Kitablar

Bakının vəziyyəti, ziyafətləri, teatrları yeni təsis edilən sənət və ticarət müəssisələri, ordusunun rəsmi keçid və manevrləri, şənlik topları, şənlik fişəngləri və böyüklü-kiçikli bütün şəhərin ağzından eşidilən:

“İrəli, irəli, Azərbaycan əsgəri!”-

nəğmə optimizmi ilə həmən “Siyavuş-gərd”ə bənzəyirdi ki, Firdovsi onun haqqında

Xoşuxürrəmi xub arastə
Be hər cayi kunci pür əzxaste - *[1]

demişdi.

Azərbaycan belə məsud bir həyata başlayınca, şöhrəti bütün üfüqləri tutdu. Bu xəbər bilavasitə Azərbaycanın qoruyucusu olan Türkiyədə sevincə səbəb oldu.

Siyavuş öz nəzəriyyə və yozumu ilə fəlakəti sezdiyi halda təhlükənin felən həyata keçdyini və fikrindən gəlib-keçən Gərsivəzin sui-qəsdin bir şeytanı olduğunu görə bilmirdi. Bir gecə rahat yatmışkən, Siyavuş gördüyü qorxunc röyadan sərsəm oyanmış, arvadı Firəngisə anlatmışdı ki:

Be yek dəst atəş, be yek dəst ab
Be piş əndərun pile Əfrasiyab
Be didi mera ruyi gərdi-dejəm
Demidi-bəran atəşi-tizdən
Çu Gərsivəz an atəş əfruxti
Əz əfruxtiyi-mer mərasuxti*[2]

Azərbaycan Cümhuriyyəti höküməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. Bir tərəfdə Bakı limanında lövbər salan dəniz qüvvələrinin üsyan bayrağı açdığını, digər tərəfdə... “Bena qazi” (Binəqədi – M.Ə.) yanar dağı səmtindən Qızıl Ordunun atəş saçaraq gəldiyini və geri qaçmaq istərkən yolunun Türkiyəli bir zabit komandasında olan “yardım alayı” tərəfindən kəsildiyini gördü”*[3].

İşi belə gördükcə, içdəki bolşeviklər çıxdılar, “təslim ol!” dedilər.

Millət məclisi, sonuncu iclasını topladı. Bolşeviklərin tələbləri müzakirə edildi. Ərz edici sifətlə, intiqamçılığı və təslimçiliyi ilə məşhur, əsrimizin Gərvi əlində xəncər qınına bənzər bir dolama, birinci və sonuncu dəfə xitabət kürsüsünə çıxdı.

- Hazır olanlar, təslim olun – dedi.

Məclis üzərində ölüm uçuşurdu. Hər kəs artıq hər kəs deyən – özünü  uçacaq bir qaya altında hiss edir və bu hisslə müztərib olunurdu.

Ağ saqqalı bir sosialist çıxdı. Bu faciəli gündə də adəti olan şəbədəçilikdən qalmadı, operetta qəhrəmanı Məşədi İbad kimi:

- O olmasın, bu olsun! – dedi*[4].

Ömür boyu Siyavuşa isinə bilməyən bir qardaş da:

- Bizim istədiyimiz elə bu idi – deyə hayqırdı. Birinci dəfə İranı, ikinci dəfə Turanı satmış olan qara üzlü birisi də çıxdı, üçüncü dəfə Azərbaycanı satdı.

Bir qismi isə, hər zaman olduğu kimi, yenə tərəfsiz qaldı.

Hamı əsrimizin Siyavuşunu ölüm xəncərinə təslim etmişdi ki, halı pərişan bir surətdə Firəngis gəldi. Azərbaycan Cümhuriyyətinin təmiz suyunu daşıyan istiqlal pərisi bir natiq şəklində bürünərək dedi:

“Yalandır. Gərsivəzlərə aldanmayınız: Gərvin əlindəki dolama zəhər bulaşmış bir intiqam xəncəridir, ona inanmayınız!

Rus ordusunun hüdudumuzu keçdiyi bir xaxtda, müsəlman da olsalar, bolşeviklərin parıltılı yalanlarına uymayınız!

Türkiyə Azərbaycanın sığınacaq yeridir. Öz sığınacaq yerini qurtarmağa gedən bir qüvvənin səmimiyyətinə inanarsa, Azərbaycan elə bir qüvvəyə özü yol verər, fəqət bizim istiqlal və hakimiyyətimizi ayaqları altında çığnayıb sərhəd gözətçilərimizi torpağı ölü sərən xain bir qüvvə Turan yardımçısı ola bilməz!

