Məqalələr

İKİNCİ MÜƏLLİMLƏR İCTİMAİ

Keçən il Bakıda vaqe olan əvvəlinci müsəlman müəllimlər ictimaində qərar qoyulduğu üzrə lazım idi ki, bu günlərdə qurulacaq 2-ci müəllimlər ictimai Gəncə şəhərində olsun.

Xatırımıza gələn budur ki, bu qətnaməyə atidəki mülahizələr səbəb olmuşdu: əvvəla Gəncə şəhəri ətrafda olan kənd müəllimlərinə mərkəz hesab olunub, bir çox cəhətdən ucuzluq və rahatlığı vardır. Saniyən-Gəncədən gələn müəllimin həzaratı gəldikləri şəhər əyan və ürəfası tərəfindən bilvükalə bu xüsusda rica edib, syezdin Gəncə əhalisinə mənəvi bir əsərbaxş olmasından nəfbərdar olmaq istəyirdilər. Salisən – məclisdə baş verən “Hacı-Nəriman” münaqişəsi guya bunu andırdı ki, Bakıda bəzi pulları ilə fəxarətlənib, özlərini vacibülitaə*[1] bilənlərin nüfuzundan hürriyyəti-kəlam olmayıb, syezd müzakiratı səmimi olmayacaq və bu cəhətdən bir çox nəvaqisatın səbəbləri örtülü qalıb, açılmayacaqdır ki, işə əvvəlinci zərbə vuran şeylərdən birisi, bəlkə də birincisi budur.

Zənnimizcə ictimain 2-ci dəfə Gəncədə qurulmasına bu mülahizələr səbəb oldu. Bunun da sərəncamı və hökümətdən izn alması Gəncə müəllimini-giramindən*[2] mütəşəkkil bir heyətə tapşırıldı ki, bu heyət hər bir tədarükatı hazırlamalı və syezdi vaxtı-təyinində çağırmalıdır.

Lakin heyhat! İşlər bir özgə qism oldu. Müəllimlər ictimai səhv etmiş göründü. Gəncə də “sahibi-nüfuz”lardan xali olmadı! Burada Bakı kimi də deyil. Daha da bərk mümaniətdə olanlar oldu. Bakıda ictimaidə danışılanın məsələlər barəsində hürriyyəti-əfkar verilmiyordusa, Gəncədə bilmərrə ictimai belə məhv eləməyə başladılar. Buradakı maneələr ərbabi-sərvətdən isə, oradakılar yalxu sərvətdən deyil, axundlar, mollalar da oldular.

Əvvəlinci müəllimlər ictimai necə ki gözlənirdi, səmərəsiz, qalmamışdır. Bu il ətraf kənd və uyezdləri səyahət etmiş bəzi rüfəqalarımızın və bəzi müəllimlərin təbliğatına baxılırsa, müəllimlər, ictimai cəmaət arasında böyük əhəmiyyət ilə tələqqi*[3] olunur. Cəmaət yavaş-yavaşayılıb özünə kimin yavuq olduğunu və nəyin gərəkliyini qanmağa başlıyor. Burası isə cəmaəti öz sağmal qoyunu dərəcəsində bilənlərə yaramıyor. “Müəllimlər sahibi-nüfuz olarsa, bizim dövrümüz getdi, hörmətdən düşdük” – deyib çarə aramaq fikrinə düşürlər. Bu barədə çox da fikr etməyib, danosbazlığa, köhnə adətləri olan təkfirə*[4] əl atırlar. Müəllimlərin syezdə dair yazdıqları proqramdan türk əlifbasına və müəllimlərə dair bir-iki fəsli götürüb, cəmaət arasında fitnəbazlığa başlayırlar. Tamam ətraf şəhərlərin mollalarına yazıb müəllimlər ilə müharibəyə hazırlanmalarını ilyica ediyorlar. Bunlar ilə də  kifayətlənmiyorlar. Hökümətə rücu ediyorlar. Nə eliyor-eləmiyorlar, nəhayət, syezdi kökündən mən etdirmiyorlarsa da öylə bir halə salıyorlar ki, müəllimlər özləri öylə komediyadan imtina etməyə məcbur oluyorlar.

