Məqalələr

OSMANLI ƏHRARI

Türkiyə cəmaətinin hökümət başında duran müstəbidlərdən çəkdiyi azar, əziyyətin nə dərəcədə mühlik*[1] bir mərəz olduğunu bilməyən kimsə yoxdur. Əbdülhəmidin idareyi-mütləqəsi ucundan Türkiyə bir hala düşmüşdür ki, “Türkiyə” adı gəldikdə qaranlıq bir məhbəs təsəvvürə gəlir ki, burada möhnətkeş olan övladi-vətəni “xəfiyyə” deyilən həşaratlar bir an rahət qoymuyorlar.

Bu idareyi-zalimənin çəngindən qurtarmaq. Türkiyədə sakin olan müxtəlif millətlər qaib etdikləri istiqlaliyyətlərini ələ salmaq fikrinə düşməyə məcbur oldular. Türkiyənin sahibi hesab olunan türk milləti isə bir çox zaman bu “yağılar” və “asilər” ilə mübarizə edib, müdam qital və cidalda olmağa məcbur oldu. İşin əsil künhündən*[2] ğafil olan Türkiyə təbəəsi, türklər və qeyri türklər, bir çox zaman ümumi düşmənlərini sevindirəcək dərəcədə bir-birlərinə düşmən oldular. Bu sayədə bir çox əyalətlər Türkiyə dairəsindən çıxdı. Serbiya, Qaradağ, Bolğar və qeyri kimi imaratlar*[3] istiqbal tapıb, ölkənin içərisində də həmişəlik bir qırğın və ədavət bərpa olub, cəmaətin asayişi, ölkənin tərəqqi və ticarəti yox dərəcəsinə endirildi.

Bunu görən türkiyəlilər bu bəlayi-əzimdən qurtarmağa çarələr arayırdılar. Hər kəs də bu çarəni başqa cürə başa düşür, öz bildiyi kimi anlıyordu. Hər bir millət öz tərəfinə çəkib, həticədə isə haman zəlalət, həmən istibdad və haman hərc-mərc baqi qalır və daha doğrusu gündən-günə şiddətlənirdi.

Millətlərin böylə bir xətti-hərəkətdə olmaları nə qədər fənasa da, lakin bir dərəcəyədək təbiidir. Çünki dərəceyi-təkamülə yetişməyən bir millət, müstəbidlərin bir digər millət əfradına mənsub olduğunu görərsə, başına gələn bəlanın səbəbini haman müstəbidlərdən deyil, o millətdən bilər. Iştə bu nöqteyi-nəzərdən səhv və nisyanə düçar olub da Türkiyə miləli-məhkumi cərgəsində olan ermənilər öz azadlıqlarını millətlərinin müstəqil bir hökümətə ayrılmasında görüb, millətçi daşnaksutyun firqəsinin rəhbərliyi ilə bir çox zaman çalışdılar. Amma nə edirsən ki, bu Türkiyə ermənilərinə zərərdən bağqa bir şey vermədi. Çox mücahidatda bulundularsa da, Türkiyə hökümətinin qəzəbindən başqa bir şeyə nail olmadılar. Sultan isə istibdadını daha da çoxlaşdırıb ermənilərə nisbətən zülmünü bir az da artırdı.

Çoxlu bir məşəqqət və əzabdan sonra cümlə Türkiyə milləti arasında olduğu kimi erməni millətinin arasında da böylə bir xətti-hərəkətin bimənfəət olduğunu hiss edənlər çoxlaşmağa başlayıb, həmi türklər, həm də ermənilər bildilər ki, hürriyyət ayrı-ayrı olub, hərə bir tərəfə çəkmək ilə deyil, ittifaq, ittihad ilə başa gələcək bir işdir. Odur ki, ermənilər arasında kök salan istiqlaliyyət fikri yavaş-yavaş süstləşib, əvəzinə beynəlmiləllik hissi gəlməyə başladı. Türklərin də təəssübi-cahila ilə ari olan cavan türkləri ermənilər arasında olan əfrad ilə kaəsbi-əlaqə edib əl-ələ verdilər. Bunların bu bir-birləri ilə yavuqlaşmasından “Şurayi-osmani” rəayasını mütləqiyyətdən qurtarıb idareyi-məşrutə ilə azad etməkdir. Bu məqsədini əmələ çıxarmaq, tutduğu amala vasil olmaq üçün hamı Türkiyə təbəələrinin hər millət və məzhəbdən olursa-olsun arvadmı, kişimi, - bilatəfavüt – öz səflərinə çağırır və bu yol ilə osmanlını düşdüyü girdabi-həlakətdən çıxarmaq istiyor. Bu firqeyi-möhtərəməyə mənsub ermənilər hal-hazırda Tiflisdə bir “Yergiri-dzayn” namində jurnal nəşrinə məşğuldurlar ki, bu jurnalın məsləki haman zikr etdiyimiz “Şurayi-osmani” firqəsinin eyni məsləkini təqib edib, türklər ilə ermənilər arasında mövəddət və irtibatı artırmağa çalışır. Yeni türklər də bu yolda qafil oturmamışlar, onların da bu barədə xüsusi vasiteyi-nəşriyyatları olmasa da, ümumi nəşriyyatda buranı fəramuş etmiyorlar. Nümunə üçün şəhərimizdə çıxan “Füyuzat” məcmueyi-möhtərəməsinin 25-ci nömrəsində Türkiyə qanuni-əsasisinin banisi şəhidi-millət Milhat Paşanın xələfi Əli Heydərin bu xüsusda tazdığı məqaləsinin bəzi yerlərini eyni ilə nəql ediyoruz.

Mühərriri-möhtərəm məqaləsinin zimnində*[4] bilcümlə bu fikri bəyan ediyor:

“Bu gün türklərin çəkdiyi zülm və istibdadı ermənilər, rumlar da çəkiyor... bir erməninin, bir ruminin hüquqi-müqəddəseyi-məşruəsinə nasıl təcavüz ediliyorsa, bir türkün, bir islamın hüquqi-müqəddəsəsi öyləcə pamal, həqarət edilir... ermənilər bu nöqtədə biz ilə müttəhid və müttəfiq ola bilirlərsə, onlar ilə nə üçün ittihad etməyəcəgiz və beş-on erməninin istiqlal sövdası ilə məst olub, xəyalpərəstanə nəşr etdikləri fikirlər üçün bir millətin nə üçün ümum əfradını ittiham edəcəgiz...”.

Hürriyyətin, səadətin varlığı insanların istiqbal və övzai-ictimaiyyələri fəqət millətlərin ittihadına, mikllətlərin qabili-ittihad olan siniflərinin ittifaqına bağlıdır. Burası bir həqiqətdir ki, bunu hamı məmləkətlərin tarixi isbat etməyə şahiddir.

Osmanlı erməniləri ilə türkləri bu həqiqəti anladılar, indi isə bu həqiqətin nəşri ilə məşğuldurlar. Biz rusiyalı, biz qafqazlı erməni və türklərə də lazımdır ki, bu həqiqəti düşünək, amalımıza fəqət birlik ilə çata bilməmizi anlayaq!

Məhəmməd Əmin
“Yoldaş”, № 2, 29 mart 1907

*[1] mühlik – həlakedici

*[2] künh - mahiyyət, məğz

*[3] imarat - əmirliklər

*[4] zimnində - içərisində