Məqalələr

KEŞİŞLƏR DÖVRANI

Rusiyanın indiki övzai-siyasiyyəsi bir hala gəlmişdir ki, buna “keşişlər dövrani” deyilsə rəvadır.

Əvət! Reaksiyanın qalxdığı ilə siyasi bir qaranlıq Rusiya üfüqünü örtüyor. Qaranlıq düşdükcə də “şəbpərələr”ə*[1] meydan açılır.

Həmişə Rusiyanın səadətini “pravoslaviya” dininin hakimiyyətində və özgə dinlərin “müqəddəs sinod”a tabe olmasında görən siyahpuş keşişlər öz təəssübü-ruhaniyyələri ilə Rusiyanın müsavil-hüquq olan vətəndaşlarını biri-birinə məsnu*[2]i bir yol ilə düşmən etməkdə olub. “Rusiya kimi qəviyyuş-şəkimə bir xristiyan dövlətin paytaxtında məscid minarəsi ucalıb, əzani-Məhəmmədi deyilərsə, bu xristian aləmi üçün təkdir olur” – deyə tarix səhifələrini istibdad və qəddarlıqları ilə təzyin edən qruni-vüsta*[3]papaslarına yaqışar bir hərəkəti-istibdadkaranə ilə vətənimizin inhidamına çalışır, müxtəlif millətlərin arasında məmul*[4] olunan mizani-etidalı pozmağa səy ediyorlar.

Bunlardan bir paraları tapılır ki, tinətcə “Rusiya” qəzetəsində oturub, pula sitayiş edən “müsəlman” Məhəmməd ağa Şaxtaxtinskidən ibrət olacaq dərəcə rəzil olub, qəzetə stunlarında müsəlmanlardan danos yazmaqla “kömək edin” çığıraraq, bütün “həqiqi rusları” və “pravoslaviya tərəfdarlarını” haraylayıb hökümət amirlərinin “səhvindən”, müsəlmanların “üsyanından” bizarlıq ediyor və bu yol ilə mövqei lüzumuna bildiriyor ki, bu “üsyançılar”a tənbeh olunsun gərək.

Bu xüsusda artıq təfsilata ehtiyac görməyib, keçən nömrəmizdə dərc olunan keşiş “Andrey”in “Russkiye vedomosti” qəzetəsində çap etdiyi məqaləsinin tərcümə və cavabına cəlbi-diqqət etməklə iktifa*[5] ediyoruz.

Keşişlər dövranı bununla da məhdud deyil. Onların daireyi-nüfuzu o yerə şatmışdır ki, Stolıpin kabinəsi belə onlardan ehtiyat edib, müqəddəs sinodun təhdidatı altında yaşamaqdadır.

Bütün heyəti-idarəsi sahibnüfuz pravoslavnı keşişlərindən olan “müqəddəs sinodun” Rusiyada məşrutiyyət elan edilməsindən irəli hökümət dəvairinə artıq bir əsəri olub, hər bir qanunun nəşrində, xüsusən edilən müxtəlifə sahiblərinə dair olan qanunlar barəsində onun rəyi əsas olaraq qəbul edildi. O, cəhətdən də Rusiyanın “məhkum” millətləri, vətəndaşları pravoslavnıların mənfəətbərdar olduqları haman bir çox adi hüquq və ixtiyaratdan məhrum tutuluyorlardı. Bu barədə vaxtı ilə çox yazılmışdır. (Az oxunduğunu bilmiyoram).

Bu aralıqda keçən dövri-inqilab, sol firqələrin zəmanii-müvəffəqiyyəti keşişləri o məqamdan salmış, qarafikirlərin qara “libas”lar (keşişlərin geydiyi qara xələt) altında gizlənməsinə səbəb olmuş idi.

Hökümət isə hər bir vəsiləyə dəstəndaz olaraq, solunda duranları sakit olmağa var qüvvəsi ilə çalışıb, onları zəifləşdirdi. Stolıpinin “hürriyyətpərvər” kabinəsi bu xüsusda fövqəladə tədbirlər görüb, ciddi surətdə çalışdı. Sol tərəf əleyhdarları – müvəqqəti də olsa gerilədi.

Sol tərəf geriləndi, iştə qanuni- təbii olaraq, gerilənən sol tərəf yerini doldurmaq üçün Stolıpindən sağda duran “sağ xilafdarlar “hərəkətə gəldilər”. “Əsil rus firqəsi” – kənar olsun inqilabçı “kadet” kabinəsi təşkil edən Stolıpin heyəti-vüzarəsi – deyə fəryad və fəqan etməyə başladı. Bu azdır. Boş qışqırıqdır. Dövranı özlərinə müsaid görən keşişlər sinodu isə Dumada olan vəkil keşişlər ilə bərabər feli*[6] protestə bulunub, vüzarətin Dumaya verdiyi “hürriyyət və vicdan” qanun layihəsində cüzi bir “hürriyyətçik” hissi gördüklərindən rəsmi surətdə Stolıpindən tələb ediyorlar ki: ya gərək bu layihə geri alınıb, müqəddəs sinodda təshih edilsin, yainki, bu xüsusda sinod tərəfindən tərtib verilən “əlavənamə” qəbul olunub layihəyə ilhaq olunsun.

“Novoye vremya” qəzetəsinə inanmaq olursa, - hər gah kabinə bu dəfə tərəddüd etməmişsə də, gələcək dəfə səbatına*[7] da güman yoxdur.

“Sağ xilafdarlar” necə ki, görürük kəmali-sürətlə işləməkdədirlər.

Dövran dəyişir. Rusiya günü-gündən geri gedib, qaranlıq artıt. Keçmişdə olduğu kimi keişşlər meydan ediyorlar.

Iştə Rusiyanın indiki zamanı “keşişlər dövrani” olmağa üz qoyur.

Lakin dəryayi-mühitin hər cəzrinə*[8] müqabil bir məddi*[9] də vardır.

Bu da qanuni-təbiidir.

Rəsulzadə
“İrşad”, № 10, 22 yanvar 1908

*[1] şəbpərə - yarasa

*[2] məsnu - süni

*[3] qruni-vüsta – orta əsrlər

*[4] məmul – arzu edilən

*[5] iktifa – kifayətlənmə

*[6] fel – fitnə

*[7] səbat – sözündən dönməmək

*[8] cəzr - qabarma

*[9] mədd – çəkilmə