Məqalələr

XIRDA-MIRDA

Yevropanı səyahət etmiş bir nəfər mənə inanılmayan bir şeyi nəql ediyordu. Diyordi ki, mən Germaniya paytaxtında idim. İmperator elan vermişdi ki, naxoş olduğundan həq papaq açana cavab olaraq papaq aça bilmiyor və ona görə də əhalidən təvəqqe ediyor ki, küçə və parklarda gəzdiyi zaman ona papaq açmasınlar...

Mən bu sözü eşidən kimi səyyahın ağzından vurub dedim ki, bura sənin üçün Quba meydanı deyil ki, dərvişlik ediyorsan, get bu sözləri avam adamlara de ki, heç nə bilmiyorlar. Qəzetə mühərririni aldada bilməzsən! Tanrının qoçusuna, torbaboyun hacısına, qotur bəyinə salam verməyəndə adamı çarmıxa çəkirlər. Necə olar ki, padşaha təzim eləməsinlər?..

Başladı ki, axır ora bura deyil, orada elm var, mərifət var...

Dedim ki, qoy qalsın, elmli, mərifətli upravlyayuşçiləri də çox görmüşük!..

Dedi ki, axı orada azadlıqdır, məşrutə vardır...

Sözünü kəsdim ki, qoy qalsın, azadlığı, məşrutəni də gördük, belə sözləri biz çox eşitmişik...

Xülasə, ha çalışdı ki, məni aldatsın, aldanmadım. Axı, canım, necə mən buna inanım ki, a... padşah diyor ki, mənə təzim eyləmiyin. Halon ki, bura da bir nəfər “saqqala” salam verməsin əlli iki min bəlaya gələrsən... Böylə şeyi insan gözü ilə görsəd ə inanmaz...

Keçən nömrəmizdə oxudunuz ki, millət vəkilləri “Dövlət dümasına xüsusi dəllək hazırlamaq təlaşındadırlar. Lazımdır ki, Dumanın müsəlman fraksiyası da bu xüsusda geri qalmasın.

Belə mühüm ixtiyarlarımızı da bərqərar etməsək, pəs dəxi bizim nə müsəlmanlığımız.

Müsəlman fraksiyasına tövsiyə edirəm ki, məsələ qalxızıb özlərinə xüsusi Duma hənafüruş*[1] hazırlasınlar...

“Rus millətinin ittifaqı”nda olan dava gün-gündən böyükləşir. Purişkeviç ilə Dubrovin vuruşub qurtarıblar. İndi də Dubrovinin oğlu çıxıb diyor ki:
“Purişkeviç hpənd oğlu,
Gəl vuruşaq, duel quraq,
baxaq ki, kimdir axmaq”.
Deyirlər ki, Dubrovinin oğlu Purişkeviçi duelə çağırdığının səbəbi Purişkeviçin məzkurun atasına “axmaq” dediyidir. Doğrusu ki, Dubrovinin oğlu nə qədər dəlibaş olsa da, biz demək istəyirik ki, Dubrovin doğrudan da axmaqdır, hərgah o axmaq olmasaydı, onun oğlu belə sarsaq olmaz idi.

Bu günlərdə Samara müsəlmanlarının cəmiyyəti bir übudiyyət*[2] teleqramı edib, cavabında “spasibaya” nail olmuşlar.

Burada artıq danışmaq yaramaz. Müsəlman cəmiyyətləri və sahib nüfuzları teleqrambazlıqdan başqa nə şeyi edə bilərlər?..

Şəhərdə bəzi iş-gücü qurtarmışlar, söz buraxıblar ki, güya Əlibəy Hüseynzadə Şeyxülislam olacaq... Ey Dubrovindən də axmaqlar, belə xəbərə də inanmaq olar? Əlibəy haman o Əlibəy deyil ki, a... diyordu “Avropa qiyafətli olmalı”, indi necə olar ki, haman Avropa qiyafəsini dəyişib, götürüb başına zorba bir əmmamə qoysun? Belə iş beynimə girmiyor.

“Leyli-Məcnun” operasından
İranın atası – ey balam rahət ol.
İranın anası – İran, İran!..
İran - əbəveyn*[3], hürrlük həvası məni azad edəcəkdir, məni azad edəcəkdir.

Mollalar şikayət ediyorlar ki, məscidlərin ağzı bağlanıb teatrlar dolur. Bunun təqsirini tulluyurlar teatrçıların üstünə. Bir bunlara diyən gərək canım sənin dükanına gələn yoxdur, mən dükanımı bağlayımmı? Müştərinin bir dükana o birindən çox gəlməyi o dükanda satılan mətaa bağlıdır. Məscidlərin boş qalmasının səbəbi teatr deyil, məscidlərdir. Yəni məscid rəisi olan mollalardır.

Rəsulzadə
“İrşad”, № 8, 17 yanvar 1908

*[1] hənafüruş – həna satışı

*[2] übudiyyət - qulluq

*[3] əbəveyn – ata-ana, valideyn