Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

İCRAYİ-İNTİXABAT

Tehran qəhrəmanları burasını iyicə düşünmüş və anlamışlardır ki, artıq vurub dağıtmaq vaxtı keçdi. Çətin bir vəzifə artıq məşəqqət və hədsiz nəvaqisat*[1] və üyubatə*[2] sansız müşkülat və üqubatə*[3] düçar olsalar da nəhayət lillahülhəmd*[4] məqsəd ələ gəldi. Məqsud ələ gəldi.

Lakin məqsud axirin deyil, onu hasil etmək üçün lüzumati-əvvəliyyədən olan məqsudi-əvvəlin ələ gəldi.

Emar*[5] və imrani-məmləkət-iştə inqilabçıların məqsədi-axirini ki, bu məqsədə gedildikcə getdilər, çatıldıqca çatdılar, daima irtifa*[6] edər və ona çatmaq istəyənləri həmişə balalara*[7] çıxarar.

Fəqət bu emar və imran mədəniyyət yoluna qədəməndaz olmaq üçün yolu basıb örtmüş və xarab etmiş olan bütün xarabazar və kuhistani-istibdadı yıxmaq, dağıtmaq, dinamit qoyub partlatmaq lazım idi ki, yol rahatlansın, gələcəkdə kari-mədəniyyəti görmək üçün bir mümaniət qalmasın.

Iştə iranlılar çəkmək istədikləri rahi-tərəqqidə düşmüş olan istibdadi-vəhşi qayası, Məhəmmədəli Mirzə idarəsini haman üsuli-lazimə ilə dağıdıb, yıxılmaz görünən o heykali-mühibi*[8] darmadağın etdilər. Yəni üsuli-idareyi-keyfə-ma-yəşanı yıxdılar, böyük bir iş gördülər.

Hala çəkmək istədikləri yolun salınmasına hazır olmalı işə girişməlidir.

Işə girib də daha artıq güc, zori-bazu, partlatmaq, dağıtmaq kimi işlərdə xərc edilən vəsait deyil, təmirdə vacib olan əql tədbir, üsul və elm xərcə verilməlidir.

Böylə bir vəsaili-imrani əldə etmək üzrə məmləkətin qəlbi, ruhi, əqli hökmündə olan məclisi-darüşşuranı öylə təşkil etməlidirlər ki, doğrudan da bu darrüşşura məmləkətin ən müdəbbirlərini*[9], ən üqəlalarını, ən üləmalarını, ən əxlaqlılarını, ən dəyanətli və irzlilərini*[10] öz əczası bulsun da ona bağlanan ümidlərin rizasına mütəhhər*[11] olsun.

Darüşşuranın vücudi ümum əhalinin mövcibi-şükranı olmalıdır. Bütün əhali anlamalıdır, maddətən anlamalıdır ki, yolunda fəda etdiyi bu qədər canlar, bu əndazə samanlar*[12] əbəs deyilmiş, cəmaət öz məişət və həyatında görməlidir ki, keçdiyi o qədər müsibət və məşəqqətlər dalısında gözlədiyi rəfahət, ümid elədiyi səadət bir söz olmuyub, əsli və nəfi var bir həqiqətdir.

Məclisi darüşşuranı öylə intixab etməlidir ki, sabiqdəki darüşşuranın tayı olmasın ki, əhali onu tənqid edərək böyük bir yas ilə diyordu ki:

“İrəlicə bir hakimə rüşvət verməli olduğumuz halda, indi bir sürü vəkilləri görməliyiz”.

Darüşşura haman bir mənbəyi-feyz və ümid olmalı. İştə məqsud! Səmimi olub cəmaət arasında məşrutiyyətə nisbətən bəslənməkdə olan gözləmələri meydana qoymaq. İştə mətlub*[13]!

Böylə bir məqsudi ələ gətirmək, böylə bir mətlubə nail olmaq üçün təbii ki, intixabatə layiqincə diqqət verməli, bütün fikir və xəyali, tədəbbür və təəqqülü*[14] ona həsr etməlidir ki, darüşşuraya ləyaqətli adamlar seçilsin də məmləkətin ən gözəl əxlaq və həsənatına*[15] məzhər olan adamlar vəkil düşsünlər.

Hala intixab başlanıb gediyor. Tehran neçə hissəyə bölünüb kamali-sürətlə intixab təərrüfləri*[16] paylanır, əhali də gəlib öz seçki haqqı olduğunu isbat etdikdən sonra təərrüfəsini alıb gediyor.

Seçki haqqını isbat etdikdən sonra diyoruz, zira İranda siyahiyi-ümumi statistik dəftər-kitab olmadığından seçki idarələri irəlicədən vilayətdə kimin seçkiyə haqqı olduğunu təyin etmək mümkün deyildir. Ona görə də lazım gəliyor ki, hər kəs şəxsən gəlib bəyani-hal ilə isbati-ləyaqət etsin təərrüfəsini alsın. Bu da intixabata bir çox lənglik verər bir şərti-İrani!

Təərrüfə paylanması ilə bərabər intixaba dair təşviqat dəxi icra olunmaqdadır.

