Məqalələr

ÖZÜMLÜ BİR İŞ

Zirdə Mirzə Ağa Əliyev cənablarının xitabnaməsini çap ediyoruz. Mirzə Ağa Əliyev bir “şirkəti nəşriyyə” bina edib, o vasitə ilə axır zamanda millətimiz arasında görünən həvəskar mühərrirlərə bir ümidgah olub, onların “toz basmış” əsərlərini meydana gətirməklə şövqi-ədibələrini artırmaq istiyor.

Əvət, böylə bir şirkətə ədəbiyyatın qədrini bilib, onu qiymətə mindirən bir cəmiyyətə çoxdan bəri külli bir ehtiyac hiss edilməkdədir.

Təbiidir ki, böyük bir istedadi-ədəbiyyəyə malik olan bir şəxs məhsuli-təbi olan bir əsər güzinindən*[1] təmini-maaş gözləyəcək olmazsa, yazıçılıqdan daha mənfəətli olan dəftərdarlığı, yaxud başqa bir sənəti qoyub, axmaq deyil ki, ac siçanlara yem olmaq üçün sərfi-ovqat edərək əsərlər yazsın? Hələ bu ikinci məsələdir. Bir çoxları var ki, təmini-maaş deyil, əsərin meydani-mütaliməyə çıxmasına çalışırsa da, bu qəsd həmiyyətməndanəsinə çatmaq üçün əli heç bir vəsiləyə çatmıyor, ərbabi-sərvət və samanımız isə üç qismə bölünüb, hər üç qisminin ianətdən də vicdani bir mühərrir qələminin və özünün heysiyyətini hər qızıl və gümüşdən, ya bir təzim və təkrimdən*[2], iltica və təməllüqdən*[3] fövq tutan yazıçı məhrumdur.

Bu qism ərbabi-samanın bu qismi ədəbiyyat nə olduğunu belə qanmadığından tanıyıb bilmədiyi şeyə, təbiidir ki, vəq*[4] və heysiyyət qoymuyub, alçaq bir nəzər ilə baxır.

Ikinci qism isə elm və mərifətdə, nəşri ədəbiyyatda öz dövri-guşa – güşunun inqrazını gördüyündən dolayı həmişə ədəbiyyati-cədidənin xilafında və ziddində olub, onun əhyasına*[5] deyil, imhasına*[6] çalışıyor.

Üçüncü qism, maarifpərvər dövlətlilər isə, onların da nöqteyi-nəzərləri öz mənafeyi-şəxsiyyə və sinfiyyələrindən o tərəfə keçmədiyindən millətin tərəqqi və təalisinə bir rəhbəri-həqiqi olmaq istəyən ədəbiyyat bunlara da ümid bağlaya bilməz.

Iştə burada yeganə bir ümid yeri varsa, o da bəhreyi-ürfandan müstəfiz*[7] olan qeyrətli və hümmətli ürfanpərvər cavanlarımızdır. Cavanlarımıza vacibdir ki, bu xeyirli işin fikrində olub, Mirzə Ağa cənablarının dəvəti-həmiyyətpərvəranəsinə ləbbeyk deyərək, biri-birlərinə dəsti-üxüvvət*[8] verib, şu niyyəti-müqəddəsəyə iqdam eləsinlər.

“Şirkəti-nəşriyyə”dən gələcək mənafei-ümumiyyənin mühəssənatını*[9] saymaqla qurtaran deyildir. Türk dilində zəmanəyə dair siyasi, iqtisadi və qeyri-məsaili-elmiyyə və fəniyyəyə aid nəfili kitabçalar meydani-intişara qoyulmaqla millətimizin çeşmi-bəsirəti açılar, yaxşı ilə yamanı fərq etmək dərəcəsinə gələr.

Təmini-maaş edə bilmədikləri cəhətdən qələmlərini ədəbiyyat uğrunda deyil, bir sərmayədarın hifzi-mənafei uğrunda rəqəm və hesablarla məşğul edən mühərrirlər, vasitəsiz vəzifələri olan mühərrirliyə üdul*[10] edib, meydani-ədəbiyyatımızı rıvnəqdar edərlər. Və hakəza zənni-acizanəmcə cavanlarımızda bir qədər hümmət və qeyrət olursa, əvvəl karidə lazım olan bir-iki min manatı yığmaq Bakı kimi dövlətli bir şəhərdə çox da çətin olmasın gərək. Helə ki, sərmayə yığıldı, işə ibtida qoyuldu, o vaxt şirkət özünün nə dərəcə lazım və vacib olduğunu rəyüleyn göstərib, bir çox əzalar cəlb edəcəyinə şəkkimiz yoxdur.

Fəqət burada bircə mühüm bir nüktə vardır ki, o da işin bünövrəsini mıhkəm qoymaqdan ibarətdir. Zənnimcə bu bünövrə də şirkətin üsuli-ticarət üzrə qurulmasından ibarətdir ki, ancaq bu üsul gözlənərsə, səhmdarlar tərəfindən bir il sonra belə olsa qoyduğu pullara müqabil bir müəyyən tənzili-mənfəət*[11] müşahidə edilər, həvəs ilə əza olunar, tapılıb işdə bərqərar olar.

Mən öz tərəfimdən bu niyyəti-alini alqışlayıb, vədə veriyoram ki, şirkətə istedad və imkanım dairəsində kömək etməyə hazıram.

Baxaq ki, bu dəvətə möhtərəm Bakı cavanları nə əlaqədə bulunacaq, bu təşəbbüsi-xeyriyyə nə nisbətlə baxacaqlar?

Iştə cavan arkadaşlarım hümmət, qeyrət zamanı, fədakarlıq və həmiyyət dəmidir, bismillah!..

Məhəmməd Əmin Rəsulzadə
“İrşad”, № 12, 26 yanvar 1908

*[1] güzin – bəyənən

*[2] təkrim – təzim etmə

*[3] təməllüq - yaltaqlıq

*[4] vəq – ciddi əhəmiyyət verən

*[5] əhya – dirilmə, yenilənmə

*[6] imha – məhv etmə

*[7] müstəfiz – istifadə edən

*[8] dəsti-üxüvvət - qardaşlıq

*[9] mühəssənat – gözəl işlər

*[10] üdul - meyl

*[11] tənzili-mənfəət – mənfəətin aşağı düşməsi