Məqalələr

BAKI, 17 MART

Məlum olduğu vəchlə Rusiya höküməti inqilab seylabının qabağını saxlamaq zahabilə hər bir dəni fikirlərə düşüb, hətta iki milləti biri-birinə qırdırmaq dərəcəsinə də vardı. Rusiyada ruslar ilə cuhudları saldırıb, Qafqazda da erməni və müsəlman vaqiəyi-dəhşətzasini yaratdı ki, bu yol ilə inqilabın tərəqqi və təkamülünə az deyil, çoxlu zərbələr vurdu.

Üsuli-keyfəmayəşa ilə ömr sürənlər üçün öz hökmlərini yeritməkdən müqəddəs, öz istibdadlarını qayimləşdirməkdən uca, küll cəmaəti öz həva və həvəslərinə tabe etməkdən əla bir məqsəd, bir amal yoxdur.

Onların fikirləri özləri, məqsədləri, nəfsləri, amalları, həvəsləri keyf və işrətləridir. Hərgah bir kəs öz istirahəti üçün, öz ailəsinin, öz şəriətinin*[1], öz qövm və millətinin istirahəti üçün öylə bir təşəbbüslər etsə ki, o cənabın, yaxud o cənabların keyfini pozub, onların işrətlərini bir azca ləğv edə filfor*[2] bu əhrimənlər əllərindən gələn hər bir qüvvə və gücü işlədərlər ki, üstlərinə gələn “həlakəti” rəf etsinlər.

Rusiyanın qüvvətli bürokratiyası kazakların, saldatların külləsi, top və pulyemotların gürultusu ilə bəslik etməyib fitnəəngiz müqatillərə əl atdığı bir halda İran kimi zəif bir hökümət, təbiidir ki, gərək bir hiylə başlaya idi ki, “tüğyan” edən milləti, mənkub*[3] və sərkub*[4] edə idi.

Iştə bu hiylə də ərzi-vücud eylədi. İran cəmaəti hər bir hərəkati-qəhrəmanəsində mürəbbisi olan Rusiya cəmaətinə təqlid elədiyi kimi, İran höküməti də öz ustadı olan Rusiya bürokratiyasından təhər götürüb millətin arasına fitnə salmaq qəsdi-xainanəsinə düşmüşdür. Lakin Rusiya kimi müxtəlif millətli olmayıb, milləti-vahidə kimi olan iranlıları bir-birinin üstünə salmaq mümkün olmadığını bilən ərbabi hökümət başqa bir tədbirə əl atmışlar ki, o da xaricilərin üzərinə olan ixtişaş və üsyandan ibarətdir.

Iran müfəttinləri əhalini iğva edib*[5] xaricə məmləkətlərin əhalisi və sahib mənsəblərinin üstünə qalxözmaqla istiyorlar ki, özgə dövlətləri İranın daxili işlərinə müdaxilə etməyə məcbur edib, onların qüvveyi-hərbiyyələri ilə əsarət zəncirini yenicə qırıb özünə bir səadət axtaran cəmaəti təzədən zəncirləsinlər. Onlar istiyorlar ki, Rusiyanın “sakit”edici kazakları, ingilisin “tədibçi” dəstələri İrana daxil olub üsyanı cəmaəti aram eləsinlər ki, bəlkə bu təriq ilə iradeyi-məşrutə cəmaət nəzərində ləkələnib, inqilabçıların nüfuzu kəsilsin. Məhəmmədəli şahlar, əmirbahadurlar, əminəlsultanlar və kampaniyaları isə yenə də qabaq ki, rütbələrində durub, yenə də cəmaətin qanını şişəyə tutub, biçarə rəiyyəti bu xandan o xana, o xandan bu bəyə satsınlar.

Əcəba, xaricə məmləkətlər belə cinayətkar işə müdaxilə edərlərmi?!

