Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

MÜTLƏQİYYƏTİ-HAKİMƏ

Vazehdir ki, dövri-inqilab hər bir məmləkətin həyatında ən nazik və ən ehtiyatlı bir vaxtdır ki, bu anda işlər əqlə deyil, adətən hissiyyata bağlanır da, hər dəfə bir şuriş, bir hərəkət gözləmək təbii olur.

İştə, nəzərində olan üsuli-idarəni icra etmək üzrə inqilabçılar hər bir işdə sürət ilə mütləqiyyəti dəstürkar etməlidirlər ki, nişanladıqları məqsədlərinə çatınca məmləkəti asayişdə saxlayıb təlatümünün yatmasına imkan verdinsinlər.

Inqilab məmləkəti lovsi*[1]-istibdaddan təmizləmək üzrə təlatüm verən bir tufan isə, mütləqiyyəti-hakimə, inqilab dəxi o təlatümün asayişini təmin edən bir qüvvədir ki, onun vasitəsi ilə bulanmış olan həyati-ictimaiyyə durulur, kəsb eləmiş olduğu təəffündən*[2] mübərra oluyor.

Böylə bir qüvveyi-hakimənin vücubi İranda daha bir şiddətlə hiss olunmaqda idi.

Adətən inqilablarını çevirmiş olan məmləkətlərdə hakimi-mütləq ixtiyari Türkiyədə sərdari-əzəm Mahmud Şövkət Paşa olduğu kimi, bir nəfər sahibi-nüfuz, etimad və iqtidara verilib, bütün idarati-dövləti, leşkəri və kişvəri onun məğzinin kifayəti və əqlinin dirayəti*[3] ilə ixtiyarının qüvvətinə tapşırılır ki, bu cəmaətin məzhəri-etimadi olan bu adam məmləkəti nizami halına gətirib, tamam asayişi mühəyyavər, aksiyon yollarını məsdud edər də məmləkəti təhlükədən qurtarıb, düzgünlüyə çıxarar da quvayi-ictimaiyyənin istedadi-təcəddüdkarisinə buraxar.

Lakin iranlılar cənab Ağayi-Tağızadənin Tehrana vürudlarından sonra böylə bir səri və mütləq qüvvəyə möhtac olduqlarını üz verməkdə olan bəzi məvadlı mülahizə edərək hiss etdiklərindən qəbul etdisələr də, bir adama ixtiyar verməni şəraiti-iraniyyədən dolayı mümkinül-icra görmədiklərindən heyəti-müdirə namında 20 adamdan ibarət bir heyət təşkil verdilər ki, məclisi-fövqəladə tərəfindən seçilmiş olan bu heyət tamam işləri icra etməyə məcbur olub, hakimiyyəti-mütləqə ixtiyarında olacaqdır. Ağayi-Tağızadə cvənabları dəxi bu heyətin əzalığına intixab edilmişlərdir.

Bu heyətin öhdəsində böyük məsuliyyətdir vardır. Məmləkətin asayiş və islahat yoluna düşməsini əhali heyəti-müdirə - deyilən bu nəfəratdan gözliyor.

Heyəti-müdirə xüsusunda Ağayi-Tağızadə ilə elədiyimiz mülaqatda müxbirinizin “heyəti-müdirə nə edəcəkdir?” – deyə verdiyi sualına yeganə səyyasi*[4]-İran olan Tağızadə cənabları dedilər ki:

- Heyəti-müdirənin bu yaxında görəcəyi işlər bunlar olacaqdır ki, aksiya gümanlarını məhv etmək üzrə tədabiri-lazimə görüb, asayişi ixlal edəcək*[5] olan hər bir hərəkətin cilovunu almaqda hazır olsun. Bu gün artıq dərəcədə möhtac olduğumuzpul istehsalına yollar fikirləşsin.

Şahın tərbiyəsinə diqqət yetirib, dərbarda olan şübhəli adamları rəf edib əzayi-dərbarı məmun*[6] adamlar təşkil etsin.

Məmləkətin qüvveyi-nizamiyyəsinə artıq diqqət verib, onu bir hala qoysun ki, təzə İranı mühafizə edəcək qüvvətə dara olsun.

Rusların İrandan çıxmalarına lazımeyi-tədabirdə bulunacaqdırlar.

Bütün varidati-dövləti ya nəzarət yetirib onları vadar edəcəkdir ki, tezliklə islahati-kara şüru etsinlər.

Və başqa bir çox məqasidi vardır ki, əvvəlcə bunlar məddi-nəzərdə olduğundan fəqət bunları zikr ediyorum...

- Məclisi-fövqəladə heyəti-müdirə təşkil verdikdə özü istefaya gediyor idi?
- Əvət, istefaya getməli. Amma bəzi mülahizata görə qalıyor. Fəqət işlərə müdaxilə etməyib, həftədə bir dəfə yığılacaq və heyəti-müdirənin görmüş olduğu işlərdən ittilaat*[7] peyda edəcəkdir.

Və bir də heyəti-müdirənin bir çox heyətləri (seksiyonları) olacaqdır ki, lüzumunda haman məclisi-fövqəladə əzasından da oraya intixab ediləcəkdirlər.

Ümid etməlidir ki, bu heyət İranın təcilən görülməyi lazım gələn mühüm işlərinə surət verər də, üstünə götürmüş olan məsuliyyəti ifa ilə vətənə bəhəqq xidmət edər.

Şahi-sabiq

Sabah, ya o biri gün Məhəmmədəli şah sabiq Rusiyaya əzimətən Tehrandan çıxmalıdır. Şahı 200 nəfər İran kazakı Qəzvinə kimi aparıb, oradan rus kazakları müşayiət edəcəkdirlər.

Mücövhərati-dövləti

Mücövhərati-dövləti təhqiq edildikdə, nöqsanlara məzhər olduqları anlaşılır, təxmin ediyorlar ki, cəvahirin nısfi*[8] zaye edilmişdir. Xəzinə dövlətini təhqiq etdikdə bir balaca cəbənin içində 50 min əşrəfi tapılmışdır. Bu cəhət dərbariləri xeyli təəccübə gətirir.

Güman ediyorlar ki, burada pul olduğu nəzərə belə gəlməyib, səhvən qalmışdır, yoxsa Məhəmmədəli Mirzə bu əşrəfilər ilə eləyə bilərdi ki, bir az daha istiqamət göstərib, səfarətə getməyinə bir az təxir verəydi.

Intixabat

Tehran intixabatının dövrəyi-əməli qurtarmışdır. Seçilmişlər tamamilə hürriyyətpərəstlikləri məşhur olanlardır. Vükəla intixabı dəxi bu yaxında icra olunacaqdır.

Yeni qəzetə

Gələn həftənin içində “İrani-no” namində gündəlik bir qəzetə nəşr olunmağa başlayacaqdır ki, bu qəzetənin cəsaməti və proqramına nəzərən əvvəlinci bir ruznamə olacaqdır ki, Avropa üsulu ilə aparılacaqdır.

Qəzetədə müxbiriniz Məhəmməd Əmin Rəsulzadə yaxın bir şərakət*[9] edəcəkdir.

Tehran
M.Əmin
“Tərəqqi”, № 183, 16 avqust 1909

*[1] lovsi – murdarlıq, kəsafət

*[2] təəffün – cürümə

*[3] dirayət – bilmə, başa düşmə

*[4] səyyasi – siyasətçi, siyasət adamı

*[5] ixlal etmək - pozmaq

*[6] məmun - inanılmış

*[7] ittilaat – tanış olmaq

*[8] nısf - yarı

*[9] şərakət etmək – iştirak etmək