Məqalələr

HƏR YANDAN

İNDİ HAMISI TƏLƏSİR

Hökümət tələsir ki, necə olsa da Duma bir azca sakit olub vurhay zad salmasın ki, bəlkə yerin hökümətləri Rusiyanın Dumalı bir dövlət olmasını görüb pul buraxsınlar. Cəmaət də tələsir ki, haçan olsun ki, bir Duma küy-kələk salıb cümlə vəzir-vəkilləri Stolıpindən tutub lap bizim küçə qorodovuyuna kimi hamısını hara ki, lazımdır göndərib özü bilavasitə olaraq cəmaət dərdinə qalsın... Cümlə qazamatlarda, Sibirdə, dustaqlarda olan “qalmaqal”çılar da tələsirlər ki, nə vaxt olsun onları bir buraxsınlar ki, çoxdandır “qalmaqal” eləməmişlər, ürəkləri lap darıxıbdır. Qəzetəçilər də darıxıb tələsirlər ki, nə olaydı qəzetəçiləri də 129-cu fəsil ilə qazamata oturtmaq, yazıq qəzetə satanları qovha-qova salıb bağırlarını çatlatmaq qurtaraydı. Fəhlələr də tələsirlər ki, nə olaydı zəbəstovka zad eləyəndə kazaklar onlara kömək eləməsələr də at döşünə də salmayaydılar. Müsəlmanlar da tləəsirlər ki, nə olaydı Duma bu tezliklə onları keşişlərin əllərindən qurtara idi. (Burdan başa düşməyiniz ki, onlar keşişlərdən qurtarıb mollaların əlinə düşmək istiyor, xeyr a yox!) Stolıpin də tələsir ki, bacardıqca Dumanı noxtalasın. Yox noxtalanmasa təşrif aparsın. Xülasə indi bu saət hər kəs tələsir. Hətta bizim bu ağır oturub batman gələn bəylərimiz də tələsirlər: budur bu günlərdə tələm-tələsik bir syezd qayırmışlar, əlbəəl yer tapıb qabaqca hazırlanmış sədri, katibi, flanı hamısın da qurub oturmuşlar. Tələm-tələsik nitqə başlamışdır. Hərgah bir natiq az uzun danışıbsa o saət cənab general sədr onu tələsdirib “bəsdir” bəsdir, nəyimizə lazımdır ki, azarımız nədir, dərman eləməyə tələsməlidir” – demiş. Xülasə söz çox. Tələsmişlər axırı tələsiklikdən boylə olmuş ki, sədr qətnamə yazıb hazırun da əsl müsəlman qaidəsi olaraq bəli-bəli demişlər... Həmin bu sürətlə köçəri məsələsi də həll olunmuşdur. Allah qoysa köçərilər də sağ-salamat gedib qayıdarlar.

Bəli, indi hamının işi tələsmədəndir. Hətta Duma vəkili Mahmudov da tələsir. Dumanın lap əvvəl açılmasında durub Kruşevani – ah mən də tələsdiyimdən çaşdım... Stolıpinin və killərini söyür ki, siz cəmaət vəkili deyilsiniz!..

Bizim Bakı müsəlmanları da tələsirlər... qorxurlar ki, birdən cəmaət idarəsi oldu. Ədalət divanxanəsi quruldu dəxi iş görmək olmaz, odur düşüb gündə-gündə  bir-birini öldürmədə, küçələrə partapart  salmadadırlar.

Nə deyim indi heç bir adam, heç bir şey yoxdur ki, tələsməsin, hətta bizim müdirimiz də tələsir, o gün tələm-tələsik gəlirmiş qəzetə iznnaməsini də salıb itirmişdir.

Amma bizim Bakı şəhərindən Dumaya seçilən vəkilimiz heç tələsmir. Öz keyfində gəzib, deyəsən Dumanı bilmərrə yadından çıxartmışdır... Deyirlər ki, yox Duma yadından çıxmayıb, ancaq bəzi vacibli işləri vardır, onları görüb sonra gedəcəkdir.

Vacibli işə sözümüz yox. Ancaq ki, Bakı cəmaəti çox tələsir ki, nə olaydı öz vəkilini yola salaydı. Olmasın ki, Dumanı qovalar, sonra küll aləm deyir ki, Bakı Dumanı boykot eləmişdi.

Marzadə
“Təkamül”, № 11, 3 fevral 1907