Məqalələr

“TAN YULDIZİ”

(Dan ulduzu)

Kazan şəhərində çıxan “Tan yuldızi” qəzetəsinin əvvəlinci və ikinci nömrələrini aldıq. Qəzetənin şiyveyi-təhririyyəsi qafqaziyalılar anlayacaq bir dildə deyilsə də, mündərəcatı o qədər maraqlı, məsləki o qədər müstəqimdir ki, hər bir sahibi-zövq hıqqana-hıqqana olsa da onu oxuyub məzmunundan xəbərdar olacaqdır. Arzu edilirdi ki, ədəbiyyatımızın üfüqündə bu tövr yulduzlar çoxlaşıb “Tan yuldızi”nın məsləki aramızda bərqərar olaydı.

“Tan yuldızi” ən sol tərəfdə durub, fəhlə (işçi) və kəndistan füqərasının tərəfdarıdır. Qəzetə cümlə siyasi firqələrin nə olduğunu müxtəsərən deyərək, hökümət tərəfindən təşkil olunmuş firqələri, axırda “kadetlər”i də məzəmmətləyib fəhlə və kəndçi firqələrini təhsin edərək*[1] diyor ki:

“Böylə bir mühüm vaxtda işçi və həm özü işləyib gün keçirdən kənd xalqının fayda və səadətini gözləyib onları düşmənləri olan baylar, bürokratlar və hökümət tərəfindən çıxarılan (partiya) firqələrin yalanlarından saxlamaq üçün böylə bir qaranlıq üfüqdə biz “Tan yuldızi”ndən olacağız.

Qəzetəmizin kənd xalqı üçün öz nəfi “yer elindir”, işçi sinfi üçün zəhməti təmin edən qanunlar, 8 saətlik iş günü və məvacibin artırılması” olkacaqdır.

Bunlardan başqa “Tan yuldızi” ümumən tatarların ehtiyacati-milliyyələrini müzakirə və tənqid təhtinə alıb, həqqini meydana qoyacaqdır...

Budur, “Tan yuldızi”nın gözəl məqsədi, müstəqim məsləki. Böylə qəzetlərin biz həmişə xahani*[2] olub, səmimi qəlbdən tərəqqi və dəvamını arzu ediriz.

Qoy “Tan yuldızi” işıqlanıb, cümlə türk qardaşlarımızın qəlbinə sinfi xudşünaslıq*[3] nuru salsın. Biz isə bu yeni rəfiqimizi təbrik edərək deyiriz ki:

Yaşasın “Tan yuldızi”nın öhdəsinə götürdüyü ictimaiyyət! Yaşasın “Tan yuldızi”!

M.Ə.Rəsulzadə
“İrşad”, № 128, 1 iyun 1906

*[1] təhsin edərək – tərifləmək

*[2] xahan – istəyən

*[3] xudşünaslıq – özünü tanımaqlıq