Kitablar

Azərbaycan alimləri ilə şərhçilərinin adları ərəb müəllifləri tərəfindən qeyd olunmuşdur. Müqəddəsiyə görə azərbaycanlılar Hənbəli məzhəbinə mənsubdurlar və məzhəb təəssübündən üzaqdırlar. İbn Hövqalə görə münəvvər azərbaycanlılar sxolastik elmlərdən uzaq qalır, daha ziyadə təbiblik sahəsində gözə çarpan adamlar yetişdirirlərdi. Səlcuqlular zamanında və daha sonra Elxanlılar dövründə azərbaycanlı alimlərin islam elmlərinin hər sahəsində böyük xidmətləri olmuşdur. Məxsus surətdə təşkil olunmuş bir akademiya tərəfindən böyük Türk-Monqol və ümumdünya tarixi yazılmışdır. Ilk dəniz xəritəsindən biri Təbrizdə Arqun xan zamanında qızılmışdır. XIII yüzildə Genuyalılar tərəfindən yapılan coğrafiya xəritəsi Elxanlıların sarayında, Marağa rəsədxanasında çalışan şərq alimlərinin bilgilərinə dayanmaqdadır. Marağa rəsədxanasının əsərləri Qərb məmləkətlərinə də əks etmişdir. “Elxan nüsbəxəndliyi” adındakı təbibliyə aid əsər çincədən tərcümə edilmişdir. Elxanlı vəziri Rəşidəddinin fəlsəfi əsəri Bizans paytaxtı İstanbulda rumcaya çevrilmişdir.

Ərəb və ya fars elminin sırasına keçmiş məşhur azərbaycanlılar adlarını burada tamamilə vermək imkanında deyilik. Yalnız irəli sürülən iddianı sənədləşdirmək üçün bunlardan bir qismini zikr etməklə kifayətlənəcəyik.

Təbrizli Xətib, ərəb filoloqları arasında görkəmli bir yer tutmaqdadır. Klassik ərəb ədəbiyyatına aid abidələri təfsir edən əsərlərilə məşhurdur. X yüzillikdə yaşamışdır. Məşhur Əbül-Üla əl-Məərrinin şəgirdidir. Hal tərcüməsinə aid məlumatda dilinin “azərbaycanca” olduğu qeyd edilmişdir. Əsərləri Avropalılarca məlumdur.

Əbül-Həsən Bəhmənyar. XI yüzil başlarında yaşayan bu adam ilk müəllim deyə məşhur olan müsəlman filosofu Əbu Əli Sinanın şagirdi və onun məktəbini davam etdirən bir filosofdur. Əsərləri Avropa dillərinə də tərcümə edilmişdir.

Fəridəddin, XII yüzildə yaşamış şirvanlı bir münəccimdir. 30 illik çətin bir çalışmanın məhsulu olaraq özündən sonrakı nəsillərə məşhur bir zic (Astronomiya traktatı) buraxmışdır.

Əbdürrəşid, XIV yüzilə aid bakılı bir coğrafiyaçıdır. Bizə “Təlxis-asar fi əcayibül-əqtar” adında bir əsər buraxmışdır ki, Avropalı yazarlar tərəfindən sıx-sıx istifadə olunmaqdadır.

Əbdülqadir, Marağalıdır. XIV yüzil kompozitorudur. Musiqi haqqında yazdığı məşhur əsərilə tanınmışdır. Avropada da bəllidir. Memarlıq, nəqqaşlıq və xəttatlıq sahələrindəki azərbaybaycanlı ustaları Təbriz, Ərdəbil, Naxçıvan və Bakıda hələ baqi qalan bədii yüksək dəyərli tarixi tikililərin qalıntılarıyla tanımaq mümkündür. Təbrizdəki Göy Məscid (XIII yüz il) memari gözəllik baxımından bütün mütəxəssislər tərəfindən qeyd olunan bir dəyər və şöhrətə malikdir. Ərdəbildəki Şeyx Səfi məqbərəsi dillərdə söylənir. Azərbaycan Atabəyləri tərəfindən tikdirilmiş Naxçıvandakı Möminə Xatun türbəsi (XII yüzil) yüksək dəyərdə bir abidədir. Şirvanşahlar zamanından qalma (XIV yüzil) Bakıdakı binalar xüsusilə əhəmiyyətlidir. Bu binaların gözəl bir albomunu vücudə gətirən azərbaycanlı iki gənc memar bunların topuna “Bakı Akropolu” adını vermişlərdir. Başda məşhur Divanxana binası olmaq üzrə Bakı Akropolu bütün islam dünyasında müstəsna bir gözəlliyə malikdir. Hələ XVI yüzil Avropa səyyahlarının heyrətini cəlb edən Divanxana üçün alman şairi Göthenin məşhur bir təbiriylə “daşa dönmüş musiqi” demişlərdir.

