Məqalələr

QAFQAZI “UNUTMAYIN”!

Keçən nömrəmizdə rus xuliqanlarından ən təfritdə*[1] bulunanlarının fikirlərinə tərvic*[2] verən “Veçe” fəsadnaməsinin fitnəkaranə, cinayətşüaranə tərzdə yazıb, bütün qafqazlılara və xüsusilə müsəlmanlara elədiyi oücumları ənzari-qariinə verib, vədə vermişdik ki, bu xüsusda öz mütaliatımızı*[3] bəyan edək.

“Veçe” Dumanın, oktyabrist Dumasının “solluğundan” və “həqiqi ruslar” kimi bütün qeyri millətləri bir dində tutmamaqlarından gileylənərək, “Qafqazda olan rus cəmaətinin böyük bir fəlakət altında qalıb, özgələrin ayaqaltı olmasına və yaxın bir zamanda gözəl Qafqazın Rusiya dövləti-əliyyəsinin daireyi-məhsurəsindən*[4] çıxıb, ayrı dövlət surətini kəsb etmək qorxusuna diqqət və fikr” verməyib işsizlik büruzə verməsindən acıqlanıb, böylə bir lisani-tətavül*[5] ilə Qafqaz ruslarının məzlumiyyətin təsvir ediyor:

“Qafqazda, xüsusilə Zaqafqaziyada dirilik rus cəmaətinə nəhayət dərəcə müşkül olmuşdur. Qəzanın köməyindən düşmüş, hakimlərin fikrindən çıxmış, qeyri millətlərin qısqısına uğramış rus qafqazlısı məhəlli hakimlərdən ümidini üzmüş, özünün xilas olmasını Peterburqdan gözlüyor!”

Əcəba hansı rus əhalisidir ki, böylə bir səfalətə giriftar olub?..

Qafqaz ruslarının çoxusu amir və hakimlərdən ibarət olduğundan heç bir məntiq ilə demək olmaz ki, “hakimlərin fikrindən çıxmış olsunlar”. Rusiyanın güniş və münbit yerlərini mülkədarlara təxsis edib, zahirdə isə “yersizlikdən”, ya batində isə “Veçe”lərin fikri üzərinə ruslaşdırmaq qəsdi ilə məhəlli kəndlərin cəbr ilə qovulan əhalisi əvəzinə iskan*[6] etdirilən füqərai və Rusiya məsakini barəsində söz gediyorsa, doğrudan da demək olar ki, onlar pis keçinirlər. Lakin bunların “səadəti” üçün ata-baba yerlərindən əl çəkənlərin madəri-mehriban mənziləsində olan vətənindən dərbədər düşənlərin, dərbədər düşübdə “Veçe” fikirli hökümət kişiləri kimi “hamiləri” olmayanların övzai daha da fəna olsun gərək. Qafqaz cəmaəti bütün müxtəlifül-lisan val-lon*[7] millətlər ilə bərabər hamısı bir dərəcə rəzalət və səfalətə girifdardırlar ki, hamısı “həqiqi ruslar”ın sayəsində “qəzanın köməyindən düşüb, hakimlərin fikrindən çıxıb” “müftinlərin” qısqısına uğramışdırlar...”. Hərgah Qafqaz rusu qeyrilərə nisbətən bir az artıq məşəqqət çəkirsə, ona səbəb olan qafqazlılar deyil, bir millətin səadətini o biri millətin fəlakətində görən həqiqi ruslardır ki, mövhumi və məlunanə politikalarını icra etmək üçün cahili-sırf olan əvamünnası*[8] əllərində alət edib, boylə rəzalətə atmışlar və onları özləri kimi səfil Qafqaz əvamının hədəfi-həsəd və buğz*[9] etmişlər.

