Məqalələr

NAGƏHAN BƏLA

(Məişətdən bir səhifə)

Bakıda vaqe olan keyfiyyətdən bir pərdədir

ƏFRADİ-ƏHLİ-MƏCLİS
  1. Kəsb şöhrətü-nam etmiş Qurbanəli ağa
  2. Fakültə qurtarıb imtiyaznamə almış bir abrazıbannı müsəlman (diplomat)
  3. Qurbanəli ağanın kontorşiki

Pərdə qalxır, nümayan*[1] olur, ağanın kabinəsi, hər tərəfdən bahalı stul və mizlər düzülmüş, hündür bir pəncərənin qabağında vəz edilmiş stul üzərində

Qurbanəli ağa ilə diplomat oturmuş.

Qurbanəli ağa (züünü diplomata tutub) – Ah fələk, dünyada elmsizlikdən böyük bir dərd yoxdur. Kaş ki, mənim bu dövlətim ki, başımdan aşır, olmayaydı, ancaq elm olaydı ki, hər bir şeyi özgədən xəbər almayaydı.

Diplomat – Ağa niyə dilgir oluyorsunuz, allaha şükr, elminiz olmasa da fəhm və zəkavəti-xudadadınız o qədərdir ki, bir çox biz kimi diplomatlardan artıq olmasanız da, əskik deyilsiniz. Allaha şükr, sizin ayağınız biləni bəzi diplomatların başları da bilmiyor. Çox olur ki, insan oxumuş, tərbiyə almış olsun, lakin özü səfeh. Məsəla, indiki zəmanə studentləri. Görürsən ağa, sizin kimi vücudların kölgəsində gedib təhsili-kəmal etmiş, özünə bir abru*[2] qazanmış, amma öz vəliyyi-nemətinin mənafeinə ziddiyyət göstəriyor, onu bəgənmiyor. Bu hələ o yanda dursun, millətə nə qədər zərər veriyorlar...

Qurbanəli ağa: - Nə buyurursunuz? Mən xərc çəkib təhsilə göndərdiyim studentlər qayıdıb məgər mana bərəks gediyorlar, millətə zərər veriyorlar?

Diplomat: - Bəs nədir, ağa, müttəhid, müttəfiq bir milləti şöbələrə ayırmaq, partiya-partiya eləmək, bu millətə xəyanət deyil də nədir? Əşi bular hələ o yanda dursun, çoxsu görürsən gedib sosialist olur, iddiası da budur ki, fəhlə gərək ağa olsun. Özü də deyir ki, cümlə aləmləri doyduran, geyindirən, dünyanın hər bir rifah və səadətini hazırlayan fəhlədir. Pəs niyə gərək tək-tək vücudlar keyfə baxsınlar. Minlər ilə fəhlələr işləsin tək-tək xozeynlər yesin, belə şey olmaz. Bu fasid əqidənin üstə öylə möhkəm də duruyorlar ki, allah göstərməsin, çoxları çıxır ki, hər bir şan, ad və heysiyyətdən də görürsən əl çəkib öz əqidəsinin rəvacında işliyor.

Bu studentlərdən o gün bir neçəsin çağırıb nə qədər nəsihət etmişəm ki, böylə şey olmaz, siz qeyrilərə baxmayınız, onlar bəlkə dəli olublar, siz də özünüzü onlara müqəllid edib bu yolu getməyiniz. əvəzində gör mənə nə cəvəb verirlər. Guya ki, küll Rusiya, bəlkə cümlə Avropa divanə olub fəqət siz və həməfkarlarınız dünyada əqlin itirməmiş qalmısınız.

Qurbanəli ağa: - Əşi, nə olacaq cavan adamlardır. Təcrübə görməmişlər. Qoy hər nə deyirlər, desinlər, bizə nə zərəri. Allahın – bərəkətindən biz müsəlman sahibkarları iyirminci qərinədə xoşbəxtlərdən yaranmığıq. Cəmi aləm əgər sosialist olub müsəlman fəhləsinin arasında əqidə təbliğ edib zabastovkaya çağıralar, əminəm ki, heç kəs qulaq asmaz. Müsəlman fəhləsinin nə cürəti ola bilər ki, yerindən belə hərəkət eləsin. Sən bilməyirsən ki, bu müsəlman tayfası kazak-saldatdan necə qorxur! Bircə student mutudetlərə uysunlar, zabastovka etsinlər, gör zabastovka nə tövr olar. Onlara bir toy tutdurum ki, qiyamətdə də özlərinə gəlməsinlər...

Əşi, təəccübdür bizim müsəlmanın işi, görürsən gəlir göynüyür ki, ağam fəqirəm, oxumaq istəyirəm tavanam yoxdur..., kömək ediyorsan, əlindən tutursan, xərcin çəkirsən ki, gedib oxusun, adam olsun. Lakin gedir gör axırı nə olur – sosialist! Virdi*[3]-zəbani gör nə der: hürriyyət, müsavat, qardaşlıq!.. Ax, vay, ada ay... illər ilə zəhmət çəkib qazandığım dövləti götürüm indi bir əbləhin biri ilə bölüşüm ki, nə var ki, bu müsavatdır, ağa sosialist böylə deyir...

