Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

ƏSASİYYEYİ-SƏLTƏNƏT

Məhəmmədəli Mirzə səltənətdən daha əl üzdüyü zaman Səltənətabaddan qaçdığında özü ilə bərabər pürqiymət olan əsasiyyeyi-səltənəti dəxi özü ilə bərabər Zərkəndəyə rus səfarəti himayətinə aparmış idi.

Tazə hökümət isə bu əşyaları məzkurdan müsirranə*[1] surətdə tələb edib sırağa gün 50 nəfər kazak və 100 nəfər bəxtiyar suvarisindən ibarət bir qüvvə ilə üç nəfərdən ibarət heyəti-məmura gedib Zərkəndə də şahi-sabiqdən əsasiyyeyi-məzkurəyi aldılar.

Heyət əlində olan siyahiyeyi-mövcudəyə müqabil siyahı oxunduqca şah əşyaları veriyor idi.

Təhvil alınan əşya cümləsində, dəryanur, taci-padşah, ciqqeyi-şahi, baha qaş-daş ilə bəzədilmiş tənpuşi-şahi mövcuddur.

Siyahı üzrə bəzi şeylər təhvil verilməmiş qalmışdır ki, şah onların atasının mali-məxsusi olub irsən öz məxsusi mal olduğunu iddia ediyor. Bu xüsusda məsələ hənuz həll edilməmiş münazə fihi*[2] qalmışdır.

Əşyalar təhvil alındığı zaman balaca bir cəbəni açmaq istərlər. Şahi-sabiq isə deyər ki, bu cəbə mənim özümə məxsusdur. Və sizi maraqlandıran orada bir şey yoxdur. Açılmasına israr olunduğu zaman şahi-sabiq deyir ki, mən sizə şah sözü verirəm ki, orada öylə bir şey yoxdur. O halda heyət cəbəni alıb öz möhrü ilə möhürlər və hökümətlərindən bir əmri-məxsus alınana kimi açılmayacağına xahiş edirlər.

Eydi-mövlud

Keçən gecə eydi*[3]-mövlud*[4] axşamı olmaq münasibətilə dərbar qabağında böyük bir atəşbazlıq icra olundu.

Topxanadan tutub dərbar qapısına kimi imtidad edən enli xiyaban bu tərəf o tərəf çırağban olub arada isə müxtəlif surətlə fişəngbazlıq oyunları düzəlib rəngarəng atəşlər oynadılar. Ağzına kimi dolmuş olan xiyabanın ibraz etdiyi şadlıq şadyanəlik tərifə sığışmaz. Buradakılar hamısı özlərini nəhayət dərəcədə xoşbəxt hesab ediyorlar.

Daima “zindəbad hürriyyət”, “zindəbad Əhməd şah”, “zindəbad qanun”, “zindəbad İran”, “mordəbad istibdad” və qeyrə - deyə sədalar ucalırdı.

Topxana meydanında ələddəvam*[5] top atılıb gurultusu ilə qulaq tutuyordu.

Rəsmi-səlam

Bu gün rəcəbülmürəccəb ayının 13-ü yövmi-məsudi-mövludi həzrəti-Əli əleyhissəlam olduğu münasibətilə bir yövmi milli olduğundan qədimdən bəri adət olub gəlməkdə olduğu üzrə imarəti-şahidə rəsmi-səlam icra olundu.

Bu səlam şahənşahi-cavanbəxt Əhməd şah Qacarın 2-ci səlami-rəsmisidir.

Səlam zöhrdən qabaq Gülüstan həyətində başlanıb bütün sahib mənsəblər öz fövcləri*[6] ilə hazır idilər. Lyaxov dəxi öz ofiserləri ilə bərabər bir yanda təmam libasi-rəsmidə olaraq səf çəkib dayanmışlardı.

