Məqalələr

İRAN İŞLƏRİ

İranda idareyi-məşrutə. Şah həzrətləri öz ixtiyaratının məhdud olmasına, millətin və dövlətin xeyrini mülahizə edərək razı oldu. Dəstxətti mübarək möcibilə cəmaət tərəfindən vükala seçilib bir məclisi-milli təşkil edəcəklərdir ki, bu məclisi-milli qanun əsasını, yəni millət ilə dövlətin razılaşdıqları şəraiti təyin edəcəkdir.

Bizim Rusiyanın şayani-təzəkkür*[1] olan Oktyabr manifesti böylə deyil idi. Oktyabr manifesti özü xud bə xud*[2] qanun əsasını aşkar edib cəmaəti ona razı olub kifayətlənməyə çağırıyordu. Məşhur Osmanlı qanun əsasıda kı, indi Sultan Həmid onu büküb altına qoyub böylə imiş.

İran qanun əsası böylə olmayacaq, İranda qanun əsasını hökümət deyil, millət özü qərar verəcəkdir. Qərar verib də höküməti buna razı olmağa təklif edəcəkdir. İştə bu məsələdir ki, bizi İran xüsusunda bir mülahizeyi-nikbinanədə saxlıyor.

Qanun əsasının nə qism olmalısını deməmişdən bir neçə izahat verməliyiz: Doğrudur, iltifati-şahanə və mərahimi*[3]-müəlukanə, necəki dəstxəttdə deyilir, vətəndə bir çox qan tökülməksizin cüşə gəlib məmləkətə hürriyyət bağışlandı. Lakin buna ümid bağlayıb xatircəm oturmaq olmaz. Çox manifestlər verilib, sonra da geri alınmışdır. İranın bugünkü günləri Rusiyanın haman yaddan çıxmayan Oktyabr günlərinə bənziyor. Lakin Allah eləsin ki, Oktyabr günlərini təqib edən bəlayi-əzim İranda vücüdpəzir*[4] olmasın.

Əgər ki, hökümət adamlarına etimad və etibar etmək olamaz; lakin yenə də cürətlə deyə biləriz ki, Rusiyada görülən peşimançılıq İranda görükməz. Hər bir halda sərvaxt olmalıdır ki, şəh həzrətlərinin dövrəsinə yığılan şeytanlar – vəzirlər işi bərhəm*[5] edib pozmasınlar. Axır mənafei-ümumiyyəni öz şəxsi mənfəətlərinə qurban etməni bu vəzirlər çoxdan adət etmişlər. Yüz illər ilə onların qəlblərində yer eləmiş bu adət iki-üç gün ilən zail olamaz.

Bu günlərdən bəri İran məmləkət hesab olunur. Azad məmləkətin də azad rəiyyətləri gərək olsun. Rəiyyətlər gərək öz hakimlərinin əhval bə ətvarlarını*[6] miqyasa çəkib həmə vaxt gözətçi olsunlar ki, məbadə qasiblər*[7] hüquqi-milləti qəsb edib, hürriyyətə sədəmə*[8] vuralar ki, məbada əmirbahadırlar yenə də meydan edələr. Bürokratiya deyilən bu vəzir və hakimlər cəmaətin əvvəlinci düşmənləridir. Heç onları hacir sayıb onlara fürsət verməməlidir.

Dani ke çe göft Zal ba Rüstəmi kord düşmən nə təvan həqiri-biçarə şomord*[9].

Indi gələlim dəstxəttin özünə: dəstxətti hümayünda millətin hər bir məsləkinə işarə edilir. Fəqət dövlətli və əşraf silkinə işarə edilir. Kənd füqərası isə əsla belə yada gətirilmiyor.

Məclisi-milli təşkil olunub, qanun əsası nəşr edəcəkdir. Bəlkə bu qanun əsasilərin biri də bu ola ki, parlament ümumi külli seçki qaydası ilə yığılsın, lakin bunu təmin edən bir əsas varmı?!

Deyilmi ki, bu biçarələri yaddan çıxarıb dəstxəttdə daxil etmədən hər yerdə edildiyi kimi, İranda da bu biçarələri ixtiyarsız qoymaq istiyorlar? Bunun da çarəsini bir ayrı vaxt deyil, elə indi eləməlidir. Hökümətdən tələb etməlidir ki, bu vaxtacan dəstxətt mövcübi ilə həqq intixab sahibi olanların təhti istibdad və təzyiqində hər bir zülm və məşəqqətə qatlaşan kandistan füqərasından da milliyyədə vəkillər olsun, tainki onların da hüququ o vaxta kimi zail olub ayaq altına düşübsə də, indi azad və idareyi-məşrutəsi olan bir məmləkətdə dəxi paymal olunmasın.

Indi gələlim İran qanun əsasına, yəni o qanunlara ki, onlar idareyi-hökümətdə əsas olub hər bir hökm və qanun o əsasdan müştəqq*[10] olacaqdır.

Iran qanun əsasi hələ məlum deyil kimi ki, nədən ibarətdir. Çünki onları təyin və aşkar edən məclisi-milli olacaq. Əgər məclisi-milli hürriyyətpərəstlərdən mütəşəkkil oldu, onda məmul*[11] olunan bir surətdə qanun əsası həll olunub qərar veriləcəkdir. Yox əgər əmirbahadırlar tərəfdaranı çox olub istibdadxahlar qələbə etdilər, onda allah göstərməsin...

