Məqalələr

HƏR YANDAN

Bax cənab oxucu, yainki oxucu yoldaş, mən indən belə “hər yandan” yazacağam, bir də görəcəksən ki, Peterburqdan deyirəm. Sonra baxacaqsan ki, gəldim Çornı qoroda. Gah görəcəksən ki, Londondan yazıyoram, sonra olur oxuyasan ki, İranın şəhərlərindən birindəyəm, gah sərmayədar ağanın ali imarətində oturub gözəl damalar ilə ləziz təamlar tamaşasını, gah da hisli-paslı fəhlə mənzilini seyr edəcəyəm.

Və hakəza məni bir yerdə oturub, duran və yainki bir məsələ üstə dayanıb danışan çətin görəcəksən. Lakin bu əyri-üyrülükdən, bu har yana qaçmadan bircə şeyi-üyrülükdən, bu hər yana qaçmadan muradım bircə şeyi sabit etmək olacaq ki, dünyanın hər işi biri-birinə, bunlar da bircə şeyə bağlıdır.

Cənab oxucu, gülmə, rişxənd eləmə, dediklərim məntiqsiz deyil: bax Peterburq dedim sonra Çornı qoroda gəldim – nə üçün? Ondan ötrü ki, Peterburq ilə Çornı qorod arasında əgərçi məsafəcə, nəzakətcə, hər cəhətcə, hər yandan, fəqət zahir göz ilə baxsan böyük bir oxşamamazlıq görəcəksən. Lakin bunların arasında böyük bir rabitə, yaxın bir münasibət vardır. Bunu sübut etmək üçün uzaq da getmək lazım deyil. Beləcə “senat razyasneniyası”na baxsaq o saat görəcəyiz...

Olmaya, yenə başı bağlı oldu? Açıq da deyə bilərəm, belə bax Peterburqda oturub həmişə “ədalət” və “müsavat” qaravulçusu olan “senator” baxdı gördü ki, fəhlələr həmin Çornı qorodda işlədikləri və həm də şəhərdə kirayənişin oldiuqları üçün iki səs alırlar bu isə böyük “ədalətsizlikdir”.

Odur ki, cənab senator əlinə qələm alıb bir “razyasneniya” yazdı. Peterburqda “razyasneniya” yazılacağın, Çornı qorodda fəhlələrdən “iki” səsin birisini aldılar.

Bax, gördün, Çornı qorod ilə Peterburqun rabitəsi nə yavuqmuş?!

Çornı qorod ilə Peterburqun rabitəsi nə qədər yaxın olsa da senat sərmayədarların rabitəsi kimi yaxın ola bilməz. Bunu da “helə-belə ağlıma gəldi” demirəm ha, bu da yenə haman “razyasneniya” fəqərəsindən anlaşılır. əgər buların aşnalığı olmasaydı onda əlbəttə ki, fəhlənin iki səsini görən senat dövlətli, yainki sərmayədarın “17”sini də bayaq görərdi...

Lakin görmədi, ... “əcəb də elədi”, yoxsa bu sol firqələri görürsən elə “həyasız”dırlar ki, sonra görürdülər ki, lap başdan ayağa “ədalət” paydar oldu, onda “bunt” elərdilər. Yəqin ki, elərdilər. Bax, hələ harasıdır ki, “ədalət”in bir balaca yarısını göstərən kimi, kağızlar tullamışlar ki, “fəhlə yoldaşlar, həqqinizi aldılar...”.

London ilə İranın rabitəsini demək nəzərimcə heç gərək deyil. Zira kim bilmiyor İranın cümlə cənub tərəfində olan iranlılar ingilis ağaların quludur? Daha ağa-qulluqdan yaxın əlaqə nə istiyorasn?!

O ki qaldı gözəl xanım, ali imarət flan, o da qoy qalsın. Çünki, bu dəfəlik istəmiyoram cənab ağanın keyfini pozam. Əgər durub desəm ki, bax, bu keyf, bu imarət, bu dəsgah hamısı fəhlə bərəkətindədir, hamısı onun zəhmətidir, ola ki, acığı gələ... nəyə lazımdır ki, deyim, cənab sərməyadar, bax yanağında olan qırmızılıq fəhlənin qanıdır... ah, axı demək istəmiyordum, həm...

Xülasə, ... söz çoxdur... amma uzun müşərrəf eləmək də yaxşı deyil.

Uzun müşərrəf eləmək yaxşı olmasa da bu bir neçə kəlməni də demək yaman olmaz:

Baxanda misyonerlik ilə direktoluq arasında böyük təbayün* vardır. Lakin həqiqət bizə göstərdi ki, xeyr misyonerlik ilə direktorluq arasında çox yavuqluq varmış, inanmıyorsan Bakı gimnaziyasının müdiri Katilovskidən xəbər al, desin.

Marzadə
“Təkamül”, № 1, 16 dekabr1906

* təbayün – fərq