Məqalələr

İRANDA İNQİLAB

Hər bişə kəman məbər ki, xalist,
Şayəd ki, pələng xofte başəd*[1].
Sədi

“İranda həyat ölüb”, “İran nizam və qanuna müstəid deyil”, “İran ölmüş”, “İran viran olmuş” kimi sözlər bu axır vaxtda adi bir sözlərdən, aramızda mütədavildir*[2]. Hər kəs İran dedikdə, məxrubə*[3], səkənəsi*[4] bihiss, hüquq və qanun qanmayan. Hər bir zülm və təəddiyyə səbr və təhəmmül edən bir heyət nəzərə gətirir. Hər kəs “İran” dedikdə “viran” sözünü aşkar əlavə etməsə də ürəyindən keçiriyor. “İran” – deyə hər kəsin ürəyində pələng ürəkli millət qəhrəmanlarından ari*[5] bir zülm və istibdad meşəsidir yad edilir.

Iranın barəsində bi vaxta kimi məsəlli əqidələr nə qədər olsa da səza və rəva idi. Çünki, bədbəxt İran və İran milləti zalim və qəddar vüzəraların, üməraların müləqqib-bülməmaliklərin, xan xəvaninin təhti təzyiqi və istibdadlarından öylə pərakəndə, öylə pərişan olmuş ki, viranədən başqa bir şey ilə onu təmsinə etmək hərgiz yaraşmaz. Cümlə dünyanı öz keçmişi ilə təzyin edən İranda hal hazırda fəxr etməli, onunla meydana çıxmalı “mən də varam” deməli nə var? Hər tərəfə baxırsan zülm və istibdad,  hər yana nəzər salırsan xəraba-viranə, hər səmtə dönürsən cəhl və qəflət, hər cəhətdə bətalət və kəsalət görülməkdədir. Bunların hamısı ilə bərabər cəmaətin, əhalinin bu zülm və təəddilərə qatlaşıb, səbr və təhəmmül etmələrini görəndə nəzəri-ümid bilmərrə götürülüb “İranda hiss yoxdur”, ya “İran ölübdür” – deyə hər kəs bir haləti yəs*[6] və peşimanidə qalıyordu. Milyonlar ilə ağır şərtlər üzrə borc edilib, məmləkətin daxilisinə deyil, məkatib və mədaris, türuq və məabirədə deyil, xarici ölkələrdə, Firəngistanda, Parisdə yenə İran xariciyyə işlərinə deyil, özgə zəhmətilə bəslənən mütrüb xanların gözündə hurisifət görünən Avropa arvadlarına xərc olunmasını və bunun əleyhində cəmaət tərəfindən bir quru protestə belə biruz etməməsini görüb də kim “İran hərc-mərcdir”, “hüququnu qanmıyor” deməz?!

Xülasə, bu günə kimi, yəni Rusiya inqilabının şiddətli dövrünə kimi, hər kəs İran xüsusunda bir təsəvvür ziştyanədə bulunurdu və bulunmağa həqqi də var idi. Lakin Rusiya inqilabının cəmi aləmləri titrədən bir zərbeyi-iqtisadiyyə və siyasiyyəsinin bərəkətindən iranlılar da ayılmağa başladılar. Başladılar da qəribə bir sürət, əcibə bir hümmət ilə iş görməyə təvəssül etdilər*[7]. Bu hərəkəti, bu təşəbüsü iranlılardan gördükdə, İran xüsusunda ziştbin olanlar öz əqidələrinin əksini görəndə, məchub olub dayandılar, sükut etdilər.

Nikbinlər isə
Hər bişə kəman məbər ki, xalist,
Şayəd ki, pələng xofte başəd
Deyə fərəhləndilər.

Hər bir ölkədə, hər bir məmləkətdə tarixə baxarsaq, hərəkət hərəkətpərvanə bir tərzdə, bir formada zühura gəlmişdir. Bəzi bir təxəllüfat*[8] olsa, o da haman yerin əhvali iqtisadiyyə və ictimaiyyəsindən naşidir. Yoxsa, inqilab ümumiyyət üzrə hər yerdə bir qism olmuşdur. Fransada görülən həvadisat bu əün Rusiyada görülməyə başladı. Rusiyada zühura gələn vəqələr də İrana əksəndaz olmaqdadır.

