Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

İSTİQBALİ-MİLLİ

Şənbə günü Ağayi-Tağızadə cənabları, Ağa Seyid Məhəmmədrza və qeyri məiyyəti*[1] ilə bərabər Tehrana varid oldular.

Müşar ileyhi cənablarının Tehran fövqəladə bir surətdə pişvaz edib fikri-hürriyyət və məşrutiyyətin istiqbali-İraniyə və vətəniyyənin maddeyi-təcəssümü olan bu vücudi-möhtərəmi olduqca təclil*[2] etdi.

İnsan bu pişvazı gördükdə bu şadlıqlara diqqət verdikdə aləm-aləm düşüncələrə düşüyor, bir dünya təsəvvürata dalıyor.

Məclisi-darüşşurayi-milli topa tutulduğu zaman kimsə güman etməz idi, etmiyor idi ki, bu tezliklə haman payi-nəhsi*[3] istibdad altına alınmış məşrutiyyət İrana övdət etsin də pişvazlarını təclil, bixkonlarını*[4] isə zəlil etsin.

Milləti-İraniyyə, həqiqətən böylə gözlənmədiyi bir surətlə izhari-vücud etdi. Hətta böylə bir izharə bu gün behəqq təclil olunan məzhəri-əltaf və hissiyyati səmimanəyi-milli olan Tağızadə həzrətləri özləri dəxi təsəvvür buyurmuyorlarmı?

Yadımdadır ki, cənab Tağızadə bir çox rüfəqası ilə bərabər Lyaxovun dəsti-ğədrindən qurtarıb ingilis səfarəti himayəsi altında olaraq Bakıdan keçdikləri zaman xidmətlərinə yetişdik.

O vaxt Təbrizdə məşəli-inqilab tazəcə alovlanıb sərdari-milli Səttarxanın nami-bənamları afaqa əks-səda salmağa yenicə başlamış, Tehran vəhşiliklərinə əyalətlərdən qalxan yeganə etiraz idi ki, nəticəsi kimsəyə məlum deyil idi.

Təbrizdə partlayan bu zərrə qığılcım mümkün edə biləcəkmi ki, bir atəşi-xanimansuz şəklini alsın da bütün zalimləri, xainləri ihraqi-binnar*[5] etsin. Yainki söndürülmüş olan həriqin*[6] axırıncı şölələridir ki, bir neçə kürək topraq və ya bir neçə boçka su ilə söndürülə bilər?

Iştə bu məsələni təyinini İran həqayiqinə bəhəqq aşina olub haman həqayiq içində dəstü-pa vurmuş olan Ağayi-Tağızadənin bu xüsusda bəslədiyi əqideyi-həqiqət qərinindən bilmək üzrə Azərbaycanda başlanmış olan hərəkətə nə nəzərlə baxdıqlarını interviyum zəminində verdiyim suallara əlavə etdim. Müşar ileyhi izhar buyurdular ki, Təbrizin qüvvətinə bir o dərəcə etiqad etmiyorlar. Olsun ki, Səttar xanın o rəşadət və iqdamatı əsbabi-mühəyya olmadığından məqsudə çatmasın.

Fəqət bu atəş söndürülsə də tarixcə haizi*[7]-əhəmiyyətdir.

Baxınız bu günkü bu eydi-millinin, bu pişvaz məşrutiyyət-pərəstanənin illəti-zihəqqi olan Ağayi-Tağızadə dəzi iki ilin ərzində ola biləcək böylə bir istirdadi-hüquqi ümid etmiyorlardı.

Əvət, siyasətdə peyğəmbər olmaq müşküldür, İran həqayiqi isə bu çətinliyə daha bir qat işkal*[8] əlavə ediyor.

Nə isə İran milləti imtahani-ictimaini verdi. Bu imtahanda böyük bir sıxıntılara düçar olsa da İran ərbabi-siyasətinin özlərinin belə gözləmədikləri bir hal ilə istedadnaməsini alıb bu günki səadətə nail oldu.

Qanlı istibdad əlindən can götürüb məmaliki əcnəbiyyədə sükna edərək məmləkətlərinin xilasına oradan çalışmaq istəyən mühacirləri bir az keçmədi İranın müxtəlif nüqatında açılan meydani-mübarizatə canfəşanlıq etmək üzrə dəvət etdi.

