Kitablar

II

ƏDƏBİ VƏ MİLLİ İNTİBAH

Bu türklər Azərbaycanı ikiyə bölən Araz nəhrinin iki tərəfində sakin olub və qismən İrana şu və ya bu surətlə bağlı nimmüstəqil bir halda yaşadıqları zaman məhkum bir millət deyil, hakim olaraq yaşıyorlardır. Çünki əsrlərdən bəri İranın hakim sinifini türklər təşkil ediyordu.

Azərbaycan xalqı idarəcə gördüyü ağırlığı başqalarından deyil, öz cinsindən gördüyü üçün həqiqi məhkumiyyətini, mənəviyyatca başqa bir hərsin məhkumu olduğunu dərk etmiyordu. O get-gedə farslaşıyordu. Xəvas təhsilini farsca görüyor, fars tərbiyəsi alıyor, fars kibi düşünüyor və kəndisinin doğrudan-doğruya iranlı olduğuna qane oluyordu. Xalqın həll və əqdini əlində bulunduran bu xəvas kibi mənəviyyatına hakim olan üləma sinfi dəxi eyni ruhda, eyni tərbiyədə və eyni zehniyyətdə idi.

Fars ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kibi ustadlar bəxş edən bu torpaqda yetişən Azərbaycan xəvası pək təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul elədiyi Sədi lisanı qarşısında əriyib kəndiliyindən keçmiş, türk ilə türkcəyə xor baxmışlardı.

İranın o parlaq və cahanbəha ədəbiyyatı və o ədəbiyyat sayəsində tərbiyə bulan qüvvətli mənəviyyatı qarşısında təslim olub da təməssül edən türk xəvasının bittəb əvam üzərinə də böyük təsiri olacaqdı, həm olmuşdu. Türkcə, əvam və köylü lisanı ədd olunmuş, lisani-rəsmi və ədəbi olmaq üzrə farsi təmim eyləmiş, nəticədə tühəf bir millət vücudə gəlmişdi: dili başqa, yazısı başqa bir millət!

Mavərayi-Araz Azərbaycanının*[9] halı bu haldır. Orada hər kəs türkcə söylər, fəqət iş yazıya gəlincə farsi kəsilir.

Xəvas düşdüyü bu yanlış girəvənin çıxılmaz bir yol olduğunu sezmədiyi halda əvam, pək də laqeyd deyildi. Xalq qeyri-təbii olan bu hala ünsüri bir müqabilə yapıyordu. Türk xalqı xəvasdan heç bir kimsənin əhəmiyyət vermədiyi bu hala kəndi milliyyətindən isqat edilməsinə qarşı qiyam etmişdir. Bu qiyamın qəhrəmanları xalq hissiyyati-şairanəsindən mülhəm və bu hissiyyata tərcüman olan aşıqlar idi. Laədri müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və sair bu kibi dastanlar, ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə öylə siniyor, öylə yerləşiyordu ki, onunla deyil farsın “Nuşafərini”, “Fərhad və Şirini”, hətta Firdovsi ilə Hafizi belə rəqabət edəməzdi. O, öz Firdovsisini, öz Hafizini, öz Sədisini, kəndindən doğma türk şairini və ruhundan xəbər verən Azərbaycan müğənnisini arıyordı.

Bərəkət versin ki, xəvasının həpsi kəndisindən üz döndərməmişdi. Iştə bu doğduqları mühitə daha ziyadə mərbut qalan Azərbaycan şairləri xalqın zövqünü tətmin üçün türkcə şerlər yazmağa başladılar. Xalq ədəbiyyatı yanında bir də yazı ədəbiyyatı vücuda gəldi.

Bu xüsusda yalnız Azərbaycanın deyil, bütün türklüyün dahi şairlərindən, azərbaycanlılarca Əbu şüəra künyəsini daşıyan Füzuli mərhumun dərin bir nüfuzu, böyük bir mürşidliyi vardır.

Füzuli Azərbaycanda hər yerdən ziyadə mərufdur. Azərbaycanın ən çox oxuduğu və ən çox sevdiyi şair Füzulidir. Azərbaycan şeri son zamanlara qədər adətən Füzuliyi tənzirdən ibarət idi. Füzuli divanı hər yerdən ziyadə Təbrizdə basılmışdır. Hafiz divanı farslar üçün nə isə, Azərbaycan türkləri üçün də Füzuli divanı odur.

“Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Bəndə tovfiq olsa bu düşvarı asan eylərəm.
Növbahar olğac dikəndən bərgi-gül izhar olur”

– deyə türkcə yazmağa başlayan Füzuli, zamanında təsəvvür olunan “düşvarı” həqiqətən asan eyləmişdir. Füzuliyə böylə bir əzm təlqin edən zamanı, eyni zamanda, müasiri bulunan İran şahını belə türkcə şerlər yazmağa sövq eyləmişdir.*[10] Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə şer yazmaq “sühuləti” kəşf edildikdən sonra Füzulini tənzir və təqlid edənlər çoxaldı. Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan aldı.