Bəli, edərlər! Budur, hal-hazırda həmi Rusiyadan, həmi ingilis tərəfindən tədibçi dəstələri İrana azim olmuşlar. Xaricə məmləkətlərin mənafeyi, istəyi, yəni xaricə məmləkətlərin hökümətlərinin mənafeyi və istəyi ki, o hökümətlərin başında duran bir taqım burjuaziyadan ibarətdir ki, öz füqəra cəmaətlərin də dərəcəyi-müntəhadə cəbr və zülm altında saxlayırlar – hələ bundan ibarətdir ki, nə qədər olsa, Asiya məmləkətlərinin tərəqqi və təaliyinə bacardıqca mümaniət etsinlər. Çünki indiki Avropa özünün fabrikalarından çıxan artıq mallardan Asiyada satıb oranı öz mətaını işə verməkdən ötrü bir bazar açmış. Əgər Asiya da tərəqqi edib avropalılar dərəcəsinə gəlirsə, onda malüt-ticarətin satmağa yer tapılmaz. Həmin bu nöqteyi-nəzərdən olaraq biz deyiriz ki, Avropa burjuaziyası (yəni sərmayədar və sərvətdarları) İran müstəbidlərinin bu hiylələrinə müsaidə göstərib hürriyyət uğrunda can fəda edən binəva cəmaəti “tədib” etməkdən çəkinməzlər. Bunlar haman biinsaf, bimürüvvət sərmayədaran hökümətləridir ki, öz ölkələrində bir parça çörəyə möhtac qalıb məişətinin islahından ötrü tətil edən Avropa fəhlələrini qurşuna tutdurub, onlara hər bir təcavüz etməkdən çəkinmiyorlar. Bunlar haman o avropalılardır ki, öz məmləkətləri dairəsində də hürriyyət axtaran cəmaəti növbə-növ bəlalara giriftar edib, onların üstünə olmazın bəlalar açıyorlar.

Xülasə, İran höküməti – məlunəsi özünün axırıncı nəfəsində boylə bir şeytanətkaranə fikrə düşüb də Avropanın “mədəniyyətli” hökümətlərindən özünə kömək gözləyir. Bu kömək gücü ilə İran höküməti hər ayinə cəmaəti məğlub etsə də, özü üçün nə qədər vəxim nəticələr verdiyini əcəba anlayırmı? Bu gün məşrutəli bir dövlətin hökmdari-biliftixarı olmaqdan imtina edən Məhəmmədəli şah öyləmi xəyal ediyor ki, əcnəbi vasitəsilə cəmaət qiyamını yatırdıb, sonra özü rahatçəsinə qabaqdakı müstəbid babaları kimi hökm sürəcəkdir?..

Belə bir səhv fikirlər ancaq hökmdarlar, istibdad və mütləqiyyət ilə tərbiyələnən vücudlar başında yerləşər!..

İran cavan müstəbidi və onun müavinləri bunu yaxşı bilsinlər ki, böylə şədid binagüzərlıqlar, xəyanət və cinayətlər ilə cəmaət qiyamının qabağını saxlamaq olmaz. Bu qism cəbrlər hər ayinə millətin hücumunu dəf edər isə, o da müvəqqəti olub millət özünün yeni qüvvələrini yığıb ikinci dəfə fəthə və zəfərə müvəffəq olmayınca ölkə bir haləti-hərc-mərcdə qalıb nə hakimlərə və nə məhkumlara rahatgüzəran etmək mümkün olamayacaq!

Ölkəni bu gələcək hərc-mərc təhlükəsindən qurtarmaq, onu səadət və rəfaət caddəsinə*[6] salmaq millət məclisi və millət mücahidlərinin qeyrət və hümmətlərinə bağlıdır. Mücahidini-hürriyyət gərək bu zamanda kəməri hümmətlərini bağlayıb var qüvvələr ilə çalışsınlar ki, hökümətin bu fitnə və fədasının qabağını alıb, cəmaəti qoymasınlar ki, özləri özlərinə quyu qazıyıb evlərini yıxalar. Hər bir millət dostu, cəmaət xeyirxahına lazım və vacibdir ki, bu vaxtlarda fürsəti əldən verməyib, qara cəmaəti fitnəkarların gəncəlindən çıxarsınlar!

Böylə bir tarixi vaxtda fürsəti fövt eyləmək, dayanıb baxmaq böyük bir günah, böyük bir cinayətdir!!

Məhəmməd Əmin
“Təkamül”, № 13, 17 mart 1907

*[1] əşirət – qəbilə, tayfa

*[2] filfor – o an, o dəqiqə

*[3] mənkub – bədbəxt

*[4] sərkub – başıbəlalı

*[5] iğva etmək – yoldan çıxarmaq

*[6] caddə - baş küçə, geniş yol