XIV yüzil şairi Ərdəbilli Arif bizə Şirvandakı memari abidələrin mənzum bir təsvirini verməkdədir. Bu təsvirə görə gözlərimizin önündə çiçəklənmiş bağçalara çevrilmiş, gözəl statülərindən sular fışqıran bir Şah parkı tikilməkdədir. Düşünmək olar ki, orta çağ dövründə bizim bir növü “Azərbaycan Versalımız” varmış (Versalın Parisin yaxınında əski fransız krallarının yaşadıqları gözəlliyi və fantanlarıyla məşhur bir saray olduğu məlumdur).

Xəttalığa gəlincə, azərbaycanlı ustalar təkcə Təbrizdə deyil, Herat və Hindistanın bina və saraylarını da bəzəmişlərdir. Akradakı Böyük Əkbərin sarayını bəzəyən sənətkarlar arasında azərbaybaycanlılar da vardır. Çaldıranda Şah İsmayıla qələbə çaldıqdan sonra Sultan Səlim azərbaycandan İstanbula 3000-ə qədər sənətkar gətirmişdir. Bursada gözəl çinilərilə məşhur olan Yaşıl Cami Təbrizli ustalar tərəfindən tikilmişdir.

Azərbaycanlılar Yaxın Şərqdəki nəqqaşlıq sənətinin irəliləməsində böyük rol oynamışlardır. Qərbdə Şərqin Rəfaeli adilə məşhur İran miniatürçüsü Kəmaləddin Bəhzad Təbrizli Seyid Əhmədin şagirdidir. Bu Seyid Əhməd İranlı Əbu Səidin sarayında çalışan məşhur Azərbaycan rəssamlarının sırasına daxildir. Timurlulardan Hüseyn Baykaranın zamanında Herata gəlmiş və Timurlular dövrü miniatürçülüyünü yapanlardan biri olmuşdur. Gözəl miniatürləri ilə əski yazmaları, xüsusilə böyük Nizaminin “Xəmsə”sini bəzəyən azərbaycanlı Ağamirək də bu məktəbə mənsubdur.

Nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətlərinin müxtəlif etaplarında ad alan azərbaybaycanlılarıburada birər-birər zikr etmək imkan xaricindədir. Bu qədərcik qeyd edim ki, “Elxanlılar zamanında, öncə çinlilərlə uyğurların əlində bulunan bu iş sonra tamamilə azərbaycanlılara keçmişdir. Şah İsmayıl (Xətai) zamanında Səfəvi sarayının yanında məşhur Təbriz məktəbi təsis olunmuşdur. Böyük rəssam Behzad Heratdan buraya dönərək, bu məktəbə başçılıq etmişdir. Behzad bu dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olmuşdur.

Bədii sənət Azərbaycandakı əl işlərində də görülməkdədir. Məsələn, Azərbaycan xalılarının naxışları bütün dünyada məlumdur. Bu gözəl xalçalardan biri XV yüzil Holland rəssamı Hans Memlinqin boyadığı “Çocuğu ilə Məryəm” (Maria mit den kinde) tablosunda təsbit olunmuşdur. Sənətkar Məryəmin ayağı altına Azərbaybaycan xalçalarından birini sərmişdir.

Mücərrəd elmlərlə incəsənət sahələrindən keçərək mənəvi, ruhi və fəlsəfi düşünüş sahəsinə gəlincə də Azərbaycanın özünəməxsus mühüm bir mövqedə olduğunu görürük. Müsəlman fəlsəfəsində Sufizmin müəyyən bir yeri olduğunu bilirik. Sufiliyin ən böyük şairi Cəlaləddin Ruminin əfsanəvi qəhrəmanı Şəms Təbrizlidir. Sufizmin klassik sirlərini anladan “Gülşəni-raz” əsərinin sahibi Mahmud Şəbüstəri də azərbaycanlıdır. Yuxarıda adı keçən məşhur Sufi hərəkatı hürufiliyin banisi Şeyx Fəzlullah Nəimi də buralıdır.