Əfəndilər, eşitdiyiniz gurultular millətin deyil, düşmənlərin səsidir. Hakimiyyətinizə doğru uzanan və bizdən təslim olma tləb edən əllər, millətin müqəddəs hüququna uzanmış qəsbçi əllərdir. Ağ saqqalı generallarımızın məyus halda komandanlıq zirvəsində deyil, deputat kürsüsündə oturması, bizi məyus etsə də, bilinməlidir ki, millətdən alınan haqq başqasına təslim edilə bilməz!

Bu kürsüdən çox kərə istiqlalımızı göz bəbəyi kimi saxlamağa, hüruriyyətimiz yolunda canımızı sipər etməyə, öldü var, döndü yoxdur, deyə son damla qanımıza qədər dayanmağı and içmiş adamlar deyilikmi?

Hazır olanlar, məsum qanı üçün çox-çox qanlar, axacaq, gözəl Siyavuşumuzu aldanmış Əfrasiyabların qəzəbinə, xain Gərsivəzlərin hiyləsinə xəbis yaradılışlı Gərvlərin xəncərinə təslim etməyək!

Qoy bizi bu haggımızdan vaz keçməyə yalnız düşman süngüləri məcbur etsin!”

Orada olan əhali, bu nitqi ağlayan gözlərlə alqışladısa da, məclisin əksəriyyəti tarixin gedişatına təslim oldu, Siyavuşun öldürülməsinə razı oldu.

Çinin əst razi sipəhri bülənd
Gəhi şad darəd, gəhi müstəmənd*[5].

QATİL KİMDİR?

1 – Rusiyanin hiyləsi, 2 – Yalanın ömrü az olur, 3 – Millətçiləri təqib.

Tarix təkrarlardan ibarətdir deyirlər: fəqət bu təkrar, belə təsəvvür olunmasın ki, irili-xırdalı təfsilatı ilə yenidən yoxlanır. Heç bir hadisə zaman və məkan təsirindən qurtula bilməz.

“Siyavuş gərd” Turan torpağının şərqində - Çin sərhəddində meydana gəlmiş, bütünlüklə Turan əsgərləri ilə çevrələnmiş və Siyavuş Türk sərgərdəsinin əmri ilə öldürülmüşdü. Halbuki, Bakı, Qaf dağının ətəyində, Turanın bir kənarında deyil, düz göbəyində Rusiyanın qonşusu olmuş, Azərbaycan Cümhuriyyəti də Turan sərkərdəsi və əsgərləri tərəfindən deyil, turanlılardan aldanmış bir qisminin yardımları ilə Turan dostu qiyafəsinə girən əsgi Türk düşmanı tərəfindən qətl olundu.

Firdovsinin rəvayətinə görə, Yəcuc və Məcuclar əcaib bir varlıq olub Qaf dağını keçir, bu tərəfdəki insanları həlak edirdilər. Bunların əcaibliyi elə şəkildə idi ki, qulaqlarının biri kilim, digəri yorğan kimi görünürdü. Gözləri dəniz suyu kimi mavi, üzləri heyva kimi sarı idi. Müqəddəslik bilməyən bu əcaib varlıqdan hər kəsin iyrənməsinə baxmayaraq, qarışqa kimi çox olan saylarından qorxaraq, qarşılarına çıxa bilmirdilər.

Rusiya yəcuc və məcucları üzərində də zonanın böyük təsiri görünürdü. Avropanın amansız düşmənliyinə qarşı şeytanla da olsa ittifaq anlaşma yaratmaq zərurətində olan Türkiyə inqilabçılarının bu düşüncəsini bolşevik Rusiyası öz haqqıyla təqdir etmişdi. Türklərin Azərbaycan üzərində mənəvi nüfuzundan istifadə ilə bolşeviklər Yaxın Şərqdə özlərini o qədər sevdirə bildilər ki, bunlar müsəlmanların könlünü fəth edərək, Azərbaycanın istila deyil, əksinə İstanbulu belə qurtaracaqlarına inandılar.

Hər nə qədər “Müsavat” partiyasına mənsub olan millətsevərlər xalqı bu yuxudan oyatmaq istəyir, “camaat, aldanmayın” – deyir, bunlar dərhal Quranın buyurduğu, “İnnə Yəcucə və məcucə müfsidunə filərz” – edərlər. Eyni məxluqlərdir ki, Krım, Türküstan və Mart faciələrini icad etdilər. “Bunların əsl arzusu İstanbulun qurtarılması deyil, əksinə Bakı və Azərbaycandır” – dedilərsə də, “Müstəvər bozbaşı”*[6] yemiş kimi xalq, “hay, dəli, şaftalı”*[7] – deyə onlarla cəmlənir və özlərini ingilisə satılmış kimi görürdülər.

