Məqalələr

HƏR YANDAN

SEÇKİÇİLƏR

1

A kişi mən kimi seçim? Əgər durub qlasnılardan seçərəm, qorxuram ki, Dövlət duması da pulsuzluq bəlasına giriftar ola. Yox əgər çinovnik flan seçim – onda da gərək ki, özümə bir iki-üzlü papaq zakaz eləyəm. Əgər sosialistlərə səs verim – onda da heç qeyrətim gəlmiyor ki, ağaların üzünə ağ olum. A kişi nə olacaq mən ki, başı qapazlının biriyəm nəyimə gərəkdir belə-belə işlər. Qoy özgələr hər nə bilirlər eləsinlər.

2

Sən allah, bu da işdir. Gör nə günə qalmışıq ki, çolma-cocuqlar da durub seçkiyə qarışırlar. A canım qoy Dumaya biz gedək. Bizim adamlarımız getsin ki, ləyaqətmiz də var, böyük adamlar ilə oturub dura bilərik. Vəzirlər, zadlar məclisə gələndə təzim eləməyin təhrini də bilirik. Fəhlə nədir, belə-belə məclislər nədir. Bizim təzə cavanlar da lap dəli olublar. Kişi pul məndə, güc məndə, məni qoyub, gör kimi seçmək istiyorlar. Fəhlə tərəfdarlırını...

Ax, ax... fəhlə yaxşı iş görən olsa özün mənim zülmümdən qurtarar. Bir adam ki, mən ilə, mənim qoçularım ilə bacarmır, vəzirlər ilə bacaracaq? Dumaya bizlərdən getməlidir ki, hamı işləri təkcə “mən ölüm” ilə aparsın. Lazım olanda rüşvət verməyə də qüvvəsi olsun.

3

Özümü cürbəcür rənglərə saldım, qism-qism örtüklərə bürütdüm ki, məni yaxşı adam bilsinlər. Amma yenə də örtüklü yırtdılar, altında daşnaksutyun olduğumu aləmə göstərdilər. Götürüb bir neçə adamlara ərk elədim ki, mənim tərəfdarım olsunlar. Onlar da həyasızlıqlarına salıb, götürüb yazdılar ki, biz sizin üzünüzə tüpürmüşük. Indi isə onu yalamaq istəmiyoruz.

4

Keçən il Duma seçkisi olanda bir neçə kök qapaz yemişəm. Nəhayət az istədiyim adamı seçməyə məcbur olmuşam. İndi qaza yesəm də, yeyəcəyəm, lakin hər qism olsa da öz istədiyimi seçəcəyəm. Kimin nə ixtiyarı ki, mənim qabağıma ağac qoysun. Amma işə baxanda “ayı bəd canavardır”.

5

Sən allah, adam nə eləsin, hərəsi bir şəbədə ilə gəlir ki, nə var flan oldu. Bu kağızları mən nə edim, hər il də Duma olar? Bu nə, bizi lap təngə gətirdi. İndi dükanımı, alış-verişimi qoyub gedib bir-iki saat da məəttəl olacağam, nə var, nə var ki, mən Dumaya adam seçirəm. Cəhənnəm olsun Duma, belə gora olsun Duma!.. Hamıdan yaxşı belədir ha qollarını tullayıb seçki kuponlarını tikə-tikə eləyir və sonra iki ayaq ilə üstünə çıxıb tapdalayır.

Belədir bizim Bakı seçkiçilərinin müxtəlif üzvlərinin müxtəlif fikirləri.

Marzadə
“Təkamül”, № 6, 27 yanvar 1907