Iranın məşhur moralist şairi Sədi öz “Bustan”ında Baba Kuhi inamlarının ilk formullarını verən bir adamdır. Bakıda doğulmuşdur. Sədi eyni zamanda söhbətlərindən feyz aldığı Təbrizli Şeyx Hümamdan da qədirşünas bir dillə bəhs etmişdir.

Ədəbiyyata gəlincə Azərbaycan daha böyük bir önəmdədir. Azərbaybaycanın ümumi türk ədəbiyyatındakı iştirakını müəyyən etmədən öncə İran ədəbiyyatındakı rolu üzərində bir az duralım. Bunu qeyd etməyi də unutmayaq ki, X yüzildən XIII yüzilə qədər Yaxın Şərqin bütün məmləkətlərində ümumi idarə və ədəbiyyat dili farsca idi. Fars olmayan müəlluiflər belə əsərlərinin bu dildə yazarlardı.

Səlcuqlar dövründə hökümət və səltənət türklərdə ikən İran mədəniyyətinin yenidən doğuşu, fars dili və ədəbiyyatının doğuşu şəklində müəyyənləşdi. Klassik İran ədəbiyyatı 1000 ildən bəri İranda hökümət sürən türk sülalələrin himayəsini görərək parladı. Azərbaycan Atabəylərindən Eldənizlilər ilə Şirvanşahlar da XII yüzildə bu ədəbiyyata qarşı göstərdikləri yüksək himayə ilə məşhurdurlar. Fransız şərqşünası Darmsteter Şirvan sarayını ədəbiyyata verdiyi qiymət baxımından Qəznəli Sultan Mahmudun sarayı ilə müqayisə edir. Müqayisənin nəyi ifadə etdiyini bəyənə bilməmiz üçün buna da işarət edək ki, Qəznə sarayında 400 qeydə alınmış şair vardı və bunların başında Məlik üş-şüəra adını daşıyan bir növ rəis vardı. Onun icazəsi olmadan heç bir şair, özü də şair olan Sultan Mahmudun hüzuruna çıxamazdı.

Başda Nizami olmaq üzrə Azərbaycan, İran ədəbiyyatına Xaqani, Fələki, Əbül-Üla və başqaları kimi bir sıra böyük şairlər vermişdir.

Gəncəli Nizami, məşhur alman şairi Göthenin özləri ilə boy ölçüşməyə cəsarət etmədiyi yeddi İran şairlərindən biridir. Firdovsidən sonra yeni İran ədəbiyyatının ikinci ən böyük ustadı olub Şərqin romantik eposunu yazan Nizami dünya ədəbiyyatının şah əsərlərini taradan şəxsiyyətlər arasında müstəsna bir yer tutur. O, aləmşümül bir qüvvət olmaqla bərabər, hər böyük sənətkar kimi öz mühiti ilə səmimi bağlarla başlıdır. O, Firdovsi tipində bir fars milliyyətçiliyinə yabançıdır. Mövzuları və təfəkkürləri etibarilə bir türkdür. O, bütün yaxşılıqları, qüvvət və dəyərləri daima türk məcaz və istiarəsilə zikr edər. Ədalətli dövlət idealı onun nəzərində Türk dövlətidir. Qəhrəmanı olan ixtiyar bir qadın polisin zülmünə uğramış, Sultan Səncərə şikayət edir və deyir ki:

Türklərin çün yüksəldi dövlətləri,
Ədalətlə süsləndi həp elləri.
Madam ki, sən zülmə amil olursan,
Bir türk deyil, çapoulçu bir hindusan!

