Kitablar

Məhəmməd Əmin Rəsulzadə*[1]

AZƏRBAYCAN CÜMHURİYYƏTİ

Ön söz əvəzi

(M.Ə.Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında)

Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.

*  *  *

İnsanlara hüriyyət, millətlərə istiqlal!

*  *  *

Ah, Azərbaycan! Biz sənin haqqını  tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.

*  *  *

Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!

*  *  *

Səfir bulundurmaya haqqı olmayan bir istiqlalı istəməyiz!

*  *  *

Bakı, Azərbaycan atəşkədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də mənbəyi idi.

*  *  *

Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır.

*  *  *

Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır.

*  *  *

Azərbaycan dövri-istiqlalına bolşeviklər “MÜSAVAT DÖVRÜ” deyirlər. Fəqət xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. ...Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.

*  *  *

Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-girsin,  meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar.

Şərq millətlərinin xilas və nicatına aid şüarlar ilə bolşeviklər sözdə millətlərin hüququna, hürriyyətinə və istiqlalına hörmətkardırlar. Işdə isə digər imperialistlərdən heç də fərqli deyildirlər.

*  *  *

Üsyan və qanla səri-kara  gələn bir qüvvət üsyan və qanla da gedəcək. Bu gün bu üsyanı yapan müntəzəm bir qüvvət yoxsa da yarın o qüvvət kommunizmin kəndi vücuda  gətirdiyi təşkilat hüceyrəsindən olsa da  doğacaqdır.

*  *  *

Kommunizm rejimi süqut etmək məcburiyyətindədir.

*  *  *

Dünya ingilabat və müharibələrində axan qanlar daima yeni məfkurələrin tövlidinə səbəb olmuş deyilmidir?

*  *  * 

Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o da  istiqlal fikrinin rüsuxudur.

Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdası ilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, Çekanın amansız edamlarına rəğmən  gecə-gündüz çalışıyor, ilk fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o zaman yanıq könlündə atəşin cizgilərlə mənən mənquş (nəqş) bulunan bayrağı maddətən yüksəldərək deyəcək.

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!

BİR MÜTALİƏ

Əzizim, Əmin arkadaş! “Azərbaycan Cümhuriyyəti” ünvanı ilə vücuda gətirdiyiniz əsər haqqında fikir və mütaliəmi soruyorsunuz... Cahan hərbinə qədər Azərbaycanın həyati-hərsiyyə və ictimaiyyəsini yaxından-uzaqdan az-çox təqib edə bilmişdim. Fəqət hərb başladıqdan sonra buna layiq vəchlə davam bittəb mümkün olmadı. Iki qardaş türk şəhəri olan İstanbulla Bakı və ələlümum Türkiyə ilə Azərbaycan arasında sövqi-hadisat ilə peyda olan qalın sis pərdəsi bir şey görməyə, eşitməyə, duymağa mane oldu. Bu gün pərdə yavaş-yavaş qalxıyor. Siz də bu pərdəni qaldıranlardan biri olursunuz. Həqiqət yekdigərə müariz tərəfləri dinləməklə meydana çıxarıla bilir. Ötədən bəri hökmləri vermək üçün Audiatur et altera pars” yəni “digər tərəflər də dinlənməli” qaydasına riayəti kəndimə bir vəzifə ittixaz etmiş olduğumdan əsəriniz haqqında ancaq bu nöqteyi-nəzərdən bəyani-mütaliə edə bilərəm: Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid sifətilə çalışdınız, bir çox mühüm vəqaye və hadisatı rəyüleyn yaxından gördünüz, müxtəlif cərəyanların içində bulundunuz və sərgüzəştlərlə mali bir həyat yaşadınız!.. Və zatən mövcud və müsəlləm olan elm və irfanınıza, əlbəttə, pək çox qiymətdar və müfid müşahidat və məlumat əlavə etdiniz və şübhəsiz, bunları əsərinizdə qeyd və təsbitə çalışdınız. Lakin Siz Azərbaycanda bir tərəfi, bir firqəyi, bir firqəyi-siyasiyyəyi təmsil ediyorsunuz. Arzunuza rəğmən nə dərəcədə bitərəf qala bilirsiniz, bunu şimdiki halda təyindən acizəm. Məmafih, şübhə yoxdur ki, əsəriniz bir boşluğu dolduruyor: Türkiyə nəşriyyatının ən böyük qüsurlarından biri qonşu məmləkətlər, ələlxüsus həmcivar türk ölkələri haqqında sədrə şəfa verəcək kafi məlumatı ehtiva etməməsidir. Bu cəhətlə əsəriniz, hadisatı vəlov vəhidülcanib bir zaviyəyi-röyətdən görüyor fərz edilsə belə, mətbuatımıza pək qiymətli bir hədiyyə olacaqdır. Çünki mövzu vəziyyəti-iqtisadiyyə və siyasiyyəsi ilə aləmşümul bir əhəmiyyəti haiz olan Bakının, Azərbaycanın və dolayısı ilə bütün Türklüyün müqəddəs və müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas ediyor. Bir xalqın, bir millətin asudə və müsəmmər bir həyata, rifah və səadətə nail ola bilməsi nasıl sünufi-ictimaiyyə beynində iqtisadi bir təsanüd və ədalətin vücuduna vabəstə isə öylə də aləmin, bütün bəşəriyyətin sülh və asayiş nemətlərindən mütənəim ola bilməsi beynəlmiləl münasibətdə ədalət və insaf məfhumlarının hakim və cari olması ilə qabildir. Beynəlmiləl insaf və ədalətdən doğan sülhi-ümumiyi-aləm isə Azərbaycanın dəxi hürriyyət və istiqlalını istilzam edər. Ancaq bu istiqlalın mücahidləri, nigahbanları qəvi və mütəqəyyiz olmalıdırlar!.. İzmir iqtisad konqresində “İqtisadi misaq” proqramında bir də “Kitab bayramı” ehdasından bəhs olunuyor. Ümid edirəm ki, “Azərbaycan Cümhuriyyəti” ilk “Kitab bayramı” ziyafətində ən dadlı, ən müğdi qidayi-ruhiyyələrindən biri olur və türk istiqlalının mücahidlərini, nigahbanlarını bəslər, təqviyyə edər və oyandırar!

HÜSEYNZADƏ ƏLİ*[2]

İrəli > | Sonu >>