Məqalələr

"NADİR ŞAH"

Doktor Nərimanbəy Nərimanovun şahkarlərindən olan "Nadir şah" dramasını yeni təşəkkül edən müsəlman dram artistləri şirkəti Tağıyevin teatrosunda keçən cümə gecəsi mövqe tamaşaya qoymuşdu.

Əsər haqqında söz söyləmək, öylə biliyoruz ki, artıqdır. Çünki, bu əsər çox kərə oynanmışdır. Yaxında müəllif cənabları "Nadir şah"ı bəzi təshihlərlə bərabər tazədən də çap elətdirmişlərdir. Fəqət nədən isə drama şirkəti "Nadir şah"ı köhnə çapının üzündən oynamağı müvafiq görmüşdü. Bu etinasızlığından və yaxud fəzlə mühafizəkar olmasındanmı irəli gəlmişdir? Bilmiyoruz. Bildiyimiz bir şey varsa, o da budur ki, drama dəstəsinin bu cəhətlərinə baxan kimsə, bir azca özbaşına və qeydsizdir. Məsəla: əsərin ünvanı "Nadir şah" ikən elannamələrdə "Nadir şah Əfşar" və proqrammada isə "Nadir şah Əfşar və yaxud İranın kəbiri-inqilabi" yazılmışdır.

Buna nədən lüzum görülmüşdür?

"Nadir şah Əfşar" sözü daha mövzun imiş və yain ki "böyük inqilab", yaxud "kəbiri-inqilab" təbiri müddiaya müvafiq imiş kimi mülahizələrmi işin içərisinə daxil olmuşdur? Bilmiyoruz. Fəqət bu qədər biliriz ki, "Əfşar" bir tayfa adıdır. Nadir şahı kiçik bir tayfaya nisbətləndirməklə onun aləm-şümul olan əhəmiyyəti artmaz. Biləks o qədər böyük bir şöhrət, kiçik bir dairayə soxulmuş olar. Bu, buna bənzər ki, böyük Tolstoyun adı çəkilərkən Yasnaya Polyananı deməyi də lazım görəsiniz. Halbu ki, Yasnaya Polyana Tolstoyu deyil, Tolstoy onu şöhrətləndirmişdir. Öylə də Nadir şah Əfşar tayfasına mənsub olduğu üçün məşhur olmamış, biləks Əfşar tayfası ona nisbətlə məşhur olmuşdur.

Bundan keçdikdən sonra "Nadir şah Əfşar" tərkibi farsi bir tərkibdir ki, türkcə bir kitabın ünvanını təşkil etməklə o qədər səlahiyyətli ola bilməz. Kitabların, bilxassə drama əsərlərinin adları qısa və muciz olmaq lüzumu nöqteyi-nəzərindən dəxi "Nadir şah" heç bir əlavə və "ziynətə" möhtac deyildir. Bu kimi özbaşınalıqlar daima xeyirdən çox zərər yetirir. Bunlardan vaz keçilsə müvafiqdir.

Əgər ümumiyyət üzrə soruşulursa "Nadir şah" oyunu gözəl keçdi. Mənzərələr, qiyafələr, oyunlar, pyesdəki keçirməkdə olduğumuz tarixi vaqeələr nöqteyi-nəzərindən mövcud olan əhəmiyyət və bəzi dövlət idarəsinə aid olan lüzumlu fikirlər əl-ələ verib tam bir müvəffəqiyyət vücuda gətirir və hər kəsdə bizdə dramanın dirildiyinə aid bir ümid oyadır idi.

Eyibsiz gözəl olmaz. Bu gecə də eybsiz deyil idi. Nə qədər mütəəssifiz ki, eyibləri saydığımız sırada başda kəndisindən ən çox müvəffəqiyyət gözlədiyimiz Hüseyn Ərəblinski cənablarından başlamaq məcburiyyətindəyiz. Hüseyn get-gedə məəttəəssüf-artmaqda olan bir xasiyyətlərindən naşi layiqli bir Nadir şah tipi verə bilmədi. Artistlərdə əsab çox dəfə həssas olur. Fəqət Ərəblinski bir parça əsabdan ibarətdir. Başladımı, haman bir-boyuna bağırıb-çağırıb gediyor. Bir "qramofonizm" hasil ediyor. Ax bu "qramofonizm" olmasaydı da Ərəblinski də bir az aram və bir az "intenasyon - səsini dəyişdirmək" olsaydı o vaxt şəksiz ki, faciənin baş rolu olduqca mükəmməl çıxacaq və yanımızda oturan müəllif cənabları, bu dəfə ki, müşahidəsinin əksi olaraq yazarkən təsəvvür elədiyi Nadiri haman görə biləcəkdi. Nadirin atdan düşməsinə də irad tuturlardı. Nadir atın sağ tərəfindən düşdü. Bunun əlbəttə biz heç də fərqinə varmaz və bunu aktyora bağışlardıq. Yalnız yanımızda möhtərəm dağıstanlılardan bir ikisi vardı. Bunlar heç bir novlə bu səhvi Nadirə bağışlaya bilmirlərdi. Nadir kimi bir sərəsgər minicilik bacarmasınmı?.. Bu fitrətən cəngavər və minikci olan dağıstanlıların hissiyyatına toxunuyordu. Nadirin Mirzəmehdi xanın əlindən alıb kağıza diqqətlə baxması da tarixşünasların zövqünə gəlmiyordu. Çünki, bu diqtənin bica olduğunu biliyorlardı. Zira Nadirin ümmi və avam olduğu tarixcədə oynanılan dramcada sabitdir.