Bu ədəbiyyatın hankı xüsusiyyət və müvəffəqiyyətlərlə irəlilədiyini və nə kibi əsərlər vücuda gətirdiyini göstərmək kəndi başına müstəqil bir mövzu təşkil edir. Burada isə biz yalnız bu qədərini söyləmək istəriz ki, Azəri ədəbiyyatının təkamülü tıbqı Füzulinin həyati-ədəbisinə bənzər. Füzuli ilk öncə farsicə yazmış, sonra türkcəyə başlamış, türkcə yazarkən də ibtida Azərbaycan şivəsi ilə yazmış. Bağdadın Osmanlılara keçidindən sonra Füzuli lisanı getdikcə osmanlılaşmış, Şərq şivəsindən təbaüdlə Qərb şivəsinə yaxınlaşmışdır.

Azərbaycan ədəbiyyatı da böylədir: azərbaycanlılar ibtida farsicə yazmışlar, sonra sırf Azərbaycan şiveyi-məhəlliyyəsi ilə yazan Füzuliməşrəb şairləri ilə qocaman bir dövr davam eyləmişdir. Bu dövrdə əvvəl Qövsi, Nəbati, sonra Vaqif, Seyid Əzim, Ləli, Raci kibi şairlər yetişmişdir. Nəhayət, üçüncü dövr gəlmiş: Qərb həyat və əfkarının təsirinə girən Azərbaycan ədəbiyyatı Osmanlı türk ədəbiyyatından mülhəm, müasir ədəbi türkcə ilə yazmaya başlamışdır. Bir tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan bu dövrün şairləri Əbdülsəlimzadə Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Səhhət, Müznib və sairləridir.

Şimali Azərbaycan, Rus təhti-idarəsinə keçdikdən sonra siyasi hüququnu kamilən itirmiş, məhkumiyyətin acısını təmamilə dadmışdı. Əvvəlki zamanda o, gördüyü hərs məhkumiyyətini müştərək bir din və müştərək mədəniyyət təsiri ilə sezmiyordu. Çünki o zaman milliyyəti – sözün bu günkü mənası ilə – daha müdrək deyildi. Getdikcə farslaşan Azərbaycan türkü bu dəfə ruslaşdırma siyasətinə məruz qalıyordu. Təbii idi ki, bu hal xalqın həssas əsəblərinə toxunuyor, müdafiəyi-nəfs hisslərini dərindən qıcıqlandırıyordu. Bunun üçün də xalq kəndisini düşünməyə məcbur idi.

Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəbhədən gəliyordu: bir tərəfdən xalqın hissiyyati-diniyyəsini idarə edən üləma və mollaları kəndi kontroluna tabe tutur, digər tərəfdən də milli tərbiyəyə meydan verməyərək xalqı rus məktəblərində (uşkol) oxumağa icbar ediyordu. Birinci məqsədin təmini üçün şiə və sünnilərə məxsus olmaq üzrə ayrı-ayrı iki idarəyi-ruhaniyyə təsis eyləmiş, bütün molla və əfəndiləri bu idarə vasitəsilə kəndisinə tabe birər məmur kibi qullanmışdı. Ikinci məqsədi təmin üçün də müəyyən ruslaşdırma proqramı ilə uşkollar (məktəblər) təsis edilmişdi.

Xalqda nə bu məmurluğu qəbul edən mollalara etimad, nə də məzkur uşkollardan çıxan bəyzadələrə etibar vardı. Hökümət tərəfindən təyin olunan mollalara “dəftər mollası”,*[11] rus uşkolundan oxuyan gənclərə də “rus balası” deyən xalq kəndi hissi-fitrisilə sezdiyi ruslaşdırma siyasətinə bildiyi kibi müqabilə etmişdir. O, dəftər mollasına öz “axund”unu, hökümət uşkoluna kəndi “məktəbxanə”sini qarşı qoymuşdu.

Hər nə qədər xalqın möhkəm tutduğu “axund” ilə “məktəbxana” tamamilə kəndisinin deyil, Iran nüfuzunun müəssisələri olsa da, ruhuna yabançı bulunan rusluğa qarşı bu müəssisələr daha milli, daha doğma idi. Buna görə də o, “axund”un hürriyyəti və “məktəbxana”nın istiqlalı üçün yapdığı mübarizədə pək haqlı və bu mübarizə dəxi pək məqul idi. Çünki o, siyasətən məğlub olmuşsa da mənən bərbad olmaq istəmirdi.

Fəqət xəvas yenə yanılmışdı. Vaxtilə Firdovsinin romantizmi, Sədinin dərin hikməti, Hafizin dadlı qəzəlləri qarşısında bayılan “mirzə” bu dəfə də Lermontovun dağlarda uçan ruhu, Puşkinin su kibi axan nitqi, Tolstoyun məsihanə fəlsəfəsinə vurulmuş bir “uçitel” idi*[12].

