Məqalələr

ÖZ MÜXBİRLƏRİMİZDƏN

BAKI

Səadətli Məhəmməd Ağa hüzuruna!

Həmd*[1] olsun xudavəndi*[2] təbarək*[3] və təalayə*[4] illər ilə yolunu gözlədiyimiz və gecə-gündüz arzusunda olduğumuz türk Azərbaycan qəzeti hümmətli cənab Məhəmməd Ağanın qələminin ağzından Tiflisdə “Şərqi-Rus” ayənde*[5] aləmül-ətibbaə*[6] qədəm qoydu. Şükür və min dəfə şükr! Ki biz Qafqaz müsəlmanları da bir qəzet sahibi olduq. Allah millətimiz arasında hümmətli əxşası çoxaltsın, tainki bu cürə nəvaqisatımız*[7] ki, həddən ziyadədir, yavaş-yavaş düzələ. Həmdən sümmə*[8] həmdən ki, çox gec də olsa amma yenə müsəlmanların da asari-tərəqqiləri görünür.

Bu şərif qəzetinin səbəbilə allah bilir ki, gələcəkdə biz Qafqaz müsəlman taifələrindən nə gədər nəvaqisat rəf olacagdır.

Qafqaz müsəlman əhalisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb eləməkdən bəşqa bir şey mənzur*[9] tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa məbada-məbada palçıxdı, dükan şagirdi və qeyrə və qeyrəyə razı olsun.

Bizim təsəvvürümüz budur ki, “Şərqi-Rus” qəzeti bu mətalibi layiqincə milləti-məhruməyə fəhm etdirəcəkdir.

Xudavənda, bu qəzetin dəvamını sizdən rica edirəm. Amin!

Məhəmməd Əmin Rəsulzadə
“Şərqi-Rus”, № 14, 2 may, 1903.

*[1] həmd - şükür

*[2] xudavənda – pərvərdigara

*[3] təbarək – mübarəkdir

*[4] təala – nə gözəl, nə yaxşı

*[5] ayəndə - gələn

*[6] ətibba – təbiblər

*[7] nəvaqisat – nəqsanlar

*[8] sümmə - sonra

*[9] mənzur – məqsəd, niyyət