Tərtibati-təşviqiyyə dərəceyi-lüzumunda deyilsə də təşviqat yox deyildir. Bütün qəzetələr bu xüsusda yazıb hər kəs özünün savab bildiyi adamları seçilmək üzrə təklif ediyor.

Qəzetələrdən savayı ayrı-ayrı ixtarnamələr, bəz xüsusi əşxas və heyətlər tərəfindən nəşr olunmuşdur ki, onlar da öz namizədlərini seçməyə əhalini dəvət ediyorlar.

Burasını da qeyd etməlidir ki, bu müxtəlif siyahılarda verilən namizədlər əksərən haman bir dövrə adamların adlarıdır ki, beynəlcəmaət mövcibi-nifrət və ikrah olmuyub seyyiəti-sabiqədən mübərra və bir dərəcə ləyaqəti-lazıməyə daradırlar.

Siyahılar arasında ki, ixtilaf cüzidir. Hamı sıyahıların şərik olduğu bir çox namizədlər vardır.

Siyahıların hamısında ağayi Tağızadənin ya adı və yainki o cənab xüsusunda bir qeydi-əlavə vardır:

“Tağızadə cənablarını yazmayırız, zira biliriz ki, onlar yəqinən Azərbaycanda seçiləcəklər”.

Görünür ki, insan zəhmət çəkməsə istədiyi, yaxud aldığı şeyin qədrini bilməz.

Görünür ki, “qan tökülməksizin alınan hürriyyət cəmaətimiz arasında möhtərəm tutulmaz”.

Budur keçən parlaman ilə indiki seçki namizədlərini müqayisə edək:

O vaxt cüzi bir nümayiş ilə yuxarıda elan edilən məşrutədən naşi darüşşuranın qismi-əzəmi haman əmamədarlardan mütəşəkkil olduğu halda, indi iki illik qanlı mübarizə və müqatilədən sonra cəmaət tərəfindən təşkil olunan intixabatda seçilməyə təklif olunan namizədlər arasında bir nəfər olsun molla adı yoxdur ki, bu cəhət hətta mollaları bir dərəcə acıqlandırır, sınırır, pərt ediyor. Fəqət biçarə zəxmxurdə cəmaət nə eləsin ki, müəmməm*[17] vəkillərin üzünü bir dəfə gördü, artıq ziyarət etmək istəmiyor. Haqqı da vardır ki, istəmiyor.

Zira sabiq parlaman əzaları olan əmmamədarlar daha nələr etmədilər. Nə kimi seyyiatda bulunmadılar.

Vakil olduqları halda vəkalətlərindən sui istifadə edərək tamam ümuri-dövləti ləngidib tamam idarəni işdən saldılar ki, bu yol ilə özlərinə əhəmiyyət peyda etsinlər. Fəqət bu dəfə o əhəmiyyəti alamazlar. Zira əhəmiyyət almaq üçün can fəda etməli, qurban verməli, riyazət çəkməli idi ki, bu əmmamədarlar o qism fədakarlıqlara hərgiz müstəid deyildirlər.

Tehran intixabçılarının və hətta hal və heysiyyatları ümid verəcək haldadır. Rəştdən gələn xəbərlər dəxi bu qəbildən olub təskinamiz rühpərvərdir. Bütün səyləri onadır ki, cavan iranlılar vəkil düşsünlər.

Təbriz seçkiləri nə tövr gediyor bilmiyoram, fəqət əminəm ki, orada mamül vəkillər verməklə bu qədər müddət, elədiyi mübarizələri, göstərdiyi fadəkarlıqları, səbr etdiyi mühasirləri mənasız buraxmaz...

Əvvəlinci məclis vaxtında ləyaqətli vəkil verən Təbriz müsəlləmdir ki, bu dəfə xəbt*[18] etməz, edəməz!

Dər hər surət intixabatın surəti-icrası bəd deyil, ümidlər bəxş ediyor, nəticəsi bu ümidlərin doğru olduğunu isbat edəcək olduğu bir az sonra daha aşkar olacağından intixabat xüsusunda axırıncı fikri-qətimizi hənuz bəyan etmiyib sonraya qoyuruz.

Indiki hal isə ümidbəxşdir!

Tehran, 20 iyul
M.Əmin
“Tərəqqi”, № 173, 4 avqust 1909

*[1] nəvaqisat - nöqsanlar

*[2] üyub – eyblər

*[3] üqubat – cəzalar

*[4] lillahülhəmd – allaha çükür

*[5] emar – abad etmə

*[6] irtifa – tərəqqi

*[7] bala – yüksək

*[8] mühib – qorxunc, təhlükəli

*[9] müdəbbir – tədbirli

*[10] irz – namus, şərəf

*[11] mütəhhər – pak, təmiz

*[12] saman – dövlət, sərvət

*[13] mətlub – arzu olunan

*[14] təəqqül – düşünmə, fikirləşmə

*[15] həsənat – gözəl xüsusiyyətlər

*[16] təərrüfə - seçki kağızı

*[17] müəmməm - əmmaməli

*[18] xəbt - ehtiyatsızlıq