Hətta iş o mərhələyə gəlmişdi ki, küçə baqqaları belə bolşevikin, artıq gördükləri “spekulyasion” düşmanı olmadığına inanmışdılar, dar görüşlü ittihadçılar da Qarayevin qızıl yalanlarına qapılmışdılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Müstafa Kamal Paşanın yardımına göndərəcəkdir.

Yalanın ömrü az olur. Xalq hikmətincə açıq olan bu həqiqət bir daha isbat olundu. Bolşeviklərlə bolşevik təbliğatı aparanların yalanlarına aldanan xalq, Qızıl Ordunun Ermənistana təcavüzünü gözlərkən, Moskvanın Ermənistanın istiqlalını tanıdığı xəbəri alındı. Ermənilər əks-hücumlarına Qarayevin üsyankar məqaləsi və Həsənovun göyərtədəki nitqilərinə baxmayaraq, Qarabağdakı hərəkat durduruldu. Gürcüstana verilən 24 saatlıq notanın nəticəsi hərbi xalq komissarının gürcü nazirlərini Bakıya çağırmaq üçün etdiyi israra rəğmən Tiflisə gedib gürcü menşeviklərinin tələblərinə imza atmaqla bitdi. Erivandan keçərək Türkiyə yolu Şəki ilə Lənkərana döndü. İstambulun imdadına getmək şüarı, “Ləhistanı qovaq!” – şüarına döndərildi.

Ucuz və daha ziyadə rahatlıq gözləyən fəhlə ilə kəndli, birə-on çətinliklə çörək tapmayıb daha çox çalışdı və qatı bir istibdad altında qaldıqda:

- Eyvah! – dedi.

Bakının bütün sərvəti talana getdi. Dükanlar elə bil çapğınçı, basqınçı kimi soyuldu. Evlər sahiblərindən alınaraq miras kimi paylandı. Kəndliyə torpaq kağız üzərində verilirdisə də, əkinin məhsulu ərzaq məmurları tərəfindən çalınırdı.

Illərdən bəri anbara yığılan neft, əvəzsiz olaraq Rusiyaya aparıldı.

Sarı bal, şirniyyat, çay, şəkər, qumaş – nə varsa, vaqonlara, gəmilərə yüklənərək Moskvaya götürüldü.

Xalqın həqiqi sərvəti, varı-yoxu qəsb edildi, “pul” – deyə bolşevik kağızları hər tərəfi sardı.

Çörək istəyən ac xalqa top və çaxmaqlı tüfəng göstərdilər.

Bir-iki “müsəlman” komissarı pərdəsi altında bütün idarə işləri rus agentləri və məmurlarının əlinə keçdi. Məmləkəti, güya ki, Azərbaycan kommunist partiyası idarə edirdi. Halbuki, bu partiyanın söykəndiyi əksəriyyətlə düşmən və xristian işçidən təşkil olunan Bakı sovetindən ibarət idi. İmzanı Nərimanlar, Əliheydərlər atırdısa da, hökmləri Mikoyanlar, Çorayevlər və Solovyovlar yazırdı.

Zahirən qırmızı Azərbaycanın istiqlalı tanınmışsa da: nə hüdud bəlli idi, nə də Rusiyalı ilə Azərbaycanlının hüququ bir, Azərbaycan ordusu 11-ci rus komandanlığına tabe, dənizçisi rus admiralı Roskolnikovun əmrində.

Adı müstəqil Azərbaycan – özü Rusiyanın federativ bir hissəsi! Daha doğrusu muxtar bir vilayəti!

Millətsevər Azərbaycan Türkçülərinin vaxtiylə kimsəyə sözlə inandıra bilmədikləri həqiqətləri bolşeviklər işləri ilə isbat etdilər. Xalq həyəcana gəldi. Aldanmış adam qızğınlığı ilə dil və dodağını dişlədi: fəqət iş-işdən keçmiş, ox yayından çıxmışdı. Beləliklə, səbir kasası daşdı. Gəncə, Tərtər, Qarabağ və Zaqatala üsyanları meydana gəldi. Qızıl bolşeviklər Nikolay generalı Levandovskinin mərifətiylə üsyanı qanlı bir şəkildə yatırtdılar. Çoluğa-cocuğa baxılmadı, qarıya-qocaya acınmadı, Azərbaycanlı türk qanı sel kimi axdı. Onu ermənidən qurtaracaq deyə gözlədiyi qüvvə bu təmiz ürəkli xalqı öz qanına buladı.

