Məqalələr

HƏR YANDAN

Yəqin mərhum şahın ölüm xəbəri sultana çatan kimi yorğan döşəkdən özünü dik atıb, öylə duracaqdır ki, bir daha azarlamayacaqdır...

Axır sultanın azarı başqa bir azar deyil, onun öldüyü, azarladığı odur ki, heç bir vəch ilə onun həndəvərinə hürriyyət dolanmasın, hürriyyət adı, qanuni-əsası sözü eşidən kimi əqli başından uçur...

Deyirlər ki, cənab Stolıpin çox şükr edir ki, o və kampaniyası Dövlət dumasına xəyanət ediblər, yox əgər verdikləri sözün üstə dursaydılar, yəqin bunlar da... həmin bu məqsəd üçün cəmi poplara fərman verilibdir ki, kilsələrdə yalvarsınlar ki, əcəb olub Stolıpin Dumanı qovub, yoxsa ki, dövlətimiz padşahsız qalacaqmış...

Yaxşı deyirlər ki, qorunan gözə çöp düşər. A kişi sultan hürriyyətdən nə qədər qorxursa, bir o qədər də hürriyyət ona tərəf gedir.

Məsələn, budur Trabzon cəmaəti bunt edib ermənili-müsəlmanlı İstanbuldan hər nə ki, adam göndərilir hamısını döyüb qovurlar... töycü yığanları hər yerdə görürlərsə qapazlıyorlar... İşlər belə ki tutub, qorxuram ki, sultan əfəndimiz qanuni-əsasiyyəni əlindən çıxarmamış keçinə...

Deyirlər ki, sultan çox müdəbbirdir. Amma görünür ki, yalan deyirlər. Onun üçün ki, əgər o hiyləgər olsa idi, o da Rusiya höküməti kimi erməni ilə müsəlmanları çoxdan bir-biri ilə vuruşdurub indi sakit oturmuşdu. Qubernatorlarını da qapazlamamışdılar...

Hiylə sözü aralığa gəldi. Bakıda bir nəfər “diş qayıtdıran” seyid xatirimə düşdü...

Bir dənə göy qurşaq adam var ki, sənəti il-müdam diş qayıtdırmaqdır. Bunun sənətidir, həmişə gəzir diş həkimlərinin vıveskalarını oxuyur. Diş həkimi arvad isə içəri girib dişini “qayıtdırır”, “diş qayıtdırmaq” bəs deyil, ayrı bir xəyallara da düşür...

Diş həkimlərinin özlərindən qorxub kuxarkaları qucaqlayır...
Bunun nəticəsi olaraq da bir-iki kötək yeməmiş olmayır...*

Bulardan keçəndən sonra bir balaca da mütəfərriqə yazmaq istəyirəm:

“Millətpərəstlik”
- “Millətpərəstlik” bilirsənmi nədir?
- Yox!
- Bəs, qulaq as deyim: Bax iki cür “millətpərəstlik” var. Biri qoçaq, biri də maymaq. O ki qoçaq millətpərəstdir – gedib bir dükan açır, yainki karxana bina eləyir. Adın qoyur “millət dükanı” yainki “millət fabrikası”, başlayır yavaş-yavaş “millət qarpızı”; “millət papirosu”, “millət bezi” satmağa. Bu “millətpərəst”in mətai də həmişə qeyrilərinkindən bir az baha olur. Bu da məlumdur ki, neçün, ondan ötrü ki, özgələrinin yalxu papiros, qarpız, bez və flan isə, bunun ki, “millət papirosu”, “millət qarpızı”, “millət bezi” və “millət flanı”dır. O ki, maymaq millətpərəstdir, o da bu qoçaqların sözlərinə inanlb, bir şahılıq qarpızı altı qəpiyə, acı “papirosu” “şirin” əvəzinə, 8 qəpiklik bezi 10 qəpiyə “millət” naminə alıb işlədir.

Marzadə
“Təkamül”, № 3, 30 dekabr 1906

* mütəfərriqə - məzmunu başqa-başqa olan məqalə və ya hekayə