Rusiyada olduğu kimi İranda da “idareyi-əskəriyyə” (voyennoye polojeniye) elan edilib əhali zəcr*[9] və təkdir təhətinə alınmışdır. Rusiyada Trepov var isə İranda da Əmir Bahadır onun kopiyəsi olub “patronlara heyfiniz gəlməsin, əbəs yerə güllə atmayınız” əvəzində “raiyyət qoyun, toyuq misalında bir şeydir, onun nə həddi var ki, ağaları (qurdlar) ilə həmməclis olsun”*[10] – deyə, biçarə əhalini insaniyytədən kənar olan sərbazlar, kazaklar, jandarmlar əlinə vermişdir.

Rusiya inqilabının İran inqilabı ilə bir çox müşabihəti*[11] varsa da, böyük bir təxəllüfi də vardır ki, o da İran inqilabının başında ruhani qisminin olmasıdır. Görünür ki, islamiyyəti abad edən də mollalar olacaqlar – deyilmi?

Dünənki nömrəmizdə İrandan gəlmiş bir məktubu dərc etmişdik ki, onda Tehranın haləti-mühasirəsi şərh olunub. Şəhərin voyenni polojeniyada olmasından xəbər verilmişdi. Qan içməyə adət edən İran qulluqçularının dəsti-zalimanələrindən 100-ə kimi bigünah canlar tələf olmuşdur. Bir çox da hürriyyət fədailəri məhbəslərdə otururlar. Bu vaxta kimi İran hürriyyətpərəstləri İran höküməti ilə fəqət şifahən müqabilə ediyordular. İndi müsadiməyə də çıxmışlar. Eybi yox, heç bir yerdə herriyyət, azadlıq, qansız ələ gəlməmişdir.

Həyat – müsadimədə, mücadilədə, ittihad və ittifaqdadır.

Haydı iranlı qardaşlar, yeriyiniz, yeriyiniz də heç bir şeydən vahimə etməyiniz. Allah cəmaət iləndir. Bərəkət də cəmaətdədir. Cəmaət öylə bir qüvvədir (müttəhid olsa) ki, heç bir maneə və işğallıq qabağında dayanmayıb, tutduğu yol ilə gedəcək, gedib də sərmənzilə yetişəcəkdir.

Ey iranlı qardaşlar, meydani-mübarizəyə qədəm qoydunuz, cəhl ilə əql müqabilə etdi. Bir az da cürət ediniz. Bir az da ibrət. Ta hürriyyət işi həll olunub, İran və iranlılar səadətmənd olsunlar.

Rusiya hökümətinin istibdad və zülmü altında inləyən hürriyyətpərəstlər adından İran hürriyyəpərəstlərini bu əvvəlinci qədəmləri münasibətilə təbrik edib deyiriz ki, ey hürriyyət yolunda çalışan iranlılar, başladığınız işdə mıhkam durunuz! Füqəra və məsakin xanların, vəzirlərin icbaranə və qəddaranələrindən qurtarmaq üçün candan, malsdan müzaiqə etməyiniz, var olunuz, sağ olunuz yoldaşlar!

İştə burada bir arzu:

Neçə vaxt bundan iləri hürriyyət gününün tüluini İran üfüqündən görəcəyin, “İrana hürriyyət” – deyə bir bənd yazdıq. Şükr Allaha ki, İran hürriyyətpərvərləri bizi allatmadılar, indi də “İranda inqilab” – deyə yazmağa səbəb oldular. Inşallah vaxt gələr “İranda qanuni-əsasi” – namində bir bənd yazmağa dəxi müvəffəq olarız. Ürəyimizdə bəslədiyimiz arzu iştə bu...

Yaşasın İran hürriyyətpərvərləri!

M.Ə.R-zadə
“İrşad”, № 145, 21 iyul 1906

*[1] Güman eləmə ki, hər meşə boşdur,
Bəlkə orda pələng yatıbdır.

*[2] mütədavil – işlənən, tədavüldə olan

*[3] məxrubə - xaraba qalmış

*[4] səkənə - sakinlər

*[5] ari - boş

*[6] yəs – məyusluq

*[7] təvəssül etmək - əl atmaq

*[8] təxəllüf - gerilik

*[9] zəcr – zülmetmə

*[10] həmməclis olmaq – bir yerdə, birlikdə oturmaq

*[11] müşabihət - oxşarlıq