Məqalələr

HƏR YANDAN

“A kişi, mən axı sizə dedim ki, bu solu seçməyiniz! İndi nə olsun bunu seçdiniz, deyiniz görək ki, a... padşaha nə cavab verəcəksiniz. Deməz ki a... mən ixtiyar verdim ki sağ seçəsiniz, siz niyə sol seçdiniz. Onda nə cavabverərsiniz”. Belə bir hiddətli söz ilə, bir nəfər dünya görmüş kişi seçkiləri məzəmmətliyor idi.

Cavabında bir nəfər ona təsəlli vermək üçün dedi ki, “götürsən də bir teleqram vur ki, biz müsəlman cəmaəti böygümüzdən tutub ta beşikdəki uşağımızacan hamımız hökümətin qolu bağlı quluyuq. Nə qədər qapaz varsa yükləyin gəlsin, heç uf da demərik ki, xatiriniz incisin”.

Dünya görmüş kişi də ki, tazəcə dünyaya gəlmişdi böylə gözəl məsləhətdən baş qaçırmadı.

Gözəl məsləhətlərdən gözəli, lap gözəlraqi İqnatyevin müsəlmanlara elədiyi təklifidir. İqnatyev deyir ki, müsəlmanlar məktəb istəyirlərsə araq içməlidirlər. Yoxsa piyanskə olmayan millətə mərifət versək başımıza bəla olar. Amma bəziləri deyirlər ki, İqnatyev səhv edir. Müsəlmanlar ixtiyar olacaq dərəcə piyanskəliyə aludədirlər. Inanmırsa gəlsin bizim klublara, görsün nə vurha-vurdur.

Bir vurha-vurdur ki, ibtidai şkola nədir, lap darülfünün almağa layiqdirlər!..

Bu söhbət araya gələndən sonra mən başa düşmüşəm ki, niyə bəs bizim kəndlərdə şkola yoxdur. Indi hər kəs istəyirsə ki, şkolası olsun qabaqca gərək bir şərabxanadan zaddan düzəltsin ki, sonra hökümət arxayın olsun şkola açmağa izn versin.

Həmişə şkola deyəndə yadıma bir şey düşür. Təəccübdür bu Qori seminariyasının işi, hər kəs oraya uçitel olur, sonra ya gərək şeyxülislam ola, ya mufti. Məsələn, indiki şexülislam ora uçitellərindəndir. İndidə söz buraxıblar ki, müfti çıxacaq onun yerində seminariya müəllimi Rəşidbəy Əfəndiyev müfti olacaqdır.

Ay dünya... belə də iş olarmı!.. Uçiteldən müfti olar? Bəs nədən?..

Uçiteldən müfti olmaz o vilayətdə ki, hacıdan general, generaldan da maarif vəziri olmaya, zamani ki, bunlar olur – o da olur, olanda nə bir eybi var. Məsəldir deyirlər: “Hələ ciciniz olmasaydı bəbəciniz də olmazdı”.

Qarabağda axırıncı ixtışaş olmasaydı general Qoloşşapov da dilsiz qalmazdı. Odur indi Bakıdan teleqraf gedir ki, müsəlmanlar hamısı hökümət adamlarıdır: “qıcalardan tutmuş tazə məktəblərin yetirmiş olduğu növcavanlara tək zat imperatora və vətənə sadiq və saf xadimlərdir”. Yazıq Qoloşşapovun dili yoxdur ki, desin, a canım budurmu sədaqət ki, məni lal eləmisiniz?..

Lal dedim yadıma bir kar düşdü. Kar dedim, yadıma bir kor düşdü. Hə... Bu kar, kor, lal ilə əlləşirdim ki, bir də gördüm qalmışam avara, belə avara ki, heç tayı tapılmaz, hətta bizim “avara”dan avara.

Bu avaraçılıqdan sonra bir neçə kəlmə də tazə vəkillərdən danışaq: İsmayıl Tağıyev necə ki, gözləmək olardı deyirlər ki, sağ kadetdir. Bu hərgah Dumada durub danışsa, yəqin ki, atası ilə araları dəyəcəkdir. O biri Mustafa Mahmudov əgər müəllimlər syezdini yadından çıxarsa çox yaxşı olar, yəqin ki, çıxardacaqdır. Çünki oraya möhtərəm hacılar gəlməyəcəkdir.

Zeynalova biz indidən deyirik ki, baltavi itilə! Necə ki, fikrində var, belə lap dibindən vurub hökümət ağacını yıx! Onu yəqin özün bilirsən ki, bu ağac yıxılsa kimin başına düşəcəkdir...

Marzadə
“Təkamül”, № 8, 11 fevral 1907