Məqalələr

ƏHVALİ-ZAMAN

Məlum olduğu üzrə Osmanlı ilə İran arasında baş verən sərhəd məsələsi qanlı müsadimələrlə nəticələnməkdədir.

Fəqir –füqəranın nahaq və məsum qanları zəmanə müstəbidlərinin keyf və istəklərinə, politika dedikləri şeytənətlərinə qurban edilməkdədir.

Urmiyədən əllərində möhürlü ianə dəftərləri olaraq səfil bir surətdə “sərhəd” hücumlarından adamları qırılıb, bisərü pa*[1] qalan yetim və dul övrətlərə ianə yığmağa gələn asurilərin üzlərində müşahidə olunan əczi*[2], danışıqlarında görünən biçarəliyi vicdanlı bir kəs görürsə, bir dəfə dövri-sərmayənin yaratdığı üsuli-əskəriyyəyə nifrət oxur və böylə insaniyyət ədusi vəba və taundan daha bettər bəlayi-cansiparın*[3] əleyhinə müsəmməm*[4] olub, “kənar olsun əskərdarlıq, yaşasın sülhi-ümumi” – deyə fəryadi-səmimanə və insaniyyətpərvəranədə bulunar.

Nə edərsən ki, yazdığımız şu həüiüəti insanların hamısı hənuz qanmaq dərəcəsinə gəlməmiş, o cəhətdən də hirs və təməh ətəşlərini insan qanı ilə yatıranların xunalud olan əlləri işləməkdən qalmamışdır.

Təbiidir ki, bu qəsd istibdadkaranəsi ilə Osmanlı höküməti İrana mənəvi bir qorxu və dəhşət vermək qəsdi ilə qoşunlarını yığıb münaziə*[5] olan tərəfə yollayır.

Xəyal edirsən ki, bu bir əmri-təbiidir.

Lakin rus mazipərəstlərinin ələmdarı olan “Novoye vremyə” qəhrəmanı Menşikov ayrı cürə başa düşür. Xəbərdarlıq naqusunu*[6] çalıb elan ediyor ki, Osmanlı dövləti Rusiyaya hücum etmək qəsdi ilə tədarükat görməkdə və bu qəsd ilə də Kiçik Asiyaya rədif*[7] qoşunları yeritməkdədir.

Bu “təhlükəni” görüb də “Novoye vremya” Qafqaz qoşunlarının hazırsızlıqlarına işarə edib, Qafqaz höküməti-aliyəsinin “boş ağızlığından” və qeyri millətlərə meydan verməyindən “şikkayətlənərək”, sərhədlərin təhkimi və qoşunun tənzimi üçün müəkkəd təkliflər ediyor.

Biz heç təsəvvürə gətirə bilmiyoruq ki, mütləqiyyət idarə cəhətindən bütün əzası biri-birindən ayrılıb, ərəb üsyançıları ilə iş bacara bilməyən Osmanlı höküməti bir belə qəsdi-hücumkaranəyə düşsün. Gümanımızca Menşikovun ürəyi də bu gümandadır. Lakin mərqum*[8] havaxt bildi ki, həqiqəti fitnəkarlığa tərcih vermişdir ki, bu dəfə də versin.

“Novoye vrəmya” qəzetəsinin qəsdi Qafqazda qüvayi-əskəriyyəni artırmaq və Qafqaz canişini Voroncov-Daşkov əleyhinə açdıqları kampaniyanı başa vurmaqdır.

Iştə Osmanlı hücumu da bu qəsd ilə ixtira edilən bir vahiməli heykəldir ki, onun nümayişi ilə dəvairi*[9] höküməti qorxudub, Qafqazı bir idareyi-əskəriyyə altına aldırıb bu yol ilə Qafqazda qalmış “inqilab” köklərini bütün-bütünə qırdırıb, “keşişlər və qoca suvorinlər dövranı” təmin etdirsinlər.

Rəsulzadə
“İrşad”, № 11, 24 yanvar 1908

*[1] bisərü pa – səfil

*[2] əcz – taqətsizlik

*[3] cansipar – can çəkişən

*[4] müsəmməm – qət edilmiş

*[5] münaziə - burada düşmən

*[6] naqus – zəng

*[7] rədif - nizami

*[8] mərqum – adı yuxarıda çəkilən

*[9] dəvair – dairələr