmədə görə, Məhəmmədin atası demək olan bu künyəsi daşıyırmış.

*[4] Klassik Şərq ədəbiyyatında dünyanın məşhur yetimlərindən bəhs olunarkən işlədilən bir təbirdir. Məsələn, Məhəmməd peyğəmbər bir “dürri-yetim”dir.

*[5] Dövlətşah, Təzkirətüş-şüəra. Bronun çapı. Bu parlaq qəsidə Ziya Paşanın “Xərabat”ında da çap edilmişdir. Burada həmin qəsidənin bir neçə beytini misal gətiririk:
Ğəme del gər bebəst bazarəm
Mədh-e şəh miqoşayədəm bazar.
Şəh qızıl Ərsəlan ke dəst-o-deləş
Həst-xəsm şomar-e xəsm şomar
Həzməş avərdə bad-ra besokun
Əzməş əfkəndə xak-ra bemədar.

*[6] Şairin geniş məlumatına şahid olan “Xosrov və Şirin” poemasından bir neçə beyti misal gətirmək yerinə düşər:
Mənəm daneste dər pərqar-e aləm
Be təsrifo-be nəhv əsrar-e aləm.

Həme zic-e fələk cədvəl be cədvəl
Bə ostorlab-e hekmət kərdəəm həl.

Ke porsid əz mən əsrar-e fələk-ra
Ke məluməş nə kərdəm yekbəyekra?!

Ze sər ta paye in dirine qolşən
Konəm gər quş dari bər to rövşən.

 

*[7] Be mehr-e Əli gər ce möhkəm peyəm
Be mehr-e Əli gər ce möhkəm nəyəm.

*[8] İbn-Bəttutə, İsfahan şeyxi və zaviyə rəisi Qütbəddin Hüseynin ona bəxş edib geydirdiyi qəbanın tarixini danışaraq demişdir ki, həmin qəbanı vaxtilə Əli həzrətləri, sonralar isə Əxi Fərəc Zəncani geymişdir. Səyyah Əxi Fərəcin Əbu Abbaye-Nəhavəndi ilə də görüşdüyünü qeyd edir.

*[9] İbn Bəttutə səyahətnaməsinin birinci cildi, s. 312-314.

*[10] Çevşekləmək – solğunlaşmaq, əldən düşmək, zəifləmək.

*[11] Yegdir – yaxşıdır.

*[12] Ta çənd ço yəx fosorde budən
Dər ab ço muş morde budən?

Çon qol begzər ze nərmüxuyi,
Begzər ço bənövşe əz doruyi.

Cayi başəd ke xar bayəd,
Divanegiyi bekar ayəd.

Mibaş ço xar hərbe bərduş
Ta xerməne qol kəşi dər ağuş.

*[13] qəryə - kənd

*[14] qolayca – asanlıqla

*[15] cizyə - müsəlman ölkələrində xristian, yəhudi və başqa dinli əhalidən alınan vergi.

*[16] Sırt – dağın başı, zirvəsi

*[17] İn deh ke həsare bihoşanəst
İqta-edehe zəbunkoşanəst

Bi şir-deli besər nəyayəd,
Əz qavdelan hönər nəyayəd.

Gərdən çe nəhi be hər qəzai
Razi çe şəvi be hər cəfai?

Çon kuh bolənd poştiyi kon
Ba səxt delan doroştiyi kon.

*[18] “F ü t ü v v ə t n a m ə l ə r” əski dövrlərdən əlyazma şəklində bizə gəlib çatmış risalələrdir. Bunlar əsnaf təşkilatı arasında yaşayan əxiliyin bir növ tüzük və proqramlarıdır. Həmin risalələrdəki əxlaqi normalarla Nizaminin zahidliyə, təqvaya /başqalarına qayğı göstərməyə, azad düşüncəliyə/, nikbinliyə aid təlimatı arasında böyük bir bənzərlik var. “Fütüvvətnamə”lərdəki 1) “Yalnız öz qazancınla yaşamalısan”, 2) “Sənə qarşı pislik edənə yaxşılıq et”, 3) “Həva və həvəsi tərk et”, 4) “Daima xalqa yaxşılıq və xidmət et”, 5) “Özgələrə qayğı göstər və haqsevər ol” kimi aforizmlərin (təfsilat üçün bax: İlxan Tarus, Əxilər. Ankara, 1947) bir çoxunun paralellərini və şairanə ifadələrini “Xəmsə”də tapırıq:

1) Çun məşəle dəste-e rənc-e xod xor,
Çun şəmğəza ze gənc-e xod xor;

2)Zə bədquy-e bədqofte penhan konəm
Be padaş-e nikəş pəşiman konəm.

