Məqalələr

MƏRƏZİMİZİN ÇARƏSİ

Bir ildən mütəcavizdir*[1] ki, erməni ilə müsəlman “şeytan”ın aləti-şəqavətkaranəsindən*[2] arasına fitnə toxumu düşüb, özünə müsaid bir zəmin tapdığı üçün göyərib, nəşvü-nüma*[3] etməkdədir.

Bu bir il yarım içində ariz olan bəlanın xarabedici əsərlərini, yandırıcı, öldürücü nişanələrini tərif etməyəcəm. Zira, hər bir vətən övladı ki, göz sahibi və qulaq  yiyəsidir, bu xərabələri görüb, bu nalə və fəqanları eşitmişdir. Yox əgər eşitməyənlər varsa, karlara nə demək. Tüfənglərin taqqıltısın, topların gürultusun eşitməyən şəxs “top atdılar”, “güllələdilər” – sözlərinimi eşidəcək?!

Mən nə deyim ki, abad şəhərlərimiz xaraba qalmış, kəndlərimiz viranə olmuş, gözəl Qafqaz iki düşmən ordusuna dönmüş... Bəsirət sahibi özü görər...

İndi olan olub, keçən də keçib, gələcəyə çarə axtarmalıdır... Fikr etməlidir ki, nə etmək lazımdır ki, bir də vətənimiz qan ilə əlvan olmasın, yəni biməna tökülən qardaş qanı ilə boyanmasın?!..

Hər bir naxoşlüğün, ərəzin illətini, səbəbini bilməmiş, əna hərgiz çarə etmək olmaz. Bir təbibi-haziq azarlarının qızdırmasını bilib, sonra çarəsi, dərmanı olan kinə-kinə (xinin) veriyor. Sərsəm olur isə turşu yeməyi qadağan edir, səfra*[4] ğələbə edibsə, şirin yeməkdən mümaniət ediyor. Xülasə, hər bir mərəzi əvvəl tanıyıb, nədən olduğunu bilib, sonra tədavi ediyor.

Erməni-müsəlman qırğını da vətənimizə ariz olmuş bəladır, bir mərəzdir ki, aramızda said zəmin tapıb, bu cür olan iləl və səbəblərdən naşi şiddət etmişdir.

Iştə bu bəlanı rədd edib, qədimül-əyyamdan, sülh və müsalimət ilə yaşayan iki milləti barışdırıb, əvvəlki halətə gətirməkdən ötrü bu illətləri arayıb tapmaq gərək.

Tapıb da tədavi etmək gərək. Bizə ariz olan bu mərəzin səbəbini, illətini də bilməyən yoxdur, zənn ediyoram. Cümlə Rusiyanı qanlı bir girdab içinə buraxan istibdadı, bürokratiyanı cümləsi bilir, tanıyır. Cənnət misal Qafqazı böylə cəhənnəmə döndərən haman Rusiyanın qeyri şəhərlərinin məsələn: Odesi, Kişinyovu, Ukraynanı xunalud*[5] edən Rusiya istibdadi-qəddaranəsini kim tanımıyor?!

Qafqaziya amirlərinin hərakati-xəyanətkaranəsinə bələd olan hər bir şəxs bunda mənimlə həməfkar olacaqdır. Zira ki, naqaşidzeləri, əlixanovları, qoloşşapovları, lyutskiləri, pivovarovları və qeyrilərini görüb də razı olmaq yaramaz.

Bürokratlar Rusiya inqilabi-kəbirindən rəhayəb*[6] olub, xilaslıq tapmaq üçün biçarə rəiyyəti bir neçə vaxtda təhti-təzyiq və təkdirlə saxlamaq üçün olmazın hiylələr edib, hər bir ərzəl işlərə tənəzzül etdilər. İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər. Lakin bundan bixəbər ki: “xuni-ərbabi-həmiyyət qərq edər zalimləri, müştəməl əfkari-əhraranə sönməz xunilə”*[7] – betəhqiqən cümlə poqromların, qırğınların ümdə səbəbi, inqilabiyyunlar heybətindən, füqərayi-kasibə qiyamından bağrı yarılmış, başın itirmiş bürokratiyadır.

Lakin bürokratiya özünün bədəfkar şeytaniyyə, bu məqhur*[8] zalimanəsinə tərvic vermək üçün bir müsaid zəmin aradı ki, özünü də özü piş əz vəqt hazırlamışdı. Haman zəmin də müxtəlif millətlərin burjuaları arasında olan iqtisadi rəqabət idi. Bu rəqabət də “şeytan”a imkan verdi ki, fevral ayında Bakıda bir şöleyi-şəqavət və ədavət işıqlandırsın ki, o şölədə həmin məzkur burjuaların bərəkətindən və bəzi maskalı üzvlərin sayəsində işıqlanıb, cümlə Qafqazı alovlatdı.

Budur bizim Qafqazı tutmuş müsri*[9] azarın ümdə illətləri və ya doğrusu ümdə illəti.

Madam ki, bu tərzi-idarə, bu rejim duruyor, madam ki, çinovniklər, bürokratlar öz istədiklərini eliyorlar, madam ki, toplar, tüfənglər, kazak və məhbuslar, həqq sözü təcəlli etməyə qoymuyorlar, madam ki, müftinlər, provokatorlar hökümət tərəfindən təbid edilmiyorlar, madam ki, istibdad cümlə öz zülm və təəddiləri ilə yaşayır, bir söz ilə, nə qədər ki, bürokrat üsulu var.

Ey vətənini istəyən qafqazlı sülhsevən ünsürlər! Əgər sülh istəyirsiniz, yəni düçar olduğumuz mərəzdən səhət tapmağımızı arzu edirsiniz, müttəhid olun, birləşin taki zikr olunan illətlər aradan götürülsün. Nə qədər ki, bu illətlər duruyor, bu mərəz, bu xəstəlik də olacaqdır.

M.Ə.R-zadə
“Dəvət Qoç”, № 6, 19 iyul 1906

*[1] mütəcaviz – çox, artıq

*[2] şəqavət – bəla

*[3] nəşvü-nüma – boyatma, inkişaf

*[4] səfra - sarılıq

*[5] xunalud - qanlı

*[6] rəhayəb – xilas olan, qurtulan

*[7] Cömərdlərin qanı zalımları qərq edər, alovlanan azad fikirlər qanla sönməz.

*[8] məqhur – qəhr olmuş, əzilmiş

*[9] müsri - yoluxucu