Böylə bir nizamın təsvirindən sonra “Veçe” Rusiya hökümətini qorxudur ki, “təbiətin fəvqəladə dərəcə bəxş etdiyi bir sərvətə dara olan” Qafqaz əyalətinin əldən getmək qorxusu vardır. Buna görə də lazımdır ki, orada baş verən və daima cuşda olan “cühud-inqilab”ını yatərmaq “Qafqazın dərələrini, dağlarını boyayan rus qanının nəhrini saxlamaq!..”. Bu xüsusda insaniyyət düşməni olan bu qəzetə Qafqaz hökümətindən də narazıdır. Qraf Voronsov-Daşkovu inqilabı yatırtmaq yolunda işsizlik və süstlükdə müttəhim edib diyor ki, “dövlət mənafei rus imperatoru canişininin vecinə deyil... Əlahəzrət imperatorun canişini dövrəsini alan siyasiyunların təhti-nüfuzlarında olaraq, xaricilərin, hətta az nüfuslusunun*[10] böylə (yəqin ki, gürcülərə işarədir) törətdikləri ədəbsizliklərə barmaqları arasında baxmaqda və hətta onlar ilə müdara etməkdədir”.

Doğrusu canişinin Qafqazda törənən “ədəbsizliklərə” barmaqları arasından baxmasına inana bilmiyoruz. Burada canişinin bir qəbahəti varsa, o da yerli qafqazlılardan bilmərrə yer üzərindən götürülməyib baqi qalmalarıdır. Zənn olunursa, “Veçe”nin nə demək istədiyini anlamaq olur. Lakin canişim cənablarının boylə şiddətə gəlməməyi haman dövlət mənafei nöqteyi-nəzərindəndir”. Çünki dövlətin səadəti, mənfəəti əyalətlərinin xarabazar şəklində düşməsində deyil, onun abad və gülüzar olmasındadır.

Bu qədər bilməlidir ki, zülmi-təəddi artdöqca, əhalinin qəzəbi və nifrəti də bir o qədər artır.

Iştə hər kəs Qafqazı Rusiyanın “dövlətli-sərvətli” bir əyaləti surətində saxlamaq istiyorsa, onu təzyiq, sıxıntıya tutmaq, Rusiya çinovniklərinə qurban etmək, “həqiqi ruslar”ın keyfinə buraxmaq deyil, haqq və ixtiyarca, heysiyyət və qədərcə bütün Rusiya ilə müsavi və bərabər etməlidir.

Haman bu qəsd ilə də canişinin “tərəqqipərvərlik” büruzə verib, Qafqazda Rusiyada olan zəmindarlıq imtiyazlarını və qeyri bir çox imtiyazları verməklə vilayəti rahət etmək fikrinə düşüb, bu xüsusda Dumaya layiheyi-qanun göndərmişdir ki, “Veçe”nin bundan artıq dərəcə açığı tutmuşdur...

Bu provokator Voronsov cənablarına ünvanən qazdığı sətirlərdə diyor ki, canişin öz idarəsizliyi sayəsində Qafqazı xırda-xırda “federasiya”lara bölüb, bir düşmən orduğahı şəklinə salmışdır.

Buna deməlidir ki, Qafqazda hazırlanan “düşmən ordugahını” düzətdirən Voronsov-Daşkov cənabları deyil, bu vilayətlərdə açılan “rus ittifaqi-milliyyə”sinin şöbələri və bu ittifaq məsləkində olan adamlardır.

Hər kəs bu federasiyaları məhv etmək istiyorsa, o federasiyalara göyərmək üçün yer hazırlayan şərtlərin məhvinə çalışsın, yoxsa çakic zindana nə güclə vurularsa, öylə də bir müqabilə görər. Bu isə qanuni-təbiidir!..

Axırda qəzetə dərdini bütün vərəmlər ilə kəşf ediyor: müsəlmanların ayılıb, bir az da olsun öz hüquqi-milliyyə, bəşətiyyətlərini düşünmələrinə övkələr ediyor. Baxınız ki, necə bir təhər ilə Qafqaz iğtişaşlarının müsəlmanlarına hücum ediyor.

“... Qafqaz iğtişaşlarının əvvəllərində (1904-1905) biz bir dərəcəyədək mümkün edə bilərdik ki, məhəmmədi əhalisinə etimad edərdik. Amma indi heç bir vəchlə onlara etimad etmək olmaz. Cühud – inqilab ləpəsi Qafqaz müsəlmanlarını da hərəkətə gətirdi. 1906-cı sənənin axırında və keçən 1907-ci ildə “yoldaşlar” füqərayi-kasibələr müsəlman cavanlarını bilmərrə başdan çıxartdılar”.