3)Ser ze həva taftən əz sərvərist
Tərk-e həva qovvət-e peyğəmbərist

4)Dər qoul çenin kon ostovari
K-eymən şəvəd əz to zinhari

5)Bar-e həme mikəş ər təvani
Behtər ze çe barkəş rəhani.

*[19] Homayunpeykəro nəğz-o, xerədmənd
Ferestade be mən Dara-ye Dərbənd.
V.Dəstgirdi bu “Dərbənd sahibi”nin şairin “Məxzənül-əsrər” poemasını ithaf etdiyi Ərzincan hökmdarı Bəhramşah olduğu qənaətinə gəlmişdir. Bu fərziyyə doğru deyildir. Dərbəndin sahibi Xaqaninin də qəsidələr həsr etdiyi Seyfəddin Müzəffər ibn Məhəmməddir; çox ehtimal ki, şairin həyatında bu qədər uğurlu rol oynamış gözəl hədiyyə onun ədəbi sevgisinin bir könül vergisi olmuşdur.

*[20] Səbokoru çon bot-e qefçağ-e mən bud
Gəman oftad xod ke Afaq-e mən bud.

- Çevik getməkdə, san qıpçağım idi,
Sanardın ki, mənim Afaqım idi.

Bu  beytdəki “Afaq” sözünü tədqiqatçıların bir hissəsi, o cümlədən, V.Dəstgərdi qıpçaqlı gözəlin adı kimi qəbul etmişlər. Lakin bizim qənaətimizcə “Afaq” ismi kimi şəxsi ad yoxdur. Qıpçaqlı türk gözəlinin adı “Afaq” deyil, “Apağ” olmalıdır. Bu ad bu gün belə qırğızlarda mövcuddur. “Qıpçaq” sözü klassik İran ədəbiyyatında çox vaxt “P” hərfinin “F” hərfinə çevrilməsi ilə “qıfçaq” şəklini alır; “Xəmsə”nin bəzi nüsxələrində belə, bu sözün “p” ilə “qıpçaq” şəklində yazıldığına rast gəlirik. Belə “olduqda isə Nizaminin “qıpçaqlı” türkünün adı türkcə “Apağ” və ya “Apaq”dır. Apaq mənasında, Azərbaycanca qadın adı olan “Ağca”ya daha çox rast gəlirik.

*[21] Əgər şod torkəm əz xərgəh nəhani
Xodayə, torkzadəmra to dani!

Çəkildiysə əgər türküm çadırdan
Ilahi, yavrusun qurtar qadadan!

*[22] Əski kosmologiyada kainatın yeddi təbəqədən və dörd ünsürdən ibarət olduğuna işarədir.

*[23] Ço yekrəng xahi ke başəd pəsər
Ço del baş yekmadəro yekpədər.

*[24] Məra tale-e torfeəst əz soxən,
Ke çon nou kon-əm dastan-e kohən.

Dəran əhd kan şəkkər-əfşan konəm,
Ərus-e şəkər xənde qorban konəm.

Ço həlva-ye şirin həmi saxtəm
Ze həlva bəsi xane pərdaxtəm.

Ço bər gənce Leyli kəşidəm hesar
Degər qouhəri kərdəm inca nesar.

Konun niz çon şod ərusi besər
Berezvan sepordəm ərus-e degər.

*[25] Nədanəm ke ba dağe çəndim ərus,
Çequne konəm qesse-ye Rum-o Rus

Beh ər narəm ənduh-e pişinə piş,
Bədin dastan xoş konəm vəqte xiş.

*[26] “Şərəfnamə”nin sonunda şair oğluna belə müraciət edir:
Qiymətli dörd kitab buraxdım sənə,
Məndən qalır onlar birər yadigar.
Dörd qardaşın vardır, beşinci sənsən,
Dörd rükündə sənə əncüm tək bərqərar.

Kitab-e geranmaye dari çəhar,
Codaqane hər yek ze mən yadqar.
Bəradər çəharəst pəncom toi
Ke ərkan çəharəst, əncom toi.

*[27] Ey şode həmsər-e xuban-e beheşt,
An çenan arezo angəh bər xeşt.
Bərnəx ömr besər bordən xoş,
Duzəxi naşode rəftən be beheşt.
Xət nəyavərdə beto ömr hənuz
In qəza bər sərət axer ke neveşt?
Çe əcəb gər şəvəd, ey can-e cəhan
Xak iz dideye mən xuna-qoşt.
Səbzəzare xətət əndər xakəst
Ab key baz təvan daşt ze keşt?!