Fəqət bu nöqsanları ilə bərabər vəzifəsinin oyun və şəriyyəti tərəfinə aid qisimlərində Ərəbünski həqiqətən də mərəkə ediyordu. Qələnin alınması və buradaki komanda o qədər şairanə və o qədər ustadanə idi ki..., hətta bunun müqabilində yuxarıda zikr olunan dağıstanlılar haman aktyorun minicilik qüsurunu əfv etməyə hazır idüər.

Dramanın ikinci qüvvəti hesab olunan Şərifzadə cənabları bu dəfə də bəd oynamadılar. Fəqət ona da deməliyik ki, səsinin qeyri təbiiliyinə indidən baxsın, çarəsini düşünsün, yoxsa o da Ərəblinski kimi ikinci bir "qramofonizm" vücuda gətirəcəkdir.

Əliəkbər Hüseynzadə, nədən isə hər dəfə ciddi rollara girdikdə ədəmi-müvəffəqiyyətini görməklə bərabər yenə böylə bir günahı işliyor. Bu dəfə də günahkar idi. Ciddi Sultan Hüseyn rolunda ikən haman "Qubadlığı yadına düşür və bir Sultandan ziyadə rovzəxana bənzəyirdi. Olmaya bu onun üçündür ki, Səfəvilər rovzəxanlığın müəssisi olmuşlardır... deyən düşünüyor...

Bu gecənin ən müvəffəqiyyətli aktyoru məncə yeni bir qüvvə olan Sidqi cənabları idi. Sidqi cənabları bir Ədhəm xan rolunu, bir də Nadirin oğlu Rzaqulu Mirzə vəzifəsini ifa elədilər. Hər iki rolda o qədər məharət və o qədər artistük istedadi göstərdilər ki, "gəl-görəsən". Bu cavan qüvvədə həqiqətən də böyük bir aktyorluq qüvvəsi vardır. Girdiyi rolları tamamilə dərk ediyor. Oyunu, tələffüzü də mükəmməldir. Eyni zamanda da müqəllid deyildir, müstəqil bir məharət göstərmək istedadını haman ilk baxışda isbat eləməkdədir. Səhnəmiz bu qüvvətdən çox istifadə edə biləcəkdir.

Gürcübəy, Cavad (Nadirin dayısı) və Heydərxan rollarını oynayan Qəmərlinski cənabları da hüsn tənqidi qazanacaq bir vəziyyətdə idi. Bu aktyorumuzun malik olduğu ağzə yalnız Bağdatbəyov cənabları malikdir. Qəmərlinski gözəl bir səhnə qüvvəti olduğunu bu kərə də isbat etdi.

Bağdadbəyov cənabları da Mirzəmehdi xan rolunu yaxşı ifa etdi. Mətin və kəskin idi. Başqaları da öz yerlərində idilər.

Bu faciədə ancaq bir arvad rolu vardır: Nadirin arvadı Gülcahan rolu. Bu rolu Gülsabah xanım ifa ediyorlardı. Oyunu yaxşıydı.

Tamaşa vəd olunduğundan gec başlandı. Oyun əsnasında da bəzi ləngliklər oluyordu ki, təsiri pozurlardı.

Tamaşaçı tamam deyil idisə də, kafi qədər vardı. Xalq oyundan olduqca məmnun qalmış kimi görünürdü. Bilxassə Nadir ağzından çıxan bəzi şahanə hikmətlər haman tamaşaçıların alqışını dəvət edirdi.

Ümid edəriz ki, get-gedə drama dəstəsi daha artıq müvəffəqiyyət qazanacaq və irəlilədikcə nöqsanlarını təkmil edib həqiqi bir drama qüvvəsi vücuda gətirə büəcəkdir.

M.Ə.RƏSULZADƏ
"İqbal" N 813,
14 dekabr 1914

şahkar - şah əsər, ən yaxşı əsər
mövzun - uyğun
ümmi - savadsız
müqəllid - təqlidçi, yamsılayan
ağzə - başlanğıc