Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

EDAM VƏ TÖVQİF

Məşhur müftin*[1] Təbriz “qəhrəmanı” “islamiyyə” müəssisi Mir Həşımın dara çəkildiyini bateleqraf xəbər vermiş idik.

Bu bədbəxt Tehran fəth eləndiyi vaxt qaçıb Zərgəndə də bəstə girmiş idi. Orada bunun adamları dəvəçilər ki, Təbrizdən qaçanda özü ilə bərabər tehrana gətirmiş idi, nədən isə bir qövqa çıxararlar.

Bundan dolayı “burası qövğa yeri deyil” – deyə səfarət bunu və adamlarını çıxarıb qovar. O vaxt bu bədbəxt ingilis kəndi olan Qulhəkdə olur, orada dəxi bir atışma salıb başqa kəndlərə keçər, təğyiri-libas edərək bu kəndlərdə dolaşar ki, bir vaxt fürsət tapıb özünü bir yana çıxara bilsin.

Lakin o qədər qanlara bais olmuşbu adamı qəza kor edər, fürsət bulamaz. Nəhayət təğyiri-libas etdiyi halda Şümranatda qarovülçusu olan İran kazaklarına rast gələr. Bunlar bunu dəstgir edib özü ilə bərabər olan qardaşı ilə birlikdə şəhərə gətirib hökümətə təhvil verərlər. Hökümət təhvilinə aldığı kimi məhkəmeyi-nizamiyyədə haman o gün istintaq olunub 24 saətə kimi qətl cəzasına məhkum olunaraq sübh tezdən Topxana meydanında yığılmış olan dar ağacının tazədən qurulmasına bais olar. Cəmaətə ibrət olmaq üzrə boğazına tənab*[2] keçirilib oradan asılar.

Istintaqında mərhum təqsiratinə iqrar edərək demişdir ki:

“Mən bilirəm siz məni öldürəcəksiniz. Öldürün və ləkum fil-qisasi-həyatun, ya uli-labsar*[3] ki, fəqət bu qədər biliniz qardaşımın təqsiri yoxdur. Hər nə eləmişəmsə mən etmişəm”.

Mir Haşım tovqif edildiyi zaman yanından 8 yüz osmanlı lirəsi ilə bir neçə min dəxi İran tüməni tapılmışdır. Zəbt olunmuşdur. Qardaşı tövqifdədir.

Mir Haşımın edamından sonra haman Mir Haşımın yoldaşı Hacı Mirzə Həsənin oğlu Hacı Mirzə Məsud dəstgir edilib mühakiməyə verilmişdir.

Zillüssultan

Zillüssultan Rəşti keçib Müncilə çatdıqda Müncilə çatdıqda Müncil hakimi bunu saxlayıb Rəşt komitəsi tərəfindən bunu tovqif edib rəhmət-abada göndərməsinə məcbur olduğunu bəyan edər.

Özünü əsir görmüş olan şahzadeyi-piri-Müncil hakimindən icazə olaraq Tehrana bir çox dost-aşnalarına və hökümətə teleqraf çəkər. Bu teleqraflar arasında ən tühəf*[4] məzmunlusu vüzəradan birisinin adına kəşidə*[5] etdiyi teleqrafdır ki, bu teleqraf qayət maraqlı təbii olduğu üçün eynilə dərc ediyoruz:

“Həzrəti-əcəlli*[6]-bəradərim! Bir gün kəmineyi*[7] Səttardan böylə bir teleqraf gəldi ki, məni bir neçə suvari ilə Rəhmətabada aparsınlar. Xəbər alıram nə kolyaska yolu var, nə at. Siz görünüz ki, Naibüssəltənə, Eynüddövlə və Lyaxov barəsində bu hökmü eləmədilər. Mən günahkar olsam da günahım onlardan artıq deyil. Onlar hər biri əqəllən*[8] evlərində rahətdirlər. Qardaşlıqda həzrəti-əcəlldən xahiş ediyoram ki, bir qeyrət eyləsin. Həzrəti-əcəll sipəhsaların mənə bir lütfləri vardır. Sizdən həm söz eşidərlər və başqa vüzəra və əşxas dəxi ondan söz eşidərlər. Mənim həqqimdə iki işdən birini ediniz. Ya Tehranda, ya İsfəhanda hər şəkil ilə xatircəm olarsınızsa məni evimdə qoyunuz və ətrafıma qarovul düzünüz. Ona razı olmasalar ki, vücudum müzirrdir və sizin xidmətinizə yaramazsa o vaxt məni İrandan mürəxxəs buyurunuz ki, bu yol ilə ki, gəlmişəm, geri qayıdıb Fransaya gedim. Hər bir günahkara, hər bir müqəssirə bu qədər riayət və rəhm olunar. Həzrəti-alidən haman oğlum Əkbər Mirzənin başına təzəqqe ediyoram. Əgərçi bilirsən ki Firəngistan həyatından nə dərəcədə mütənnəffirəm*[9] və əgər istəsəniz və övliyai*[10]-dövlət mənim Tehranda və ya İsfəhanda öz evimdə qalmağımı məsləhət görmiyorlarsa iqdam elə ki, mən Firəngistana qayıdım. Hər növ itminan*[11] istəsələr ver ki, gedib Sulusda asudə oturam və özüm dəxi buna xeyli razıyam.