Bakının həyəcanını toplar, çaxmaqlı tüfənglər, əjdahavari əmrlər, yezidvari tədbirlərlə yatırdılar. Həbslər, qeybə çıxmalar, edamlar başladı, Firəngis tutulub qapalı bir evdə həbs edildiyi kimi, millətpərvərlər də həbsə alındı. Müsavat klubları bağladılıb bütün mallarına əl uzandı və tərəfdarları qanundan kənar elan olundu.

Fəqət Türk taxt-tacının qiyafəsinə girən bu qanlı cəllad yalnız özünə qarşı mübarizə edən türkçüləri deyil, ona aldanan Türkləri də qəhr etdi.

Hazır qüvvə - Yardım alatyı dağıldı. Türkiyəli zabitlər qismən həbs olundu, qismən hüdud kənarına çıxarıldı.

HAQSIZ QAN YERDƏ QALMAZ

1 – Məfkurənin qüvvəti, Gavə*[8], Ergenekon, öksüz fikir, 2 – Fəlakətin dərsi, 3 – Son.

Xuni-ərbabi-həmiyyət qərq edər zalimləri
Məşəli-əfkari-əhraranə sönməz xun ilə.

Namiq Kamal

Haqsız qan yerdə qalmaz. Necə ki, Siyavuş qanı qalmadı. Məzlum ahı ovunmaz, necə ki Kərbəla zülmü ovunmur. Zalım əbədi olmaz – necə ki, Zöhhakın zülmü olmadı. Istiqlal nəşəsi fədailər yetişdirir – necə ki, milli Türkiyə yetişdi. Fikir öldürülməz – necə ki, Neronun arslanları xristianlığı parşalaya bilmədi. Abidə iman yanmaz necə ki, Nəmrudun atəşi İbrahımı yaxa bilmədi.

Qonuşma və düşüncə susdurulmaz - necə ki, inkvizisiya hüzuruna çıxarılan Qaliley susmadı.

Haqq, əsla qeyb olmaz – necə ki, Musa Firondan qaçmağa müvəffəq oldu.

Azərbaycan istiqlal və cümhuriyyət fikrinin keçici bolşevik istilasının yaxıcı, yıxıcı qüvvələriqlə qəhr olunacağını zənn edirsiniz.

Bakının hərarətli torpağında kök salmış müqəddəs atəşi Quzğun dənizin (Xəzər dənizi) dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi, Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə də bolşevik cəlladları o dərəcədə acizdilər: Bir qüzey rüzgarının zərbəsiylə dalgalanan Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də rüzgar keçib dəniz düzgün bir hal alanda, sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl burnunu aydınlatsın*[9].

Azərbaycanda İran təsiri vardır: İran Zöhhak bəlasına uğramışdı. Öz hakimiyyət və istiqlalarlının qədrini bilməyən xalq cənabi-haqqın qəzəbinə gəlmişdi. Zöhhak adından bir hökmdar İranı cana doydurmuşdu. Bu hökmdar ilanlara tapınırdı. Gündə iki uşaq beynini o pis heyvanlara yedirirdi. Zöhhakın zülmündən bezən xalqın fəryadı göylərə çıxmışdı. Xalqın şərəfi, namusu, dini, milliyyəti, tamamilə alçaldılırdı. Şəhərlinin varı, kəndlinin mal-davarı əlindən alınırdı. Burada Cəmşid dinində olan nə qədər iranlı varsa qanundan kənar elan edilmişdi. Yaxalananların özləri həbs olunur, mallarına əl uzanır və uşaqları ilana yedirilirdi. Xalq qorxudan Zöhhak dinini görünüşündə qəbul etmişdisə də, təriqətlərinə mənsub olan adamlarla gizlicə toplanıb ibadətlərini yapırdılar.

Fəqət bütün bu zülm və təhlükələr qarşısında iranlıların tək bir ümidi vardı. O ümidlə yaşayır, imanlarını gələcəkdə doğacaq oparlaq günəşin hərarəti ilə isidirdilərdi.

Bu ümid Firidun idi. Cəmşidin anasız oğlu dağlara çəkilmişdi. Zöhhakın sui-qəsdindən qorunurdu. Firidun, hər nə qədər dağlarda xalqdan uzaq və gizli bir yerdə qalırdısa da, xalqın qəlbi onun eşqi ilə çırpınır, gözünə daima onun şəkli görünürdü. Onlar görünüşdə Zöhhakın ilanlarına səcdə qılır, ürəklərində isə Firidunun meydana çıxması üçün dua edirdilər.