“Müəllimlər ictimai öldü” – deyə müftinlər sevinirlər, bayram ediyorlar! Müəllimlərin də bir hissəsi sevinib, bir hissəsi “mağıl” canımız rahat oldu” – deyib, digər hissəsi düşmənin qələbəsini görüb və dilgir oluyor. Bu dilgirlik isə, naümidlik surətini almayıb, tazədən meydana girməyə səbəb olur. “Nicat” cəmiyyəti-xeyriyyəsi çalışıb, ikinci müəllimlər ictimainin Bakıda güşadına izn alıyor.

Iştə bu günlər avqustun 25-dən açılıb ictima iclas edəcəkdir. İctimain iclası 10 gündə tamam olacaqdır. Gümanımız budur ki, bir dairəyədək hürriyyətəfkara bu dəfə rəayət olunacaqdır. Bu xəyaldayıq ki, bu dəfə müzakirələr boş-boşuna qışqırıqlara sərf olunmuyub, müsəlmanların təcdidi*[5]həyatlarına səbəb olan başlıca məsələlərin həllinə işlənəcəkdir.

Qoy mütərəqqi müəllimlər millətin təmini-istiqbalına binaye-əsl olan ünas məsələsini müzakirə edib, arvadların üsəra*[6] tərci məişətindən qurtarıb, insanlıq cərgəsinə daxil olmaq yoluna əvvəlincə yol təlimi-nisvanə bir sərəncam qoysunlar, bu xüsusda mütəhhidül-qövl olub, taifeyi-nisvanın hürriyyəti və mərifəti uğrunda fədakarlığa girişib, ictimain qətnaməsi ilə hər bir müəllimin mənəvi borcu olsun ki, bu fikri təslim və nəşr eləsin. Müsəlman qızlarına məxsus məktəblərin güşadına çalışsın.

Iştə müəllimin həzəratı, qeyrət ediniz! Gələcəkdə madərliyə layiq olan müslimlər yetişdirmək üçün müəyyən bir qətnamə qəbul ediniz! Siz bunu bilsəniz ki, sizin Bakıda etdiyiniz müzakirələr burada dörd divar arasında qalamaz. O müzakirələr, o qətnamələr zəmanə iqtizası*[7], əsrin xahişi, tərəqqi və mədəniyyətin əsası ilə tövəm*[8] olsa, şəkk yoxdur ki, gec-tez, Qafqazın ən dərin künc-bucaqlarına əksəndaz olacaq və onlardan sizə cəvabən ləbbeyk didirdəcəkdir.

Haydı müəllim qardaşlar! Hümmət ediniz, burası cəmaət işidir, səmimiyyət istər, qeyrət tələb edər. Cəmaətimizin ehtiyacatı çoxdur. Bu çox ehtiyacatın da fəqət neçə illətin rəf olması ilə izaləsi mühəqqəqdir.

Hər bir cəmaət üçün, hər bir taifə və millət üçün mədəni bir əhəmiyyəti olan milli ibtidai məktəblərin idarəsi və tədrisini öylə bir surətə qoymağa çalışın ki, oralardan çıxan mütəəllimin haman kəsb elədiyi elmlər bərəkətindən zəmanəmizdə mövcud üsuli-məişətdən bəhrədar ola bilsin. Çalışın ki, cəmaət məktəblərini aldığı ada layiq edəsiniz! Çalışın ki, cəmaəti təhlükəyə salan bəzi hissiyyat, onu qəflətdə saxlayan mövhümat və bunlara meydan açan üsuli-tədris və təlim bilmərrə məktəblərdən qovulsun!

Buyurunuz, bismillah! Tovfiqlər*[9] dilər, təbriklər ediriz!

Rəsulzadə
“Təkamül”, № 1, 22 mart 1907

*[1] vacibülitaə - itaəti vacib olan (adam)

*[2] giram - hörmətli

*[3] tələqqi - qarşılanma

*[4] təkfir – kafir adlandırma

*[5] təcdid – təzələnmə

*[6] üsəra - əsrlər

*[7] iqtiza – tələb etmə

*[8] tövəm - əkiz

*[9] tovfiq - müvəffəqiyyət