Məqalələr

İKİNCİ DUMA

Bizim müsəlman sərkarlarının*[1], pişrov və “yol aparanlarının” bir qəsdləri, təkcə bir amalları vardır ki, o da həmə vaxt ammeyi*[2]-cəmaəti əllərində saxlayıb onlara qəyyumluq etmək, hər bir iş başında özləri olub, hüquq və ixtiyaratın yeganə yiyəsi və sahibi olan cəmaəti, eli öz həva və həvəslərinə qurban verməkdir.

Bu ağaların məqsədlərinə çatmaq üçün tutduqları məslək və rəftar bürokratiyanın gördüyü işlərdən zərrəcə geri qalmayıb onlar getdiyi yollar ilə getmədədirlər. 140 milyon Rusiya əhalisinin özünə əsiri-dəstgir etmək arzusu ilə bürokratiya cəmaəti biri-birinə salıb qırdılar. Bu cənablar da haman o qəsd ilə şəhərin, bir qəsəbəcə və yaxud bir kəndin əhlinə ağalıq etmək sədədilə haman yerin əhalisini biri-birinə salıb onları bir-birinə məşğul edib başlarını qarışdırırlar və bu biri tərəfdən öz işlərini görüb ağalıqlarını möhkəmləndirirlər.

Həmin bu cənabların bərəkətindən Rusiyanın ən böyük və ən namdar şəhərlərindən biri, Rusiya müsəlmanlarının mərkəzi, Qafqaz sənaye və ticarətinin nöqteyi-mühümü hesab edilən Bakı İkinci Dövlət dumasına vəkil göndərmədən məhrum qaldı. Belə bir böyük siyasət və iqtisad cəhətləricə mühüm bir mövqe ihraz*[3] edən şəhərin, öz həqiqi ehtiyaclarını deməyə deyil, öylə bir ali məclisdə quru bir nümayəndənin ərzi-vücud etməyə də imkanı olmadı. Əlli iki min hiylə və dəsisə ilə, hədə və sıxıntı ilə yalvarmaq və təvəqqi ilə süçilən vəkili bu vaxta kimi yerindən hərəkət etməmişdir. Şəhərdə gəzən şayələrə inanılarsa bundan sonra da getməyəcəkdir.

İndi müsəlmanlar ayılınız! Öz dostlarınızı, ağalarınızı tanıyınız! Millət, millət deyib bağıran cənabların millətçiliklərinin əndazə və həddini, millət üçün qəlbləri yanıb və xeyirxah olduqlarını görünüz! Görünüz ki, bu pişrovlar necə cəmaəti aldadıb Dövlət duması kimi böyük, müəzzəm bir idarədə şərakət*[4] etməkdən onu məhrum qıldılar!

Cəmaət, indi dəzi heç olmasa ayılınız. Ayılınız da vəkillərin bu vaxta qədər niyə məmur olduğu vəzifə başına azim olmadığını mətbuat vasitəsilə sorub cavab istəyiniz. Niyə bu vaxta kimi dayanıb və gələcəkdə gedəcəkmi, yoxmu? Qoy vəkiliniz sizə cavab verdin... Olaki, vəkil “mən sizi tanımıram” – deyə cavab versin. Çünki belə bir cavab verməyə onun cari olunan vasitəli həqq intixabdan naşi rəsmi bir həqqi vardır! Öylə olan surətdə qoy cəmaətin vəkaləti və qəyyumluğunu boyunlarına götürən seçgicilər sizlərə cavab versinlər! Qoy onlar desinlər görək ki, Bakı cəmaətinin günahı nə idi ki, onlar İkinci Dövlət dumasından məhrum edildilər! Hərgah öz hüququnuzun hifz və vüqayəsi*[5] uğrunda belə bir təşəbbüs eləməsəniz, onda məzkur “qəyyumlar” daha da curətlənib bir az da artıq təcavüzdə bulunacaqlar!

Bu da qəhrəmanlar qanının bahasına, igidlər canının fədasına alınan Dövlət dumasının seçkiləri! Budur, iki gündən sonra da Şəhər dumasına qlasnılar seçiləcəkdir. Yenə də bu ağalar çalışacaqlar ki, öz qəyyumluqlarını birləşdirib ətba*[6] və yoldaşlarını buraya salmaqla bir az da kəsb nüfuz edib sərkarlıq mənsəbi-qəsbkaranəsinə həqqdar olsunlar.

Ey bu seçkidə zəmanəmizin “ədalət üzrə” qurulan qanunlarından nəfbərdar olub seçki haqqına dara olan vətəndaşlar! Kimləri siz bu gələcək dörd illik qlasnılığına seçəcəksiniz? Onlarımı ki, bu vaxtacən cəmaəti əldə oyun-oyuncaq edib, onun başında əlli iki min şəbədə və hoqqa çıxartmışlardır? Onlarımı ki, iyirmi il özünün qlasnılıq etdiyi bir müddətdə iyirmi kəlmə olsun bu məsələ, ya o biri məsələ barəsində söz danışmamışdır?

Onlarımı ki, qlasnı olub da öz evlərinin qabağını qəmbərlətdirib güc bəla ilə üç-dörd daşı bir-birinin üstə yığıb pərişan ailəsini onun altında bir haləti-dərvişanə ilə bəsləyən biçarə fəqirin evinin dağıdılmasına əmr etmişdir? Onlarımı ki, Bakı kimi dövlətli bir şəhərin kassasını öylə bir hala yetirmişlər ki, qulluqçulara verməyə bir qəpik pul tapılmır? Onlarımı ki, hər yerdə mənəm-mənəm deyib, cəmaətin tələbini onun xahişi və istəyini həmişə öz mənafelərinə, öz mənafeyi-xüsusiyyə və şəxsiyyələrinə qurban etmişlər?

Bu suallara cənab seçgicilər nə cavab verəcəklər, onu bilmiyorum. Lakin həmi seçgicilərin özləri üçün, həmi də ümum Bakı cəmaəti üçün yaxşıraq o olar idi ki, qohumluğu, nisbəti, tabelik və hörmət gözləməyi kənara qoyub, bu dəfə hər kəs öz əqlinin göstərdiyi, öz insafının hiss etdiyi kimi cəmaət və millət üçün çalışan bir əmini*[7], ümumin mənfəətini özününkündən yuxarıda görən bir şəxsi intixab eləsin. Zikr etdiyimiz bu xasiyyət sahibləri ilə bərabər, öylələri gərək cəmaət işinin başında olsunlar ki, həqiqətən onlar haman işi aparmağa, layiqincə yerinə yetirməyə müsaid olub öz əfkar və hissiyyatlarını deməyə, yoldaşlarına bəyan etməyə müqtədir olmaqla bərabər cəmaətin aşağı sinfinin tərəfdarı, fəqərayi-cəmaətin himayəçisi olsunlar.

Iştə hörmətli seçgicilər! Dövlət dumasının seçkisini nəzərə alıb, Bakı dumasının seçkisinə iqdam ediniz!!

Rəsulzadə
“Təkamül”, № 12, 12 mart 1907

*[1] sərkar – başçı, iş başçısı

*[2] ammi – avam kütlə

*[3] ihraz - qazanma

*[4] şərakət - iştirak

*[5] vüqayə - qoruma

*[6] ətba – təbəələr, rəiyyətlər

*[7] əmin – sədaqətli, etibarlı