Ağayi-Tağızadə Təbrizə gəlib həmvətənləri ilə əl-ələ verərək tamam o mühasiratı çəkdilər. İndi isə təzlil edilərək çıxdığı Tehrana təclil edilərək gəliyorlar.

Müşar ileyhin Qəzvinə varid olduğu xəbəri bateleqraf Tehran rüfəqasına çatıyor bir neçə müqərriblərdən*[9] ta Qəzvinə kimi pişvaz ediyor. Ordan bir dəstə mücahid ilə Tehrana tərəf çıxırlar. Şənbə günü nahari Şahabadda yeyib, istirahətdən sonra məhəlli məqsudlarına davam ediyorlar.

İştə burada pişvaza gələnlərin qabağı açılır. Hər neçə qədəmdən bir istiqbala gələnlərin faytonu, kareti, yainki atı, eşşəyi dayanıb bütün dəstgahi-müsafirin dəxi dayanılır. Cəmaət sevdiyi vəkili, natiqi siyasi karkoni ilə öpüşür, görüşürlər.

Bu görüşlərdə tühəf-tühəf*[10] təsadüflər, ali hissiyyatlar ümidbəxş mənzərələr nəzərə gəliyor.

Öpüşürlər, öylə bil ki, mənfədən*[11] qayıtmış ata ilə oğul yainki, iki doğma qardaş öpüşür.

Əvət məsləkdaşlıq qardaşlıqdan, ata-oğulluqdan daha artıqdır. Zira məslək ayrılığından naşi atanı darda görməklə həzzdə bulunan oğulun Tehran şahidgahıdır.

Bu vəz ilə mövkibi-milli hərəkət ediyor.

Pişvaza Qırmızı beydaqlı hürriyyət fövci, mücahid firqəsi gəliyor. Tağızadə və rüfəqasının faytonlarını aralığa alıb təşyi*[12] ediyorlar.

Bu qaidə ilə heyəti-möhtərəmə Mehrabada yaxınlaşır. Burada dəxi iki yüz nəfərə kimi mücahid fövci kəmali-nizam ilə durub salam veriyorlar. Ağayi-Tağızadənin kareti görüncəyin “zindəbad Tağızadə” – deyə sədalar asimanə qalxıyor.

Istiqbal olunan heyət Mehrabad əskiləsində hazırlanmış məclisi-ğəbula təşriffərma oluyor. Şərbət və şirniyyat istemalından sonra bir az tovqif edib qalxıyor. Cəmaət təmamən hazır, bütün nəzərlər bugünkü cəşnə bir təbəssümi-şadi ilə nazirdirlər.

Mövkibi-möhtərəm buradan dəxi hərəkət ediyor, əlliyə yaxın fayton, 5 yüz nəfərə kimi mücahidi-süvarə təşyidə hazırdırlar.

Bu münval ilə heyəti-təclil hərəkət ediyor. Atların, faytonların hərəkətindən qalxan gird ğubardan*[13]göz-gözü görmiyor. Tehranın istisi havanı olduqca qızdırmışdır. Hərarətli bir yel əsiyor. Lakin böylə bir təbii sıxıntıda olan insan mənəvi bir ruh alıyor. Zəfəri-millini görür də ürəyi aşılıyor. “Zindəbad” sədaları təhtində mövkib şəhərə doğru gəliyor. Şəhər yaxınlığında yüz nəfərdən ibarət bir müfrəzə*[14] briqada kazakı səf çəkmiş, durmuşdur. Ağayi-Tağızadənin kareti keçdiyi vaxt tamam nizam ilə kazaklar salam verirlər.

Bu mənzərə insana nə qədər təsir ediyor. Iki il bundan iləri baği-şahə aparmaq üzrə bütün künc bucaqlarda axtardıqları bir vücudi indi haman baği-şahə getmək üzrə tamam nizümü-təbəiyyət*[15] ilə pişvaz ediyorlar.

Buradan ötüb Ağayi-Tağızadə baği-şahda post və teleqraf vəziri cənab Sərdar Mənsur tərəfindən hazırlanmış şirniyyat süfrəsinə təşriffərma oluyorlar. Şərbət içildiyi sırada Seyid Yaqub Şirazi cənabları müxtəsər bir nitq söylədi. Haman bura millət hamilərinin, nümayəndələrinin qətlgahi olub da indi böylə bir təşrifatə məzhər olduğunda aləm-aləm mənalar görüyor. Bu istiqbalda istiqbali-milli hiss ediyor.

