Məqalələr

NÖVHƏ

Yenə fitnə alıb meydan,
Müftinlər sürür dövran,
Gözəl Qafqaz olur viran,
Qalır hər kəs buna heyran,
Tərəhhüm*[1] eylə ya sübhan,
Amandır, dada yet rəbbi!

Nədir bu qan, nədir möhnət?!
Ki tutmuş bizləri pükbət,
Yapır “şeytan” işi nüsrət.
Gedir əldən tamam qeyrət,
Xudaya! Et bizə rəhmət!
Amandır, dada yet rəbbi!

Hökümət mayeyi ifsad*[2],
Ki, qan içməklədir mötad*[3].
Bu cəngi eylədi icad,
Ki, etsin bizləri bərbad.
Ilahi sən elə imdad!
Amandır, dada yet rəbbi!

Tökülmüş bu qədər qanlar,
Deyilmi bəs, bu qurbanlar?
Nə vəhşilikdir, ixvanlar*[4]!
Tələf əmlak olur, canlar
Olub divanə insanlar,
Amandır, dada yet rəbbi!

Cəmaət hiylə qurbani,
Olub şad etdi “şeytani”.
Fəramuş*[5] etdi imani.
Nəhayət sandi dünyanı,
Axıtdı nahəq al qani.
Amandır, dada yet rəbbi!

Qədim qonşu, iki millət,
Dolanmış mehrlə hər vəqt.
Nə üz verdi ki, bu hörmət,
Mübəddəl*[6] oldu bər xirəd*[7]?
Nə dövrandır bu, nə fürsət?!
Amandır, dada yet rəbbi!

M.Ə.Rəsulzadə
“Dəvət”, № 14, 20 iyul 1906

*[1] tərəhhüm – rəhmetmə, yazığı gəlmə

*[2] ifsad – fitnə salma

*[3] mötad – vərdiş edilmiş

*[4] ixvanlar - qardaşlar

*[5] fəramuş - unutma

*[6] mübəddəl – dəyişdirilmiş, əvəz edilmiş

*[7] xirəd - fikir