Kitablar
Şairi boğan bu havasızlıq daha böyük təsirlə qadın şairin riqqətli qəlbini titrədir. Onun duyduğu əzabı bir “Hicran” adlı parçada görürük:
Bir solğun çiçəyəm, bir sarı yarpaq
Candan şikayətkar, canandan iraq,
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər!
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara batdım, geymədim əlvan,
Düşünüb o ulduz gözləri hər an,
Ağlarkən, özünü yorma dedilər!
Mənim göylərimdən günəş çəkildi,
Parlaq həyatıma zülmət töküldü:
Vərəmli qəlbimə oxlar tikildi,
Qoy axsın qanları, sarma dedilər!
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər!
Milli Azərbaycan öz bağrından fədakar mücahidlər yetişdirir. Qəhrəmanlıqla ölməyi şərəfsiz yaşamaqdan üstün tutan bunlar kişi kimi savaşır və itirilmiş hürriyyətlə istiqlalın geri alınması uğrunda Sovet zindanları ilə uzaq Şimalın buzlu sahillərini saysız qurbanlarla doldururlar. Bu igidlər arasında şahanə həyəcanlarla yaşayan istedadlı gənclər az deyildi. Bu məhbus şairlər haqqında vaxtı ilə Bakıdan gələn mühacirət nəşriyyatında nəşr edilmiş bir məktubda təfsilat verilmişdi. Milli düşmənə qarşı kin və mübarizə ruhu ilə qabaran bu canlı parçalar arasında diqqətəlayiq bir şerləşmə vardır. Məhbuslardan biri edamlar və işgəncələrə məruz qalan məhbusların qorxunc vəziyyətini “Yazma!” adlı şerdə belə təsvir edir:
Görürəm, qanlı qaranlıqların
Zülmə baş əydirən alçaqlıqların
Ölümdən yapdığı qorxunc bir varlıq
Əlləri qazmada dərin məzarlıq.
Hayqırmaq istədim: “məzarçı qazma,
Qazma, yaşayıram, ölməmişəm mən!..
Qəlbim, qanım istidir səninkindən
Ümidim böyükdür, gömülməz, qazma!
Kiçikdir mənimçin aldığın ölçün,
Bu məzarı öz boyuna biçdin!
Boş yerə yorulma... göy yerə sığmaz!”
Ancaq...
Susdurur səsi qaranlıqların
Qan köpürən öskürəkli nəfəsi...
Çınladır afaqı bir bayquş səsi
Acı bir fəryadla bağırır: “Yazma!”
Məhbus şairlə zindanda əzab çəkən arkadaşı özünə “Yaz!” – deyə müraciət edir:
Üfüqdə duyulan bayquşun səsi
Qulaqlar çınladır, ruhlar hırpalar*[1],
Qaranlığın qan donduran nəfəsi
Bəzən bizi belə qorxuya salar.
Əvət, söylədiyin alçaq qatillər,
Hər yerə soxular, hər yeri gəzər
Yıxar, yaxar, boğar, yıxdırar, əzər!
Bəlkə hər şey edər, lakin o şeytan
Bir cənnət var, orda bir şey edəməz.
O cənnət ideal, bəkçisi*[2] iman,
İman olan yerdə şeytan yaşamaz!
Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şer bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda,
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan,
İstiqlal, o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə tutuşur, gözlərdə sönsə belə, –
deyən Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi bir yer tutur. Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini*[3] görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır. Gültəkin şerlərinin təfsilatı ilə araşdırılması bizi çox məşğul edir, vaxtımız və iclasımızın çərçivəsi buna imkan vermir. Bir neçə misalla kifayətlənirik, düşünürük ki, bu bir neçə misalla da Gültəkinin yaradıcılığı haqqında müəyyən fikir yarana bilər.
Onun milli istiqlal və milli bayrağa müraciət etdiyi bir şer:
Hür dedim özümə, zəncir qıraraq,
Get də kəməndini cəhənnəmdə yak!
Yurdumun mübbəd nigahbanıdır
Asırlar altından yüksələn bayraq!
Bayrağımız ölməz, ölərsə əgər,
Torpağın altına köçər ölkələr.
Azəri qanıyla yuyundun, yetər!
Etdiyin Neronun zülmündən betər...
Bir zəhər sunsa*[4] da, əməl doğrudu
Türklüyün qəlbinə vurduğun neştər.
Qaldıqca ruslarda diyarım mənim
Intiqam alacaq şüarım mənim!
Azəri oğluyam, adımda şan var,
Damarlarımda zülmə hayqıran qan var:
Məni öksüz*[5] sanıb kükrəmə, düşmən,
Bax, arxamda haqqı sevən cahan var.
O cındır bayrağın əlbət solacaq,
Azərbaycan yenə mənim olacaq!