Nizami, Qafqasiyanın bütün ehtiyac və qayğılarını dərindən duyar, Bərdəni qarət edən əfsanəvi kraliçası Nüşabəni əsir aparan rusları görməyə gözü yoxdur. İdealizə etdiyi qəhrəmanı İsgəndəri şair Qafqasiya uğrunda hərbə “bütün Yaxın Şərqi qorxudan təhlükəni” adlatmaya və yer üzünü “Rus şərindən” təmizləməyə sövq edir. O, bütün düşüncələri ilə bir türk, bir azərbaycanlıdır. Rus vəhşətini:

“Bunlar demiş, şəhər yıxar, yaxarlar,
Dünyanın tortusu alçaqlar, xamlar,
Qurd kibi yırtıcı, vəhşi və xunxar,
Comərdlikdən aciz, qancıl və qəddar,
Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki, bənzər insana yalnız baxışdan!”

- beytləri ilə ifadə edir.

Nizami ilə bərabər Şirvan sarayının baş şairi Xaqani də Azərbaycanın farsca yazan şairlərindəndir. Xanıkov onun yaradıcılıq qüvvətini fransız şairi Viktor Hüqo ilə müqayisə edir. Şirvan şahı Axistanın ruslar üzərinə çaldığı zəfər (XII yüzil) onun parlaq bir qəsidəsində təsbit olunmuşdur. Onun da dili farscadır. Fəqət, türkcə sözləri, məzmunlu beytləri var. Bunlardan birisini misal üçün burada qeyd edək:

Ku şəh Toğan-i cud ki mən bəhr-i ətməki,
Pişeş zəban be göftən-i sən-sən dər avərəm!*

* * *
Klassik türk ədəbiyyatının doğulduğu dövrdə Azərbaycan yenidən öz ənənələri ilə mütənasib böyük bir mədəniyyət istedadı göstərir. Bu istedad Azərbaycanın qüvvətli bir xalq ədəbiyyatına malik olmasilə ahəngdədir. əski türk dastanlarının məşhur sözcüsü Dədə Qorqud Azərbaycanda keçən qəhrəmanlıqları anladır. Bu hekayələrdəki dil belə bugünkü Azəri türkcəsinin demək olar ki, eynidir.

Müxtəlif türk ləhcələri arasında Azərbaycanın etinalı bir yerə malik olduğu da qeydə dəyər. Aşıq adını daşıyan səyyar xalq xanəndələri tərəfindən “Koroğlu”, “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və başqa bu kimi dastanların saz çalğılarilə bərabər söylənişlərinə Azərbaycana məxsus bir xüsusiyyət vardır. Məlik Məhəmməd növündən pəhlivanlara aid nağıllar Azərbaycan xalqı arasında çox sevilir. Bu dastanlar ilə nağıllardakı mövzu isə zəifləri qorumaq, başqasına yardımda bulunmaq, nəfsini fəda etmək, sevgiliyə qarşı vəfalı olmaq, dostluqda sadiq qalmaq, arxadaşlıqda səbat göstərmək və qocalıqda qorxu bilməmək kimi digər anlamlardır. Azərbaycan xalq mahnılarından olan “Bayatılar”, üslublarındakı rəvanlıq, fikirlərindəki uçuş və hisslərindəki incəliklərlə ayrılırlar. İldırım, məsələn, “kişnəyən ata”, yağmur da “ağlayan buluda” bənzər. Bunların ikisi də “dağ ətəyində ölən bir igid” üçün təəssür duyarlar.

Bu dağlar ulu dağlar,
Bu qarlı, sulu dağlar
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar!

Klassik Azərbaycan türk ədəbiyyatının ilk abidələri bizə hələ XIII yüzildən məlumdur. Bu hərəkat getdikcə tərəqqi edir, Qaraqoyunlularla Ağqoyunlular dövründə irəliləyir, ən parlaq dövrünü isə XIV yüzilin sonları ilə XVI yüzil başlarında bulur. İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisəsi isə həqiqətdə bir türk sufisi və azərbaybaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri (dini nəğmçələri – A.R.) rəsmi hüdudların çox irəlilərində belə türk topluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şerdə Xətai təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə, məsələn belə yazırdı:

İçmişəm bir dolu olmuşam seyik
Düşmüşəm dağlara olmuşam gəzik,
Sənə deyirəm, sənə sürməli keyik
Qaçma məndən, qaçma, ovçu deyiləm!

Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi  İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi.

Rəsmi Türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi. İştə Tüfeyli adında hürufi bir şairin ona yazdığı xitabdan bir parça:

Qovsalar eldən, uluqsdan qövm ilə qardaşlar,
Dostlar düşmən olubən min atarsa daşlar,
Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar
Qılmazam, vallahi Türki-tacdarın tərkini!

Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi – deyə bəllənən şiəlik bu xüsusda özlərinə mane olmurlardı. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır. Sadə Azərbaycan deyil, bütün türk mədəniyyətinin bu böyük işıldağı məşhur “Bəngü-badə”sini şəxsən Şah İsmayıla ithaf etmişdir. Füzuli türkçülüyünün məşhurluq vəsiqəsi “Divan” dibaçəsi ilə “Leyli və Məcnun” müqəddəməsindən məlumunuz olsa gərəkdir. “Rumlu dostlarının” tövsiyyəsi üzərinə Leyli və Məcnun hekayəsini gözəl bir türkcə ilə yaradan şairin həsbi-halını bilirik:

Ol səbəbdən farisi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur,
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olcaq tikəndən bərgi-gül izhar olur!

- deyən şairin çətini qolaylaşdırdığı məlumdur. Fəqət Füzuli türkçülüyünün ən böyük vəsiqəsi geniş türk oxuyucu təbəqələrinə, xüsusilə qərb türklərinə bu günə qədər adətən qapalı qalmışdır. Ona gərəkən diqqət və əhəmiyyət verilməmişdir. Bu xüsusda bir az məlumat verirsək, bunu pək də mövzu xaricində saymazsınız deyə umarım.

Şiə ədəbiyyatında “Məqtəl” deyilən ədəbi bir şəkil vardır. Burada məşhur Kərbəla faciəsi, Peyğəmbərin nəvəsi İmam Hüseyn ilə yar və yaxınlarının öldürüldükləri, məxsus təbirilə qətl edildikləri dini bir hiss və həyəcanla təsvir olunur və Kərbəla şəhidlərinə ağlanır. Əskidən “Rövzətüş-şühəda” deyə farsca bir “Məqtəl” məşhurdu. Füzuli buna bənzədərək “Hədiqətüs-süəda” adında türkcə bir məqtəl yazmışdı. Əsasında mənsur olan bu kitabın müqəddəməsində, şair bu əsəri neçin yazdığını bizə anladır. Füzuli deyir ki, (şivəsini bugünkü danışıq dilimizə bir az yaxınlaşdıraraq nəql edirik): “Bu zamana qədər bütün məclis və yığıncaqlarda Kərbəla hadisəsi ilə orada şəhid düşənlərin başlarına gələnlər farsca və ərəbcə anladıldığından ərəblərin əşrəfi ilə əcəmlərin başbilənləri ancaq bunlardan faydalanır, türklərin əizzəsi (yəni böyükləri) ki, dünya tərkibi ilə insan növünün ən böyük cüzidirlər (eynən: Cüzi əzəmi-tərkibi-aləm və sinfi-növi bəni-adəm), kitabların artıq bir yarpağı kimi bu məclislər sırasında dişarda və həqiqətlərin dərkindən məhrum qalırlardı. Bunun üçün Ali-Əba (yəni peyğəmbər ailəsi) matəmininlüzumu zəbani-hal ilə “mən xakisarə” çıxışdı və yaxamdan tutaraq dedi ki, “Ey Kərbəla şahının (yəni İmam Hüseynin) süfrəsindən bəslənən Füzuli, nə olur bir fərz icad edəsən və türkcə bir məqtəl (məqtəli-türki) yazasan, ta ki, türk dilli fəsihlər də onu dinləyərək faydalansınlar və bu xüsusda artıq ərəbcə ilə əcəmicəyə möhtac olmasınlar”.

Türkləri ehtiyacda buraxmamaq qayğısı ilə qələmə sarılan şair “Hədiqətüs-süəda”nı yazmağa başlamış və aşağıdakı parça ilə tanrıdan özünə müvəffəqiyyət diləmişdir:

Ey feyzrəsani-ərəbü türkü əcəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm.
Etdin füsəhayi-əcəmi İsa-dəm,
Mən türzəbandan iltifat eyləmə kəm!

