Məqalələr

DAŞNAKSUTYUNÇUYA RƏDDİYƏ

“İrşad”ın 156-cı nömrəsində “İki nüktə” ünvanında yazdığımız məqalə daşnaksutyunun mürəvvici-əfkarı olan “Alik”i təşvişə salmışdır. Həqiqət acı olduğu üçün “Alik” öylə həyəcana gəlmişdir ki, adətdən bir az da artıq söyüş və hətərən-pətərən başlamışdır:

63-cü nömrəsində “Mətbuat” qismində bizim “İki nüktə”ni mövridi*[1]-bəhs edib, “Alik” bu növ ilə intiqada girişir:

“İrşad”ın ətrafına toplaşan müsəlman “intelligentləri” erməni inqilabiyun firqəsi daşnaksutyun əksinə çox şuriş ediyorlar. Bu da vazehdir ki, onların hökümətlə əlbir olub, erməniləri puç etmək demon*[2] proqramlarına daşnaksutyun mane oldu. Iş böylə olduqda, müsəlman “intelliqentləri” gördülər ki, bütün erməniləri qırmaq üçün qabaqca daşnaksutyunu puç etmək lazım gəliyor”.

Əcəba “Alik”in utanmamazlığı gör nə yerə çatıbdır ki, erməni milləti ilə daşnaksutyun firqəsini bir hesab ediyor. Bu firqəni də puç etmək fikrinə düşüb, onun əleyhinə fikir sürənlər yalqız “İrşad”çılardır, demək istiyor. Nə qədər cəsarət, nə əndazədə həyasızlıq! Cənab daşnaksutyunçu rus höküməti ilə rus millətini bir hesab etmək olursa, daşnaksutyun ilə də erməniləri bir hesab etmək olur. İndi rus höküməti istibdadiyyəsinin əleyhinə çalışanlar, rus millətinə qarşı gediyorlarsa, müsəlman intelligentləri ilə bərabər, qeyri-hürriyyətparastlər də daşnaksutyunu puç etmək istədikdə erməni millətini müzməhill*[3] etmək istərlər. Ey erməni millətinin “hamisi”! Sizin əleyhinizə gedən tək bir müsəlman intelligentləri deyil. Rus intelligenti və erməni intelligentləri də vardır. Ürəyiniz bulansa da, Bakıda nəşr olunan “Trudovaya jizn” qəzetəsinin axırıncı hökümət tərəfindən bağlanmış nömrəsinə “Kayts” və “Mışak”ın 150-ci nömrəsində Sərkisyanın məqaləsinə baxınız. Baxınız da görünüz ki, müzməhillu tanıyan tək bir “İrşad”ın, tək bir müsəlman intelligenti, tək bu Rəsulzadə deyil, qeyriləri də var. “Hnçakistlər” kimi felən protest edib, dalaşanlar da var.

Zikr etdiyimiz müqəddimədən sonra “Alik” mətləb üstə gəlib, “Kayts”ın və haqq sözünə adətinə görə donos adı verib, bizim sosisl-demokrat olmağımıza da şəkk edərək, “nağara çalıb” yoldaşların diqqətini müzməhilla cəlb etməyimizdən mükəddər oluyor. Biz ki, müsəlman fəhlələrinin qoyduqları tələbi (ki erməni fəhləsinin də qəbulundan ibarət idi) tərifləyib, bu tələbin müqəddəs bir əqidədən naşi olduğunu demişdik. “Alik” bizim bu sadə ibarəmizi qanmayıb, xəyal etmiş ki, biz müsəlman fəhlələrinə müqəddəs demişiz.

Və bunun üçün də səbr edəməyib, kəmali-qəhr ilə bizə hücum ediyor:

“... Doğrudur, deyiblər ki, adam nə qədər cahil olsa, bir o qədər cəsur olar. Bizim sosial-demokrat gopçularımız bu qədər uzağa gediyorlar ki, “Volteri vaxmister etməyə” hazırdırlar... Onların tazə müsəlman “yoldaşları” cəsarəti o yerə çatdırıblar ki, meydana çıxıb elan ediyorlar ki, müsəlman fəhlələri müqəddəslər dərəcəsinə çatıblar, çünki, sosial-demokrat təsiri altındadırlar...”

Qəddar daşnaksutyunçu öz cahil mütərciminin səhvinə düçar olub, müqəddəs ləfzini ki, ictimaiyyun-amiyyun əqidəsinə təbir edilmişdir, müsəlman fəhlələrinə müxtəs*[4] edib, həyasızlığından, cəmi ictimaiyyun-amiyyunları gop vurmaqda müttəhim ediyor. Müttəhim etmək istədiyi yerdə biçarə hiyləgərin hiyləsi öz ayağına düçar olub, köhnə böhtançılıq və iftiraguluğunu indi də biruzə verir. Ey həqiqəti görmək istəməyən qəddar! Biz adını və müqəddəs ibarələri eşitmişiz, fəqət fəhlələr deyil, əqidələrə təbir etmişiz, biz daşnaksutyun millətçiliyinin adını deyib, ictimaiyyun-amiyyun insanparvərliyini müqəddəs bəyan etmişiz. Sözün məzmununu dəyişib, sonra məzəmmət etməyi ancaq daşnaksutyunçu “Alik” kimi həyasızlar bacararlar.

Lap axırda “Alik” bizim cümlə fəhlə sinfi tərəfdaranəsinə olan müraciətimizi dərc edib, daşnaksutyunun maskası götürülmək təklifinə xeyli acığı tutub diyor ki:

“... Hərgah məqalə yazan sosial-demokrat cənabın maskasını götürsək, görərsən altından nə çıxar?! Kramolni*[5] panislamisti, ya inki, müsəlman feodalizminin bir layiqli nümayəndəsi? Bəlkə bunların xıhişi budur ki, daşnaksutyunu puç etsinlər...”

Yenə köhnə zurna! Hər vaxt bir kəs daşnaksutyunçulara müqabil durur isə, o saət daşnaksutyunçuların nəzərində Sultan Həmid, panislamizm və müsəlman feodalizmi mücəssəm oluyor. Əcəba, “Alik” haradan duydu ki, biz panislamistik və yainki feodalist. Məhz ondan ötrümü ki, daşnaksutyunun əleyhində qələm sürmüşük?! Böylə isə “Alik”in məntiqinə görə “Kayts”, “Mışak”, “Trudovaya jizn” panislamizm orqanları olub, “Hnçakistlər” Sultan Həmidin agentləridir. Bu beləmi?..

Əzizim qare, niyə gülürsünüz? “Alik”in məntiqinəmi? – Xeyr əfəndim, burada bir təəcüb yeri yoxdur, türkdə məsəldir: “Aşığın sözü qurtaranda yarım, yarım çağırar”.

M.Ə.Rəsulzadə
“İrşad”, № 171, 21 iyul 1906

*[1] mövridi – bəhs etmək, müzakirə etmək

*[2] demon – iblis, şeytan

*[3] müzməhill – məhv

*[4] müxtəs – məxsus

*[5] kramolnıy – hökümət əleyhinə fəaliyyət