Məqalələr

“ŞURAYİ-OSMANİ”

Rusiya inqilabi əzəmi bir çox həqayiqi meydana qoyub hamı əhrarı*[1] bu yolda müttəhid etməyə vadar ediyor.

Məlum olduğu üzrə Türkiyə istibdadi və Sultan Həmidin mütləqiyyəti təhdində zar-zar inləyən əhali qırx ildən ertıqdır ki, “Cavan türklər” və qeyri siyasi firqələr surətində olaraq çalışır. Minlərlə canlar qurban edilir. Lakin bir iş bacarmayıb gündən-günə zəncəri-təzyiqə daha da bərk sarılıb, daha da bərk sıxıntı altına düşüyor.

Türkiyə məmləkətini təşkil edən müxtlif millətlər hər kəs öz başının çarəsində olub, ermənilər “Ermənistan” üçün, türklər “Türkiyə” üçün, ərəblər “Ərəbistan” üçün, bolqalra “Bolqariya” üçün can qoyub, biri suya, biri havaya, biri göyə, biri də dala ha çəkilərsə də istibdad öz yerində sabit qalıb bu mücahidlər fəqət ayrı-ayrı çalışdıqlarından gücdən düşüb zalimlərinin nəfinə işləməkdən başqa bir şey bacarmıyorlar.

Türkiyə cəmaəti bunu başa düşmüyor ki, hürriyyət, səadət ayrılıqla deyil ittihadi-ittifaq ilə başa gəlib beynəlmiləllik zühuru ilə qələbə edəcəkdir.

Hal-hazırda isə Rusiya hərəkati-hürriyyətpərvanəsinin əsərifeyzbəxşi olaraq bu nöqteyi-nəzər həqiqi Türkiyə vətəndaşlarının arasında sari*[2] alub istər cavan türklər, istər erməni və qeyri inqilabiyunların arasında bu fikri-səadət əsəri özünə tərəfdarlar aramaqda və kasbi-müvəffəqiyyət göstərmədədir.

Iştə bu axır zamanda Misirdə təşkil olunan “Şurayi-Osmani” cəmiyyəti bu mətləbi təsdiq edər dərəcədə bir sübut kafidir.

“Şurayi-Osmani” cəmiyyətinin qəsdi Türkiyə istibdadından möhnətkeş Türkiyə əhalisini qurtarıb idareyi-məşrutiyəyə və qəsb edilmiş qanuni-əsası iadəsi ilə bəxtiyar etməkdir.

Bu məramə çatmaq üçün “Şurayi-Osmani” ən ümdə olaraq beynəlmiləlliyi aləti-ittixaz edib, Türkiyədə məskun olan müxtəlif millətlər hamısı bərabər olaraq bir dərəcə zülm və əsarətə giriftar olduqları üçün birlikdə gərək bu zülm və əsarətin izaləsinə cəhd eləsinlər – deyir.

Bu cəmiyyət öz əfkar və amalını nəşr etmək məramilə ayda iki dəfə olaraq “Şurayi-Osmani” namində bir cəridə nəşrinə də iqdam eləmişdir ki, idarəmizə gələn əvvəlinci nəmrəsindən cəmiyyətin məqsədini anlayıb, onun hürriyyət yolunu qeyri Türkiyə firqələrindən iyicə olaraq düşündüyünü qəlbən təhsinləyib alqışlayırız. Lakin bizi düşündürəcək bir msəələ varsa, o da cəmiyyətçilərin nöqteyi-nəzərlərinin burada dayanıb bir az da o yanı görməmələridir ki, bu da əsl hürriyyət almağa qabil olan füqərayi-cəmaətə istinad etməyib sinfiyyət ayırmayaraq “hamı cəmaətə” söykənmələridir. Əlbət ki, məişət gəldikcə bunu da əyrədəcəkdir.

Indi gələlim cəmiyyətin proqramına aşna olalım: əvvəlinci nəmrə “Şurayi-Osmani”də ifadeyi-məram sırası ilə atidəki proqram dərc edilmişdir ki, eynilə dərc ediyoruz:

Cəmiyyətin proqramı şudur:

Maddə 1 – Bu cəmiyyətin təsisində məqsəd dövləti-aliyədə ümmətə qarşı m’sul idareyi-məşrutəyi iadə etməkdən ibarətdir.

Maddə 2 – Cəmiyyət şu məqsədi vəsaiti-məşrutə ilə təqib edəcəkdir.

Maddə 3 - Şurayi-Osmani cəmiyyəti-dövləti-Osmaniyyə təbəəsindən təçkil olunaraq əzaları hər növ əqvam və dinə mənsub zəvatdan*[3] mürəkkəbdir.

Maddə 4 – Cəmiyyətin bir mərkəz komitəsi olacaq və bu komitə cəmiyyətin təşkilat və nizamnaməsini tənzim edəcəkdir.

Maddə 5 – Mərkəz komitəsi şimdilik Misrül-Qahirədədir.

Maddə 6 – Cəmiyyətin şöbələri hər işdə Mərkəz komitəsinə tabe bulunacaqdır.

Maddə 7 – Cəmiyyətin ümumi hərəkəti Mərkəz komitəsi tərəfindən təyin olunacaqdır.

Maddə 8 - Şurayi-Osmani cəmiyyətinin təqib etdiyi məqsəd xəfi*[4] deyildir.

Bundan dolayı cəmiyyətin təşkili şimdidən elan edilə bilir.

