Məqalələr

TƏSƏVVÜRATİ-ƏHRARANƏ*[1]

Görüncə ixtilafi bən cahanda,
Həqiqət yox təsavi*[2] bu zamanda,
Bütünərbabi-zümü kəhkaşanda,
Fəqiri daima iczü fəğanda.
Olub aludeyi vəhmi təfəkkür,
Bu yolda eylərəm bir çox təsəvvür.

Düşündüm ki, nədir ədli-mürüvvət?
Kimi pürrəcü xüsranü məşəqqət,
Kimi insanların bir seyri nemət,
Bu nüktə artırar qəlbimdə heyrət,
Olub aludeyi-vəhmi-təhəyyür*[3],
Bu yolda eylərəm bir çox təsəvvür.
Görüncə hər tərəfdə həqqi zail,
Gəlir əfkarimə yəzdani*[4]-adil,
Ki guya rəhmdir məxluqa şamil...
Nə həqq ilə bən olmam küfrə mail?..
Edərsəm ədlinə həmdü təşəkkür,
Şu asarında müşküldür təsəvvür.

Diyorlar ki, xuda qadir və qəhhar,
Verən məzlümə əl, qəddarə cabbar!
Bütün zülm ilə dolmüş çərxi-dəvvar*[5]
Təzəllümdə*[6] bütün daşlarla dağlar!
Yenə bən eylərəm səbrin təfəkkür
Qalır ol qəhridən bir tək təsəvvür.

Əya qare, dayan bir etmə tüğyan!
Demə bu şerimə asari-küfran!
Dərunimdir*[7] bənim ləbrizi*[8]-iman.
Bəni etməz əxafə*[9] nari-niran*[10].
Və lakin eylərəm bir çox təhəssür*[11]
Ki ixvanim deyil sahib təsəvvür.

Gərək insan ola azadi-mütləq,
Bu insandan alınmaz həqqi-bərhəqq,
Qəvanin olmalı bu nöqtədən şəqq*[12]
Bütün dünya buna olsun müvəffəq;
Bu surətlə olunsun hər tədəbbür*[13]
Ki bimane edə hər kəs təsəvvür.

Siyasətcə nə rütbə olsaq azad,
Tamamilə olunmaz rəfi əfsad*[14]
Cəmaət malı olsa ərzi-abad,
Olur məsud o anda cümlə ahad*[15].
Gedər ol dəmdə dünyadən təəvvür,
Şu bəndi dinlə qare, et təzəvvür*[16]!

Məhəmməd Əmin Rəsulzadə
“Füyuzat”, № 32, 24 oktyabr 1907

*[1] azadlıq təsəvvürləri

*[2] təsavi – bərabərlik

*[3] təhəyyür – heyrət

*[4] yəzdani – adil, adil allah

*[5] çərxi-dəvvar – fırlanan çarx, fələk, zəmanə

*[6] təzəllüm – zülm və təcavüzdən şikayətlənmə

*[7] dərun – ürək, qəlb, batin

*[8] ləbriz – dolub-daşan

*[9] əxafə - qorxutmaq

*[10] nari-niran – cəhənnəm odu

*[11] təhəssür – həsrət çəkmə

*[12] şəqq - parçalanma

*[13] tədəbbür – tədbir, düşünmə

*[14] əfsad – fəsadlar

*[15] ahad – tək-tək adamlar

*[16] təzəvvür – hiylə, yalan