Rusiyada Dövlət dumasına edilən seçki bir ləhzdir xatir edilsə məlum olar ki, İran höküməti də seçki xüsusunda nə xəyanətlər edə bilər.

Indi ondan ötrü ki, millət allanmasın, ondan ötrü ki, millətin düşmənləri kamiyab olmasınlar, bu xüsusda çarə etməlidir.

Madam ki, mətbuat hökümət amirlərinin təhti-təftiş və nəzarətindədir, madam ki, qələm azad deyil, xanlar, vəzirlər hər nə istəsələr eləyəcəklər – seçkinin üsulunu bildirmək və hökümət amirlərinin xəyanətini kəşf etmək üçün lazımdır ki, mətbuat azad olub, hər bir təcavüzdən məsun qalsın*[12].

Məlum olduğu üzrə keçmiş höküməti mütləqənin bərəkətindən İranda bisavadlar həddindən ziyadədir. Pəs yalxu mətbuat azadəliklə də elə iş keçməz. Mətbuat vasitəsi ilə yüzdə on nəfər ancaq işin çegünəliyindən xəbər tutacaq. Yerdə qalan doxsan hissəsi isə bixəbər qalacaq. Və bu xəbərsizlikdən naşı ixtiyardan məslub*[13] olacaqdır. Bəs bundan ötrü lazımdır ki, söz də azad olsun. Tainki mətbuat yazdığını natiqlər cəmaətə şifahən söylüyüb onları işdən müxbir etsinlər.

Tək bu da bəs deyil, zira ki, bir nəfər söz demək, nitq, irad etmək istərsə evdə oturub daş-diovara deyil, ictimaə, şuraya, mitinqə müraciətən deyəcəkdir. Pəs bunları nəzərə alaraq ictima, şura və mitinq azadlıqlarına da müvəffəq olmalıdır.

Ittihad və ittifaq birlikdə olduğu üçün tək bir ayrı-ayrı üsulsuz, əsassız ictimailər qurub nitqlər iradı ilə də iş başa getməz. Hər bir işi başa aparmaq üçün sərmayə, həm maddi, həm də mənəvi sərmayə lazımdır. Bunun üçün də hər bir əsnaf, hər bir həmsənətlər ittifaqlar yapıb, özlərinə məxsus kassa icad etməlidir ki, lazım gələn mövrid*[14] də xərc edilsin.

Bu ittifaq (soyuz) yapılır isə, qabaqda gözə tək və qüvvəsiz nəzərə gələn həmkarlar indi müttəhid və müttəfiq bir qüvvə təşkil edərlər. Hər bir əsnaf və silk öz arasında böylə ittifaq təşkil etdikdən sonra bu ittifaqlar bir-birilə münasibət və əlaqədə bulunub bir “ittifaqlar ittifaqı” təşkil edərlər ki, bu yol ilə cəmi quvayi-ictimaiyyə birləşib üzviyyətli bir qüvveyi-mühibə*[15] icad edərlər. Və bu yol ilə millət düşmənlərinin hər bir hiylə və duzaqlarına*[16] müqabilə edib məğlub olmazlar, allanmazlar.

Xülasə nə qədər hüriyyəti-mətbuat, kəlam, ictima, şura və ittifaq yox isə, millət məclisinə bir o qədər ümid bağlamaq olmaz.

Ey İran mücahidləri, əlləşin ki, əvvəl bilaəvvəl zikr olunan bu hürriyyətləri alasınız. Ondan sonra bir gün təcahül*[17] etməyib bu yolda işləyək ki, millət məclisi açıldıqca oraya seçilən üzvlərin çoxu hürriyyətpərəstlərdən olsun, millət məclisinin çox əzaları hürriyyətpərəstlərdən olar isə İran azad olmuş hesabındadır. Yox əgər mazipərəstlərdən, höküməti-müstəbidə tərəfdarlarından oldular, onda tazədən boyunduruğu hazırlayıb, yenə də zülm təəddi altına girməlidir...

Bu günədək əlləşdiniz. İdareyi-məşrutə qurulmaq üçün dəstxətt aldınız. Əsl işləmək bundan sonradır. Zira indi işləməyib məqsudinizi apara bilməzsiniz. Onda sizin hakimləriniz hər bir məşrutə və hürriyyətinizi əlinizdən alıb uca səs ilə küll aləmə deyəcəklər ki: Biz hürriyyət verdik, lakin millət hazır olmadığı üçün idarə edə bilmədi...

Hümmət ediniz arkadaşlar, təkahül*[18] vaxtı deyil!

M.Ə.Rəsulzadə
“İrşad”, № 186, 8 avqust 1906

*[1] təzəkkür – xatırlatma, yada salma

*[2] xud bə xud – öz-özünə

*[3] mərahim – mərhəmətlər

*[4] vücüdpəzir – meydana gələn

*[5] bərhəm - pozğun

*[6] ətvar-tövrlər – vəziyyətlət

*[7] qasib – qəsb edən

*[8] sədəmə - zərər

*[9] Bilirsən ki, Zal qəhrəman Rüstəmə nə dedi: düşməni aciz və fərasətsiz hesab etmək olmaz.

*[10] müştəqq – düzəltmə

*[11] məmul – arzu edilən, ümid edilən

*[12] məsun - toxunulmaz

*[13] məslub – məhrum edilmiş

*[14] mövrid – səbəb, ehtiyac

*[15] mühib - iri

*[16] duzaqlarına – tələlərinə

*[17] təcahül – yaddan çıxarma, unutma

*[18] təkahül – tənbəllik, süstlük