Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

EDAM CƏZALARI

Dövri sabiq xainlər ilə hüsablaşıyorlar. Boğazlarından alıb dardan asıyorlar.

Əhali bu edamlardan xeyli xoşlanır. Topxana meydanında yığılan cəmaətin halına diqqət yetirilirsə, müstəbidlərin edamından bu drəəcə bir həzz apardıqları insanı heyrətə salıyor.

Insan nə qədər düşər, nə qədər alçaqlanarmış, cəmaət yanında böyük hörmətlərə, artıq şanlara dara olan bir “mollanı” alırlar da haman cəmaətin alqışları altında boğazına tənab*[1] salıb dardan asıyorlar, kimsə etiraz etmiyor.

Cəmaət nə qədər dəyişərmiş. Yanında bir dərvişin, rövzəxanın, küçə mollasının belə adını hörmətsizcəsinə anmaq mümkün olmayan bir cəmaət hüzurunda haman iki il irəli ən alim və fazil hesab elədiyi bir “müctəhidnümani” alıb dara çəkiyorlar, kamali-şadlıq ilə əl çalıb “zindəbad” “məcazat”*[2], “zindəbad qanuni-Məhəmmədi” - deyə izhari rizaiyyət ediyor.

Rəcəbin 13-cü günü yövmi-mövludi-həzrəti-əmir əleyhissəlam olduğundan eyddir. Əhali işlərindən fariğ*[3] bazar və meydanlarda gəziyorlar.

Axşam tərəfi qürub yaxınlaşıyor. Tehranın istisindən qaçıb zirzəmilərdə gizlənən əhali axşam kölgəsindən bilistifadə bayıra çıxmış “görək bu gün kimi asacaqlar” gümani ilə Topxana meydanına yığılmış, kəsrət*[4] etmişdir.

Meydandan qalxan ğübar*[5] Tehranı, quru havayı olduqca bulandırmış kəsafət vermiş, insan boğulur. Amma tamaşa üçün gələn cəmaət məhkum boğulunca boğula-boğula qalar da tamaşasını təkmil etmək istəyir.

Izdihamda böyük bir xəlcan*[6] və hərəkət görünüyor. Qarışqa kimi hərəsi bir tərəfə dartınır, boylanır, özünə hündür yer hazırlayır ki, asılacaq olanı iyicə görsün, tamam təfsilatı bilsin.

Nagah dar ağacının yanında cavan bir mücahid çıxıb əhaliyə ixtar ediyor ki, bu gün növbə seyyiti-qanuni-şəknanə və iqdamati-irticapərəstanə və məvaizi*[7]-xəyanətkaranəsi ilə məşhur olan əmudi*[8]-mütləqiyyət Şeyx Fəzlülahındır.

Cavan xütbəsini təmam edər-etməz, “zindəbad məcazat” – sədası asimanfərsa*[9] oluyor.

Bu sədadan sonra izdiham bir daha xəlcanlaşıyor. Yer üstə davada olanların mühacələridir eşidilinir. “Miarənd*[10], miarənd” – deyə izdiham tamam qulaqlarını şəkliyor. Bütün nəzərlər dar ağacına tərəf ətf*[11] olunur.

Nagah “zindəbad azadi!”, “zindəbad qanun” – deyə izdiham bir ağızdan olduğu kimi dad ediyor.

Baxıram ki, qoca bir molla dardan asılmış duruyor. Yanımda durmuş olan bir nəfər qoca kişi bu mənzərəni görçək kəmali-hiddətlə: “bədbəxt xələqəllahu bekoştən dadi, hala bengər həmçinin iftizahi bərsərt avərdi. İn çe axirətəst”*[12] – deyə bəyani-hissiyyat ediyor.

Tamaşadan geri qalmışları görürəm ki, qaça-qaça gəlir, gülüyor, “zindəbad azadi”, “zindəbad qanuni-Məhəmmədi” – deyə çığırırlar.

Ümumi bir şadlıqdır.

Nə qədər bir təbəddül!...

Şeyx Fəzlüllahın oğlu Şeyx Mehdi dəxi atasının edamından xoşhaldır.

Bu adamı bir gün irəlidən tamam tehranlılar hər soqaqda, hər küçədə görüyorlarsa atasının edam olunacağından dolayı təbrik edər və təhniyyət*[13] diyorlar idi.