Vaxt gəldi, dəmirçi Gavənin bayrağını bir ağac başına taxması kifayət idi ki, bütün xalq onun arxasınca gəlsin. Firidunu dağlarda arayıb tapsın və götürüb öz taxtına oturtsun!

Azərbaycanlılar türkdürlər: türklər də Ergenekon tilsimində iki yüz il qaldılar. Nə qədər çalışdılarsa da bir tərəfə çıxmadılar. Geniş dünyaya həsrət qaldılar. Fəqət yenə bir dəmirçinin yaxşılığı kifayət idi ki, türklər dəmir dağları əridib geniş dünyaya çıxsınlar.

Əsrimizin Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərində uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli güşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır.

Əlbəttə, Azərbaycan istiqlal fikri, müstəqil Azərbaycan Cümhuriyyətinin işğal və istilasına görə bu gün öksüzdür (anasızdır).

Fəqət dünyanın öksüzlərin tale və iradəsi qarşısında dəfələrlə diz çökdüyünü görmədikmi?

Üç yüz milyonluq bir ulu kütlənin hələ ki, hakim mənəviyyata olan islamiyyətin o yol göstərici əzmi birdir, öksüz deyildirmi? Dünyanın ən böyük hökümətini meydana gətirən Çingiz, Turanın Adsız bir öksüzü deyildirmi?

Yüz il əvvəl çeşidli xanlıqlar şəklində hakimiyyətimizi qeyb etdiyimiz zaman bugünkü Azərbaycan birliyinə malik deyildik.

Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Birlik və istiqlaliyyətimizin işarəsi olaraq əlimizdə türklüyümüzü, müsəlmançılığımızı və çağdaş bir xalq olduğumuzu göstərən istiqlal bayrağı vardı.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Xoş, şad, yaxşı və əmin-aman olan hər tərəfdə istədiyi qədər dolu xəzinələr.

*[2] Bir tərəfdə od, bir tərəfdə su, o tərəfdə isə Əfrasiyabın filini gördüm. Məni görüncə, üzünü turşutdu, odu üflədi. Bu odu Gərsivəz alovlandırmış, məni yıxmışdı.

*[3] Bu xüsusda daha ziyadə və açıq bilgi almaq üçün “Azərbaycan Cümhuriyyəti” adlı əsərimizin 8-ci bölümünə baxınız.

*[4] “O olmasın, bu olsun” Üzeyir bəy Hacıbəylinin bir operettasının adıdır. Operetta qəhrəmanı Məşədi İbadı evlənərkən aldatmışlar, qadının gözəlini göstərmiş, fəqət ona xidmətçi qızı göndərmişlər. Məşədi İbad etiraz etmək istərkən təhdid edilmiş və nəhayət, “O olmasın, bu olsun” – deyə razı olmuşdur.

*[5] Qoca dünyanın gərdişi belədir. Gah nəşəli edər, gah ümidsiz.

*[6] “Şah Abbas və Xurşud Banu” operasında bir “müstəvər” (məst edən – M.Ə.) tipi var. Bu tip edpozdur. (“Bozbaş” bir növ Azərbaycan şorbasıdır). İsfahanlılar Şah Abbasın yanına gəlmiş, hər gün qeyb olan vətəndaşların ucbatından xalqın qorxuda olduğunu ərz etmişlər. Şah Abbas dəyişik  qiyafədə

*[7] İsfahana getmiş, bu sirri öyrənmək istəmişdir. Tədqiq əsnasında müstəvərin dükanına gəlib görmüşdür ki, bu dükanın müştəriləri həddən çoxdur. Səbəbini öyrənmək istəmişdir. Xalq, bu aşpazın çox ləzzətli şorba bişirdiyini ona anladarkən, pərişan hallı birisi “müstəvər”in şorbanı insan ətindən bişirdiyini söylədikdə hər kəs onu “hay, dəli, çaftalı” – deyə alçatmışdır. Halbuki, Şah Abbasın araşdırmasını davam etdirəndə kəşf etdiyi həqiqət, “dəli”nin doğru söylədiyini isbat etmişdir.

*[8] Zöhhakın zülmünə qarşı xalqı ayağa qaldıran məşhur iranlı dəmirçi (Arasoğlu).

*[9] Bakı limanındakı buxtanın adı Bayıldır. Su içərisindən dənizə çıxan qaz, dəniz durğun olduğu zaman atəş tutuntusıyla alovlanıb mavi bir işıqla yanır.