Sənələr keçdi, bir tərəfdə “mirzə”, digər tərəfdə “uçitel” durdu. Bunlar bir çox zaman anlaşmadılar. Farslaşmış mirzə kibi ruslaşmış uçitel dəxi xalqın hədsən duyduğu mətləbi bir çox zaman dərk edəmədi. Nəhayət, bir çox kəcvaclardan keçildi. Məktəb və mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra “uçitel” məqsədi anladı, bildi ki, Sədini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü onlarla aşina etmək həm lüzumlu, həm faydalıdır. Fəqət bununla bərabər, türkü kəndi Sədisindən, kəndi Tolstoyundan məhrum etmək olmaz. Sədini, Tolstoyu və sair dünya məşahiri-ədibini anlamaq üçün kəndi Füzulilərini, Nəbatilərini – nə qədər kiçik də görünsələr, Seyidlərini, Sabirlərini, Cavidlərini, Cavadlarını öyrənməlidirlər.

Bu zəmində rus məktəbi vasitəsilə mədəniyyəti-hazirəyi az-çox dərk etmiş ürəfa ilə xalq arasında yekdigərini anlamaq dövrü başladı.

Bundan 50-60 sənə əvvəl müasir Azərbaycan ədəbiyyatının binası quruldu. Şərq mədəniyyəti ilə mükəmməl surətdə mücəhhəz və rusca vasitəsilə də Qərb mədəniyyətinin əsasatı ilə aşina bulunan Mirzə Fətəli Axundzadə ilə başlayan teatro ədəbiyyatı, Nəcəf bəy Vəzirov, Əbdürrəhim Haqverdiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kibi mühərrirlər tərəfindən tənzir və idamə edildi. Mirzə Fətəlinin komediyaları türk aləmində yazılmış ilk komediyalardır. Münəqqidlərcə “Şərq Molyeri” ləqəbini qazanan Mirzə Fətəlinin məcmuəyi-asari ruscaya, almancaya, ingiliscəyə, qismən də fransızcaya tərcümə edilmişdir.

Teatrodan bəhs edincə, Azərbaycan musiqisindən bəhs etməmək qabil deyildir. Teatro sənəti Azərbaycanda olduğu kibi İslam aləminin heç bir tərəfində irəliləməmişdir. Burada türkcə opera, operetta təsis edilmişdir. Ilk Azərbaycan bəstəkarı Üzeyir bəy tərəfindən güftəsi Füzulinin olmaq üzrə “Leyli və Məcnun” operası bəstələnmiş, bundan başqa “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah Abbas və Xurşudbanu” kibi digər operalarla, “Arşın mal alan” kibi operettalar dəxi butun Qafqasiyada, İranda, qismən də Türkiyədə məşhurdur. “Arşın mal alan” operettası İstanbul səhnələrində amaturlar tərəfindən göstərildiyi kibi, ermənicə, gürcücə və ruscaya dəxi tərcümə edilmiş və teatro mövsümlərində dəfələrlə təkrar olunmuşdur.

Teatro yazılarını mütəaqib qəzetə təsisinə başlanmış, 1875 sənəsində mərhum Məlikzadə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetəsi təsis olunmuş, bundan sonra Ünsizadələr tərəfindən təsis olunan “Ziyayi-Qafqas” ilə “Kəşkül” qəzetələri çıxmışdır. Birincisi 1877 sənəsi rus-türk müharibəsi zamanındakı nəşriyyatından dolayı hökümət tərəfindən qapadılmış, ikincilər də bir kaç nüsxə çıxdıqdan sonra kəndiliklərindən təvəqqüfə uğramışlardır (1880 və 1891).

1905 tarixinə qədər Azərbaycan ədəbiyyat və mətbuatı müntəzəmən təsis və tərəqqi edəməmişdir. Yalnız 1903 və 1904 sənələrində Tiflisdə intişar edən “Şərqi-Rus” qəzetəsi bu uzun sükut dövrünü bitirmişdir. Şahtaxtınski Məhəmməd ağa tərəfindən təsis olunan bu qəzetə bir sənə davam etdikdən sonra Bakıya nəql eyləmiş və burada qapanmışdır. Fəqət Rusiya inqilabi-səğirini təşkil edən 1905 sənəsi, Rusiya türkləri üçün milli inkişaf dövrünün ibtidasını təşkil eyləmişdir. Müəssisati-ictimaiyyə ilə hürriyyəti-mətbuat nöqteyi-nəzərindən bir parça müsaidat ilə nəticəpəzir olan bu inqilabdan bilistifadə bütün Rusiya türklərində olduğu kibi Azərbaycan türklərində də sürətli bir hərəkəti-milliyyə başladı. Bu hərəkət bir tərəfdən milli mətbuat təsisi, digər tərəfdən də milli məktəb və ümuri-diniyyənin millətin kəndisi tərəfindən müntəxəb əşxas və müəssisat vasitəsilə idarə edilməsi davasından ibarət idi.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>