Buradan qalxan heyəti-möhtərəmə baği-şah darvazasından şəhərə daxil olub, məclis vəqəsində Əminüddövlə bağında öldürülən Təbriz vəkili Hacı Mirzə İbrahim Ağanın qəbri üstünə azim oluyor.

Küçələrdən keçərkən bu tərəf, o tərəfdə düzülən cəmaət alqışlar ilə pişvaz edib, “zindəbad Ağayi-Tağızadə” deyə izhari-məhəbbət ediyordular.

Hacı Mirzə İbrahim Ağanın qəbri şəhərin lap o biri tərəfindədir. Xeyli yoldur. Bu yolu cəmaət tamamən pişvazdadır. Arvad, uşaq, qoca, cavan tamamən küçələrdədirlər.

Qəbrin üstündə böyük bir çadır qurulmuş məqbərə güllər, lalələr ilə bəzədilmişdir. Bu çadırın altında təqribən 5-6 min əhali təcəmmö*[16] etmişdir.

Burada bir nəfər vaiz qalxıb, natiqlikdən çox rövzəxanlıq ediyor, bu iki il ərzində olunan mücahidati, edilən fədakarlıqları, verilən qurbanları, Təbrizin çəkdiyi fəlakət və riyazətləri oxşuyor.

Cəmaət başına döyüb ağlayır. Nəhayət şəhidi-rahi hürriyyət Hacı Mirzə İbrahim Ağanın ruhi-pürfütuhlarına bir fatihə oxuyaraq, cəmaət mütəfərriq oluyor.

Ağayi-Tağızadə, rüfəqası bir dəstə təşyi edənlərlə məən*[17] postxanə xiyabanında hazırlanmış mənzillərinə tərəf hərəkət ediyorlar.

Mövkibin keçəcəyi küçələr, bu tərəf o tərəfdə mücahidlər səfləri kəmali-nizam ilə durub, salam veriyorlar. Əhali haman qərari-məzkur üzrə “zindəbad” sədası ilə müşar ileyhi istiqbal ediyorlar.

Cəmaət Ağayi-Tağızadəyə artıq inanır, amalının yeganə mübarizi olaraq, bu cənabi tanıyır. Onun fəzlinə, dəyanətinə inanır.

Tanışlarımdan bir nəfər ilə söhbət ediyoram. Məni təbrik ediyor, diyor: lillahülhəmd, Təğızadəmiz də gəldi çıxdı, inşallah bir çox nöqsanlarımız düzələcəkdir.

Ümid edirik ki, əvvəli məşrutiyyətdən bu vaxta kimi bütün əfal və hərəkatında daima haqq və həqqaniyyəti özünə əsas ittixaz edərək, sədaqəti ilə böylə bir məqami kəsb etmiş olan Ağayi-Tağızadə cənabları bundan böylə dəxi cəmaətin onlara nisbət bəslədikləri böyük ümidlərin öhdəsindən gələrlər.

Fəqət cəmaət dəxi izharatında səmimi olmalıdır. Yoxsa cəmaətsiz Ağayi-Tağızadələr nə qədər fəal, nə qədər səmimi, nə qədər hümmətli olsalar da məqsud ələ gəlməz.

Hürriyət və məşrutiyyətini qanlı müsadimələr ilə kəsb etmiş olan cəmaət yəqin ki, böylə bir təvəccöhdə olub, öz arasından mütəəddid Tağızadələr yetirəcəkdir.

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 180, 12 avqust 1909

*[1] məiyyət – böyük rütbəli və vəzifəli şəxsləri müşaiyət edən şəxslər

*[2] təclil – yüksəltmə

*[3] nəhs - uğursuz

*[4] bixkon – kökündən qazan

*[5] ihraqi-binnar – odda yandırma

*[6] həriq - yanğın

*[7] haiz – malik olan

*[8] işkal – çətinlik

*[9] müqərrib - yaxınlar

*[10] tühəf – görünməmiş

*[11] mənfə - sürgün

*[12] təşyi – yola salma, müşayiət etmə

*[13] ğübar - ətraf toz-torpaq

*[14] müfrəzə - tabelik

*[15] təbəiyyət - tabelik

*[16] təcəmmö – cəmləşmə, toplanma

*[17] məən - birlik