Məqalələr

İRAN İŞLƏRİ

Bu axır zamanda İrandan gələn xəbərlər ora işlərinin pırtlaşıq olmasından xəbər verib, İranın bir həyəcani-inqilabçuyanə və hərəkati-ixtilalkaranə içində olduğundan xəbər veyanə və hərəkati-ixtilalkaranə içində olduğundan xəbər verirlər.

Hənuz vəliəhd ikən öz müstəbid və hökmpərəst olduğunu büruzə verən Məhəmmədəli şahın rəsmi-tac güzaridə millət vəkillərinə etdiyi kəmetinalığın, yəni cümlə İran cəmaətinin bir cüzidəsi, məzlum millətin seçilmiş olan vükəlayi-millətə etina etməyib onları öz zülmkarlığı və cəlladlıqları sayəsində mənsəbdar olan sahibi-rütbələrdən əskik hesab edib, dəvət etməməsindən naşi, cəmaət həyəcana gəlib belə bir tədbirdə millət nümayəndələrini heysiyyətdən salmaq sui-qəsdini gördüyünü keçən nəmrəmizdə teleqraf qismində dərc etmişdik.

Həqiqətən də belə bir əlaqəyə bu cür kəmməhliliyə, bu əndazə etinasızlığa, bu qism bir sui-qəsdə nə ad qoymalıdır? Bu qism bir rəftar, bu əndazədə də etinasızlıq küll İran millətinin nümayəndələrinə edilən təhqir və təkdir deyilmidir?

Rəsmən nə qədər belə olsa da həqiqət nöqteyi-nəzərindən millət vəkillərinin qədri-heysiyyəti o qədər alidir ki, belə bir oyunbazlıq məclisinə çağrılmamaqla onlar öz məqami-alilərindən millətin qəlb və dərunindən, cəmaət ümid və amalından zail olub düşməzlər, necə ki də öz pişrovlarına edilən böylə bir etinasızlıqdan nifrətə gələn Tehran cəmaəti millət məclisinə yığılıb, hökümətin böylə dəni işlərinə nisbətən irad edilən əhraranə nitqləri deyilib də, özünün seçdiyi məbuslar ilə yekdil və yekcahad olub, onların arxasında durduğunu “rədd olsun xain vəzirlər” – deyə çığırdığı sözlər ilə sabit etmişdir.

Cahan şahın mütləqiyyət arzusu ilə millət vəkillərinə öyrətdiyi bu əvvəlinci nəzəri İran cəmaətində mövcud olan hissiyyati-inqilabçuyanəni cuşa gətirib onları “fədailər” dəstəsi tərtib verib müvəqqəti inqilab məclisləri təşkilinə sövq etmişdir. Bu həfdə içində gələn teleqramların xəbər verdiklərindən anlaşılır ki, Tehranda, Şirazda, Təbrizdə məclislər düzlənib, hökümətə baxmayaraq özləri bilavasitə hərəkət edirlər. Bu məclislərdən biri Mərənd valisini tutdurub ağaca bağlatdırmışdır. Hökümət bu məclislər ilə müqabilə etməkdə qüvvəsizdir. “Fədai” dəstələrinin səfləri gün-gündən artıb məclislərin həqlərini mühafizə edirlər.

Iranın bu məclisləri Rusiyada qurulan “Fəhlə vəkillərinin şuraları”nı bilaixtiyar yadavər edib insanı bəzi bir mülahizələrə salır.

Rusiya inqilabi-əzəminin dəst-pərvərdəsi olan İran hərəkati-hürriyyətpərvəranə, inqilab səadətçuyanəsi bir çox şeydə öz mürəbbəsi Rusiyaya təqlid ediyorsa da, lakin özünün şəraiti-ictimaiyyə, siyasiyyə və ruhaniyyəsindən naşi bəzi işlərdə başqa nəticələr bağışlıyor. İran inqilabı “yanvarın doqquzuna” hais olursa da minlərlə fəhlələrin qırılmasına, yüzlərcə balaların yetim qalmasına səbəb olmayıb. Fəqət 12 nəfər şühədanın qətli ilə məğzil-məram olur. İran inqilabçılarının boyunlarına kəfən salıb meydana çıxdıqda əllərində dağları dağıdan müdhiş bombaları yox isə də qarşılarına duran, hər bir insaniyyət və tərəhhümlərini kazarma üsuli-təbiətkaranəsi təhtində itirmiş biinsaf və bimürüvvət cəllad kazakları əyinlərinə şinel geyib, çiyinlərinə bafta tikdirmək ilə allanılıb cəmaətdən uzaq düçən öz bacı və qardaşlarını, hətta ata və oğullarını öldürmək dərəcədə qəsavət*[1] qılıb məhvə verən saldatları, din və imanı, İsa və Rəhmanı tullayıb çinovniklik cildinə girməklə cəmaətdən ayrılıb hökümət qulluqçusu olan ruhaniləri də görmüyorlar. Bundan əlavə də İran inqilab məclisləri, Rusiya “Fəhlə vəkillərinin şurası”na qiyas ediləməz. Ondan ötəri ki, Rusiyada məclislər təşkil olunanda, onları bir nöqtədə cəm edən millət məclisi (Dövlət duması) yox idi. İranda isə Tehran millət məclisi (parlamentosu) bu tazə təşkil olunan məclislərə mərkəz olub, onları müttəhid etməyə istedad göstərəcəkdir.

Iştə bu nöqteyi-nəzərdən gözləmək olar ki, sapın və qeyridən ibarət olan cüzi bir “mərhəmətə” şamil olan Rusiya qoşunu kimi İranın sərbazları cəmaətin xahiş və istəyinin nəticəsi olan bu məclislərə əleyhən iş görməzlər, görsələr də qüvveyi-rabitə və mərkəziyyəyə dara olan bu inqilab məclislərinin qabağında dayanamazlar və bundan ötəri də İran müvəqqəti fədai məclisləri Rusiya “fəhlə vəkillərinin şurası” kimi dağılıb istibdad və bürokrat idarəsinin cəngəlinə düşməz və bundan naşı da cəmaət qüvveyi-siyasiyyəsi birləşib öz vəkillərinin heysiyyətini, öz hüquqlarının qədrini gözləməyə hazırdakı bietina höküməti məcbur edirlər, vadar edirlər ki, hökmdarlar özlərinin bir zati-mütləq olduqlarını fəramuş edib cəmaət yanında heç yerində bir şey olmalarını boyunlarına alıb qısb etdikləri mövqe və heyəti, onun həqiqi sahibi və tənha yiyəsi olan cəmaətə versinlər.

Qoy bunu hökmdarlar qansınlar ki, cəmaət ilə cəmaətlik etmək olmaz!

Qoy bürokratlar bunu anlasınlar ki, cəmaət vəkillərinin qədri tacküzarlıq məclisinə dəvət olunmaqla deyil, onlara kömək üçün qiyam edən cəmaət qədranlığı və haqşünaslığındadır.

Məhəmməd Əmin.

Bədət-təhrir*[2]: Axırıncı xəbərlərə nəzərən millət məclisinin tələbi olaraq post və kömrükat vəziri olan Naus və başqa iki vəzir qulluqlarından çıxarılmışdır. Və heyəti-vüzəranın millət məclisi qarşısında cavabdəhəndəliyi tələbedilib məramə yetişilmişdir.

M.Ə.
“Təkamül”, № 7, 3 fevral 1907

*[1] qəsavət – rəhmsizlik, zülm

*[2] bədət-təhrir – yazdıqdan sonra