Bu cümlədən sonra müsəlmanların “inqilabçı və üsyançı” olmalarını layiqincə təsvir etmək üçün bu axır zamanlarda Bakıda vaqe teatro vəqəəsini nəhayət bir dilgirlik ilə yazıb diyor ki, “səyahət edən bir truppa “Məhəmmədin behişti” adında bir oyun oynayaçağının şəhərdə elan etdi. İctimaiyyun-amiyyunlar bu gözəl fürsətdən istifadə edib, müsəlmanları inandırdılar ki, bu pyesdə məhəmmədilərin dinləri məsxərə edilir. Inqilabçılar tərəfindən əqildən çıxarılmış müsəlman cavanları böyük bir mərəkə çıxartdılar. Bütün mağaza və dükanlar o saət bağlandı. Məhəlli hökümətə “həyasız” pyesin mən edilməsi babətdə tələbnamə təqdim edilib, əks surətdə küçə nizamsızlıqları göstərməklə təhdidat edildi. Məlumdur ki, hər yerdə və hər vaxt olduğu kimi bu dəfə də hökümət özünü itirdi və “əhali”nin istədiyini nəhayət bir mehribanlıq ilə əmələ gətirməyə tələsdi ki, o saət intibahnamələr paylanıb, hökümətin zəfi qeyd edildi.

Görürsünüz ki, “Peterburqda məscid tikib, minarəsində əzan demək – xristianlığı təkdirdir” – deyən bu xuliqanlar nə dərəcədə cəsarət bəhəm ediblər ki, 70 min müsəlman əhalisi olan bir şəhərdə “Məhəmmədin behişti” kimi hissiyati-diniyyəyə toxunacaq və beynəlmiləl qanuna zidd olan bir pyesin oynanmasını rəva görüyor. Və bu xüsusda müsəlmanlarda bir əsəri-fərəh olaraq görünən həvəsi-hüquqşünasanəyi dağıtdırmaq xəyalına dəxi düşüb Baxınız ki, məhəlli hökümətə nə tövbixlər ediyor: “Hər yerdə olduğu kimi bu dəfə də hökümət “əhali”yə güzəşt etdi” – diyor. Bu cümlədə “əhali” sözünün qavıçqaya alınmasına diqqət edilsin. 70 minə baliğ*[11] müsəlmanlar “Veçe”yə görə hənuz əhali adını almağa layiq deyilmişlər, çünki həqiqi rus deyil, başqa din, başqa məsləkdədirlər. “Hər yerdə əhaliyə güzəşt edən” hökümətdən dəxi rəncidəxatir oluyor. Guya hökümət böylə bir haqlı olan tələbə vəq qoyub*[12], gözlənilən bir fitnəni gərək yatırtmaya imiş. Lazım gəliyormuş ki, müsəlmanları öldürüb, qırıb-çatıb “Məhəmmədin behişti”ni oynatdıra imiş və “Veçe”çilərin ürəyindən tikan çıxarda imiş. Qoy bütün şəhər dağılsın, aləm fənaya getsin! Təki Rusiyada olan qeyri millət və məzhəb sahibləri təhqir və təkdir olunsunlar. Böylədir həqiqi rusların məntiqləri! Axırda bütün rusları və höküməti tazəcə hərəkətə gələn, yenicə öz həqqini görməyə başlayan müsəlmanları qırıb-çatmağa və olmazın təzyiqat altına almağa hazırlamaq qəsdi ilə onları özünün və həmməsləki “Novoye vremya”nın xülyası olan “Osmanlı rus” davası ilə qorxudur.

Diyor ki, “hərgah bu dava başlanarsa, o zaman Qafqaz müsəlmanlarının gözə çarpacaq bir halda artan əhvali-inqilabiləri ilə hesablaşmaq gərək”.

Bu “bəlanın” önünü almaq üçün baxınız ki, fitnənamə nə təklif ediyor. Bunun təklifincə Qafqaza tazə ixtiyarat, yeni üsuli-idarə deyil, köhnə zamanın idarəsini qaytarmalıdır!!