Bu isə tamam bu alqışları qəbul edib, cavabında “zindəbad mükafat, “məcazat” – deyə atasının cəzalanmasını lazım biliyor idi.

Bu adam cəvəndır. Məşrutəpərəstdir. Məclis vəqəəsindən sonra 15 gün tamam baği-şahda zəncir altında oturmuş, bədə atasının səyi ilə Tehrandan təbid*[14] edilmişdir.

Şeyx Fəzlüllahın cəsədi, o bir edam olunanlar kimi darda çox qalmadı. Tez götürüldü.

Şeyh Mehdi gəlib etiraz etmiş, demiş ki, bu bədbəxtin cəzası edam idi ki, olundu.

Bir çox xəlqüllahi ölümə verdiyi üçün öldürüldü, - deyər, öldürüləndən sonra asılı qalıb müftəzih edildiyinə görə razı olamam. Xahiş edirəm onu dəxi dardan alasınız.

Xahiş qəbul olunmuş, pədərinin cəsədi bir saatdan artıq asılmamışdır.

Şeyx Fəzlullahdan sonra sabahi acudanbaşı dəxi dardan asıldı. Cəmaət haman hal ilə şadlıq ediyor, bu edamlardan nəhayət dərəcə razı qalıyor idi.

Cəmaət ilə bərabər bütün mətbuat dəxi edamları təqdir ediyor. Hansı qəzetəyə baxsanız, edam cəzasını təqdir edən bir ayiyeyi-Quraniniyyə ilə başlanan birər məqalələr görəcəksiniz!..

“Və ləküm fil-qisasi-həyatun”*[15] – iştə qəzetlərin edamlar xüsusundakı əfkar və bəyanları!...

Hal-hazırda həbsdə istintaq təhtində bir çoxları vardır. Güman ki, onları da asalar. Məsələnin əsas tərəfi kənarda, biz əsasən edam cəzasının zidlərindən olsaq da burada sükuta məcburuz. Zira ki, bizi iqna*[16] ediyorlar ki, məşrutəçilər bu cəzaları icra etməyə məcburdurlar, ayrı çarələri yoxdur.

Fəqət edam cəzaları əlaniyyə cəmaət hüzurunda edilmək bicadır.

Zira böylə bir edam beynənnas*[17] bir bədəxlaqlıq ihdas ediyor. Məsələn, axırıncı dəfə acudanbaşını asdıqda xırda uşaqlar gəlib ayağından tutub dartır idilər.

Məşrutəpərəst cavan hökümətə lazımdır ki, özünü rəhl və mürüvvət ilə tanıtdırsın, böylə aşkara boğazlanan edamları isə cəmaətdə sui-əxlaq törətdiyi kimi höküməti-haliyəni dəxi idareyi-sabiqə şəklində rəhmsiz tanıtdırır.

İştə iranlıların cavanlarından, hətta hökümət əzalarının əczalarından dəxi bu fikirdədirlər ki, edamları məhrəmanə*[18] edib cəmaətdən gizlin etsinlər, necə ki, Avropada edilir.

Bir iki-üç gündür dar ağacı götürülüb edamlara fasilə verilmişdir.

Tehran, 21 iyul
M.Əmin
“Tərəqqi”, № 172, 3 avqust 1909

*[1] tənab - ip

*[2] məcazat – cəzalar

*[3] fariğ – boş, asudə

*[4] kəsrət - çoxluq

*[5] ğübar – toz, torpaq

*[6] xəlcan – təlaş, təşviş

*[7] məvaizi – möizələr

*[8] əmud – sütun, dirək

*[9] asimanfərsa – göyə ucalma

*[10] miarənd – gətirirlər

*[11] ətf – nəzərini çevirmə

*[12] Allahın bədbəxtini ölümə verdin, indi, bax gör, sən öz başına necə bir biabırçılıq gətirdin. Bu nə axirətdir.

*[13] təhniyyət – təbrik etmə

*[14] təbid – uzağa sürgün etmə

*[15] Və ləküm fil-qisasi-həyatun – sizin həyatınız qisasdır

*[16] iqna – qane etmə

*[17] beynənnas – insanlar arasında

*[18] məhrəmanə - məxfi, gizli