Məqalələr

DÖVLƏT DUMASI

Dövlət duması mövludi-məsihi bayramı münasibəti ilə etdiyi tətili qurtarıb, iclasa şüru etdi.

“İş görməyi hər bir danışıq və sözdən əfzəl hesab edən” üçüncü Duma tətilləri qurtarıb, millət ehtiyacının rəfinə çarələr aramağa “ciddi” surətdə şüru etdi.

Möhtərəm qare nə xəyal ediyorsan? İyun üçünün qanunu ilə*[1] yığılan Dumadan nə gözlüyorsan?..

Ac və yersiz kəndçilərin hifzi-hüququnumu?..

Biçarə fəhlələrin zəhmətlərini təmin edən qanunlarımı?..

Məhkum millətlərin ixtiyari-millilərini təsviyəmi?..

Cəmaət vəkillərinin bu vəkalətə layiq bir ixtiyara sahib olmalarınımı?..

Gözlə, qare, gözlə, gözlədikcə gözləyəcəksən...

Duma nəinki zikr olunan bu məsələləri həll edəcək, bəlkə rəisi Xomyakov vasitəsilə elan etdiyi üzrə ayrı-ayrı uttifaqlarda belə verilən ərizələrə, şikayətlərə də baxmayacaqdır...

Demək ki, Duma millət pənahgahı deyil, hökümət işlərinə bir pərdə olacaqdır...

Mətləbdən uzaq düşdük: Dumanın tətilindən sonra etdiyi müzakiratdan göründüyü mühüm işlərdən danışmaq istəyirdik.

Bəli, “iş görücü” Duma böyük bir məsələ həllinə girişdi. Dumaya məxsus bir dəllək tapmaq, yaxud dəlləkxana açdırmaq məsələsi üçün xüsusi komisyon seçib işi ona həvalə etmişdir.

Bəh-bəh! Daha nə lazımdır? Millətin hər bir ehtiyacı düzəldi... “millət vəkillərinin” xüsusi dəlləyi olacaq!..

Dövlət dumasının bu qərardadı dedikcə şayani “təqdir”dir, çünki millətin dəlləyi olan vəkillərə xüsusi bir dəllək lazım idi...

Buna heç kəsin iradı ola bilməz və vəximdirdə*[2]!

Şad ol, millət vəkilləüvün xüsusi dəlləyi var, dəxi həlakətdən qurtardıq!..

Rəsulzadə
“İrşad”, № 7, 15 yanvar 1908

*[1] “İyun üçünün qanunu” keçən sənə iyunun 3-də sadir olub. İkinci Dumanın dağıdılması ilə bərabər 17 oktyabrda verilən fərmanın təbdilindən ibarət olub qanuni-əvamiyyəni pozan bir fərmana işarədir. (Qeyd müəllifindir – Ş.H.).

*[2] vəxim - qorxulu