Maddə 9 – Mərkəz komitəsi cəmiyyətin nizamnaməsini nəşr edəcək və bu nizamnamədə təyin olunan xədəmatə əfradi*[5] və o əfradın kəndi vəzifələrin icra edib etmədiklərinə nəzarət edəcəkdir.

Maddə 10 – Bu proqram türkcədən başqa ərəb, erməni və fransız lisanlarına tərcümə və təb olunacaqdır.

On fəsldən ibarət olan şu sətrlərə nə qədər proqram adı qoyulubdursa da, lakin proqramdan olaraq fəqət əvvəlinci fəsl xəbər veriyor. Yerdə qalan füsul isə nizamnameyi-əsasi adlansa daha övladır. Bizcə bu qism böyük bir cəmiyyətin aşkar və müəyyən proqram məramnaməsi gərək olsun ki, orada yalxu bir çox mənalı “idareyi-məşrutə” sözü ilə kifayətlənməyib mətlub olunan idarənin hər bir şərait və cüziyyatı məlum edilməlidir. Ola ki, bu bir müqəddimə olub “proqramda” deyildiyi kimi Mərkəz komitəsi tərəfindən nəşr oluna, gözləriz...

Hər halda bu cəmiyyətin təhsin ediləcəyi vardır ki, o da həqiqi hürriyyət yolu olan beynəlmiləllik “internasyonalizm” məsləki-müqəddəsəsidir. Həmin bu mətləbə dair “Şurayi-Osmaniyyənin” əvvəlinci nömründə “Fikir və məqsədimizə dair” ünvanlı məqalədə el divanı və qoyduğu qanun təqdis edilərək deyilir ki:

“Vətənimiz Türkiyədir, Türkiyə - Türkiyə vətəndaşlarınındır. Diqqət ediniz biz Türkiyə təbəəsinin demiyoruz, vətəndaşlarının deyiri. Zira tabe-mətbu, hakim-məhkum olmaq zamanı keçdi. Şimdi zaman ancaq insanların kəndiləri tərəfindən təəssüs qəbul, təsdiq edilən adilanə qəvaninə tabe olmaq zamanıdır. Hakimiyyət, mətbuiyyət yalnız qanunun şərayiindir*[6].

“Biz müslüm, qeyri müslüm, erkək, qadın həp Türkiyədə doğduq, əcdadımızın xatirati Türkiyədə mədfun. Biz Türkiyənin havası ilə, suyu ilə, əkməyi ilə bəsləndik. Türkiyə vətəndaşları üçün müqəddəs bir torpaqdır, müqəddəs, müəzzəz*[7] bir vətəndir. Vətəndə yaşayan adam əsir deyildir. Kimsəyə sıxıntı deyildir. Kəndi babasının evində bulunan övladın halındadır. Halbuki, biz vətənimizdə zindana atılmış bir məhbusun, bir məhkumun halında bulunuyoruz. Bizi döyürlər, bizə söyürlər, əmvalımızı zəbt ediyorlar, qanun yox, ədliyyə yox, maarıf yox, ticarət yox, hətta ziraət yox, yalnız bir şeyi var:

Padşahım çox yaşa!..

Bu təriq ilə Türkiyə hökümətinin hazırdakı xunxaranə*[8], şeytankaranə, iblisanə, xəyanətlərdən şikayət edilərək əhali atidəki, sözlər ilə indiki idarəni yıxmağa çağrılır:

“Ey türkiyənin məzlum, səfil, biçiz vətəndaşları, xəbəriniz olsun! Ölüyoruz, gediyoruz, bir daha dirilməmək üzrə ölüyoruz.

Əllər birləşsin, qəlblər birləşsin, yalnız alçaqlar bizdən ayrılsın.

Yaşasın Türkiyə, bizim cəmimizin müştərək vətənimiz. Müslüm və qeyri müslüm bizim cümləmizin müştərək vətənimiz. Müslüm və qeyri müslüm bizim cümləmizin müştərək imperatorluğumuz. Yaşasın hürriyyət üçün, ədalət üçün çalışan əhrar!”.

Hərgah Türkiyə əhrarları, istər cavan türklər, istər qeyriləri bu vaxta kimi Şurayi-Osmaniyyənin indi tapdığı olan yol ilə getsəydilər, yəqin ki, bu vaxta kimi bir şeyə nail olmuşdular! Heç eləməməkdən isə gec eləmək yaxşıdır – nöqteyi-nəzərindən baxılırsa biz cümlə Türkiyə əhrarına Şurayi-Osmani məsləki dairəsində yığışıb bilafərq millət və məzhəb çalışmalarını Türkiyə hürriyyəti və səadəti naminə olaraq tövsiyə edib “Şurayi-Osmani” cəmiyyətinin zühurunda Türkiyə üləmasının oyanmağına bir nişanə olaraq meydana gəldiyini təbrik və təhniyyət edib, ona həqqin yar və mədədkar olmasını səmim qəlb ilə arzu eləriz!

Qoy beynəlmiləllik nuri işıqlanıb “millətçilik” və dargözlülük cəhlini yer üzündən məhv edərək səadəti-ümuminin  vücudunu təmin eləsin!

Rəsulzadə
“Təkamül”, № 9,17 fevral 1907

*[1] əhrar – azadlıq tərəfdarları

*[2] sari – nüfuz edən

*[3] zəvat – adamlar, əsillər

*[4] xəfi - gizli

*[5] əfrad – fərdlər, tək-tək adamlar

*[6] şərayiindir – şəriətlərindir

*[7] müəzzəz - əziz

*[8] xunxar - zülmkar