Bu dövr şairlərindən Nişati daha eyni mövzudakı “Şəhadətnaməsi”ni eyni motivlə yazmışdır. Türk böyükləri ilə fəsihlərinə xitab edən Füzuliyə müqabil Nişati bu əsərini qəbilə və tayfa adamlarını nəzərə alaraq yazmışdır. Bunu “Şəhadətnamə”nin müqəddəməsindəki bu sətirlərdən öyrənirik: “Bəndən-xaksar... Nişati bu kitabı (yəni Rövzətüş-Şühədanı) fars dilindən türkcəyə döndərdim (yəni çevirdim) ki, bütün türk oymaqlarının müstəidləri mundan (bundan) fayda götürsünlər”.

Məzhəb ilə təriqətin burada ədəbi türkçülüyə amil olduğunu görürük. Kütlə ilə fikir təmasına gəlmək eyhiyacından ədəbiyyat məhəlliləşir, başqa təbirlə milliləşir.

Mövzudan uzaqlaşmayaq: Atəşli Hürufi Nəsimi ilə Şərqin ən böyük liriki Füzuli yalnız Azərbaycan deyil, türkcə oxuyan bütün dünyanı həyəcanlandırır. Şərqi yaxşı bilən Avropalılar Füzulinin lirizminə heyrandırlar. İngilis şərqşünaslarından, türk ədəbiyyatının tarixçisi, mərhum Mister Gibbə görə duyuşlarının səmimiliyi ilə ifadələrindəki şairanə şəkil baxımından bütün şərqdə Füzulinin ikinci bir tayı yoxdur. “Leyli və Məcnun” şərqşünas və ədəbiyyatçı A.Krımskiyə görə “yaradıcılığın incisidir”. Ustad M.F.Köprülünün təbirincə, ən böyük türk şairi sayıla biləcək müstəsna bir şəxsiyyətdir. Azərbaycan ədəbiyyatı XIX yüzilin başlarına qədər Füzulinin tamamilə təsiri altında qalmışdır. Onun külliyyatı indi də hər azərbaycanlının masası üstündə duran bir kitabdır. Şairin ayrı-ayrı beytləri birər aforizm halında, xalq ağzında dolaşır.

XVII və XVIII yüzillərdə Azərbaycanın həyatı qarğaşalıqıar içində keçir. Məmləkətdə siyasi sabitləşmə yoxdur. Hər tərəfdə dərəbəylik və zorakılıq hakimdir. Bunun üçün də mədəniyyət həyatı böhran keçirir, ədəbi fəaliyyəti durğunlaşır. Gərçi yuxarıda münasibətlə qeyd etdiyimiz xalq dastanları bu dövrlərdə rəvac bulmuş və geniş xalq arasına yayılmışdır. Koroğlunun xalq qəhrəmanlığını oxşayan şerləri də bu dövrün məhsulu və ifadəsidir. Bu şərtlər daxilində bədii ədəbiyyat çox da sönmür, Şərqi Qafqasiyada təşəkkül edən xanlıqlarda Azərbaycan ədəbiyyatının özünə məxsus bir janrı vücudə gəlir, ağır da olsa bu ədəbi varlıqirəliləyir. Bu janrın milli dəyəri yalnız bizim günlərimizdə qiymətləndirilməyə başlayır. Heca vəznilə yazılan bu janrın ən böyük nümayəndəsi Qarabağ xanının talesiz vəziri, XVIII yüzil şairi Molla Pənah Vaqifdir. Vaqifin mövzu etibarilə dünyəvi və həyati olan şeirləri əsas etibarilə sadə və səlisdir. Onun yaradıcılığı ilə xalq ədəbiyyatının səmimi dastan janrı və dili arasında çox böyük bir yaxınlıq vardır. Məcazi təsəvvür eşqini deyil, təbii insan eşqini, Vaqif çox böyük bir qüdrət və məharətlə təsvir etmişdir. Vaqifin elm və fəzilətinə qiymət verən çağdaşları onun üçün “hər oxuyan Molla Pənah olmaz” demişlərdir. Klassik ədəbiyyat tənqidçilərindən bir qismi də Vaqifi XVIII yüzil türk ədəbiyyatının ən parlaq bir nümayəndəsi olaraq qəbul edirlər. Şairin tarixi şəxsiyyəti son zamanlarda şöhrət qazanan Səməd Vurğunun “Vaqif” adındakı mənzum dramına mövzu olmuşdur.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

* Haradadır o şah Toğan əliaçıqlığı ki, mən onun qarşısında dilimlə sən-sən deyəm.