Diplomat: - Bu günlərdə bizim həmin Bakıda bir tağım cavanlar vardır ki, özlərini fəhlə tərəfdaranı adlandırırlar. Guya fikirləri budur ki, müsəlman fəhləsi də zabastovka yolu ilə öz əhvalını (istehza ilə) yaxşılaşdırsın.

Qurbanəli ağa (hiddətli) – Xub, mən məgər günah elədim ki, küçələrdə qalan adamlar üçün iş açdım ki, gəlib bir parça çörək yiyəsi olsunlar? Əşi müsəlman cavanı bir dəstə olmasın ki, on dəstə olsun, yenə də müsəlman fəhləsi zabastovka eləməz. Əgər pir mənimdir kəramətin bilirəm (döşünə döyür). Başına qapaz vururlar dinmir, durub indi məvacib üstə zəbəstovka edib haqmı istəyəcək. Vallahi mən pək xoşbəxt yaranmışıq. Nə zabastovka görürük, nə də başımız ağrıyor. Özgələr görürsən bizdən artıq mavacib verib fəhlə ilə yaxşı yola gedə-gedə yenə əmələləri zabastovka ediyorlar. Amma bizim fəhlələr işləyib, işləyib ay başında nəqd poluçka üç şahı, iki abbası çox olanda bir manat alır, onunla belə kəmali-sidq ilə xidmət edir. Zabastovka-mabastovka zad bilməz, başını aşağı salıb adam kimi işlər, hər nə desən baş üstə ağa, - deyib əməl də edər.

Diplomat – Hər halda bu sosialistlərə mühib düşməndirlər, onlardan ehtiyatlı olmalıdır, Sədi deyir:

Dani-ke çeqoft Zal ba Rüstame-qord.

Doşmən nətəvan həqir biçare şomərd*[4].

Qurbanəli ağa: - Əşi, bica ehtiyatdır ediyorsunuz. Inandırıram səni ki, əgər xuda nə kərdə mənim işimdə zabastovka zad olsa, cəmi sosialistləri Bakıdan köçürtməyə qadirəm.

Söz bura çatmış idi ki, nagəhan qapılar bir-birinə dəyib özgə bir halət ilə kontorşik içəri girib kəmali-pərişanlıq ilə salam verdi.

Qurbanəli ağa: - Nə var adə, nə olub, əhvalın niyə pərişandır?

Kontorşik – Böyük bir bəla üz veribdir ağa!

Qurbanəli ağa – Necə, nə bəla, olmaya adə, paraxod batıbdır?

Kontorşik – Xeyir, daha bədtər.

Qurbanəli ağa – Zavod yanıbmı?, pajar olubmu?

Kontorşik – Bir daha pis!

Qurbanəli ağa – Evin yıxılsın bir de görək axı!

Kontorşik – Deməyə dilim varmıyor.

Qurbanəli ağa (ayağa durub acıqlı) – Pah aton ilə yeri! Qəribə insandır a... Adə bir de görüm nə olubdur da!..

Diplomat – Adə zarafata salmısan nədir, kişi özünü itirdi, tez ol di xəbər ver, adamsan sən!

Qurbanəli ağa – Adə, deməyəcək idin bəs niyə gəldin... La-ilahə-illəllah... (kontorşik sözünü deməmiş çıxır, çıxanda üzünü diplomata döndərib işarə ilə onu bayıra çağırır).

Qurbanəli ağa (tək) – İlahi, görəsən nə xəbərdir. Yəqin böyük bir müsibət üz veribdir ki, bu zalım balası deməyə ehtiyat ediyor, ox!.. ürəyim nə yaman xarab oldu! A... bay zalım belə də xəbər gətirərlərmi?.. (biixtiyar olub pəncərəyə söykənir. Bu vaxtda diplomat qayıdıb içəri daxil olur).

Diplomat – Ağa, ay ağa! Xof etməyiniz bir elə xəbər yoxdur. Fəhlələr gərək ki, tətil etmişlər, zabastovka!..

Qurbanəli ağa – Bay nə dedin, zabastovka?... nə, nə! Müsəlman fəhləsi də!.. böylə də iş olarmı!.. Ey xuda, nə günlərə qaldıq!.. Cənab bəy! Siz doğruca ehtiyat edirmişsiniz, yerində imiş!.. (üzünü qapıya tutub qışqırır). Adə Nəsrullah, Nəsrullah. Telefonu general-qubernatorun evilə birləşdir (bu səat ağa – deyə səs gəlir (Diplomata xitabən). Bu biz müsəlman sahibkarları üçün nagahan bəladır, nagahan bəla!!... Mən məlunəm əgər bir də bir uşaq oxutduram. (Deyib qapıya sarı gedir).

(Pərdə düşür)

Rəsulzadə
“Təkamül”, № 7, 3 fevral 1907

*[1] nümayan - əyan, aşkar

*[2] abru – şərəf

*[3] virdi – eyni şeyi təkraretmə

*[4] Bilirsən ki, igid Rüstəm Zala nə dedi, düşməni yazıq və biçarə saymaq olmaz.