Məqalələr

HÜRRİYYƏTİ MƏTBUAT

MÜSƏLMAN MÜRƏTTİBLƏRİNƏ DAİR

Ümumən hər tayfanın arasında mürəttiblər qeyri fəhlələrə nisbətən “ziyalı fəhlə” hesab olunurlar. Yəni qeyri-bisavad fəhlələrə nisbətən mürəttiblər öz savadları cəhətinə-tərəqiyyə və mədəniyyətə artıq nail olurlar.

Hər bir vilayətdə mürəttiblər öz hüquqlarını tələb etməkdə, ittifaqlar və cəmiyyətlər təşkil etməkdə pişrov olaraq qeyri-bisavad fəhlələrə misal olub bu tövr işlərə cəlb ediblər. Həmişə də bunların ittifaqları və cəmiyyətləri qeyri fəhlələrə görə münəzzəm olubdur.

Amma heyf ki, bizim Qafqaz müsəlman mürəttiblərində bu tşvr hərəkətlər görünmüyor. Nə özlərinin ittifaqları, cəmiyyətləri var və nə də qeyri mürəttiblərin həmkarlar ittifaqına daxil olurlar.

Müsəlman mürəttibləri üçün (bu axır zamanda Qafqazda bir azacıq nəzərə gəlirlər) əlahiddə ittifaq mümkün deyil. əvvəlinci səbəbə odur ki, onlar azdırlar. Ona görə öz hüquqlarını almağa və saxlamağa qadir ola bilməzlər. Çünki az adamın az da ehtiyat sərmayəsi olar. Ona görə də bunlar öz tətil edən yoldaşlarına kömək edə bilməzlər. Ta ki, onlar öz tələblərini və haqlarını alanadək dayansınlar və o cəhətdən labüd olacaqlar ki, sahibkarlar təklif edən sözləri qəbul etsinlər. Bu səbəbdən də bunların hüquqları qeyri taifələrin mürəttiblərinin hüquq və ixtiyarlarından az olacaq.

Tutalım ki, bunlar ittifaq təşkil etdilər. Amma yenə də öz hüquqlarını ala bilməzlər. Ona görə ki, hal-hazırda müsəlman mətbəəsi və müsəlman işləri çox azdır. Hərgah müsəlman mürəttibi tətil etsə və sahibkar da onun tələblərini qəbul etməsə özü üçün qeyri mətbəədə yer tapmayıb az qalacaqdır. Çünki bizim mürəttiblər əksərən müsəlman işlərindən başqa qeyri iş bilməyirlər və müsəlman işində də düz xətt yığmaqdan başqa bir şeyi bilməyirlər. Bəs müsəlman mürəttiblərinə lazımdır ki, qeyri taifələrin “mürəttiblər ittifaqına” daxil olsunlar taki onlar ilə bərabər öz tələblərini istəyib alsınlar və sahibkarları da onları qəbul edib işlətməyə vadar etsinlər.

Hər halda müsəlman mürəttiblərinə, müsəlmanlar mətbəə işini gözəl və əla dərəcəyə yetirməkdən ötrü və həm də tətil günlərində qeyri yoldaşlarının boynuna yük olmamaqdan ötrü mürəttiblik işini lazımınca bilmək lazımdır.

Müsəlman mürəttiblərindən deyən var ki, “özümüz üçün əlahiddə ittifaq təşkil edək. Çünki xarici mürəttiblərin ittifaqları bizə kömək etmiyorlar”.

Ola ki, bizim üçün əlahiddə ittifaq təşkil etmək yuxarıda zikr elədiyim səbəblərə görə namümkündür. Hərgah o mümkünat olmasa, yenə də bizim qeyriləri ilə müttəfiq olmamız lazımdır. Çünki bizim və onların tələbləri birdir. Zamani ki, tələblərimiz bir ola, aşkara məlumdur ki, tələblərimizi məən* istəsək tez allıq. Çünki bir ağır şeyə nə qədər artıq adam və müttəfiqən güc eyləsələr tez qalxızarlar, həmçinin də bizə.

O ki qaldı mürəttiblərin bizlərə bekar qalan günlərdə və tətil vaxtlarında kömək etməməklərinə də günahkar biz özümüzük. Çünki, onların ittifaqlarına üzv olmayırıq və tətil günlərində tətil etməyirik, azarlı və naxoşlarına ianə kömək etməyirik, bilmərrə onları yaddan çıxararıq. Və o çəhətdən onlar da bizləri yaddan çıxarırlar.

Mürəttib
“Təkamül”, № 1, 16 dekabr 1906

* məən – birlikdə