Zatınıza məxsus qeyrətinizdən məni bu xiffət, zillət və keşməkeşdən xilas buyurub bu iki işdən birini hər tədbir ilə olsa da düzəldib, hökmünü alıb məndən ötrü göndərmənizi bəklərəm. Xahişməndəm ki, mənzilinizə getməyiniz, asudə olmayınız – məni asudə ediniz!”.

Zillüssultan

Bu xüsusda höküməti-mərkəzinin qəti nə nöqtədə olduğunu bateleqraf xəbər vermişdik.

Zillüssultanın böylə bir təhqirə alındığı, süfrə xırdasına yığışan məşrutəsuslu müstəbidlərə artıq dərəcə təsir etmiş, hesablarını almışlardır.

ŞAHIN BORCLARI

Vüzarəti ədliyyə şahi-sabiqin qərzdarlarına elan etmişdir ki, şahın İrandan çıxana kimi tələblərinin miqdarını ədliyyəyə bildirsinlər ki, ta işlərə surət verilsin, yoxsa şahi-sabiq gedəndən sonra burası mümkün olmayacaqdır.

Bu elandan sonra ədliyyəyə bir çoxları tərəfindən ərizələr gəliyor ki, bu ərizələr içində 50 min tüməndən tutub 9 yüz, 5 yüz tümənə kimi tələbkar olanlar vardır.

Tələbkarlar cümləsində Fransa səfarəti əzaları dəxi vardırlar.

Xaricə təbəələri öz tələblərini mütalibə etmək üzrə xaricə vüzarətinə müraciət ediyorlar.

Təxminən Məhəmmədəli Mirzənin Tehran borcu 2 yüz min tümənə kimi vardır.

Hərgah bu elan bir az irəlidən Təbrizə dəxi elam olunaydı, güman ediyordular ki, oradan daha çox tələbkarlar tapılar idi. Zira vəliəhd olduğu zaman orada kəsmiyən qulaq qoymamışdır.

“Həblülmətin”in mühakiməsi

“Həblülmətin”in mühakiməsi neçə gündür ki, ədliyyədə icra olunur. Bu cəhət əhalini xeyli hərəkətə gətirir.

Mollalar, mollabazlar çalışırlar ki, nə tövr olsa da bu ruznamənəvisi mümkün olduqca bərk cəzalandırsınlar. Lakin mollabazların bu ciddiyyəti ürəfa məslək cavanlar arasında bicarə məhkumə müdafiələr yaradır.

Hər məclisdə, məhafildə*[12]bunun məzlumuyyətidir, danışılınır. Məarifməndanın fikrincə bu mübarizə “Həblülmətin”i mühakimə etdirmək pərdəsi altında gizlənmiş olan mollabazlıqdır ki, nəticəsi atiteyi-mətbuat üçün xeyli vəximdir*[13].

Ədliyyə tərəfindən “Həblülmətin”i mühakimə etmək üzrə təyin olunan heyəti-münsifənin əzaları təmamən mollalardır ki, çoxunun qəsdi haman məhkumlarını batırmaqdır.

Məarifmənd cavanlar öz tərəflərindən ədliyyəyə verdikləri bir ərzi halda xahiş ediyorlar ki, haman heyəti-münsifəyə onların da nümayəndəsi qəbul olunsun, tainki, mühakimə tərəf tutmasın.

“Tərəqqi”, № 179, 11 avqust 1909

*[1] müftin – fitnəkar

*[2] tənab – ip, örnək

*[3] sizin həyatınız qisasdır, ey görənlər

*[4] tühəf – gülünc, təəccüb

*[5] kəşidə - çəkilmiş

*[6] əcəll - ən ali, ən yüksək

*[7] kəminə - aciz, kiçik

*[8] əqəllən - ən azı, heç olmazsa

*[9] mütənnəffir – nifrətlənən

*[10] övliya – rəhbərlər, başçılar

*[11] itminan – inam, etiqad

*[12] məhafil - yığıncaqlar

*[13] vəxim - ziyanlı