Qurtuluş, ey nazlı, sevimli pəri,
Könüldən vurğundur sənə azəri,
Dişimlə qıraram bir gün gələr də
Bağrına saplanan qanlı xəncəri.
Yaşa, ey həsrətlə doğan istiqlal!
Yaşa ey türk, yaşa ey gözəl hilal!
Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi göstərə bilərik. Budur, Sənanın “İstiqlal şəhidlərinə” müraciət etdiyi bir parça:
Məşhədində nə daş, nə məzarın var,
Qara torpaglardır qanlı kəfənin...
Həsrətlə can verdin ah və zarın var,
Uyu ağuşunda yanıq Vətənin...
Analar! Dindirin həp göz yaşını,
Qoymayın onlara məzar daşını...
Onlar yüksəlmişlər başqa aləmə
“Ölürük, yaşasın istiqlal” – deyə.
Qalxın, ey mələklər, bir ləhzə susun
Süsləyin əflakı, salama durun.
Istiqlal ediniz canfədaları
Qanlı qələbəylə şühədaları...
Siz ey gözəl yurdun qoynunda yatan
Şühəda! Yolunuz sevgi izləri...
Hərarətli eşgin zəhrini dadan
Nəsil unutmayacaq əlbət sizləri!
Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayə edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş gənc bir şairdir. Hələ uşaqkən yaşadığı faciələrlə duyduğu iztirab bu içli*[6] şairi həsrət və iztirab hissləri ilə canlandırmışdır. Bunu biz onun Araz çayına müraciət etdiyi bir şerindən görürük:
Suyundan son ayrılıq damlasını içərkən,
Tutmuş bir od kimi bağrımı yaxdın, Araz,
Birər damla qan idi gözlərimdə birikən*[7]
Çox acı xatirəylə könlümə axtın, Araz!
Bir zamanlar nə coşğun, nə qədər şən axardın,
Köpürən sularınla dağı, daşı yarardın.
Söylə: büllur suların nədən belə bulandı?..
Sən ki günəşdən parlaq, aydan bərraqdın, Araz!
Çoxdandır ayrılmışıq ana-ata yurdundan,
Fələk cananı almış aşiqlərin qoynundan.
Söylə, yoxmu bir xəbər o dərdli anamızdan?..
Sən də mi könlümüzü sonsuz buraxdın, Araz!..
Ədəbiyyat bir millətin ruhunu əks etdirən ən gözəl aynadır, - deyirlər. Bu tərif baxımından yuxarıdakı iqtibas etdiyimiz materiallar bizə kommunizm ölkəsində, qırmızı istilanın milli hissi öldürdüyünə dair söylənən bəzi bədbin hökmlərin mübaliğəli olduğunu göstərir.
Həyat meydanına partlayışlı günlərdə atılan və sovet istilasından qaçaraq indi mühacirətdə olan Almas Yıldırım Vətənə bağlılıq hissini “Qürbətdə” adlı şerində coşğun bir ifadə ilə anlatmaqdadır:
Mən torpağı atəşlə yoğrulan bir diyarın,
Doğdum yad çəkmələrlə tapdanan yaxasında.
Ömrümü udub keçən hər qışın, hər baharın,
Içində mən ağlaram yalnız onun yasında.
Basdığın hər torpağın qoy cənnət olsun yeri,
Mən onu bircə anda adlayıb keçəcəyəm.
Getsin də buz bağlasın hər bir çeşmənin gözü
Mən yenə o içdiyim ağunu*[8] içəcəyəm...
Gəlsin hər çiçək mənə versin baharı müjdə,
Könlümdəki dağların getməz başımdan qışı...
Mən edəməm eşqimə yad bir məbəddə səcdə,
Burax, getdiyi yolun tufanlar olsun eşi*[9].
Mən qürbətdə ölərsəm, qəlbinə salma çilə*[10],
Söylə dostlar gömməsin nəşəmi torpaqlara...
Yaxaraq vücudumu kül edib verin yelə
Bəlkə bir zərrə alsın rüzgar bizim dağlara?
Yox, mən ölmək istəməm, görmədən doğma yurdu,
Mən orda ağlamışam, mən orda güləcəyəm.
Elə et, sevinməsin Kremlin vəhşi qurdu,
Mən tufanla doğmuşam, tufanla öləcəyəm!..
<< Əvvəli | < Geri | İrəli > | Sonu >>
*[1] Əzab vermək.
*[2] Keşikçi.
*[3] Beyt və ya misra.
*[4] Təqdim etmək, uzatmaq.
*[5] Yetim.
*[6] Həyəcanlı.
*[7] Toplanan, yığışan.
*[8] Zəhər.
*[9] Yoldaş.
*[10] Əzab, iztirab.