Məqalələr

ŞAYİAT

Reaksiya günü-gündən artıyor. 3-cü Dumanın buraxılması barəsində də şayiat dövran ediyor.

Stolıpinin politikası o qədər “sol” imiş ki, sağlar belə “kənar olsun “kadet”lik edən vüzarət” – deyə etdiyi indiki kabinədən narazılıq izhar ediyorlar.

Dumada sükançılıq vəzifəsini icra edən “oktyabrist” firqəsi də nə qədər ehtiyat etsə, nə qədər hökümətin ləpiri ilə gedirsə də, yenə də bir həlakətə məhkum olmuş kimi görünür. “Oktyabrist” firqəsini nam və şöhrətsiz bir həlakət gözliyor.

“Amerika ilə ittifaq etməyimizə lüzum görüldüyündən” yenidən flot hazırlamaq üçün Duma təxsisat buraxmaq dərəceyi-bəlayanəsinə kimi gəlib hökümətin ürəyini ələ almadadırsa da bununla belə yenə də özünün varlığından şəkdədir.

İştə “oktyabrist” dəvairinin böyük bir təşvişə salan bu şayiədir ki, “Qolos Moskvı” qəzetəsi belə bundan vahimə ediyor.

İrtica hər qism olsa da “oktyabrist”ləri də “müttəhim” etmək təşəbbüsündədir. Bu şayiələrin nə qədər doğru olması məlum olmasa da lazım gələn məhafildən bunun təkzib edilməsi də hənuz intişar etməmiş.dir.

Görək ki, üfüqümüzü bürüyən bu qaranlıqların nəticəsi nə olacaq?!.

Rəsulzadə
“İrşad”, № 9, 19 yanvar 1908