Məqalələr

XIRDA-MIRDA

- “Ixtilafi-ümməti-rəhmət”
- Bu sözün mənası bilirsiniz nədir?
- Bilmiyorsan xəbər al deyim:
- De görək də nə xəbər alım:
- Namiq Kamal bəy bunu belə məna ediyor:
- “Çıxar asari-rəhmət ixtilafi-rəyi ümmətdən”.
- Yoxsa türkcə olmadı?..
- Türkcəsin dinlə söyləyim:
- “Yəni bir cəmaətin fikrinin ayrılığından rəhmət (allah atasına rəhmət eləsin) əsərləri çıxar”.
- Heç bilirsiz bu sözü kim deyib?
- Kim olduğunu bir de görək.
- Bu peyğəmbərimiz səlləllahu əleyhi və səlləm həzrətlərinin buyurduğu hədisi-şərifdir.
- Bilirsinizmi ki, biz müsəlmanlar bu hədisdən qorxub deyirik ki, islamda ixtilafi-fikr ola bilməz?..
- Kim qorxduğun xəbər al deyim:
- De görək o axmaq kimdir.
- Cinli Əli Abbas Tağızadə.

- Nə yazmısan ay cocuq?
- Bir nəfər “adsız”a tovbixnamə*[1].
- Nə üçün, a balam?
- Mənim adımı götürüb öz məqaləsinə ünvan yazmış.
- Bundan niyə dəxi acıqlanırsan. Axtardığın elə bu deyilmi ki, adın hər yerdə deyilsin?..

Oturub yazı yazırdım. Birdən gördüm ki, bir küy-külək qopdu, təbil, sənc*[2] səsi asimana bülənd oldu. Məni bəht*[3] apardı. Öz-özümə dedim ki, allah, ...görəsən bu nədir!... Bu vaxt gözüm divardan asılı olan təqvimə düşdü! Məhərrəm yaxınlaşdığını anladım. Sakit olub, işimə məşğul oldum. Bir-iki sətr yazmışdım ki, bir də gördüm tapancalar gürhagür işlədi. Dəhşətli yerimdən qalxıb, qapıya yüyürdüm, gördüm ki, müsəlmanlar dəstənin dalınca gedirlər, amma qeyri müsəlmanlar atışma gələn tərəfə qaçırlar. Bir nəfər müsəlmanı yüyürdüyü yerində saxladım.

- Qardaş, o yandan gəlirsən, indi orada atışma vardı, nə olmuşdu?
- Heç, iki dəstə müsəlmanlar atışdılar, bekar işdir!
- Bəs bu tərəfə hara gedirsən?
- Bah! Görmüyorsan məhərrəmlik dəstəsi gəlir!
- Orada nə təəccüblü iş var ki, hər il gördüyümüz şeydir da!
- Bu yanda nə var, hər gün gördüyün şey deyilmi!

PEŞİMANDIR

Deyirlər ki, guya Stolıpin solları Dumadan qovmağına peşimandır. Çünki sağlar ona güc eliyor... Amma mən belə bilirəm ki, ... nə deyim hazırda baxırsan elədi ki, var. Bu vaxtacan o, keşişlərə diyordu ki, belə edək, indi keşişlər ona deyirlər...

Marzadə
“İrşad”, № 10, 22 yanvar 1908

*[1] tovbix – məzəmmət etmə, danlama

*[2] sənc – dəfə bənzər musiqi aləti

*[3] bəht – heyrət