Məqalələr

ARAQ İÇMƏYİNİZ!

Müsəlman qəzetəsində böylə bir məqalə yazmanın, şəriət banisi olan Qurani-şərifin və peyğəmbəri əleyhissəlamın buyurduğu Quranın mətninə bir ləhzlə diqqət edilirsə müsəkkiratın, yəni məstedici şeylərin işlətməsinin şəriətçi böyük günahlardan birisi olmasına baxılırsa əslən mənası yozdur.

Lakin cəmaət düşmənləri olan pis vücudların intişar verdikləri bu xəhrimar bədbəxtanə hər bir mədəniyyətdən qabaq biz müsəlmanlara müstövli*[1] olub xasımız o yanda dursun, onların işi allaha qalıb, avamlarımıza belə sirayət etmədə olduğunu gördükdə: “Dur, ay yatmış” jurnalının axırıncı nömrəsində başdakı ünvan təhtində yazılan məqalənin tərcümə edib, dərc etməyi münasib bildik.

Iştə tərcümə*[2]

“Hər bir butulka araq içməyinizlə siz cəmaətin xoşbaxtlığını və azadlığını içirsiniz. Siz bununla ilanı, balığı bankada spirtləyən kimi öz hürriyyətinizi spirtliyorsunuz. Hər bir butulkasına verdiyiniz 12 qəpik pulun 11 qəpiyi bürokratlara çatıyor. Araq ucundan hökümət ildə 500 milyon manat yığır və bu pullara şpionlar, qatillər tutur, məhbəslər saxliyor ki, bu vəsilələr ilə cəmaəti dağıtsın.

Bundan başqa da, bu məlumdir ki, piyan cəmaət ilə dolanmaq bürokratlara çox asandır. Piyana nə yer, nə ixtiyar, nə öz ailəsinin (külfətinin) səadəti – heç bir şey piyana lazım deyil. Piyan olan şəxs özü hər bir pis işlər görməyə hazırdır, təki ona bir rumka araq versinlər. İştə bununüçündür bürokratlar həmə vaxt əlləşirlər ki, meyxanə, kabaklar çox olsun ki, bacardıqca cəmaəti artıq içdirsinlər.

Hər məmləkətdə ki, hökümət cəmaət əlindədir orada içgiçilik də azdır. Bəs arkadaşlar! İşi duyunuz, duyunuz da möhkəm durunuz! Araq içməyiniz. Elin (cəmaətin) hüquq və ixtiyarını içməyiniz! Öz ailənizin səadətini, öz uşaqlarınızın xoşbəxtliyini içməyiniz”.

“Araq içməyiniz!”

Bu tərcüməyə əlavə olaraq biz də öz tərəfimizdən “Araq içməyiniz!” əvəzində “Araq içməyə öyrənməyiniz!” – desək daha yaxşı, daha müsəlmanlara münasib olar, zənnindəyiz. Həqiqətən də biz müsəlmanlar içkiçi olmasaq da buna başlamışıq. Hətta Kazan tatarları, türkmən təkələri, ləzgilər bu babətdə heç rus mujikindən geri qalmazlar, amandır arkadaşlar, araq içməyə öyrənməyiniz, öz səadıtiniz içməyiniz!

Rəsulzadə
“İrşad”, № 14, 20 iyul 1906

*[1] müstövli – hakim olmaq

*[2] Tərcümə olunduqda şiddətli bəzi yerləri dəyişdirilmişdir (Qeyd mətndədir – Ş.H.)