Məqalələr

FİRQƏLƏR VƏ CƏMİYYƏTLƏR

QARAGÜRUHÇULAR

Qabaqkı Bakı qalabəyisi İ.A.Dimanski ki, indi Bakı “Rus cəmaətinin ittifaqının” rəisidir, Peterburq ittifaqlarına yazıbdır ki, hərgah onlardan bunlara ianət olmasa ittifaqı dağıdacaqdır. Və həmin göndərdiyi kağız ilə bərabər Bakı ittifaqının tarixini də göndərib yazır ki, guya rus fəhlələri və bəzi müsəlman fəhlələri də bu ittifaqa girmək istiyorlar. Amma üzvlər pul ilə kömək etmirlər.

Təzə qradonaçalnik də bunların firqələrinə kömək etməyə hazırdır.

Dimanski yəqin etmiş ki, Bakıda inqilab salanlar cuhudlar, ermənilər və gürcülərdir. Müsəlmanlara isə xatircəmdir. “Baku” və “Kaspi” qəzetlərinin məsləkindən narazılıq edib “Yakor”dan da öz mətbu alətinin “bədəfkar”lara satmağından narazılıq göstərir. Fevral erməni-müsəlman hadisəsi həmin firqənin murada yetməyinə çox kömək edibdir. Polisənin bir hərəkəti-xainanəsi ixtişaşa səbəb olurmuş isə də bunların da polisəyə çox köməyi dəyirmiş. Amma o vaxtlar polisədən başqa həmin xuliqanların bu işlərə şərik olmaqları onların gizlin hərəkət etməklərindən zühura çıxmıyor imiş.

Dimanski öz məktubunda “rus firqəsi”nin binasını 17 oktyabrdan hesab edirsə sə, lakin belə məlum olur ki, 1904-cü ildə rus-yapon davası başlananda olan nümayiş həmin “həqiqi rus” xuliqanlarının işi imiş. Sonradan bunlar 17 oktyabrçılara qoşulub qüvvətlənmişdir.

“REÇ”

İdarədən: Nə qədər acı və gülünc bir istehzadır ki, biz müsəlman milləti öz dostumuz ilə düşmənimizi tanımayıb millət xainlərinə, öz insaf və mürüvvətlərini hər bir müqəddəs və pak şeylərini qara pula, bir əl verişinə, bir maladesə satan vücudlara öylə bir vüsət vermişik ki, onların vücudu ilə xuliqan dimanskilər öz qara fikirlərinin rəvacına bizi alət göstərib özümüz-özümüzü puç etməyə qabil bir vicdansız olmamıza işarə ediyor. Lakin biz çox yaxşı biliriz ki, dimanskilərin “müsəlmanları” hansılar, hansı boynu və cibi yoğunlardır!

“Təkamül”, № 12, 12 mart 1907