Məqalələr

“DƏBİSTAN”

Məlum olduğu üzrə şəhərimizdə uşaqlara məxsus ayda iki dəfə nəşr olunan “Dəbistan” jurnalı 7 aydır ki, nəşr olunur. Demək olar ki, “Dəbistan” Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə “Cocuqlara məxsus qəzetə” çıxır, lakin Sultan Həmid tərzi idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır. Cəmi Türkiyə mətbuatından məfqud*[1] olunan ciddiyyət bundan da götürülüb. Təməllüq*[2] və yalan ilə məmlu*[3] olmuşdur. Həm də cəbrən yazılan bir təməllüq və yalan ilə doldurulmuşdur.

Lakin özlüyündə tək tənha olan bu jurnal 25 milyon Rusiya müsəlmanları demirəm, beş milyon Qafqaz müsəlmanları arasında olsun necə gediyor? İnsan xəyal ediyor ki, iki həftədə bir dəfə çıxan jurnal nədir ki, o da yeriməsin, o da xərcini ödəməsin?

Lakin heyhat, heyhat! Müsəlman jurnalı olduğu üçün bu fikrin əksini görürüz.

“Dəbistan”da haləti-nəzidədir. Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur.

İştə baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır? Rəvamıdır ki, biçarə müəllim bu qədər cəfa və bəla çəksin, bu qədər əziyyətlərə qatlaşsın, nəhayətdə də kamali-yəs*[4] və ələm ilə güc-bəla düzələn, surətə düşən gözəl bir işi bağlasın getsin?!

Nədir bu ey müsəlman qardaşlar!! Bu nə bətalətdir, bu nə kəsalətdir, bu qədər himmətsizlik olarmı ki, bizdə var. İldə 4 manat nə puldur ki, ondan müzaiqə edib “Dəbistan” kimi uşaqlarımızı Hüseyn Kürd və Şiruyə kimi əclaf nəğıllardan qurtaran üsuli-təlim və tərbiyə üzrə təlif*[5] edilən güdəki-fəhimanə hekayət və nisari tərbiyət bəxşadan məhrum edək!!

Ey müəllimini giram! Bu yolda müdir cənablarına sizlər gərək kömək edəsiniz. Siz gərək bacardıqca uşaqları bu jurnalı alıb oxumağa təhris və tərğib edəsiniz, siz gərək bu jurnalın intişarında səyi-cəmil edəsiniz!!

Siz də ey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınız tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız.

Çap və mətbəə işlərinə bələd olanlara məlumdur ki, bir nəfər adama fövqdə sadaladığım işləri görmək nə əndazədə çətin, nə mərtəbədə səmdir. Heç olmasa belə ediniz ki, bu biçarə müəllim əqəllən bir nəfər özünə müavin saxlamağa müqtədir olsun!!!

Kömək edək qardaşlar: mətbuat ki, var millətin çıraqlarıdır. “Dəbistan”da bu çıraqlardan birisidir. Biz gərək əlləşək ki, bacardıqca bu çıraqlar çoxlaşsın, işıqlansın, amma gün-gündən daha da əksilir, həmısının yağı qurtarıb piltəsi yanmağa başlıyor, sönməyə üz qoyur.

Indi qardaşlar iki yol var. Birisi bu yağsızlığa fikir vermiyib həmişəki qayda ilə soyuq əlaqədə bulunub qaranlıqda oturmaq, digəri isə çalışıb bu çıqarlara yağ vermək ki, tərəqqi edib işıq salsınlar.

Indi qardaşlarım ya qaranlığı, ya işığı – ikisindən birini qəbul ediniz!

Rəsulzadə
“İrşad”, № 280, 7 dekabr 1906

*[1] məfqud – yox edilmiş

*[2] təməllüq - yaltaqlıq

*[3] məmlu - dolu

*[4] yəs – məyusluq

*[5] təlif – yazılmış və tərtib olunmuş kitab