Bilirsinizmi, bu köhnə zaman idarəsi nədən ibarətdir? Bu idarə, Qafqaz tarixində bir qara ləkə ilə qeyd edilən Qalitsin dövrüdür!.. Qalitsin idarəsi isə tazə açılan bütün cəmiyyətlər, mədrəsələr və qəzetələrin bağlanması deməkdir. Məktəblərdən ana dilinin qovulması və ruslaşdırmaq politikasının yerləşdirilməsindən ibarətdir!

Lakin bu politika dedikləri səfahətlər ilə Rusiyanı həlakətdən qurtarmaq istəyən anlamazlar özlərinin bu siyasəti-bacinayətləri ilə Rusiyanı bərbad ediyorlar... Rusiyaya ayı xidməti ediyorlar ki, ağalarının üzündən milçəyi qovmaq istədikdə vurub başını əziyorlar...

Qalitsin üsuli özünün nə əndazədə müxərrib*[13] və müzürr*[14] olduğunu bütün əraminə taifəsini başdan ayağa inqilabçı etməyə vadar etdiyi ilə isbat etdi.

Ey təəssübi-milli ilə gözləri örtülü olan “siyasiyyunn”lar! Hərgah Qafqazı unutmamaq, onun ibdalüddəhr*[15] Rusiya dövlətinə mülhəq bir əyalət olmasını istiyorsunuzsa, onu təzyiq, təhdid deyil, həqli, ixtiyarlı bütün Rusiya cəmaəti bir dərd və bir mənfəətli etməyə çalışız!!

Tökdüyünüz qanların, təzyiq etdirdiyiniz hüquqların səmərəsiz olduğunu yəhudilər, ermənilər ilə etdiyiniz müamələdən*[16] anlayınız! Gördüyünüz bu şeytənət və dargözlülüklə bir vətənin övladı olan millətləri öz vətənlərinə, vətəndaşlarına düşmən etməyiniz!!...

Bir adam özünü o vaxt bir külfət və ailəyə mənsub bilər ki, o külfət, o ailədə onun heysiyyat və qədrinə*[17] toxunulmasın və həmçinin bir millət, bir qövm o vaxt dövlət və ölkəni özünə ğziz dost vətən hesab edər ki, orada onun hüquqi-milliyyəsinə təcavüz olunmayıb, onun heysiyyətinə toxunulmasın.

Iştə baxınız... həqiqi rusları və həqiqi rusların yoldaşları olan müsəlmanları tanıyınız!.. Cümlə millətlərin mütərəqqiləri ilə və həmçinin rus millətinin əqli səlim sahibləri ilə birləşiniz də bu bayquşları qoymayınız ki, öz kərih*[18] sövtləri*[19] ilə nəf və zərərində şərik olduğumuz vətəni darbadağın edib, bizləri səfil qoysunlar. Birləşiniz, buna əminiz ki, rus millətinin əksəriyyətini təşkil edən tərəqqiyunlar arasında bu bayquşların əhəmiyyəti yoxdur!..

M.Ə.Rəsulzadə
“İrşad”, № 34, 17 mart 1908

*[1] təfrit - ifratçılıq

*[2] tərvic – rəvac vermə

*[3] mütaliat – bir iş haqqında dərindən düşünüb, oxunulub əmələ gələn rəy

*[4] məhsur - hasarlanmış

*[5] tətavül – zülm, təcavüz

*[6] iskan – məskunlaşdırma

*[7] bütün müxtəlifül-lisan val-lon – müxtəlif dilli və rəngli

*[8] əvamünnas – avam camaat

*[9] buğz - ədavət

*[10] nüfus - əhali

*[11] baliğ - yetişmiş

*[12] vəq qoymaq – qol qoymaq

*[13] müxərrib – yıxıb dağıdan, məv edən

*[14] müzürr – zərərli, ziyan verən

*[15] ibdalüddəhr – zamanı dəyişən

*[16] müamələ - rəftar

*[17] qədr – hörmət

*[18] kərih – mənfur

*[19] soft – səs