Otaqi-billurun sirmələri yuxarı çəkilmiş pəncərə qabağında cavahirat ilə mürəssə kürsiyi-səlam qoyulmuş, dövrəsini bütün vüzəra və şahzadələr almışdır. Kürsünün sağ tərəfində şahın böyük qardaşı durmuşdur.

Müstəşarlar hamısı tirmə cübbə olaraq bir surəti-rəsmiyyədə səf çəkmişlər. Mücahidlərdən dəxi bir heyət mövcuddur. Bütün cəngi və ürfi heyətləri bu münval ilə rəsmən durduqları halda biri-birinin əqəbincə olaraq heyəti-süfəra kəlami-rəsmiyyət ilə keçib təşrifat otağına gediyor, orada şahı gözliyor.

Tehranda olan bütün düvəli-müəzzəmə*[7] nümayəndələri mövcuddur. İngilis, rus, osmanlı, alman, Avstriya, Fransa, İtaliya və qeyriləri.

Müşar ileyhim Şahi-cavanbəxt ilə otaqi-təşrifatda görüşüb zati-hümayunlarını təbrik edib əltafi hümayuna məzhər*[8] oldular.

Bədə, heyəti süfəra haman təmami-rəsmiyyət ilə otaqdan çııxb Naibüssəltənə ilə görüşəndən sonra dərbardan təşrif apardılar.

Süfəra ilə olunan icrayi-təşrifatdan bir az sonra cəmaət ideyasının amalının mücəssəməsi Sultan Əhməd şah təmam libasi-rəsmiyyədə olaraq Naibüssəltənə ilə bərabər səlam otağına təşrif gətirib uşaqlığına baxmayıbkəmalü-vüqarü dəbdəbə ilə kürsiyi-cəvahiratmürəssə oturur və nazik uşaq səsilə ayeyi Quran olan: “Əlyövmə əkməltu ləkum dinəkum və ətməmtu əluykum enməti”*[9] ayəsinin oxuyandan sonra hazıruni yövmi-məsud münasibəti ilə təbrik ediyor.

Pəncərə qabağında mövqeyi-təzimdə duran qabapuş qoca Nizammülk ki, çoxdan bəri dərbar səlamlarının naziridir, cəmaət tərəfindən cavab olaraq görünüş edərək şahı təbrik ediyorlar.

Onun sırası ilə xətib ərəbcə bir xütbə irad edib peyğəmbərimiz Məhəmməd ibn Abdullah, imamımız Əli Vəliyullah və ali-ətharını təmcid və təhmiddən sonra xütbəni nami-məsumi-şahən-şahi ilə xətm ediyor. Bundan sonra dərbar şairi Şəmsüşşüəra sürud etmiş olduğu mədhiyyəsini oxuyub qəsidəsini şahpərəst məşrutəçilər ilə məşrutəpərəst şahın həyatlarına zindəbad – deyərək xətm ediyor.

Bundan sonra şah cəmaətə ümumi bir təzim edib qalxır, Naibüssəltənə qolundan tutduğu halda gediyor.

Marşi-milli tərənnümsaz oluyor.

Hər dəstə fövc-fövc olaraq getməyə başlıyordular. Səlam qayətdə bir rəsmiyyət ilə icra olunur idi.

Burada bir neçə nəfər əkkaslar*[10] var idi.

Heyəti-süfəra*[11] ilə olunan müsahiblərin xülaseyi-məalini*[12] gələn posta ilə yollaram.

M.Əmin
“Tərəqqi”, № 168, 28 iyul 1909

*[1] müsirranə - israrla

*[2] münazə fihi – mübahisəli

*[3] eyd - bayram

*[4] mövlud - doğulmuş

*[5] ələddəvam – daimi olaraq

*[6] fövcləri – dəstələri

*[7] düvəli-müəzzəmə - böyük dövlətlər

*[8] məzhər - nailolma

*[9] Bu gün mən sizin dininizi kamil etdim, sizə nemətimi tamam etdim.

*[10] əkkas - fotoqraf

*[11] süfəra – səfirlər

*[12] məal – məna