Məqalələr

İKİ NÜKTƏ*[1]

Hacı Zeynalabdin Tağıyev cənablarının fəhlələri öz əhvali-iqtisadiyyətlərini yaxşılaşdırmaq üçün tətil edib, sair tələbləri ilə bərabər bunu da tələb etdilər ki, fabrikaya hər bir millətdən, xüsusən erməni millətindən də fəhlələr qəbul olunsun.

Həmin bu tələb bir böyük mətləbə sərçeşmə olub, həqiqətgüstər bir vaqiə oldu. Həmin bu tələb fəhlə sinfi üçün milliyyət, qövmiyyət mövcud olmadığı ələniyyə*[2] bildirib, fəhlə sinfinin sülhpərvər olduğunu faş etdi. Həmin bu tələb bildirdi ki, gələcək sülh və səlahın rəhni, girovu həmana fəhlə sinfinin üzviyyəti-orqanizasiyasıdır. Haman bu tələb göstərdi ki, sülhün qərarın verən, onu payəndə edən bir qüvvə varsa, o da fəhlə ictimaiyyun dəstəsidir.

Həmin bu tələblər hər bir cəhətcə geriyə qalmış bir millət fəhləlırinin ki, adları bu vaxtadək “tətilçilər ziddi”, “qara qüvvə” ilə yad edilirdi. İbraz etdikləri bu ali fikr, bu müqəddəs tələb mədəni, insaniyyətli adlanan bir millətin fəhlələrini və ya doğrusu bir üzviyyətini yada saldı.

Əcəba bu fəhlələr hansıdır? Bu üzviyyət nərədədir?

Bu fəhlələr qonşumuz, erməni millətinin bir qism fəhlələridir ki, tətil edib öz sahibkarlarına təklif etdilər ki, müsəlman fəhlələri fabrikadan çıxsınlar.

Iş böylə də oldu. 100-ə yavuq müsəlman fəhlələri ki, ömrlərinin ən cavan, ən tazə vaxtlarını orada itirmiş idilər, səfil-sərgərdan olaraq işsiz, gücsüz küçələrə töküldülər.

Bunu kim etdi? Haman bu müsəlman fəhlələri ilə yan-yana, çiyin-çiyinə işləyən fəhlə “yoldaş”!

Lakin hər bir işdə təfəkkür, təəqqül lazımdır, zahirpərəst olmamalıdır. Işə hər tərəfdən baxmalıdır. Erməni fəhlələrini nə vadar elədi ki, bu cüzi münaqişə üstündə bir dənaətkaranə*[3] işə iqdam etdilər. İctimaiyyət və amiyyət fikri ilə tərbiyələnmiş fəhlədən belə bir cinayət gözlənirmi? İştə məsələ:

Xeyr, öz mənafeini layiqincə fəhm edən, marksizmə fikri ilə tərbiyələnmiş bir fəhlədən, böylə bir iqdam hərgiz görükməz.

Erməni fəhlələrini bu işə vadar edən haman erməni ictimaiyyun-amiyyun qəzetəsi “Kayts” yazdığı “sosialist daşnaksutyun firqəsidir”. Haman daşnaksutyun firqəsidir ki, “sağ olsun sosializm! Yaşasın fəhlə sinfinin mühafizə daşnaksutyun!” qışqırdığı bir halda, erməni firmalarından müsəlman fəhlələrinin qovulmasına fərman veriyor!!

Müsəlman və erməni fəhlələrinin iki müxalıf olan ibrətnüma əsərləri həmana iki fikrin, iki üzviyyətin nəşəsidir. Yəni erməni fəhlələrinin etdikləri bu dəni iqdam, sosializm maskası ilə üzünü örtmüş, millətçi bir ədna firqənin təbliğati-şeytaniyyəsinin meyvəsidir. Amma müsəlman fəhlələrinin hərəkətləri pak, müqəddəs, dövriyyəlik və vəsvadan bəri olan*[4] fəhlə sinfinin müvizi*[5]-mütəəssiranəsindən nəşət edən insaniyyətgəranə bir təşəbbüsüdür.

Bu həqiqətlər aşkar olandan sonra daşnaksutyunun belə bir fitnəəngiz təbliğatı ki, füqərayi-kasibəni bir-birinə zidd edib fəhlə işinə zərbə vurur, sübut ediləndən sonra fəhlə tərəfdarı olan firqələrin daşnaksutyun ilə əlaqələri necə olmalıdır? Böylə bir üzviyyətlə muftinin əlindən nə yol ilə qurtarmalıdır?

Mənə qalır isə füqərayi-kasibəni hər bir yol ilə olmuş olsa bu firqənin cəngindən alıb, həmişə onunla dava etməlidir. Hər bir vəqtdə onun maqasidi-müfsidkaranəsinə sədd qurub, həqiqəti açmalıdır. Bir kəlmə, daşnaksutyun üzündə olan maskanı götürüb, onun nə olduğunu aləmə bildirən kimi, erməni füqərayi-kasibəsinə də göstərməlidir.

Hökümət əmirlərinin Qafqazda icra etdikləri şəqavətkaranə*[6] tərhlərinin feliyyətə çıxmasına neçə ümdə səbəb var isə biri də bu maskalı üzviyyətdir.

Bu iki milləti barışdırmaq arzusunda olanların cümləsinə lazımdır ki, hər iki millətçi füqərayi-kasibəsini qüvvətləndirib, daşnaksutyun kimilərin əlindən xilas etsinlər. Böylə olmaz isə cümlə əhli-kəsəbənin sülhpərvər olmasından hərgiz danışıq olamaz.

Füqərayi-kasibənin bu üzvüyyətini də cümlə ictimaiyyun-amiyyunlardan ümumən, müsəlman və erməni karkünlərindən xüsusən ümid ediyoruz.

Yaşasın ictimaiyyun beydaği təhtində müttəfiq olan sülhpərvər fəhlələr və puç olsun müftinlər!

M.Ə.R-zadə
“İrşad”, № 156, 4 iyul 1906

*[1] nüktə - incə məna

*[2] ələniyyə - açıqca

*[3] dənaətkaranə - alçaqlıqla

*[4] bəri olmaq – azad olmaq

*[5] müvizi – kasıb, möhtac

*[6] şəqavət – özbaşınalıq, bəla